Məhkəmə qərarları › İş №2-1(105)-180/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-180/2023

17.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-180/2023 17.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, öhdəliyin icrası haqqında iddia növü, işin araşdırılmaması) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxsin nümayəndəsi və vəkili Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020- ci il tarixli, ********** saylı çıxarış əsasında ona məxsus olan, Quba şəhəri, 22-ci məhəllədə yerləşən 3518,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin xx.xx.2003cü il tarixli, JN-884 KOD 30301004 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktındakı ölçülərə uyunlaşdırılaraq, çıxarışda və texniki pasportda az göstərilmiş, iddia ərizəsinə əlavə olunmuş sxem üzrə cəmi 782 kv.m torpaq sahəsi də əlavə olunmaqla, ona yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(118)-278/2022 nömrəli qərarından cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı Çıxarış əsasında ona məxsus olan. Quba şəhəri, 22-ci məhəllədə yerləşən 3518,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin xx.xx.2003-cü il tarixli, JN- 884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı ölçülərə uyunlaşdırılaraq, çıxarışda və texniki pasportda az göstərilmiş, iddia ərizəsinə əlavə olunmuş sxem üzrə cəmi 782 kv.m torpaq sahəsi də əlavə olunmaqla, ona yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxaırışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ona Quba şəhəri, 22-ci məhəllə, Heydər Əliyev prospektində 0,9299 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3518,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisə xüsusi mülkiyyət hüququ əsasında məxsusdur (Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı Çıxarış əsasında). O, göstərilən daşınmaz əmlakı 2008ci ildə X2 almışdır. X5 torpaq sahəsi xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktı əsasında məxsus olmuşdur. X8 əsasən N.Əhmərovun xüsusi mülkiyyətində 1,11 hektar torpaq sahəsi olmuşdur. N.Əhmərov əmlak kompleksini ona satarkən 1,06721 hektar torpaq sahəsi burada yerləşən əmlak kompleksi ilə birlikdə onun xüsusi mülkiyyətinə verilmişdir. Lakin xx.xx.2020-ci ildə ona Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarış verilərkən Çıxarışda torpaq sahəsinin ölçüsü 782 kv.metr az göstərilmişdir. Belə ki, **********96-12301 saylı X9 sahəsinin planında torpaq sahəsinin ölçüsü olmalı olduğundan az göstərilmiş, ümumilikdə 782 kv.metr torpaq sahəsi azaldılmışdır. Çıxarışda və Texniki Pasportda xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı torpaq ölçüləri düzgün göstərilməmiş və torpaq sahəsinin Heydər Əliyev prospektinə çıxan hissəsində Dövlət Aktına əsasən onun xüsusi mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi Çıxarışa və Texniki Pasporta daxil edilməmişdir. Çıxarışda və Texniki pasportda göstərilməmiş torpaq sahəsinin sxemini ərizəyə əlavə edir və bildirir ki, həmin sxem üzrə cəmi 782 kv.metr torpaq sahəsi Çıxarışa və Texniki pasporta əlavə edilməlidir. Müvafiq olaraq göstərilən daşınmaz əmlaka aid mülkiyyət sənədlərinin və Dövlət Aktının surətlərini ərizəyə əlavə edərək, xx.xx.2020-ci il tarixli ərizə ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmiş və əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinin Dövlət Aktında ölçülərə uyğunlaşdırılaraq, Çıxarışda və Texniki Pasportda az göstərilmiş torpaq sahələrinin də əlavə olunmaqla, ona yeni Daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın və Daşınmaz Əmlakın Texniki Pasportunun verilməsini xahiş etmişdir. Lakin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi xx.xx.2020-ci il tarixli, **********00 saylı məktubla guya xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının cizgisi elektron baza xəritəsində mövcud olmadığından əmlak kompleksinin texniki pasportunda qeyd olunan ölçülərin düzəldilməsinin mümkün olmadığını bildirmişdir. Göstərilən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktını vermiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunmuşdur və Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduqdan sonra Komitənin səlahiyyətləri Əmlak Məsələləri Dövlət Komitəsinə verilmişdir. Bununla əlaqədar olaraq, Quba rayon torpaq şöbəsi tərəfindən verilmiş mülkiyyət sənədlərinə, o cümlədən Torpağa mülkiyyət hüququna dair Dövlət Aktlarına aid arxiv sənədləri də Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmişdir. Əgər iki dövlət orqanı arasında anlaşılmazlıq varsa, buna görə məsuliyyəti niyə görə vətəndaş daşımalıdır? xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktının cizgisi elektron baza xəritəsində oturdulmayıbsa, buna görə məsuliyyəti elə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsi daşımalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının xx.xx.2004-cü il tarixli, 713-İİQ saylı Qanununun 4.1-ci maddəsinə əsasən, “2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır”. Deməli, 2003-cü ildə verilmiş Dövlət Aktı ilə təsbit olunmuş mülkiyyət hüquqlarını DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin tanımamağa və bunları mübahisələndirməyə heç bir hüququ yoxdur. Göstərilənlərə əsasən, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən bu işə aid bütün müvafiq sənədlərin tələb olunaraq, göndərilməsini xahiş edir. Hesab edir ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin Çıxarışda və Texniki Pasportda az göstərilmiş torpaq sahələrinin də əlavə olunmaqla, ona yeni Daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışın və Daşınmaz Əmlakın Texniki Pasportunun verilməsindən imtinası əsassızdır. Belə ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin məktubunda göstərilənlərin absurd xarakter daşımasını yuxarıda əsaslandırmışdır. DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi mülkiyyət sənədlərində düzəliş aparılmasından əsassız olaraq imtina etdiyindən məhkəmədə iddia qaldırmaq məcburiyyətindədir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı ona verilmiş xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* çıxarışda və texniki pasportda az göstərilmiş torpaq sahəsinin yeni ölçülərlə dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi ilə bağlı xx.xx.2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. Müraciətə xx.xx.2020-ci il tarixli **********00 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, "Sizin mülkiyyətinizdə olan Quba şəhəri, H. Əliyev prospektində yerləşən əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinə JN-884 nömrəli ‘‘Torpağa mülkiyyət hüququna dair dövlət Akt"ı əsasında verilmiş texniki pasportun ölçülərinin dövlət aktına uyğunlaşdırılması ilə bağlı müraciətinizə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi idarəsində baxılmışdır. JN-884 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət Aktının cizgisi elektron baza xəritəsində mövcud olmadığından əmlak kompleksinin texniki pasportunda qeyd olunan ölçülərin düzəldilməsi mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 2.3 və 2.4 maddələrinə əsasən daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Həmin Qanunun 16.2 maddəsinə əsasən Hüquqların dövlət qeydiyyatı zamanı buraxılan texniki səhvlərin düzəlişi hüquq sahiblərinə və ya üçüncü şəxslərə ziyan vurmayacağı və ya onların qanuni mənafeləhni pozmayacağını güman etməyə əsas olduğu halda aparılır. Hüquq sahibi və ya üçüncü şəxs etiraz edirsə, belə düzəlişlər məhkəmənin qərarı əsasında aparılır”. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* çıxarışda göstərilən daşınmaz əmlakı hissə-hissə ayrı-ayrı müqavilələr ilə digər şəxslərə satılmışdır. Yerdə qalan 0.9299 ha torpaq sahəsi göstərilməklə İddiaçı adına xx.xx.2020-ci il tarixli, ********** qeydiyyat nömrəli yeni dövlət reyestrindən çıxarış verilmişdir. Belə olan halda xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarış öz hüquqi qüvvəsini itirmişdir. Göründüyü kimi, İddiaçı 5 saylı Xaçmaz Ərazi İdarəsinə xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* çıxarışda göstərilmiş daşınmaz əmlakla olmuş, lakin Sumqayıt İnzibati Məhkəməsinə 24.11 2020-ci il tarixli, ********** saylı çıxarışda göstərilən daşınmaz əmlakla bağlı iddia ərizəsi verilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında Azərbaycan Respublikasının Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. İddia predmeti olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarışda göstərilən daşınmaz əmlakın bir hissəsi Quba rayon notariat kontoru tərəfindən təsdiq edilmiş xx.xx.2013-cü il tarixli, 4Ə/03-1322 reyestr nömrəli müqavilə əsasında digər şəxsin adına özgəninkiləşdirilmişdir və yerdə qalan hissəyə İddiaçı adına yeni dövlət reyestrindən çıxarış verilmişdir. Belə olan halda xx.xx.2014-cü il tarixli, RX seriyalı, ******* saylı çıxarış öz hüquqi qüvvəsini itirmişdir. Azərbaycan Respublikasının inzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində qaldırıla bilər. Həmin məcəllənin 38.2-ci maddəsinə əsasən məcburetmə haqqında iddia tələb olunan inzibati aktın qəbul edilməsindən imtina barədə iddiaçıya müvafiq inzibati aktın təqdim edildiyi və ya bu barədə yazılı məlumatın verildiyi vaxtdan 30 gün müddətində qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin qüvvədə olmuş 298-ci maddəsinə əsasən şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir. Qeyd edirlər ki, dövlərt reyestrindən çıxarış xx.xx.2008-ci ildə verildiyini nəzərə alındığı halda həmin prosessual müddət buraxılmışdır. Dövlət aktında olan cizgi iddiaçıya verilmiş texniki pasportda göstərilən cizgidən tam fərqlidir və bununla da iddia ərizəsində göstərilən 782 kv metr olan torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir və ərazinin hansı hissəsində yerləşdiyi, həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi müəyyən edilməmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 68-ci maddəsinə əsasən torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. Bununla bağlı icraatda olan iş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətini, Quba rayonu Quba bələdiyyəsini üçüncü şəxs qismində işə cəlb olunması zəruridir Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(118)-278/2022 nömrəli qərarı ilə iddia qismən təmin edilərək, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı Çıxarışda torpaq sahəsinin ölçüsünə düzəliş edilərək əsasında ona məxsus olan, Quba şəhəri, 22-ci məhəllədə yerləşən 3518,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin ölçüsünə 629 kv.m torpaq sahəsi də əlavə olunmaqla, İddiaçı daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verlməsi vəzifəsinın Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Həmin qərardan cavabdeh və üçüncü şəxs apellyasiya şikayətləri verərək qərarının ləğv edilməsini və iddianın təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* çıxarışda göstərilən daşınmaz əmlak hissə-hissə ayrı-ayrı müqavilələr ilə digər şəxslərə satmışdır. Yerdə qaları C :299 ha torpaq sahəsi göstərilməklə İddiaçı adına xx.xx.2020-c il tarixli, ********** qeydiyyat nömrəli yeni dövlət reyestrindən çıxarış verilmişdir. Belə olan halda xx.xx.2008-ci il tarixli, MH seriyalı, ******* saylı çıxarış öz hüquqi qüvvəsini itirmişdir. Lakin məhkəmə tam fərqli olaraq xx.xx.2020-ci il tarixli, ********** saylı dövlət reyestrindən çıxarışda göstərilən torpaq sahəsinin ölçüsünə düzəliş edilməsi ilə qərar qəbul etmişdir. İddiaçının xx.xx.2020-ci il tarixli, ********** saylı dövlət reyestrindən çıxarışda torpaq sahəsinin ölçüsünə düzəlişin edilməsi ilə bağlı müraciəti olmamış və bu məzmunda imtina cavabı verilməmişdir və bununlada inzibati akt mövcud deyildi. Dövlərt reyestrindən çıxarış xx.xx.2008-ci ildə verildiyini nəzərə alındığı alda həmin prosessual müddət buraxılmışdır. xx.xx.2020-ci il tarixli, ********** saylı Çıxarış daşınmaz əmlakın bir ssəsinin satılması barədə Quba Regional “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindərı təsdiq edilmiş xx.xx.2020-ci il tarixli, 4Ə- 1810 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında və tam qanuni verilmişdir.Hhər-hansı texniki səhvə yol verilməmişdir. Məhkəmə tərəfindən əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0.9299 ha torpaq sahəsinin ölçüsünə əlavə edilmiş 629 kv.m torpaq sahəsinin yerləşdiyi yer göstərilməmişdir. Lakin bu işlə bağlı Sumqayıt İnzibati Məhkəməsinin 06 dekabr 2022-ci İ tarixli, MXMT(118)-65/2022 saylı qərardadı əsasında Quba şəhəri, 22-ci məhəllədə yerləşən 3518.2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0.9299 ha torpaq sahəsinin qarşısında yerləşən 782 kv.rn torpaq sahəsinin özgəninkiləşdiririlrnəsi qadağan edilmişdir. Həmin torpaq sahəsi JN-884 nömrəli “Torpağa mülkiyyət hüququna dair dövlət Aktında göstərilən torpaq sahəsinin cizgisindən kənarda yerləşir və və ümumi istifadədə olan torpaq sahələrinə aiddir. Üçüncü şəxs apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020-ci il tarixli, ********** saylı Çıxarış əsasında ona məxsus olan. Quba şəhəri, 22-ci məhəllədə yerləşən 3518,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin xx.xx.2003-cü il tarixli, JN-884 KOD 30301004 saylı Torpağa mülkiyyət hüququna dair Dövlət Aktındakı ölçülərə uyunlaşdırılaraq, çıxarışda və texniki pasportda az göstərilmiş, iddia ərizəsinə əlavə olunmuş sxem üzrə cəmi 782 kv.m torpaq sahəsi də əlavə olunmaqla, ona yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxaırışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2022-ci il tarixli, 2-1(118)-278/2022 saylı qərardadı ilə Quba Bələdiyyəsi üçüncü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbini qəbul etmirlər. İddiaçının iddia tələbi onların qanunla qorunan maraqlarımıza toxunur. İddiaçının iddia etdiyi torpaq sahəsi Quba Bələdiyyəsinin mülkiyyətindədir. Belə ki, Quba Bələdiyyəsi mülkiyyətində olan 260 kv.m torpaq sahəsinin yerquruluşu planın hazırlanması məqsədilə 05 iyun 2020-ci il tarixdə "xxxx" MMC-yə müraciət etmişdir. Bundan sonra həmin ərazinin yerquluşu planı və kadast göstəriciləri hazırlanmış, torpaq sahəsinin hasarlanmadığı, döngə nöqtələrinin mərzlənmədiyi, daxilində tikinti işlərinin aparılmadığı, kommunikasiya xətlərinin mövcud olmadığı qeyd edilmişdir. Bundan sonra Bələdiyyə həmin torpaq sahəsinin sahibkarlıq tikintisi üçün satılması məqsədilə Quba RİHB-nın Aparatının Memarlıq və Tikinti şöbəsinə müraciət etmiş, şöbənin 06 iyul 2020-cil tarixli rəyi ilə həmin torpaq sahəsinin sahibkarlıq tikintisi üçün tikinti işlərinin aparılması məqsədilə satılması qanuna uyğun olması bildirilmişdir. Əlavə olaraq torpaq sahəsinə mülkiyyət hüququnun qeydə alınması ilə bağlı qanunvericiliklə nəzərdə tutulmuş proseduralar həyata keçirilmişdir. Quba bələdiyyəsinin 05 avqust 2021-ci il tarixli, 10 saylı iclas protokolunun 6 saylı qərarından çıxarışa əsasən həmin torpaq sahəsinin sahibkarlıq məqsədilə hərrac və müsabiqə keçirilməklə satılması ilə bağlı bələdiyyənin mülkiyyət hüququnun qeydə alınması məqsədilə Daşınmaz Əmlakın 5 saylı Xaçmaz Ərazi idarəsinə müraciət edilməsi qərara alınmışdır. Həmin torpaq sahəsinə çıxarış verilərkən 5 saylı Xaçmaz Ərazi İdarəsindən 27 oktyabr 2021-ci iltarixli məktubla sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət olunmuş xx.xx.2021-ci il tarixli, 10 saylı qərarıilə sahibkarlıq məqsədilə ayrılmış 260 kv.m torpaq sahəsinin yerləşdiyi ərazi ilə bağlı məhkəmə mübahisəsi mövcud olması bildirilmişdir. Bundan sonra həmin məhkəmə mübahisənin nədən ibarət olması ilə maraqlandıqda iddiaçının hazırkı iddia ilə məhkəməyə müraciət etməsi aydın olmuşdur. Göründüyü kimi iddiaçının iddia etdiyi torpaq sahəsi boş heç kimin istifadəsində olmayan, bələdiyyə mülkiyyətində olan torpaq sahəsidir. Bələdiyyə həmin torpaq sahəsinə qanunvericiliyə uyğun olaraq çıxarış alınması üçün müraciət etdikdə iddiaçının heç bir subyektiv hüququ olmayan süni olaraq yaradılmış məhkəmə mübahisəsi ilə qarşılaşmışdır. İddiaçı iddia ərizəsində Quba şəhəri, Heydər Əliyev prospektində yerləşən 0,9299 ha torpaq sahəsi və həmin torpaq sahəsində yerləşən 3518,2 kv.metr ümumi sahədən ibarət əmlak kompeksi kimi müəssisənin dövlət reyestrindən verilmiş xx.xx.2020-ci il tarixli ********** saylı çıxarış əsasında 2008-ci ildə X2 aldığını bildirmiş, torpaq sahəsinin 1,11 ha olduğunu, ona satarkən 1,06721 ha olduğunu bildirmiş, ona reyestrindən çıxarış verilərkən çıxarışda torpaq sahəsinin ölçüsü 782 kv.m az göstərildiyi qeyd edilmiş, torpaq sahəsinin bir hissəsi çıxarışda və texniki pasporta qeyd edilmədiyini bildirmiş, bu səbəbdən də həmin torpaq sahəsinin onunmülkiyyətinə verilməsini xahişetmişdir. İddiaçının bu tələblə məhkəməyə müraciət etməsi üçün subyektiv hüququ yoxdur. Ona görə ki, iddiaçı bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə guya 2008-ci ildə Nadirov Əhmərovdan aldığı torpaq sahəsi olması görüntüsü yaratmaq istəyir. Halbuki iddiaçının Nadir Əhmərovdan nə qədərtorpaq sahəsi və nə qədər tikilialması göstərilmişdir. İddiaçının iddiaetdiyi torpaq sahəsin Nadir Əhmərovun mülkiyyətində olması onun iddiaçıya satması barədə heç bir sübut yoxdur. İddiaçının həmin torpaq sahəsi ilə əlaqəsi yoxdur. Həmin torpaq sahəsi bələdiyyə mülkiyyətində olan boş ərazidə yerləşən torpaq sahəsidir. İddiaçı vicdanlı davranmayaraq məhkəməyə işin hallarını düzgün təqdim etməmiş, məhkəməni əsassız iddialarla yükləmişdir. Belə ki, iddiaçının iddia ərizəsində göstərilənlərin əksinə olaraq iş materiallarında olan və 5 saylı Xaçmaz Ərazi İdarəsinin təqdim etdiyi sübutlardan göründüyü kimi iddiaçı ilk əvvəl hazırkı mülkiyyətində olan torpaq sahəsinə 2020-ci ildə deyil, 2008-ci ildə çıxarış almış, bundan sonra həmin torpaq sahəsini iki dəfə satmışdır. Yəni iddiaçı torpaq sahəsinin az olduğunu görmüşdürsə niyə 2008-ci ildə çıxarış alan zaman iddia irəli sürməmiş, bundan 13 il keçdikdən iddia irəli sürmüşdür. İş üzrə məhkəmənin 10 may 2022-ci il tarixli qərardadı ilə icraata dayandırılmış və məhkəmə tərəfindən ekspertiza təyin edilməsi barədə qərardad qəbul edilmişdir. Məhkəmə tərəfindən ilkin olaraq 5 saylı Xaçmaz Ərazi İdarəsindən mütəxəssis rəyinin alınması və həmin rəyin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə göndərilməsi qeyd edilmişdir. Lakin iddiaçının vəkili və nümayəndəsi tərəfindən məhkəmə zalında açıqca 5 saylı Xaçmaz Ərazi İdarəsindən mütəxəssislərinin iştirakı ilə əraziyə baxış keçilməsində iştirak etməyəcəklərini bildirmiş və ilkin rəy alınması üçün 5 saylı Xaçmaz Ərazi İdarəsindən mütəxəssisin iştirak etməsindən imtina etmişdir. Bu da onların iddiasının qurama və əsassız olmasından, mütəxəssis rəyi alınarkən iddianın uğursuz olacağını bildiklərindən, bütün yalanlarının üzə çıxaracaqdı. Ona görə də iddiaçının nümayəndəsi və vəkili hər vəchlə mütəxəssis rəyinin alınmasına qarşı olmuşdur. Məhkəmə tərəfindən iş üzrə mütəxəsissin iştirakı ilə torpaq sahəsinə baxış keçirilməsi 30 iyun 2022-ci il tarixə təyin edilmişdir. Biz həmin tarixi gözlədilər, həmin tarixdə məhkəmənin müəyyən etdiyi yerdə olsalar da nə mütəxəssis, və nə iddiaçı tərəf gəlmişdi. Bundan sonra işin artıq uzandığını, sentyabr ayının sonlarında məhkəməyə ərizə ilə müraciət edərək mütəxəssis rəyinin alınmasını xahiş etsəlr də bu zaman məlum oldu ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Ekspertiza Mərkəzinin ekspertinin vəsatəti daxil olmuş, ekspert guya 12 iyul 2022-ci il tarixdə baxışla bağlı vəsatət verdiyini, daha sonra isə məhkəməyə 12 sentyabr 2022-ci il tarixli, 10/3038 nömrəli ekspert rəyinin daxil olduğunu gördü. Mütəxəssisin verdiyi rəy əsassız və qanunsuzdur. Ekspertin rəyi aşağıda qeyd edəcəyi səbəblərə görə qanunsuzdur və nəzərə alınmamalıdır: 1. Ekspertizanın keçirilməsi barədə üçüncü şəxs olaraq onlara məlumat verilməmişdir, ekspertizanın keçirilməsindən xəbəri olmamışdır. 2. Ekspertiza keçirilən zaman onların iştirakı təmin edilməmişdir, ekspert hansı əraziyə baxmış, necə baxmış bu onlara qaranlıqdır, ümumiyyətlə ekspert əraziyə baxmışdırmı? 3. Ən əsası məhkəməyə və bütün proses iştirakçılarına bəllidir ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzində tədqiqat obyekti olan torpaq sahəsinin ölçüləri, yerləşmə koordinantları, baza məlumatları barədə heç bir sənəd, ölçü cihazı yoxdur. Ekspertlər bu sahədə rəy verərkən ilkin olaraq Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Ərazi İdarələrinin mütəxəssislərinin rəylərinə ehtiyac duyurlar və həmin rəy əsasında ekspert rəyi verirlər, lazım gələrsə yerində baxış edirlər. Lakin onlarda torpaq sahəsinə dair məlumat bazası olmadığı üçün təkbaşına mütəxəssis rəyi olmadan ekspert rəyi verilmir. Hazırkı rəyin mütəxəssis rəyi olmadan verilməsi, baxış zamanı hansı sənədlərdən, baza məlumatlarından istifadə edilmədən, baxış zamanı onların iştirakı təmin edilmədən rəyin verilməsi, həmin rəyin qanunsuz və saxta olması şübhələrini yaradır. Bu səbəbdən də iş üzrə yenidən ekspertiza təyin edilməsini, ilkin olaraq mütəxəssis rəyinin 5 saylı Xaçmaz Ərazi İdarəsindən alınmasını xahiş edilmişdir. Lakin vəsatətim təmin olunmamışdır. Bələdiyyə öz mülkiyyətində olan torpaq sahələrini qanunvericiliklə müəyyən edilmiş qaydada alqı-satqı və ya hərrac yolu ilə istənilən şəxsə satmasında sərbəstdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X6 cavabdehin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş üçüncü şəxsin nümayəndəsi Nümayəndə üçüncü şəxsin apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətlərinin dəlillərinə etiraz edərək, öz izahatında apellyasiya şikayətlərinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Əsaslandırıcı hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Maddə 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını 87.7.1-ci maddəsininin tələbinə görə inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 66. 2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Maddə 67.1. Torpaq üzərində hüquqların (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 67.3. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Maddə 84.1. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr; ...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatını, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, hesab edir ki, cavabdeh və üçüncü şəxs tərəfindən verilmişi apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər (maddə 12.2). Həmin Məcəllənin tələblərinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır (İPM-nin 58.7 və 68.2-ci maddələri). Göründüyü kimi məhkəmə tərəflərin təqdim etdikləri sübutlarla kifayətlənməməli, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün halları araşdırmalıdır. Hazırki inzibati iş üzrə mübahisə predmetini iddiaçıya məxsus olan torpaq sahəsinin ölçüsünə əlavə torpaq sahəsi əlavə edilməklə, onun üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı tələb təşkil edir. Qeyd olunmalıdır ki, indiki halda iddia tələbinin əsaslılığının yoxlanılması üçün bir sıra iş üçün mühüm əhəmiyyət kəsb edən, işin nəticəsinə birbaşa təsir edən və araşdırılmalı olan hallar mövcud olduğu halda, həmin hallar birinci instansiya məhkəməsi tərəfindən öz xidməti vəzifəsinə uyğun olaraq araşdırılmamışdır. İş materiallarından görünür ki, iddiaçının adına əmlak kompleksi kimi müəəsisə və onun yerləşdiyi torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair xx.xx.2020-ci il tarixli Çıxarış vardır. İddiaçının iddia tələbi məhz qeyd edilən Çıxarışda əks olunmuş torpaq sahəsinin ölçülərinin № JN-0884 KOD 30301004 saylı xx.xx.2003-cü il tarixli Torpağa mülkiyyət hüququna dair Dövlət Aktında qeyd olunmuş torpaq sahəsinin ölüçləri ilə uyğunlaşdırlaraq, az olan hissədə torpaq sahəsinin əlavə edilməklə, yenidən mülkiyyət hüququnun qeydiyyata alınması ilə bağlı olmuşdur. Həmçinin, iş materiallarından görünür ki, qeyd edilən Dövlət Aktı başqa şəxsin adına olmuşdur. Belə olan halda ilk növbədə qeyd edilən Dövlət Aktı ilə ehtiva olunan torpaq sahəsinin iddiaçıya məxsus torpaq sahəsi ilə hüquqi bağlılığının nədən ibarət olması halı, başqa sözlə digər şəxsə müvafiq Dövlət Aktı əsasında məxsus olan torpaq sahəsinin məhz həmin Aktda qeyd edilmiş ölçüdə və ya hansı ölçüdə torpaq sahəsinin iddiaçıya qanuni əsaslarla (alqı-satqı müqaviləsi və digər) verilib-verilməməsi və verildiyi halda onun verilməsinə əsas olmuş sənədlərin nədən ibarət olması halı müəyyən edilməlidir. Lakin birinci instansiya məhkəməsi tərəfindən bununla bağlı heç bir araşdırma aparılmamış, öz xidməti vəzifəsinə görə həmin hallara dair heç bir sənədlər tələb edilməmişdir. Halbuki, iddia tələbinin əsaslılığı baxımından ilkin müəyyən edilməli olan hal məhz həmin hallar olmaqla, həmin sənədlərin mövcudluğunun araşdırılması işin nəticəsinə birbaşa təsir etməklə, iş üçün əhəmiyyət kəsb edən hal kimi çıxış etmişdir. İş materiallarından görünür ki, iddiaçıya əmlak kompleksi kimi müəssisənin yerləşdiyi torpaq sahəsinin verilməsi ilə bağlı ilkin sənəd qismində məhz xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın dövlət reysetrindən Çıxarış olmuşdur. Daha sonra iddiaçı tərəfindən həmin Çıxarış əsasında ona məxsus olan torpaq sahəsi digər şəxslərə satılmış, nəticə etibarilə iddiaçının adına yerdə qalan torpaq sahəsinə dair xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reysetrindən Çıxarış verilmişdir. Bu baxımından ilk növbədə məhz iddiaçının adına xx.xx.2008-ci il tarixli daşınmaz əmlakın dövlət reysetrindən Çıxarışın verilməsinə əsas olmuş sənədlər tələb edilməli, həmin sənədlər işin halları baxımından tədqiq olunmalı olduğu halda, birinci instansiya məhkəməsi tərəfindən bununla bağlı heç bir araşdırma aparılmamış, qeyd edilən sənədlər tələb edilməmişdir. Həmçinin,qeyd olunmalıdır ki, iddiaçının iddia tələbində istinad etdiyi müvafiq Dövlət aktında qeyd edilmiş torpaq sahəsinin ona məxsus olan torpaq sahəsi ilə hüquqi bağlılığının nədən ibarət olması məsələsinin aydınlaşdırılmadan, məhz X4 adına olan torpağa mülkiyyət hüququna dair 15 dekabr 2003-cü il tarixli №JN-0884 kod 30301004 Dövlət Aktında qeyd olunmuş torpaq sahəsinin ölçüləri ilə xx.xx.2020-ci il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarış əsasında iddiaçıya məxsus olan torpaq sahəsinin ölçülərinin müqayisəli təhlil edilməsi, işin halları baxımından ziddiyyətli olmuşdur. Daha sonra iddia tələbinin əsaslılığı və müvafiq torpaq sahəsinin ölçüsünün qeyd olunan Dövlət Aktında əks olunmuş ölçülərlə uyğunzusluq təşkil edib-etməməsi işin halları baxımından iddiaçının sonradan əldə etdiyi digər daşınmaz əmlakın dövlət reysetrindən çıxarışlar (xx.xx.2014-cü il, xx.xx.2020-ci il) və alqı-satqı müqavilələri ilə birgə tədqiq edilməklə, bununla bağlı araşdırılma aparılması zəruri olmuşdur. Lakin birinci instansiya məhkəməsi qeyd edilən halları əlaqli şəkildə təhlil etməyərək, işin nəticəsinə təsir edən halları bütövlükdə araşdırmamışdır. Bundan əlavə, iş materiallarından görünür ki, cavabdeh inzibati orqan iddia tələbinə etirazın əsası kimi iddiaçı tərəfindən ona verilmiş ilkin dövlət reyestrindən Çıxarış sənədinin 2008-ci il tarixdə verildiyindən prosessual müddətin ötürülməsi hallarına istinad etmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən müvafiq əmlak kompleksinin yerləşdiyi torpaq sahəsinə dair 2008-ci il tarixli Çıxarışın mübahisələndirilib-mübahisələndirilməsi ilə bağlı hallar da işin halları və iddia tələbinin predmeti ilə bağlılığı baxımından aydınlaşdırılmamışdır. Halbuki, qeyd olunan halın aydınlaşdırılması iddianın mümkünlük məsələsinin araşdırılması baxımından zəruri olmuşdur. Digər tərəfdən, iddia olunan torpaq sahəsinin yerləşdiyi ərazi, habelə digər şəxslərə mülkiyyət hüququ və digər əmlak hüquqları ilə məxsus olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi halının müəyyən edilməsi ilə bağlı araşdırılma aparılmamışdır. Halbuki, iş materiallarından görünür ki, cavabeh inzibati orqan iddia olunan torpaq sahəsinin Quba bələdiyyəsinə aid olması və bu əsasla onun üçüncü şəxs qismində cəlb edilməsi hallarına istinad etmişdir. Bu baxımından birinci instansiya məhkəməsi tərəfindən həmin hallar araşdırılmamış, iddia olunan torpaq sahəsinin digər şəxslərin, o cümlədən üçüncü şəxs Quba bələdiyyəsinə aid ola bilən torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi ilə bağlı araşdırma aparılmamışdır. Halbuki, qeyd olunan halların araşdırlması iş üzrə digər şəxslərin mülkiyyət hüququna və qanunla qorunan maraqlarına toxuna bilmə və ya birbaşa təsir ehtimalinin mövcudluğunun müəyyən edilməsi, başqa sözlə həmin şəxslərin zəruri və ya aid cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb edilməsi məsələsinin həlli baxımındna zəruri olmuşdur. Həmçinin, iş materiallarından görünür ki, hazırki iş üzrə mübahisə premdeti olan torpaq sahəsinin kateqoriyası ilə bağlı hallar cavabdeh iznibati orqan tərəfindən mübahisələndirilmişdir. Lakin birinci instansiya məhkəməsi tərəfindən qeyd olunan hallarla bağlı da heç bir araşdırılma aparılmamışdır. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsi digər şəxsin adına olan müvafiq Dövlət Aktında qeyd olunmuş torpaq sahəsinin iddiaçıya məxsus olan müvafiq torpaq sahəsi ilə hüquqi bağlılığının nədən ibarət olması müəyyən edilməli, bununla bağlı zəruri olan sənədlər (xx.xx.2008-ci il tarixli Çıxarışın verilməsinə əsas olan hüquqmüəyyənedici sənədlər) tələb edilməli, bu hal müəyyən olunduqdan sonra iddiaçıya məxsus olan ilkin sənədlərlə uyğunsuzluq olub-olmaması halı işin halları və iddia tələbinin predmeti baxımından aydınlaşdırılmalı, habelə həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində və ya qanuni sahibliyində olan torpaq sahələri ilə üstüstə düşüb-düşməməsi halı araşdırılmalı, habelə üst-üstə düşmə halı müəyyən edildiyi halda, həmin torpaq sahəsinin sahibləri (mülkiyyətçi və ya qanuni sahibi) olan şəxslər müəyyən edilməklə, onların iş üzrə zəruri cəlbetmə vəya adi cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb edilməsi əsasları müzakirə edilməli, qeyd olunan hallar işin halları baxımından araşdırılmalıdır. İşə təkrar baxana birinci instansiya məhkəməsi məhkəmə kollegiyasının hazırki iş üzrə hüquqi mövqeyini nəzərə almaqla, yuxarıda qeyd olunan halları araşdırmalı, bu çərçivədə müvafiq sənədləri tələb etməli, həmin sənədləri iş halları baxımından iş üzrə digər sübutlarla birlikdə İPM-in 12.1-ci maddəsinin tələblərinə riayət edilməklə, qiymət verməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Beləliklə, məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara istinad edərək, qeyd olunan səbəbləri əsas götürərək, hesab edir ki, cavabdeh və üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətləri qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayətləri qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(118)-278/2022 nömrəli qərar qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2020- ci il tarixli, ********** saylı çıxarış əsasında ona məxsus olan, Quba şəhəri, 22-ci məhəllədə yerləşən 3518,2 kv.metr ümumi sahədən ibarət əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,9299 ha torpaq sahəsinin xx.xx.2003cü il tarixli, JN-884 KOD 30301004 saylı “Torpağa mülkiyyət hüququna dair” Dövlət aktındakı ölçülərə uyunlaşdırılaraq, çıxarışda və texniki pasportda az göstərilmiş, iddia ərizəsinə əlavə olunmuş sxem üzrə cəmi 782 kv.m torpaq sahəsi də əlavə olunmaqla, ona yeni daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş yenidən baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar