Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-181/2021 04.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-938/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin 5 saylı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, JN 0141 kod 30318048 seriyalı torpağa mülkiyyət hüququna dair dövlət aktı əsasında hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia Sumqayıt İnzibati Məhkəməsinin 27.09.2019-cu il tarixli qərardadı ilə mümkün sayılmamışdır. Həmin qərardad Sumqayıt Apelyasiya Məhkəməsinin 05.02.2020-ci il tarixli qərardadı ilə ləğv edilmiş və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Quba rayon Aqrar İslahat Komissiyasının 10 yanvar 2002-ci il tarixli 01 saylı qərarına əsasən Quba rayonu Qımıl kəndi ərazisindən kənd təsərrüfatı məhsullarının istehsalı üçün 0,49 ha torpaq sahəsi İddiaçı ayrılmışdır. Torpaq sahəsinin plan və cizgisi müəyyən edilmiş və iddiaçıya torpağa mülkiyyət hüququna dair JN-041 seriyalı KOD 30318048 saylı dövlət aktı verilmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması və ona müvafiq çıxarışın verilməsi üçün cavabdeh inzibati orqana müraciət etdikdə ona bildirilmişdir ki, həmin dövlət aktı idarənin elektron məlumat bazasındakı xəritədə əks olunmamışdır. Bundan əlavə torpaq sahəsi başqa şəxslər tərəfindən hasarlandığından torpağı müayinə etmək mümkün olmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-938/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı torpağa mülkiyyət hüququna dair JN-0141 seriyalı KOD ********* saylı dövlət aktı əsasında ayrılmış 0.49 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. (hakim Vəfa Əzizova) Qərardan cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı Quba rayonu, Qımıl kəndində yerləşən 0.49 ha torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün hazırlanması üçün Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 30.04.2018-ci il tarixdə ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, 0.49 ha torpaq sahəsinə dair ərizəyə əlavə edilmiş JN-0141 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət Aktı 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasındakı xəritədə əks olunmamışdır. Bundan əlavə, ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş arxiv məlumatlarında və dövlət aktlarının qeydiyyat kitablarında JN-0141 (kod ********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı alınmamışdır. Belə ki, müəyyən olunmuşdur ki, İddiaçı tərəfindən naturada göstərdiyi torpaq sahəsi digər şəxs tərəfindən hasarlanaraq istifadə edildiyindən müayinə işlərinin aparılması mümkün olmamışdır. İddia ərizəsində göstərilən daşınmaz əmlak DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza kadastr xəritə materiallarında və arxiv məlumatlarında aşkar edilmədiyindən sözügedən torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatına alınması daşınmaz əmlakın dövlət reyestrində mümkün olmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından 22.05.2018-ci il tarixli **********51 nömrəli məktubla imtina edilmişdir. Mübahisələndirilən JN-0141 (KOD ********) saylı “Torpağa mülkiyyət hüququna dair” dövlət aktı ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş dövlət aktlarının verilməsi kitabında qeydiyyatdan keçməmiş, məlumat bazasında olan xəritədə öz əksini tapmamışdır. Bununla da həmin torpaq sahəsinin yerləşdiyi ərazi məlum deyildir və qeyri-müəyyəndir. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. İş üzrə cavabdeh DƏDRX-nin 5 saylı Ərazi İdarəsinə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarında olan JN-0141 kod 30318048 saylı 11.11.2006-cı il tarixli Torpağa mülkiyyət hüququnda dair dövlət aktından görünür ki, həmin dövlət aktı Quba rayon Aqrar İslahat Komissiyasının 10.01.2002-ci il tarixli 01 saylı qərarı və iddiaçı X2 ayrılmış 0.49 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsinə dair verilmişdir. DƏDRX-nin 5 saylı Ərazi İdarəsi tərəfindən verilmiş imtina cavabından görünür ki, iddiaçıya verilmiş dövlət aktı elektron məlumat bazasındakı xəritədə əks olunmamışdır. Bundan başqa həmin torpaq sahəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadə edildiyindən müayinə işlərinin aparılması mümkün olmamışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 26.04.2019-cu il tarixli qərarından görünür ki, Quba rayon Məhkəməsinin 16.03.2018-ci il tarixli qətnaməsi ilə ərizəçi X1 Quba rayon Aqrar İslahat Komissiyasının 10.01.2002-ci il tarixli qərarı ilə ayrılmış 0.48 ha pay torpaq sahəsinə sahiblik, ondan istifadə və sərəncam vermək faktı müəyyən edilmişdir. Sumqayıt Apelyasiya Məhkəməsinin 13.06.2019-cu il tarixli qərardadı ilə İddiaçı apelyasiya şikayəti mümkün sayılmamışdır. Həmin qərardad kassasiya instansiya məhkəməsi tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə tərəfindən iş üzrə məhkəmə-tikinti-texniki ekspertizası təyin edilmişdir. Ekspertizanın keçirilməsi ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və ünvan Reyestri Xidmətindən mütəxəssis cəlb olunmaqla keçirilməsi qərara alınmışdır. İş üzrə Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən verilmiş 22.04.2019-cu il tarixli mütəxəssis rəyindən görünür ki, JN-0141 kod 30318048 saylı 11.11.2006-cı il tarixli Torpağa mülkiyyət hüququnda dair dövlət aktı vahid elektron baza məlumatlarında qeydə alınmamışdır. Bu səbəbdən də həmin dövlət aktına əsasən verilmiş 0.49 ha torpaq sahəsinin harada yerləşməsini müəyyən etmək mümkün olmamışdır. Bundan sonra mütəxəssis rəyinin alınması üçün məhkəmə tərəfindən ”xxxx” MMC-yə müraciət etmişdir. Həmin MMC tərəfindən verilmiş 53 saylı 27.05.2019-cu il tarixli rəydən görünür ki, JN-0141 kod 30318048 saylı 11.11.2006-cı il tarixli Torpağa mülkiyyət hüququnda dair dövlət aktında göstərilən 0.49 ha torpaq sahəsi naturada mövcuddur. Həmin torpaq sahəsinin koordinatları daxilində başqa torpaq sahəsinin qeydə alınması barədə məlumatın mövcul olmadığı bildirilmişdir. Eyni nəticə məhkəmə-tikinti-texniki ekspertizasının 05.08.2019-cu il tarixli 17658 saylı rəyində əks edilmişdir. Birinci instansiya məhkəməsi qeyd edilənlərə istinad edərək, iddianı təmin etmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, cavabdeh DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsi tərəfindən iddiaçının tələbinin təmin olunmasından imtina etməsinin əsasını təsdiq edə biləcək hər hansı sübut məhkəməyə təqdim olunmamışdır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 8.0, 8.0.8-ci maddələrinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Hazırki işin hallarından görünür ki, iddiaçı “Torpağa Mülkiyyət Hüququna dair” dövlət aktına əsasən özünə məxsus Quba rayonu, Qımıl kəndində yerləşən 0,49 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmişdir. Cavabdeh isə “Torpağa Mülkiyyət Hüququna dair” dövlət aktının 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasındakı xəritədə əks olunmadığına, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş arxiv məlumatlarında və dövlət aktlarının qeydiyyat kitablarında dövlət aktının qeydə alınmadığına, iddiaçı tərəfindən naturada göstərilən torpaq sahəsinin digər şəxs tərəfindən hasarlanaraq istifadə edildiyindən müayinə işlərinin aparılmasının mümkün olmamasına istinad edərək imtina cavabı vermişdir. JN 0141 (KOD ********) saylı Torpağa mülkiyyət hüququna dair dövlət aktının 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş qeydiyyat kitablarında öz əksini tapmaması ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya dövlət aktı Quba rayon Aqrar İslahat Komissiyasının 10 yanvar 2002-ci il tarixli, 01 saylı qərarı ilə verilmişdir. Həmin qərar isə hazırda qüvvədədir. Torpağa mülkiyyət hüququna dair dövlət aktının 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron baza məlumatlarında və ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş qeydiyyat kitablarında öz əksini tapmaması iddiaçının təqsirindən baş verməmişdir. Dövlət aktının baza məlumatlarında və qeydiyyat kitabında əksini tapması müvafiq orqanın vəzifəsidir. Cavabdehin digər imtina əsası (həmin torpağın digər şəxs tərəfindən hasarlanaraq istifadə edildiyindən müayinə işlərinin aparılmasının mümkün olmaması) ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iş üzrə verilmiş mütəxəssis rəyindən, Sumqayıt Apelyasiya Məhkəməsinin 13.06.2019-cu il tarixli 2(105)-2847/2019 saylı və Azərbaycan Respublikası Ali Məhkəməsinin 26.09.2019-cu il tarixli 2(102)-6252/2019 saylı qərardadlarından müəyyən olunur ki, göstərilən torpaq sahələri qonşuluqda yerləşir. X1 torpaq sahəsi üzərində hüquqlarının müəyyən edilməsi İddiaçı Ənvər oğlunun hüquq və qanunla qorunan maraqlarına toxunmur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən torpaq sahəsi iddiaçıya ayrılarkən qanunun tələbləri gözlənildiyindən cavabdeh iddiaçının hüququnu qeydə almaqdan imtina etməkdə haqlı olmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası əsassızdır və imtinasını əsaslandırdığı hallar qanuni əsaslarla iddiaçıya ayrılmış daşınmaz əmlak üzərində onun mülkiyyət hüququnun qeydə alınmasından imtinaya səbəb ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-938/2020 saylı, 29 sentyabr 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-181/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-181/2021
04.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver