Məhkəmə qərarları › İş №2-1(105)-181/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-181/2022

30.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-181/2022 30.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X13 qızının katibliyi ilə, İddiaçının nümayəndələri X3 və X2, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “Quba rayonu, Qonaqkənd kəndində fərdi yaşayış evinin yerləşdiyi 0,14 ha torpaq sahəsinin İddiaçı adına hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1231/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı 1933-cü ildə anadan olmuşdur.

2. X12 Filialının xx.xx.2021-ci il tarixli 841 saylı arxiv arayışında Quba RİHB-nın Qonaqkənd qəsəbə İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Qonaqkənd kəndi üzrə 3 №li təsərrüfatbaşına kitabda vətəndaş İddiaçı 196 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində ümumi sahəsi 129 kv.m, o cümlədən yaşayış sahəsi 68 kv.m olan yaşayış evi və xüsusi mülkiyyətində, istifadəsində 0.14 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir.

3. Quba rayon Dövlət texniki inventarlaşdırma və mülkiyyət hüquqlarının qeydiyyatı idarəsi tərəfindən verilmiş qeydiyyat vəsiqəsindən görünür ki, Quba rayonu, Qonaqkənd kəndində yerləşən ümumi sahəsi 67.6 kv.m olan yaşayış evi Quba rayon Qonaqkənd İƏDnin “Şəxsi mülkiyyət hüququna malik olan vətəndaşların siyahısı”na əsasən İddiaçı adına xx.xx.2002-ci il tarixdə qeydə alınmışdır.

4. Qeyd edilən yaşayış evinə dair 1989-cu ilin may ayında tərtib olunmuş fərdi yaşayış fonduna aid yaşayış evinin texniki pasportunda evin yerləşdiyi torpaq sahəsinin sənədlər üzrə ölçüsü 1400,0 kv.m., həqiqi ölçüsü isə 1348,5 kv.m. göstərilmişdir.

5. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-169A KOD 30302018 saylı şəhadətnamədən görünür ki, həmin şəhadətnamə İddiaçı və onun ailə üzvələrinin (X1, X4, X6) adına Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 14 saylı qərarı əsasında mülkiyyətinə verilmiş 0.12 ha torpaq sahəsinə dair tərtib edilmişdir. Qeyd edilən şəhadətnamədə torpaq sahəsinin planı və sərhədlərinin ölçüsü göstərilmişdir.

6. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2021-ci il tarixli **********77 nömrəli iddiaçının və ailə üzvlərinizin adına olan 0.12 ha torpaq sahəsinə verilmiş JN-169A KOD 30302018 nömrəli “Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə”nin ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən 5 saylı Xaçmaz Ərazi İdarəsinə təhvil verilmiş şəhadətnamələrin verilməsi kitabından qeydiyyatdan keçdiyi göstərilmişdir.

7. 03.08.2009-cu il tarixli daşınmaz əmlakın texniki qiymətləndirilməsinə dair sənəddən görünür ki, Quba rayonu, Qonaqkənd qəsəbəsində yerləşən, İddiaçı adına qeydə alınmış yaşayış evi 0.14 ha torpaq sahəsi üzərində yerləşməklə 134.68 kv.m sahədən ibarətdir.

8. İddiaçının nümayəndəsi xx.xx.2021-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək Quba rayonu, Qonaqkənd kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,14 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

9. Cavabdehin xx.xx.2021-ci il tarixli **********51 nömrəli məktubunda ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. Məktubda göstərilir ki, sənədlərin ekspertizası zamanı qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0.14 ha kimi qeydiyyata alınması üçün təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqlar olduğu üçün mümkün olmamışdır. Belə ki, fərdi yaşayış evinin yerləşdiyi 0.12 ha torpaq sahəsinə dair İddiaçı və ailə üzvülərinin adına Quba rayon Aqrar İslahat Komissiyasının xx.xx.1997-ci il tarixli 14 saylı qərarı əsasında ləğv edilmiş DTXK-nin Quba rayon şöbəsi tərəfindən JN-169A nömrəli "Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə" hazırlanmışdır.

Birinci instansiya məhkəməsində icraat

İddiaçının dəlilləri

10. İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq, “Quba rayonu, Qonaqkənd kəndində fərdi yaşayış evinin yerləşdiyi 0,14 ha torpaq sahəsinin İddiaçı adına hüquqlarının Daşınmaz Əmlakın Dövlət Reyestrində qeydiyyata alınaraq müvafiq çıxarış verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, məhkəmədən “Quba rayonu Qonaqkənd kəndində iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi 0.14 ha torpaq sahəsinin İddiaçı adına hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Ərazi İdarəsinin üzərinə öhdəlik olaraq qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir

12. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1933-cü ildə Quba rayonu, Qonaqkənd kəndində anadan olmuşdur. Belə ki, yaşadığı yerdə, Quba rayonu, Qonaqkənd qəsəbəsində fərdi yaşayış evi və fərdi yaşayış evinin yerləşdiyi 0,14 ha torpaq sahəsi var. Həmin fərdi yaşayış evi və həyətyanı sahədən fasiləsiz olaraq istifadə etmişdir. Fərdi yaşayış evinin texniki pasportu və qeydiyyat vəsiqəsi vardır. Həmin texniki pasportda arxiv arayışında və digər hüquqmüəyyənedici sənədlərdə 0.14 ha həyətyanı sahə qeyd olunmuşdur. Fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin özəlləşdirilməsi məqsədi ilə 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət etmişdir. İnzibati orqanın **********77 saylı xx.xx.2021-ci il tarixli və **********51 saylı xx.xx.2021-ci il tarixli məktubları ilə iddiaçıya imtina verilmişdir. İmtina məktubunda göstərilmişdir ki, fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0.14 ha kimi qeydiyyata alınması üçün təqdim olunan sənədlərdə uyğunsuzluqlar aşkar olumuşdur. Hesab edir ki, imtina əsassızdır. Belə ki, lazımi olan hüquqmüəyyənedici sənədlər inzibati orqana təqdim edilmişdir.

Cavabdehin etirazının dəlilləri

13. Cavabdeh etirazında xx.xx.2021-ci il tarixli və xx.xx.2021-ci il tarixli **********51 nömrəli məktubların məzmununa, habelə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 2.3, 4.1, 8, 9.1.2-cü istinad edərək göstərmişdir ki, 0.12 ha torpaq sahəsinə aid JN-169A “Torpağın mülkiyyətə verilməsinə dair Şəhadətnamə”də düzəliş edilərək torpaq sahəsinin 0.14 ha ölçüdə bərpa edilməsi Ərazi İdarəsinin səlahiyyətlərinə aid deyildir. Qeyd edilənərə əsasən iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı verilmiş iddia ərizəsinə etiraz edirlər.

Birinci instansiya məhkəməsinin gəldiyi nəticə:

14. Sumqayıt İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(118)- 1231/2021 nömrəli qərarı ilə iddia təmin edilərək Quba rayonu Qonaqkənd kəndində iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi 0.14 ha torpaq sahəsinin iddiaçının adına hüquqların daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur.

15. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X12 Filialının xx.xx.2021ci il tarixli 841 saylı arxiv arayışından bəlli olmuşdur ki, Quba RİHB-nın Qonaqkənd qəsəbə İnzibati Ərazi Vahidi üzrə nümayəndəliyinin 1996-2000-ci illərə aid Qonaqkənd kəndi üzrə 3 №li təsərrüfatbaşına kitabda vətəndaş İddiaçı 196 saylı təsərrüfatın başçısı olub, onun xüsusi mülkiyyətində ümumi sahəsi 129 kv.m, o cümlədən yaşayış sahəsi 68 kv.m olan yaşayış evi və xüsusi mülkiyyətində, istifadəsində 0.14 ha həyətyanı torpaq sahəsi olduğu qeyd edilmişdir. Arxiv arayışları və iddiaçının təqdim etdiyi sənədlərin dövlət reyestrində saxlanılan məlumatlarla uyğunsuzluğu iddiaçının məsuliyyətinə səbəb ola bilməz.

16. Cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin dəlilləri:

17. Cavabdeh İmtinanın və iddia ərizəsinə etirazının dəlilləri ilə eynilik təşkil edən apellyasiya şikayətində həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununun 9.1.1-ci maddəsinə (Hüquqların dövlət qeydiyyatı ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır) istinad edərək göstərmişdir ki, vətəndaş tərəfindən qeyd olunan qanuna müvafiq olaraq sənədlərin və ərizənin təqdim olunmaması səbəbindən daşınmaz əmlakın müayinəsi keçirilməmiş və ərizəsinə dair texniki hissə ilə bağlı münasibət bildirilməmişdir. Şikayətdə daha sonra göstərilir ki, məhkəmə tərəfindən JN-169A KOD 30302018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə əks olunan 0.12 ha ölçüdən əlavə olaraq mülkiyyət hüququ müəyyən edilmiş 0.02 ha torpaq sahəsinin ərazinin hansı hissəsində yerləşdiyi yeri dəqiq məlum deyildir və həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində ola torpaq sahələri ilə üst-üstə düşübdüşməməsi müəyyən edilməmişdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.

19. İddiaçının nümayəndələri apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.

Tətbiq edilən hüquq

20. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanun: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 4. Əvvəllər yaranmış hüquqların tanınması 4.1. 2006-cı il iyulun 6-dək daşınmaz əmlaka hüquqların ayrı-ayrı qeydiyyat orqanları tərəfindən aparılmış dövlət qeydiyyatı öz hüquqi qüvvəsini saxlayır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; Maddə 9. Hüquqların dövlət qeydiyyatının aparılması qaydası 9.1. Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; Maddə 10. Hüquqların dövlət qeydiyyatı üçün sənədlərin təqdim edilməsi 10.2. Qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.

21. “Torpaq islahatı haqqında” Qanun Maddə 1. Torpaq islahatının məqsədi və vəzifələri Torpaq islahatının məqsədi iqtisadi azadlıq və sosial ədalət prinsipləri əsasında torpaq üzərində yeni mülkiyyət münasibətlərini yaratmaq, bazar iqtisadiyyatını və sahibkarlıq təşəbbüsünü inkişaf etdirmək, ölkənin iqtisadi müstəqilliyinə, o cümlədən ərzaq təminatına nail olmaq və nəticə etibarı ilə Azərbaycan xalqının maddi rifahını yüksəltməkdən ibarətdir. Torpaq islahatının vəzifələri Azərbaycan Respublikası ərazisində dövlət torpaqlarının müəyyən edilməsini, torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsini, mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarını təmin etməkdir. Maddə 9. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Maddə 10. Vətəndaşların qanuni istifadəsindəki torpaqların özəlləşdirilməsi qaydası Həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Maddə 20. İslahatı aparan orqanlar Torpaq islahatını Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası, Naxçıvan Muxtar Respublikası Aqrar İslahat Komissiyası, rayon və yerli aqrar islahat komissiyaları aparır. Maddə 22. Torpaq islahatı ilə əlaqədar mübahisələrin həlli Fiziki və hüquqi şəxslər torpaq islahatı barədə yerli aqrar islahat komissiyasının qərarı ilə razılaşmadıqda həmin qərarı aldıqdan sonra 10 gün müddətində rayon aqrar islahat komissiyasına şikayət edə bilərlər. Rayon aqrar islahat komissiyaları daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edirlər. Fiziki və hüquqi şəxslər rayon aqrar islahat komissiyalarının ...qərarı ilə razılaşmadıqda 10 gün müddətində Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasına şikayət edə bilərlər. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası daxil olan şikayətə 30 gün müddətində baxaraq qərar qəbul edir. Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyasının qərarından Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhkəməyə şikayət verilə bilər. Digər hallarda torpaq mübahisələri Azərbaycan Respublikasının müvafiq qanunvericiliyi ilə nəzərdə tutulan qaydada həll edilir.

22. “İnzibati icraat haqqında” Qanun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır.

23. İnzibati Prosessual Məcəllə: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 52. Məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

24. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apelyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

25. Məhkəmə kollegiyası işdə iştirak edən nümayəndələrin izahatını dinləyərək iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək yeni qərar qəbul edilməli, iddia qismən təmin edilməlidir.

26. Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Quba rayonu, Qonaqkənd kəndində yerləşən fərdi yaşayış evinin yerləşdiyi 0,14 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı 0.14 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir.

27. Cavadehin imtinasının əsas səbəbi qeyd olunan fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin 0,14 ha kimi qeydiyyata alınması üçün təqdim edilmiş sənədlərdə göstərilən məlumatlarla dövlət reyestrində saxlanılan məlumatlar arasında uyğunsuzluqların olmasından ibarət olmuşdur. Belə ki, iddiaçı 0.14 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb etdiyi halda, onun adına tərtib olunmuş JN-169A KOD 30302018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamədə torpaq sahəsinin ölçüsü 0.12 ha göstərilmişdir.

28. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, yuxarıda istinad olunan normalara əsasən torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır.

29. İş materiallarından görünür ki, iddiaçının və onun ailə üzvlərinin mülkiyyətinə Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 14 saylı qərarı əsasında fərdi yaşayış evinin yerləşdiyi 0.12 ha torpaq sahəsi verilmişdir. İddiaçı isə həmin torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən JN-169A KOD 30302018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnaməyə deyil, istifadəsində 0.14 ha torpaq sahəsinin olmasına dair arxiv arayışına istinad etməklə məhz 0.14 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasını tələb edir.

30. Bununla əlaqədar olaraq kollegiya qeyd edir ki, 16 iyul 1996-cı il tarixdə qəbul edilmiş torpaq islahatlarının aparılmasının hüquqi əsaslarını və qaydalarını müəyyən edən, vəzifələrindən biri mülkiyyətçilərin torpağa sahiblik, istifadə və sərəncam hüquqlarının təmin edilməsi olan “Torpaq islahatı haqqında” Qanuna əsasən rayon və yerli aqrar islahat komissiyaları və Azərbaycan Respublikası Dövlət Aqrar İslahat Komissiyası tərəfindən torpaq islahatı aparılmış, o cümlədən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilmişdir.

31. İş materiallarından görünür ki, aqrar islahat zamanı iddiaçının mülkiyyətinə 0.14 ha deyil, 0.12 ha torpaq sahəsi verilmişdir. Kollegiya qeyd edir ki, iddiaçıya 0.12 ha torpaq sahəsinin və müvafiq olaraq da həmin torpaq sahəsinə dair JN-169A KOD 30302018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamənin verilməsinə əsas olmuş Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 14 saylı qərarı inzibati akt olmaqla onun sonradan dəyişdirilməsi və ləğv edilməsi iş materialları ilə müəyyən edilmir və iddiaçı da bu hala istinad etməmişdir. Halbuki, iddiaçının ona istifadəsində olan ölçüdə deyil, 0.12 ha torpaq sahəsinin ayrılmasına dair həmin qərarı “Torpaq islahatı haqqında” Qanunun 22-ci maddəsinə əsasən mübahisələndirmək imkanı olmuşdur. Qeyd edilən qərar qüvvədə olduğu müddətdə isə həmin qərar əsasında müvafiq torpaq sahəsinə dair verilmiş JN-169A KOD 30302018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 4-cü maddəsinə əsasən öz hüquqi qüvvəsini saxlamaqla, həmin qanunun 8.0.5-ci maddəsinə uyğun olaraq məhz həmin şəhadətnamədə göstərilən ölçüdə torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas kimi çıxış edir.

32. Qeyd olunmalıdır ki, müvafiq hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın deyil, həm də onun yönəldiyi fiziki və hüquqi şəxslərin və suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların da davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdırlar və ona uyğun davranmağa borcludurlar. Hazırkı mübahisəyə münasibətdə də qeyd olunan tələblər tətbiq edilməli, mübahisəyə dair qərar qəbul olunarkən həmin tələblər nəzərə alınmalıdır.

33. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi cavabdehin etirazının müvafiq dəlillərini, işin yuxarıda qeyd edilən xüsusatlarını və qanunvericiliyin istinad edilən müddəlarını nəzərə almayaraq iddiaçıya məxsus fərdi yaşayış evinin yerləşdiyi 0.14 ha torpaq sahəsinin onun adına hüquqların daşınmaz əmlakın dövlət reyesterində qeydiyyata alınmasına dair qərar qəbul etmiş, həm də bu zaman şəhadətnamədə göstərilən ölçüdən artıq olan torpaq sahəsi hissəsini və iddiaçının məhz hansı hüquqlarının qeydiyyata alınmalı olmasını da dəqiq müəyyən etməmişdir.

34. İşə apellyasiya qaydasında baxılarkən apellyasiya şikayətinin müvafiq dəlilləri ilə əlaqədar cavabdehə JN-169A KOD 30302018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamə əsasında iddiaçıya məxsus olan Quba rayonu, Qonaqkənd kəndində yerləşən torpaq sahəsinin yerində müayinə edilərək, müayinə aktının məhkəməyə təqdim edilməsi və iddiaçının tələbinin texniki hissəsi ilə bağlı rəsmi münasibət bildirilməsi ilə bağlı sorğu verilmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubla sorğuya cavab olaraq müayinə aktını və iddiaçının müraciətinə verilmiş cavab məktubunun surətini təqdim etmişdir. Müayinə aktında qeyd edilmişdir ki, torpaq sahəsi hüquqmüəyyənedici sənəd üzrə 0,12 ha, faktiki isə 0,20 ha-dır. Torpaq sahəsi yol ilə qonşu torpaq sahələri ilə həmsərhəddir. Sərhədləri bir tərəfdən şərti olub digər tərəfdən mişar daşı və metal torla qapalıdır. Torpaq sahəsində tikinti altı sahəsi 140 m2 olan 2 mərtəbəli fərdi yaşayış evi və digər həyət tikililəri mövcuddur. Baza məlumatlarında 169A nömrəli şəhadətnamə 0,12 ha ölçüdə öz əksini tapmışdır. Vətəndaşın iddia etdiyi torpaq sahəsi DWJ baza məlumatlarında yol kimi göstərilsə də faktiki vəziyyətdə iki qonşu arasında mal-qaranı həyətə gətirmək üçün olan boş sahə kimi istifadə olunur və vətəndaşın özünə məxsus torpaq sahəsinin sərhədləri daxilindədir, kommunikasiya xətləri keçmir.

35. Cavabdeh tərəfindən məhkəmənin sorğusunun iddiaçının tələbinin texniki hissəsi ilə bağlı yazılı münasibət bildirilməsə də, məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçıya məxsus torpaq sahəsinə dair JN-169A KOD 30302018 nömrəli Torpağın mülkiyyətə verilməsinə dair şəhadətnamənin şəhadətnamələrin verilməsi kitabında qeydiyyatdan keçdiyindən və torpaq sahəsinin müayinəsi aparıldığından şəhadətnamədə göstərilən 0.12 ha torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınmasının və çıxarış verilməsinin mümkün olduğunu bildirmiş, iddiaçının nümayəndələri isə qeyd edilənlərlə razılaşmayaraq, iddiaçının arqar islahat zamanı torpaq sahəsinin ölçüsünün azaldılmasından xəbərinin olmadığını, bunun qanunsuz olduğunu bildirməklə məhz 0.14 ha torpaq sahəsinə dair çıxarışın verilməli olduğunu bildirmişlər.

36. Məhkəmə kollegiyası qeyd edir ki, nə qədər ki, iddiaçıya məhz 0.12 ha torpaq sahəsinin verilməsi barədə Quba rayon Aqrar İslahat Komissiyasının 01 noyabr 1997-ci il tarixli 14 saylı qərarı və həmin torpaq sahəsinə dair JN-169A KOD 30302018 saylı “Torpağın mülkiyyətə verilməsinə dair” şəhadətnamə qüvvədədir iddiaçının 0.14 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə iddia tələbi tam təmin oluna bilməz.

37. Bununla yanaşı, iddianın tam təmin olunması mümkün olmasa da, iddiaçının adına olan “Torpağın mülkiyyətə verilməsinə dair” JN-169A KOD 30302018 saylı şəhadətnamə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən həmin şəhadətnamədə göstərilən ölçüdə - 0.12 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatı üçün əsas kimi çıxış etdiyindən və həmin şəhadətnamə əsasında iddiaçının hüquqlarının dövlət qeydiyyatına alınmasından imtinanın hər-hansı digər əsasları müəyyən edilmədiyindən iddia 0.12 ha torpaq sahəsinə dair hissədə təmin edilməlidir.

38. Beləliklə, kollegiya hesab edir ki, cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi xahiş edildiyindən, həmçinin qərarda iddiaçının müvafiq torpaq sahəsi üzərində hansı hüquqlarının qeydə alınması göstərilmədiyindən həmin qərar yuxarıda qeyd edilənlərə əsasən ləğv edilməli, bununla yanaşı iddiaçının iddiasının 0.14 ha deyil, 0.12 ha torpaq sahəsinə dair hissədə təmin edilməsinə dair əsaslar mövcud olduğundan cavabdehin apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin iş üzrə qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin olunmalıdır. Belə ki, İPM-nin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir.

39. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 05 oktyabr 2021-ci il tarixli, 2-1(118)- 1231/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. “Torpağın mülkiyyətə verilməsinə dair” JN-169A KOD 30302018 saylı şəhadətnaməyə əsasən iddiaçıya məxsus Quba rayonu, Qonaqkənd kəndində yerləşən 0.12 ha torpaq sahəsi üzrərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq çıxarışın verilməsi öhdəliyi Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin olunmasın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar