Məhkəmə qərarları › İş №2-1(105)-181/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-181/2025

06.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-181/2025 06.03.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X20 qızının katibliyi ilə, İddiaçı, Üçüncü şəxs X2 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “üçüncü şəxslərin mənzildən qeydiyyatdan çıxarılmaları” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-1(118)-5071/2024 nömrəli qərarından üçüncü şəxs X7 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ Sumqayıt şəhəri X16 İcraiyyə Komitəsi tərəfindən Komitənin xx.xx.1988-ci il tarixli, 19 nömrəli qərarı əsasında Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 65 ünvanında yerləşən 71 nömrəli mənzilə dair mənzil sahibi kimi iddiaçının anası X3 adına üç nəfər ailə üzvü ilə birlikdə (özü, qızı - X5, oğlu - X6) 23 noyabr 1988-ci il tarixli, 318 nömrəli order verilmişdir. Daha sonra Sumqayıt Şəhər İHB aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən sözügedən mənzilə dair İddiaçı adına iki nəfər ailə üzvü ilə birlikdə (özü, anası - X8) 03 sentyabr 2007-ci il tarixli, 7/399 nömrəli order verilmiş, orderin verilməsinə əsas olaraq Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 18 iyul 2007-ci il tarixli, 278 nömrəli sərəncamı göstərilmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 16 saylı Mənzil İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2007-ci il tarixli, 5582 saylı Forma-2 arayışına əsasən Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 65 ünvanında yerləşən 71 nömrəli mənzilin sahibi İddiaçı olmaqla, mənzildə özü və anası İddiaçı daimi qeydiyyatdadır. İddiaçının anası İddiaçı tərəfindən səlahiyyətli orqana sözügedən mənzilin iddiaçının adına özəlləşdirməsinə razılığı barədə ərizə verilmişdir. Qeyd olunan sənədlər əsasında sözügedən mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2007-ci il tarixdə qeydiyyata alınaraq, adına **********16-05101-093038 nömrəli çıxarış verilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş ******* nömrəli “Yaşayış yeri üzrə qeydiyyat haqqında” arayışa əsasən İddiaçı, X11 (xx.xx.2016-cı il tarixdən), X12 (xx.xx.2014-cü il tarixdən), Kərimova Nərmin Qorxmaz qızı (xx.xx.2014-cü il tarixdən), X7 (xx.xx.2003-cü il tarixdən) ünvan 1 ünvanında qeydiyyatdadırlar. X7 iddiaçının qardaşı, X11, X12, Kərimova Nərmin Qorxmaz qızı isə iddiaçının qardaşının ailə üzvləridir. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək, X7, X11, X12 və Kərimova Nərmin Qorxmaz qızının ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmalarını xahiş etmişdir. Cavabdeh 09 fevral 2024-cü il tarixli, 3-13-58/2-K-4632/11/24 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina edərək müraciətdə qeyd edilən şəxslərin ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmaları barədə məhkəməyə müraciət etməsini tövsiyə etmişdir. İddiaçı cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, X7, X11, X12 və Kərimova Nərmin Qorxmaz qızının onun xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından qeydiyyatından çıxarılmaları öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 65 ünvanında yerləşən 71 saylı mənzil artıq 20 ilə yaxındır ki, iddiaçının xüsusi mülkiyyətindədir. Bu müddət ərzində üçüncü şəxslər həmin mənzildə yaşamamışlar, uşaqların isə mənzilə hansı əsasla qeydiyyata düşmələri barədə iddiaçının heç bir məlumatı yoxdur. X7 isə 1997-2014-cü illərdə Rusiyada yaşamış, Azərbaycana qayıtdıqdan sonra isə başqa ünvanda yaşamışdır. Onların mənzildə qeydiyyatda olması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır və ona əsassız müdaxilə təşkil edir. Bu da mənzillə bağlı hüquqlarının realizə edilməsində mane olur. Sumqayıt İnzibati Məhkəməsinin 15 iyul 2024-cü il tarixli qərardadı ilə X7, X11, X12 və Kərimova Nərmin Qorxmaz qızı üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-1(118)-5071/2024 nömrəli qərarı ilə iddia təmin edilərək, X7, X11, X12 və Kərimova Nərmin Qorxmaz qızının ünvan 2 ünvanından qeydiyyatdan çıxarılmaları öhdəliyi cavabdehin üzərinə vəzifə olaraq qoyulmuşdur (hakim Aynur Axundova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, üçüncü şəxslər iddiaçının mülkiyyətində olan evdə qeydiyyatda olsa da, həmin evdə yaşamırlar və yaşayış sahəsinə əmlak hüquqları mövcud olması barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. Üçüncü şəxslərin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Həmin qərardan narazı qalan üçüncü şəxs X7 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Üçüncü şəxs apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, üçüncü şəxslər qeydiyyatda olduqları Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 65 ünvanında yerləşən 71 saylı mənzildə deyil, başqa bir ünvanda kirayədə yaşayırlar. Üçüncü şəxsin və iddiaçının anası Ermənistan Respublikasından 1988-ci ildə qaçqın kimi Sumqayıt şəhərinə gəlmiş, dəyişmə yolu ilə həmin mənzili almışdır. Həmin dövrdə üçüncü şəxs hərbi xidmətdə olmuş, hərbi xidmətdən sonra Sumqayıt şəhərinə gəlmiş, həmin mənzilə qeydiyyata alınmış və orada yaşamışdır. Sözügedən mənzilin iddiaçının adına özəlləşməsinə razılıq verməmiş və belə bir özəlləşmədən xəbəri olmamışdır. İddiaçı qeyri-mötəbər sənədlər təqdim edərək həmin mənzilin mülkiyyətçisinə çevrilmişdir. Məhkəmə iş üzrə araşdırma aparmamış, həmin mənzildə özəlləşmə zamanı qeydiyyatda olan şəxslərin razılığının olub-olmaması ilə maraqlanmamışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətini müdafiə edərək, izahatında əlavə olaraq bildirmişdir ki, o, 1988-ci ildə Ermənistandan hərbi xidmətə getmiş və 1990-cı ildə qayıtmışdır. Hərbi xidmətdən qayıtdıqdan sonra 1990-cı ildə mübahisəli evə qeydiyyata alınmış, 11 il, yəni təxminən 2000-ci ilə qədər həmin evdə yaşamışdır. 2000-ci ildə Rusiya Federasiyasına getsə də, ildə bir neçə dəfə buraya gəlmiş, təxminən, 2012-ci ildə Rusiyadan qayıtmışdır. O, Rusiyada olarkən sözügedən evdə anası və hazırkı iş üzrə iddiaçı olan bacısı yaşayırdı. Mübahisəli mənzilin yaşayış sahəsi az olduğundan ölkəyə qayıtdıqdan sonra özü könüllü olaraq oradan ayrılaraq başqa ünvanda - Tağıyev qəsəbəsində yaşamağa başlamış, 2003-cü ildə evləndikdən sonra yoldaşı ilə birlikdə yenidən Rusiyaya getmiş, oradan qayıtdıqdan sonra da hazırda yaşadıqları Tağıyev qəsəbəsində yerləşən evdə yaşamağa başlamışdırlar. Sözügedən yaşayış evi əvvəllər ona məxsus olsa da, sonradan ehtiyac olduğundan evi satmışdır, hazırda həmin evdə kirayədə yaşayırlar. Üçüncü şəxs şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək izahatında bildirmişdir ki, mübahisəli mənzilə dair anasının adına ilkin order 1988-ci ildə tərtib edilmiş və həmin orderdə mənzil sahibinin ailə üzvləri olaraq qardaşı X6 və bacısı X1 adları göstərilmiş, üçüncü şəxs X7 həmin dövrdə hərbi xidmətdə olduğundan orderdə adı qeyd edilməmişdir. İddiaçı şikayətin təmin edilməməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə ərizə təqdim edərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Digər üçüncü şəxslər X11, X12 və Kərimova Nərmin Qorxmaz qızı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmalarına baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri barədə məlumat verməmişdirlər. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə tərəflərin və üçüncü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri-tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. ... Maddə 9. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması Müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; ... 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; ... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.4. Sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.1. Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair 24 sentyabr 2020-ci il tarixli qərarı: Müraciətdə göstərilən mülki işdə olduğu kimi, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. ... Konstitusiya Məhkəməsinin Plenumu bir daha qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun “şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması” adlı 9-cu maddəsində yaşayış sahəsinə hər hansı əmlak hüquqları əldə etməyən şəxslərin vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi əsasında qeydiyyatdan çıxarılması imkanının birmənalı şəkildə nəzərdə tutulmaması həmin qanunvericilik normasının hüquqi müəyyənlik prinsipinin tələblərinə cavab vermədiyini göstərməklə yanaşı, Konstitusiyanın 149-cu maddəsinin İ hissəsi ilə də uzlaşmır. Konstitusiyanın qeyd olunan maddəsinə görə, normativ hüquqi aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalıdır. Göstərilənləri nəzərə alaraq Konstitusiya Məhkəməsinin Plenumu hüquqi müəyyənlik prinsipinin mahiyyəti və əhəmiyyəti baxımından hesab edir ki, ........... Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Hazırda apellyasiya baxışının hədlərini qərarın X4 münasibətdə iddia tələbinin təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia təmin olunsa da, cavabdeh və digər üçüncü şəxslər - X11, X12 və Kərimova Nərmin Qorxmaz qızı qərardan apellyasiya şikayəti verməmişlər. Qərardan yalnız üçüncü şəxs X7 apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissələri üzrə yoxlamışdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman maddi hüquq normaları düzgün tətbiq edilmiş, habelə prosessual hüquq normalarının tələblərinə riayət edilmişdir. Birinci instansiya məhkəməsinin qərarının üçüncü şəxs X4 münasibətdə ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı X4 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisə predmetini üçüncü şəxslərin iddiaçıya məxsus Sumqayıt şəhəri, 10-cu mikrorayon, ev 65 ünvanında yerləşən 71 nömrəli mənzildən qeydiyyatdan çıxarılmalarından imtinası təşkil edir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarının yuxarıda sadalanan normalarının tələblərini nəzərə alaraq qeyd edir ki, mülkiyyətçinin ərizəsi ilə digər şəxsin yaşayış sahəsindən qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:

1. Şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;

2. Həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Birinci şərtlə bağlı kollegiya qeyd edir ki, məhkəmə araşdırması nəticəsində üçüncü şəxsin mənzilə hər hansı əmlak hüquqlarının olmadığı müəyyən edilmişdir. Belə ki, məhkəmə kollegiyasına təqdim edilən sənədlərdən görünür ki, mübahisəli mənzilə dair mənzil sahibi kimi iddiaçının və üçüncü şəxs X2 anası X3 adına üç nəfər ailə üzvü ilə birlikdə (özü, qızı - X5, oğlu - X6) 23 noyabr 1988-ci il tarixli, 318 nömrəli order verilmişdir. Daha sonra mənzilə dair Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 18 iyul 2007-ci il tarixli, 278 nömrəli sərəncamı əsasında Sumqayıt Şəhər İHB aparatının mənzillərin uçotu, bölüşdürülməsi və dəyişdirilməsi şöbəsi tərəfindən hazırkı iş üzrə iddiaçının adına iki nəfər ailə üzvü ilə birlikdə (özü, anası - X8) 2007-ci il tarixdə order verilmişdir. Həmin order, Forma-2 arayışı və mənzildə yaşayan yetkinlik yaşına çatmış şəxslərin razılıq ərizəsi əsasında mənzil üzərində iddiaçının xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq Dövlət Arxivinin Sumqayıt Filialı tərəfindən məhkəməyə təqdim edilən Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının 18 iyul 2007-ci il tarixli, 278 nömrəli sərəncamından da görünür ki, mübahisəli mənzilin əsas kirayəçisi X3 razılığı əsasında mənzilin kirayə müqaviləsi (order) sonuncunun qızı İddiaçı adına (2 nəfərdən ibarət (özü, anası) ailə tərkibi ilə) keçirilmişdir. İşin qeyd olunan hallarından göründüyü kimi mübahisəli mənzil onun sahibi olaraq əvvəlcə 1988-ci ildə hazırkı iş üzrə iddiaçının anasının adına verilmiş, 2007-ci ildə isə mənzilin orderi dəyişdirilərək mənzil sahibi olaraq iddiaçı göstərilmişdir. Üçüncü şəxs X7 isə mübahisəli mənzilə dair nə 1988-ci il tarixli ilkin, nə də sonrakı 2007-ci il tarixli orderdə mənzil sahiblərinin ailə üzvü olaraq göstərilməmişdir. Üçüncü şəxsin özü apellyasiya şikayətində və məhkəmə iclasında izahatında bununla bağlı bildirmişdir ki, 1988-1990-cı illərdə hərbi xidmətdə olmuş, xidmətdən qayıtdıqdan sonra 2000-ci ilə qədər mübahisəli mənzildə yaşamış, 2000-ci ildə Rusiya Federasiyasına getmiş, 2012-ci ildə oradan qayıtdıqdan sonra isə özü könüllü olaraq mübahisəli mənzildən ayrılaraq başqa ünvanda - Tağıyev qəsəbəsində yaşamağa başlamışdır, hazırda da mübahisəli mənzildə deyil, ailəsi ilə birlikdə qeyd edilən ünvanda yaşayır. O, mənzilin iddiaçının adına özəlləşməsinə razılıq verməmiş və belə bir özəlləşmədən xəbəri olmamışdır. Dolayısı ilə üçüncü şəxs 1990-2000-ci illərdə mübahisəli mənzildə yaşamasına istinad edərək, mənzilə istifadə hüququnun olduğunu bildirir. Yaranma tarixindən asılı olaraq, yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar hüquq münasibətləri ilə bağlı mübahisələrin həll edilməsi zamanı tətbiq edilməli olan qanunvericiliyi müəyyən edən Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli qərarı ilə Mülki Məcəlləsinin 228-ci maddəsi və Mənzil Məcəlləsinin 123-cü maddəsinin 1-ci hissəsi şərh edilmişdir. Hər iki maddə mülkiyyətdə olan yaşayış sahəsindən istifadə hüququ ilə bağlı məsələləri tənzimləyir. Konstitusiya Məhkəməsinin həmin qərarında göstərilmişdir ki, 2000-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1. və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Hazırkı halda da tərəflər arasında yaranmış mübahisə üçüncü şəxsin 1990-2000-ci illərdə mənzildə yaşamağı faktından irəli gəldiyindən mübahisəyə xx.xx.2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin müddəaları tətbiq edilməlidir. Həmin Məcəllənin: - 60-cı maddəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə, onların yaşayış sahəsi altı ay saxlanır. Şəxsin, müəyyən edildiyindən artıq müddətə başqa yerə getməsi nəticəsində yaşayış sahəsindən istifadə hüququnu itirmiş hesab edilməsi, kirayədarın və ya həmin sahədə yaşamağa qalmış digər daimi istifadəçilərin iddiası üzrə məhkəmə qaydasında həyata keçirilir. - 87-ci maddəsinə görə isə yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə, yaşayış sahəsinin icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.1999-cu il tarixli qərarında göstərilmişdir ki, mənzil qanunvericiliyinə əsasən tərəflər arasında yaranmış bu mübahisələrə məhkəmə tərəfindən baxılarkən yaşayış sahəsində altı ay və daha uzun müddətdə yaşamamağın səbəbləri araşdırılmalı, bu xüsusat digər hallarla birlikdə məcmu qaydada tədqiq olunmalı və məhkəmənin müvafiq qərarında əsaslandırılmalıdır. İcarədarın və ya onun ailə üzvlərinin müvəqqəti olaraq, o cümlədən altı ay və daha uzun müddətdə yaşayış sahəsindən getməsi onların yaşayış sahəsinə olan hüquqlarının itirilməsinə yönələn əsas kimi qəbul edilə bilməz. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. “Respublika məhkəmələri tərəfindən mənzil qanunvericiliyinin tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 16 oktyabr 1992-ci il tarixli, 2 nömrəli Qərarına əsasən kirayəçinin və onun ailə üzvlərinin daimi yaşamaq üçün başqa yerə getmələrilə əlaqədar, kirayə müqaviləsinin ləğv edilməsinə dair mübahisəni həll edərkən, məhkəmə kirayəçinin başqa yerə köçməsini və ya həmin yaşayış məntəqəsinin başqa yaşayış sahəsinə köçməsini sübut edən sənədləri tələb etməyə borcludur. Belə sübutlara yaşayış sahəsindən qeydiyyatdan çıxmağa, iş yerindən çıxıb, yeni yaşayış sahəsində işə düzəlməyə, yeni iş yerindən mənzillə təmin edilməyə və sair sənədlər aid ola bilər. Mənzil Məcəlləsinin 87-ci maddəsinə əsasən, belə hallarda yaşayış sahəsinin kirayə müqaviləsi kirayəçinin və onun ailə üzvlərinin başqa yerə köçdükləri gündən pozulmuş hesab edilir. İş materiallarında olan mübahisəli mənzilin yerləşdiyi binada yaşayan qonşular X9 və X10 tərəfindən tərtib edilmiş və Sumqayıt şəhər İH Mənzil Kommunal Təsərrüfatı İB-nin 16 saylı MKS tərəfindən təsdiq edilmiş xx.xx.2024-cü il tarixli aktdan görünür ki, üçüncü şəxslər X7, X11, X12 və Kərimova Nərmin Qorxmaz qızı ünvan 3 ünvanda yaşamırlar. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 (iddiaçı və üçüncü şəxsin qardaşı) ifadəsində bildirmişdir ki, mənzilə dair ilkin orderdə onun və bacısı İddiaçı adlarının qeyd edilmiş, üçüncü şəxs 1999-cu ilədək mübahisəli mənzildə anası ilə birlikdə yaşamış, həmin tarixdən sonra Rusiya Federasiyasına getmiş, həmin müddət ərzində sonuncu tərəfindən özünə aid yaşayış evi inşa edilmişdir. Mənzilin orderinin iddiaçının adına dəyişdirildiyi 2007-ci ildə də üçüncü şəxs ölkədən xaricdə olmuşdur. Üçüncü şəxsin özü də şikayətinin dəlilləri və məhkəmə iclasında izahatında bu mənzildə 2000-ci ilədək yaşadığını və həmin tarixdən sonra yaşayış sahəsini tərk edərək, Rusiya Federasiyasına getdiyini, 2012-ci ildə ölkəyə qayıtdıqdan sonra isə özü könüllü olaraq mübahisəli mənzildə deyil, başqa ünvanda (Tağıyev qəsəbəsində) yaşadığını, halhazırda da ailəsi ilə birlikdə həmin ünvanda kirayədə yaşadığını bildirmişdir. Həmçinin, kollegiya üçüncü şəxs tərəfindən məhkəməyə təqdim edilən yaşayış sahəsinin kommunal abunə kodlarına ("xxxx" ASC, "xxxx" ASC və "xxxx" ASC) elektron hökümət portalında baxış keçirərək müəyyən etmişdir ki, üçüncü şəxs həqiqətən də başqa ünvanda – Ximstroy, ünvan 4 aid olmaqla üçüncü şəxsin adınadır. İş üzrə sadalanan sübutların tədqiqindən göründüyü kimi üçüncü şəxs X7 mənzilin keçmiş icarədarının (mülkiyyətçisinin) ailə üzvü (oğlu) kimi 1990-cı ildən təxminən 2000-ci ilə kimi mübahisəli mənzildə yaşasa da, 2003-ci ildə mənzilə qeydiyyata alınmış Q.Kərimov 2000-ci il tarixdən, ümumiyyətlə, həmin mənzildə yaşamamışdır. Göründüyü kimi üçüncü şəxs uzun müddət ərzində (25 ildir) və davamlı olaraq bu mənzildən istifadə hüququndan könüllü istifadə etmir, onun həmin mənzilə, o cümlədən bu hüququnun reallaşmasına olan ehtiyacı aradan qalxmışdır. Bu baxımdan, o, həmin mənzilə olan fiziki və hüququ bağlılığını, o cümlədən mənzildən istifadə hüququnu itirmişdir. Xüsusilə qeyd edilməlidir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə mövcud olan və bu sahəni tənzimləyən hüquq normaları bu hüququn hər hansı məbləğdə kompensasiya ödənilməsi müqabilində itirilməsini təsbit etməmiş, lakin məhkəmə kollegiyasının müəyyən etdiyi bu haldan bilavasitə asılı etmişdir. Mənzilə dair ilkin, eləcə də, sonrakı orderdə üçüncü şəxsin adı olmasa da, o, 1990- 2000-ci illərdə həmin məzildə yaşamaqla, mənzilin ilkin mülkiyyətçisinin (X8) ailə üzvü olaraq onun mənzildən istifadə hüququ yaranmış, lakin 2000-ci il tarixdən sonra özünə daimi əsaslarla başqa yaşayış yeri seçərək həmin mənzili tərk etdiyindən qanunvericiliyin yuxarıda sadalanmış normalarının tələbinə əsasən mənzilə istifadə hüququnu itirmişdir. 2007-ci il tarixdən sonra isə mənzilin mülkiyyətçisi dəyişərək üçüncü şəxsin bacısı (hazırkı iş üzrə iddiaçı) mülkiyyətçi olmuşdur. Həmin tarixdən sonrakı dövrə münasibətdə üçüncü şəxsin mənzilə istifadə hüququnun olub-olmaması ilə bağlı isə kollegiya aşağıdakıları qeyd edir: Mülki Məcəllənin 228.5-ci maddəsinə görə yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.5-ci maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 27 may 2008-ci il tarixli qərarında mülkiyyətçi ilə yazılı razılaşmasının bağlanması, həmin razılaşmanın notariat qaydasında təsdiq edilməsi və istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması mülkiyyətçinin razılığı kimi şərh olunmuşdur. Bundan əlavə, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci maddəsinə əsasən əmələ gələn istifadə hüququna xitam verilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun xx.xx.2016-cı il tarixli Qərarında göstərmişdir ki: “Mülki Məcəllənin 228.5-ci maddəsində istifadə hüququnun mahiyyət etibarilə servitut olduğu nəzərə alınaraq qeyd olunmalıdır ki, bu hüququn kompensasiya ödəmədən xitamı zamanı Mülki Məcəllənin “Servituta xitam verilməsi” adlanan 262-ci maddəsinin müddəalarının analogiya üzrə tətbiq edilməsi mümkün sayılmalıdır. Mülki Məcəllənin 262.2-ci maddəsinə əsasən yüklü olan mülkiyyətçinin tələbi ilə servituta onun qoyulduğu əsaslar aradan qalxdığına görə xitam verilə bilər. Bu maddənin müddəaları baxımından Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun sahibinin yaşayış sahəsinə ehtiyacı aradan qalxdığı təqdirdə (məsələn, keçmiş ailə üzvünün digər daimi yaşayış sahəsinə könüllü surətdə köçməsi; ev və ya digər yaşayış sahəsi üzərində mülkiyyət hüququ əldə etməsi; nikaha daxil olaraq ər-arvadın evinə köçməsi və s.) həmin hüquqa xitam verilməsi kompensasiya ödəmədən mümkündür. Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən əmələ gələn keçmiş ailə üzvünün yaşayış binasının tərkib hissəsindən istifadə hüququna müvafiq kompensasiya ödənilmədən xitam verilməsi həmin hüququn əldə edilməsini zəruri edən əsas (yaşayış sahəsinə ehtiyac) aradan qalxdıqda mümkündür.” Hazırkı işin faktiki hallarından isə müəyyən edilir ki, mənzilin iddiaçının mülkiyyətinə keçdiyi 2007-ci ildən sonra da üçüncü şəxs iddiaçı ilə birlikdə həmin evdə yaşamamış, bu baradə onlar arasında notarial qaydada təsdiq edilmiş heç bir razılaşma olmamış, hazırda da üçüncü şəxs iddiaçının ailə üzvü deyildir və ona məxsus olan evdə yaşamır. Odur ki, həmin tarixdən sonra üçüncü şəxsin mənzilə ümumiyyətlə istifadə hüququ yaranmamışdır. İşin qeyd olunan halları, eləcə də, mənzilə dair ilkin, eləcə də, sonrakı orderdə mənzil sahibinin ailə üzvü kimi üçüncü şəxsin adının olmadığı nəzərə alındığında mənzilin onun razılığı olmadan iddiaçının adına özəlləşdirildiyinə dair şikayətinin dəlillərinin əsassız olduğu görünür. Hal-hazırda həmin yaşayış evi üzərində mülkiyyət (istifadə, sahiblik, sərəncam) hüquqları iddiaçıya məxsusdur. Belə olan halda məhkəmə kollegiyası qeyd edir ki, üçüncü şəxsin yaşamadığı halda mülkiyyətçinin iradəsinə zidd olaraq ona məxsus evdə qeydiyyatda qalması mülkiyyətçi üçün bir sıra məhdudiyyətlər yaradır. Bu da mülkiyyət hüququnun konstitusion mahiyyətinə ziddir. Konstitusiyada mülkiyyət hüququ təsbit edilməklə yanaşı, onun məhdudiyyətlərinin hədləri müəyyən olunmuşdur. Mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Eləcə də, üçüncü şəxsin iddiaçıya məxsus evə dair hər hansı hüquqlarının olmadığı və hazırda həmin ünvanda yaşamadığı halda onun həmin evdə yaşayış yeri üzrə qeydiyyatda olması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırdığından, iddiaçı hazırki tələbində haqlı olmuşdur. Beləliklə, qeyd edilənləri nəzərə alaraq, kollegiya hesab edir ki, üçüncü şəxsin apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi üçüncü şəxs X4 münasibətdə iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2024-cü il tarixli, 2-1(118)-5071/2024 nömrəli qərarı üçüncü şəxs X4 münasibətdə dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar