Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-183/2022 22.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Tahirova Lətafət Almazxan qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi qarşı “2 saylı Ərazi Vergilər Baş İdarəsinin, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 14.07.2021-ci il tarixə olan 1.840.027,32 manat artıq ödəməsinin, İddiaçı ASC-yə qaytarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(118)-1595/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı ASC cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “2 saylı Ərazi Vergilər Baş İdarəsinin, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 14.07.2021-ci il tarixə olan 1.840.027, 32 manat artıq ödəməsinin, "xxxx" ASC-yə qaytarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Prezidentinin 15 iyul 2015-ci il tarixli 570 saylı Fərmanının icrası ilə bağlı "xxxx" ASC "xxxx" Səhmdar Kredit Təşkilatının idarəedilməsinə verilmişdir. Həmin səbəbdən "xxxx" ASC-nin bütün əmlakları yenidən qiymətləndirilərək, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli 2-2(85)-1607/2016 saylı qətnaməsinə əsasən "xxxx" Səhmdar Kredit Təşkilatına verilmişdir. Azərbaycan Respublikası Prezidentinin 04 dekabr 2017-ci il tarixli, 1704 saylı Fərmanının 2-ci hissəsinə əsasən "xxxx" Səhmdar Kredit Təşkilatı tərəfindən 23 iyul 2018ci il tarixdə, akt əsasında "xxxx" ASC-yə məxsus bütün əmlaklar yeni yaradılmış Azərbaycan Sənayə Koorperasiyası Açıq Səhmdar Cəmiyyətinə verilmişdir. Həmin tarixdən "xxxx" ASC-nin fəaliyyəti tam dayanmışdır. Göstərilən dövrdən işçilərin əmək haqları, istifadə edilməmiş məzuniyyətə görə son haqq-hesabları və əmək haqqında hesablanmış sosial-sığorta haqlarının ödənilməsi mümkün olmamışdır. Göstərilən dövrdə "xxxx" ASC-nin dövlət büdcəsinə 05.06.2018-ci il tarixə 2.028.401,51 qəp (iki milion iyirmi səkkiz min dört yüz bir man 51 qəp) artıq ödəməsi olub. 05.06.2018-ci il tarixdə 2 saylı Ərazi Vergilər İdarəsinə və Azərbaycan Respublikası Vergilər Nazirliyinə müraciət olunaraq, xahiş edilib ki, artıq ödəməni qaytarsınlar, qaytarılacaq vəsait əmək haqqı və sosial sığorta borcunun ödənilməsinə xərclənəcək, 05.07.2018-ci il tarixdə təkrarən Vergilər Nazirliyinə müraciət olunub, Vergi Məcəlləsinin 24.0.10-cu maddəsinə əsasən artıq ödəmənin qaytarılması barədə tədbir görmək vergi orqanının vəzifəsidir. Vergi Məcəlləmin 87.3-cü maddəsinə əsasən, vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində artıq ödəmə vergi ödəyicisinə qaytarılmalıdır? lakin 2 Saylı Ərazi Vergilər İdarəsi müraciətlərin heç birinə əhəmiyyət verməyib. Hal-hazırda 2 saylı Ərazi Vergilər İdarəsi, Dövlət Sosial Müdafiə Fonduna olan 926.918,58 manat borcu və borca əlavə olaraq, ona hesablanmış 306066,29 manat faiz borcunu tələb edir. Göstərilən sosial sığorta borcunun əvəzləşdirilməsi üçün Azərbaycan Respublikası Maliyyə Nazirliyinə və Azərbaycan Respublikası İqtisadiyat Nazirliyinə müraciət olunub, lakin artıq ödəmə ilə sosial sığorta borcunun əvəzləşdirilməsinə mümkün olmadığı bildirilib. 2 saylı Ərazi Vergilər Baş İdarəsinin günahı ucbatından, sosial sığorta borca əlavə olaraq 306066, 29 manat faiz heablanıb. Əgər artıq ödəmə vaxtında "xxxx" ASC-yə qaytarılsa, işçilərin əmək haqqları, son haqq-hesabları və sosial sığorta üzrə DSMF-yə olan borclar tam şəkildə ödənilmiş olardı. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbinin dəlillərini əsassız hesab edirlər. Belə ki, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən Vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. İddiaçının şəxsi hesab vərəqəsindən də göründüyü kimi artıq ödəməsi 02.04.2008-ci il tarixdən yaranmışdır. Buna görə də, Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən artıq ödəmənin tələb etmək müddəti bitdiyindən İddiaçı ASC-nin artıq ödənilmiş vergi borcunun iddiaçıya qaytarılması tələbinə dair iddiası əsassızdır. Sumqayıt İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(118)-1595/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Ceyhun Məmmədov) Qərardaddan İddiaçı ASC apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli qətnaməsi ilə tutulmalı artıq ödənilmiş vergilərə yönəldilməsi barədə hər-hansı müddəa yoxdur. Ona görə də, həmin vəsaitin mülkiyyətçisi haqqında da "xxxx" ASC-nin hazırkı iddianı qaldırmaqda subyektiv hüququ vardır. İddia müddəti ötürülməmişdir. Belə ki, ASC-nin artıq ödənilmiş vəsaitin mövcudluğundan təhviltəslim aktını imzalayarkən 22.07.2018-ci il tarixdə məlumatı olub. Qanunla iddia müddəti şəxsin öz hüquqlarının nə vaxt pozulduğunu bildiyi vaxtdan hesablanır. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi Nümayəndə apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi. İş üzrə İddiaçı ASC-yə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Əsaslandırma hissəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(118)-1595/2021 saylı qərardadı ləğv edilməli, hazırki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Birinci instansiya məhkəməsi iddianı mümkün saymayaraq gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, hazırkı iddia tələbinin verilməsində iddiaçının subyektiv hüququnun olmadığına və Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququnu ötürdüyünə görə iddia mümkün sayılmamalıdır. Məhkəmə kollegiyasının birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 30 iyul 2008-ci il tarixli qərarında qeyd olunmuşdur ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Birinci instansiya məhkəməsi qərardadında göstərmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 06 oktyabr 2016-cı il tarixli 2-2(85)-1607/2016 saylı qətnaməsinə əsasən İddiaçı ASC-dən "xxxx" QSC-nin xeyrinə 3.286.404,61 manat pulun tutulması, həmin məbləğin İddiaçı ASC-nin daşınmaz və daşınar əmlaklarına yönəldilməsi, həmin əmlaklar üzərində İddiaçı ASC-nin mülkiyyət hüquqlarına xitam verilməsi və həmin əmlaklar üzərində "xxxx" QSC-nin mülkiyyət hüquqlarının tanınması qət edilmişdir. Qeyd olunan qətnamə qanuni qüvvəsini aldıqdan sonra icraya yönəldilmiş və (23.07.2018-ci il tarixli təhvil-təslim aktına əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin təmin edilməsi ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 saylı Fərmanının 2-ci hissəsində nəzərdə tutulan dövlət əmlakının "xxxx" ASC-nin mülkiyyətinə verilməsini təmin etmək məqsədi ilə yaradılmış) Təhvil-Təslim Komissiyasının 22 may 2018-ci il tarixli qərarı ilə (iclas protokolu N-14), "xxxx" ASC-dən problemli aktivlərin əvəzində əldə edilmiş ünvan 1 ünvanında yerləşən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin əsas vəsaitlərinin "xxxx" QSC-dən "xxxx" ASC-yə təhvil verilməsi barədə akt imzalanmışdır. Yəni, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 06 oktyabr 2016cı il tarixli 2-2(85)-1607/2016 saylı qətnaməsinə əsasən "xxxx" QSC-nin mülkiyyətinə keçmiş bütün əmlaklar Azərbaycan Respublikası Prezidentinin 4 dekabr 2017-ci il tarixli 1704 saylı Fərmanına əsasən “Azərbaycan Sənaye Korporasiyası ASC-nin mülkiyyətinə verilmişdir. İddiaçı ASC tərəfindən vergi orqanına ödənilmiş artıq ödəmələrin geri tələb edilməsi onun mülkiyyət hüququnun bir hissəsi kimi qəbul edilməlidir və iddiaçı məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında bu hüququnu itirməsi səbəbindən artıq ödənilmiş vergilərin geri qaytarılmasında subyektiv hüquqa malik deyil. İddia tələbinin verilməsində iddiaçının subyektiv hüququnun olmaması barədə birinci instansiya məhkəməsinin göstərdiyi əsaslar ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hazırkı iddia tələbi ilə məhkəməyə müraciət edərək, artıq ödənilmiş vergilərin geri qaytarılması tələb etmək üçün subyektiv hüquqa malikdir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 44.1-ci maddəsinə əsasən, hüquqi şəxs dövlət qeydiyyatına alındığı andan mülki hüquqlara malikdir və mülki vəzifələr daşıyır. Hüquqi şəxsin hüquq qabiliyyətinə onun ləğvinin başa çatdığı an xitam verilir. Məhkəmə kollegiyası qeyd edir ki, İddiaçı ASC hüquqi şəxs kimi hüquq qabiliyyətinə malik olduğundan, onun hüquq qabiliyyətinə xitam verilmədiyindən daşınar və daşınmaz əmlakı üzərində mülkiyyət hüququnun itirilməsinə baxmayaraq artıq ödədiyi vergilərin geri qaytarılmasını məhkəmə qaydasında mübahisələndirmək hüququna malikdir. Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququnu ötürdüyünə görə iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair, yəni öhdəliyin icrası haqqında iddiadır. İnzibati prosessual qanunvericilikdə öhdəliyin icrası haqqında iddianın qaldırılması üçün hər hansı müddət nəzərdə tutulmamışdır. Odur ki, birinci instansiya məhkəməsinin istinad etdiyi müddətlər iddianın mümkün sayılmaması üçün əsas deyil. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7.2-ci maddəsinə əsasən, inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş mahiyyəti üzrə baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 noyabr 2021-ci il tarixli, 2-1(118)-1595/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı ASC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi qarşı “2 saylı Ərazi Vergilər Baş İdarəsinin, "xxxx" Açıq Səhmdar Cəmiyyətinin 14.07.2021-ci il tarixə olan 1.840.027,32 manat artıq ödəməsinin İddiaçı ASC-yə qaytarılması barədə qərar qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan kassasiya şikayəti verilə bilməz.
Məhkəmə qərarları › İş №2-1(105)-183/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-183/2022
22.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver