Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-183/2023 01.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1625/2022 nömrəli qərarından cavabdeh inzibati orqan tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı DSMF-nin Qusar rayon şöbəsinə ərizə ilə müraciət edərək ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanmasını xahiş etmişdir. DSMF-nin Qusar rayon şöbəsi 16 avqust 2018-ci il tarixli, 37-410 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının əmək kitabçası əvəzi kimi təqdim etdiyi sənəddə göstərilən xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək və xx.xx.1974-cü il tarixdən xx.xx.1979-cu il tarixədək olan dövrlərdə iş stajının yoxlanılması üçün Bakı şəhər Sabunçu rayon şöbəsinə sorğu göndərilmiş və həmin sorğuya cavaba əsasən həmin dövrlərin sənədləri zavodun arxivində olmadığı üçün yoxlanılması mümkün olmamış və həmin dövrləri iş stajına daxil etmək qeyri-mümkündür. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı DSMF-nin Qusar rayon şöbəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, 30 iyul 1970-ci il tarixdən 12 may 1972-ci il tarixədək “AzNeftKimya Quraşdırma Tresti” nin nəznində olmuş Sumqayıt Quraşdırma hissələri zavodunda (hazırda "xxxx" MMC adlandırılmış müəssisədə), 16 iyun 1976-cı il tarixdən S.M.Kirov adına X1 ordenli maşınqayırma zavodunun Baş Metallurq şöbəsində 4-cü dərəcəli yük maşının təmiri və xidməti təmiri üzrə çilingər, 28 may 1979-cu il tarixdən 16 yanvar 1980-ci il tarixədək 5-ci dərəcəli yük maşınının təmiri və xidməti təmiri üzrə çilingər işlədiyi müddətin sığorta stajına daxil edilməklə ona əmək pensiyasının təyin edilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Bundan sonra iddiaçı bir neçə dəfə iddia tələbini dəqiqləşdirərək sonuncu ərizəsində 30 iyul 1970-ci il tarixdən 12 may 1972-ci il tarixədək “AzNeftKimya Quraşdırma Tresti” nin nəznində olmuş Sumqayıt Quraşdırma hissələri zavodunda (azelektromontaj) (hazırda "xxxx" MMC adlandırılmış müəssisədə), 14 oktyabr 1974-cü il tarixdən S.M.Kirov adına X1 ordenli maşınqayırma zavodunun Baş Metallurq şöbəsinin 4-cü dərəcəli yük maşının təmiri və xidməti təmiri üzrə çilingər və 16 yanvar 1980-ci il tarixdən 5-ci dərəcəli yük maşınının təmiri və xidməti təmiri üzrə çilingər işlədiyi müddətin onun sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, 30 iyul 1970-ci il tarixdən 12 may 1972-ci il tarixədək “AzNeftKimya Quraşdırma tresti” nin nəzdində olmuş Sumqayıt Quraşdırma hissələri zavodunda, və hal-hazırda "xxxx" MMC adlandırılmış müəssisədə işləmişdir. Bundan sonra 16 iyun 1976-cı il tarixdən S.M.Kirov adına X1 Ordenli maşınqayırma zavodunun Baş metallurq şöbəsinə 4-cü dərəcəli yük maşınının təmiri və xidməti təmiri üzrə çilingər peşəsinə işə qəbul olunmuşdur. Sonradan 28 may 1979-cu il tarixində 5-ci dərəcəli yük maşınının təmiri və xidməti təmiri üzrə çilingər peşəsinə keçirilmişdir. 16 yanvar 1980-ci il tarixində öz xahişi ilə işdən azad olunmuşdur. Həmin təşkilatda işlədiyi dövr əmək kitabçası əvəzi olan sənəddə qeyd edilmişdir. Həmin müəssisələrdə işlədiyi arxiv arayışı ilə də təsdiqlənir. Ona pensiya təyin olunarkən qeyd etdiyi dövrlər nəzərə alınmamışdır. Ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması ilə bağlı cavabdehə müraciət etmiş, lakin müraciətinin icrasından imtina edilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, iddiaçıya xx.xx.2016-cı il tarixli müraciəti əsasında DSMF-nin Qusar rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının xx.xx.2016-cı il tarixli 428 nömrəli qərarı ilə “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının 7-ci maddəsinə əsasən xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçıya müvafiq pensiya təyin edilərkən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Qusar rayon şöbəsinin xx.xx.2016-cı il tarixli 196 nömrəli arayışı əsasında xx.xx.1972-ci il tarixdən xx.xx.1974-cü il tarixədək hərbi xidmət müddəti və ИТ № ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1998-ci il tarixədək iş stajı nəzərə alınmaqla ümumilikdə 20 il 5 ay müddət iddiaçının sığorta stajına daxil edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 31.2-1-ci maddəsinə əsasən sığortaolunanın əmək kitabçası üzrə 2006-cı il 1 yanvar tarixinədək olan dövrə aid iş stajı dövlət arxivinin arayışları əsasında təsdiqləndiyi halda bu Qanunun 31.2-ci maddəsində göstərilən sənədlərə onların əmək pensiyasını təyin edən orqana daxil olduğu gün baxılaraq, sığortaolunana əmək pensiyası təyin edilir. Normanın məzmunundan göründüyü kimi, qanunvericilik xx.xx.2006-cı il tarixə qədər olan dövrə görə şəxsin işlədiyi illərin yalnız əmək kitabçasında olması ilə kifayətlənməyərək əsas şərt kimi iş illərinin dövlət arxivinin arayışları ilə təsdiq olunmasını şərtləndirir. İddiaçının əmək kitabçası əvəzində qeyd olunmuş və cavabdeh tərəfindən nəzərə alınmayan stajı (əmrlər, əmək haqqı) arxiv arayışı ilə, nə də iş üzrə digər sübutlarla təsdiqini tapır. Beləliklə, sadalanan səbəblərdən qeyd olunan illərin sığorta stajına əlavə edilməklə iddiaçıya təyin edilmiş yaşa görə əmək pensiyasının yenidən hesablanması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1625/2022 nömrəli qərarı ilə iddia tələbi təmin edilmiş, iddiaçının 30 iyul 1970-ci il tarixdən 12 may 1972- ci il tarixədək “AzNeftKimya Quraşdırma Tresti”nin nəzdində olmuş Sumqayıt Quraşdırma hissələri zavodunda, 14 oktyabr 1974-cü il tarixdən 01 oktyabr 1975-ci il tarixədək, 03 noyabr 1975-ci il tarixdən 23 mart 1976-cı il tarixədək və 19 iyun 1976-cı il tarixdən 16 yanvar 1980-ci il tarixədək S.M.Kirov adına X1 ordenli maşınqayırma zavodunda işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim V.Əzizova). Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq qeyd etdi ki, ona məxsus əmək kitabçasının əsli 17 noyabr 1987-ci il tarixində yanmışdır. O, 1970-1972-ci il tarixlərində “AzNeftKimya Quraşdırma Tresti” nin nəznində olmuş Sumqayıt Quraşdırma hissələri zavodunda, 1974- 1975-ci il tarixlərində S.M.Kirov adına X1 ordenli Maşınqayırma zavodunda, 1975-1976-cı il tarixlərində “Zaqfederasiya” adına Bakı Gəmi Təmiri Zavodunda işləmiş, daha sonra yenidən S.M.Kirov adına X1 ordenli Maşınqayırma zavoduna keçirilərək 1980-ci il tarixinədək orada işləmişdir. İddiaçı apellyasiya şikayətinin təmin olunmamasını xahiş etdi. İddiaçı həmçinin, məhkəməyə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, 30 iyul 1970-ci il tarixdən 12 may 1972-ci il tarixədək “AzNeftKimya Quraşdırma Tresti” nin nəznində olmuş Sumqayıt Quraşdırma hissələri zavodunda (hal-hazırda "xxxx" MMC adlanır), 14 oktyabr 1974-cü il tarixdən 30 sentyabr 1975-ci il tarixədək S.M.Kirov adına X1 ordenli Maşınqayırma zavodunda, 03 noyabr 1975-ci il tarixdən 23 mart 1976-cı il tarixədək “Zaqfederasiya” adına Bakı Gəmi Təmiri Zavodunda, 19 iyun 1976-cı il tarixdən 16 yanvar 1980-ci il tarixədək S.M.Kirov adına X1 ordenli Maşınqayırma zavodunda işlədiyi dövrün onun sığorta stajına daxil edilməklə əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdeh üzərinə qoyulmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.2. sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 21. Sığorta stajına daxil edilən iş və ya digər fəaliyyət müddətləri 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. İşçilərin əmək fəaliyyəti haqqında və müvafiq ödənclərinin haqq-hesab sənədləri
1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”: 3.1-ci bənd. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2-ci bənd. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; (-). “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri: Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 67.1-2. Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Maddə 69. İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək fəaliyyəti barəsində sənəd olmadıqda və ya həmin sənədi bərpa etmək mümkün olmadıqda iş stajı iki və ya daha çox şahidin ifadələrinə əsasən təsdiq edilir. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.
Zamana görə qüvvədə olan SSRİ Nazirlər Sovetinin 04 avqust 1956-cı il tarixli, 1044 saylı qərarı ilə təsdiq edilmiş “Dövlət pensiyalarının təyin edilməsi və ödənilməsi Qaydaları” Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
İnzibati Prosessual Məcəllə: Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, ərizəni məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və bunu onunla əsaslandırmışdır ki, iddiaçıya əmək kitabçası əvəzi verilən çıxarışda olan qeydlər həmin zavodların sələfi olan hazırki müəssisələr tərəfindən, S.M.Kirov adına X1 ordenli maşınqayırma zavodunda işlədiyi dövr isə həmçinin Milli Arxivə təhvil verilən əmrlərlə öz təsdiqini tapmışdır. Məhkəmə hesab edir ki, iddiaçının iddia etdiyi dövrlərdə işləməsi sübuta yetirilmişdir, əldə edilmiş sübutların mötəbərliyinə şübhə edilməsi üçün əsas yoxdur. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Əsas sosial-iqtisadi hüquqlardan biri olan sosial təminat hüququ Azərbaycan Respublikası Konstitusiyanın 38-ci maddəsində təsbit olunmuşdur. Həmin maddəyə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (Konstitusiyanın 38-ci maddəsinin İ və İİİ hissələri). Bu hüquq Azərbaycan Respublikasının tərəfdar çıxdığı bir sıra beynəlxalq-hüquqi aktlarda da öz əksini tapmışdır. Belə ki, “İnsan hüquqları haqqında” Ümumi Bəyannamənin 22-ci maddəsinə uyğun olaraq hər bir insanın, cəmiyyətin bir üzvü kimi, sosial təminat, milli səylər və beynəlxalq əməkdaşlıq əsasında, hər bir ölkənin strukturuna və ehtiyatlarına müvafiq olaraq, ləyaqətinin qorunması, şəxsiyyətinin azad inkişafı üçün zəruri olan iqtisadi, sosial və mədəni hüquqlarını həyata keçirmək hüququ var. Eyni zamanda, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 9-cu maddəsində nəzərdə tutulmuşdur ki, sosial sığorta da daxil olmaqla hər bir şəxsin sosial təminat hüququ var. Konstitusiyada və beynəlxalq-hüquqi aktlarda əksini tapan sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Hazırki işin materiallarından görünür ki, iddiaçının xx.xx.2016-cı il tarixdən yaşa görə əmək pensiyası hüququ (63 yaşında) yaranmışdır və ona bu tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu hal cavabdeh orqan tərəfindən də mübahisələndirilmir. Başqa sözlə, iddiaçının həmin məzmunda əmək pensiyası hüququ mübahisə predmeti deyil. Hazırkı halda, mübahisə predmeti 30 iyul 1970-ci il tarixdən 12 may 1972-ci il tarixədək, 14 oktyabr 1974-cü il tarixdən 30 sentyabr 1975-ci il tarixədək, 03 noyabr 1975ci il tarixdən 23 mart 1976-cı il tarixədək, 19 iyun 1976-cı il tarixdən 16 yanvar 1980-ci il tarixədək olan dövrün iddiaçının sığorta stajına daxil edilməklə onun əmək pensiyasının yenidən hesablanmasından cavabdehin imtinası barədədir. Cavabdehin imtina məktubunun dəlili ondan ibarətdir ki, xx.xx.1970-xx.xx.1972-ci il, xx.xx.1974-xx.xx.1979-cu il tarixlərinin sənədləri zavodun arxivində olmadığı üçün iddiaçının iş stajınının yoxlanılması mümkün olmamışdır. İddia ərizəsinə etiraz, apellyasiya şikayətinin dəlillərində isə cavabdeh əlavə olaraq iddiaçının cavabdeh tərəfindən nəzərə alınmayan stajının arxiv arayışı və ya digər sübutlarla təsdiq edilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası cavabdehin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçıya məxsus 05 avqust 1971-ci il tarixli “əmək kitabçası” adlı sənədin təsdiq edilmiş surətindən görünür ki, o, xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək “AzNeftKimya Quraşdırma Tresti” nin nəzdində olmuş Sumqayıt Quraşdırma hissələri zavodunda, xx.xx.1974-cü il tarixdən xx.xx.1975-ci il tarixədək S.M.Kirov adına X1 ordenli Maşınqayırma zavodunda, xx.xx.1975-ci il tarixdən xx.xx.1976-cı il tarixədək “Zaqfederasiya” adına Bakı Gəmi Təmiri Zavodunda, xx.xx.1976-cı il tarixdən xx.xx.1979-cu il tarixədək S.M.Kirov adına X1 ordenli Maşınqayırma zavodunda işləmişdir. İş materiallarında olan "xxxx" MMC tərəfindən verilmiş 15 noyabr 2016-cı il tarixli arayışdan görünür ki, iddiaçı “AzNeftKimya Quraşdırma Tresti” nin nəzdində olmuş Sumqayıt Quraşdırma hissələri zavodu (“Azelektromontaj”), hal-hazırda “Rezervuar və Metal Konstruksiya’’ MMC adlandırılmış müəssisədə xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək işləmişdir. "xxxx" TASC tərəfindən verilmiş 08 noyabr 2016-cı il tarixli arxiv arayışından görünür ki, iddiaçı xx.xx.1976-ci il tarixdə S.M.Kirov adına Qırmızı Əmək Вауrağı Ordenli maşınqayırma zavodunun Baş metallurq şöbəsinə 4-cü dərəcəli yük maşınının təmiri və xidməti təmiri üzrə çilingər peşəsinə işə qəbul edilmişdir, xx.xx.1979-cu il tarixdə 5-ci dərəcəli yük maşınının təmin və xidməti təmin üzrə çilingər peşəsi verilmişdir, xx.xx.1980ci il tarixdə öz xahişi ilə işdən azad edilmişdir. Ödənişsiz məzuniyyətdə olmamışdır. AR Nazirlər Kabinetinin xx.xx.1992-ci il 222 saylı qərarına əsasən S.M.Kirov adına X1 Ordenli maşınqayırma zavodunun adı dəyişdirilərək "xxxx" adlandırılmışdır. xx.xx.2001-ci il tarixli AR Prezidentinin 649 saylı fərmanına əsasən "xxxx" X2 Cəmiyyəti adlandırılmışdır. xx.xx.2010-cu il tarixdən "xxxx" Törəmə ASC Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin xx.xx.2009-cu il tarixli, 170 saylı sərəncamına əsasən "xxxx" TASC adlandırılmışdır. İddiaçının xx.xx.1974-xx.xx.1975-ci il tarixlərində S.M.Kirov adına X1 Ordenli maşınqayırma zavodunda işə qəbul və işdən azad olması barədə əmrlərin surətləri, qeyd edilən illər üzrə əmək haqqı cədvəllərinin surətlərinin məhkəməyə təqdim edilməsi ilə bağlı birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq "xxxx" MMC 25 iyul 2022-ci il tarixli məktubu ilə bildirmişdir ki, zavodda olan xx.xx.2010-cu ilədək arxiv sənədləri Azərbaycan Respublikasının Dövlət Milli Arxiv İdarəsinə təhvil verilmişdir. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Dövlət Arxivi tərəfindən məhkəməyə təqdim edilən S.M.Kirov adına X1 ordenli Maşınqayırma zavodunun 14 oktyabr 1974-cü il tarixli 2118/k nömrəli və 30 sentyabr 1975-ci il tarixli 1972/k nömrəli, 19 iyun 1976-cı il tarixli 1275/k nömrəli, 15 yanvar 1980-ci il tarixli 51/k nömrəli şəxsi heyət üzrə əmrlərindən görünür ki, İddiaçı xx.xx.1974-cü il tarixdən S.M.Kirov adına X1 Ordenli maşınqayırma zavodunun Mexaniki- Təmir sexinə qaldırıcı və daşıyıcı nəqliyyat vasitələrinin təmiri üzrə 3-cü dərəcəli çilingər peşəsinə qəbul edilmiş, xx.xx.1975-ci il tarixdən zavoddan köçürmə yolu ilə işdən azad edilmiş (“Zaqfederasiya” adına Bakı Gəmi Təmiri Zavoduna keçirilmiş), xx.xx.1976-cı il tarixində S.M.Kirov adına X1 ordenli Maşınqayırma zavodunun Mexaniki-Təmir sexinə yük maşınlarının təmiri və xidməti təmiri üzrə 4-cü dərəcəli çilingər peşəsinə qəbul edilmiş, xx.xx.1980-cı il tarixində öz xahişinə əsasən işdən azad edilmişdir. S.M.Kirov adına X1 ordenli Maşınqayırma zavodunun 19 iyun 1976-cı il tarixli 1275/k nömrəli əmrinə əlavə edilmiş iddiaçının şəxsi vərəqəsindən görünür ki, o, müqavilə yolu ilə 23 mart 1976-cı il tarixədək “Zaqfederasiya” adına Bakı Gəmi Təmiri Zavodunda qazanxanaçı işləmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Yuxarı qeyd olunan Əsasnamənin tələblərinə görə əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə” Əsasnamənin 1-ci bəndinə əsasən əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. Həmin Əsasnamənin 3cü bəndinə əsasən iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar, əmrlərdən çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri, vəsiqələr, xasiyyətnamələr, yazılı əmək müqavilələri, icrası barədə qeydlər edilməklə razılaşmalar, əmək xidmət siyahıları, iş dövrü barədə məlumatlar göstərilməklə kooperativ sənəd artelləri üzvlərinin üzvlük kitabçaları nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil olunur. Qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 23.2-ci maddəsinə əsasən 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı ümumi qaydada sığorta stajına daxil edilir. Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya təyin edilməsi zamanı nəzərə alınmalı olan sosial sığorta stajı (iş stajı) bir qayda olaraq uzun illər ərzində toplanır. Bu illər ərzində onun işlədiyi, təhsil aldığı, hərbi xidmətdə olduğu və s. dövrlərin pensiya hüququ verən sosial sığorta stajına hesablanması, eləcə də hansı sənədlərin iş stajını təsdiq edən sənədlər kimi nəzərə alınmasının mümkünlüyü məsələsinə münasibətdə qanunvericiliyin normaları dəyişkən ola bilər. Belə dəyişkənliyin şəxsin hüquqlarını pozmamasını təmin etmək üçün “qazanılmış hüquq” konsepsiyası tətbiq edilməlidir. Qazanılmış hüquqlara münasibətdə nəzərə almaq lazımdır ki, əvvəlki qanunvericiliklə qazanılmış hüquq sonradan həyata keçirilmiş qanunvericilik tənzimləmələri ilə ortadan qaldırıla və ya məhdudlaşdırıla bilməz. Bu qanunvericinin sosial təminat sahəsindəki tənzimləmə müstəqilliyinin mütləq olmayıb, “qanuni gözlənti” və “hüquqi müəyyənlik” prinsipləri ilə məhdudlaşdığından irəli gəlir. Qeyd edilən prinsiplərin mənasına görə qəbul edilmiş yeni tənzimləmələr əvvəllər yaranmış hüquq münasibətlərinin davamlılığına və sabitliyinə xələl gətirməmək üçün yalnız gələcəkdə, yəni qüvvəyə mindikdən sonra yaranmış hüquq münasibətlərinə tətbiq oluna bilər və yeni müddəalar qüvvəyə mindiyi vaxtdan əvvəl şəxslərin artıq əldə edilmiş hüquqlarını əvəzsiz ləğv edə bilməz. Yuxarıda qeyd edilən qanunvericiliyin tələblərindən də göründüyü kimi, əmək stajı iş, xidmət, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda və ya əmək kitabçasında lazım olan qeydlər olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək stajını təsdiqedici sənəd kimi arayışlar və əmrlərdən çıxarışlar nəzərə alınır. İddiaçının xx.xx.1970-ci il tarixdən xx.xx.1972-ci il tarixədək “AzNeftKimya Quraşdırma Tresti” nin nəzdində olmuş Sumqayıt Quraşdırma hissələri zavodunda (“Azelektromontaj”), (hal-hazırda “Rezervuar və Metal Konstruksiya’’ MMC) işləməsi "xxxx" MMC-nin 15 noyabr 2016-cı il tarixli arayışı ilə, 14 oktyabr 1974-cü il tarixdən 30 sentyabr 1975-ci il tarixədək S.M.Kirov adına X1 ordenli Maşınqayırma zavodunda, 03 noyabr 1975-ci il tarixdən 23 mart 1976-cı il tarixədək “Zaqfederasiya” adına Bakı Gəmi Təmiri Zavodunda, 19 iyun 1976-cı il tarixdən 16 yanvar 1980-ci il tarixədək yenidən S.M.Kirov adına X1 ordenli Maşınqayırma zavodunda işləməsi S.M.Kirov adına X1 ordenli Maşınqayırma zavodunun 14 oktyabr 1974-cü il tarixli 2118/k nömrəli və 30 sentyabr 1975-ci il tarixli 1972/k nömrəli, 19 iyun 1976-cı il tarixli 1275/k nömrəli, 15 yanvar 1980-ci il tarixli 51/k nömrəli şəxsi heyət üzrə əmrləri, həmçinin, "xxxx" TASC-in 08 noyabr 2016-cı il tarixli arayışı ilə (xx.xx.1976-ci il tarixdən xx.xx.1979-cu il tarixədək S.M.Kirov adına Qırmızı Əmək Вауrağı Ordenli maşınqayırma zavodunda işləməsi) təsdiq edilir. Birinci instansiya məhkəməsi iş üzrə düzgün hüquqi nəticəyə gəlsə də, iddiaçının 03 noyabr 1975-ci il tarixdən 23 mart 1976-cı il tarixədək S.M.Kirov adına X1 Ordenli maşınqayırma zavodunda işlədiyini qeyd edərkən haqlı olmamışdır. Belə ki, işdən göründüyü kimi iddiaçı həmin dövrdə “Zaqfederasiya” adına Bakı Gəmi Təmiri Zavodunda işləmişdir. Eyni zamanda kollegiya qeyd edir ki, iddiaçı tələbin dəqiqləşdirilməsi barədə ərizə təqdim etdiyindən, həmin ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddiaçının 30 iyul 1970-ci il tarixdən 12 may 1972-ci il tarixədək “AzNeftKimya Quraşdırma Tresti” nin nəznində olmuş Sumqayıt Quraşdırma hissələri zavodunda (hal-hazırda "xxxx" MMC adlanır), 14 oktyabr 1974-cü il tarixdən 30 sentyabr 1975-ci il tarixədək S.M.Kirov adına X1 ordenli Maşınqayırma zavodunda, 03 noyabr 1975-ci il tarixdən 23 mart 1976-cı il tarixədək “Zaqfederasiya” adına Bakı Gəmi Təmiri Zavodunda, 19 iyun 1976-cı il tarixdən 16 yanvar 1980-ci il tarixədək S.M.Kirov adına X1 ordenli Maşınqayırma zavodunda işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1625/2022 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı 30 iyul 1970-ci il tarixdən 12 may 1972-ci il tarixədək “AzNeftKimya Quraşdırma Tresti” nin nəznində olmuş Sumqayıt Quraşdırma hissələri zavodunda (halhazırda "xxxx" MMC adlanır), 14 oktyabr 1974-cü il tarixdən 30 sentyabr 1975-ci il tarixədək S.M.Kirov adına X1 ordenli Maşınqayırma zavodunda, 03 noyabr 1975-ci il tarixdən 23 mart 1976-cı il tarixədək “Zaqfederasiya” adına Bakı Gəmi Təmiri Zavodunda, 19 iyun 1976-cı il tarixdən 16 yanvar 1980-ci il tarixədək S.M.Kirov adına X1 ordenli Maşınqayırma zavodunda işlədiyi dövrün onun sosial sığorta stajına daxil edilməsi və yaşa görə əmək pensiyasının yenidən hesablanması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.