Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-185/2023 01.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə çıxarışın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1887/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə DƏDRX-nin 5 saylı Xaçmaz Ərazi İdarəsinə müraciət edərək Şabran şəhərində yerləşən 0.05 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir. Cavabdeh 11 aprel 2022-ci il tarixli **********13 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, təqdim edilmiş sənədlərin ekspertizası zamanı aşkar olunmuşdur ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət olunmuş 0.05 ha torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsi ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatına əsas olan hüquqmüəyyənedici sənədlər tam təqdim olunmamışdır. Belə ki, Dəvəçi bələdiyyəsi tərəfindən həyətyanı məqsədi üçün ayrılması nəzərdə tutulan 0.05 ha torpaq sahəsinə dair DTXK-nın Şabran rayon şöbəsinin rəyi, Şabran Rayon İcra Hakimiyyətinin memarlıq şöbəsinin rəyi, alqı-satqı aktı, torpaq sahəsinin yerləşdiyi ərazinin 1:2000 və 1:10000 miqyasda təsdiqlənmiş yerquruluşu sxemləri və Şabran bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 10 saylı qərarının qüvvədə olması barədə arayışı ərizəyə əlavə olunmamışdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, Dəvəçi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı protokoluna əsasən fərdi mənzil tikmək üçün adına rəsmiləşdirilmiş Şabran (Dəvəçi) şəhəri, 31-ci məhəllədə yerləşən 500 kv.m torpaq sahəsinin adına ilkin özəlləşdirilməsi və buna dair mülkiyyət hüququnun qeydə alınması ilə bağlı dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Dəvəçi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı protokoluna əsasən fərdi mənzil tikmək üçün iddiaçının adına rəsmiləşdirilmiş, Şabran (Dəvəçi şəhəri), 31-ci məhəllədə yerləşən 500 kv.m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Dəvəçi bələdiyyəsinin 26 oktyabr 2001-ci il tarixli 10 saylı iclas protokolunun qərarına əsasən, şəhərin 31-ci məhəlləsində yerləşən 500 m2 torpaq sahəsi fərdi mənzil tikmək üçün iddiaçının qohumu X3 ayrılmışdır. Sonuncu ilə iddiaçı arasında olan razılaşmaya əsasən həmin torpaq sahəsi X5 tərəfindən iddiaçıya bağışlandığından S.Qasımov və iddiaçı xx.xx.2006-cı il tarixində müvafiq ərizə ilə Dəvəçi bələdiyyəsinə müraciət edərək, həmin torpaq sahəsinin iddiaçının adına keçirilməsini xahiş etmişlər. Dəvəçi bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı protokoluna əsasən S.Qasımov və iddiaçının ərizəsi nəzərə alınaraq Dəvəçi şəhəri, 31-ci məhəllədə yerləşən 500 m2 torpaq sahəsinin fərdi mənzil tikmək üçün iddiaçının adına keçirilməsi qərara alınmış və torpağın müddətsiz şəxsi mülkiyyətinə verilməsindən ötrü DƏDRX-də müvafiq sənədləşmənin aparılması iddiaçıya həvalə edilmişdir. Qeyd edir ki, yaşlı olduğundan, adıçəkilən torpaq sahəsinin artıq ona məxsusluğunu qəbul edərək, həmin dövrdə torpağa dair sənədləşdirmə işlərinin aparılmasını həyata keçirtməmişdir. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması məqsədi ilə DƏDRX-nin 5 saylı Xaçmaz İdarəsinə müraciət etmiş, lakin müraciətinin icrasından imtina edilmişdir. Sözügedən torpaq sahəsi yuxarıda göstərildiyi kimi Dəvəçi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 10 saylı protokoluna əsasən iddiaçının adına rəsmiləşdirilmişdir. Dəvəçi şəhəri, 31-ci məhəllədə yerləşən 500 m2 torpaq sahəsi fərdi mənzil tikmək üçün qohumu X3 26 oktyabr 2001-ci il tarixli 10 saylı protokol qərarına əsasən ayrılmış və onunla alqı-satqı aktı rəsmiləşdirilərək, həmin dövrdə onun tərəfindən torpağın dəyəri bələdiyyəyə ödənilmişdir. S.Qasımov göstərilən torpaq sahəsinə dair hüquqlarından iddiaçının xeyrinə imtina etdiyindən, onunla bələdiyyə arasında alqı-satqı aktı rəsmiləşdirilməmişdir. Hesab edir ki, cavabdehin imtinası əsassızdır. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq bildirmişdir ki, torpaq sahəsinin yerləşdiyi yer məlum deyildir və ərazinin hansi hissəsində yerləşdiyinə dair sənəd, sxem təqdim edilməmişdir. Həmin torpaq sahəsinin digər şəxslərin mülkiyyətində, istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşüb-düşməməsi müəyyən edilməmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1887/2022 nömrəli qərarı ilə iddia təmin edilmiş, xx.xx.2006-cı il tarixli 10 saylı protokoluna əsasən ayrılmış Şabran şəhəri, 31-ci məhəllədə yerləşən 500 kv.m torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim V.Əzizova). Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi ilə eyni məzmunda izahat verərək, izahatında əlavə olaraq qeyd etdi ki, Dəvəçi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli qərarı qəbul edilən ərəfədə iddiaçı Şabran şəhərində yaşayırdı. İddiaçının nümayəndəsi (vəkili) şikayətin təmin edilməməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə cavabdehin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir. Hazırkı mübahisənin predmetini cavabdehin Şabran şəhərində yerləşən 0.05 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət tərəfindən tanınmasına nail olmaqdan ibarətdir. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsi həqiqətən də 2005-ci ildə X1. Daha sonra bələdiyyənin xx.xx.2006-cı il tarixli 10 saylı qərarı ilə iddiaçının adına keçirilmişdir. “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarilxi qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 19 noyabr 2021-ci il tarixli Qərarına əsasən müvafiq icra hakimiyyəti orqanlarının rəyləri və razılaşdırmaları maraqlı şəxslər üçün bilavasitə hüquqi nəticələr yaratmadığından inzibati akt xüsusiyyətlərinə malik deyil. Belə sənədlər inzibati icraatda iştirak xarakteri daşımaqla, yekun inzibati aktın qəbul edilməsinə yardım edir. İnzibati icraat zamanı inzibati orqan tərəfindən belə razılaşdırmaların aparılmaması və rəylərin alınmaması yekun inzibati aktın hüquqi qüvvəsinə təsir etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsi ilə inzibati aktın yararsız (əhəmiyyətsiz) hesab edilməsini şərtləndirən hallar dəqiq müəyyən edilmişdir. Bu halların sırasında isə yekun inzibati akt qəbul edilərkən müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması nəzərdə tutulmamışdır. Odur ki, müvafiq rəylərin alınmaması və razılaşdırmaların aparılmaması kimi prosessual pozuntularla müşayiət edilən icraat nəticəsində qəbul edilmiş yekun qərar qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır (“İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsi). Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 2-ci bəndinə əsasən mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Konstitusiyanın 29-cu maddəsinin 2-ci bəndinə əsasən mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülki Məcələnin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. İstinad olunan normalardan göründüyü kimi qanunvericilikdə bir-birindən asılı olmadan mülkiyyətin üç növünün diferensasiyası aparılmış, heç bir növə əlahiddə xüsusiyyət-üstünlük səlahiyyəti verilməmiş, nə də bir-birindən asılı edilməmişdir. Bu növlərin hər birinin müstəqil şəkildə həyata keçirilməsinin mümkünlüyü qəbul edilmişdir. Üstünlüyün yolverilməzliyi o deməkdir ki, hər bir mülkiyyətçi yalnız öz əmlakına dair səlahiyyətlidir və o yalnız öz əmlakına dair sərəncam verə bilər. Belə yanaşma nəinki eyni növ mülkiyyət münasibətləri daxilində, həm də bir növün digər növlə əlaqəsi zəminində də qorunur. Şübhəsiz ki, bu cür tətbiq hüquqi dövlətdə mülkiyyətin toxunulmazlığı prinsipi ilə uzlaşaraq mülkiyyətçinin iradəsinə kənar müdaxilələri dəf edir və onu qoruma altına alır. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş faktiki hallarından görünür ki, X5 16 oktyabr 2001-ci il tarixində ərizə ilə Dəvəçi Bələdiyyəsinə müraciət edərək, fərdi mənzil tikintisi üçün ona torpaq sahəsinin ayrılmasını xahiş etmişdir. Həmin ərizəyə bələdiyyə tərəfindən baxılmış və Dəvəçi Bələdiyyəsinin 10 saylı protokol qərarı ilə X3 fərdi mənzil tikmək üçün bələdiyyənin hesabına 900 manat pul vəsaiti köçürməklə torpaq sahəsi ayrılması qərara alınmışdır. Dəvəçi Bələdiyyəsinin nümayəndəsi ilə S.A.Qasımov arasında 23 noyabr 2005-ci il tarixdə torpaqların alqı-satqısına dair akt imzalanmışdır. Aktdan görünür ki, torpaq alqısı üçün S.A.Qasımov tərəfindən X6 Bank hesabına (0********) əvvəlcədən 450000 manat pul vəsaiti ödənilmişdir. Dəvəçi Bələdiyyəsi tərəfindən S.A.Qasımova satılmış 500 m2 torpaq sahəsinə dair yerquruluşu planından çıxarış tərtib edilmişdir. Bununla da müəyyən olunur ki, Dəvəçi Bələdiyyəsinin məlum qərarı ilə 500 m2 torpaq sahəsi X2 xüsusi mülkiyyətinə keçmişdir. Yəni həmin torpaq sahəsi sonuncu tərəfindən qəbul edildikdən sonra artıq Bələdiyyənin deyil, S.Qasımovun mülkiyyətində olmuşdur. Daha sonra işdən görünür ki, Dəvəçi Bələdiyyəsi S.Qasımova satdığı və həmin an bələdiyyə mülkiyyətində olmayan torpaq sahəsini İddiaçı adına keçirilməsini qərara almışdır. Belə ki, işə əlavə edilmiş Dəvəçi Bələdiyyəsinin 29 sentyabr 2006-cı il tarixli 10 saylı protokol qərarı ilə bələdiyyənin xx.xx.2001-ci il tarixli, 10 saylı protokol qərarına əsasən şəhərin 31-ci məhəlləsində fərdi mənzil tikmək üçün S.A.Qasımova verilmiş 500 m2 torpaq sahəsini sonuncu qohumu İddiaçı verdiyinə görə onun adına keçirilməsi qərara alınmışdır. Beləliklə, təqdim edilmiş sənədlərdən müəyyən olunur ki, Dəvəçi Bələdiyyəsinin 29 sentyabr 2006-cı il tarixli 10 saylı qərarına əsasən iddiaçının adına keçirilməsi qərara alınan 500 m2 torpaq sahəsi bələdiyyə mülkiyyətində olmamış, həmin sahə Dəvəçi Bələdiyyəsinin xx.xx.2001-ci il tarixli, 10 saylı qərarına əsasən X2 xüsusi mülkiyyətində olmuşdur. Dəvəçi Bələdiyyəsinin 29 sentyabr 2006-cı il tarixli 10 saylı qərarı qəbul edilən zaman qüvvədə olan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: - 1-ci maddəsinə əsasən bələdiyyə torpaqlarının idarə edilməsi haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, Azərbaycan Respublikasının Torpaq və Mülki Məcəllələrindən, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" və "Şəhərsalmanın əsasları haqqında" Azərbaycan Respublikası Qanunlarından və torpaq münasibətlərini tənzimləyən Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarından ibarətdir. - 2.1 və 2.2-ci maddəsinə əsasən müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. - 4-cü maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, hüquqi və fiziki şəxslərin istifadəsinə, icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-). - 6.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. (-). Mübahisələndirilən hüquq münasibətləri yaranan zaman qüvvədə olan Azərbaycan Respublikası Torpaq Məcəlləsinin: - 47-ci maddəsinin birinci-altıncı bəndlərinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Bələdiyyə mülkiyyətinə aid torpaqlar: ümumi istifadədə olan torpaqlara; hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara; ehtiyat fondu torpaqlarına ayrılır. Ümumi istifadədə olan torpaqlara, bir qayda olaraq, şəhərlərin, qəsəbələrin və kənd yaşayış məntəqələrinin — küçələrinin, meydanlarının, yerli əhəmiyyətli və təsərrüfatdaxili yolların, parkların, meşə-parkların, sututarların, stadionların, idman meydançalarının altındakı torpaqlar, habelə tarlaqoruyucu meşə zolaqlarının, yerli əhəmiyyətli su təsərrüfatı obyektlərinin, hidrotexniki qurğuların, ümumi istifadədə olan digər yerli əhəmiyyətli obyekt və qurğuların yerləşdiyi torpaqlar və əhalinin mal-qarası üçün istifadə olunan örüş sahələrinin torpaqları aiddir. Hüquqi və fiziki şəxslərin istifadəsində olan torpaqlara onların qanuni istifadəsində və icarəsində olan bələdiyyə torpaqları daxildir. Bələdiyyə ehtiyat fondu torpaqları aşağıdakılardır: yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaqlar; hüquqi və fiziki şəxslərin istifadə və icarə hüququna xitam verilən bələdiyyə torpaqları; ehtiyat məqsədləri daşıyan digər bələdiyyə torpaqları. Bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. - 49-cu maddəsinin ikinci bəndinə əsasən torpaq üzərində hüquqi və fiziki şəxslərin xüsusi mülkiyyət hüququ dövlət və bələdiyyə torpaqlarının özəlləşdirilməsi, alqı-satqısı, vərəsəliyə keçməsi, bağışlanması, dəyişdirilməsi və torpaqla bağlı digər əqdlərin, habelə hüquqi şəxslərin nizamnamə (pay) fonduna verilməsi əsasında yaranır. - 55-ci maddəsinə əsasən, hüquqi və fiziki şəxslərin torpaq sahəsi üzərində hüquqları müvafiq icra hakimiyyəti orqanlarının və ya bələdiyyələrin qərarları və onlarla bağlanan müqavilələr əsasında yaranır. Qeyd olunan hüquq normalarının tələblərinə görə, bələdiyyələrin səlahiyyətlərinə yalnız bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin Azərbaycan Respublikasının vətəndaşlarının mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Belə ki, bələdiyyələr tərəfindən verilə bilən torpaq sahələri yalnız bələdiyyə ehtiyat fondu torpaqlarına aid ola bilər və qəbul edilmiş qərarla rəsmiləşdirilməlidir. İddiaçının istinad etdiyi qərarda torpaq sahəsinin bələdiyyə ehtiyat fondu torpaqlarından fiziki şəxsə fərdi qaydada ayrılması müəyyən edilməmişdir. Belə ki, həmin qərarın mətnindən göründüyü kimi, qərarla tənzimlənən məsələlər “torpaq sahəsinin İddiaçı adına keçirilməsi barədə” adlandırılmaqla, qərarda torpaq sahəsinin bələdiyyə qərarı ilə S.A.Qasımova məxsus olduğu, başqa sözlə xüsusi mülkiyyətdə olduğu qeyd olunmuşdur. Bu fakt iddiaçı tərəfindən də mübahisələndirilmir. Belə ki, iddiaçı iddia ərizəsinin dəlillərində Dəvəçi Bələdiyyəsinin 29 sentyabr 2006-cı il tarixli 10 saylı qərarı qəbul edilənə qədər torpaq sahəsinin qohumu S.A.Qasımovun xüsusi mülkiyyətində olduğunu, daha sonra torpaq sahəsi sonuncu tərəfindən ona bağışlandığından S.A.Qasımovla birlikdə Dəvəçi bələdiyyəsinə müraciət edərək, həmin torpaq sahəsinin öz adına keçirilməsini xahiş etdiklərini və bələdiyyə qərarı ilə onun adına keçirildiyini bildirmişdir. Başqa sözlə, Dəvəçi Bələdiyyəsi bələdiyyə mülkiyyətində olmayan daşınmaz əmlaka dair sərəncam vermişdir. Halbuki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0 və 8.0.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Analoji qayda Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139-1.1 və 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. Yuxarıda qeyd olunan maddənin tələbindən göründüyü kimi, qanunla müəyyən edilmiş qaydada bələdiyyə orqanları tərəfindən bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüququn qeydə alınması üçün əsasdır. Yuxarıda aparılan dəyərləndirmədə isə bələdiyyə orqanı tərəfindən 29 sentyabr 2006-cı il tarixli 10 saylı qərarla bələdiyyəyə məxsus olmayan əmlak özgəninkiləşdirilmişdir. Hazırda da iddiaçı tələbinin əsası olaraq Dəvəçi Bələdiyyəsinin 29 sentyabr 2006-cı il tarixli 10 saylı qərarına istinad edir ki, aparılan təhlillə müəyyən olunur ki, bu qərar qanunamüvafiq qaydada verilmədiyi üçün hüququn qeydiyyatı üçün əsas təşkil etmir. İşə baxan birinci instansiya məhkəməsi isə mübahisəsi gedən torpaq sahəsinin statusunu düzgün müəyyən etməyərək bələdiyyə mülkiyyəti hesab etmişdir. Halbuki, yuxarıda qeyd edildiyi kimi, həmin torpaq sahəsi bələdiyyə mülkiyyəti olmamışdır. “İnzibati İcraat haqqında” Qanunun 65.1 və 65.1.2-ci maddəsinə görə müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt etibarsız sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1 və 15.1.5-ci maddəsinə əsasən daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində hüququnun qeydə alınması üçün istinad etdiyi bələdiyyə qərarı səlahiyyəti olmayan orqan tərəfindən qəbul edildiyindən həmin torpaq sahəsinə dair hüquqmüəyyənedici sənəd kimi qəbul oluna bilməz. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12, 58.7, 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2022-ci il tarixli, 2-1(118)-1887/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-185/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-185/2023
01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver