Məhkəmə qərarları › İş №2-1(105)-185/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-185/2025

21.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-185/2025 21.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı (Açar sözlər:torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınması və dövlət reyestrindən çıxarışın verilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Quliyev İsmayıl Rza oğlu və Hacıyev Vahid Məcid oğlundan ibarət tərkibdə, X7 katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-647/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Xızı rayonu Altıağac qəsəbə X6 İcraiyyə Komitəsinin 31 avqust 1991-ci il tarixli 8 nömrəli prokokolundan çıxarışın surətindən görünür ki, Xızı rayonu, Altıağac kəndi ərazisindən fərdi yaşayış evi tikdirmək üçün 0.12 ha boş torpaq sahəsi ayrılmışdır. Cavabdehin imtina bildirişindən görünür ki, ərizəyə üzərində hüquqlar dövlət qeydiyyatına alınması nəzərdə tutulan torpaq sahəsinin yerləşmə mövqeyi və sərhəd ölçülərini müəyyən edən texniki sənəd və ayrıc aktı əlavə edilməmişdir. Eyni zamanda, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura yerquruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını təyin etmək üçün əraziyə müayinə baxışı keçirilərkən əldə olunan məlumatların araşdırılması zamanı sözügedən torpaq sahəsinin faktiki yerləşdiyi ərazinin kadastr məlumat bazasında meşə fondu torpaqları kimi qeyd edildiyi və 0.0242 ha zəbt torpaq sahəsinin olduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, meşə xəritələrinə əsasən qeyd edilən ərazidə fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış 0.12 ha torpaq sahəsi meşə fondu torpaqlarına aid deyildir. Mütəxəssis rəyindən görünür ki, iddiaçıya Xızı rayonu, Altıağac kəndi ərazisindən fərdi yaşayış evi tikdirmək üçün ayrılan 0.12 hektar torpaq sahəsinə dair Altıağac qəsəbə X6 İcraiyyə Komitəsinin 31 avqust 1991-ci il tarixli, 8 nömrəli qərarına ilkin ayrıc aktı əlavə edilmədiyindən torpaq sahəsinin koordinatlarının kompleks yerquruluşu layihəsinə uyğunluğunun araşdırılması mümkün olmamışdır. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin koordinatları baza məlumatlarına əsasən digər şəxslərin istifadəsində olan torpaq sahələri ilə üst-üstə düşmür. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsi kadastr məlumat bazasında meşə fondu torpaqları kimi qeyd edilmişdir. İddiaçının faktiki istifadəsində olan torpaq sahəsinə bitişik qeydiyyatdan keçən torpaq sahəsi yoxdur. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, fərdi mənzillər tikdirmək üçün vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılması barədə” Altıağac qəsəbə X6 İcraiyyə Komitəsinin 31 avqust 1991-ci il tarixli 8 nömrəli qərarı ilə ona Xızı rayonu, Altıağac kəndi ərazisindən fərdi yaşayış evi tikdirmək üçün ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Xızı rayon Altıağac qəsəbə X6 İcraiyyə Komitəsinin 31 avqust 1991-ci il tarixli 8 nömrəli qərarı ilə iddiaçıya Xızı rayonu, Altıağac kəndi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış ümumi sahəsi 0.0958 ha olan torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsində Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən yerləşən, Altıağac qəsəbə X6 İcraiyyə Komitəsinin 31 avqust 1991-ci il tarixli 8 nömrəli qərarı ilə ona Altıağac kəndi ərazisində fərdi yaşayış evi tikdirmək üçün ayrılmış ümumi sahəsi 0.12 ha olan torpaq sahəsi üzərində onun mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi ilə bağlı daxil olmuş xx.xx.2022-ci il tarixli ərizəyə baxılmışdır. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3- 21-3 31/2-M-0119-8/2022 saylı bildirişi ilə ərizənin icrasından imtina etmişdir. Xızı rayon Dövlət Arxivinin xx.xx.2023-cü il tarixli 12 nömrəli Arxiv arayışından görünür ki, “Fərdi mənzillər tikdirmək üçün vətəndaşlara həyətyanı torpaq sahəsinin ayrılması barədə” Altıağac qəsəbə X6 İcraiyyə Komitəsinin 31 avqust 1991-ci il tarixli 8 nömrəli qərarı ilə ona Altıağac kəndi ərazisindən fərdi yaşayış evi tikdirmək üçün 0.12 ha olan torpaq sahəsi ayrılmışdır. Bununla əlaqədar, Xızı rayonu, Altıağac qəsəbə X6 İcraiyyə Komitəsinin 31 avqust 1991-ci il tarixli 8 nömrəli Protokolundan çıxarışdan görünür ki, yaşayış məntəqələri üzrə məskunlaşmaq arzusunda olan vətəndaşların özlərinə məxsus fərdi ev tikdirmək üçün həmin yaşayış məntəqələrinin baş planına əsasən 0,12 ha torpaq sahəsinin ayrılması və ayrılmış torpaq sahəsində tikilən yaşayış evinin rayonun baş memarı ilə razılaşdırıldıqdan sonra tikintisinə başlanılmasma icazə verilmişdir. Göründüyü kimi torpaq sahəsi qanunvericiliyə uyğun olaraq ayrılmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddia ərizəsində göstərilən hallar araşdırılmışdır və müəyyən edilmişdir ki, Xızı rayonu, Altıağac qəsəbəsində yerləşən torpaq sahəsinə çıxarışın, plan və ölçü sənədinin verilməsi barədə İddiaçı xx.xx.2022-ci il tarixli ərizə ilə 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmiş və onun müraciəti ********** nömrəsi ilə qeydiyyata alınmışdır. Bununla əlaqədar olaraq iddiaçıya bildirilmişdir ki, ərizəyə üzərində hüquqlar dövlət qeydiyyatına alınması nəzərdə tutulan torpaq sahəsinin yerləşmə mövqeyi və sərhəd ölçülərini müəyyən edən texniki sənəd və ayrıc aktı əlavə edilməmişdir. Eyni zamanda, idarənin mütəxəssisləri tərəfindən daşınmaz əmlakın natura yerquruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını təyin etmək üçün əraziyə müayinə baxışı keçirilərkən əldə olunan məlumatların araşdırılması zamanı sözügedən torpaq sahəsinin faktiki yerləşdiyi ərazinin kadastr məlumat bazasında meşə fondu torpaqları kimi qeyd edildiyi və 0.0242 ha zəbt torpaq sahəsinin olduğu müəyyən olunmuşdur. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-647/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Xızı rayon Altıağac qəsəbə X6 İcraiyyə Komitəsinin 31 avqust 1991-ci il tarixli 8 nömrəli qərarı ilə iddiaçıya Xızı rayonu, Altıağac kəndi ərazisində fərdi yaşayış evinin tikilməsi üçün ayrılmış ümumi sahəsi 0.0958 ha olan torpaq sahəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, mübahisə predmeti olan torpaq sahəsi zaman etibarı ilə səlahiyyətli qurum olan Xızı rayonu Altıağac qəsəbə X6 İcraiyyə Komitəsinin 31 avqust 1991-ci il tarixli 8 nömrəli qərarına əsasən iddiaçıya ayrılmışdır. Həmin qurumun verdiyi qərarların etibarlılığı Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 1.4-cü bəndi ilə öz təsdiqini tapır. Belə ki, qeyd olunan Fərmanda rayon, şəhər, qəsəbə və kənd xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar mülkiyyət hüququnun qeydə alınması üçün əsas hesab olunur. Cavabdehin imtinasında gətirdiyi 1-ci arqumentə münasibətdə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələrinin fəaliyyət istiqamətləri və vəzifələri qanunvericiliklə tam və dəqiq olaraq müəyyən edilmişdir və həmin fəaliyyət istiqamətlərində hər hansı nəzarətedici funksiya nəzərdə tutulmamışdır. Başqa sözlə qüvvədə olan qanunvericiliyin tələbinə görə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin və onun ərazi idarələri bir qayda olaraq mövcud hüquqların dövlət reyestrində qeydiyyata alınması funksiyasını həyata keçirən bir qurumdur. Həmin qurumun fəaliyyətini biləvasitə tənzimləyən “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində də təsbit olunur ki, bu qanun daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatı, habelə Azərbaycan Respublikası ərazisi üzrə vahid olan daşınmaz əmlakın dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Eyni zamanda, yerli icra nümayəndəliklərinin fəaliyyətinə, eləcə də onlar tərəfindən qəbul edilən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinə nəzarət edən müvafiq icra hakimiyyəti orqanı mövcuddur. Yəni qeyd edilən orqan tərəfindən qərarların qanunamüvafiq qaydada qəbul edilib-edilməməsinin cavabdehə hər hansı aidiyyəti yoxdur. “İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Hazırkı iddia tələbi məcburetmə haqqında iddialara deyil, öhdəliyin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun, ərizənin təmini yönündəki hərəkətsizliyində ifadə olunmuşdur. Bu isə mahiyyət etibarilə inzibati aktın qəbulundan imtina edilən zaman göstərilən hərəkətsizliyə bərabərdir. Buna görə də məhkəmə hesab edir ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də cavabdeh orqan, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğuna istinad edirsə, həmin şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi onun üzərinə düşür. Göründüyü kimi yerquruluşu işlərinin aparılması cavabdehin qanunvericiliklədən irəli gələn öhdəliyidir. Lakin buna baxmayaraq cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciəti üzrə işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, cavabdeh qanuni öhdəliyinin icrasını istisna edən faktiki şərtləri sübuta yetirə bilməmişdir. Halbuki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.Həmin Qanunun 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Ona görə də, sözügedən torpaq sahəsinin ilkin baş planının və ya təsdiq edilmiş ayrıc aktının göstərilməməsi öz əhəmiyyətini itirmiş olur. Belə ki, Xızı rayonu Altıağac qəsəbə X6 İcraiyyə Komitəsinin 31 avqust 1991-ci il tarixli 8 nömrəli qərarından və digər səlahiyyətli orqanlar tərəfindən təsdiqlənmiş sənədlərin surətindən göründüyü kimi səlahiyyətli orqan olan yerli icra hakimiyyəti orqanı tərəfindən iddiaçıya torpaq sahəsi ayrılmış və qanunamüvafiq qaydada rəsmiləşdirilmişdir. Qeyd olunanlar inzibati orqanının gətirdiyi 1-ci arqument əsassız edir. Cavabdehin gətirdiyi 2-ci arqumentə, yəni sözügedən torpaq sahəsinin faktiki yerləşdiyi ərazinin kadastr məlumat bazasında meşə fondu torpaqları kimi qeyd edildiyi ilə bağlı məhkəmə tərəfindən araşdırma aparılmışdır. Belə ki, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, mübahisəli torpaq sahəsi meşə fondu torpaqlarına aid deyildir.Qeyd olunanlara əsasən məhkəmə cavabdeh təşkilatın gətirdiyi 2- ci arqumenti də əsassız hesab edir. Cavabdeh təşkilatın gətirdiyi 3cü arqumentə münasibətdə bildirilir ki, torpaq sahəsinə dair xx.xx.2023-cü il tarixli müayinə aktında qeyd edilənləri nəzərə alan iddiaçının nümayəndəsi və vəkili azalma ərizəsini məhkəməyə təqdim etmişdir. Həmçinin, iddiaçı ona ayrılmış torpaq sahəsindən yalnız 0.0958 ha hissəsinin qeydə alınması tələbi onun konstitusion hüquqlarının həyata keçirilməsindən irəli gəlir və iddiaçıya torpaq sahəsinin 0,12 ha dövlət qeydiyyatına alınmasına məcbur etmək onun konstitusion hüquqlarının məhdudlaşdırılması kimi qəbul edilə bilər. Bu səbəbdən də cavabdeh təşkilatın 3-cü arqumenti də əsassızdır. Həmçinin bildirilir ki, Xızı rayon Dövlət Arxivinin xx.xx.2024-cü il tarixli 02 nömrəli məktubundan görünür ki, iddiaçıya ayrılmış torpaqayırma sənədləri arxiv məlumatlarında öz təsdiqini tapmışdır. Eyni zamanda torpaq sahəsinin faktiki koordinatlarının müəyyən edilməsi məqsədilə məhkəmə tikinti ekspertizası təyin edilmişdir. Təqdim edilən DƏDKR-in 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş mütəxəssis rəyindən müəyyən edilmişdir ki, mübahisəli torpaq sahəsinin koordinatları ilə digər şəxslərin mülkiyyətində olan torpaq sahələrinin koordinatları üst-üstə düşmür. Belə olan halda cavabdehin gətirdiyi bütün arqumentlər əsassızdır. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etiraza uyğun əsaslandırılmış və əlavə olaraq göstərilmişdir ki, müvafiq işin düzgün və ədalətli araşdırılması məqsədilə Xızı rayon İcra Hakimiyyətinin məhkəmə tərəfindən müvafiq inzibati iş üzrə üçüncü şəxs qismində cəlb edilməli və müvafiq ünvanda ekspertiza təyin edilməlidir. İddia ərizəsinin məzmunundan belə aydın olur ki, hüquqların dövlət qeydiyyatı ilə əlaqədar fiziki və hüquqi şəxslərin yalnız müraciəti artıq daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı üçün məcburidir və müraciət edən şəxslərdən qanunla müəyyən edilmiş sənədlər tələb edilə bilməz. Göründüyü kimi, mülkiyyət hüquqlarının dövlət qeydiyyatı özü-özlüyündə bir hüquqi aktdır, başqa sözlə hüquqi hərəkətdir və bu hərəkətlə qeydiyyat orqanı şəxsin artıq mövcud olan əşya hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını təmin etməlidir. Yəni, qeydiyyat orqanı hüququn yaranmasını deyil, onun dövlət reyestrində qeydə alınmasını təmin edən bir orqandır. Buna baxmayaraq, hazırkı iddia ərizəsindən belə məlum olur ki, məhkəməyə müraciət edən şəxs mövcud hüquqlarının müdafiəsi üçün deyil, hüquqlarının məhkəmə tərəfindən yaradılması üçün məhkəmə orqanına müraciət etmiş və formal olaraq 2 saylı Sumqayıt Ərazi İdarəsi cavabdeh qismində işə cəlb edilmişdir. Göründüyü kimi, iddiaçı ilkin olaraq qanunvericiliklə müəyyən edilmiş qaydada torpaq sahəsinə dair sənədlərlə birlikdə hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etməli, bununla əlaqədar dövlət rüsumunu ödəməli, onun ərizəsinin icrasından əsassız imtina edildiyi halda aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsində iddia qaldırmalı idi. Hazırki iş üzrə müəyyən olunmuş qaydaya riayət edilməmiş, müvafiq sənədlərdə çatışmazlıqlar olmasına baxmayaraq, formal bir müraciət əsasında məhkəmədə iddia qaldırılmış, iddiaçı və işə baxmış məhkəmə tərəfimizdən verilmiş bildirişdə və etirazda göstərilənləri nəzərə almamış və iddianın təmin edilməsi haqqında anlaşılmaz bir qərar qəbul etmişdir. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən maddi hüquq normalarının tətbiq edilməsində səhvə yol verilmiş, habelə prosessual hüquq normaları kobud surətdə pozulmuşdur. Bundan başqa, hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamış, bu barədə məhkəməyə hər hansı mötəbər sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalı idi. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçı və üçüncü şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 135.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ..... 139-1.1.8. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi 1.Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır. 2.Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur:...8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. Maddə 9.1 Hüquqların dövlət qeydiyyatı aşağıdakı qaydada aparılır: 9.1.1. bu qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi; 9.1.2. daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması; 9.1.3. bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmamasının müəyyən edilməsi; 9.1.4. Hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya qeydiyyatın dayandırılması üçün əsas olmadığı halda təsdiqləyici sənədlər üzərində qeydlərin yazılması və dövlət reyestrinə müvafiq məlumatın daxil edilməsi. Maddə 10.2 Hüquqların dövlət qeydiyyatı üçün qeydiyyat orqanına verilən ərizəyə aşağıdakılar əlavə olunur: 10.2.1. hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri; 10.2.2. torpaq sahəsinin planı və ölçüsü; 10.2.3. torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın (onların tərkib hissələrinin) texniki pasportu, plan cizgisi; 10.2.4. dövlət rüsumunun ödənilməsi barədə sənəd. Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 12. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin 13 yanvar 2015-ci il tarixli, 439 saylı Fərmanı ilə təsdiq edilmiş “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın: 1.Azərbaycan Respublikası Sovet Sosialist Respublikaları İttifaqının tərkibində olduğu dövrdə qüvvədə olmuş qanunvericiliyə əsasən Azərbaycan Respublikasının ərazisində səlahiyyətli orqanlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair aşağıdakı sənədlər: ... 1.4. rayon, şəhər, qəsəbə və kənd zəhmətkeş deputatları sovetləri və xalq deputatları sovetləri tərəfindən torpaq sahələrinin ayrılması barədə qəbul edilmiş qərarlar .... Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli, 534 saylı Fərmanı ilə təsdiq edilmiş “Vətəndaşların qanuni istifadəsində olan (fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında” Əsasnamənin (bundan sonra – Əsasnamə) 1-ci bəndinə əsasən vətəndaşların qanuni istifadəsində və ya icarəsindəki fərdi həyətyanı sahələrin altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həyətyanı sahələrin altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının 16 iyul 1996-cı il tarixli Qanununun 9cu maddəsinə əsasən Vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Həmin Qanunun 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki inzibati iş üzrə iddia tələbi sözügedən torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması və bu barədə dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən ibarət olmuşdur. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, sözügedən torpaq sahəsinmim yerləşmə mövqeyi və sərhəd ölçülərini müəyyən edən texniki sənəd və ayrıc aktı əlavə edilməmiş, kadastr məlumat bazasında meşə fondu torpaqları kimi qeyd edilmiş, zəbt torpaq sahəsi olduğu müəyyən edilmişdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki inzibati iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq XDS İcraiyyə Komitəsinin 31 avqust 1991-ci il tarixli 8 nömrəli qərarı əsasında iddiaçının adına fərdi yaşayış evinin tikintisi üçün 0,12 ha torpaq sahəsi ayrılması qərara alınmışdır. Sözügedən torpaq sahəsinin yerləşmə yerinə dair müvafiq bələdiyyə tərəfindən yerquruluşu planından çıxarış tərtib edilərək, təsdiq edilmişdir. Həmçinin, iş materiallarında olan arxiv sənədlərdən görünür ki, sözügedən torpaq sahəsinin yerləşmə mövqeyini əks etdirən təhkim aktı tərtib edilərək, təsdiq edilmişdir. İş materiallarında olan Meşələrin İnkişafı Xidməti tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubun məzmunundan görünür ki, meşə quruluşu xəritələrinə əsasən qeyd edilən ərazidə fərdi yaşayış evinin tikintisi üçün ayrılmış 0,12 ha torpaq sahəsi meşə fondu torpaqlarına aid deyildir, ona dair xəritə, sxem əlavə edilmişdir. İş materiallarında olan mütəxəssis rəyinin məzmunundan görünür ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsi başqa şəxslərə məxsus olan torpaq sahəsi ilə üst-üstə düşmür, kadastr məlumat bazasına əsasən meşə fondu torpaqları kimi qeyd edilmiş, bitişik qeydiyyatdan keçən torpaq sahəsi yoxdur. İş materiallarından görünür ki, sözügedən torpaq sahəsi cavabdehin mütəxəssisləri tərəfindən müayinə edilərək, torpaq sahəsinin texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmiş, müayinə aktının məzmununda torpaq sahəsinin sənəd üzrə ölçüsünün 0,12 ha, faktiki 0,0958 ha olması, üç tərəfdən daş hasar ilə, bir tərəfdən hasarın beton bünövrəsi ilə əhatə olunması, mübahisəli halın baş verməməsi, tikintialtı sahənin ölçüsünün 135,6 kv.m. olması,yerüstü xəttlərinin mühafizə zolağında yerləşməməsi, torpaq sahəsinə tikintialtı sahəsi cəmi 135,6 kv.m. olan 2 ədəd tikili və 3 ədəd yarımçıq tikili mövcud olması, elektron kadastr məlumat bazasına əsasən torpaq sahəsinin meşə fondu torpaqlara aid olması, faktiki torpaq sahəsinin sənəd üzrə torpaq sahəsinin ölçüsündən 0,0242 ha az olması qeyd edilmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, sözügedən torpaq sahəsi iddiaçının faktiki istifadəsində olmaqla, həmin torpaq sahəsinin ayrılmasına dair müvafiq qərar yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması və dövlət qeydiyyatına alınması üçün əsas qismində çıxış etdiyindən, həmin torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ yaranmışdır. Həmçinin, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina və apelllyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, indiki halda sözgedən torpaq sahəsinin yerləşmə mövqeyinə dair yerquruluşu planından çıxarış və təhkim aktı mövcud olmuş, habelə torpaq sahəsi naturada mövcud olmaqla, iddiaçının faktiki istifadəsindədir. Bundan əlavə, qeyd edilməlidir ki, hətta sözügedən torpaq sahəsinə dair texniki sənədlər mövcdu olmasa idi berlə həmin sənədlərin mövcud olmaması halı iddiaçının təqsiri ilə əhatə olunmamaqla, məhz Belə ki, qeyd edilən sənədlərin tərtib edilməsi müvafiq qurumun səlahiyyətinə aid olduğundan, onun təqdim edilməməsi iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi çıxış etməmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, sözügedən torpaq sahəsinə dair texniki sənədlər mövcud olduğundan, habelə mövcud olmasa idi belə bu hal iddiaçının məsuliyyət daşıdğı hal kimi ortaya çıxmadığından, cavabdehin həmin hissədə istinad etdiyi arqumenti əsassız olmuşdur. Həmçinin, kollegiya cavabdehin istinad etdiyi digər arqumenti ilə bağlı onu qeyd edir ki, sözügedən torpaq sahəsinin meşə torpaqlarına aid olmaması halı iş materialları əasında təsdiq olunmaqla, cavabde tərəfindən həmin halı təkzib edən heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda, kollegiya hesab edir ki, cavabdehin həmin hissədə də istinad etdiyi arqumenti əsassız olmuşdur. Eyni zamanda kollegiya digər dəlillərlə bağlı onu qeyd edir ki, indiki halda müvafiq hüquqmüəyyənedici sənəd əsasında iddiaçının adına ayrılan torpaq sahəsinin ölçüsü 0,12 ha olsa da, faktiki istifdaəsində olan torpaq sahəsinin ölçüsü 0,0958 ha təşkil edir.İddiaçının hazırki iş üzrə tələbi məhz faktiki istifadəsində olan torpaq sahəsi ilə bağlı olduğundan, cavabdehin zəbt torpaq sahəsinin mövcud olması ilə bağlı istinad etdiyi arqumenti də əsassız olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda sözügedən torpaq sahəsinə dair iddiaçının mülkiyyət hüququ yarandığından, habelə bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün əsas olması halı müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın imtina və apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməklə, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-647/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar