Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-186/2021 16.03.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, Cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Vergi Xİdmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı SS646496035AZ ştrix kodlu sifarişli məktubla göndərdiyi sənədlərə baxılmamasının qanun pozuntusu kimi tanınması və həmin sənədlərə baxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişi üçün ödədiyi 80 qəpik pulun cavabdehdən onun xeyrinə tutulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1355/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Vergi Xİdmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, SS646496035AZ ştrix kodlu sifarişli məktubla göndərdiyi sənədlərə baxılmamasının qanun pozuntusu kimi tanınması və həmin sənədlərə baxılması vəzifəsinin cavabdehin üzərinə qoyulması və poçt göndərişi üçün ödədiyi 80 qəpik pulun cavabdehdən onun xeyrinə tutulması barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, 2 saylı Ərazi Vergilər Baş İdarəsinə SS646496035AZ ştrix kodlu sifarişli məktubla üç sənəd göndərmişdir, lakin yalnız biri barədə cavab almışdır. Onun vergi, məcburi dövlət sosial sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayış sənədi barədə heç bir məlumat ona göndərilməmişdir. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2003-cü il tarixli 935 №-li Fərmanı ilə təsdiq edilmiş dövlət orqanlarında, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərdə və büdcə təşkilatlarında karguzarlığın aparılmasına dair təlimatın tələbləri kobud şəkildə pozulmuşdur. Vergi Məcəlləsinin tələbləri və digər qanun-qaydalar, hüquqları pozulmuşdur. Poçtun 292863177№-li mədaxil qəbzindən göründüyü kimi, çəkisi 50 qram olan məktubun 2 saylı Ərazi Vergilər Baş İdarəsinə göndərilməsi üçün 80 qəpik ödəmişdir. Hökumət Portalındakı Çıxarışdan göründüyü kimi SS646496035AZ ştrix kodlu sifarişli məktubla göndərdiyi məktubu 2 saylı Ərazi Vergilər Baş İdarəsində xx.xx.2020-ci il tarixdə məsul şəxs Məmmədova almışdır. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1355/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı ilə iddia rədd edilmişdir. (hakim Vəfa Əzizova) Qərardan iddiaçı apelyasiya şikayəti vermişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vergi hesabatının qanunla müəyyən edilmiş müddətdə verilmədiyi təqdirdə cərimə tətbiq edilir. Konstitusion müraciət hüququnun 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən pozulması Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2015-ci il tarixli 2-1(102)-958/2015 saylı qərarı ilə, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 2-1(85)-289/2016 saylı qanuni qüvvəsinə minmiş qərarı ilə artıq sübuta yetirilmişdir. O, Vergilər Nazirliyinin elektron sistemindən istifadə etmir, hesabatlarını kağız daşıyıcıda rəsmi müraciətlə verir. Vergilər Nazirliyinin yeni müqavilə formasını imzalamamışdır. Odur ki, elektron müraciətləri üç gün ərzində oxumaq öhdəliyi daşımır. 2 saylı Ərazi Vergilər İdarəsinə əlbəəl rüblük arayış hesabatı verərkən bildirişləri xx.xx.2019-cu il tarixdə almışdır. 2 saylı Ərazi Vergilər Departamentinə poçt vasitəsi ilə rüblük arayış hesabatı göndərərkən, məlumatın nəzərə alınması haqqında xx.xx.2019-cu il tarixli cavab məktubunu almışdır. İstər əlbəəl rüblük arayış hesabatı, istər poçt vasitəsi ilə göndərildikdə, hər bir halda cavab olaraq məlumat məktubu ona verilirdi. Bu dəfə isə cavab verilmədiyindən o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Sumqayıt İnzibati-İqtisadi Məhkəmənin qanuni qüvvəyə minmiş xx xxxxxx 2016-cı il tarixli qərarından görünür ki, elektron formada sənədləşmədən imtina etməyi haqqında xx xxxxxx 2013-cü il tarixli ərizəsinə məhkəmədə baxılmışdır. O, elektron qutusunu 3 gün müddətində oxumaq öhdəliyi götürməmiş, sözügedən müqaviləni imzalamamışdır. O vaxtdan elektron yox, kağız daşıyıcıda 2 saylı Ərazi Vergilər Departamentinə müraciət edir, kağız daşıyıcıda rüblük arayış hesabatı verir. Təlimatın 142.1-ci bəndinə əsasən elektron sənəd “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda göstərilən tələblərə cavab verməlidir. Elektron imzası da yoxdur. 2 saylı Ərazi Vergilər Departamenti öz elektron sistemində adından məlumatlar yığandan sonra mütləq ona kağız daşıyıcıda cavab verməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. İş üzrə İddiaçı məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə cavabdeh vergi orqanına müraciət edərək özünün və oğlu Anar Quliyevə aid vergi və məcburi dövlət sosial sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayışları və kassa aparatı ilə bağlı ərizəni təqdim etmişdir. Kassa aparatı ilə bağlı vergi orqanı özünün xx.xx.2020-ci il tarixdə izahedici məktub göndərmişdir. Digər iki sənəd (arayış) vergi orqanına sadəcə təqdim edilmişdir, iddiaçı həmin sənədlərlə bağlı məlumat əldə etmək və ya sair xahiş etməmişdir, vergi orqanı həmin arayışlarla bağlı vergi ödəyicisinə hər hansı cavab və ya məlumat vermək öhdəliyi daşımamışdır. İş materiallarından görünür ki, iddiaçı 2 saylı Ərazi Vergilər Baş İdaəsinə ünvanladığı xx.xx.2020-ci il tarixli ərizə ilə kassa aparatı ilə bağlı ərizəni təqdim etmişdir. İş materiallarında olan 2 saylı Ərazi Vergilər Baş İdarəsinin İddiaçı ünvanladığı xx.xx.2020-ci il tarixli cavab məktubundan görünür ki, həmin məktubda nəzarət kassa aparatının qeydiyyatdan çıxarılması qaydaları ona izah edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanununun 20.1-ci maddəsinə əsasən, hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 20.2-ci maddəsinə əsasən, qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. Göründüyü kimi iddiaçı xx.xx.2020-ci il tarixli ərizə ilə cavabdehə müraciət edərək özünün və Anar Quliyevə aid vergi və məcburi dövlət sosial sığorta haqları üzrə öhdəliklərin yaranmaması haqqında arayışları və kassa aparatı ilə bağlı ərizəni təqdim etmişdir. Həmin müraciət üzrə kassa aparatı ilə bağlı vergi orqanı xx.xx.2020-ci il tarixdə izahedici məktub göndərmişdir. Digər iki sənəd (arayışlar) vergi orqanına sadəcə təqdim edilmiş, iddiaçı həmin sənədlərlə bağlı məlumat əldə etmək və ya sair xahiş etməmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq hesab edir ki, apelyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas deyildir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-1355/2020 saylı, xx xxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-186/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-186/2021
16.03.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver