Məhkəmə qərarları › İş №2-1(105)-186/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-186/2022

08.07.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-186/2022 08.07.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 1 saylı regional ərazi filialına qarşı “cavabdehin imtinasının əsassız hesab olunması və ona müharibə veteranı kimi ödənilən müavinətin dayandırıldığı xx.xx.2010-cu il tarixindən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi, vurulmuş maddi və mənəvi ziyana görə 7000 manat, hüquqi xidmət göstərdiyinə görə vəkilə ödədiyi 200 manat, cəmi 7200 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 2-1(118)-1528/2021 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: a) birinci instansiya məhkəməsindəki icraat İddiaçı cavabdeh DSMF-nin 1 saylı regional ərazi filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 06 aprel 2021-ci il tarixli **********3 saylı məktubunun əsassız hesab olunması və müharibə veteranı kimi ödənilən müavinətin dayandırıldığı xx.xx.2010-cu il tarixindən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi, vurulmuş maddi və mənəvi ziyana görə 7 000 manat məbləğində təzminatın və hüquqi xidmət göstərdiyinə görə vəkilə ödədiyi 200 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirak etdiyinə görə ona Xətai rayon Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən 12 fevral 1999-cu il tarixində 028224 saylı veteran vəsiqəsi verilmişdir. Həmin vəsiqəyə əsasən ƏƏSMN tərəfindən ona 2009-cu ildə müharibə veteranlarına verilən müavinət təyin edilmiş və 2009-cu ilin sonuna qədər həmin müavinəti almışdır. Ona məlum olmayan səbəblərdən 2010-cu ilin yanvar ayından müavinətin ödənilməsi dayandırılmışdır. Veteran vəsiqəsini itirdiyinə görə veteran vəsiqəsinin dublikatının verilməsi üçün məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1 (112)-1696/2020 nömrəli qərardadına əsasən ona 09 fevral 2021-ci il tarixində 01152 saylı dublikat veteran vəsiqəsi verilmişdir. 16 mart 2021-ci il tarixində ona müharibə veteranı kimi ödənilən müavinətin dayandırıldığı gündən bərpa edilərək ödənilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh 06 aprel 2021-ci il tarixli **********3 saylı məktubu ilə ona imtina cavabı vermişdir. Cavabdehin məktubundan da göründüyü kimi cavabdeh müharibə veteranı kimi ona ödənilən və xx.xx.2010-cu il tarixindən dayandırılmış müavinətinin yalnız xx.xx.2019-cu il tarixindən ödənilməsi barədə qərar qəbul etmişlər. Hesab edir ki, hətta o, müavinət almaq üçün ilk dəfə müraciət etmiş olsaydı belə, cavabdeh “Müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinin tələbinə əsasən müraciətindən əvvəlki 3 ili hesablayıb ödəməli idi. İnzibati orqan 01 aprel 2019-cu il tarixindən cəmi 2 il qabaq hüququnun yaranmasını müəyyən etmiş, halbuki, onun hüququ ilkin veteran vəsiqəsi təqdim edilən 12 fevral 1999-cu il tarixindən yaranmışdır və o, 2009-cu ilin axırına kimi müharibə veteran kimi müavinəti almışdır. Hesab edir ki, ona ödənilən müavinət xx.xx.2010-cu il tarixindən inzibati orqan tərəfindən qanunsuz və əsasız olaraq dayandırılmışdır. Ona müharibə veteranı kimi ödənilən müavinət dayandırıldığı gündən bərpa edilərək ödənilməli, eyni zamanda maddi və mənəvi ziyana görə 7000 manat və vəkil xərcinə görə 200 manat ödənilməlidir. Cavabdeh iddia ərizəsinə etiraz edərək bildirmişdir ki, iddiaçıya veteran vəsiqəsi 2021-ci ilin mart ayının 16-da verilmişdir. İddiaçının həmin veteran vəsiqəsi əsasında DSMF-nin 1 saylı regional ərazi filialı ona müharibə veteranı statusunu aldığı vaxtdan, yəni xx.xx.2020-ci il tarixdən Prezidentin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında 15 aprel 2019-cu il tarixli Fərmanı qüvvədə olduğu üçün ona müavinət deyil, xx.xx.2021 -ci il tarixindən 80 manat məbləğində Prezident təqaüdü təyin etmiş, əvvəlki illər üzrə ödənişin verilməsindən isə imtina etmişdir. Sözügedən Fərmanın 2.1.1-ci bəndində qeyd olunur ki, Prezident təqaüdü 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə verilir. Bu səbəblə həmin Fərman qüvvəyə mindiyi tarixdən etibarən müharibə veteranlarına sosial müavinət deyil, Prezident təqaüdü təyin edilir. Müharibə veteranları üçün nəzərdə tutulan müavinəti Prezident təqaüdündən fərqləndirmək vacibdir. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 9.1 -ci maddəsi ilə nəzərdə tutulan ən çoxu 3 illik müddətin ödənilməsi sırf sosial müavinətlərə şamil olunur. Qanunun 4-cü maddəsində müavinətin növlərinə nəzər salsaq, sadalanan növlər arasında Prezident təqaüdü qeyd edilməmişdir. Təqaüd sosial müavinətin növü olmadığı üçün Qanunun 9.1 maddəsi ilə nəzərdə tutulan müraciət edildiyi vaxtdan əvvəlki dövr üçün ödənilmə təqaüdə şamil edilmir. Digər tərəfdən də,“Sosial müavinətlər haqqında” Qanuna əsasən “Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir.” Bu müddəadan da aydın göründüyü kimi sosial müavinətin “müraciətdən əvvəlki ən çoxu 3 il üçün ödənilməsi” sosial müavinət almaq üçün müraciət edən şəxslərə şamil edilir. Hazırkı iş üzrə isə vətəndaşın ƏƏSMN tabeliyində DSMF-nin Sosial ödənişlərin təyinatı üzrə mərkəzi filialına müraciət etdiyi tarixdə (xx.xx.2020) Prezidentin yuxarıda sözügedən Fərmanı qüvvədə olduğu üçün onun sosial müavinət yox, təqaüd təyin edilməsi üçün müraciət etmək hüquqi imkanı olmuşdur və o, bu imkandan yararlanmışdır. Bu səbəblə, iddiaçının sosial müavinətlər üçün nəzərdə tutulan əvvəlki dövrü tələb etmək hüququ yoxdur. Digər tərəfdən, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinə görə müavinətin onun təyin olunması üçün müraciət edildiyi vaxtdan əvvəlki il üçün ödənilməsini iki halla şərtləndirmişdir: 1) iddia olunan 3 ilin başlandığı anda sosial müavinətə hüququn yaranmış olması; 2) iddia olunan 3 ilin başlandığı anda bu Qanunun qüvvədə olması. “Veteranlar haqqında” Qanunun 7-ci maddəsində qeyd olunur ki, veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Bu onu göstərir ki, şəxsin istər təqaüd, istərsə də sosial müavinət almağa hüququ veteran vəsiqəsini aldığı tarixdən yaranır. Hesab edir ki, iddiaçının vəsiqəni aldığı tarixdən əvvəlki dövrü tələb etməsi qanuni deyildir. Bu qəbildən olan işlərə baxılarkən Azərbaycan Respublikasının Ali Məhkəməsinin məhkəmə təcrübəsini formalaşdırmaq funksiyasını nəzərə alaraq onun qərarlarında qeyd etdiyi hüquqi mövqe də xüsusilə nəzərə alınmalıdır. Belə ki, Ali Məhkəmənin İnzibati Kollegiyasının 17 iyun 2020-ci il tarixli Qərarında qeyd olunmuşdur ki, “01 aprel 2019-cu il tarixdən sonra müharibə veteranı statusu almış şəxslərə münasibətdə yalnız Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilə bilər və bu təqaüd onu almaq hüququ yaranan gündən etibarən ödənilməlidir. Çünki, təqaüdün təsis edilməsi ilə bağlı Fərmanda onu almaq hüququ yaranan gündən əvvəlki tarix üçün ödənilməsi ilə bağlı heç bir müddəa nəzərdə tutulmamışdır”. Sumqayıt İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 2-1(118)-1528/2021 nömrəli qərardadı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 1 saylı regional ərazi filialına qarşı maddi və mənəvi ziyana görə 7000 manat məbləğində təzminatın və hüquqi xidmət göstərdiyinə görə vəkilə ödədiyi 200 manat və cəmi 7200 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi hissəsində iddia mümkün sayılmamışdır (hakim C.Məmmədov). Sumqayıt İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 2-1(118)-1528/2021 nömrəli qərarı ilə müavinətin birdəfəlik ödənilməsi hissəsində iddia qismən təmin edilərək, iddiaçıya xx.xx.2010-ci il tarixdən xx.xx.2015-ci il tarixədək müharibə veteranları üçün nəzərdə tutulmuş müavinətin ödənilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur (hakim C.Məmmədov). Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı birinci instansiya məhkəməsinin qərarından apelyasiya şikayəti verərək, qərarın apellyasiya şikayəti həddində dəyişdirilməsi, yəni xx.xx.2015-ci il tarixindən xx.xx.2019-cu il tarixinədək əmək pensiyasının üzərinə hesablanıb ödənilməli olan müharibə iştirakçılarına verilən əlavənin hesablanıb birdəfəlik ödənilməsinin və ona hüquqi yardım göstərdiyinə görə vəkilə ödədiyi 200 manat məbləğində pulun alınaraq ona ödənilməsinin cavabdehin üzərinə öhdəlik olaraq qoyulmasını xahiş etmişdir Eyni zamanda iddiaçı birinci instansiya məhkəməsinin qərardadından apelyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi, maddi və mənəvi ziyana görə 7000 manat məbləğində pulun və hüquqi xidmət göstərdiyinə görə vəkilə ödədiyi 200 manat və cəmi 7200 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri: Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, xx.xx.2018-xx.xx.2021-ci illər iddiaçıya ödənilməli olduğu halda belə Məmmədova Prezident təqaüdünə dair təyinat xx.xx.2019-cu il tarixdən aparılmışdır. xx.xx.2018-xx.xx.2019-cu illərin ödənilməsi qanunamüvafiq hesab edilmir. Belə ki, DSMF-nin Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialından daxil olmuş xx.xx.2021-ci il tarixli **********4 nömrəli məktuba əsasən İddiaçı xx.xx.2015-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçının qərardan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmənin mövqeyi ondan ibarətdir ki, ona xx.xx.2015-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir, bu isə ona həmin tarixdən təyin olunmuş sosial müavinətin dayandırılmasına səbəb olmuşdur. Bu baxımdan, iddiaçı ona ödənilməli olan sosial müavinətin xx.xx.2010cu il tarixindən xx.xx.2015-ci il tarixinədək hesablanaraq ödənilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Lakin hesab edir ki, ona əmək pensiyası təyin edildikdən sonra “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 19.2.4-cü maddəsinin tələbinə əsasən müharibə iştirakçısı olduğuna görə pensiyanın sığorta hissəsinə hər ay yaşa görə əmək pensiyasının baza hissəsinin 10 faizi məbləğində əlavə hesablanıb ödənilməli idi. Belə ki, həmin Qanunun 19-cu maddəsi “Əmək pensiyasının sığorta hissəsinə əlavələr” adlanır. 01 iyul 2017-ci ildən qüvvəyə minmiş 19.1.6-cı maddəsində isə deyilir ki, döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara 11 manat məbləğində əlavə hesablanıb ödənilməli idi. Göründüyü kimi inzibati orqan tərəfindən ödənilən müavinət xx.xx.2010-cu il tarixindən əsassız olaraq dayandırıldığı üçün ona əmək pensiyası təyin edildikdən sonra da müharibə iştirakçısı kimi əmək pensiyasının sığorta hissəsinə əlavə olaraq hesablanıb ödənilməli olan 11 manat ödənilməmişdir. Hesab edir ki, ona xx.xx.2015-ci ildə əmək pensiyası təyin etmiş DSMF-nin Xırdalan rayon şöbəsinin hüquqi varisi hazırkı iddiası üzrə cavabdeh olan ƏƏSMN tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 1 saylı regional ərazi filialı olduğuna görə əmək pensiyası təyin edildiyi xx.xx.2015-ci il tarixindən xx.xx.2019-cu il tarixinə, yəni Prezidentin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən Prezident təqaüdü təyin edilən günə kimi pensiyanın sığorta hissəsinin üzərinə əlavə olaraq hesablanıb hər ay ödənilməli olan 11 manat məbləğinin də hesablanıb ödənilməsi cavabdehə həvalə edilməsi idi. Eyni zamanda hüquqi xidmət göstərdiyinə görə vəkilə ödədiyi 200 manat məbləğində pulun da cavabdehdən alınaraq ona ödənilməsi barədə qərar qəbul edilməli idi. b) apellyasiya şikayətinə etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili birinci instansiya məhkəməsinin qərar və qərardadından verdiyi apellyasiya şikayətlərini müdafiə edərək, şikayətlərin təmin edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, şikayətin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1.0.1 sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Maddə 9.1. Ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Veteranları haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan və Azərbaycan Respublikasının sosial-məişət, nəqliyyat xidmətləri, tibbi yardım göstərilməsində və başqa sahələrdə veteranların hüquqlarını və güzəştlərini müəyyənləşdirən digər qanunvericilik aktlarından ibarətdir. Maddə 3, 1-ci hissə, 2-ci bənd. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğurunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranı sayılırlar. Maddə 7. Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 641 nömrəli Fərmanı. “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 aprel tarixli, 640 nömrəli Fərmanı: “Sosial müavinətlərin məbləğinin artırılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 29 avqust tarixli, 973 nömrəli Fərmanının, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan döyüş əməliyyatlarında iştirak etdiyinə görə müharibə veteranı adı almış şəxslərə 55 manat məbləğində sosial müavinət verilməsini nəzərdə tutan 1.7. 1.1.7-ci yarımbənd ləğv edilsin; Bu Fərman 2019-cu il aprelin 1-dən tətbiq edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34. Öhdəliyin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ Maddə 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 85. Şikayətin verilməsinə dair tələblər Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 85.2. Şikayətdə mübahisə edilən məhkəmə qərarı (qərardadı) barədə məlumatlar göstərilməli və şikayət əsaslandırılmalıdır. Məhkəmə qərarından (qərardadından) verilmiş şikayət əsaslandırılmadığı hallarda, həmin şikayətin təqdim edildiyi gündən 30 gün ərzində həmin şikayətin əsaslandırma hissəsi birbaşa apellyasiya instansiyası məhkəməsinə verilməlidir. Maddə 85.3. Şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi, habelə şikayət üçün əsas olan faktlar və sübutlar göstərilməlidir. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Sumqayıt Apellyasiya Məhkəməsinin 08 iyul 2022-ci il tarixli 2-1(105)-186/2022 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 2-1(118)- 1528/2021 nömrəli qərardadı qismən-vəkilə ödədiyi 200 manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsinə dair iddianın mümkün sayılması hissəsində ləğv edilmiş, həmin hissədə iddiaya mahiyyəti üzrə baxılması qərara alınmış, qərardad qalan hissədə, yəni vurulmuş maddi və mənəvi ziyana görə 7000 manat məbləğində pulun ödənilməsi tələbinə dair iddianın mümkün sayılmaması hissəsində dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, cavabdehin apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı tam ləğv edilməklə, müharibə veteranı kimi ödənilən müavinətin dayandırıldığı xx.xx.2010-cu il tarixindən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi və hüquqi xidmət göstərilməsi ilə əlaqədar vəkilə ödənilən 200 manat xidmət haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində iddia tələbinin tam rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən hesab etmişdir ki, iddiaçıya təyin edilmiş sosial müavinətin xx.xx.2010-cu ildən DSMF tərəfindən dayandırılması əsassız olmuşdur. Nəzərə alınmalıdır ki, iddiaçıya verilmiş müharibə veteranı vəsiqəsinin itirilməsi onu müharibə veteranı statusundan məhrum etmir və həmin vəsiqənin itirilməsi hüququn itirilməsi üçün əsas hesab edilə bilməz. Cavabdeh təşkilat iddiaçıya təyin edilmiş sosial müavinatın dayandırılmasında haqlı olmamışdır. Cavabdeh təşkilatın sosial müaviətın 3 illik məhdudlaşdırma ilə bağlı gətirdiyi arqumentlə də məhkəmə razılaşmamış və hesab etmişdir ki, qeyd olunan məhdudlaşdırma müraciət edən şəxsin təqsiri ilə sosial müavinətin alınması ilə bağlı olan hallarda tətbiq edilməlidir. Göründüyü kimi iddiaçıya sosial müavinətin dayandırılmasının təşəbbüskarı DSMF olmuş və inzibati orqan olaraq müvafiq inzibati araşdırma aparmaq əvəzinə iddiaçıya müharibə veteranı vəsiqəsinin itirilməsi səbəbindən sosial müavinət ödənişinin həyata keçirilməsi dayandırılmışdır. Qeyd olunanlara əsasən məhkəmə hesab etmişdir ki, cavabdeh təşkilat tərəfindən iddiaçıya ödənilməli olan sosial müavinət xx.xx.2010-cu ildən ödənilməlidir. Eyni zamanda məhkəmə nəzərə almışdır ki, iddiaçıya xx.xx.2015-ci ildən yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu isə həmin tarixdən etibarən təyin olunmuş sosial müavinətin dayandırılmasına səbəb olur. Bu baxımdan, məhkəmə sosial müavinətin xx.xx.2010-cu ildən xx.xx.2015-ci ilə kimi hesablanaraq ödənilməsinə dair hissədə iddianı qismən təmin etmişdir. Kollegiya hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmamış, həmçinin prosessual hüquq normaları pozularaq işin halları tam araşdırılmamışdır. Belə ki, işdən görünür ki, iddiaçının tələbi müharibə veteranı kimi ödənilən müavinətin dayandırıldığı xx.xx.2010-cu il tarixindən prezident təqaüdü aldığı tarixədək hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi barədədir. İşin hallarından görünür ki, İddiaçı xx.xx.1999-cu il tarixdə 028224 nömrəli “müharibə veteranı” vəsiqəsi verilmiş və bu qeydiyyat Xətai rayon hərbi komissarının imzası və möhürü ilə təsdiq edilmişdir. Sonradan iddiaçı ona verilmiş vəsiqəni itirdiyindən, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə qarşı müharibə veteran vəsiqəsinin dublikatının verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Bakı İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(112)-1696/2020 nömrəli qərarı ilə iddia təmin edilərək müharibə veteran vəsiqəsinin dublikatının verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmuşdur. Məhkəmənin qərarı icra edilərək, iddiaçıya Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən xx.xx.2021-ci il tarixli, M/V 01152 nömrəli müharibə veteranı vəsiqəsi verilmişdir. Bundan sonra Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu X1 1 saylı regional ərazi filialının “Sosial müavinət, təqaüd və kompensasiyaların təyinatı üzrə” xx.xx.2021-ci il tarixli, 666 nömrəli qərarı ilə iddiaçıya xx.xx.2019-cu il tarixindən müddətsiz 80 manat məbləğində “Prezident təqaüdü” təyin edilmişdir. İddiaçı xx.xx.2021-ci il tarixində ərizə ilə cavabdehə müraciət edərək, ona müharibə veteranı kimi ödənilən müavinətin dayandırıldığı xx.xx.2010-cu il tarixindən etibarən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsini xahiş etmiş, cavabdeh inzibati orqan iddiaçının müraciətinə imtina cavabı verərək, iddiaçının 2016-cı ildən pensiya hüququ yarandığı üçün 2018-ci il 09 fevral tarixindən 31 mart 2019-cu il tarixədək müavinətin ödənilməsinin mümkün olmadığını bildirmişdir. Yaranmış mübahisə ilə bağlı kollegiya ilk növbədə qeyd edir ki, iddiaçı 2010-cu il tarixədək müharibə veteranı olaraq müavinət aldığını, daha sonra vəsiqəsini itirdiyindən 2010-cu ilin yanvar ayından müavinətin ödənilməsinin dayandırıldığını bildirsə də, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən xüsusat araşdırılmamışdır. Belə ki, bununla bağlı məhkəmə kollegiyası tərəfindən cavabdehə sorğu edilsə də, 2009-cu il tarixədək iddiaçıya müharibə veteranı olaraq müavinətin ödənilməsinə dair sənədlər toplusu aşkar edilməmiş və bu səbəbdən məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Başqa sözlə iddiaçının həqiqətən də, özünün bildirdiyi kimi 2010-cu il tarixədək müharibə veteranı olaraq müavinət alması iş materialları ilə təsdiq edilmir. Lakin hər bir halda iddiaçının 12 fevral 1999-cu il tarixdən “müharibə veteranı” statusunu qazanması, vəsiqəni itirdiyindən sonra təkrarən iddiaçıya xx.xx.2021-ci il tarixdə müharibə veteranı vəsiqəsinin verilməsi işin mübahisə edilməyən halıdır. Digər tərəfdən cavabdeh inzibati orqan iddiaçının müraciətinə cavabında qeyd edilən xüsusatı (2010-cu il tarixədək iddiaçıya müharibə veteranı olaraq müavinət ödənilmədiyini) mübahisələndirməmişdir. İddiaçıya həqiqətən də, 2010-cu il tarixədək müharibə veteranı olaraq müavinət ödənilməsi və 2010-cu ilin yanvar ayından dayandırılması şərti olaraq qəbul edilmiş olsa belə, kollegiya qeyd edir ki, iddiaçı tərəfindən həmin vaxtdan müavinətin dayandırılması ilə bağlı cavabdehin hərəkəti mübahisələndirilməmiş, iddiaçı bu hal ilə razılaşmış, yalnız xx.xx.2021-ci il tarixdə müharibə veteranı vəsiqəsi aldıqdan sonra hazırkı tələblə inzibati orqana müraciət etmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 1.0.1–ci maddəsinə əsasən sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaitidir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları bu qanunla müəyyən edilmiş şərtlərlə və qaydada aylıq və birdəfəlik müavinət almaq hüququna malikdirlər. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, aylıq müavinətlər (vəfat etmiş Azərbaycan Respublikasının keçmiş Prezidentinin arvadına (ərinə) və ya öhdəsində olan uşağına ödənilən müavinət istisna olmaqla), müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən təyin edilir. Normada nəzərdə tutulmuş “ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə” müddəasına görə, şəxs üç il əvvəl üçün yalnız o halda sosial müavinət ala bilər ki, onun hüququ azı üç il əvvəl yaranmış olsun. Hazırkı halda da, kollegiya hesab edir ki, iddiaçının sosial müavinət almaq hüququ 2010-cu il tarixdən deyil, onun cavabdehə müraciət etdiyi 16 mart 2021-ci il tarixdən azı üç il əvvəl yarana bilərdi. Lakin, məhkəmənin sorğusuna cavab olaraq təqdim edilən sənədlərdən görünür ki, Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsinin əmək pensiyası təyin edən komissiyanın xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı xx.xx.2015-ci il tarixindən yaşa görə əmək pensiyası təyin edilmişdir. “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikası Qanunun 7.0.6-cı maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş bəzi kateqoriya şəxslərə kommunal, nəqliyyat və digər xidmətlərə görə müavinət onu almaq hüququ müəyyən edilmiş şəxslərin əmək pensiyası hüququ olmadıqda verilir. Hazırkı halda, iddiaçının cavabdehə müraciət etdiyi 16 mart 2021-ci il tarixdən azı üç il əvvəl, yəni xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək, (yəni Azərbaycan Respublikası Prezidentinin xx.xx.2019-cu il tarixli, 640 nömrəli Fərmanına qədər) sosial müavinət almaq hüququ yaransa da, həmin dövrdə iddiaçı yaşa görə əmək pensiyası aldığından “Sosial müavinətlər haqqında” Qanunun 7.0.6-cı maddəsinə əsasən ona müavinət təyin edilməsi mümkün deyildir. Bu baxımdan, kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi işin qeyd olunan xüsusatlarını araşdırmayaraq 01 yanvar 2010-cu il tarixindən xx.xx.2015-ci il tarixinədək olan hissədə iddianı qismən təmin edərkən haqlı olmamışdır. Ona görə də, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, bu hissədə iddia tələbi əsassız olduğundan rədd edilməlidir. İddiaçının apelyasiya şikayətinin dəlilləri ilə bağlı isə kollegiya qeyd edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 01 aprel 2019-cu il tarixinədək qüvvədə olmuş 19.1.6-cı maddəsinə görə döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara 11 manat məbləğində əmək pensiyasının sığorta hissəsinə əlavələr hesablanır. İddiaçı apelyasiya şikayətində qeyd edilən normaya istinad edərək, Əmək pensiyası təyin edildiyi xx.xx.2015-ci il tarixindən xx.xx.2019-cu il tarixinə, yəni Prezidentin “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün təsis edilməsi haqqında” 15 aprel 2019-cu il tarixli Fərmanına əsasən Prezident təqaüdü təyin edilən günə kimi pensiyanın sığorta hissəsinin üzərinə əlavə olaraq hesablanıb hər ay ödənilməli olan 11 manat məbləğinin hesablanıb ödənilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki, işdən göründüyü kimi, hazırkı mübahisənin predmeti və iddiaçının cavabdeh inzibati orqana etdiyi müraciət əmək pensiyasının yenidən hesablanması barədə deyil, xx.xx.2010-cu il tarixindən xx.xx.2019cu il tarixədək ödənilməmiş müavinətin birdəfəlik ödənilməsi barədədir. Odur ki, iddiaçının apelyasiya şikayətinin dəlillərini kollegiya əsassız hesab edir. Hüquqi xidmət göstərilməsi ilə əlaqədar görə vəkilə ödənilən 200 manat məbləğində vəsaitin ödənilməsi ilə bağlı kollegiya qeyd edir ki, həmin xərclər prosessual xərclərə aiddir. İnzibati Prosessual Məcəllənin 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.3-cü maddəsinə əsasən iddianın təmin olunmadığı hallarda, inzibati məhkəmə icraatı ilə bağlı prosessual xərcləri ödəmək vəzifəsi, qanunvericilikdə digər hal nəzərdə tutulmamışdırsa, həmin şikayəti vermiş şəxsin üzərinə qoyulur. Hazırkı halda iddia tələbi təmin edilmədiyindən kollegiya hesab edir ki, həmin xərci ödəmək vəzifəsi iddiaçının üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, müharibə veteranı kimi iddiaçıya ödənilən müavinətin dayandırıldığı xx.xx.2010-cu il tarixdən hesablanaraq yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsi və hüquqi xidmət göstərilməsi ilə əlaqədar vəkilə ödənilən 200 manat xidmət haqqının cavabdehdən tutulmasına dair hissədə iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməli, iddiaçının apelyasiya şikayəti isə rədd edilməlidir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 22 noyabr 2021-ci il tarixli 2-1(118)-1528/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu X1 1 saylı regional ərazi filialına qarşı “cavabdehin imtinasının əsassız hesab olunması və ona müharibə veteranı kimi ödənilən müavinətin dayandırıldığı xx.xx.2010-cu il tarixindən hesablanması və yaranmış fərq məbləğinin birdəfəlik ödənilməsinin cavabdehə həvalə edilməsi, hüquqi xidmət göstərdiyinə görə vəkilə ödədiyi 200 manat pulun cavabdehdən alınaraq ona ödənilməsi” tələbinə dair iddiası rədd edilsin. İddiaçının apelyasiya şikayəti təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar