Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-186/2023 28.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçı1 və İddiaçı2 Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı övladları xx.xx.2021-ci il təvəllüdlü X1 “Ramazanlı” kimi dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2926/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, övladları xx.xx.2021-ci il təvəllüdlü X1 “Ramazanlı” kimi dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişlər.
Birinci instansiya məhkəməsində icraat
2. İddia tələbi onunla əsaslandırılmşdır ki, iddiaçılar xx.xx.2009-cu ildə rəsmi nikaha daxil olmaqla ailə həyatı qurmuşlar. Həmin nikahdan üç uşaqları var: 2011-ci il təvəllüdlü X8, 2012-ci il təvəllüdlü X6, xx.xx.2021-ci il təvəllüdlü X7. Onlar uşaqlara, ata adının yaşatmaq üçün onların hər ikisinin soyadlarını “Xatatıyev”dən “Ramazanlı”ya dəyişdirmişdir. Lakin övladları xx.xx.2021-ci il təvəllüdlü X4 hazırda soyadı “Xatatıyev” kimi yazılmışdır. Atasının adını yaşatmaq üçün onun da soyadını “Ramazanlı” kimi yazılmasını istəyirlər. Lakin cavabdeh əsassız olaraq müraciətlərini təmin etməyərək məhkəməyə müraciət etmələrini bildirmişdir.
3. Cavabdeh məhkəməyə ünvanladığı iddia ərizəsinə etirazda göstərmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 189-cu maddəsinə əsasən Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. İddiaçılar İddiaçı1 və X3 xx.xx.2021-ci il tarixdə Sumqayıt Şəhər İcra Hakimiyyətinə təqdim etdiyi birgə ərizədə soyadının dəyişdirilməsini tələb etdikləri şəxsin 18 yaşı tamam olmuş şəxs deyildir. Ərizədə adı göstərilən övladları, xx.xx.2021-ci il təvəllüdlü X4 özünün yalnız 18 yaşına çatdıqdan sonra soyadının “Ramazanlı” kimi dəyişdirilməsi üçün müvafiq icra hakimiyyətinə müraciət etmək hüququ yaranır. 18 yaşına çatanadək isə xx.xx.2021-ci il təvəllüdlü X4 valideynləri, yəni iddiaçılar - İddiaçı1 və X3 birgə xahişinə və uşağın mənafeyi nəzərə alınmaqla soyadı yalnız digər valideynin soyadına dəyişdirilməsinə icazə verə bilər.
4. Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2926/2022 nömrəli qərarı ilə (hakim Vəfa Əzizova) iddia tələbi təmin edilərək, iddiaçılar İddiaçı1 və İddiaçı2 övladları xx.xx.2021-ci il təvəllüdlü X1 “Ramazanlı” kimi dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması qərara alınmışdır.
5. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri
6. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə iddiaçıların digər övladları, xx.xx.2011-ci il təvəllüdlü İnci və xx.xx.2012-ci il təvəllüdlü Cavidanın da soyadının “Ramazanlı”ya dəyişdirildiyindən uşaqların soyadları arasında fərq ziddiyət yarada biləcəyini, bu səbəbdən də iddiaçıların tələbinin təmin edilməsini məqsədəuyğun hesab etmişdir. Halbuki, Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən təqdim olunmuş etirazda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsində Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən uşağın 18 yaşına çatana qədər soyadının dəyişdirilməsini valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə almaqla yalnız digər valideynin soyadına dəyişdirilməsinə icazə verə bildiyi, Sumqayıt Şəhər İcra Hakimiyyətinə daxil olmuş birgə ərizəyə əlavə edilmiş sənədlərdə isə xx.xx.2021-ci il təvəllüdlü X4 valideynlərində “Ramazanlı” soyadının olmadığı üçün adı çəkilən uşağın soyadının “Ramazanlı” kimi dəyişdirilməsinə icazə verilməsinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərində olmadığı göstərilmiş və qeyd olunan iddia tələbinin rədd olunması xahiş olunmuşdur. Lakin Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2926/2022, xx.xx.2022-ci il tarixli qərarında mövcud qanunvericiliyin tələbləri pozularaq uşağın soyadının dəyişdirilməsi Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə öhdəlik kimi qoyulmuşdur. Halbuki Azərbaycan Respublikası Ailə Məcəlləsinin 54.1-ci maddəsində konkret olraq göstərilmişdir ki, müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik Komissiyası tərəfindən Sumqayıt İnzibati Məhkəməsinə 2- 1(118)-2926/2022 nömrəli işlə əlaqədar təqdim olunmuş etirazda göstərilən soyadın uşağın mənafeyinə zidd olması qeyd olunmamış, lakin qeyd olunan soyada dəyişdirilməsinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin səlahiyyətlərində olmadığı göstərilmişdir. Uşağın soyadının atasının soyadından, yəni “Xatatıyev”dən anasının soyadına “Həsənov”a keçirilməsi öhdəliyi Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyula bilərdi. Lakin “Ramazanlı” soyadına dəyişdirilməsinə etiraz etməməklə qeyd olunan iddia tələbinə dair öhdəliyin Sumqayıt Şəhər İcra Hakimiyyətinin səlahiyyətləri daxilində olmadığından üzərinə qoyulmasını qanunsuz və əsassız hesab edirlər.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
7. Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin iş üzrə qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdilər.
9. Sumqayıt Şəhər İcra Hakimiyyətinə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
10. Azərbaycan Respublikası Ailə Məcəlləsi:
Maddə 53. Uşağın ad, ata adı və soyad daşımaq hüququ 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. 53.4. Valideynlər arasında uşağın ad və soyadına münasibətdə razılıq olmadıqda yaranan fikir ayrılığı müvafiq icra hakimiyyəti orqanı tərəfindən həll olunur. 53.5. Atalıq müəyyən olunmadıqda uşağa ad ananın göstərişi ilə, ata adı bu Məcəllənin 46.3-cü maddəsinə uyğun olaraq uşağın atası kimi qeydə alınan şəxsin adına görə, soyad isə ananın soyadına görə verilir.
Maddə 54. Uşağın adının və soyadının dəyişdirilməsi
54.1. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər. 54.2. Valideynlər ayrı yaşadıqda və uşaqla birlikdə yaşayan valideyn ona öz soyadını vermək istədikdə müvafiq icra hakimiyyəti orqanı bu məsələni digər valideynin rəyini nəzərə almaqla və uşağın maraqlarından asılı olaraq həll edir. Digər valideynin olduğu yeri müəyyənləşdirmək mümkün olmadıqda, o valideynlik hüquqlarından məhrum edildikdə, fəaliyyət qabiliyyəti olmayan hesab edildikdə, eləcə də üzürsüz səbəbdən uşağı saxlamaqdan və onun tərbiyəsindən yayındıqda həmin valideynin rəyini nəzərə almaq məcburi deyil. 54.3. Uşaq öz aralarında nikahda olmayan şəxslərdən olubsa və atalıq qanunvericiliklə nəzərdə tutulmuş qaydada müəyyən olunmayıbsa, müvafiq icra hakimiyyəti orqanı uşağın maraqlarını əsas tutmaqla onun soyadının, ananın bu xahişlə müraciət etdiyi anda daşıdığı soyada dəyişdirilməsinə icazə vermək hüququna malikdir. 54.4. 10 yaşına çatmış uşağın adı və soyadı yalnız onun razılığı ilə dəyişdirilə bilər.
Maddə 189. Vətəndaşların adı və soyadı, ata adını dəyişdirmək hüququ
Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
11. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları: Bənd 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir; 4.1. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. 4.2. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda, uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadına uyğun soyad verilir. 4.3. Valideynlər arasında uşağın soyadına münasibətdə razılıq olmadıqda, yaranan fikir ayrılığı yerli icra hakimiyyətlərinin qəyyumluq və himayə orqanları tərəfindən bu Qaydaların müddəaları nəzərə alınmaqla həll olunur. 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir. 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir. 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.
12. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:
Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 78. Məhkəmə qərarının qanuni qüvvəyə minməsinin hüquqi nəticələri Mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
13. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
14. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir.
15. İş materillarında olan AZ-İ № 539480 seriyalı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı1 və İddiaçı2 xx.xx.2009-cu il tarixdə nikaha daxil olmuşlar.
16. AZ-İİİ № 698996 seriyalı xx.xx.2021-ci il tarixli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.2021-ci ildə Sumqayıt şəhərində anadan olmuşdur. Ata qrafasında İddiaçı1, ana qrafasında İddiaçı2 qeyd edilmişdir.
17. AZ-İİİ № 296483 seriyalı xx.xx.2017-ci i tarixli və AZ-İİİ № 772001 seriyalı xx.xx.2011-ci i tarixli doğum haqqında şəhadətnamələrin surətindən görünür ki, müvafiq olaraq X6 xx.xx.2012-ci ildə Sumqayıt şəhərində, X8 xx.xx.2011-ci il Sumqayıt şəhərində anadan olmuşdur. Ata qrafasında “İddiaçı1”, ana qrafasında “İddiaçı2” qeyd edilmişdir.
18. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin xx.xx.2011-ci il tarixli 2- (060)-3863/2011 saylı qətnaməsinin surətindən görünür ki, ərizəçilər İddiaçı1 və İddiaçı2 Sumqayıt şəhər Qeydiyyat şöbəsinə qarşı övladları xx.xx.2011-ci il təvəllüdlü X2 “Ramazanlı” kimi dəyişdirilməsi barədə tələbləri təmin edilmişdir.
19. Birinci instansiya məhkəməsi qeyd edilən sənədlərə istinad edərək, iddia tələbini təmin etmiş, gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, uşaqların “Xatatıyev” soyadı daşıması gələcəkdə onlara cəmiyyətdə narahatlıq gətirə bilər. Bundan başqa iddiaçıların digər övladları xx.xx.2011-ci il təvəllüdlü İnci və xx.xx.2012-ci il təvəllüdlü Cavidanın da soyadı “Ramazanlı”ya dəyişdirildiyindən uşaqların soyadları arasında fərq ziddiyyət yarada bilər. Bu səbəbdən iddiaçıların iddia tələbinin təmin edilməsi məqsədəuyğundur.
20. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq qeyd edir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istina olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar.
21. Belə ki, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.
22. Məhkəmə kollegiyası qeyd edir ki, qanunvericiliyə əsasən, uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Müvafiq icra hakimiyyəti orqanı uşaq 18 yaşına çatana qədər onun adının dəyişdirilməsinə, eləcə də soyadının digər valideynin soyadına dəyişdirilməsinə, valideynlərin birgə xahişinə əsasən və uşağın mənafeyini nəzərə alaraq icazə verə bilər.
23. Hazırkı işdən görünür ki, xx.xx.2021-ci il təvəllüdlü Həmzəyə atasının soyadına uyğun olaraq “Xatatıyev” soyadı verilmişdir. Ailə Məcəlləsinə əsasən, uşaq 18 yaşına çatana qədər onun soyadının yalnız digər valideynin soyadına dəyişdirilməsi mümkündür.
24. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”na əsasən isə, hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir.
25. Göründüyü kimi, qanunvericilik soyadın dəyişdirilməsi məsələsini dəqiq tənzimləmişdir və yetkinlik yaşına çatmayan uşağın soyadın növbəti dəfə dəyişdirilməsi üçün konkret əsaslar mövcud olmalıdır. Belə ki, uşağın soyadının növbəti dəfə dəyişdirilməsi aşağıdakı hallarda mümkündür: 1) digər valideynin soyadına dəyişdirilməsi; 2) hər iki valideynin soyadının dəyişdirilməsi; 3) soyadın valideynlərdən biri tərəfindən dəyişdirilməsi.
26. Hazırkı işdə isə qeyd edilən hallar yoxdur. İddiaçıların öz tələblərinin əsası kimi istinad etdikləri hallar isə həmin məzmunda tələbin təmin olunması üçün yetərli deyil.
27. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
28. Bununla da müəyyən olunur ki, birinci instansiya məhkəməsi işin bütün faktiki hallarını tam, hərtərəfli və obyektiv araşdırmamış və tərəflər arasındakı mübahisənin həlli üçün tətbiq edilməli olan maddi hüquq normalarını düzgün tətbiq etməmiş, qanunu səhv təfsir etmişdir ki, bu da məhkəmə qərarının apellyasiya qaydasında ləğv edilməsi üçün əsasdır və bu səbəbdən də cavabdehin apellyasiya şikayəti əsaslıdır.
29. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə soyadın dəyişdirilməsi üçün konkret əsaslar mövcud olmadığından iddia əsaslı sayıla bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iddia tələbi təmin edilməməlidir.
30. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2022-ci il tarixli, 2-1(118)-2926/2022 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı övladları xx.xx.2021-ci il təvəllüdlü X1 “Ramazanlı” kimi dəyişdirilməsinə icazə verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia tələbi təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.