Məhkəmə qərarları › İş №2-1(105)-186/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-186/2025

30.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-186/2025 30.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X1 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, Cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin İQ-40/1 nömrəli 30 may 2023-cü il tarixli qərarının qanunsuz hesab edilməsi və onun 14 mart 2023-cü il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2- 1(118)-2587/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı iddia ərizəsi ilə birinci instansiya məhkəməsinə müraciət edərək cavabdehin İQ-40/1 nömrəli 30 may 2023-cü il tarixli qərarının qanunsuz hesab edilməsi və onun 14 mart 2023-cü il tarixli vəsatətini təmin edərək ona qaçqın statusu verilməsi barədə qərar qəbul edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(118)-2587/2024 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Rahim Həsənov). İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi Vəkil məhkəməyə iddiaçının adından ərizə ünvanlayaraq iddiaçının birinci instansiya məhkəməsinin qərarından verilmiş apellyasiya şikayətindən imtina etdiyini və apellyasiya şikayətini geri götürmək qərarına gəldiyini bildirmiş və hazırki şikayət üzrə işə apellyasiya qaydasında baxılmasına xitam verilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin geri götürülməsi barədə ərizənin təmin edilməsinə etiraz etmədiyini bildirmişdir. Məhkəmə kollegiyası ərizəni və iş materiallarını nəzərdən keçirərək, belə qənaətə gəlir ki, ərizə təmin edilməli və apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatında tərəflər mübahisəyə baxılmasını barışıq sazişi ilə, iddiaçının iddiadan imtina etməsi ilə, cavabdehin iddianı qəbul etməsi ilə və ya hüquqi mübahisənin nizamlanması barədə müştərək bəyanatla sona çatdıra bilərlər. Göründüyü kimi, inzibati prosessual qanunvericilik inzibati məhkəmə icraatında dispozitivlik prinsiplərini tanımışdır. Apellyasiya icraatında isə dispozitivlik prinsipi özünü onda biruzə verir ki, apellyasiya icraatı yalnız apellyasiya şikayəti əsasında başlanır və belə şikayət olmadığı halda apellyasiya icraatına başlanılması istisna edilir. Bu səbəbdən, qanunverici həmin Məcəllənin 88.1-ci maddəsində şikayət verən inzibati məhkəmə icraatının iştirakçısına apellyasiya instansiyası məhkəməsinin qərarı qanuni qüvvəyə minənədək şikayətini geri götürmək hüququ vermişdir. Qeyd olunmalıdır ki, apellyasiya şikayətini geri götürmək apellyasiya şikayəti vermiş şəxsin hüququ olduğundan və hazırki iş üzrə iddiaçının bu hüququndan istifadə etməsi başqa şəxslərin hüquqlarına və qanunla qorunan maraqlarına toxunmadığından onların bu barədə ərizəsi təmin edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin geri götürülməsi barədə iddiaçı tərəfindən verilmiş ərizə təmin edilməli və bununla bağlı apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilməlidir. İPM-in 88.3-cü maddəsinə əsasən şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. NƏTİCƏVİ HİSSƏ: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 88, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Sumqayıt İnzibati Məhkəməsinin 26 noyabr 2024-cü il tarixli, 2-1(118)-2587/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin geri götürülməsi barədə ərizə təmin edilsin. Apellyasiya şikayəti üzrə apellyasiya icraatına xitam verilsin. İddiaçıya izah olunsun ki, şikayətin geri götürülməsi eyni predmet barəsində və eyni əsaslar üzrə yenidən şikayət vermə imkanını istisna edir. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar