Məhkəmə qərarları › İş №2-1(105)-187/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-187/2022

03.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-187/2022 03.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X2 qızının katibliyi, İddiaçı X1 iştirakı ilə, İddiaçı X1 cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, Şamaxı rayonu Mərzəndiyə kəndində yerləşən və bələdiyyənin qərarı əsasında ona və ailə üzvlərinə ayrılan 1,26 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-1(118)-1666/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətlərini qanunsuz hesab etməklə, Şamaxı rayonu Mərzəndiyə kəndində yerləşən və bələdiyyənin qərarı əsasında ona və ailə üzvlərinə ayrılan 1,26 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Məhkəməsinin 19 may 2009cu il tarixli 2-94/2009 saylı qətnaməsinə əsasən iddiaçının iddia tələbi təmin edilməklə ona və 2 övladına Şamaxı rayonu, Mərzəndiyə kənd bələdiyyəsinin ehtiyat fondu torpaqlarından kənd təsərrüfatı məhsulları istehsalı üçün adambaşına 0,42 ha olmaqla 1,26 ha torpaq sahəsi ayrılmışdır. Məhkəmə qətnaməsindən apellyasiya şikayəti verilməmiş və qətnamə icra olunmuş, Şamaxı rayon Mərzəndiyə kənd bələdiyyəsi qeyd edilən torpaq sahəsini ayıraraq ona təqdim etmiş və bununla bağlı sənədləşmə işləri aparılmış və icraata xitam verilmişdir. İddiaçı torpaq sahəsi üzərində hüquqlarını təsdiqləyən sənədləri də toplamaqla cavabdeh təşkilata müraciət etmiş, lakin ona ünvanlanan 15 iyul 2021-ci il tarixli məktubu ilə cavabdeh çıxarış verməkdən imtina etmiş və bunu onunla əsaslandırmışdır ki, guya ona ayrılmış 1,26 ha torpaq sahəsi başqa şəxslərin mülkiyyətində olan torpaq sahələri ilə üst-üstə düşür və torpaq sahəsi mübahisəli ərazidə yerləşdiyinə görə çıxarış verilə bilməz. İddiaçı cavabdehin bu hərəkəti ilə razılaşmır və bildirmişdir ki, 2009-cu ildə ona və ailə üzvlərinə torpaq sahəsi ayrılan zaman cavabdeh təşkilatın nümayəndəsi və bələdiyyə iddiaçıya ayrılmalı olan torpaq sahəsinə baxış keçirmiş, həmin sahənin boş sahə olması müəyyən edildikdən sonra sənədləşmə aparılmışdır. Bununla bağlı cavabdeh təşkilat müvafiq qeydlər aparmışdır. Keçən bu 12 il ərzində iddiaçı torpaq sahəsindən istifadə edir və bu müddət ərzində onu heç kim narahat etməmiş və bu torpaq sahəsinin ona məxsus olduğunu bildirməmişdir. İddiaçı hesab edir ki, cavabdehin bu hərəkətləri qanunsuz hesab edilməlidir. Sumqayıt İnzibati Məhkəməsinin 21 sentyabr 2021-ci il tarixli, 2-1(118)-1666/2021 saylı qərardadı ilə Şamaxı rayon Sabir Bələdiyyəsi (Mərzəndiyə Bələdiyyəsi) inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-1(118)-1666/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı həmin qərardaddan narazı qalaraq apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış apelyasiya şikayətində iddiaçı Azərbaycan Respublikası Konstitusiyasının 60 və 71-ci, habelə İnzibati Prosessual Məcəllənin 81-82-ci maddələrinə istinad etməklə birinci instansiya məhkəməsinin qərardadını ləğv etməklə iddia tələbinin mümkün hesab olunması və baxılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin dəlillərinə uyğun çıxış edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsələr də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanmaqla işə onların nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iddiaçının izahatını dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-1(118)-1666/2021 saylı qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün həmin məhkəməyə göndərilməlidir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud da inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda, mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddia ərizəsinin məzmunundan və əlavə edilmiş sənədlərdən, habelə iddiaçının birinci instansiya məhkəməsində çıxışından görünür ki, iddiaçı Şamaxı rayon Məhkəməsinin 19.05.2009-cu il tarixli qətnaməsinə əsasən Şamaxı rayon Mərzəndiyyə bələdiyyəsinin qərarı ilə ona və övladlarına Şamaxı rayonu Mərzəndiyyə kənd bələdiyyəsinin ehtiyat fondu torpaqlarından kənd təsərrüfatı məhsullarının istehsalı ayrılmış cəmi 1,26 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir. Belə ki, cavabdeh inzibati orqan iddiaçının bu barədə ərizəsinin təmin edilməsindən imtina etmişdir. İddia öhdəliklərin icrası haqqında iddia növünə aiddir. İşə baxan birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və bunu onunla əsaslandırmışdır ki, iddia ərizəsində ifadə edilməsədə, iddiaçı mahiyyəti etbirı ilə Şamaxı rayon Məhkəməsinin 19 may 2009-cu il tarixli 2-94/2009 saylı qətnaməsinin icrası ilə cavabdeh orqanın hərəkətlərindən narazıdır və iddiaçının tələbi mahiyyəti üzrə artıq baxılmış olduğu üçün hazırki tələb ikinci dəfə məhkəmə araşdırmasının predmetini təşkil edə bilməz. Bundan əlavə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə təqdim edilmiş sənədlər əsasında müəyyən edilmişdir ki, ərazidən götürülən koordinatları elektron baza xəritəsinə daxil edildikdə JN 76, JN 75 və JN 74 nömrəli dövlət aktları ilə üst-üstə düşür. JN 75 nömrəli dövlət aktına əsasən hüquqların dövlət qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış və çıxarış verilmişdir. Bu isə iddia mümkün olduğu halda belə, iddianın uğurlu olmasını şübhə altına alır. Bu halda üst-üstə düşmə halı müəyyən olunarsa, verilmə əsası nəzərə alınaraq, müvafiq mülkiyyət sənədlərinin və ya onların verilməsinə əsas olmuş inzibati aktların mübahisələndirilməsi daha məqsədəmüvafiq hesab edilə bilər. Məhkəmə kollegiyası aşağıda qeyd edilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna əsasən qanunla müəyyən edilmiş qaydada ... bələdiyyə orqanları tərəfindən ...bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə dair qəbul olunmuş aktlar və qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur (maddə 8.0., 8.0.1. və 8.0.4). Həmin Qanunun 21.1-ci maddəsinə əsasən isə məhkəmənin qərarı əsasında daşınmaz əmlaka hüquqlar ümumi əsaslarla dövlət qeydiyyatına alınır. Məhkəmə kollegiyası qeyd edir ki, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi hazırkı iş üzrə iddiaçının cavabdehlər Şamaxı Rayon Aqrar İslhat Komissiyasına və Mərzəndiyyə bələdiyyəsinə qarşı torpaq payı tələbinə dair iddiası üzrə mülki işdə cavabdeh, yaxud üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilməmişdir. Eyni zamanda, Şamaxı rayon Məhkəməsinin 19 may 2009-cu il tarixli 2-94/2009 saylı qətnaməsi ilə DT və XK-nın Şamaxı rayon şöbəsinin üzərinə iddiaçının hazırkı iddia tələbinə dair (1,26 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsi dair) hər hansı öhdəlik də qoyulmamışdır. Qeyd edilən qətnamədə yalnız iddiaçıya və onun 2 övladına Mərzəndiyyə kənd bələdiyyəsinin ehtiyat fondu torpaqlarından kənd təsərrüfatı məhsullarının istehsalı üçün adam başına 0.42 ha torpaq payının verilməsi, qətnamənin 1-ci bəndinin icrasının Şamaxı rayon Aqrar İslahat Komissiyasına, Şamaxı rayon Mərzəndiyyə bələdiyyəsinə və DT və XK-nın Şamaxı rayon şöbəsinə tapşırılması qərara alınmışdır. İddia ərizəsinə əlavə edilmiş sənədlərdən görünür ki, həmin qətnamənin icrası ilə əlaqədar Şamaxı rayon Mərzəndiyyə bələdiyyəsi tərəfindən 28.07.2010-cu il tarixdə müvafiq qərar qəbul edilərək iddiaçıya və iki uşağına cəmi 1,26 hektar torpaq sahəsinin verilməsi, lazımi sənədlərin verilməsinin təmin edilməsi üçün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinə müraciət edilməsi qərara alınmışdır. Belə olan halda birinci instansiya məhkəməsinin “iddiaçının narazılığının mahiyyət etibarı ilə Şamaxı rayon Məhkəməsinin 19 may 2009-cu il tarixli 2-94/2009 saylı qətnaməsinin icrası ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 14 saylı Şamaxı Ərazi İdarəsinin hərəkətlərindən olması” və “iddiaçının qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrasını tələb etmək hüququna malik olması” ilə bağlı gəldiyi nəticə əsaslı hesab edilə, habelə iddianın mümkün sayılmamasına səbəb ola bilməz. Çünki DT və XK-nın Şamaxı rayon şöbəsi, hazırda isə onun funksiyalarını yerinə yetirən cavabdeh yuxarıda göstərilən səbələrdən Şamaxı rayon Məhkəməsinin 19.05.2009-cu il tarixli qətnaməsinin icrası prosesində borclu hesab edilmədiyindən iddiaçının həmin inzibati orqandan məhkəmə qərarının icrası formasında torpaq sahəsinə mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və çıxarışın verilməsini tələb etməsi də hazırkı vəziyyətdə hüquqi cəhətdən mümkün deyildir. Belə ki, “İcra haqqında” qanunun 28.4-cü maddəsinə əsasən icra sənədinə əsasən müəyyən hərəkətləri etməli (icra sənədində göstərilmiş pul vəsaitini və başqa əmlakı verməli, digər vəzifələri yerinə yetirməli və ya qadağalara əməl etməli) olan və yaxud müəyyən hərəkətləri etməkdən çəkinməli olan fiziki və ya hüquqi şəxs borclu sayılır. Birinci instansiya məhkəməsinin cavabdehin imtinasına və iddia ərizəsinə etirazında göstərdiyi digər hala - iddiaçıya ayrılmış 1,26 ha torpaq sahəsinin koordinatlarının başqa şəxslərə aid torpaq sahələrinə dair dövlət aktları ilə üst-üstə düşməsinə istinad etməklə bu halın iddia mümkün olduğu halda belə, iddianın uğurlu olmasını şübhə altına alması, bu halda üst-üstə düşmə halı müəyyən olunarsa, verilmə əsası nəzərə alınaraq, müvafiq mülkiyyət sənədlərinin və ya onların verilməsinə əsas olmuş inzibati aktların mübahisələndirilməsinin daha məqsadəmüvafiq hesab edilməsi ilə bağlı mövqeyinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, cavabdehin imtinasında göstərilən hallar birmənalı olaraq mütləq həqiqət kimi qəbul edilə bilməz, çünki iddiaçı iddia ərizəsində bu halı mübahisələndirməklə torpaq sahəsi ayrılan zaman ona baxış keçirildiyini, həmin sahənin boş sahə olması müəyyən edildikdən sonra sənədləşmə aparıldığını, 12 il ərzində torpaq sahəsindən istifadə etdiyini və bu müddət ərzində onu heç kim narahat etmədiyi göstərir. Belə olan halda məhkəmə iddiaçının hüququnun cavabdeh inzibati orqan tərəfindən həqiqətən pozulub-pozulmadığını iddianın əsaslılığının yoxlanılması qaydasında aparmalı olduğundan bu hal da iddianın mümkün sayılmamsına əsas hesab edilə bilməz. İş üzrə birinci instansiya məhkəməsinin məhkəmə iclas protokollarından görünür ki, hakim iddiaçı ilə mübahisənin vəziyyətini müzakirə etmiş və iddiaçıya qərardadda gəldiyi nəticə ilə bağlı müvafiq hüquq müdafiə vasitəsi seçmək imkanı barədə izah versə də, iddiaçı məhz ifadə etdiyi şəkildə iddia tələbinin təmin edilməsini və müvafiq qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Hazırkı apellyasiya şikayətində də iddiaçı eyni dəlillərə istinad etməklə iddiasının mümkün sayılmasını xahiş edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd); İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır (5.3cü bənd). Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iddia tələbi üzrə iddiaçının hüquqları bilavasitə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanundan irəli gəldiyindən işə baxan məhkəmə iddianı mümkünsüz sayarkən haqlı olmamışdır. Bu səbəbdən də apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iş baxılması üçün həmin məhkəməyə qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.9-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2021-ci il tarixli, 2-1(118)-1666/2021 saylı qərardadı ləğv edilsin. İş mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar