Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-187/2024 14.05.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iş üzrə (Açar sözlər: yaşa görə əmək pensiyasının təyin edilməsi, öhdəliyin icrası haqqında iddia növü) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər Babayeva Hökümə Çingiz qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “20 iyun 2022-ci ildə, yəni 62,5 yaşının tamam olduğu tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2121/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının iddiaçıya ünvanladığı xx.xx.2022-ci il tarixli yaşa görə əmək pensiyanın təyin edilməsindən imtina olunması haqqında məktubdan görünür ki, təqdim etdiyi əmək kitabçası və məhkəmə qətnaməsinə əsasən ümumilikdə 24 il təşkil edir. xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Əlavə olaraq bildiririk ki, sizə xx.xx.2011-ci il tarixində əlilliyə görə əmək pensiyası təyin edilərkən təqdim etdiyiniz əmək kitabçanızın surətində xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixinədək əmək fəaliyyətinizə dair qeyd olmadığından, mötəbərliyinə əsaslı şübhələr olan 12.1999-cu il tarixindən xx.xx.2005-ci il tarixinədək dövrlərin sığorta stajı daxil edilməsi mümkün hesab edilmir. Qeyd olunanları nəzərə alaraq, sığorta stajınız qanunla nəzərdə tutulandan (25 il) az olduğu üçün sizə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməyib və xx.xx.2022-ci il tarixindən 180 manat məbləğindən yaşa görə sosial müavinət təyin edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Azərbaycan Respublikası "xxxx" Dövlət Şirkətinin və həmin Şirkətin Sumqayıt İstehsalat Texnoloji Komplektləşmə İdarəsinin fəaliyyəti ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətində məlumatlar (müraciətlər və digər) mövcud deyildir. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, "xxxx" Dövlət Şirkəti (sonradan "xxxx" ATSC) 05 iyun 1996-cı il tarixindən Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyatdadır, "xxxx" Dövlət Şirkətinin İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi isə 11 iyul 1996-cı il tarixindən 01 oktyabr 1996-cı il tarixinədək reyestrdə Bakı şəhəri üzrə qeydiyyatda olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, İdarədə olan reyestrdə Sumqayıt İstehsalat Texnoloji Komplektləşdirmə idarəsi adlı kommersiya qurumu aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin 9 müəssisəsinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 336 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmləri 34.34% özəlləşdirilmişdir. Müraciətinizdə qeyd edilən ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin Sumqayıt İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı bir məlumat əldə edilməmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özəlləşdirmə planında (emissiya prospektində) səhmləri əmək kollektivinə güzəştlə satın almaq hüququ olan şəxslərin siyahısında İddiaçı adı aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Cəmiyyət “Azərbaycan Respublikasında Dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq keçmiş Dövlət Əmlakı Nazirliyinin 2000-ci il 5 dekabr tarixli 336 nömrəli sərəncamına əsasən ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin 9 müəssisəsinin bazasında yaradılmışdır. Cəmiyyətin tərkibindəki müəssisələrin siyahısında Sumqayıt İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi olmamışdır. Eyni zamanda məlumat üçün bildiririk ki, Cəmiyyətin səhmlərinin bir hissəsi (34,34%) özəlləşdirilmiş, dövlət mülkiyyətində qalan səhmləri Xidmətin 2021-ci il 28 dekabr tarixli 228 nömrəli sərəncamı ilə Mərkəzin idarəetməsinə verilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Dövlət reyestr məlumatlarına əsasən bildiririk ki, xx.xx.2000-ci il tarixində dövlət qeydiyyatına alınmış "xxxx" X10 Cəmiyyətinin (VÖEN **********) ləğv edilməsi barədə məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, “Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 646 nömrəli, 2 dekabr 1997-ci il tarixli fərmanı ilə "xxxx" Dövlət Şirkəti ləğv olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 851 nömrəli, 16 iyul 1998-ci il tarixli sərəncamı ilə özəlləşdirilməyə açılmış "xxxx" Dövlət Şirkətinin müəssisələrinin siyahısında Sumqayıt İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsinin adı aşkar edilməmişdir. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin 9 müəssisəsinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 336 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmlərinin 34.34%, o cümlədən 0.67%-i əmək kollektivinə güzəştli satışda, 33.67%-i ixtisaslaşdırılmış çek hərraclarında özəlləşdirilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, “20 iyun 2022-ci ildə, yəni 62,5 yaşının tamam olduğu tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsi”ni məhkəmədən xahiş etmişdir İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx xxxxxx 1959-cu ildə anadan olmuş, əmək fəaliyyətinə Qubadlı rayonunun “Mehdi Hüseynzadə” adına kolxozda xx.xx.1974-cü ildə başlamış, həmin kolzoda xx.xx.1981-ci ilə qədər işləmişdir. xx.xx.1981-xx.xx.1996-cı illərdə 42 nömrəli Uşaq bağçasında, xx.xx.1997-xx.xx.1999-cu illərdə Sumqayıt Təhsil Şöbəsində, xx.xx.1999-xx.xx.2005-ci illərdə Sumqayıt İstehsalat Texnoloji Komplektləşmə İdarəsində işləmişdir. Ümumi iş stajı 30 ildən artıqdır. İş stajını ona məxsus olan NT-İ seriyalı ******* saylı “Əmək kitabçası” təsdiq edir. Yaşa görə əmək pensiyası təyini məqsədilə sənədlərini DSMF-nin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filiala təqdim etmiş, cavabdeh xx.xx.2022-ci il tarixli məktubuna əsasən onun müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İmtina qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçının mübahisəsiz sığorta stajı təqdim etdiyi əmək kitabçası və məhkəmə qətnaməsinə əsasən ümumilikdə 24 il təşkil edir. İddiaçının mübahisələndirilən sığorta stajı əmək kitabçasına əsasən xx.xx.1999-cü il tarixdən xx.xx.2005-ci il tarixədək istehsal Texnoloji Komplektləşdirmə idarəsində ümumilikdə 05 il 11 ay 12 gün təşkil edir. Belə ki, inzibati icraat zamanı iddiaçının xx.xx.2011-ci il tarixdə əlilliyə görə emək pensiyası təyin edilərkən təqdim etdiyi əmək kitabçasının surətində tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyətinə dair qeydlərin mövcud olmadığı müəyyən edilmişdir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu sosial təminat hüququnun məzmununu dəfələrlə təhlil edərək qeyd etmişdir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. (Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununun 8.1-ci və 8.3-cü maddələrini Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair 1 dekabr 2010-eu il tarixli Qərarı). Lakin bütün hallarda pensiya təyin edilməsi və ödənilməsinin qanunverici tərəfindən tənzimlənməsi bərabərlik hüququna, o cümlədən Konstitusiyada normativ hüquqi aktların hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı və Konstitusiyaya zidd olmaması tələblərinə uyğun həyata keçirilməlidir Eyni zamanda Qərarda qeyd olunur ki, sosial təminat sahəsində münasibətlərin hüquqi tənzimlənməsi zamanı eyni hüquqi vəziyyətdə olan subyektlər arasında ayrı-seçkiliyə yol verilməsi belə tənzimləmənin bütün subyektlərə münasibətdə qüsurlu olmasına gətirib çıxara bilər. Beləliklə, yuxarıda qeyd edilən əsaslara görə iddiaçının yaşa görə əmək pensiyası hüququ yaranmır. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2121/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 20 iyun 2022-ci il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır.(hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının məhkəməyə təqdim etdiyi əmək kitabçası ilə onun qeyd olunan müddətlər ərzində həmin müəssisələrdə işləməsi öz təsdiqini tapmış olur. Belə ki, qeyd edilən dövrlər üzrə arxiv sənədlərinin aşkar olunmaması və ya işəgötürən tərəfindən müvafiq illər üçün sosial sığorta haqlarının ödənilməməsi iddiaçının sosial sığorta stajının hesablanmaması üçün əsas ola bilməz. Başqa sözlə desək cavabdeh təşkilat tərəfindən iddiaçının əmək kitabçasında olan qeydlərin həqiqiliyini şübhə altına alan dəlillər məhkəməyə təqdim edilmədiyinə görə həmin məlumatlar mötəbər hesab olunmalıdır. Qanunvericiliyin tələbinə əsasən iddiaçının əmək kitabçasında qeyd mübahisələndirilən müddətlər hesablanıb sosial sığorta stajına daxil edilməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı əmək fəaliyyəti ilə məşğul olduğu müddət 25 ildən çox təşkil edir. Yaş həddinə gəlincə isə məhkəmə qeyd etməyi zəruri bilir ki, qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla iddiaçının yaşının tamam olduğu vaxtdan ona yaşa görə əmək pensiyası təyin edilməlidir. Belə ki, qanunun tələblərini əsas götürdükdə iddiaçının 62,5 yaşı xx.xx.2022-ci ildə tamam olmuş olur. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin olunmaması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçı apellyasiya şikayətinə qarşı etirazda apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasının xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasının xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 7. 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd: bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2. Sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: ... 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) … Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək Məcəlləsi: Maddə 87. 1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında — işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Maddə 69. İş stajının təsdiq edilməsi qaydası iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir. “Əmək pensiyaları haqqında” Qanuna əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1992-ci il tarixli 638 saylı qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”
1. Əmək stajı iş, təhsil və ya iş stajına sayılan digər fəaliyyət yeri, yaxud bu fəaliyyətin keçdiyi həmin sistem üzrə rəhbər təşkilatlar, idarələr (baş direktorlar), birliklər (konsernlər), sahibkarlar, eləcə də arxiv müəssisələri tərəfindən verilən sənədlərə əsasən müəyyən edilir.
3. İş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 19.1 İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 14.3 İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi iddiaçının 20 iyun 2022-ci ildən ona yaşa görə əmək pensiyasının təyin edilməsindən ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki, iddiaçının əmək kitabçası və məhkəmə qətnamələrinə əsasən sığorta stajı 24 il təşkil edir, əlilliyə görə əmək pensiyası təyin edilərkən, təqdim edilən əmək kitabçasında xx.xx.1999-cu il tarixdən xx.xx.2005-ci il tarixədək əmək fəaliyyətinə aid qeyd olmadığından, həmin dövrlərin sığorta stajına daxil edilməsi mümkün olmamışdır, fərdi hesabın sığorta hissəsində pensiya kapitalı qeydə alınmamışdır. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Əmək pensiyaları haqqında qanunvericiliyin tələbinə əsasən iddiaçıya münasibətdə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün 2 şərtin olması tələb olunur: a) iddiaçının 62 yaş 6 ay pensiya yaş həddinə çatması b) fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olması. İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla, 20 iyun 2022-ci il tarixdə onun pensiya yaş həddinə (62 yaş 6 ay) çatması işin mübahisəsiz halıdır. İşin mübahisəli halını məhz iddiaçının qanunvericiliklə tələb olunan 25 il sosial sığorta stajına malik olub-olmaması halı təşkil edir. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçının 24 il iş stajına malik olması halını qəbul etmiş, əmək kitabçasında qeyd edilmiş xx.xx.1999-xx.xx.2005-ci illərə aid dövrləri əlilliyə görə pensiya təyin edilməsi zamnaı təqdim edilmiş əmək kitabçasının surətində qeyd olunmaması halına istinad edərək, sosial sığorta stajına daxil etməmişdir. İş materiallarında olan iddiaçıya məxsus əmək kitabçasının məzmunundan görünür ki, iddiaçı xx.xx.1999-cu il tarixdə İstehsal texnoloji komplektləşdirmə idarəsinin anbar bazasına qablaşdrıcı peşəsinə işə qəbul olunmuş, xx.xx.2005-ci il tarixdə işdən azad olunmuşdur. İş materiallarından olan müvafiq arxiv idarəsinin məktubunun məzmunundan görünür ki, "xxxx" Dövlət Şirkətinin İstehsal Texnoloji Komplektləşdirmə İdarəsinin arxiv sənədləri təhvil verilməmişdir. İş materiallarından görünür ki, "xxxx" Dövlət Şirkətinin İstehsal Texnoloji Komplektləşdirmə İdarəsinin fəaliyyəti barədə Sumqayıt Şəhər İcra Hakimiyyətində məlumatlar (müraciət və digər) mövcud deyildir. İş materiallarında olan Dövlət Statistika Komitəsi tərəfindən verilmiş 18 dekabr 2023-cü il tarixli məktubunun məzmunundan görünür ki, “Azərbaycannəqliyyatyoltikinti2 Dövlət Şirkəti (sonradan "xxxx" ATSC) 05 iyun 1996-ci il tarixdən statistic vahidlərin Dövlət Reyestrində qeydiyyatdadır, "xxxx" Dövlət Şirkətinin İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsi isə 11 iyul 1996-cı il tarixdən 01 oktyabr 1996-cı il tarixədək Bakı şəhəri üzrə qeydiyyatda olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubuna əlavə edilmiş sənədlərin məzmunundan görünür ki, "xxxx" Dövlət Şirkəti 20 may 1993-cü il tarixdə yaradılmış, 2 dekabr 1997-ci il tarixdə müvafiq Fərman əsasında ləğv edilməsi və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin sərəncamına verilmişdir İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “X2 və Koordinasiya mərkəzi” publik hüquqi şəxsi tərəffindən verilmiş 18 aprel 2024-cü il tarixli məktubun məzmunundan görünür ki, “Tikinti kompleksinin inhisarsızlaşdırılması və özəlləşdirilməsi tədbirləri haqqında” Azərbaycan Respublikası Prezidentinin 646 nömrəli, 2 dekabr 1997-ci il tarixli fərmanı ilə "xxxx" Dövlət Şirkəti ləğv olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 851 nömrəli, 16 iyul 1998-ci il tarixli sərəncamı ilə özəlləşdirilməyə açılmış "xxxx" Dövlət Şirkətinin müəssisələrinin siyahısında Sumqayıt İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsinin adı aşkar edilməmişdir. “Azərbaycan Respublikasında dövlət əmlakının özəlləşdirilməsinin İİ Dövlət Proqramı”na uyğun olaraq, ləğv edilmiş "xxxx" Dövlət Şirkətinin 9 müəssisəsinin bazasında keçmiş Dövlət Əmlakı Nazirliyinin xx.xx.2000-ci il tarixli, 336 nömrəli sərəncamı ilə "xxxx" Açıq Səhmdar Cəmiyyəti yaradılmış və səhmlərinin 34.34%, o cümlədən 0.67%-i əmək kollektivinə güzəştli satışda, 33.67%-i ixtisaslaşdırılmış çek hərraclarında özəlləşdirilmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı qeyd edir ki, iddiaçının xx.xx.1999xx.xx.2005-ci il tarixdə İstehsalat Texnoloji Komplektləşdirmə İdarəsində işləməsinə dair qeyd onun əmək kitabçasında öz əksini tapmışdır. Cavabdeh tərəfindən isə əmək kitabçasında əks olunmuş məlumatların mötəbərliliyini şübhə altına alan heç bir dəlil məhkəməyə təqdim edilməmişdir. Cavabdeh inzibati orqan həmin dövrün sosial sığorta stajına daxil edilməməsinin əsası kimi iddiaçıya əlilliyə görə əmək pensiyası təyin edilən zaman təqdim edilmiş əmək kitabçasının surətində həmin məlumatların əks olunmaması halına istinad etmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, məhkəmə araşdırması zamnaı iddiaçıya əlilliyə görə təyin edilmiş pensiya işinin materialları tələb edilərək, tədqiq edilmiş, həmin pensiya işinin materiallarında olan əmək kitabçasının surətinin sonuncu səhifəsində Sumqyaıt Təhsil şöbəsi 41 nömrəli uşaq bağçasına təsərrüfat müdiri təyin edilməsi, həmin bağçada xadimə keçirilməsi, xx.xx.1999-cu il tarixdə uşaq bağçasında tutduğu vəzifədən azad olunması barədə qeydlər əks olunuşdur. Cavabdehin hazırda mübahisələndirdiyi dövrlər məhz əmək kitabçasının qeyd olunan səhifəsindən sonrakı səhifədə öz əksini tapmışdır. Məhkəmə kollegiyası bununla bağlı qeyd edir ki,iddiaçının işlədiyi həmin dövrə aid qeydlərin əmək kitabçasının əsli olan nüsxəsində olduğu halda, yalnız həmin əsasa istinad edilməklə, işlədiyi dövrün mübahisələndirilməsi, iddiaçının pensiya hüququnun əsassız olaraq məhdudlaşdırılmasına gətirib çıxarda bilər. Belə ki, əmək kitabçasının bütün səhifələrinin surətinin çap edilərək, əlilliyə görə pensiya işinin materiallarına əlavə edilməməsi halı iddiaçının təqsiri ilə əhatə olunmamaqla, özlüyündə iddiaçının xx.xx.1999-xx.xx.2005-ci illərə aid əmək kitabçasında əks olunmuş qeydlərin mötəbərliyini şübhə altına alınmasına əsas qismində çıxış etməmişdir. Başqa sözlə desək, indiki halda əmək kitabçasının əsli olan nüsxəsində həmin məlumatlar əks olunduğu halda, əmək kitabçasının bütün səhifələrinin suətinin çap edilib pensiya işinə əlavə edilməməsi digər səhifələrin və həmin səhifələrdə əks olunmuş qeydlərin mövcud olmamasına dəlalət etmir. Hansı ki, xx.xx.2006-cı il tarixədək qüvvədə olan əmək pensiyaları haqqında qanunvericilik normalarının tələbinə əsasən pensiya təyin edilməsi zamanı iş stajı nəzərə alınırdı, iş stajını isə sübut edən əsas sənəd əmək kitabçası hesab olunurdu. Bundan əlavə, iş materiallarından görünür ki, qeyd edilən müəssisə tərəfindən arxiv sənədləri müvafiq arxiv idarəsinə təhvil verilməmişdir. Bu hal da özlüyündə iddiaçının təqsiri ilə əhatə olunmamaqla, onun məsuliyyət daşıdığı hal kimi çıxış etməmişdir. İndiki halda iddiaçının həmin müəssisədə işləməsinə dair arxiv sənədlərinin aşkar edilməməsi məzh işəgötürənin öz səlahiyyətlərinin lazimi qaydada və vaxtında icra edilməməsi səbəbindən ortaya çıxmışdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər güdülən qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Mütənasiblik həmçinin tələb edir ki, şəxslərin hüquqları və ümumilikdə cəmiyyətin maraqları arasında ədalətli balans təmin olunmalı, xüsusilə də aidiyyəti şəxslər qeyri-mütənasib və həddindən artıq yükə məruz qalmamalıdırlar. Bu səbəbdən, yəni iddiaçının məsuliyyəti ilə əhatə olunmayan hallara görə, onun hüquqlarının məhdudlaşdırılması iddiaçını həddən artıq yükə məruz qoymaqla fərdi və ümumi maraqlar arasındakı ədalətli balansı da pozmuş olardı. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən iddiaçının işlədiyi xx.xx.1999-xx.xx.2005-ci illərə aid dövrlərin sosial sığorta stajına daxil edilməli olduğu halda, həmin dövrlərin nəzərə alınmaması ilə bağlı hərəkətləri qanunvericiliyin tələbinə zidd olmaqla, əsassız olmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin mübahisələndirdiyi həmin dövrlər iddiaçıya münasibətdə sosial sığorta stajına daxil edilməli, bununla da, iddiaçının malik olduğu iş stajının 25 ildən artıq olması halı öz təsdiqini tapmaqla, pensiyanın təyin edilməsi üçün zəruri olan digər şərt də ödənilmiş olur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya yaşa görə əmək pensiyasının təyin edilməsi üçün pensiya haqqında qanunvericiliklə müəyyən edilmiş hər iki şərt ödənildiyindən (həm yaş həddi, həm də 25 ildən artıq sosial sığorta stajına malik olması halı), cavabdeh inzibati orqanın imtinası əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2121/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.