Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-187/2025 14.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı iş üzrə (Açar sözlər: əlilliyin bərpa edilməsi) Sədrlik edən və məruzəçi hakim X5, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi publik hüquqi şəxsə qarşı “ona təyin edilmiş müddətsiz əlilliyin təyin olunduğu vaxtdan ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv etməklə, onun müddətsiz əlilliyinin əlillik alt sistemində ləğv olunduğu vaxtdan bərpası vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3077/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, iddiaçı xx.xx.2024-cü il tarixə əyani müayinəyə dəvət olunur və gəlmədiyi halda iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul olunacaqdır. Cavabdehin xx.xx.2024-cü il tarixli qərarından görünür ki, İddiaçı aid hissədə xx.xx.2009-cu il tarixindən diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin (FSERAS) onun-2009-cu ildən müddətsiz əlilin yenidən müayinəyə çağırılmağında bağlı hərəkətlərinin qanunsuz hesab edilməsi yə həmin hərəkətlərdən çəkinmək vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, təyin edilmiş müddətsiz əlilliyin təyin olunduğu vaxtdan ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli qərarı ləğv etməklə, onun müddətsiz əlilliyinin əlillik alt sistemində ləğv olunduğu vaxtdan bərpası vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1968-ci ildə anadan olmuşdur. Kkəskin bağırsaq funksiyasının pozulması, xroniki qeyri-spesifik xoralı kolit.ağır formadda,ağrı sindromu ilə davam edən residivlərlə diaqnozu əsasında 2000-ci ildə 2-ci qrup əlillik dərəcəsi ləyin edilmiş və əlilliyi xx.xx.2009-cu ildən müddətsiz hesab olunmuşdur. İddiaçı həmin vaxtdan hal-hazırki vaxtadək 2-ci dərəcəli müddətsiz əlil kimi əlillik müavinəti alır. Cavabdeh xx.xx.2023-cü ildə ona 17-4/2- 33623/2023 saylı məktub göndərməklə həmin məktubda ona bildirmişdir ki, xx.xx.2024-cü il tarixə əyani müayinəyə dəvət olunur və gəlmədiyi halda iştirakı olmadan barəsində müvafiq inzibati akt qəbul olunacaqdır. Cavabdeh ona 2009-cu ildən müddətsiz əlilə bu bildirişi göndərməklə öz diskresion səlahiyyətindən sui-istifadə etmişdir. Belə ki, ona əlillik müddətsiz təyin edilmiş və 10 il o müayinələrdən keçmişdir, hər dəfə də eyni diaqnoz təsdiq olunmuşdur. Cavabdehin onun müddətsiz əlilliyini etibarsız hesab etməsi üçün əsaslar olmamış və onun bu hərəkəti qanunsuz hərəkət kimi qəbul olunmalıdır. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Nazirlik tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və X1 Daxili nəzarət, audit, monitorinq və təhlil departamenti tərəfindən mütəmadi olaraq əlilliyi olan şəxslərin təhlili aparılır. Sözü gedən təhlil zamanı risk qrupuna aid edilən müddətli əlilliyi olan şəxslərin vaxtından əvvəl əyani müayinəyə, müddətsiz əlilliyi olan şəxslərin təkrar əyani müayinəyə cəlb olunaraq əlilliklərinin yenidən qiymətləndirilməsi zərurəti yaranmışdır. Xaçmaz rayon sakini xx.xx.1968-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) sağlamlıq vəziyyəti Tibbi Sosial Ekspert Komissiyası tərəfdən əyani müayinəsi əsasında xx.xx.2009-cu il tarixdə qiymətləndirilmiş və Ümumi xəstəlik səbəbindən müddətsiz ikinci dərəcə əlillik təyin edilmişdir. Əlillik təyinatlarının əsaslığının müxtəlif risk qrupları üzrə araşdırılması məqsədilə əlavə müayinələrin aparılması üçün vətəndaş 3- 17-4/2-Q-33623/2023 nömrəli məktub əsasında xx.xx.2024-cü il tarixində əyani müayinəyə dəvət olunmuş, məktubda əyani müayinəyə gəlməyəcəyi təqdirdə iştirakı olmadan barəsində müvafiq inzibati AKT qəbul ediləcəyi barədə məlumat qeyd edilmişdir. Lakin vətəndaş əyani müayinəyə gəlməmişdir. Bundan irəli gələrək mövcud sənədlər və ekspertiza üçün əhəmiyyətli digər məlumatlar üzrə aparılmış araşdırma və qiymətləndirmənin nəticəsində əlilliyin təyininə əsas verən diaqnoz (və ya diaqnozun əsaslılığı) təsdiqini tapmadığından Tibbi sosial ekspert komissiyası tərəfindən qərara alınmışdır ki, əlillik təyinatı aparılan xx.xx.2009-cu il tarixindən “diaqnozun təsdiqini tapmaması” barədə qərar qəbul edilsin. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3077/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehn İddiaçı barədə “xx.xx.2009-cu il tarixindən “diaqnozun təsdiqini tapmaması” haqqında xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsi, iddiaçının müddətsiz əlilliyinin əlillik alt sistemində ləğv olunduğu vaxtdan bərpası öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçı 18 avqust 1968-ci il təvəllüdlüdür. İddiaçının sağlamlıq vəziyyəti 20 aprel 2004-cü il tarixdə qiymətləndirilmiş və ona müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Lakin cavabdeh orqan tərəfindən 23 yanvar 2024-cü il tarixdə “diaqnozun öz əksini tapmaması” barədə qərar qəbul edilmiş və vətəndaşın əlilliyi dayandırılmışdır. Cavabdeh orqanın qəbul etdiyi 23 yanvar 2024-cü il tarixli qərar əsassız olduğundan ləğv edilməlidir. İddiaçı xx.xx.2009- cu il tarixdə müayinədən keçirilmiş və ona ümumi xəstəlik səbəbi ilə müddətsiz İİ qrup əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçı 22 dekabr 2023-cü il tarixli bildirişlə yenidən xx.xx.2024-cü il tarixdə əyani müayinəyə dəvət edilmiş və xx.xx.2024-cü il tarixli qərar əsasında xx.xx.2009-cu il tarixdən “diaqnozun öz əksini tapmaması” səbəbindən iddiaçının əlilliyi dayandırılmışdır. Göründüyü kimi iddiaçıya 2009-cu il tarixdə müddətsiz əlillik dərəcəsi təyin edilməsinə baxmayaraq, cavabdeh tərəfindən heç bir əsas olmadan yenidən müayinəyə dəvət edilmişdir. Məhkəmə qeyd edir ki, iş materiallarında olan 12 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim olunmuş SER TSE-01№479920 saylı arayışdan görünür ki, iddiaçıya ümumi xəstəlik səbəbindən müddətsiz əlillik dərəcəsi təyin olunmuşdur. Cavabdeh tərəfindən İddiaçı yenidən əyani müayinəyə dəvət edilməsinə əsas olmuş sənədlərin mötəbərliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Cavabdeh qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Cavabdehin apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya təyin edilmiş birinci dərəcə əlillik təyinatının düzgünlüyünü şübhə altına alan əsasların nədən ibarət olmasını, yəni iddiaçının əlillik vəziyyətinin təkrar qiymətləndirilməsinə və yenidən müayinəyə cəlb edilməsinə zərurət yaradan halların mövcud olmasmı təsdiq edən əsasları, sübutları vardır. Hazırki inzibati işdə iddiaçı olan İddiaçı barəsində verdiyi şikayət ərizəsidir. Birinci instansiya məhkəməsi inzibati işi lazımi qaydada araşdırmayaraq səhv nəticəyə gəlmişdir. Həmçinin, məhkəmənin yuxarıda qeyd edilən halları ilə razılaşmır və eyni zamanda məhkəmə məhkəmənin gedişində diaqnozdakı ağırlaşmaların əlillik təyinatına əsas verib vermədiyini aşkara çıxarmaq məqsədilə əyani müayinə edilməsi üçün aralıq qərardad qəbul etməmiş və ekspertiza təyin etməmişdir. Bu isə işin nəticələrinin ətraflı araşdırılmamasına, nəticədə əsassız və qanunsuz qərar qəbul edilməsinə gətirib çıxartmışdır. Göründüyü kimi məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Həmçinin inzibati orqan tərəfindən müvafiq və yekun qərarın qəbul edilməsinə şərait yaratmaq məqsədilə aralıq qərardad qəbul etməmişdir. 2021-ci ilədək vətəndaşların əlillik vəziyyətinin qiymətləndirilməsi instrumental müayinələrlə həyata keçirilmişdir. 2021-ci ildən sonrakı dövrdə əlillik təyinatı üçün həm instrumental, həm də əyani müayinələrlə həyata keçirilir. İddiaçı üçün təyin edilən diaqnoz o halda öz təsdiqini tapmış olardı ki, iddiaçının təqdim etdiyi tibbi sənədlər, bildirdiyi şikayətlər və əyani müayinənin nəticələri bir-birilə uyğunluq təşkil etsin. Göndərişdə qeyd olunan diaqnoz əlillik təyin atma əsas vermədiyi halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. Əlillik müəyyən edilməsi üçün diaqnozda qeyd edilən xəstiəiyin ağırlaşmaları xüsusilə mövcud olmalıdır və hazırkı işdə iddiaçıda sözügedən ağırlaşmalar mövcud deyildir. Həmçinin, əlilliklə əlaqədar sualların həlli məhkəmə tibb ekspertlərinin deyil, Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirlilməsi Qaydasının” 1-ci bəndinə görə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-Sosial Ekspertlərinin səlahiyyətlərinə aiddir. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçının apellyasiya şikayətlərinə dair etiraz ərizəsi daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətlərinə etiraz edərək, izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38.1 Hər kəsin sosial təminat hüququ vardır. Maddə 38.3 Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi .... Maddə 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. .... 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları ..... Maddə 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamənin 2.2. İkinci dərəcə əlillik xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarət etmə, hərəkətetmə, özünə xidmət etmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, eyni zamanda xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. .... Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası” 1.Ümumi müddəalar ... 1.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (bundan sonra – Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (bundan sonra – Agentlik) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 3.Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası ...... 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. ..... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. .... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ….. Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətlərinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi qərarın ləğv edilməsi və onun müddətsiz əlilliyinin əlillik alt sistemində ləğv olunduğu vaxtdan bərpası barədə olmuşdur. Cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində xx.xx.2009-cu il tarixindən diaqnozun təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilmişdir. Məhkəmə kollegiyası hazrki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin məhkəmədə müəyyən edilmiş hallarından görünür ki, Tibbi Sosial Ekspert Komissiyasının müvafiq formalı arayışına əsasən iddiaçıya xx.xx.2009-cu il tarixdən ikinci dərəcə müddətsiz əlillik təyin edilmiş, əsas kimi xx.xx.2009-ci il tarixli müayinə aktına istinad edilmişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, cavabdeh inzibati orqan iddiaçıya məktub ünvanlayaraq, əlilliyin qiymətləndirilməsi barədə qərarın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi halda, əlilliyi müəyyən edilmiş şəxsin əyani müayinəyə cəlb edildiyini bildirərək, iddiaçının xx.xx.2024-cü il tarixdə əyani müayinədə iştirakı tələb edilmiş, əks halda əliliyin ləğvi barədə inzibati akt qəbul ediləcəyi bildirilmişdir. İş materiallarından görünür ki, iddiaçıya əlilliyə görə pensiya təyin edilmiş, pensiya işinin materiallarında da məhz iddiaçıya xx.xx.2009-cu il tarixdən müddətsiz ümumi xəstəlik səbəbindən ikinci dərəcə əlillik təyinatının aparılması barədə TSEK tərəfindən verilmiş arayış, habelə iddiaçının 2000-2007-ci illərdə də əlillik təyinatının aparılması barədə TSEK tərəfindən verilmiş arayışlar mövcud olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, cavabdeh inzibati orqan iddiaçı barəsində qəbul edilmiş əlillik təyinatı ilə bağlı qərarının mötəbərliyini şübhə altına alınmasının əsası kimi, iddiaçı barəsində əlilliyinin saxta olması barədə vətəndaş tərəfindən onlara məktubun daxil olması, o cümlədən müxtəlif risk qrupları üzrə araşdırılma aparılması məqsədilə bağlı hallara istinad etmişdir Daha sonra cavabdeh inzibati orqan iddiaçı barəsində iddiaçının əyani müayində iştirak etmədiyini, mövcud sənədlər əsasında qiymətləndirilmə aparılaraq, diqanoz əlillik əlaməti təyin etmədiyindən, əlilliyin təyin edilməsi barədə qərarın ləğv edilməsi barədə xx.xx.2024-cü il tarixli qərar qəbul edilmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina, etiraz və apellyasiya şikayətinin dəlili ilə bağlı qeyd edir ki, iş materialları əsasında iddiaçıya ikinci dərəcə müddətsiz əlillik təyin edilməsi barədə TSEK tərəfindən verilmiş müvafiq formalı arayış mövcud olmuş, habelə iddiaçıya həmin əsasa görə pensiya ödənilmişdir. Həmçinin, kollegiya onu qeyd edir ki, yuxarıda istinad olunan qanunvericilik normalarının tələbinə əsasən əlilliyin olub-olmaması halı məhz əlilliyin qiymətləndirilməsinin müvafiq inzibati orqan tərəfindən aparılmaqla və həmin qiymətləndirilmənin nəticəsinə uyğun olaraq qəbul edilmiş qərar əsasında müəyyən edilir. Həmçinin, yuxarıda istinad edilən qanunvericilik normalarının tələbinə əsasən cavabdeh inzibati orqan əvvəlki qərarın düzgünlüyünü şübhə altına alacaq əsaslar müəyyən edildiyi və buna dair sübutlar olduğu halda, inzibati icraatı məhz həmin sübutlar əsasında təzələməli, inzibati icrat başlanılmalı, şəxs əyani müayinəyə cəlb edilməklə, qərar qəbul edilməlidir. İndiki halda da cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində müddətsiz əlillik təyin edilməsi ilə bağlı qərar qəbul etdiyi halda, sonradan onun barəsində əlilliyin olmaması qənaətinə gəlməsi halını da məhz iddiaçı barəsində bu cür qiymətləndirilmə aparılmaqla, onun nəticəsinə uyğun olaraq qərar qəbul etməklə edə bilərdi, əks halda əvvəlki qərraın düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olmadığı halda, özünün təkbaşına olaraq, heç bir qiymətləndirmə aparmadan bu qənaətə gəlməsi qanunvericilik normalarının tələbinin pozuntusu olmaqla, bu tələblərə birbaşa ziddir. Başqa sözlə desək, cavabdeh inzibati orqan iddiaçı barəsində əilliyin ləğv edilməsi (dayandırılması) məsələsini həll edərkən, yuxarıda istinad edilən əlilliyin müəyyən edilməsi meyarlarına dair, əlilliyin qiymətləndirilməsi qaydalarına dair müvafiq qanunvericilik normalarının, habelə inzibati icraat haqqında qanunvericilik normalarının tələblərini nəzərə almağa borcludur. Kollegiya hesab edir ki, indiki halda aydınlaşdırılmalı olan hal cavabdeh inzibati orqan tərəfindən özünün qəbul etdiyi qərarın düzgünlüyünü şübhə altına alan əsasın (hansı ki inzibati icraatın təzələnməsinə əsas olmuşdur) nədən ibarət olmasıdır. Cavabdeh inzibati orqan bununla bağlı “əsaslı şübhə” qismində başqa şəxs tərəfindən iddiaçı barəsində “əlilliyinin saxta olması” məzmunda cavabdehə məktub daxil olması və müxtəlif risk qrupları üzrə araşdırma aparılması hallarına istinad etmişdir. Kollegiya qeyd edir ki, şəxsin sağlamlıq vəziyyətinin əlilliyin qiymətləndirilməsi barədə qanunvericiliyin tələbləri baxımından yoxlanılması və onun nəticəsinə uyğun olaraq əlillik təyinatının aparılması səlahiyyəti TSEK-ə aid olmuş və onun tərəfindən belə bir qiymətləndirmə aparılaraq, iddiaçı barəsində müddətsiz əlillik təyinatı aparılmışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan özünün səlahiyyətinə aid olan məsələ ilə bağlı və özünün qəbul etdiyi qərar əsasında əlillik təyinatı aparıldığı halda, habelə 2009-cu il tarixdən 2024-cü il tarixədək uzun bir müddət keçdikdən sonra yalnız başqa şəxsin göndərdiyi “əlilliyin saxta olması” məzmunlu məktuba istinad edərək, özünün qəbul etdiyi qərarın mötəbərliyinin şübhə altına alınması qanunvericiliyin tələbinə ziddir. Belə ki, əlilliyin qiymətləndirilməsi halı hansısa vətəndaşın səlahiyyətinə aid olan məsələ olmamaqla, qeyd edilən səlahiyyət məhz TSEK-ə aid olmuşdur Bu baxımından qeyd edilməlidir ki, TSEK tərəfindən əlilliyi müəyyən edilmiş şəxsin əlilliyinin qeyd edilən məktubu əsas götürməklə şübhə altına alınması halı inzibati icraatın təzələnməsinə əsas olan və qəbul edilmiş qərarın düzgünlüyünü şübhə altına alan “”əsaslı şübhə kimi çıxış etməmişdir. Başqa sözlə desək, istinad edilən hallar formalaşdırılmış məhkəmə təcrübəsinə uyğun olaraq inzibati icraatın təzələnməsinə əsas olan hal “əsaslı şübhə” kimi qiymətləndirilməsinə əsas vermir. Belə olan halda, cavabdeh tərəfindən iddiaçı barəsində əlilliyin təyin edilməsi barədə qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübut kimi qəbul edilməsi məqsədmüvafiq deyildir. Bu baxımından kollegiya hesab edir ki, cavabdeh inzibati orqan qeyd edilən məktuba istinad etməklə, özünün qəbul etdiyi qərarı şübhə altına almaqda haqlı olmamışdır. Eyni zamanda qeyd edilməlidir ki, inzibati icraat haqqında qanunvericiliyin tələbinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Göründüyü kimi, hazırki iş üzrə cavabdeh inzibati orqan özünün iddiaçı barsində əlilliyin təyin edilməsi barədə qəbul etdiyi əvvəlki qərarının düzgünlüyünü şübhə altına alsa da, onun əsaslarına dair heç bir mötəbər sübuta istinad etməmişdir. Halbuki, yalnız belə bir əsaslar olduğu halda, cavabdeh inzibati orqan əvvəlki inzibati icraatı təzələməli, aparlmış yeni inzibati icraatın nəticəsi olaraq iddiaçının əlillik vəziyyəti qiymətlndiirlməklə, müvafiq qərar qəbul edilə bilərdi. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassız olmuşdur. Bundan əlavə, qeyd edilməlidir ki, iddiaçının əyani müayinədə iştirak etməkdən imtina etməsi halı cavabdeh inzibati orqanın inzibati icraat haqqında və digər qanunvericilik normasının tələblərinə riayət etmək vəzifəsindən azad etmir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3135/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası qeyd edir ki, şəxsin pensiya hüququnun reallaşdırılmasını təmin etməyə məsul olan inzibati orqan inzibati icraat hüququnun müddəaları baxımından inzibati icraat aparmağa, həmin icraat nəticəsində qəbul etdiyi qərarını qanunvericiliyin müvafiq maddələrinə istinad etməklə əsaslandırmağa borcludur. Şəxs inzibati orqanın icraatla bağlı hansı halları müəyyən etdiyini, hansı halları, niyə müəyyən və qəbul etmədiyini, beləliklə də, inzibati aktı qəbul etməsinin səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Bundan əlavə, inzibati orqan xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı və s.) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. .... “İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir....” Bundan əlavə qeyd edilməlidir ki, yuxarıd istinad ediən müvafiq Qaydaların 4.2-ci bəndinə əsasən ikinci və üçüncü dərəcə əlillik 5 (beş) il müddətinə müəyyən edilir, ikinci dərəcə əlillik fasiləsiz olaraq 10 (on) il, üçüncü dərəcə əlillik fasiləsiz olaraq 15 (on beş) il təyin olunduğu halda əlillik müddətsiz müəyyən edilir. İndiki halda işin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı barəsində 2009-ci il tarixdən ikinci dərəcə müddətsiz əlillik təyinatı aparılmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən 10 il keçdikdən sonra heç bir əsas olmadan inzibati icraatın təzələnməklə, əlilliyin ləğv edilməsi barədə qərar qəbul edilməsi qanunvericiliyin istinad olunan normalarının da tələbinə zidd olmuşdur. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın apellyasiya şikayətinin dəlilləri əsassız olmuş, habelə inzibati orqan iddiaçı barəsində müddətsiz əlillik dərəcəsini ləğv etməkdə haqlı olmamış, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, maddi hüquq norması düzgün tətbiq edilmişdir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3077/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.