Məhkəmə qərarları › İş №2-1(105)-188/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-188/2022

17.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-188/2022 17.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X13 qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə, Üçüncü şəxs X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt şəhəri, 9-cu mikrorayon, 7/25 saylı evdə yerləşən 28 saylı mənzilin özəlləşdirilməsinin ləğv edilməsi və X1 adına verilmiş 06.09.2019-cu il tarixli, ********** nömrəli çıxarışın etibarsız hesab olunması tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2-1(118)-1087/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə cavabdeh Daşınmnaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 7/25-də yerləşən 28 saylı mənzilə dair X1 adına verilmiş daşınmaz əmlakın dövlət reyestrindən 06.09.2019-cu il tarixli ********** qeydiyyat nömrəli çıxarışın ləğv edilməsini xahiş etmişdir. Cavabdehin 23.04.2021-ci il tarixli, **********41 saylı məktubu ilə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə istinad edilməklə hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyindən müraciətin icrasının təmin edilməsinin mümkün olmadığı bildirilmişdir. Bundan sonra İddiaçı qanuni nümayəndəsi Qanuni nümayəndə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt İnzibati Məhkəməsində iddia qaldıraraq “X1 adına ünvan 1 ünvanına dair verilmiş 06.09.2019-cu il tarixli, ********** nömrəli çıxarışın etibarsız hesab olunması və həmin mənzilin özəlləşdirilməsinin ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırılması İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Qanuni nümayəndə X5 ilə 2007-ci ildən faktiki nikaha daxil olmaqla ailə qurmuşdur. Həmin nikahdan onların xx.xx.2008-ci il tarixdə İddiaçı adlı qızı doğulmuşdur. O, Telman ilə qeyri-rəsmi nikah münasibətlərinə daxil olduğu vaxtdan, yəni 2007-ci ildən Telmanın mərhum atasına ayrılmış Sumqayıt şəhəri, 9-cu mikrorayon, 7/25 saylı evdə yerləşən 28 saylı mənzildə yaşamış, indi isə qızı Banu ilə həmin mənzildə yaşayır. 09 noyabr 2017-ci il tarixdə onun həyat yoldaşı Telman vəfat etmişdir. Qeyd olunan mənzil 18.12.1969-cu il tarixdə 10/524 nömrəli orderlə qayınatası X3 verilmişdir. Həmin evin orderində adları qeyd olunan şəxslərdən biri də onun yoldaşı Telman olmuş, 2008-ci il tarixdən isə onun qızı Banu həmin mənzildə qeydiyyata alınmışdır. Sumqayıt şəhər məhkəməsində mərhum yoldaşının qardaşı Mikayılov Əlizadə 2020-ci ilin mart ayında ona qarşı iddia qaldırmış və mənzildən çıxarılmağını məhkəmədən xahiş etmişdir. İş materialları ilə tanış olarkən ona məlum olmuşdur ki, Telmanın qardaşı Mikayılov Əlizadə evi 2019-cu il tarixdə özəlləşdirmiş və həmin mənzilə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış almışdır. X6 vəfat etdikdən sonra mənzil kirayə müqaviləsi dəyişdirilməmiş, başqa kirayəçi ilə yeni kirayə müqaviləsi bağlanmamışdır. Lakin buna baxmayaraq mənzil qanunsuz olaraq Mikayılov Əlizadənin adına özəlləşdirilmişdir. Digər tərəfdən mərhum X2 həmin mənzili özəlləşdirmək hüququ olduğuna görə onun mənzilə dair gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Onun vəfatından sonra isə bu hüquq vərəsəlik qaydasında mərhumun eyni dərəcədən bütün vərəsələrinə şamil olunur. Bu halda faktiki nikah münasibəti ilə ailə qurduğu Telmanın da mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququ olmuşdur. Onun vəfatından sonra isə bu hüquq onun 1-ci dərəcədən vərəsələrinə, o cümlədən qızı İddiaçı da aiddir. Buna görə də qeyd olunanlara əsasən mənzilin Mikayılov Əlizadə tərəfindən digər gözlənilən mülkiyyət hüququna malik şəxslərin, o cümlədən qızı Banunun qanuni nümayəndəsi kimi onun məlumatı və razılığı olmadan özəlləşdirilməsi qeyri-qanuni olmuşdur. Cavabehin iddia tələbinə dair etirazı Cavabdeh etirazında göstərmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edildiyindən iddiaçıya müraciətinin icrasını təmin etmək mümkün olmadığı bildirilmiş və bu barədə ona 12.04.2021-ci il tarixli **********41 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi hazırki iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsində icraat Sumqayıt İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli 2-1(118)-1087/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı ondan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddianın təmin edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, 7/25 saylı evdə yerləşən 28 saylı mənzilin orderində adları qeyd olunan şəxslərdən biri də onun əri Telman olmuş, 2008-ci il tarixdə isə qızı Banu həmin mənzildə qeydiyyata alınmışdır. Mübahisəli mənzil dövlət mənzil fonduna aid olmaqla, 18.12.1969-cu il tarixdə 10/524 nömrəli orderlə qayınatası X4 ayrılmışdır. X8 vəfat etdikdən sonra mənzil kirayə müqaviləsi dəyişdirilməmiş, başqa kirayəçi ilə yeni kirayə müqaviləsi bağlanmamışdır. Lakin buna baxmayaraq mənzil qanunsuz olaraq Mikayılov Əlizadənin adına özəlləşdirilmişdir. Mənzil fondunun özəlləşdirilməsi qanunvericiliyinin tələblərinə görə mənzil kirayəçi və ya kirayəçi ilə birgə yaşayan ailə üzvlərinin birinin adına özəlləşdirilə bilər. Hüquq münasibətlərinin yarandığı zaman qüvvədə olmuş Mənzil Qanunvericiliyinin tələblərinə görə isə dövlət mənzil fonduna aid olan mənzilin kirayəçisinin vəfatından sonra həmin mənzilə hüququ olan şəxslərin razılığı ilə mənzil kirayə müqaviləsi, yenə mənzilə hüququ olan şəxslərdən biri ilə bağlanmalıdır. Digər tərəfdən mərhum qayınatası X2 həmin mənzili özəlləşdirmək hüququ olduğuna görə onun mənzilə dair gözlənilən mülkiyyət hüququ mövcud olmuşdur. Onun vəfatından sonra isə bu hüquq vərəsəlik qaydasında mərhumun eyni dərəcədən bütün vərəsələrinə şamil olunur. Bu halda faktiki nikah münasibəti ilə ailə qurduğu Telmanın da mübahisəli mənzilə gözlənilən mülkiyyət hüququ olmuşdur. Mərhum ərinin vəfatından sonra isə bu hüquq onun 1-ci dərəcədən vərəsələrinə, o cümlədən qızı İddiaçı da aiddir. Buna görə də qeyd olunanlara əsasən mənzilin Mikayılov Əlizadə tərəfindən digər gözlənilən mülkiyyət hüququna şamil şəxslərin, o cümlədən qızı Banunun qanuni nümayəndəsi kimi onun məlumatı və razılığı olmadan özəlləşdirilməsi qeyri-qanuni olmuşdur. Bununla da qızı İddiaçı mülkiyyət, mənzil hüquqları da pozulmuşdurş TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya baxışı zamanı məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçının qanuni nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti 1-ci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası 1-ci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin izahatını dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq, aşağıda göstərilənlərə əsasən hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, hazırki işin hallarından görünür ki, iddiaçının tələbi mənzilin özəlləşdirilməsinin ləğvindən və çıxarışın etibarsız hesab olunmasından ibarətdir. Cavabdeh inzibati orqan imtina edərək əsas dəlil olaraq göstərir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və bunu onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı üçüncü şəxs Ə.Mikayılovun anasının vəfatından sonra mənzilə dair orderi, valideynlərinin ölüm haqqında şəhadətnamələrinin surətlərini və mənzildə qeydiyyatda olan ailə üzvlərinin razılıq ərizələrini təqdim etməklə mənzili özəlləşdirmişdir. İddiaçı mənzil özəlləşdirilərkən həmin mənzildə yaşasa belə, 18 yaşına çatmadığından özəlləşdirməyə onun razılıq ərizəsi tələb olunmamışdır. Məhkəmə iş üzrə məhkəmə inzibati məhkəmə icraatının çərçivəsində inzibati orqanın hərəkətlərinin qanuni və ya qeyri-qanuni olmasına qiymət verərək düzgün olaraq bu nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqanın hərəkətlərində qeyri-qanunilik müəyyən edilməmişdir. Cavabdeh orqan daxil olan sənədləri tam və əsaslı hesab edərək mübahisəli mənzili özəlləşdirmişdir. Məhkəmə kollegiyası birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıları qeyd etməyi zəruri hesab edir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsində göstərilir ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. “Mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə görə mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir: mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər. və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Həmin Qanunun 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, üçüncü şəxs Ə.Mikayilov anasının vəfatından sonra mənzilə dair orderi, valideynlərinin ölüm haqqında şəhadətnamələrinin surətlərini və mənzildə qeydiyyatda olan ailə üzvlərinin razılıq ərizələrini təqdim etməklə mənzili özəlləşdirmişdir. İddiaçı mənzil özəlləşdirilərkən həmin mənzildə yaşasa belə, 18 yaşına çatmadığından özəlləşidrməyə onun razılıq ərizəsi tələb olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8ci maddəsində daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar sadalanmışdır. Qanunun 8.0.11-ci maddəsində göstərilən Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi həmin əsaslardan biridir. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqan tərəfindən Sumqayıt şəhəri, 9-cu mikrorayon, 7/25 saylı evdə yerləşən 28 saylı mənzilə dair mülkiyyət hüquqlarının üçüncü şəxs X1 adına dövlət reyesterində qeydiyyata alınaraq müvafiq çıxarışən verilməsi “Mənzil fondunun özəlləşdirilməsi haqqında” qanunun və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” qanunun yuxarıda qeyd edilən tələblərinə uyğun şəkildə həyata keçirildiyindən həmin mənzilə dair çıxarışın ləğvindən edilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir. Bu cür iddialara baxılarkən nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçının qanuni nümayəndəsi hazırki tələbində haqlı olmamış, buna görə də hazırki mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri). Qeyd olunanlara əsasən məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən iş üzrə müəyyən edilmiş hallara maddi və prosessual hüquq normaları düzgün tətbiq olunmuş, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 avqust 2021-ci il tarixli, 2-1(118)-1087/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar