Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-188/2025 27.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehn nümayəndəsi X2 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1013/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, Müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) xx.xx.2024-cü il tarixli 2-1(118)- 1013/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 2014-cü ildən müddətsiz təyin edilmiş əlillik dərəcəsinə görə ödənişin dayandırıldığı xx.xx.2020-ci tarixdən 2-ci dərəcə müddətsiz əlilliyinin “Əlillik” altsistemində bərpa edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulmuşdur. Cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh AR ƏƏSMN tabeliyində Tibbi Sosial Ekspertiza və Reablitasiya Agentliyinin hərəkətlərini qanunsuz hesab etməklə İddiaçı ümumi səbəbdən 2-ci dərəcəli müddətsiz əlilliyinin «Əlillik» altsistemində etibarsız hesab olunduğu xx.xx.2015-ci ildən bərpası vəzifəsinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, iddiaçıya 2014-cü ildən müddətsiz təyin edilmiş əlillik dərəcəsinə görə ödənişin dayandırıldığı xx.xx.2020-ci tarixdən 2-ci dərəcə müddətsiz əlilliyinin «Əlillik» altsistemində bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, iddiaçıya xəstəliyi ilə bağlı ümumi səbəbdən TSEK tərəfindən 2-ci qrup əlillik dərəcəsi təyin olunmuş və xx.xx.2014-cü ildə ona müddətsiz 2-ci dərəcəli əlillik təyin olunmuşdur. İddiaçı xx.xx.2020-ci il tarixədək pensiya almış, lakin həmin tarixdən ona pensiyanın verilməsi dayandırılmışdır. O, bunun səbəbi ilə maraqlandıqda cavabdeh hər dəfə bir bəhanə gətirməklə iddiaçının əlilliyi ilə bağlı məlumatı altsistemə daxil etməmiş və iddiaçıya məlumat verilməmişdir. Bundan sonra o yazılı qaydada poçt vasitəsi ilə cavabdehə məktub göndərmiş, cavabdeh həmin məktubu alsa da, o bu vaxta kimi əlilliyinin hansı səbəbdən dayandırılması və ya etibarsız hesab olunması barədə hər hansı bir yazılı cavab da verməmişdir. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “müddətsiz əlilliyin əlillik altsistemində bərpası” tələbinə dair iş üzrə bildirilir ki, iddiaçının əlillik vəziyyətinə 2 saylı şəhər poliklinikasının xx.xx.2014cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: ümumi xəstəlik; X1: X Sinif - Tənəffüs sistemi xəstəlikləri => J40-J47 - Aşağı tənəffüs yollarının xroniki xəstəlikləri => J44 - Digər xroniki obstruktiv ağciyər xəstəliyi => J44.8 - Ağciyərin digər dəqiqləşdirilmiş xro...; Diaqnozun mətni: 2.2. İkinci dərəcə əlillik => 2.2.6. Tənəffüs sisteminin xroniki xəstəlikləri, ikinci dərəcə tənəffüs çatmamazlığı ilə" səbəbi ilə bir il müddətinə əlillik dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci İl tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbisosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası" nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi "Əlilliyi olan şəxslərin hüquqlan haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq "Əlilliyin müəyyən olunması meyarlarına əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkimməsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə" ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən "Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri"nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə İmkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdınlır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron İmza ilə imzalanır. Göründüyü kimi, İddiaçı qızma 2 saylı şəhər poliklinikasının xx.xx.2014cü il tarixli göndərişi əsasında 1 illik İİ dərəcə əlillik təyin edilmiş və həmin tarixdən sonra İddiaçı əlillik altsistemində təkrar müraciəti barədə heç bir məlumat qeyd edilməmişdir. Bu səbəbdən hesab edirlər ki, iddiaçının iddia ərizəsində qeyd etdiklərinin əsassızdır. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, İddiaçı əllilliyin qiymıətləndirilməsi ilə bağlı sonuncu müraciəti xx.xx.2014-cü il tarixdə olmuş və ona 1 il müddətinə İİ dərəcə əlillik verilmişdir. xx.xx.2015-ci il tarixdə əlillik müddəti bitdiyi üçün sosial müavinət verilməsi dayandırılmışdır. Həmin tаriхdən sоnrа isə iddiaçının yeni göndərişlə əlillik dərəcəsinin qiymətləndirilməsi üçün müraciəti müəsissəyə daxil olmamışdır. Bu səbəbdən iddia tələbi əsassızdır. Məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətini müdafiə etdi, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilbəməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini əsassız hesab edərək, apellyasiya şikayətinin rədd edilməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuş, maddi və prosessual hüquq normalarını düzgün tətbiq etmiş, iş üzrə qanuni və əsaslı qərar qəbul etmişdir. Odur ki, apellyasiya şikayəti rədd edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İşin araşdırılan hallarından görünür ki, İddiaçı sağlamlıq vəziyyəti ilk dəfə xx.xx.2009-cu ildə qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbi ilə bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra xx.xx.2010-cu ildə, xx.xx.2011-ci ildə, xx.xx.2012-ci ildə və xx.xx.2013-cü ildə hər dəfə bir il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Sonuncu dəfə xx.xx.2014-cü il tarixdə iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilmiş və ona ümumi xəstəlik səbəbi ilə müddətsiz olaraq ikinci dərəcəli əlillik təyin edilmişdir. Lakin cavabdeh orqan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında «Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi» X6 elektron altsistemində iddiaçıya əlilliyin müddətli təyin olunduğu və xx.xx.2015-ci il tarixdən onun əlilliyi ilə bağlı məlumatın aşkar edilmədiyi qeyd edilmişdir. Bundan sonra iddiaçıya əlillik vəziyyətinin araşdırılması və dəqiqləşdirilməsi məqsədilə qeydiyyatda olduğu ərazi üzrə ekspert komissiyasına müraciət etməsi bildirilmişdir. Birinci instansiya məhkəməsi düzgün olaraq hesab etmişdir ki, cavabdeh orqanın imtinası əsassız olmuşdur. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1997-ci il tarixli 93 nömrəli qərarı ilə təsdiq edilmiş “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnaməyə əsasən zona tibbisosial ekspert komissiyaları həyat fəaliyyətinin məhdudlaşmasının və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını təyin edir, sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edir. Yuxarıda istinad olunan “Tibbi-sosial ekspert komissiyaları haqqında” Əsasnamənin müddəalarına görə, zona tibbi-sosial ekspert komissiyalarının əlilliyin təyini ilə bağlı verdiyi sənədlər əlilliyi (o cümlədən əlillik dərəcəsini, onun müddətini, səbəbini və əlilliyin baş vermə vaxtını) müəyyən edən əsas sənəd, yəni inzibati akt hesab olunur. Əlillik alt sisteminə məlumatlar məhz həmin sənəd əsasında daxil edilir, yəni əlillik alt sistemində əksini tapan məlumatlar əlilliyin təyin olunması barədə zona tibbi-sosial ekspert komissiyaları tərəfindən verilmiş həmin sənədin (inzibati aktın) məzmununa uyğun olmalıdır. Mübahisəyə dair iş üzrə materiallardan müəyyən olunmuşdur ki, iddiaçı sonuncu dəfə xx.xx.2014-cü il tarixdə müayinədən keçirilmiş və ona ümumi xəstəlik səbəbi ilə müddətsiz ikinci qrup əlillik təyin edilmişdir. Cavabdeh tərəfindən iddiaçının əlillik vəziyyətinə dair məlumatın 2015-ci ildən mövcud olmadığı qeyd olunsa da, inzibati iş materiallarında olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi 6 saylı Dost Mərkəzi tərəfindən verilmiş 07 noyabr 2023-cü il tarixli arayışdan görünür ki, iddiaçıya xx.xx.2020-ci il tarixədək əlillik vəziyyəti ilə bağlı pensiya ödənişləri edilmişdir. Həmçinin 9 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən təqdim olunmuş SER TSE-01 № 451872 nömrəli arayışdan görünür ki, iddiaçıya müddətsiz əlillik xx.xx.2014-cü il tarixli müayinə aktı əsasında təyin olunmuşdur. Halbuki, cavabdehin Əlillik alt sistemindən çıxarışdan görünür ki, iddiaçıya eyni tarixi müayinə nəticəsində əlillik - müddətli təyin olunmuşdur. Beləliklə, eyni tarixli müayinə nəticəsində iddiaçıya təqdim olunmuş arayışda əlilliyin müddətsiz, Əlillik alt sistemindən çıxarışda isə müddətli təyin olunduğu qeyd edilmişdir. Cavabdeh tərəfindən alt sistemdə əksini tapmış həmin məlumatın mötəbərliyini təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. İddiaçıya 9 saylı Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən əlillik müddətsiz təyin edildiyi, həmçinin təyin edilmiş əlillik daha sonra inzibati orqan tərəfindən dəyişdirilmədiyi və ləğv edilmədiyi halda, cavabdehin əlillik alt sistemində iddiaçıya təyin edilmiş əlilliyin müddətli olduğu göstərilmişdir. Birinci instansya məhkəməsi haqlı olaraq qeyd etmişdir ki, iddiaçının əlilliyinin faktiki olaraq dayandırıldığı zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Vahid məhkəmə təcrübəsini müəyyən edən Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli 2-1(102)-3135/2024 nömrəli qərarında Məhkəmə qeyd etmişdir ki, cavabdeh DSMF orqanı tərəfindən iddiaçının əmək pensiyasının yenidən hesablanması barədə qərarı inzibati icraat haqqında hüquq normalarının tələblərinə zidd qəbul edilmişdir. Belə ki, pensiyadan tutulma aparılarkən inzibati icraat aparılmamış, inzibati icraat barədə iddiaçı məlumatlandırılmamış, dinlənilmə hüququ təmin edilməmiş, inzibati icraatda iddiaçının iştirakı təmin edilməmiş, inzibati akt əsaslandırılmamış və iddiaçının cavabdeh inzibati orqana etimad hüququ gözlənilməmişdir. Həmçinin nəzərə almaq lazımdır ki, pensiyanın yenidən hesablanmasına dair əvvəlki inzibati akt qüvvədə olduğu halda, həmin aktın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydada təzələnmədən və təzələnmiş icraat çərçivəsində artıq ödənilmə ilə bağlı məsələ barədə müvafiq qərar qəbul olunmadan pensiyanın artıq ödənilməsinin iddia edilməsi “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaratmaqla, qüvvədə olan inzibati aktın hüquqi qüvvəsini və etibarlılığını şübhə altına almış olur. (abzas 10) Məhkəmə həmçinin qeyd etmişdir ki, pensiyanın yenidən hesablanması haqqında qərarın xüsusi forması Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda da nəzərdə tutulmamışdır. Həmin xüsusi forma yuxarıda qeyd edilən Qərarda göstərilmədiyindən, qəbul edilmiş yenidən hesablanma haqqında qərarlar “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun tərtib edilməli idi. Odur ki, cavabdeh inzibati orqan mübahisə predmeti olan qərarları qəbul edərkən bilavasitə inzibati icraat haqqında qanunvericiliyin tələblərini rəhbər tutaraq, həmin qanunvericiliyə uyğun inzibati aktları tərtib edilməli olduğu halda buna riayət etmədiyi məhkəmə tərəfindən müəyyən olunmuşdur. (abzas 11) Məhkəmə kollegiyası qeyd edir ki, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların inzibati orqana məlum olduğu gündən 1 (bir) il ərzində müvafiq qərar qəbul etməyə dair qanundakı imperativ göstərişin təyinatı və məqsədi subyektiv hüquqların və qanuni mənafelərin müdafiəsilə bağlı hüquqi müəyyənliyin təmin olunmasına xidmət etməklə yanaşı, həm də münasibət iştirakçılarının məsuliyyət hissinin artırılmasına, yarana biləcək laqeyd, səhlənkar münasibətin aradan qaldırılmasına və sui-istifadə hallarının qarşısının alınmasına, xüsusən də səmərəli, proqnozlaşdırıla bilən və vətəndaşların etimadının qorunduğu dövlət idarəçiliyinin təmin edilməsinə yönəlmişdir. Əks yanaşma, milli və beynəlxalq hüquqla müəyyən edilmiş sosial təminat hüququna dair insan və vətəndaş hüquqlarının pozulması ilə nəticələnə bilər. Cavabdeh inzibati orqanın əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı barədə uzun müddət hərəkətsizlik edərək susqunluq göstərməsi, etimad hüququnu zədələyəcək şəkildə özlərinin həyat şəraitlərini aldıqları pensiya təminatına görə planlaşdırmış həssas kateqoriyaya aid şəxslərin ziyanına şərh edilə bilməz. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur. (abzas 56) İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140). (abzas 57) Beləliklə, əmək pensiyasının məbləğinin düzgün hesablanmadığı vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv hesablamaya səbəb olan hal elə həmin vaxt pensiya təyin edən orqana məlum olduğundan, eləcə də məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, habelə qərarın ləğv edilməsi üçün “İnzibati icraat haqqında” Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar olmadığından, cavabdeh inzibati orqanın əvvəllər qəbul etdiyi qərarı dəyişdirməsi qanuni sayıla bilməz. (abzas 58) Göründüyü kimi, qanunverici təyin edilmiş əlilliyin dəyişdirilməsi və ya ləğv edilməsi üçün inzibati orqan tərəfindən müəyyən prosedurun həyata keçirilməsini tələb edir. Hazırkı mübahisəyə münasibətdə isə cavabdeh tərəfindən yuxarıda qeyd olunan həmin prosedura riayət edilməmiş, bununla da həm inzibati icraatın, həm də əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayətinin dəlilləri əsassızdır. Həmin dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün qanuni əsas ola bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti rədd edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1013/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-188/2025
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-188/2025
27.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver