Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-19/2022 20.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3, Üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı Sumqayıt Bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı “Sumqayıt Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin 17-ci mikrorayonu ərazisində yerləşən 50 kvadrat metr torpaq sahəsi ilə bağlı müvafiq rəyin hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2-1(118)- 340/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. X4 12.03.2018-ci il tarixdə ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək, Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində yerləşən, sahəsi 50 kv.metr olan torpaq sahəsinin sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə qüvvədə olan torpaq qanunvericiliyinə uyğun olaraq adına sənədləşdirilməsini xahiş etmişdir.
2. Sumqayıt Şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi 18.07.2018-ci il tarixli 62 saylı rəylə Sumqayıt şəhəri, 17-ci mikrorayon ərazisində sahibkarlıq məqsədilə yaşayış məntəqələri torpaqları kateqoriyasına aid olan, yerquruluşu, təsərrüfat planına və baş plana uyğun olan 50 kv.m torpaq sahəsinin ayrılmasına etiraz etmədiyini bildirmişdir.
3. Sumqayıt Bələdiyyəsi 50 kv.m torpaq sahəsinin situasiya (yerləşmə) planının hazırlanması barədə 12.10.2018-ci il tarixli 2677 nömrəli məktubla "xxxx" MMC-yə müraciət etmişdir.
4. "xxxx" MMC qeyd edilən müraciətə cavab olaraq 05 noyabr 2018-ci il tarixli **********59 nömrəli məktubda bildirmişdir ki, Bələdiyyənin müraciətində qeyd etdiyi torpaq sahəsi Sumqayıt bələdiyyəsinin mülkiyyətində olan torpaq sahələrinin hüdudlarından kənarda yerləşdiyindən situasiya (yerləşmə) planının hazırlanması mümkün olmamışdır.
5. İddiaçı Sumqayıt şəhərində sahibkarlıq məqsədilə mülkiyyətə verilməsi nəzərdə tutulan 17-ci mikrorayon ərazisində yerləşən 49.0 kv.m torpaq sahəsinin yerquruluşu sənədlərinin hazırlanması və torpaq sahəsinə rəy verilməsi barədə təkrarən 24.09.2019-cu il tarixli ********** nömrəli məktubla ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində "xxxx" MMC-in Bakı Layihə-Tədqiqat idarəsinə müraciət etmiş, MMC 08.11.2019-cu il tarixli ********** nömrəli məktubla müraciətə cavab olaraq bildirmişdir ki, Sumqayıt bələdiyyə xəritəsinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsi dövlət mülkiyyətində olan torpaqlarda yerləşdiyinə görə müayinə (baxış) aktı və planın hazırlanması mümkün olmamışdır.
6. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən Sumqayıt Bələdiyyəsinə ünvanlanan 14 noyabr 2019-cu il tarixli **********61 nömrəli məktubdan görünür ki, bələdiyyənin mülkiyyətinə verilməsi nəzərdə tutulan 49 kv.m (50 kv.m) torpaq sahəsi barədə rəy verilməsi ilə bağlı bələdiyyənin müraciətinə cavab olaraq bildirilmişdir ki, iddiaçının məktubuna AR ƏMDK tərəfindən yaradılmış komissiyada baxılmış və komissiya tərəfindən ayrılması nəzərdə tutulan torpaq sahəsinin dövlət mülkiyyətinə aid ərazidə yerləşdiyi üçün müraciətin icrası mümkün olmamışdır. Qeyd olunan uyğunsuzluq aradan qaldırılmaqla torpaq sahəsinə rəy verilməsi ilə bağlı qanunamüvafiq qaydada hazırlanmış sənədlər təqdim edildikdən sonra təlimata uyğun olaraq sənədləşmə proseduruna başlana biləcəyi qeyd olunmuşdur.
7. Habelə, iş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin, Sumqayıt bələdiyyəsinin, ƏMDK-nin Sumqayıt Ərazi Şöbəsinin və ƏMDK yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin nümayəndələri tərəfindən tərtib olunmuş 02 aprel 2019-cu il tarixli aktdan görünür ki, Bələdiyyə tərəfindən ayrılması nəzərdə tutulan torpaq sahəsi Sumqayıt bələdiyyəsinin xəritəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlara düşür.
8. İddiaçı Sumqayıt Bələdiyyəsi təkrarən 17-ci mikrorayon ərazisində 50 kv. m torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanılması barədə Sumqayıt bələdiyyəsinin iclasının qərarını, torpaq sahəsinə dair situasiya (yerləşmə) planını və həmin torpaq sahəsinə dair Sumqayıt Şəhəri Memarlıq və Şəhərsalma İdarəsinin rəyini göndərməklə torpaq qanunvericiliyin tələblərinə uyğun olaraq rəyin, Torpaq Məcəlləsinin 10-cu maddəsinin 5-ci bəndinin tələbinə müvafiq olaraq ayrılması nəzərdə tutulan torpaq sahəsinin kateqoriyası barədə məlumatın Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi barədə 05 avqust 2020-ci il tarixli 2199 saylı məktubla AR İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Ərazi Şöbəsinə müraciət etmiş, cavabdeh inzibati orqan 20 avqust 2020-ci il tarixli **********74 nömrəli məktubla iddiaçının müraciətinə cavab olaraq, torpaq sahəsinin kateqoriyası barədə məlumat əldə etmək üçün aidiyyəti üzrə "xxxx" MMC-nin Layihə-Tədqiqat İdarəsinə müraciət edilməsinin məqsədəuyğun hesab edildiyini bildirmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
a) Birinci instansiya məhkəməsində icraat
9. İddiaçı verilən cavablarla razılaşmayaraq, cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt Bələdiyyəsi tərəfindən sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə ayrılması üçün sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin 17-ci mikrorayonu ərazisində yerləşən 50 kvadrat metr torpaq sahəsi ilə bağlı müvafiq rəyin hazırlanaraq Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmasını xahiş etmişdir.
10. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, şəhid atası X4 ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin 17-ci mikrorayonu ərazisində sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədi ilə üzərində tikili inşa edərək faktiki istifadəsində olan sahəsi 50 kv.metr torpaq sahəsinin qüvvədə olan torpaq qanunvericiliyinə uyğun şəkildə adına sənədləşdirilməsini xahiş etmişdir. İddiaçı inzibati orqan tərəfindən aparılmış araşdırmalar nəticəsində ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı hər hansı məhdudiyyətlər və yüklülüklər müəyyən olunmadığından, bələdiyyə hərracın (müsabiqənin) keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasını məqsədəuyğun hesab etmişdir. Bu məqsədlə Sumqayıt Bələdiyyəsinin müvafiq müraciəti əsasında Sumqayıt şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 18.07.2018-ci il tarixli 62 saylı rəy verilərək torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Bundan sonra Sumqayıt Bələdiyyəsi tərəfindən 12 oktyabr 2018-ci il tarixli 2677 saylı, 24 may 2019-cu il tarixli 1712 saylı və 17 sentyabr 2019-cu il tarixli 2905 saylı məktublarla Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsinə müraciət edilmiş və göstərilmiş torpaq sahəsinə dair müvafiq rəyin və torpaq sahəsinin kateqoriyası barədə məlumatların Sumqayıt Bələdiyyəsinə təqdim edilməsi xahiş edilmiş, cavabdeh torpaq sahəsinin dövlət mülkiyyətində olması barədə rəyə əsaslanaraq adı çəkilən sənədlərin verilməsindən imtina etmişdir. Sonuncu dəfə tərəflərindən AR İN yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt ərazi şöbəsinə müraciət edilərək müvafiq rəyin verilməsi xahiş olunmuş, cavabdeh orqan 20 avqust 2020-ci il tarixli məktubla torpaq sahəsinin kateqoriyası haqda məlumat əldə etmək üçün "xxxx" MMC-nin Layihə-Tədqiqat İdarəsinə müraciət etmələrinin məqsəduyğun olduğu bildirərək rəyin verilməsindən imtina etmişdir. İddiaçı qeyd edir ki, qanunvericiliyə əsasən rəyin verilməsi birbaşa olaraq cavabdehin vəzifəsi kimi müəyyən olunmuşdur.
11. Qeyd edir ki, mübahisələndirilən torpaq sahəsi bələdiyyə torpağı olaraq 2001-ci ildə rəsmi şəkildə tərtib edilmiş protokol, akt və digər torpaqayırma sənədlərinə əsasən Sumqayıt Bələdiyyəsinə təhvil verilmiş və həmin dövrdə qüvvədə olmuş qanun normalarına əsasən müvafiq qaydada xəritələşdirilərək keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində, dövlət torpaq reyestrində və dövlət torpaq kadastrında dövlət qeydiyyatından keçmişdir. Həmin sənədlər DTXK ləğv olunduqdan sonra Əmlak Məsələləri Dövlət Komitəsində, o cümlədən Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzində saxlanılır. Bu səbəbdən hesab edirlər ki, mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmaması barədə fikirlərin hər hansı hüquqi əsası mövcud deyildir. Sözügedən torpaq sahəsi “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş, müvafiq qaydada xəritələşdirilmiş və hal-hazırda bələdiyyə mülkiyyətindədir. Bu səbəbdən cavabdehin Sumqayıt Bələdiyyəsinin tələb etdiyi sənədləri verməkdən imtina etməsini əsassız sayırlar.
12. Cavabdeh iddiaya dair 11 noyabr 2020-ci il tarixli **********01 nömrəli etiraz məktubunda bildirmişdir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Kollegiyasının 08.06.2015-ci il tarixli, 03 nömrəli Qərarı ilə təsdiq edilmiş “Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəyin verilməsi haqqında Təlimat” ın tələblərinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinin mümkünlüyü barədə rəyin verilməsi üçün bələdiyyə Əmlak Məsələləri Dövlət Xidmətinin ərazi şöbəsinə deyil, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin müvafiq ərazi idarəsinə müraciət etməli idi. Qeyd edir ki, hazırkı iddiaya inzibati icraat qaydasında məhkəmə tərəfindən baxıla bilməz. Əmlak Məsələləri Dövlət Xidmətinin Sumqayıt Bələdiyyəsinə qarşı “qərarın etibarsız hesab edilməsi” tələbinə dair iddiası Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 20 noyabr 2018-ci il tarixli, 2-1(85)-2595/2018 nömrəli qərardadı ilə qeyri-mümkün sayılmışdır. Məhkəmə iddianın mümkün sayılmamasının hüquqi əsası kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 4.3-cü maddəsinə istinad edərək, inzibati orqanlar arasında aidiyyət və səlahiyyətlə bağlı mübahisələrin müəyyən olunmuş qaydada subordinasiya qaydasında yuxarı inzibati orqan və ya müvafiq icra hakimiyyəti orqanı tərəfindən yaradılmış komissiya tərəfindən həll edildiyini qeyd etmişdir. Cavabdeh orqan hesab edir ki, Sumqayıt Bələdiyyəsinin də Əmlak Məsələləri Dövlət Xidmətinə qarşı hazırkı iddiası eyni əsasla mümkün sayılmamalıdır.
13. Sumqayıt İnzibati Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2-1(118)-340/2021 nömrəli qərarı ilə iddia təmin edilmişdir. (hakim İ.Quliyev)
14. Həmin qərarla razılaşmayan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
15. Cavabdeh orqan apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə maddi və prosessual hüquq normalarını pozmaqla qərаr qəbul etmişdir ki, bu da həmin qərаrın ləğv edilməsini zəruri еdir. Məhkəmə qərarında iş materiallarında оlаn рrоtоkоl, akt və digər torpaq ayırma sənədlərinə istinad edərək Sumqayıt Вələdiууəsinin tоrраqlаrının 2001-ci ildə təhvil verildiyini qeyd etmişdir. Qeyd edir ki, məhkəmə müvafiq ekspertiza təyin etmədən, sadəcə рrоtоkоl, akt və digər torpaq ayırma sənədlərindən bələdiyyə torpaqlarının təhvil verilməsini müəyyən etmişdir ki, bu da tamamilə əsassız və qeyriobyektivdir. Hesab edir ki, məhkəmə əsassız olaraq torpaq sahəsinin bələdiyyə mülkiyyətində olmasını qeyd etməklə həmin torpaq sahəsinə dair rəy verilməsi vəzifəsini Əmlak Məsələri Dövlət Xidmətinin üzərinə qoymuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
16. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları
17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verərək apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
18. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini xahiş etdi.
19. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs apellyasiya şikayətinə etiraz edərək, şikayətin təmin olunmaması, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi.
TƏTBİQ EDİLƏN HÜQUQ
20. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 6. Dövlət torpaqları Dövlət mülkiyyətində aşağıdakı torpaqlar saxlanılır: 1) dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; 2) dövlət obyektlərinin — dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; 3) yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; 4) meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); 5) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; 6) Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; 7) təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, istirahət, tarixi-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan ərazilərin torpaqları; 8) dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; 9) dövlət müəssisə idarə və təşkilatların daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; 10) dövlət ehtiyat fondu torpaqları. Göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, onlar qanunvericilikdə müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. Həmin torpaqların bələdiyyə və xüsusi mülkiyyətə verilməsi qanunla müəyyən edilir. Maddə 7. Bələdiyyə torpaqları
1. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. Bələdiyyə mülkiyyətinə verilən torpaqlara daxildir: ümumi istifadədə olan torpaqlar; fiziki və hüquqi şəxslərin istifadəsində olan torpaqlar; ehtiyat fondu torpaqları.
21. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının “08” iyun 2015-ci il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş “Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin, mülkiyyətə, istifadəyə, icarəyə verilməsi dair rəyin verilməsi haqqında” Təlimat: 2-ci bənd. Bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarının qəbulu məqsədilə verilir. 3-cü bənd. Bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi şöbələri (bundan sonra-ərazi şöbələri) tərəfindən verilir. 4-cü bənd. Ərazi şöbələri tərəfindən rəyin verilməsi Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti və Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti ilə əlaqələndirilməklə həyata keçirilir. 5-ci bənd. Bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy verilməsi barədə bələdiyyənin müraciəti ərazi şöbələri tərəfindən qəbul edilir. 6-cı bənd. Ərazi şöbələrinə daxil olan müraciət 1 (gün) müddətində elektron qaydada Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin tabeliyində olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin yerli idarəsinə göndərilir.
22. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
23. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.
24. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
25. Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə iddianın təmin edilməməsi barədə yeni qərar qəbul edilməlidir.
26. Birinci instansiya məhkəməsi iddianı təmin etmiş və qərarını onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi Kollegiyasının 08 iyun 2015-ci il tarixli 03 nömrəli qərarı ilə təsdiq edilmiş "Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəyin verilməsi haqqında” Təlimatın 3-cü bəndinə əsasən bələdiyyə torpaqlarının mülkiyyətə, istifadəyə, icarəyə verilməsinə dair rəy Əmlak Məsələləri Dövlət Komitəsinin ərazi şöbələri tərəfindən verilir. Qeyd edildiyi kimi bu cavabdeh inzibati orqanın səlahiyyətlərinə aid edilmişdir. İddiaçı öz mülkiyyətində olan torpaq sahəsini hərrac vasitəsilə satmaq niyyətindədir və bunun üçün qanunvericiliklə müəyyən olunmuş qaydalara əməl etməklə müvafiq prosedurlara başlamışdır. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi 18.07.2018-ci il tarixli 62 saylı rəylə Sumqayıt Bələdiyyəsinə Sumqayıt şəhərinin 17-ci mikrorayon adlandırılan ərazisində sahibkarlıq məqsədilə torpaq sahəsinin ayrılmasına etiraz etmədiyini bildirmişdir.
27. Mübahisə predmeti olan torpaq sahəsinin bələdiyyə mülkiyyətində olubolmamasına münasibətdə məhkəmə qeyd etmişdir ki, iş materiallarında olan protokol, akt və digər torpaqayırma sənədlərindən Sumqayıt Bələdiyyəsinin torpaqlarının 2001-ci ildən müvafiq olaraq təhvil verildiyi görünür, həmçinin məhkəmə tərəfindən cavabdeh inzibati orqana müvafiq sorğu edilmiş, lakin mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olmasını sübut edən sənəd məhkəməyə təqdim edilməmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı təmin etmişdir.
28. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
29. İşdən görünür ki, cavabdeh imtina məktubunda, həmçinin, iddia ərizəsinə etirazında Bələdiyyə tərəfindən ayrılması nəzərdə tutulan 50 kv m torpaq sahəsinin statusuna görə dövlət mülkiyyətində olduğunu bildirsə də, birinci instansiya məhkəməsi tərəfindən qeyd edilən xüsusat araşdırılmaış, bununla da İnzibati Prosessual Məcəllənin 12 və 58.7-ci maddəsinin tələbləri pozulmuşdur.
30. “Dövlət torpaq kadastrı, torpaqların monitorinqi və yerquruluşu haqqında” Qanunun tələblərinə görə dövlət torpaq kadastrı-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı, torpaqların kəmiyyət və keyfiyyətcə uçotu, bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Dövlət torpaq kadastrı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır. Dövlət torpaq kadastrının məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı torpaqların hüquqi statusunun, rejiminin, kəmiyyət və keyfiyyət göstəricilərinin uçotunu aparmaq və torpaq münasibətlərinin tənzimlənməsinə nəzarət etmək məqsədilə həyata keçirilir.Dövlət torpaq kadastrı məlumatlarının qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada vahid sistem üzrə aparılır.Dövlət torpaq kadastrının məlumatları Azərbaycan Respublikasının torpaq qanunvericiliyində nəzərdə tutulmuş qaydada dövlət torpaq reyestrində qeydiyyata alınır (1, 5-7-ci maddələr).
31. İşə apellyasiya qaydasında baxılarkən məhkəmə kollegiyası tərəfindən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən halların hərtərəfli araşdırılmasının təmin edilməsi məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edilərək, Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilməsi nəzərdə tutulan 50 kv. metr torpaq sahəsinin hüquqi statusuna görə dövlət və yaxud bələdiyyə mülkiyyətində olan növ torpaqlara aid olması ilə bağlı mütəxəssis rəyinin verilməsi xahiş olunmuşdur .
32. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi "xxxx" MMC tərəfindən verilmiş mütəxəssis rəyindən görünür ki, Sumqayıt şəhəri 17-ci mikrorayon ərazisində Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilməsi nəzərdə tutulan 50 kv. metr torpaq sahəsinə baxış keçirildikdən sonra kameral şəraitdə elektron kadastr məlumat bazasına əsasən araşdırma işləri aparılmış və aparılmış araşdırma nəticəsində torpaq sahəsinin Sumqayıt bələdiyyə xəritəsinə əsasən dövlət mülkiyyətində olan torpaqlarda yerləşməsi müəyyən edilmişdir.
33. Beləliklə, səlahiyyətli dövlət orqanı tərəfindən verilmiş mütəxəssis rəyinə əsasən, mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olan torpaqlara aid olduğu müəyyən edilmişdir.
34. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.
35. Həmin Məcəllənin 5.2-ci maddəsinə əsasən mülkiyyət hüququnun subyektləri dövlət mülkiyyətində olan torpaq sahələri üzərində - Azərbaycan dövləti, bələdiyyə mülkiyyətində olan torpaq sahələri üzərində - bələdiyyələr, xüsusi mülkiyyətdə olan torpaq sahələri üzərində - Azərbaycan Respublikasının vətəndaşları və hüquqi şəxsləridir.
36. Həmin Məcəllənin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi və s. kimi səlahiyyətləri vardır.
37. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, habelə onlardan istifadə və onlara dair sərəncam verilməsi sahəsində idarəetmə mülki və torpaq qanunvericiliyinin tələblərinə və bələdiyyənin nizamnaməsinə uyğun həyata keçirilir.
38. “Torpaq İslahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin ikinci bəndinə əsasən bələdiyyənin ehtiyat fondunun torpaqları qanunvericiliyə uyğun olaraq ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə verilə bilər.
39. Yuxarıda qeyd olunan normalardan göründüyü kimi qanunvericiliyə əsasən bələdiyyələrə öz mülkiyyətlərində olan torpaq sahələrinə dair sərəncam verilməsi ilə bağlı hüquq verilsə də, onların mülkiyyətinə aid olmayan torpaq sahələri ilə bağlı sərəncam vermək səlahiyyəti verilməmişdir.
40. Belə ki, Torpaq Məcəlləsinin 111-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur.
41. Göründüyü kimi, bələdiyyə, bələdiyyə fonduna daxil olmayan, dövlət mülkiyyətində olan torpaq sahəsi üzərində qanunsuz olaraq sərəncam vermək istəyərək, həmin torpaq sahəsini mülkiyyətinə keçirmək istəmişdir.
42. Belə olan təqdirdə kollegiya hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməkdə haqlı olmamışdır. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən verilmiş imtina qanuna zidd deyil və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməlidir.
43. Bu cür iddialara baxılarkən nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olub-olmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir.
44. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır. Həmin halları təsdiq edən müvafıq sübutları təqdim etmək vəzifəsi iddiaçının üzərinə düşür.
45. Bu səbəbdən də kollegiya hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının və üçüncü şəxsin hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 13.2 və 17-ci maddələri).
46. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.
47. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 08 aprel 2021-ci il tarixli, 2-1(118)-340/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.