Məhkəmə qərarları › İş №2-1(105)-19/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-19/2023

17.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-19/2023 17.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı Rzayev Məhəmmədəli Əsəd oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X5 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan X1rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2-1(118)- 48/2021 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək ona dəymiş maddi ziyana görə 150.000 (yüz əlli min) manat, mənəvi ziyana görə 50.000 (əlli min) manat, əldən çıxmış faydaya görə 100.000 (yüz min) manat və ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun, cəmi 300030 (üç yüz min otuz) manat pul məbləğinin onun xeyrinə cavabdehdən tutulmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçının nümayəndəsi (vəkili) məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək mülkiyyətində olmuş müvafiq torpaq sahəsi üçün cavabdehdən 150000 manat məbləğində kompensasiya məbləğinin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 12 avqust 2006-cı il tarixli, RX seriyalı ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.3694 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə ona məxsusdur. Təxminən 4 il əvvəl xüsusi mülkiyyətində olan torpağa baxış keçirən zaman ona məlum olmuşdur ki, qeyd edilən torpaq sahəsinin 10 sotdan çox hissəsi, AR Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sahəsinin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün Tədbirlər Planının'' müvafiq bəndinə əsasən "xxxx" ASC (indiki adı ilə: Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi) tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür. Həmin torpaq sahəsnin tikinti altına düşməsi barədə ona heç bir xəbərdarlıq məktubu göndərilməmiş, üstəlik tutulmuş torpaq sahəsinin müqabilində ona heç bir kompensasiya verilməmişdir. Mülkiyyətində olan torpaq sahəsinin böyük bir hissəsinin zəbt edilməsi nəticəsində ona 150.000 manat məbləğində maddi ziyan dəymiş, eyni zamanda həmin torpaq sahəsindən mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlərdən məhrum olmuşdur. Torpaq sahəsindən məhrum olduğu 5 ilə yaxın bir müddətdə həmin gəlirin məbləği 100.000 manata bərabərdir. Digər tərəfdən həmin torpağın itirilməsi nəticəsində uzun müddət özünə gələ bilməmiş, mənəvi sarsıntılar keçirmişdir. Cavabdehin bu hüquqa zidd hərəkətləri nəticəsində ona dəymiş mənəvi zərərin (fiziki və mənəvi iztirabların) əvəzi ödənilməlidir. Cavabdeh tərəfindən ona dəymiş mənəvi zərəri 50000 manat dəyərində qiymətləndirir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 09 sentyabr 2019-cu il tarixli 2-1(81)- 3606/2019 nömrəli qərardadı ilə iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə göndərilmişdir. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 8 iyul 2008-ci il tarixli Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” na əsasən Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilir. Layihə çərçivəsində yolun tikintisi sahəsinə düşən fiziki və hüquqi şəxslərə məxsus torpaq sahələrinin, yaşayış və qeyri-yaşayış obyektlərinin dövlət ehtiyacları üçün alınması məqsədi ilə torpaq sahəsi tikinti altına düşdüyü halda, həmin əmlakın dövlət ehtiyacları üçün alınması məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və X2 tərəfindən tikilinin kadastr planı təqdim edilir. Bundan sonra isə müstəqil qiymətləndirici olan "xxxx" MMC-nin rəyi əsasında əmlakın dəyəri müəyyən edilir. Hazırda isə iddiaçıya məxsus torpaq sahəsi “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” nın müvafiq bəndinə əsasən "xxxx" ASC tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşsə də layihə çərçivəsində iddiaçının iddia etdiyi torpaq sahəsinə müdaxilə edilməmişdir. Hazırkı iş üzrə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşməsi işin mübahisəsiz halıdır. Lakin alan orqan tərəfindən alınmanın təsirinə məruz qalan şəxslə torpağın alınması rəsmiləşdirilməmiş və alqı-satqı müqaviləsi bağlanmamışdır. Bu isə o deməkdir ki, torpaq iddiaçının tam istifadəsində olmaqla mülkiyyətindədir və iddiaçıya məxsus torpaq sahəsinin yerdə-naturada təyinatı üzrə istifadə olunması mümkündür. Sumqayıt İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2-1(118)-236/2020 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi iş üzrə məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2-1(118)-48/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşən hissəsinin hər bir sotuna görə 9000 manat məbləğində kompensasiyanın iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim C.Məmmədov). Qərardan narazı qalan iddiaçı ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. b) Apellyasiya instansiya məhkəməsindəki birinci icraat Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 15 noyabr 2021-ci il tarixli 2-1(105)-357/2021 nömrəli qərarı ilə iddiaçının apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli, 2-1(118)-48/2021 nömrəli qərarı dəyişdirilmiş, iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.3694 ha torpaq sahəsinin 0.1090 ha hissəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar dövlət büdcəsi hesabına 98 100 (doxsan səkkiz min yüz) manat məbləğində kompensasiya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuş, qərar qalan hissədə dəyişdirilmədən saxlanılmış, cavabdehin apelyasiya şikayəti təmin edilməmişdir. (hakim Z.Məmmədov). Apellyasiya instansiyası məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, "xxxx" MMC-nin 555 saylı 01 dekabr 2020-ci il tarixli ekspert rəyi ilə iddiaçıya məxsus 0.3694 ha torpaq sahəsinin cavabdeh tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt” avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində aparılmış inşaat işləri zamanı şimal hissəsinin zəbt olunması, torpaq sahəsinin bir sotunun bazar qiymətinin 9000 (doqquz min) manat təşkil etdiyi müəyyən edilmişdir. Məhkəməyə "xxxx" MMC-dən xx.xx.2021-ci il tarixdə daxil olmuş dəqiqləşdirilmiş rəydən görünür ki, iddiaçıya məxsus torpaq sahəsinin yalnız 0.1090 ha hissəsi məhz "Bilgəh-Sumqayıt" avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşür. Məhkəmə ekspert rəyi ilə müəyyən olunmuş iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşən 0.1090 ha hissəsinin hər bir sotuna görə 9000 manat məbləğində kompensasiyanın cavabdehdən tutularaq iddiaçıya ödənilməsini məqsədəuyğun hesab etmişdir. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. c) kassasiya instansiya məhkəməsindəki icraat Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 02 mart 2022-ci il tarixli 2-1(102)-466/2022 nömrəli qərarı ilə kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin 15 noyabr 2021-ci il tarixli, 2-1(105)-357/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiya məhkəməsinə geri qaytarılmışdır. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, ona vurulmuş maddi və mənəvi ziyanın, əldən çıxmış faydanın tələb edilməsi ilə bağlı Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmişdir. Hesab edir ki, birinci instansiya məhkəməsinin iş üzrə qəbul etdiyi qərar pozulmuş hüquqlarının tam formada bərpası üçün kifayət etmir. Belə ki, məhkəmə tərəfindən iddiası qismən təmin edilmiş və torpaq sahəsinin zəbt olunan hər 1 sotuna görə 9000 manat məbləğində kompensasiyanın ödənilməsi qərara alınmışdır. Lakin, həmin qərarda iddia tələbinin mənəvi zərər və əldən çıxmış fayda hissəsinə, ümumiyyətlə, münasibət bildirilməmişdir. Həmçinin, məhkəmə qərarında torpaq sahəsinin zəbt olunan hər sotuna münasibətdə kompensasiya ödənilməsi qeyd olunmuş, lakin torpaq sahəsinin neçə sot hissəsinin tikinti altına düşməsi, cavabdeh qurumdan ona konkret hansı məbləğdə kompensasiya ödənilməli olması göstərilməmişdir. Bununla bağlı Sumqayıt İnzibati Məhkəməsinə qərara düzəliş edilməsi üçün ərizə ilə müraciət etmiş, müraciətinə xx.xx.2021-ci il tarixdə baxılsa da ərizəsi təmin edilməmişdir. Qeyd edir ki, torpaq sahəsindən 5 ildən artıq müddətdə istifadə edə bilməməyi nəticəsində ona vurulan zərər yalnız maddi xarakter daşımır. Şəxsi mülkiyyətindən məhrum olunmağına və konstitusion hüquqlarının pozulmasına görə dərin məvəni iztirablar yaşamışdır. Həmin vaxt ərzində torpaq sahəsindən təyinatı üzrə istifadə edə və gəlir əldə edə bilməmişdir. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə işin faktiki hallarını tam araşdırmamış, onlara düzgün qiymət verməyərək iddianı qismən təmin etmişdir. Belə ki, iş materiallarından görünür ki, iddiada qeyd edilən torpaq sahəsinin Bakı- Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həqiqətən tikinti altına düşübdüşməməsi, düşərsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) düşməsi müəyyənləşdirilməmiş və araşdırma aparılmamışdır. Məhkəmə tərəfindən mübahisəli əmlak kompleksinin yerləşdiyi torpağın alınması, habelə həmin kompleksin zəbt olunması müvafiq qanunvericiliyə uyğun olaraq dövlət ehtiyacı sayılan dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması zərurəti ilə bağlığının olması da araşdırma tələb edən hallarındandır. Bundan əlavə apellyasiya şikayətinin dəlili ondan ibarətdir ki, hazırda daşınmaz əmlak (o cümlədən torpaq) bazarında qiymətlərin aşağı düşdüyü nəzərə alınarsa, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” altına düşən hissəsi 9.000 manat dəyərində qiymətə satıla biləcəyi real və ağlabatan görünmür. Həmin ərazidə layihə çərçivəsində yolun tikintisi düşən torpaq sahəsinə görə alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 kv.metr torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahiblərinə əlavələrlə birlikdə 30-40 manat məbləğində kompensasiya hesablanmış və əmlakın qiymətləndirməsinə dair hesabat hazırlanmışdır. Yəni həmin ərazidə hamıya eyni əsaslarla kompensasiyalar hesablanmışdır. Həmçinin, həmin torpaq sahəsinin təyinatı isə əkin sahəsidir. Hesab edir ki, iddiaçıya məxsus daşınmaz əmlak qiymətləndirilmiş və qiymətləndirilmə barədə hesabat qüvvədədir. Beləliklə, qiymətləndirmə sahəsində ixtisaslaşmış "xxxx" MMC tərəfindən iddiaçının əmlakı qiymətləndirilmiş və qiymətləndirmənin nəticəsi barədə hesabat qüvvədədir. Hazırda isə həmin hesabat iddiaçı tərəfindən məhkəmədə mübahisələndirilməmişdir. b) Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı və iddiaçının nümayəndəsi (vəkili) iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, iddiaçının nümayəndəsi (vəkili) izahatında əlavə olaraq qeyd etdi ki, iddiaçının faktiki istifadəsində olan torpaq sahəsinin 10 sotundan artıq hissəsi cavabdeh tərəfindən həyata keçirilən “Bilgəh- Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində zəbt edilmişdir. İddiaçı tərəf birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq qeyd etdi ki, təsdiqlənməmiş kadastr planına əsasən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsinə düşür. Cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ OLUNAN HÜQUQ: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89. İnzibati orqanların məsuliyyəti Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157. Mülkiyyətin müdafiəsi (-). 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-). 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-). 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. (-). 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1.1. Alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). Maddə 7. Alınmanın təsirinə məruz qalan şəxs Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən edilmiş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və mərhumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdirlər. Maddə 23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə 54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. Maddə 55. Kompensasiyanın məbləği ilə bağlı torpağın qiymətləndirilməsi üsulu 55.1. Bu Qanuna əsasən alınan torpaq üçün kompensasiyanın məbləği aşağıdakı üsullarla hesablanır: 55.1.1. bu Qanunun 58-ci maddəsinə uyğun olaraq torpağın bazar qiymətinin müəyyən edilməsi; 55.1.2. torpağın qiymətinin bazar qiyməti əsasında ədalətli müəyyən edilməsi üçün alınan torpağın yerləşdiyi ərazidə torpaq bazarı olmadıqda və ya mövcud torpaq bazarı real bazar qiymətinin müəyyən edilməsi üçün kifayət etmədikdə, yaxud alınan torpağın əvəzinə digər torpaq verildikdə bu Qanunun 59-cu maddəsinə uyğun olaraq bərpa qiymətinin müəyyən edilməsi. 55.2. Bu Qanunun 55.1-ci maddəsində göstərilən qiymətləndirmə üsullarından hər ikisi tətbiq edilə biləcəyi hallarda ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi üçün torpağın daha yüksək qiymətini verən üsul tətbiq edilir. Maddə 58. Bazar qiyməti 58.1. Bu Qanunun məqsədləri üçün torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. 58.2. Torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. 58.3. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 250 metrədək əhatə edən ərazi üzrə, həmin ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda alınan torpağı 500 metrədək əhatə edən ərazi üzrə mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. 58.4. Torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 500 metrədək əhatə edən ərazidə torpaqla bağlı bazar mövcud olmadıqda həmin torpağın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülür. “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyaya əlavə 1 saylı protokol. Maddə 1. Mülkiyyət hüququ. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 17 fevral 2023-cü il tarixli, 2-1(105)-19/2023 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 27 oktyabr 2020-ci il tarixli 2-1(118)-236/2020 nömrəli qərardadı ləğv edilmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq və Ali Məhkəmənin göstərişlərini nəzərə alaraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməli, iddiaçının apelyasiya şikayəti isə təmin edilməməlidir. Belə ki, birinci instansiya məhkəməsi iddianın qismən təmin edilməsi barədə qərarını onunla əsaslandırmışdır ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin bir hissəsi cavabdeh tərəfindən həyata keçirilmiş “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür. "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 555 nömrəli ekspert rəyindən göründüyü kimi yolun tikinti altına düşən torpaq sahəsinin 1 sotunun bazar dəyəri 9.000 manat müəyyən edilmişdir. Hesabat kifayət qədər əsaslandırılmaqla torpaq sahəsinin dəyəri müəyyən olunmuşdur. Məhkəmə hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşdüyündən həmin torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına görə iddiaçıya kompensasiya ödənilməlidir. Bu baxımdan, məhkəmə belə qənaətə gəlmişdir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsinin yolun tikinti altına düşən hissəsinin hər bir sotuna görə 9000 manat məbləğində kompensasiya cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi bu nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir. Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2006-cı il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,3694 ha torpaq sahəsi xüsusi mülkiyyət hüququ üzrə iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hər şeydən öncə qeyd olunmalıdır, hazırki işin hallarından görünür ki, mübahisə predmeti iddiaçıya məxsus torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar hesablanmalı olan kompensasiyanın ödənilməsi barədədir. Həm iddiaçı, həm də cavabdeh apellyasiya şikayətində digər əsaslarla yanaşı, eyni zamanda kompensasiya məsələsinə də toxunmuşdur. Belə ki, iddiaçı apellyasiya şikayətinin dəlillərində 1) məhkəmə qərarında tələbinin mənəvi ziyan və əldən çıxmış fayda hissələrinə, ümumiyyətlə, münasibət bildirilmədiyini, 2) torpaq sahəsinin zəbt olunan hər sotuna görə kompensasiya ödənilməli olduğunun qeyd edildiyini, lakin torpaq sahəsinin neçə sotunun tikinti altına düşdüyü və bununla bağlı cavabdehdən ona konkret hansı məbləğdə kompensasiya ödənilməli olmasının göstərilmədiyini bildirmişdir. Məhkəmə kollegiyası ilk öncə iddiaçının apellyasiya şikayətinin birinci dəlili ilə bağlı qeyd edir ki, işdən görünür ki, iddiaçı ilkin tələbində ona dəymiş maddi ziyana görə 150.000 manat, mənəvi ziyana görə 50.000 manat, əldən çıxmış faydaya görə 100.000 manat və ödənilmiş 30 manat dövlət rüsumu, cəmi 300030 manat pul məbləğinin cavabdehdən onun xeyrinə tutulmasını tələb etsə də, sonradan iddiaçının nümayəndəsi (vəkili) Sumqayıt İnzibati Məhkəməsinə iddia tələbinin dəqiqləşdirilməsi (həcmin azaldılması) barədə ərizə təqdim edərək iddiaçının mülkiyyətində olmuş müvafiq torpaq sahəsi üçün cavabdehdən 150000 manat məbləğində kompensasiya məbləğinin tutularaq ona ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçının son dəqiqləşmiş iddia tələbi ona torpaq sahəsi üçün 150000 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədədir. Bu baxımdan, işə baxan məhkəmə iddiaçının dəqiqləşmiş tələbinə uyğun işə mahiyyəti üzrə baxıb qərar qəbul etmişdir. Bununla da, iddiaçının şikayətinin həmin dəlili təkzib olunur. Kollegiya qeyd edir ki, tərəflər arasında yaranmış mübahisəyə aydınlıq gətirmək və hər iki tərəf üçün mühüm olan – kompensasiyanın məbləğinin düzgün müəyyənləşdirilməsi üçün ilk öncə iddiaçının mülkiyyət hüquqlarına hansı həcmdə müdaxilə edildiyini, yəni iddiaçıya məxsus torpaq sahəsinin hansı hissəsinin dövlət ehtiyacı üçün alınmaya məruz qalmalı olduğunu, bundan sonra isə torpağın dəyərinin düzgün müəyyənləşdirilməsi mütləqdir. Bu iki hal düzgün formada araşdırıldıqdan sonra ödəniləcək kompensasiyanın məbləğinin müəyyənləşdirilməsi mümkün olacaqdır. Cavabdeh iddia ərizəsinə etirazda iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşdüyünü, lakin, torpaq sahəsinə müdaxilə edilmədiyini qeyd etmişdir. Apellyasiya şikayətinin dəlillərində isə cavabdeh tamam başqa əsaslara istinad etmişdir: 1) birinci instansiya məhkəməsi tərəfindən iddiaçının mülkiyyətində olan torpaq sahəsinin Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində həqiqətən tikinti altına düşüb-düşməməsi, düşərsə hansı hissədə (yola və yolun mühafizə zolağına düşən torpaq sahəsinin planı, ölçüləri və koordinatları göstərilməklə) düşməsi müəyyənləşdirilməmiş və araşdırma aparılmamış; 2) hazırda daşınmaz əmlak (o cümlədən) torpaq bazarında qiymətlərin aşağı düşdüyünü nəzərə alsaq, Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinin 9000 manat dəyərində qiymətə satıla biləcəyi real və ağlabatan görünmür. Beləliklə də ilkin mərhələdə araşdırılmalı məqam iddiaçıya məxsus torpaq sahəsinin tikinti altına düşüb-düşməməsi, düşdüyü təqdirdə hansı həcmdə düşməsi, torpaq sahəsinin natura ilə sənədlərdə vəziyyətinin tutuşdurulması olmalıdır. Cavabdehin apelyasiya şikayətinin birinci dəlili ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 555 nömrəli ekspert rəyində iddiaçının mülkiyyətində olan 0.3694 ha torpaq sahəsinin cavabdeh tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt” avtomobil yolunun tikinti layihəsi çərçivəsində aparılmış inşaat işləri zamanı şimal hissəsinin zəbt olunmasının müəyyən edildiyi qeyd edilmişdir. Məhkəmə "xxxx" MMC tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 555 nömrəli ekspert rəyinə istinad edərək mübahisələndirilən torpaq sahəsinin konkret olaraq nə qədər hissəsinin yolun tikinti altına və ya mühafizə zolağına düşdüyünü, eləcə də müvafiq olaraq iddiaçıya ödənilməli olan kompensasiyanın cəmi məbləğini, ümumiyyətlə, qeyd etmədən iddiaçıya torpaq sahəsinin yolun tikinti altına düşən hissəsinin hər bir sotuna görə 9000 manat məbləğində kompensasiya ödənilməli olmasına qənaətinə gələrək iddianı qismən təmin etmişdir. Apellyasiya instansiyasında birinci icraat zamanı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 21 iyun 2021-ci il tarixli, 2-1(105)-357/2021 nömrəli qərardadı ilə RX seriyalı ******* saylı çıxarışa əsasən iddiaçının mülkiyyətinə verilmiş Abşeron rayonu Saray qəsəbəsində yerləşən 0.3694 ha torpaq sahəsinin cavabdeh tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt” avtomobil yolunun tikinti layihəsi çərçivəsində tikinti altına və yaxud mühafizə zolağına düşüb-düşməməsinin müəyyən edilməsi məqsədilə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidmətinin mütəxəssisləri cəlb edilməklə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən tədqiqat obyektinə baxış keçirilmiş və müvafiq mütəxəssis rəyi tərtib edilmiş, lakin iddiaçı tərəfindən mütəxəssis rəyinin verilməsinə dair çəkilən xərc barədə tərtib olunmuş smetada nəzərdə tutulmuş xidmət haqqı ödənilmədiyindən rəyin məhkəməyə təqdim edilməsi mümkün olmamışdır. Mütəxəssis rəyinin verilməsi mümkün olmadığından ekspert tərəfindən də qoyulmuş suallar üzrə tədqiqat aparılmamışdır. Bundan sonra "xxxx" MMC-dən xx.xx.2020-ci il tarixli, 555 nömrəli ekspert rəyinin dəqiqləşdirilməsi barədə xx.xx.2021-ci il tarixli, 573 nömrəli ekspert rəyi alınmış və həmin ekspert rəyində də 0.3694 ha torpaq sahəsinin cavabdeh tərəfindən həyata keçirilən "Bilgəh-Sumqayıt" avtomobil yolunun tikinti layihəsi çərçivəsində şimal hissəsinin zəbt olunduğu və nəzərdə tutulan mübahisəli torpaq sahəsinin 0.1090 ha təşkil etdiyi qeyd edilmişdir. İddiaçıya məxsus torpaq sahəsinin yalnız 0.1090 ha hissəsinin məhz “Bilgəh- Sumqayıt” avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşməsini nəzərə alan apelyasiya məhkəməsi 98.100 manat məbləğində kompensasiya ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Bununla bağlı Ali Məhkəmənin qərarında qeyd edilir ki, iddiaçıya məxsus torpaq sahəsinin cavabdeh tərəfindən qanunvericiliyin tələblərinin pozulması ilə müşayiət edilən şəkildə alınması məhkəmələr tərəfindən ətraflı araşdırılmamış, torpaq sahəsinin tam və ya qismən yola və mühafizə zolağına düşməsi səlahiyyətli dövlət orqanlarının iştirakı ilə yoxlanılmamış, apelyasiya məhkəməsi bu barədə apelyasiya şikayətinin dəlillərinə münasibət bildirməmişdir. Təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin göstərişlərinə uyğun olaraq, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsin tabeliyində olan "xxxx" MMC-nin Bakı Layihə Tədqiqat İdarəsi tərəfindən mütəxəssis rəyi məhkəməyə təqdim edilmişdir. Mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir ki: 1) iddiaçının mülkiyyətində olan 0.3694 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmür; 2) torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatlarının 0.0040 ha (40 kv.m) hissəsi “Bilgəh-Sumqayıt” avtomobil yolunun mühafizə zolağına düşür. Mütəxəssis rəyindən hasil olmuş nəticəyə görə iddiaçının mülkiyyətində olan torpaq sahəsinin sənəd üzrə 40 m2 hissəsi yolun mühafizə zolağına düşür. Eyni zamanda, rəyin qeyd hissəsindən görünür ki, kameral şəraitdə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən iş araşdırılarkən ləğv edilmiş DTXK tərəfindən verilmiş Dövlət Aktı koordinat sistemində olduğundan Dövlət Aktları əsasında verilmiş ƏMDK yanında DƏDRX-də qeydiyyata alınmış çıxarışa aid torpaq sahəsinin planı və ölçüsündə göstərilən döngə nöqtələrinin koordinatları və torpaq sahəsinin faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar qeydə alınmışdır. Mütəxəssis rəyindən göründüyü kimi torpaq sahəsinin naturada və sənəd üzrə yerləşmə vəziyyəti arasında uyğunsuzluq (koordinatların sürüşdürülməsi) mövcuddur. Bununla bağlı, məhkəmə kollegiyası tərəfindən iş üzrə tərəflərin və "xxxx" MMC-nin Bakı Layihə Tədqiqat İdarəsinin mühəndisi X3 iştirakı ilə Abşeron rayonu Saray qəsəbəsində yerləşən mübahisələndirilən torpaq sahəsinə yerində müayinə edilmişdir. Yerində müayinə zamanı iddiaçının mülkiyyətində olan torpaq sahəsi sənəd üzrə döngə nöqtələrinin koordinatlarında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Bu səbəbdən məhkəmə kollegiyası iddiaçının xüsusi mülkiyyətində olan 0.3694 ha torpaq sahəsinin əsas döngə nöqtələrinin koordinatları ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının üst-üstə düşüb-düşməməsi, iddiaçının naturada göstərdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatlarının “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşübdüşməməsi, naturada göstərilən torpaq sahəsinin tikinti altına düşmədiyi təqdirdə “Bilgəh- Sumqayıt avtomobil yolunun” mühafizə zolağına düşüb-düşməməsinin müəyyən edilməsi ilə bağlı mütəxəssis rəyinin verilməsi ilə əlaqədar Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmişdir. Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən tərtib edilmiş mütəxəsis rəyindən görünür ki: 1) Dövlət Aktına əsasən verilmiş xx.xx.2006-cı il qeydiyyat tarixli, ********* qeydiyyat nömrəli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışa əsasən iddiaçının mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,3694 ha torpaq sahəsinin plan və ölçüsünün döngə nöqtələrinin koordinatları iddiaçının naturada göstərdiyi torpaq sahəsi ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (sürüşmələr) qeydə alındığından mütəxəssis qarşısında qoyulmuş sualın cavablandırılması mümkün olmamışdır. 2) Elektron məlumat bazasına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən iddiaçıya verilmiş RX seriyalı ******* saylı çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0,3694 ha torpaq sahəsi ilə faktiki istifadə vəziyyəti arasında uyğunsuzluq olduğundan mövcud istifadə vəziyyətini əks etdirmir. “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində iddiaçının faktiki istifadə vəziyyətinə əsasən nəzərə alınmış 0,3692 ha torpaq sahəsinin 0,0630 ha hissəsi (630 kv.metr) yolun layihəsi çərçivəsində layihəhin cənub-şərq istiqamətində yolun tikinti altına düşür. 3) iddiaçının faktiki istifadə vəziyyətinə əsasən nəzərə alınmış 0,3692 ha torpaq sahəsinin 0,0235 ha hissəsi (235 kv.metr) yolun layihəsi çərçivəsində layihəhin cənub-şərq istiqamətində yolun mühafizə zolağına düşür. Rəyə əlavə edilmiş mübahisəli torpaq sahəsinin orto-foto xəritəsindən isə görünür ki, sözügedən layihə çərçivəsində iddiaçının faktiki istifadə vəziyyətində olan torpaq sahəsi 0,3692 ha, iddiaçının faktiki istifadə vəziyyətinə əsasən nəzərə alınmış 0,3692 ha torpaq sahəsinin tikinti altına düşən hissəsi 0,0630 ha, həmin 0,3692 ha torpaq sahəsinin yolun mühafizə zolağına düşən hissəsi 0,0325 ha təşkil edir. Göründüyü kimi mütəxəssis rəyində iddiaçının faktiki istifadə vəziyyətində olan 0,3692 ha torpaq sahəsinin 0,0235 ha hissəsinin (235 m2), orto-foto xəritədən çıxarışda isə 0,0325 ha (325 m2) hissəsinin layihə çərçivəsində yolun mühafizə zolağına düşdüyü qeyd edilmişdir. Qeyd olunan ziddiyyətə aydınlıq gətirilməsi ilə bağlı məhkəmə kollegiyasının şifahi sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri publik hüquqi şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilən xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, mütəxəssis rəyində mütəxəssis qarşısında qoyulmuş üçüncü suala cavabın üçüncü sətrində texniki səhv olaraq 0,0235 ha hissəsi (235 kv.metr) qeyd edilmişdir. Belə ki, mütəxəssis tərəfindən müayinə zamanı elektron məlumat bazasına əsasən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində iddiaçının faktiki istifadə vəziyyətinə əsasən nəzərə alınmış 0,3692 ha torpaq sahəsinin 0,0325 ha (325 kv.m) hissəsinin layihə çərçivəsində layihənin cənub-şərq istiqamətində yolun mühafizə zolağına düşdüyü müəyyən edilmiş və buna dair sxem təqdim edilmişdir. Bununla da iddiaçının mülkiyyətində olan 0,3692 ha torpaq sahəsinin 0,0325 ha (325 kv.m) hissəsinin cavabdeh tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yolun mühafizə zolağına düşdüyü müəyyən edilir. Bundan başqa, ilkin mütəxəssis rəyində qeyd edildiyi kimi hazırkı rəyin də qeyd hissəsindən görünür ki, torpaq sahəsinin planı və ölçüsünün döngə nöqtələrinin koordinatları ilə elektron kadastr məlumat bazasında Abşeron rayonu, Saray kəndi “Saray” təsərrüfatı ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsinə əsasən və faktiki istifadə vəziyyəti arasında müəyyən uyğunsuzluqlar (koordinatlarda sürüşmələr) qeydə alınmışdır. Hər iki mütəxəssis rəyi, eləcə də torpaq sahəsinə yerində baxış nəticəsində müəyyən edilir ki, mübahisəsi gedən ərazidə torpaq sürüşmələrinin olması səbəbindən, iddiaçının istifadə etdiyi torpaq sahəsinin yerləşməsi ilə sənəd üzrə yerləşməsi arasında müəyyən uyğunsuzluqlar mövcud olmuşdur. Məhkəmə kollegiyası hesab edir ki, qeyd edilən uyğunsuzluq iddiaçının iradəsindən asılı olmayaraq koordinatların sürüşməsi nəticəsində yarandığından, bu hal iddiaçının təqsiri kimi qiymətləndirilə bilməz. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçıya məxsus 0,0630 ha torpaq sahəsi məhz “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına, 0,0325 ha hissəsi ilə yolun mühafizə zolağına düşmüş, yəni iddiaçı, ümumilikdə, 0.0955 ha (0,0630 ha+0,0325 ha) torpaq sahəsindən məhrum edilmişdir. Odur ki, kollegiya hesab edir ki, iddiaçının mülkiyyətində olan 0,0955 ha torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“Bilgəh- Sumqayıt” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. Beləliklə də araşdırmanın ilkin mərhələsi ilə müəyyən olunur ki, iddiaçıya məxsus torpaq sahəsinin 0.0955 ha hissəsi dövlət ehtiyacı üçün alınmaya məruz qalmışdır. Qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. Kompensasiya şərtləri ədalətli balansın qiymətləndirilməsi üçün və xüsusən mübahisələndirilən tədbirin ərizəçilərin üzərinə qeyri-mütənasib yük qoyub-qoymadığının müəyyənləşdirilməsi üçün önəmlidir (Müqəddəs monastırlar Yunanıstana qarşı iş, Plataku Yunanıstana qarşı iş). Əmlakın dəyərinə uyğun ağlabatan məbləğ ödənilmədən mülkiyyətçidən alınması, bir qayda olaraq, mülkiyyət hüququna qeyri-mütənasib müdaxilə təşkil edir və heç bir kompensasiya ödənilmədən əmlakın alınmasına 1 saylı Protokolun 1ci maddəsinə əsasən yalnız müstəsna hallarda haqq qazandırıla bilər. İddiaçıya ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı "xxxx" MMC tərəfindən verilmiş ekspert rəyindən görünür ki, iddiaçıya məxsus zəbt olunmuş torpaq sahəsinin 1 sot hissəsinə görə 9000 manat bazar qiyməti müəyyən edilmişdir. Hər şeydən əvvəl qeyd edilməlidir ki, iddiaçının daşınmaz əmlakının geri alınmasının qanunvericiliklə nəzərdə tutulmuş qaydalara riayət edilmədən aparılmasına baxmayaraq, ona ödəniləcək kompensasiya məhz “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun tələbləri əsasında müəyyən edilmiş kompensasiya olmalıdır. Bu isə ilk növbədə əmlakın bazar dəyərinin müəyyənləşdirilməsinə münasibətdə sözügedən qanunda müəyyənləşdirilmiş yanaşmaların tətbiq olunmasını tələb edir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinə əsasən, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə açıq bazarda satmaq istəyində olan satıcı tərəfindən almaq istəyində olan alıcıya satılacağı təqdirdə ehtimal olunan qiyməti deməkdir. Həmin Qanunun 1.1.7-ci maddəsinə görə siyahıya alınma tarixi-bu Qanunun 11-ci maddəsinə müvafiq olaraq kompensasiya almaq hüququnun verilməsi və köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Göründüyü kimi, torpağın bazar qiyməti həmin torpağın siyahıya alınma tarixinə olduğu vəziyyətdə satılması və alınması ehtimal olunan qiyməti deməkdir. Torpağın siyahıya alınma tarixi isə köçürülmə məqsədləri üçün alınmanın təsirinə məruz qalan şəxslər və alınmanın təsirinə məruz qalan torpaqla bağlı məlumatların toplanmasına başlanıldığı tarixdir. Məhkəmə kollegiyası qeyd edir ki, torpaq və onun üstündə olan daşınmaz əmlak dövlət ehtiyacları üçün geri alınarkən əmlakın dəyəri-onun geri alındığı vaxt deyil, siyahıya alınma tarixinə olduğu vaxt olan qiymət götürülməlidir. Ali Məhkəmənin oxşar işlər üzrə formalaşdırdığı məhkəmə təcrübəsinə görə, torpağın siyahıya alınma tarixini müəyyən etməyin mümkün olmadığı halda, torpağın və üstündə olan daşınmaz əmlakın bazar qiyməti torpaq sahəsinin geri alındığı (daşınmaz əmlakın söküldüyü) zaman mövcud olan bazar qiyməti əsasında müəyyən olunmalıdır. Bu zaman, məhkəmələr əmlakın bazar qiymətini müəyyən etmək üçün “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun araşdırma aparmalıdırlar. Bununla bağlı kassasiya instansiya məhkəməsi də qərarında qeyd etmişdir ki, apelyasiya instansiyası məhkəməsi “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun torpaq sahəsinin bazar qiyməti ilə bağlı lazımi araşdırma aparmamış, ərazidə torpaq sahəsi ilə bağlı alqı-satqını həyata keçirən orqanlar kimi notariuslara və notariat arxivlərinə sorğular verməmiş, torpağın bazar qiymətini qanunvericiliyin tələb etdiyi qaydada müəyyən etməmişdir. Kollegiya qeyd edir ki, nəzərə alınmalıdır ki, əmlakın bazar qiyməti müəyyən edilərkən yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.1- 58.3-cü maddəsi ilə müəyyən edilmiş məlumatlar (torpağın qiymətinin onun bazar qiyməti əsasında müəyyən edilməsi üçün alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş bazar qiyməti) mövcud olmadığı halda, həmin əmlakın bazar qiyməti yerləşdiyi inzibati ərazi vahidinə uyğun olaraq rayon, şəhər və şəhər rayonlarında mövcud olan, alınacaq torpağa uyğun torpağın bazar qiyməti əsas götürülməlidir. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58.2-ci maddəsinə əsasən torpağın bazar qiyməti torpağın siyahıya alınma tarixindən əvvəlki üç ay ərzində alınan torpağa uyğun torpağın notariat qaydada təsdiq edilmiş alqı-satqı müqavilələrində göstərilmiş 3 ən yüksək qiymətin orta göstəricisi əsasında müəyyən edilir. Hazırkı iş üzrə də torpağın siyahıya alınma tarixini müəyyən etmək mümkün olmamışdır. Torpaq sahəsinin alınmaya məruz qalması isə 2013-cü il tarixdə baş verdiyindən məhkəmə kollegiyası tərəfindən ərazi üzrə Abşeron rayon 1 saylı Dövlət Notariat Kontoruna sorğu edilərək, Abşeron rayonu Saray qəsəbəsində (Villa Badam ərazisində) yerləşən mübahisəli torpaq sahəsinin bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə alınan torpağı 100-500 metrədək əhatə edən ərazidə torpaqla bağlı notariat qaydada təsdiq edilmiş ən azı 10 ədəd alqı-satqı müqaviləsinin, qeyd olunan formada müqavilənin təqdim edilməsi mümkün olmadıqda Abşeron rayonu Saray qəsəbəsində yerləşən torpaq sahələrinə dair 2013-cü il üzrə ən azı 10 ədəd alqı-satqı müqaviləsinin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi xahiş edilmişdir. Abşeron rayon 1 saylı notariat ofisinin xüsusi notariusu tərəfindən birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq göndərdiyi 2013-cü il tarixli alqı-satqı müqavilələrin təsdiq olunmuş surətindən görünür ki, müqavilələrə əsasən, Abşeron rayonu Saray qəsəbəsində 2013-cü il tarixdə həyata keçirilən alqı-satqı zamanı 1 kv.m torpaq sahəsinin bazar qiyməti müvafiq olaraq 5 manat, 10 manat, 7.71 manat, 16.33 manat, 11.49 manat, 5.01 manat və 22 manat olmuşdur. Yuxarıda istinad edilən alqı-satqı müqavilələrinə əsasən, 1 kv.m torpağın 3 ən yüksək qiymətinə 11.49, 16.33 və 22 manat aid edildiyindən, onların orta göstəricisi (11.49+16.33+22)/3= 16.60 manat) 16.60 manat edir. Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, layihə çərçivəsində yolun tikintisi altına düşmüş torpaq sahələrinə görə alan orqan tərəfindən cəlb edilmiş müstəqil qiymətləndirici tərəfindən 1 kv.m torpaq sahəsinə görə orta bazar qiyməti müəyyən edilməklə mülkiyyət sahiblərinə əlavələrlə birlikdə 30-40 manat məbləğində kompensasiya hesablanmış və əmlakın qiymətləndirilməsinə dair hesabat hazırlanmışdır. Bundan əlavə cavabdeh tərəfindən məhkəməyə təqdim edilən 06 dekabr 2022-ci il tarixli, ********* nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı Sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə Tədbirlər Planı” nın müvafiq bəndinə əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində yeni tikilən yolun Saray qəsəbəsindən keçən hissəsində tikinti altına düşən torpaq sahələri dəvət olunmuş müstəqil qiymətləndirici tərəfindən Azərbaycan Respublikası Prezidentinin 2007ci il 26 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş dövlət ehtiyacları üçün alınan daşınmaz əmlakın mülkiyyətçilərinə hesablanmış qiymətinin 20 % miqdarında əlavə nəzərə alınmaqla torpaq sahəsinin 1 sotu üçün 3000 manat məbləğində qiymətləndirilmişdir. Məhkəmə kollegiyası “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 58-ci maddəsinə əsasən, alqı-satqı müqavilələri əsasında müəyyən etdiyi bazar qiymətinin (16.60 manat) cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən qoyulmuş və digər mülkiyyətçilərə ödədiyi qiymətə (20 % əlavə ilə birlikdə 30 manat) münasibətdə aşağı məbləğ olduğunu nəzərə alaraq, hesab edir ki, ödənilməli olan kompensasiyanın məbləği cavabdehin sifarişi əsasında müstəqil qiymətləndirici tərəfindən tərtib edilmiş hesabatdakı qiymət əsas götürülməklə hesablanmalıdır. Odur ki, kollegiya hesab edir ki, iddiaçıya 0.0955 ha, yəni 955 m2 torpaq sahəsinin zəbt edilməsinə görə 20 faiz miqdarında satınalma qiymətinə əlavə haqq da nəzərə alınmaqla ümumilikdə (955 x 30=) 28650 manat kompensasiya ödənilməlidir. Beləliklə, qeyd edilənləri və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin qismən təmin edilməsi barədə qərar qəbul edilməli, iddiaçının apellyasiya şikayəti isə təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Cavabdehin apelyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 01 mart 2021-ci il tarixli 2-1(118)-48/2021 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia qismən təmin edilsin. İddiaçı mülkiyyətində olan Abşeron rayonu Saray qəsəbəsində yerləşən 955 m2 torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar 28650 manat pul kompensasiyasının İddiaçı ödənilməsi öhdəliyi cavabdeh “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulsun. İddia qalan hissədə təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar