Məhkəmə qərarları › İş №2-1(105)-190/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-190/2022

08.02.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-190/2022 08.02.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2- 1(118)-1619/2021 saylı qərardadından iddiaçının nümayəndəsi və vəkili X3 tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı əmrin ləğv edilməsi, məcburi işburaxma müddətinə görə əmək haqqının ödənilməsi və tutduğu sonuncu vəzifəyə uyğun işə bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(118)-1619/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim Leyla Mirzəyeva) Birinci instansiya məhkəməsi gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının məhkəmədə mübahisələndirdiyi əmr onun işdən çıxarılması ilə bağlı olmaqla 29.05.2021-ci il tarixdə qəbul edilmişdir. İddiaçının əmri 30 gün müddətində mübahisələndirmək hüququ olmuşdur, lakin buna baxmayaraq qanunvericilikdə müəyyən olunmuş müddəti ötürməklə məhkəməyə müraciət etmişdir. İddiaçı məhkəmə iclasında ərizə təqdim edərək iddiası üzrə iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsini və bərpa olunmasını məhkəmədən xahiş etmişdir. Buna əsas kimi məhkəmədə iddia qaldırmamışdan öncə Daxili İşlər Nazirliyinə şikayət etdiyini, cavab məktubu aldıqdan sonra məhkəməyə müraciət etdiyini bildirmişdir. Məhkəmə hesab etmişdir ki, onun mübahisələndirdiyi əmrlə bağlı, əmri qəbul etmiş inzibati orqana müraciət etməsi həmin əmrin məhkəmədə mübahisələndirilməsi üçün müddətin axımını dayandırmır. Qanunvericilikdə şikayət instansiyasına müraciət edildiyi təqdirdə həmin orqanın qəbul etdiyi inzibati aktın təqdim edildiyi vaxtdan 30 gün müddətində məhkəməyə müraciət edilməsi müəyyən edilmişdir. Lakin əmri qəbul edən orqan hazırki vəziyyətdə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin məqsədləri baxımından şikayət instansiyası hesab olunmur. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının iddia müddətinin ötürülməsi ilə bağlı göstərdiyi dəlil əsassızdır və müddətin ötürülməsinin üzrlü səbəbi kimi nəzərə alına bilməz. Qərardaddan iddiaçının nümayəndəsi və vəkili X3 apellyasiya şikayəti vermişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Daxili işlər nazirinin 29.05.2021-ci il tarixli, Ə1751ş/h-001-21 nömrəli əmri ilə “daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə” əsası ilə xidmətdən xaric edilmişdir. Hesab etmişdir ki, barəsində cənab nazirə yanlış məruzə olunubdur. Ona görə də, ilk olaraq X2 xidmətə bərpa olunmağı ilə bağlı şikayət xarakterli ərizə ilə müraciət etmiş və aşağıdakı məzmunda cavab məktubu almışdır: “X1 xidmətdən əsassız xaric edilmədiyiniz və xidmətə yenidən bərpanızla əlaqədar 19.06.2021-ci il və 24.06.2021-ci il tarixlərdə Nazirliyə daxil olmuş müraciətlərinizə baxılmışdır. Müəyyən edilmişdir ki, Qusar RPŞ-nin Samur PB-nin cinayət axtarışı üzrə baş əməliyyat müvəkkili vəzifəsində işləyərkən ciddi nöqsanlara yol verdiyinizə görə X1 xidmətdən əsaslı xaric olunmusunuz. Bununla belə qaldırdığınız vəsatət Daxili İşlər Nazirliyinin rəhbərliyi tərəfindən nəzərdən keçirilmişdir. Lakin qəbahətləriniz baxımından DİO-da xidmətə bərpa edilməyinizə razılıq verilməmişdir.” Bundan sonra məhkəməyə mürciət etmişdir. Onun cənab nazirə şikayət xarakterli məktubla müraciət etməyi və cavab aldıqdan sonra məhkəməyə müraciət etməyi onun ardıcıl və davamlı şəkildə öz hüquqlarının bərpası istiqamətində səy göstərdiyini, əvvəlcə polis adını və şərəfini yüksək tutaraq xidmət etdiyi orqanın rəhbərliyinə müraciət etməyi və işin məhkəmədən kənar həlli qaydası mümkün olmadığı üçün məhkəməyə müraciət etməyi kimi diqqətəlayiq hallar və qanunvericiliyin tələbi əsas götürülərək müddətin ötürülməsi üzrlü hesab edilməlidir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərardadının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Əsaslandırma hissəsi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edir. Belə ki, inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia, yalnız onun inzibati prosessual qanunvericiliklə müəyyən edilən mümkünlüyü şərtləri yerinə yetirildiyi halda yolveriləndir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli 5 saylı qərarında qeyd edilir ki, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-nin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə iddia qaldırmaq səlahiyyətinə (İnzibati Prosessual Məcəllənin 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. (T.İdrisovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 9 dekabr 2014-cü il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 28 dekabr 2015-ci il tarixli qərarı)”. İşdən görünür ki, iddiaçı tərəfindən mübahisələndirilən əmr 29 may 2021-ci il tarixdə qəbul edilmişdir. İddiaçı isə hazırkı iddia ərizəsi ilə 27 iyul 2021-ci il tarixdə məhkəməyə müraciət etmişdir. Məhkəməyə müraciət etdikdən sonra, iddiaçı iddia müddətinin ötürülməsinin üzrlü hesab edilməsi barədə ərizə vermişdir. Göründüyü kimi, iddiaçı xidmətdən xaric edilməyi barədə əmri qanunvericilikdə nəzərdə tutulmuş müddətdə, yəni hüququnun pozulduğu barədə ona məlum olan gündən sonra 30 gün müddətində məhkəmə qaydasında mübahisələndirməmiş, iddia müddətini ötürmüşdür. İddia müddəti ilə bağlı Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli qərarında göstərilmişdir ki, “iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir, birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir, ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir, üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş, mötəbərliyinin yoxlanılması çətin və ya qeyrimümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq, ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Qanunda başqa qayda nəzərdə tutulmayıbsa, bütün tələblər üzrə iddia müddəti şamil edilir. İddia müddətlərinin müəyyən edilməməsi yaranmış münasibətlərin daim mübahisələndirilməsinə zəmin yaradardı”. Azərbaycan Respublikasının X1 xidmət keçmə haqqında Əsasnamənin 150-ci bəndinə görə xidmət keçmə yerini dəyişdirmə, tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilmə haqqında qərarla razı olmayan daxili işlər orqanlarının əməkdaşı yazılı bildiriş aldığı gündən daxili işlər orqanlarının yuxarı vəzifəli şəxslərinə müraciət etmək, X1n xaric olunma haqqında qərarla razı olmadıqda isə məhkəməyə şikayət etmək hüququna malikdir. Şikayətin dəlilləri ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının mübahisələndirdiyi xidmətdən xaric edilməsi barədə əmrlə bağlı inzibati orqana müraciət etməsi həmin əmrin məhkəmədə mübahisələndirilməsi üçün müddətin axımını dayandırmır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən, bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki işdə birinci instansiya məhkəməsinin qərardadının ləğv olunması üçün apellyasiya şikayətində nəzərdə tutulmuş əsaslar mövcud deyil. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 17 noyabr 2021-ci il tarixli, 2-1(118)-1619/2021 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar