Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-191/2021 21.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Zaur İkram oğlu, Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Qobustan rayon filialına qarşı “2019-cu ilin fevral ayının 11-dən 2019-cu ilin noyabr ayının 01-dək pensiya təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli 2-1(118)-1158/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 2019-cu ilin fevral ayının 11-dən 2019-cu ilin noyabr ayının 01-dək pensiya təyin edilərək ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması və cavabdehdən vurduğu mənəvi zərərə görə 10.000 manatın tutularaq onun xeyrinə ödənilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Məhkəmə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin prosessual hüquq varisi kimi cavabdeh qismində Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon filialını inzibati məhkəmə icraatına cəlb etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının 01.01.2006-cı ilədək 27 il, 2006cı ildən sonra 3 il sosial sığorta stajına malikdir. 11 fevral 2019-cu il tarixdə 64 yaşı tamam olduqda onun yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Bununla bağlı o, DSMF-nin Qobustan rayon şöbəsinə müraciət etmişdir. Lakin cavabdeh hər dəfə müxtəlif bəhanələr gətirərək onun hüququnun həyata keçirilməsinə imkan verməmişdir. Belə ki, cavabdeh onun “xxxx” MMC-də işlədiyi 2006-2012-ci illər üzrə sosial sığorta kapitalının sistemdə əks olunmadığını bildirmiş, halbuki, DSMF-nin Şamaxı rayon şöbəsinin sistemində həmin dövr üzrə məcburi dövlət sosial sığorta ödənişləri görünür. Daha sonra cavabdeh ona imtina cavabı vermişdir ki, onun həmin MMC-də fərdi hesabının sığorta hissəsinə pensiya kapitalı toplanmamışdır. Bu səbəbdən ona pensiya təyin olunmasından imtina edilmişdir. Cavabdehin bu imtinası əsassız olmuş və əlavə araşdırmanın aparılmasına səbəb olmuşdur. Halbuki, o, pensiya təyinatı orqanına 2007-2008-2009-cu illərdə işlədiyi “xxxx” MMC tərəfindən təsdiq edilmiş sığorta haqqında məlumatlar təqdim etmişdir. Beləliklə, cavabdehin qərəzliliyi və səhlənkarlığı səbəbindən ona 8 ay sonra, yəni 2019-cu ilin noyabr ayında pensiya təyin edilmişdir. Bu onun sağlamlıq durumuna mənfi təsir göstərmiş, uzun yazışmalara səbəb olmuşdur. Sumqayıt İnzibati Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli, 2-1(118)-1158/2020 saylı qərarı ilə iddianın qismən təmin olunması, İddiaçı 11.02.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DSMF-nun Qobustan rayon filialının üzərinə qoyulması, iddiaın qalan hissədə təmin edilməməsi qərara alınmışdır.(hakim V.Əzizova). Qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ İddiaçı ərizəsində pensiya təyin edilməsi üçün əsas olmuş sənədləri sadalayaraq, ona artıq təyin edilmiş və ödənilmiş pensiyanın təkrar ödənilməsini tələb etmişdir. Halbuki məhkəməyə təqdim edilmiş 413498 saylı Pensiya işindən də göründüyü kimi, iddiaçı ona yaşa görə pensiya təyin edilməsi üçün məhz 07.10.2019-cu il tarixli ərizə ilə Fondun Qobustan rayon şöbəsinə müraciət etmişdir. İddiaçıya məxsus şəxsiyyət vəsiqəsi, hərbi bilet, əmək kitabçaları, pensiya işindən Qobustan rayon Dövlət Arxivinin arayışı və eləcə də iş materiallarında olan digər sənədlər Şamaxı rayon notariat ofisinin xüsusi notariusu Yaşar Eyyubov tərəfindən 07.10.2019-cu il tarixdə təsdiq edilmişdir. İddiaçının 07.10.2019cu il tarixdə rəsmi müraciətinə əsasən, Fondun Qobustan rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyasının 11.10.2019-cu il tarixli, 65 saylı qərarı ilə iddiaçıya 11.02.2019cu il tarixdən 129.42 manat olmaqla pensiya təyinatı aparılmışdır və təyin edilmiş pensiya məbləği tam şəkildə iddiaçıya ödənilmişdir və hal-hazırda ödəmələr hər ay vaxtlı-vaxtında davam etdirilir. Bundan əlavə məhkəmə iclası zamanı iddiaçı cavabdeh orqan tərəfindən, ona 11.02.2019-cu il tarixdən əmək pensiyasının təyin edilməsini və təyin olunan pensiya məbləğinin hazırki dövrə qədər tam ödənildiyini, eləcə də, pensiya məbləğinin hər ay vaxtlı-vaxtında ödənildiyini bir daha etiraf etmişdir. Eyni zamanda iddiaçı pensiya hüququnun yarandığı tarixdən, yəni 11.02.2019-cu il tarixdən cavabdeh orqana müraciət etməsi, lakin ona pensiya təyinatının aparılmaması barədə lazımi sübutları məhkəməyə təqdim edə bilməmişdir. Əgər iddiaçı iddia etdiyi kimi, qanuni pensiya təyinatı üçün tələb edilən sənədləri və rəsmi müraciətini 07.10.2019-cu il tarixdən əvvəl etmiş olsaydı, o zaman iddiaçı 07.10.2019-cu il tarixdə cavabdeh orqana müraciət etməzdi. Bu halı yuxarıda sadalanmış pensiya işində olan sənədlər bir daha təsdiq etmişdir. Bir sözlə faktiki olaraq, iddiaçı ilə cavabdeh arasında məhkəmə mübahisəsi olmaya-olmaya, məhkəmə iddiaçının iddiasını əsassız olaraq, iddia tələbini qismən də olsa təmin etmişdir. TƏRƏFLƏRİN İZAHATLARİ Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi şikayətin məzmununa uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən iddiaçı şikayətin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. ƏSASLANDİRİCİ HİSSƏ Hazırda apellyasiya baxışının hədlərini qərarın qismən təmin edilən hissəsinin qanuniliyinin və əsaslılığının yoxlanılması təşkil edir. Belə ki, hazırki iş üzrə iddia qismən təmin olunsa da, iddiaçı qərardan apellyasiya şikayəti verməmiş, iddianın təmin edilməyən hissəsini mübahisələndirməmişdir. Qərardan yalnız cavabdeh apellyasiya şikayəti verdiyi üçün məhkəmə kollegiyası qərarın əsaslılığını onun barəsində mübahisə edilən hissəsi üzrə yoxlamışdır. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, aşağıda qeyd edilənlərə əsasən, Sumqayıt İnzibati Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli 2-1(118)-1158/2020 saylı qərarı qismən-iddia tələbinin təmin edilən hissəsində ləğv edilməli, ləğv edilən hissədə iş üzrə icraata xitam verilməli, apelyasiya şikayəti isə qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 11 oktyabr 2019-cu il tarixli, 65 saylı qərarından görünür ki, İddiaçı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-10 maddələrinə müvafiq olaraq yaşa görə 11 fevral 2019-cu il tarixdən ömürlük 129.42 manat pensiya təyin edilmişdir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin edərkən qərarını onunla əsaslandırmışdır ki, İddiaçı pensiya hüququ 11.02.2019-cu il tarixdə, yəni 64 yaşı tamam olanda yaranmışdır. Həmin vaxtdan o, cavabdeh inzibati orqana müraciət etməsinə baxmayaraq ərizəsi üzrə qərar yalnız 11.10.2019-cu il tarixdə verilmişdir. Məhkəmə hesab etmişdir ki, iddiaçı ona yaşa görə əmək pensiyasının 11.02.2019-cu il tarixdən təyin edilməsini tələb etməkdə haqlı olsa da, bununla bağlı mənəvi ziyan çəkməsi barədə tələbi əsassızdır. İnzibati Prosessual Məcəllənin 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Kollegiya hesab edir ki, mübahisəyə baxılması ilə əlaqədar olaraq birinci instansiyası məhkəməsi tərəfindən yuxarıda qeyd olunan hüquq normalarının tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin olunmamışdır. Belə ki, iş materiallarından görünür ki, iddiaçıya Dövlət Sosial Müdafiə Fondunun Qobustan rayon şöbəsinin əmək pensiyası təyin edən komissiyanın 11 oktyabr 2019-cu il tarixli, 65 saylı qərarına əsasən 11.02.2019-cu il tarixdən hesablanmaqla 129,42 manat məbləğində pensiya təyin edilmişdir. İddiaçı təqdim etdiyi iddia ərizəsində də, 11.10.2019-cu il tarixdən pensiya təyinatının aparıldığını bildirmiş, tələbində 11.02.2019-cu il tarixdən 01.11.2019-cu il tarixədək olan müddətə pensiyanın təyin edilib ödənilməsini tələb etmişdir. DSMF-nun X2 Sistemindən çıxarışdan görünür ki, iddiaçıya 11.10.2019-cu il tarixdən etibarən həm cari dövr üzrə pensiya ödənişi edilməklə yanaşı, həm də keçmiş dövr üçün 2019-cu ilin fevral ayından oktyabr ayınadək hesablanmış lakin birdəfəyə ödənilməmiş pensiya məbləğinin ödənişi 21.10.2019-cu il tarixdən başlayaraq 06 ay ərzində 21.10.2019, 21.11.2019, 19.12.2019, 16.01.2020, 14.02.2020 və 13.03.2020-ci il tarixlərdə hissə-hissə tam ödənilmişdir. Hazırda iddiaçı cari ay üzrə 259.78 manat məbləğində pensiya alır. Çıxarışdan görünür ki, cavabdehin iddiaçıya keçmiş dövr üzrə ödənilməmiş borcu yoxdur. İşdən görünür ki, iddiaçı məhkəmədə 27.01.2020-ci il tarixdə iddia qaldırmış, 11.02.2019-cu ildən 01.11.2019-cu il tarixədək hesablanmış lakin ödənilməmiş pensiya məbləği üzrə borcun tam ödənilməsi isə 13.02.2020-ci il tarixdə bitmişdir. Beləliklə, işə baxılan ərəfədə cavabdeh tərəfindən əvvəlki aylar üzrə pensiya ödənişi tam həyata keçirilmiş, bu hissədə iddiaçının tələbi təmin edilmiş, lakin birinci instansiya məhkəməsi bu halı aydınlaşdırmadan iddianı təmin etmişdir. Kollegiya həmçinin qeyd edir ki, iddiaçının tələbi 11.02.2019-cu ildən 01.11.2019-cu il tarixədək pensiyanın təyin edilib ödənilməsi, yəni faktiki olaraq əvvəlki dövr üzrə ödənilməmiş pensiyanın ödənilməsi barədə olsa da, birinci instansiya məhkəməsi qərarda iddianı bu hissədə təmin edərkən cavabdehin üzərinə iddiaçıya 11.02.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi qoymuşdur. Halbuki, iddiaçıya yuxarıda qeyd edildiyi kimi cavabdehin 11.10.2019-cu il tarixli qərarı ilə yaşa görə əmək pensiyası hüququ yarandığı, yəni 11.02.2019-cu il tarixdən təyin edilmişdir. İnzibati Prosessual Məcəllənin 67.1-ci maddəsində deyilir ki, mübahisə ilə bağlı məhkəmənin yekun qərarı qəbul edilənədək, cavabdeh (inzibati orqan) iddiaçının tələbinin təmin olunduğu yeni inzibati akt qəbul etməyə və ya qanunda nəzərdə tutulmuş başqa tədbir görməyə haqlıdır. Cavabdeh iddiaçının tələbinin təmin olunması ilə bağlı niyyəti barədə məhkəməyə yazılı məlumat verir. Bu məqsədlə inzibati orqan əvvəl məhkəməyə təqdim olunmuş sənədləri geri tələb edə bilər. Həmin Məcəllənin 67.3-ci maddəsində deyilir ki, bu Məcəllənin 67.2-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddət ərzində cavabdeh tərəfindən iddiaçının tələbinin təmin olunduğu və işin mahiyyəti üzrə mübahisənin artıq mövcud olmadığı hallarda məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, mübahisələndirilən hissədə iddiaçının tələbi cavabdeh tərəfindən məhkəmənin yekun qərarı qəbul edilənədək təmin edildiyindən, əvvəlki aylar üzrə hesablanmış pensiya borcu işə məhkəmədə baxılan ərəfədə cavabdeh tərəfindən tam olaraq ödənildiyindən birinci instansiya məhkəməsinin qərarı iddianın təmin edilməsinə dair hissədə ləğv edilməli, həmin hissədə iş üzrə icraata xitam verilməli, apelyasiya şikayəti isə qismən təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 oktyabr 2020-ci il tarixli 2-1(118)-1158/2020 saylı qərarı qismən- İddiaçı 11.02.2019-cu il tarixdən yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması hissəsində ləğv edilsin, bu hissədə iş üzrə icraata xitam verilsin. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-191/2021
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-191/2021
21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver