Məhkəmə qərarları › İş №2-1(105)-191/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-191/2024

10.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-191/2024 10.10.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, X1 və X4 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə1, Üçüncü şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi Nümayəndə2, Üçüncü şəxs Şamaxı rayonu Qaleybuğurd Bələdiyyəsinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı “istifadəsində olan və Şamaxı rayonu Qəleybuğurd kəndində yerləşən 2 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(118)-2251/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ:

1. İddiaçı cavabdehə müraciət edərək, Şamaxı rayonunun, Qəleybuğurd kəndində yerləşən və onun istifadəsində olan 2 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsini xahiş etmişdir.

2. Cavabdehin 2 iyun 2022-ci il tarixli, **********06 nömrəli məktubu ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İmtina onunla əsaslandırılmışdır ki, Şamaxı rayon Qəleybuğurd Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 8 nömrəli qərarı ilə mülkiyyətə tikinti məqsədilə 0.10 ha, kənd təsərrüfatı məqsədilə 1.90 ha satılmış ümumilikdə 2.0 ha torpaq sahəsi mövcud elektron baza xəritəsində X8 aid edilmişdir. Torpaq Məcəlləsinin 31.5-ci maddəsinə əsasən meşə fondu torpaqlarının özgəninkiləşdirilməsinə gətirən və gətirə bilən alqı-satqısına, girov qoyulmasına (ipotekasına) və digər əqdlərə, habelə başqa məqsədlər üçün istifadəsinə yol verilmir.

Birinci instansiya məhkəməsində icraat

3. İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək istifadəsində olan və Şamaxı rayonu Qəleybuğurd kəndində yerləşən 2 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 24 noyabr 2006-cı il tarixində Şamaxı rayonu Qaleybuğurd Bələdiyyəsinin 18 saylı Qərarı və 564 nömrəli Aktı ilə Qaleybuğurd bələdiyyəsinin ərazisindən 1631 manat haqq ödəyərək 2 hektar torpaq sahəsi almış, həmin torpaq sahəsinin 0.10 hektarı tikinti məqsədilə, 1.90 hektarı kənd təsərrüfatı məqsədilədir. Həmin sahə elektron baza xəritəsində öz yerində müəyyənləşmişdir. Dövlət Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən hazırlanmış sənədlər alğı-satqıda əsas meyar kimi nəzərə alınmışdır. Həmin torpaq sahəsi 2006-cı ildən etibarən iddiaçının istifadəsindədir. Bütün bu müddət ərzində torpağın vergisini də ödəmişdir. Qanunamüvafiq qaydada torpağa dair dövlət reyestrindən çıxarış almaq məqsədilə cavabdehə müraciət etmiş, lakin cavabdehin 02 iyun 2022-ci il tarixli cavab məktubu ilə müraciəti müsbət həll edilməmişdir. Cavabdehin imtinası qanunsuz olduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

5. Cavabdeh iddia tələbinə dair imtina məktubuna uyğun etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir.

6. Sumqayıt İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(118)-2251/2022 nömrəli qərarı ilə (hakim: C.Məmmədov) iddia tələbi rədd edilmişdir.

7. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdə göstərilən məlumatla dövlət reyestrində saxlanılan məlumat arasında uyğunsuzluq müəyyən edilmişdir. Belə olan halda, cavabdeh inzibati orqanın sözügedən torpaq sahəsinə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsindən imtinası qanunsuz olmamışdır.

8. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

Apellyasiya instansiyası məhkəməsində birinci icraat

9. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 17 may 2023-cü il tarixli, 2-1(105)-288/2023 nömrəli qərarı ilə (hakimlər: G.Cabbarova -sədrlik edən, H.Babayeva və Z.Məmmədov) Sumqayıt İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

10. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmış, əlavə olaraq qeyd etmişdir ki, müvafiq torpaq sahəsinin satılması qanunvericiliklə qadağan olunsa da, bələdiyyə orqanı tərəfindən həmin torpaq sahəsinin satılması barədə qərar qəbul edilmiş, alğı-satqı aktı tərtib edilmişdir. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, iddiaçının istinad etdiyi həmin sənədlər (bələdiyyə qərarı, alğı-satqı aktı və s.) müvafiq torpaq sahəsinə dair xüsusi mülkiyyət hüququnun yaranmasına və onun qeydiyyata alınmasına əsas vermir.

11. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Kassasiya instansiyası məhkəməsində icraat

12. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasının 28 sentyabr 2023-cü il tarixli, 2-1(102)- 2443 /2023 nömrəli qərarı ilə (hakimlər Z.Quliyev /sədrlik edən və məruzəçi/, R.Nəbizadə və S.Kərimov) kassasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-288/2023 nömrəli, 17 may 2023-cü il il tarixli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apelyasiya məhkəməsinə göndərilmişdir.

13. Kassasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, bu məsələ araşdırılırsa, o halda müstəqil mütəxəssisdən rəy alınması zəruridir, eyni zamanda apellyasiya məhkəməsi tərəfindən mübahisə predmeti olan torpağın kateqoriyasının müəyyən edilməsi məqsədi ilə, konkret suallar göstərilməklə və suallara müfəssəl cavablar alınmaqla (cavablara sübutlar da əlavə edilməlidir) Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak məsələləri Dövlət xidməti Daşınmaz əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsə sorğu göndərilməlidir. Cavabdehin mütəxəssis rəyində mübahisə predmeti olan torpaq sahəsinin sadəcə olaraq meşə fondu torpaqları kateqoriyasına aid olması göstərilmişdir, lakin bunu təsdiq edən sübutlar rəyə əlavə edilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, adıçəkilən torpaq sahəsinin bələdiyyəyə aid olmasını təsdiq edən işdəki sənədlər də suallar doğurur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin arayışının torpaq sahəsinin xarakteristikasına dair hissəsində ümumiyyətlə heç bir qeyd aparılmamış, yəni həmin hissə tamamilə boş saxlanılmışdır. Digər tərəfdən, eyni təşkilatın verdiyi rəydə olan ştampında nə rəyin verildiyi tarix, nə də onun nömrəsi göstərilməmişdir. Bununla yanaşı qeyd edilməlidir ki, X8 aid olan torpaqlara dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin müvafiq strukturlarının müəyyən səlahiyyətlərinin olması nəzərdə tutulmuşdur. Buna görə də həmin təşkilatın işə 3-cü şəxs qismində cəlb edilməsi və bu təşkilatdan mübahisəli torpaq sahəsi ilə bağlı müfəssəl məlumat alınması zəruridir. Bundan başqa Qaleybuğurd Bələdiyyəsinin də işə 3-cü şəxs qismində cəlb edilməsi və sözügedən Bələdiyyənin hansı hüquqi əsaslara görə mübahisəli torpaq sahəsinin mülkiyyətçisi olması (keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin rəyinə əsasən iş səh. 9) araşdırılması işin düzgün həll edilməsi üçün mühüm əhəmiyyət kəsb edir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

14. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti və Şamaxı rayonu Qaleybuğurd Bələdiyyəsi adi cəlb etmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etmiş, əlavə olaraq bildirmişdir ki, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı X6 Mərkəzinə verilmiş 07 may 2024-cü il tarixili 3-21-3-41/2- 911 nömrəli məktubda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi Şamaxı rayonu Qaleybuğurd kəndi, keçmiş “Buğurd” təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində X8 aid olmayan bələdiyyə mülkiyyətinə aid olan meşə-kolluq sahəsi kimi qeyd edilmişdir.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə1 bildirmişdir ki, iddiaçının müraciətinə imtina cavabı verilməsinin əsası, mübahisəli torpaq sahəsinin meşə fondunun ərazisi olması idi. Belə ki, xəritələr arasında ziddiyyətli məqamlar olmuşdur. Mübahisəli ərazi torpaq islahatı zamanı bələdiyyə mülkiyyətində olan meşə (kolluq) ərazisi kimi, daha sonra 2004-cü Qaleybuğurd bələdiyyəsinin xəritəsində dövlət mülkiyyətində olan meşə (kolluq) ərazisi kimi və 2021-ci il tarixli Qaleybuğurd bələdiyyəsinin elektron xəritəsində bələdiyyənin mülkiyyətində olan torpaq sahəsi kimi göstərilmişdir. Cavabdehin nümayəndəsi məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin sorğulara verdiyi cavablara əsasən mübahisəli torpaq sahəsi meşə fonduna aid torpaq sahəsi kimi göstərilməmişdir. Cavabdeh inzibati orqanda olan məlumatlar 2021-ci ildə tərtib edilmiş xəritəyə əsaslanır, arxiv məlumatları təhvil verilmişdir. Mübahisəli torpaq sahəsinin meşə fondu torpaq sahəsi olub-olmaması ilə bağlı müxtəlif illərdə tərtib edilmiş xəritələr arasında ziddiyyətlər vardır. Sadəcə mövcud xəritə deyil, əvvəlki xəritələr də nəzərə alınır.

18. Məhkəmə kollegiyasının 20 may 2024-cü il tarixli iclasında iştirak edən üçüncü şəxs Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin nümayəndəsi Nümayəndə2 bildirmişdir ki, mübahisəli torpaq sahəsinin yerləşdiyi yerin koordinatları əldə edilmişdir. Koordinatlara əsasən həmin torpaq sahəsinin Milli park ərazisi olduğu müəyyən edilmişdir. Hesab edirlər ki, mübahisəli torpaq sahəsi meşə fonduna aiddir. Qanunvericiliyə əsasən meşə fondu torpaqları mülkiyyətə verilə bilməz. 24 iyun 2024-cü il tarixli məhkəmə iclasında üçüncü şəxsin nümayəndəsi məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, cavabdeh inzibati orqan sorğuya verilmiş cavabda mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu qeyd edir. Mübahisəli torpaq sahəsi X8 aid torpaq sahəsi deyildir. Bələdiyyə mübahisəli torpaq sahəsini 2006-cı ildə ayırmışdır. Cavabdeh inzibati orqan sorğuya verilmiş cavabda mübahisəli torpaq sahəsinin bələdiyyə mülkiyyətində kənd təsərrüfatı təyinatlı torpaq sahəsi olduğunu qeyd edir.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs Şamaxı rayonu Qaleybuğurd Bələdiyyəsinin nümayəndəsi Nümayəndə3 məhkəmə kollegiyasının suallarını cavablandıraraq bildirmişdir ki, bələdiyyə mübahisəli torpaq sahəsini ayıran zaman meşə fonduna aid torpaq sahəsi olmamışdır.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.

21. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; ... Maddə 47.1. Torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır.

22. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Bələdiyyə torpaqlarının tərkibi 2.1. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada dövlət mülkiyyətində saxlanılmış və xüsusi mülkiyyətə verilmiş torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə torpaqlarıdır. 2.2. İstifadə xüsusiyyətlərinə görə bələdiyyə torpaqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş ümumi istifadədə olan torpaqlara, hüquqi və fiziki şəxslərin qanuni istifadəsində və icarəsində olan torpaqlara, habelə ehtiyat fondu torpaqlarına bölünür. 2.3. Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, məqsədli təyinatına və hüquqi rejiminə görə bələdiyyə torpaqlarının tərkibinə bütün kateqoriyalardan olan torpaqlar daxil edilə bilər. 2.4. Müəyyən kateqoriyaya aid edilmiş bələdiyyə torpaqlarının başqa məqsədlər üçün istifadəsinə yalnız məqsədli təyinatının dəyişdirilməsindən sonra yol verilə bilər. Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; .... Maddə 5. Bələdiyyə torpaqlarının idarə edilməsində bələdiyyələrlə müvafiq icra hakimiyyəti orqanları arasında münasibətlərin tənzimlənməsi 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. 5.2. Bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudları, növləri və ölçüləri müəyyən edilən gündən "Torpaq islahatı haqqında" Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci hissəsi ilə bələdiyyə torpaqlarının idarə olunması sahəsində müvafiq icra hakimiyyəti orqanlarına verilmiş səlahiyyətlər həyata keçirilə bilməz. 5.3. Müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. 5.4. Müvafiq icra hakimiyyəti orqanları, torpaq istifadəçiləri, icarəçiləri və qeyrihökumət təşkilatları bələdiyyə torpaqlarına dair münasibətlərdə yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə onlara verilmiş səlahiyyətlər daxilində iştirak edə bilərlər. Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir.

23. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. ... Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ... Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 15.2. Hüquqların dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Bildirişin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

24. İnzibati Prosessual Məcəllə: Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

25. Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

26. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

27. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir.

28. Hazırkı inzibati mübahisənin predmetinin əsasını Şamaxı rayonu, Qaleybuğurd kəndində yerləşən 2 ha torpaq sahəsi təşkil edir.

29. Belə ki, işin mübahisəli halları ondan ibarətdir ki, iddiaçı müvafiq bələdiyyə qərarı və aktı əsasında 2 ha torpaq sahəsini satın aldığını əsas gətirərək, torpaq sahəsinə dair mülkiyyət hüququnun qeydiyyata alınmasını xahiş etmişdir.

30. Cavabdeh inzibati orqan bundan imtina edərək, imtinanın əsası kimi həmin torpaq sahəsinin mövcud elektron baza xəritəsində X8 aid edilməsinə istinad etmişdir.

31. Ali Məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla məhkəmə kollegiyasının 08 yanvar 2024-cü il tarixli 2-1(105)-191/2024 saylı qərardadı ilə Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti və Şamaxı rayonu Qaleybuğurd Bələdiyyəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişlər və həmin qurumlara müvafiq sorğular edilmişdir.

32. İş materiallarının 9-cu səhifəsində olan Şamaxı rayonu Qaleybuğurd bələdiyyəsinə 0.10 ha tikinti və 1.90 ha kənd təsərrüfatı məqsədilə satılması nəzərdə tutulmuş torpaq sahəsinə dair Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin rəyində qeyd edilmişdir ki, 2 ha torpaq sahəsi Qaleybuğurd bələdiyyəsinin mülkiyyətindədir. Torpaq sahəsinin satılması məqsədəmüvafiqdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsinin arayışının torpaq sahəsinin xarakteristikasına dair hissəsində ümumiyyətlə heç bir qeyd aparılmamış, yəni həmin hissə tamamilə boş saxlanılmışdır. Digər tərəfdən, eyni təşkilatın verdiyi rəydə olan ştampında nə rəyin verildiyi tarix, nə də onun nömrəsi göstərilməmişdir.

33. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivi Şamaxı filialına ünvanlanmış sorğu məktubu ilə Şamaxı rayon Qaleybuğurd Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 18 nömrəli qərarı və həmin qərarın qəbul olunmasına əsas olmuş sənədlərin (iclas protokolu, qəbz və s.) arxiv surətinin məhkəməyə təqdim edilməsi xahiş edilsə də, 07 iyun 2024-cü il tarixli cavab məktubu ilə Şamaxı rayon Qaleybuğurd Bələdiyyəsinin 2004-cü ildən sonrakı illərin heç bir sənədinin X7 filialına təhvil verilmədiyi bildirilmişdir.

34. ünvan 3 ünvanlanmış 27 fevral 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya ayrılmış 2 ha torpaq sahəsi Qaleybuğurd bələdiyyəsinin sərhədləri daxilindədir və həmin torpaq sahəsi hal-hazırda onun istifadəsindədir.

35. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı X6 Mərkəzinə verilmiş 07 may 2024-cü il tarixili 3-21-3-41/2-911 nömrəli məktubda qeyd edilmişdir ki, sözügedən torpaq sahəsi Şamaxı rayonu Qaleybuğurd kəndi, keçmiş “Buğurd” təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində X8 aid olmayan bələdiyyə mülkiyyətinə aid olan meşə-kolluq sahəsi kimi qeyd edilmişdir. Bundan əlavə həmin torpaq sahəsi 2021-ci il tarixli Şamaxı rayonu Qaleybuğurd bələdiyyəsinin elektron uçot xəritəsində X8 aid olmayan bələdiyyə mülkiyyətinə aid kənd təsərrüfatı təyinatlı torpaqlar kimi göstərilmişdir.

36. Məhkəmə kollegiyası, 02 iyun 2022-ci il tarixdə iddiaçıya verilmiş imtina məktubu ilə 07 may 2024-cü il tarixili 3-21-3-41/2-911 nömrəli məktubda qeyd edilən ziddiyyətli halların aydınlaşdırılması üçün cavabdeh inzibati orqana sorğu ünvanlamışdır.

37. Cavabdehin 14 iyun 2024-cü il tarixli 3-21-3-41/2-1243/2024 nömrəli cavab məktubunda bildirilmişdir ki, ərazi idarəsinin mütəxəssisi sözügedən torpaq sahəsində olmuş və koordinatları naturada müəyyənləşdirilmişdir. Sözügedən torpaq sahəsinin koordinatları dəqiq araşdırılması məqsədilə Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə göndərilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 14 saylı Şamaxı Ərazi İdarəsinə verilmiş cavaba uyğun olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 6 saylı X6 Mərkəzinə cavab məktubu ünvanlanmışdır. Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi tərəfindən 14 saylı Şamaxı Ərazi İdarəsinə verilmiş cavaba əsasən sözügedən torpaq sahəsi Şamaxı rayonu Qaleybuğurd kəndi, keçmiş “Buğurd” təsərrüfatının ərazisində aparılan torpaq islahatına dair kompleks yerquruluşu layihəsində bələdiyyə mülkiyyətində olan meşə (kolluq), Qaleybuğurd bələdiyyəsinin xəritəsində (xx.xx.2004-cü il tarixli, 18 saylı Qərarı ilə təsdiq edilmiş) dövlət mülkiyyətində olan meşə (kolluq) və 2021-ci il tarixli Qaleybuğurd bələdiyyəsinin elektron xəritəsində (TEKUİS-də) X8 aid olmayan bələdiyyə mülkiyyətinə aid torpaq sahəsidir. Ərazi İdarəsi tərəfindən İddiaçı verilmiş imtina, Qaleybuğurd bələdiyyəsinin xx.xx.2004-cü il tarixli xəritəsinə əsasən verilmişdir. Sözügedən ərazi bələdiyyə xəritəsində dövlət mülkiyyətində olan meşə (kolluq) kimi qeyd edilmişdir.

38. Məhkəmə kollegiyasının sorğusuna Şamaxı rayonu Qaleybuğurd Bələdiyyəsinin 20 iyun 2024-cü il tarixli 38 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, mübahisəli 2 ha torpaq sahəsi 2021-ci il Qaleybuğurd bələdiyyəsinin elektron uçot xəritəsinə əsasən X8 aid olmayan, bələdiyyə mülkiyyətinə aid olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsidir.

39. Həmçinin, iş materiallarının 212-ci səhifəsində olan xəritədən də görünür ki, mübahisəsi gedən 2 ha torpaq sahəsi həqiqətən də Qaleybuğurd Bələdiyyəsinin hüdudları daxilindədir.

40. Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinin 21 iyun 2024-cü il tarixli 3-14-27/2-204/2024 nömrəli cavab məktubunda isə bildirilmişdir ki, araşdırma zamanı meşə quruluşu xəritələrindən istifadə edilmiş və məlum olmuşdur ki, müraciətdə qeyd edilən mübahisəli ərazi Meşələrin İnkişaf Xidmətinin Xidməti ərazisi deyildir. Lakin meşə fondu ərazisinin bir hissəsi AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmənin xidməti ərazisidir.

41. Məhkəmə kollegiyasi tərəfindən qeyd olunan halın araşdırılması məqsəsilə AR Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinə sorğu ünvanlanmışdır.

42. Məhkəmə kollegiyasının sorğusuna Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında X2 Xidmətinin 12 sentyabr 2024-cü il tarixli 3-14-21/2-660/2024 nömrəli cavab məktubu ilə bildirilmişdir ki, sözügedən ərazi Şahdağ Milli Parkına aid deyildir. Cavab məktubuna qoşma olaraq əlavə edilmiş Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi tərəfindən AR ETSN-nın Şahdağ Milli Parkına ünvanladığı 07 avqust 2024-cü il tarixli məktubdan da görünür ki, ümumi sahəsi 2.0 ha olan torpaq sahəsi mövcud elektron baza məlumatlarına əsasən Şahdağ Milli Parkının ərazisinə aid deyildir.

43. Beləliklə, məhkəmə araşdırması ilə cavabdehin istinad etdiyi hal- yəni, torpaq sahəsinin mövcud elektron baza xəritəsində X8 aid edilməsi halı öz təsdiqini tapmamışdır.

44. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 mart tarixli, 975 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti haqqında Əsasnamənin 1.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti meşə fondundan istifadə, onun mühafizəsi, qorunması, meşəsalma və meşələrin bərpası sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən, Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyinin strukturuna daxil olan qurumdur. Əsasnamənin 2.0, 2.0.2, 3.0, 3.0.2-ci bəndlərinin tələbləri baxımından meşə fondu torpaqlarından səmərəli istifadə, meşələrin cins tərkibinin yaxşılaşdırılması və məhsuldarlığının yüksəldilməsi, habelə ölkə ərazisinin meşəlik faizinin artırılması istiqamətində fəaliyyəti həyata keçirmək Xidmətin fəaliyyət istiqamətlərinə, meşələrin mühafizəsi, bərpası, meşə fondundan səmərəli və məqsədyönlü istifadənin təmin olunması onun vəzifələrinə aid edilmişdir.

45. Göründüyü kimi meşə fondu torpaqlarının idarə edilməsi üzrə Respublikası üzrə səlahiyyətli orqan Meşələrin İnkişafı Xidmətidir və məhkəmə araşdırması nəticəsində həmin orqanın verdiyi rəsmi cavabdan bələdiyyə qərarı ilə iddiaçıya ayrılmış 2 ha torpaq sahəsinin nə sənəd üzrə, nə də faktiki olara meşə fondu torpaqlarına aid olmadığı müəyyən edilmişdir.

46. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun "xxxx" Açıq Səhmdar Cəmiyyətinin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 9 fevral 2016-cı il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 04 oktyabr 2016-cı il tarixli qərarında ifadə olunmuş hüquqi mövqe baxımından Abşeron rayonu Şamaxı rayon Qaleybuğurd Bələdiyyəsinin bələdiyyəyə məxsus olan torpaq sahəsinin iddiaçıya ayrılması haqqında 24 noyabr 2006-cı il tarixli 18 saylı qərarı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 8.0.1 və 10.2.1-ci maddələrinə əsasən, həmin torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılması üçün əsasdır və cavabdehin həmin qeydiyyatı aparmaqdan imtina edilməsi ilə bağlı istinad etdiyi hallar həmin qanunun 15-ci maddəsində nəzərdə tutulmadığından əsaslı deyildir.

47. Məhkəmə kollegiyası qeyd olunanları, nəzərə alaraq, hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuş, birinci instansiya məhkəməsi tərəfindən hazırkı işə baxılarkən işin halları tam araşdırılmamış, iş üzrə müəyyən edilmiş hallara maddi hüquq normaları düzgün tətbiq olunmamış, qərarın ləğvi üçün əsas olan qanun pozuntularına yol verilmişdir. Bu baxımdan, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətində göstərdiyi dəlilləri qiymətləndirirərək hesab edir ki, bu dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsasdır.

48. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir.

49. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

QƏRARA ALDİ:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 dekabr 2022-ci il tarixli, 2-1(118)-2251/2022 nömrəli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Şamaxı rayonu Qəleybuğurd kəndində yerləşən 2 ha torpaq sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar