Məhkəmə qərarları › İş №2-1(105)-191/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-191/2025

08.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-191/2025 08.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Əzizova Vəfa Ehtiram qızı, hakimlər X5 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Nəsirov Natiq Elçin oğlunun katibliyi ilə, İddiaçı Cavabdeh icra məmuru X4 qarşı “Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2- 1(85)-627/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarını və Siyəzən rayon Məhkəməsinin 2(059)-05/2015 saylı, xx.xx.2015-cil il tarixli qətnaməsini, Quba rayon İcra və Probasiya şöbəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etməklə icra etməsi və edilməsi faktının mübahisələndirilməsi və törədilmiş vəzifə saxtakarlığı faktı nəticəsində Cavabdeh icra məmuru X2 məcburi icrasını təmin etməsindən yayınması və hərəkətsizliyi faktı barədə qərar qəbul edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Sumqayıt İnzibati Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2-1(118)- 2862/2024 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. Təsviri hissə İddiaçı Cavabdeh icra məmuru X4 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-627/2016 saylı, xx.xx.2016-cı il tarixli qərarını və Siyəzən rayon Məhkəməsinin 2(059)-05/2015 saylı, xx.xx.2015-cil il tarixli qətnaməsini, Quba rayon İcra və Probasiya şöbəsində rəsmi sənədləri saxtalaşdırma, qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etməklə icra etməsi və edilməsi faktının mübahisələndirilməsi və törədilmiş vəzifə saxtakarlığı faktı nəticəsində Cavabdeh icra məmuru X2 məcburi icrasını təmin etməsindən yayınması və hərəkətsizliyi faktı barədə qərar qəbul edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Siyəzən rayon Məhkəməsinin 2(059)-05/2015 saylı, xx.xx.2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı xeyrinə cavabdeh X1 maddi ziyanın əvəzi olaraq 5000 manat və 10000 manat mənəvi zərərin əvəzi olaraq, cəmi 15000 mamat tutulmalıdır. Qətnamə icra edilməsi üçün xx.xx.2015-ci il tarxdə Siyəzən rayon İcra Şöbəsində icraya yönəldilmiş və İcra şöbəsinin rəisi və icra məmuru olmuş E.Məmmədov tərəfindən icraya başlamaq haqqında qərar qəbul edilmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-627/2016 saylı xx.xx.2016-cı il tarixli qərarı ilə Siyəzən rayon İcra Şöbəsinin həçin icra sənədinin ərazi aidiyyəti üzrə göndərilməsi barədə xx.xx.2015-ci il tarixli qərarı ləğv edilmişdir. Lakin Cavabdeh icra məmuru X6 tərəfindən Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-627/2016 saylı,xx.xx.2016-cı il tarixli qərarı nəzərə alınmadan icra sənədinin məcburi icrası təmin edilmədən, vəzifə saxtakarlığı törətməklə, ünvan 1 ünvanda daimi qeydiyyatda olan və Siyəzən şəhərində ailəvi yaşayan borclu X3 ilə, cinayət əlaqəsinə girməklə tutduğu vəzifədən öz şəxsi məqsədləri üçün suiistifadə etmiş və Azərbaycan Respublikası İXM-nin 13-cü maddəsi ilə inzibati xəta törətməklə yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.1-ci (rəsmi sənədləri saxtalaşdırma qanunsuz hazırlama və saxta sənədlərdən istifadə etməklə, 09 oktyabr 2017-ci il tarixli qərarla icra sənədinin icraatına xitam verilmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 08 oktyabr 2024-cü il tarixli, 2-1(118)-2862/2024 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır (hakim Leyla Mirzəyeva). Qərardad onunla əsaslandırmışdır ki, mübahisənin inzibati xarakterli ola bilməsi üçün tərəflərdən heç olmasa biri inzibati orqan olmalı və mübahisə həmin inzibati orqanın inzibati fəaliyyəti ilə bağlı olmalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarına əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olubolmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilibedilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Həmin qərarın 6.1-ci bəndində qeyd olunmuşdur ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır İddiaçı qərardaddan apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsi və işə mahiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmışdır. Tətbiq edilən hüquq “İcra haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 26. İcra sənədlərinin icrasına nəzarət İcra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair 2 sentyabr 2015-ci il tarixli Qərarı: Qətnaməni qəbul etmiş məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə, inzibati-iqtisadi məhkəmələr isə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, məhkəmə qərarının icrası ilə əlaqədar icra məmurunun qərarından, hərəkətlərindən (hərəkətsizliyindən) irəli gələn mübahisələrə dair işlərə baxırlar. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair 2017-ci il 10 oktyabr tarixli qərarı: “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.5-ci maddəsinə görə, tərəflər icra məmurunun icra sənədi üzrə icraata xitam verilməsi barədə qərarından icra sənədini vermiş məhkəməyə şikayət verə bilərlər. Qətnamə çıxarıldıqdan sonra həmin qətnaməni çıxaran hakimin üzərinə qoyulan bir sıra vəzifələr (məsələn, qətnamədəki yanlışlıqların və ya açıq hesab səhvlərinin düzəldilməsi (maddə 228), əlavə qətnamənin çıxarılması (maddə 229), qətnamənin izah edilməsi (maddə 230), qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi (maddə 231.1, 231.2), ödənilməli pul məbləğlərinin indeksasiyası (maddə 232) məhz qətnamənin səmərəli icrasını təmin etmək məqsədini daşıyır. Qeyd olunanlar eyni zamanda məhkəmənin qəbul etdiyi qətnamənin icrasına nəzarət funksiyasının həyata keçirilməsinə də xidmət edir. Belə ki, “İcra haqqında” Qanunun 26-cı maddəsinə əsasən, icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Mülki Prosessual Məcəllədə olduğu kimi, “İcra haqqında” Qanunda da bu mövqedən çıxış edilərək qətnamənin icrasının təmin edilməsi və icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət məqsədilə icra məmurunun icra sənədini vermiş məhkəməyə müraciət etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 1. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin tətbiqi dairəsi 1.1. Bu məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra – inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati mübahisələrə dair işlər üzrə məhkəmələr və inzibati mübahisələrə dair işlər üzrə məhkəmə kollegiyaları tərəfindən həyata keçirilir. Maddə 12. İşin hallarının araşdırılması prinsipi. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisə mahiyyət etibarı ilə iş üzrə borclu X1 tələbkar (iddiaçı) İddiaçı xeyrinə 15000 manat məbləğində pul vəsaitinin tutulması barədə mülki məhkəmə qətnaməsinin icrası ilə bağlı cavabdehin hərəkətləri ilə əlaqədardır. Qeyd olunan mübahisə cavabdehin mülki məhkəmə qətnaməsinin icrasına yönəlmiş hərəkətləri ilə bağlı olduğundan, predmet baxımından inzibati məhkəmələrin səlahiyyətinə aid edilə bilməz. Məhkəmənin predmet üzrə aidiyyəti məhkəmə hesab olunması üçün onun həmin mübahisəyə dair qərar qəbul etmə səlahiyyətinə malik olması şərti ödənilmiş olmalıdır. İnzibati prosesdə bu şərt o zaman ödənilmiş sayılır ki, mübahisə inzibati və ya ümumi (publik) hüquq münasibətləri ilə bağlı və həmin münasibətlərdən yaranmış olsun. Bu şərt ödənilmədiyi təqdirdə mübahisəyə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin yuxarıda istinad olunan normalarında təsbit edilmiş qaydaya görə, inzibati məhkəmələr yalnız inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrə baxmaq və həll etmək səlahiyyətinə malikdir. Mübahisənin inzibati (publik) – hüquqi xarakteri həmin mübahisəyə (iddia və ya ərizəyə) inzibati məhkəmələr tərəfindən baxılması üçün əsas mümkünlük şərtlərindən sayılır. Hazırkı işdə bu şərt ödənilmədiyi üçün iddianın mümkün sayılmaması barədə məhkəmənin gəldiyi nəticə düzgündür. Digər tərəfdən, məhkəmə qətnaməsinin məcburi icrasına nəzarət, həmin qətnaməni qəbul etmiş məhkəmənin məsuliyyət sferasına aiddir və icra sənədi üzrə tədbirlər yalnız müvafiq məhkəmə tərəfindən müəyyən edilə bilər. İcra məmurunun hərəkətinin və ya qərarının hüquqlarına və qanunla qorunan maraqlarına toxunduğunu güman etdiyi hallarda, şəxs sözügedən hərəkətdən və qərardan müdafiə olunmaq üçün icra sənədini vermiş və icraya nəzarət edən məhkəməyə müraciət edə bilər. Nəzərə almaq lazımdır ki, məhkəmə qərarının icrası ədalətli məhkəmə məhkəmə araşdırması prinsipinın tərkib hissəsi sayılmalı və onun davamı kimi qəbul edilməlidir. Bu mənada hazırkı iş üzrə iddiaçı bu qaydaya uyğun olaraq, icra sənədini vermiş və icraya nəzarət edən mülki məhkəməyə müraciət etməli idi. Belə ki, Cavabdeh mübahisə olunan hərəkəti və ya hərəkətsizliyi məzmun etibarı ilə mülki hüquq normalarına əsaslanan müvafiq məhkəmə qətnaməsi ilə müəyyən edilmiş tələbin icrası, yəni iddiaçının xeyrinə pul vəsaitinin tutulması ilə bağlıdır. Nəzərə alınmalıdır ki, tələbin icraya yönəldilməsi barədə icra sənədi də həmin tələb üzrə mübahisəyə baxmış məhkəmə tərəfindən verilmişdir. Məhkəmə qətnaməsinin icrasının həmin qətnamə ilə müəyyən olunmuş həddə həyata keçirilməsinə nəzarət, icraya möhlət vermə və ya qətnaməni hissə-hissə icra etdirmə, onun icra üsulunu və qaydasını dəyişdirmə həmin işə baxmış və qətnaməni çıxarmış məhkəmənin səlahiyyət sferasına aiddir. Məhz bu səbəblərdən icra məmurunun məhkəmə qətnaməsinin və həmin qətnamə əsasında verilmiş icra sənədinin icrası üzrə qərarı və ya hərəkəti (hərəkətsizliyi) ilə bağlı mübahisələr inzibati hüquq münasibətlərindən əmələ gələn mübahisələr kimi qiymətləndirilə və bu səbəbdən onlara inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. Məhkəmə kollegiyası yuxarıda qeyd olunanların davamı və təsdiqi olaraq bir daha vurğulayır ki, Avropa İnsan hüquqları Məhkəməsinin “Assanidze Gürcüstana qarşı” işi üzrə 8 aprel 2004-cü il tarixli qərarında ifadə edilən hüquqi mövqeyə görə, istənilən məhkəmənin qəbul etdiyi qərarın icrası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 6-cı maddəsinin məqsədləri üçün məhkəmə araşdırmasının tərkib hissəsi sayılmalıdır. Məhkəmə tərəfindən verilən qərarın icra olunması Konvensiyanın 6-cı maddəsinin məqsədləri çərçivəsində "məhkəmə araşdırmasının" ayrılmaz tərkib hissəsini təşkil etməlidir (Gülməmmədova Azərbaycana qarşı, § 35, Romańczyk Fransaya qarşı, § 53, aliment üzrə borcların bərpası üzrə məhkəmə qərarının icrası ilə bağlı). Məhkəmə kollegiyasının bu qənaəti həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun yuxarıda istinad olunan 2015-ci il 2 sentyabr tarixli Qərarında ifadə olunmuş hüquqi mövqe ilə də uzlaşır. Belə ki, həmin qərarda ifadə olunmuş hüquqi mövqeyə görə, “İcra haqqında” Qanun icra sənədinin icra olunması ilə bağlı icra məmurunun hərəkətlərindən və ya hərəkətsizliyindən şikayət verilə biləcəyini təsbit edir. Burada, inzibati iddia olmayan şikayət nəzərdə tutulur. Məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi və davamı kimi qəbul edildiyindən, məhkəmə qərarının icrası ilə bağlı icra məmurunun qərarından, hərəkət və ya hərəkətsizliyindən şikayətlərə də icra sənədini verən və ya icraya nəzarət edən müvafiq məhkəmə tərəfindən baxılmalıdır. Həmçinin, həmin qərarda müəyyən edilmişdir ki, qətnaməni qəbul etmiş məhkəmələr Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 236-cı maddəsinə müvafiq olaraq, həmin Məcəllənin 228-232-ci maddələrində göstərilən hallarda qətnamənin icrasının təmin edilməsinə dair işlərə baxırlar. Məhkəmə kollegiyası xüsusilə vurğulayır ki, hazırkı iddianın inzibati məhkəmə tərəfindən aidiyyətlə bağlı mümkün sayılmaması, müvafiq iddia ilə predmet aidiyyəti üzrə səlahiyyətli məhkəməyə, konkret mübahisəyə münasibətdə isə əsas iş üzrə qətnamə çıxarmış mülki məhkəməyə müraciət etmək hüququnu istisna edə bilməz və etməməlidir. Şəxsin dövlət orqanlarının qərar və hərəkətlərindən məhkəmə qaydasında müdafiə hüququ konstitusiyanın qoruma sferasına aiddir və hər bir halda təmin olunur. Lakin bu tələb şəxsin məhkəmə qaydasında müdafiə hüququnun predmet aidiyyəti üzrə səlahiyyətli məhkəmələr tərəfindən təmin edilməsi prinsipini istisna edən hal kimi təfsir edilməməlidir. Beləliklə, mülki məhkəmə qətnaməsinin icrası üzrə həmin məhkəmə tərəfindən verilmiş icra sənədinin icrası ilə bağlı icra məmurunun qərarına və ya hərəkətinə dair mübahisəyə aidiyyəti mülki məhkəmə tərəfindən baxılmalı və həll edilməlidir. Qeyd olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı mümkün saymayarkən düzgün nəticəyə gəlmişdir, məhkəmə qərardadının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar yoxdur. Odur ki, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1, 80, 85, 87, 90 və 94- cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-2862/2024 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar