Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-192/2022 29.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə, İddiaçı cavabdeh Sumqayıt şəhər qeydiyyat şöbəsinə qarşı “onun soyadının əvvəlki soyadına qaytarılmasına, soyadının “Əzizov” kimi yazılmasına və bu barədə müvafiq qeydiyyat aparmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsinin cavabdeh təşkilatın üzərinə vəzifə kimi qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1621/2021 saylı qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı xx.xx.1969-cu il tarixdə Laçın rayonunda anadan olmuşdur. Artıq uzun illərdir ki, Sumqayıt şəhəri Sumqayıt şəhər sürücülük məktəbinin yataqxanasında məskunlaşmışdır.
2. O, anadan olarkən doğum haqqında şəhadətnamənin ad qrafasında “Vəkil”, soyad qrafasında isə “Əzizov” kimi qeyd edilmişdir. Sonradan o, baba adını əbədiləşdirmək məqsədi ilə soyadını “Əzizov” deyil, “Əşrəfli” kimi olmasını istəmiş və bununla bağlı 2015-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinə ərizə ilə müraciət etmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9315/2015 saylı, 18.09.2015-ci il tarixli qətnaməsi ilə ərizəsi təmin edilmiş, onun soyadının dəyişdirilərək “Əşrəfli” kimi qeydə alınması qət edilmişdir. Həmin qətnamə əsasında AZ-İ 015186 №-li, 24.10.2015-ci il tarixli soyadın dəyişdirilməsi haqqında şəhadətnamə verilmiş və yeni doğum haqqında şəhadətnaməmin soyad qrafasında "Əşrəfli” kimi qeyd olunmuşdur. Ona məxsus olan AA ******* seriyalı şəxsiyyət vəsiqəsində də İddiaçı yazılmışdır.
3. İddiaçı 27.07.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək soyadının əvvəlki soyadına qaytarılmasına, yəni soyadının “Əzizov” kimi yazılmasına və bu barədə müvafiq qeydiyyat aparmaqla yeni doğum haqqında şəhadətnamənin verilməsini cavabdeh təşkilatın üzərinə vəzifə kimi qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Birinci instansiya məhkəməsində icraat
4. İddiaçı yuxarıda qeyd edilən tələblə məhkəməyə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, hal-hazırda ailədə hamının eyni soyadda olması, iddiaçının ayrı soyadda olması həm narazılıqlara səbəb olur, həm də bəzi sənədləşmə işlərində zərurətlər yaradır. Bu səbəbdən yenidən soyadının “Əzizov” kimi dəyişdirilməsini istəyir. İddiaçı bununla bağlı Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sumqayıt şəhər qeydiyyat şöbəsinə ərizə ilə müraciət etmişdir. Sumqayıt şəhər qeydiyyat şöbəsi 07.07.2021-ci il tarixli, 05/Q/-165/62 №-li məktubu ilə imtina cavabı vermişdir. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur.
5. Cavabdeh iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011- ci il tarixli, 79 saylı Qərarı ilə “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nın tələbinə əsasən iddiaçının soyadı 24.10.2015-ci il tarixdə dəyişdirilmişdir. “Qaydalar”-ın tələbinə əsasən soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilmir.
6. Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1621/2021 saylı qərarı ilə iddia təmin edilməmişdir. (hakim İsmayıl Quliyev)
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə yol verilən hallar Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarında imperativ olaraq öz əksini tapmışdır, lakin hazırki işdə iddiaçının soyadının növbəti dəfə dəyişdirilməsi üçün həmin hallardan hər hansı biri müyyən olunmur. Buna görə də məhkəmə hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçının soyadının dəyişilməsindən imtinası əsaslı olmuşdur.
8. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının soyadının “Əşrəfli”dən “Əzizov”a dəyişdirilməsinə mane olan heç bir hal mövcud deyildir. Soyadını “Əşrəfli” kimi dəyişsə də onu əvvəlki kimi “Əzizov” deyə çağırırlar və bir çox sənədlərdə soyadı “Əzizov” kimi yazılır. Nəslinin bütün sakinləri “Əzizov” kimi qalır. Ona aid olan olan sənədlərin rəsmiləşdirilməsində problemlər yaranır. Soyadının müxtəlifliyi qohumlar və qardaşlar arasında narazılıq yaradır. Məhkəmə araşdırma aparmamış və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydalarına istinad etməklə əsassız qərar çıxarmışdır.
b) Məhkəmə icraatı iştirakçılarının izahatları
10. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Ailə Məcəlləsi: Maddə 189. Azərbaycan Respublikası vətəndaşlarının öz adını və soyadını, atasının adını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. Maddə 26.4. Fiziki şəxsin qanunla müəyyənləşdirilmiş qaydada öz adını dəyişdirmək ixtiyarı vardır.
13. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011-ci il 12 may tarixli 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi” Qaydaları: Bənd 1.3. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 26.1-ci maddəsinə əsasən hər bir fiziki şəxsin adı addan, ata adından və soyaddan ibarətdir; Bənd 1.5. Adın verilməsindən və ya dəyişdirilməsindən imtina edilməsi barədə qeydiyyat orqanının qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər; Bənd 6.1. Azərbaycan Respublikası vətəndaşlarının öz adını, ata adını və soyadını dəyişdirməsinə 18 yaşına çatdıqdan sonra yol verilir; Bənd 6.2. Adın, ata adının və soyadın dəyişdirilməsi qeydiyyat şöbəsi və ya konsulluq tərəfindən həyata keçirilir; Bənd 6.3. Adın, ata adının və soyadın növbəti dəfə dəyişdirilməsinə (ər-arvadın birinin digərinin soyadını qəbul etməsi və ya nikahdan əvvəlki soyadına qayıtması halları istisna olmaqla) bu Qaydaların 6.24-6.28-ci bəndlərində müəyyən olunmuş hallarda yol verilir. Bənd 6.24. Ər-arvaddan birinin soyadını dəyişdirməsi digərinin soyadının dəyişilməsinə səbəb olmur. Bənd. 6.25. Atanın öz adını dəyişdirməsi qeydə alınarkən, onun yetkinlik yaşına çatmayan uşaqlarının ata adı dəyişdirilir. Yetkinlik yaşına çatanların ata adı yalnız o hallarda dəyişdirilir ki, onların özləri bu barədə müraciət etmiş olsunlar. Bənd 6.26. Hər iki valideynin soyadı dəyişdirildikdə, yetkinlik yaşına çatmayanların soyadı dəyişdirilir. Soyadı valideynlərdən biri dəyişdirərsə, onun yetkinlik yaşına çatmayan uşaqlarının soyadının dəyişdirilməsi məsələsi valideynlər arasında razılığa görə, razılıq olmadıqda isə yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanı tərəfindən həll edilir. Bənd 6.27. Valideynlərdən birinin və ya hər ikisinin soyadı, yaxud atanın adı dəyişdirildikdə, yetkinlik yaşına çatmış övladın ərizəsi ilə onun soyadı və ata adı dəyişdirilir. Bənd 6.28. Valideynlərdən biri və ya hər ikisi adını, ata adını, soyadını dəyişdirdikdə istər yetkinlik yaşına çatmayan, istərsə də yetkinlik yaşına çatmış övladların doğum haqqında akt qeydlərində valideynlər haqqında məlumata dəyişiklik edilir. Bunun üçün yetkinlik yaşına çatmış övladların ərizəsi tələb olunmur. Övladlığa götürənlər övladlığa götürülənin valideyni qismində yazılmışlarsa, yetkinlik yaşına çatan və çatmayan övladlığa götürülənlərin doğum haqqında akt qeydlərində, övladlığa götürmə haqqında akt qeydində, eləcə də atalığın müəyyən edilməsi haqqında akt qeydində eyni qaydada dəyişiklik edilir.
14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 1.1. Bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Maddə 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 22.02.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
16. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
17. Hazırki işdən görünür ki, tərəflər arasında yaranmış mübahisə soyadın dəyişdirilməsi ilə bağlıdır və iddiaçı soyadının “Əşrəfli”dən “Əzizov”a dəyişdirilməsini xahiş edir.
18. Məhkəmə kollegiyası yuxarıda qeyd olunan normalara əsasən qeyd edir ki, hər kəs qanunvericilikdən irəli gələn konkret hallar istina olmaqla adın, ata adının və soyadın dəyişdirilməsi hüququna malikdir. Şəxsin bu hüququnun reallaşdırılmasından imtina edən dövlət orqanları buna maneə təşkil edən konkret halların mövcudluğuna istinad etməli və imtina qərarlarını qanunvericiliyin konkret müddəalarına istinadla əsaslandırmalıdırlar.
19. Belə ki, adın, ata adının və soyadın dəyişdirilməsi ilə bağlı məsələ şəxsi həyata və ailə həyatına hörmət hüququ çərçivəsindən qiymətləndirilməli olan konstitusion hüquqdur. Ona görə də, həmin hüququn məhdudlaşdırılması qanunçuluğun tələblərinə cavab verməli, gətirilmiş məhdudiyyət qanunda konkret göstərilmiş legitim məqsədlərə nail olmağa yönəlməli, arzu edilən nəticə ilə tətbiq edilən vasitə mütənasib olmalı və belə məhdudiyyət konstitusiya hüququnun mahiyyətini dəyişməməlidir.
20. İşdən görünür ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-9315/2015 saylı, 18.09.2015-ci il tarixli qətnaməsi ilə xx.xx.1969-cu il tarixdə anadan olmuş Əzizov Vəkil Lətif oğlunun soyadı dəyişdirilərək “Əşrəfli” kimi qeydə alınması qət edilmişdir. Həmin qətnamə əsasında AZ-İ 015186 №-li, 24.10.2015-ci il tarixli soyadın dəyişdirilməsi haqqında şəhadətnamə verilmiş və yeni doğum haqqında şəhadətnaməmin soyad qrafasında iddiaçının soyadı "Əşrəfli” kimi qeyd olunmuşdur. Ona məxsus olan AA seriyalı, ******* saylı şəxsiyyət vəsiqəsində də İddiaçı yazılmışdır.
21. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 79 nömrəli qərarı ilə təsdiq edilmiş “Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi Qaydaları”nda soyadın dəyişdirilməsi məsələsi dəqiq tənzimlənmişdir. Həmin Qaydaların tələbinə görə adın, ata adının və soyadın ikinci dəfə dəyişdirilməsi üçün konkret əsaslar mövcud olmalıdır. Belə ki, 18 yaşına çatmış hər bir vətəndaşa yalnız bir dəfə olmaqla ad və soyadının dəyişdirilməsi hüququ tanınmış, növbəti dəfə dəyişdirilməsinə isə yalnız ərarvaddan biri soyadını dəyişdirdikdə; yetkinlik yaşına çatan şəxsin atasının öz adını dəyişdirdikdə; yetkinlik yaşına çatmayan uşaqların hər iki valideynin razılığı ilə valideynlərdən biri soyadı dəyişdirdikdə; yetkinlik yaşına çatmış övladın valideynlərdən birinin və ya hər ikisinin soyadı dəyişdirildikdə imkan verilir.
22. Hazırkı işdə “Qaydalar”ın 6.24-6.28-ci bəndlərində nəzərdə tutulmuş hallar yoxdur. İddiaçının öz tələbinin əsası kimi istinad etdiyi hallar isə həmin məzmunda tələbin təmin olunması üçün yetərli deyil.
23. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə soyadın ikinci dəfə dəyişdirilməsi üçün konkret əsaslar mövcud olmadığından iddia əsaslı sayıla bilməz, apellyasiya şikayətinin dəlilləri isə birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas sayıla bilməz. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
24. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 oktyabr 2021-ci il tarixli, 2-1(118)-1621/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.