Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-192/2023 01.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçılar İddiaçı3 və İddiaçı1 iştirakları ilə, İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(118)-3266/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı3 xx.xx.2017-ci tarixindən Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasına (Sumqayıt şəhəri, Nizami küçəsi, 19 C, məhəllə 6 ünvanı) qeydiyyata alınmış, sonradan cavabdeh tərəfindən həmin ünvandan qeydiyyatdan çıxarılmışdır. Bununla əlaqədar, İddiaçı3 ərizə ilə cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinə müraciət edərək Sumqayıt Şəhər Polis İdarəsinə yenidən pasport qeydiyyatına salınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2022-ci il tarixli, 123-33557K-3222 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş sənədləri təqdim etdikdə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin olunacaqdır. İddiaçılar İddiaçı3, İddiaçı2, İddiaçı4, İddiaçı1 cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək onları əvvəl qeydiyyatda olduqları Sumqayıt Şəhər Polis İdarəsinə yenidən pasport qeydiyyatına salınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı3 xx.xx.1957-ci il tarixdə Quba rayonunun Amsar kəndində anadan olmuşdur, ailəlidir, 3 qızı vardır. Hazırda ünvan 1 ünvanında həyat yoldaşı və böyük qızı ilə bir yerdə yaşayır. Böyük qızı İddiaçı1 ağır psixoloji xəstədir. Bununla bağlı olaraq da heç bir yerdə işləmir. Onun özü də fərdi əməklə məşğuldur. Ailədə ondan başqa işləyən heç kim yoxdur. Əvvəllər Corat qəsəbəsində 402A nömrəli fərdi evdə yaşamış və orada qeydiyyatda olmuşlar. Daha sonra həmin evi satmış, evi satdıqdan sonra evin yeni sahibləri onları qeydiyyatdan çıxarmışlar. xx.xx.2017-ci ildən isə Sumqayıt şəhər Polis İdarəsində pasport qeydiyyatında olmuşlar. Hazırda yaşadığı evin sənədi olmadığına görə həmin mənzilə pasport qeydiyyatına düşə bilmirlər. Dəfələrlə müvafiq orqanlara müraciət etsələr də sənədi olmadığına görə evə qeydiyyata düşə bilməmişlər. Bu səbəbdən də, Sumqayıt ŞPİ-də qeydiyyatda qalmışlar. Yaxınlarda şəxsiyyət vəsiqəsini yeniləmək üçün Sumqayıt şəhər 2 saylı “ASAN xidmət” mərkəzinə müraciət etdiyi zaman qeydiyyatda olduğu Sumqayıt şəhər Polis İdarəsindən qeydiyyatdan çıxarıldığı məlum olmuşdur. Yuxarıda qeyd olunanlarla bağlı Sumqayıt Şəhər Polis İdarəsinə ərizə ilə müraciət etmiş, lakin cavabdeh müraciətin icrasından imtina etmişdir. Hesab edir ki, imtina qanunsuzdur. Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(118)-3266/2022 nömrəli qərarı ilə iddia tələbi rədd edilmişdir (hakim C.Məmmədov) Həmin qərardan narazı qalan iddiaçılar apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və əvvəl qeydiyyatda olduqları Sumqayıt Şəhər Polis İdarəsinə pasport qeydiyyatlarının bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçılar apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdirlər ki, qaldırılmış iddia iddiaçıların hər hansı ünvana qeydiyyata alınmaları ilə bağlı deyil, onların 2017-ci ildən mövcud olmuş qeydiyyatlarının bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulması ilə bağlıdır. Yəni birinci instansiya məhkəməsinin istinad etdiyi normalar yalnız onların qeydiyyata alınmalarını tələb etdiyi hər hansı yaşayış yeri ilə bağlı yaranmış münasibətlərin tənzimlənməsi zamanı tətbiq oluna bilər. Qeyd edir ki, yaranmış mübahisə cavabdeh tərəfindən iddiaçıların məhkəmə qərarı olmadan 5 ildən artıq bir müddətdə qeydiyyatda olduqları ünvandan çıxarılmaları ilə bağlıdır ki, bu halda cavabdehin hərəkətləri qanunsuz hesab olunaraq qeydiyyatları bərpa edilməli idi. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsaslardan biri şəxsin yaşayış yerindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin mövcudluğudur. Şəxsin yaşayış yerindən qeydiyytdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə ümumiyyətlə, qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya AR Nazirlər Kabinetinin 9 aprel 2003-cü il tarixli, 55 s nömrəli Sərəncamına uyğun olaraq AR Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. İddiaçıları cavabdeh tərəfindən qeydiyyata alınmış və qeydiyyatdan çıxarılmaları üçün əsasların heç biri olmadığı halda cavabdeh tərəfindən həmin ünvandan qeydiyyatdan çıxarılmışlar. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı3 apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək izahatında əlavə olaraq qeyd etdi ki, məhkəmə qətnaməsinə əsasən cavabdehin ünvanına qeydiyyata düşmüşlər. Əvvəllər Corat qəsəbəsi, 402 A ünvanında qeydiyyatda olmuş, sonradan evi satmışdır. Corat qəsəbəsindən köçdükdən sonra Sumqayıt şəhəri, 76-cı məhəllə, 329 ünvanında yaşamışlar. Hazırda yaşadıqları evin yerləşdiyi torpaq sahəsinin sənədi yoxdur, lakin torpaq vergiləri ödəyir. Evi Yusif adlı şəxsdən almışdır. İddiaçı birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 izahatında bildirdi ki, xəstəliyinə görə poliklinikadan ona dərman verilir. Hazırda qeydiyyat ünvanları olmadığından poliklinikadan dərman ala bilmir. İddiaçı birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Digər iddiaçılar İddiaçı2, İddiaçı4 və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbi haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İPM-nin 62.3cü maddəsinə əsasən işə iddiaçılar və cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. TƏTBİQ EDİLƏN HÜQUQ: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın əsasları Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat icazə xarakteri daşımır və yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmaq üçün bu Qanunda göstərilənlərdən başqa sənədlər tələb edilə bilməz. Maddə 2. Yaşayış yeri və olduğu yer anlayışları Şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. On dörd yaşından on səkkiz yaşınadək olan yetkinlik yaşına çatmayanların (tam həcmdə fəaliyyət qabiliyyəti əldə edənlər istisna olmaqla) yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin, yaxud qəyyumların və ya himayəçilərin razılığı ilə müəyyən edilir. Maddə 4 . Qeydiyyata almanın məhdudlaşdırılması əsasları Sərhəd zonalarında, qapalı hərbi şəhərciklərin ərazilərində, qapalı ərazilərdə, ekoloji fəlakət zonalarında, infeksiya və zəhərlənmə ilə bağlı xüsusi şərtlər və rejimlər qoyulmuş, fövqəladə və ya hərbi vəziyyət elan olunmuş yerlərdə, müharibə, səfərbərlik elan olunduqda yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alma məhdudlaşdırıla bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPM-in 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 01 mart 2023-cü il tarixli, 2-1(118)-192/2023 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(118)-3266/2022 nömrəli qərarı iddiaçılar İddiaçı2, İddiaçı4, İddiaçı1 Sumqayıt Şəhər Polis İdarəsinə yenidən pasport qeydiyyatına alınmasına dair iddianın təmin edilməməsi hissəsində ləğv edilmiş, həmin hissədə iddia mümkün sayılmamışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı İddiaçı3 Sumqayıt Şəhər Polis İdarəsinə yenidən pasport qeydiyyatına alınmasına dair iddianın təmin edilməməsi hissəsində ləğv edilməli, həmin hissədə iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını belə əsaslandırmışdır ki, qanunvericiliyin tələbinə əsasən qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşin hallarına görə, iddiaçı yaşayış yeri üzrə qeydiyyatı istinad edilmiş Qanunun 5-ci maddəsində nəzərdə tutulmuş yaşayış sahəsinə köçmək üçün əsas verən sənədlərdən heç birini təqdim etməmişdir. Yəni iddiaçıların qeydiyyata alınmaq istədiyi sahə ilə hüququnu təsdiq edən sənədi və yaxud həmin mənzilə hüququ olan şəxsin ərizəsini təqdim etməmişdir. Bu əsasla cavabdeh inzibati orqan düzgün olaraq iddiaçının müraciətini təmin etməmişdir. Məhkəmə kollegiyası İddiaçı3 Sumqayıt Şəhər Polis İdarəsinə yenidən pasport qeydiyyatına alınmasına dair iddianın təmin edilməməsi hissəsində aşağıdakıları qeyd edir: Əvvəla, işdən görünür ki, hazırkı mübahisə predmeti iddiaçının ilk dəfə cavabdehin inzibati binasına qeydiyyata alınması deyil, yenidən qeydiyyata alınması, dolayısı ilə əvvəllər aparılmış qeydiyyatının bərpa edilməsi barədədir. İş materiallarında olan Sumqayıt Şəhər Polis İdarəsi Qeydiyyat və şəxsiyyət vəsiqəsi şöbəsi tərəfindən İddiaçı3 verilmiş AZE seriyalı, ******** saylı şəxsiyyət vəsiqəsindən görünür ki, o, 2017-ci ildən ünvan 2 ünvan isə hazırkı iş üzrə cavabdehin ünvanıdır. Həmçinin, iddiaçı tələbinin əsası kimi hazırda yaşağı evin sənədi olmadığına görə həmin mənzilə qeydiyyata alına bilmədiyini, xx.xx.2017-ci tarixindən Sumqayıt Şəhər Polis İdarəsində qeydiyyatda olduğunu, “ASAN xidmət” mərkəzinə şəxsiyyət vəsiqəsini yeniləmək üçün müraciət etdiyi zaman həmin ünvandan qeydiyyatdan çıxarıldığını bildiyini, bunun üçün əsaslar olmadığı halda cavabdehin inzibati binasından qeydiyyatdan çıxarıldığını qeyd etmişlər. Cavabdeh isə imtinasını onunla əsaslandırmışdır ki, İddiaçı3 “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinin 2-ci bəndində nəzərdə tutulmuş sənədləri təqdim etdikdə qeydiyyata alınaraq şəxsiyyət vəsiqəsi ilə təmin olunacaqdır. Eləcə də, iddiaçı iddia ərizəsində cavabdehin ünvanına yenidən pasport qeydiyyatına alınmasını xahiş etsə də, apellyasiya şikayətində əvvəl qeydiyyatda olduğu cavabdehin ünvanına pasport qeydiyyatının bərpası vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Məhkəmə qeyd edir ki, hər bir şəxsin yaşadığı yer üzrə qeydiyyata alınması qanunvericiliyin tələbidir və bu tələb şəxslə dövlət arasındakı qarşılıqlı öhdəliklərin icrasına lazımi şərait yaradılmasına xidmət edir. Bu tələbin icra edilməməsi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun güddüyü məqsədə zidd olmaqla seçki və sosial təminat hüquqlarının realizəsi, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s. kimi məsələlərdə çətinliklər yarada bilər. Məhz bunun qarşısının alınması məqsədi ilə qanunverici Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 563-cü maddəsində yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında qanunvericiliyin pozulmasını inzibati xəta kimi müəyyən edərək inzibati məsuliyyət nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli sərəncamı ilə yaşayış yeri olmayan Azərbaycan Respublikası vətəndaşlarının Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi barədə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Ədliyyə Nazirliyi ilə razılaşdırılmış təklifi qəbul edilmişdir. Göründüyü kimi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 55s nömrəli sərəncamı yalnız şəxsin yaşayış yeri olmayan statusuna malik olmasını zəruri edir ki, qeyd edilən hal hazırkı iş üzrə İddiaçı3 münasibətdə mövcuddur. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun: - 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə şəxsiyyət vəsiqəsi, yaşayış yerinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsini təqdim etməlidir. - 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 5-ci maddəsində vətəndaşın yaşayış yeri üzrə qeydiyyata alınması qaydası, 9-cu maddəsində isə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması qaydası təsbit edilmişdir. İşə baxan məhkəmə həmin Qanunun 5-ci maddəsinə istinad edərək iddiaçıların yaşayış yeri üzrə qeydiyyata alınmaları üçün həmin maddədə nəzərdə tutulan sənədləri təqdim etmədiklərini qeyd etmiş, bu səbəbdən də, iddianı təmin etməmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yuxarıda qeyd edilən xx.xx.2003-cü il tarixli 55s nömrəli sərəncamı ilə iddiaçının İddiaçı3 şəxsində yaşayış yeri olmayan vətəndaşların DİN-in şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyatdan keçirilməsi və onlara şəxsiyyət vəsiqəsi fərdiləşdirilərkən şəxsiyyət vəsiqəsinin “yaşayış yeri” bölməsində həmin ünvanın şərti olaraq göstərilməsi qaydası müəyyən edilmiş və İddiaçı3 da bu sərəncamın tələblərinə uyğun olaraq 2017-ci ildən ünvan 3 ünvanında yerləşən inzibati binasına qeydiyyata alınmışdır. Kolllegiya qeyd edir ki, hazırkı mübahisə üzrə tətbiq edilməli olan norma sözügedən Qanunun 9-cu maddəsidir. Belə ki, 9-cu maddədə şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması əsasları konkret olaraq sadalanmışdır. Lakin, işdən görünür ki, cavabdeh tərəfindən iddiaçının qeydiyyatdan çıxarılması üçün ona münasibətdə həmin maddədə nəzərdə tutulan əsaslardan hər hansı biri mövcud olmamışdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli qərarında qeyd edilir ki, Mülki Məcəllənin 228-ci, Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Yuxarıda sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək məhkəmə belə nəticəyə gəlir ki, iddiaçının Azərbaycan Respublikasının vətəndaşı olması, onun yaşayış yerinə dair hüquqmüəyyənedici sənədlərinin olmaması, əvvəllər ünvan 3 ünvanında yerləşən inzibati binasına qeydiyyatda olduğu işin məhkəmə araşdırılması ilə öz təsdiqini tapdığından, cavabdehin imtinası İddiaçı3 hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası əsassızdır. Birinci instansiya məhkəməsi işin qeyd olunan xüsusatlarının nəzərə almadan iddia tələbini rədd edərkən haqlı olmamışdır. Bu baxımdan, apelyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, İddiaçı3 Sumqayıt Şəhər Polis İdarəsinə yenidən pasport qeydiyyatına alınması hissəsində iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 16 noyabr 2022-ci il tarixli, 2-1(118)-3266/2022 nömrəli qərarı İddiaçı3 Sumqayıt Şəhər Polis İdarəsinə yenidən pasport qeydiyyatına alınmasına dair iddianın təmin edilməməsi hissəsində ləğv edilsin. Həmin hissədə iş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. İddiaçı3 Sumqayıt Şəhər Polis İdarəsinin inzibati binasına qeydiyyata alınması öhdəliyi cavabdeh Sumqayıt Şəhər Polis İdarəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-192/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-192/2023
01.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver