Məhkəmə qərarları › İş №2-1(105)-193/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-193/2022

03.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-193/2022 03.06.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Tağızadə Gülnarə Fikrət qızı və Məmmədova Lətifə Məhyəddin qızından ibarət tərkibdə, X11 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə1, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərarın 2016-2017ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 32962,76 manat maliyyə sanksiyası 16481,38 manat olmaqla vergi məsuliyyətinə cəlb olunması hissəsində ləğv edilməsi və həmin qərar əsasında tutulmuş məbləğin iddiaçının bank hesabına qaytarılması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2- 1(118)-35/2020 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları:

1. İddiaçı MMC xx.xx.2018-ci il tarixdə cavabdehə 17 saylı məktubla müraciət edərək, bildirmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2017-ci il 13 fevral tarixli, 2-1(85)-78/2017 saylı qərarı ilə, MMC-nin iddiası təmin edilərək, 3 saylı Ərazi Vergilər İdarəsinin 2016-cı il 8 iyul tarixli, **********025592 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı İddiaçı MMC-nin 2014-2015-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 34737,92 manat (19184,62+15553,30) və maliyyə sanksiyası üzrə 17368,96 manat (9592,31+7776,65) olmaqla vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilmiş, həmin qərar Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibatiİqtisadi Kollegiyasının 2-1(105)-347/2017 saylı, 2017-ci il 2 oktyabr tarixli qərarı ilə, apellyasiya məhkəməsinin qərarı da Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-241/2018 saylı, 2018-ci il 31 yanvar tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. Lakin iş üzrə məhkəmə araşdırmalarının aparıldığı dövrdə 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin xeyrinə, Vergi Məcəlləsinin 65.2 maddəsinə əsasən İddiaçı MMC-nin hesabında olan 46.026,81 manat pul vəsaitinin dondurulması barədə 2016-cı il 26 iyul tarixli, **********5D nömrəli, sonra da 46.906,64 manat pul vəsaitinin alınması barədə 2016-cı il 29 avqust tarixli, **********A nömrəli sərəncamlar tərtib olunaraq "xxxx" ASC-nin Yasamal filialına göndərilmiş, "xxxx" ASC-nin Yasamal filialı da göstərilən məbləği Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin xeyrinə İddiaçı MMC-nin hesabından qanunsuz silmişdir. 3 saylı Ərazi Vergilər İdarəsinin qeyd olunan qərarı məhkəmə tərəfindən ləğv olunduğuna görə qanunsuz silinmiş həmin pul vəsaitinin İddiaçı MMC-nin hesabına qaytarılması xahiş edilmişdir.

2. Cavabdehin 2018-ci il 17 oktyabr tarixli qərarı ilə inzibati şikayət təmin edilməmişdir. Cavabdeh bildirmişdir ki, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması haqqında müraciətlə bağlı olaraq Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 38.3.4-cü maddəsi əsas götürülərək 2018-ci il 19 aprel tarixli, **********147880 nömrəli qərara əsasən İddiaçı MMC üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması haqqında müraciəti ilə əlaqədar səyyar vergi yoxlaması zamanı zəruri tədbirlər görülərək müvafiq məlumat veriləcəkdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

3. İddiaçı 2019-cu il 20 yanvar tarixdə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək cavabdehin 2019-cu il 23 yanvar tarixli, **********17492 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarı İddiaçı MMC-nin 2016-2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 32962,76 manat və maliyyə sanksiyası 16481,38 manat olmaqla vergi məsuliyyətinə cəlb olunması hissəsində ləğv edilməsini xahiş etmişdir.

4. İddiaçı iddia həcminin artırılması barədə ərizə ilə məhkəməyə müraciət edərək “3 saylı Ərazi Vergilər İdarəsinin 2019-cu il 23 yanvar tarixli, **********17492 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarı İddiaçı MMC-nin 2016-2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 32962,76 manat və maliyyə sanksiyası 16481,38 manat olmaqla vergi məsuliyyətinə cəlb olunması hissəsində ləğv edilməsi və həmin qərar əsasında İddiaçı MMC-nin hesabından tutulmuş 32962,76+16481,38=49444,14 (qırx doqquz min dörd yüz qırx dörd manat 14 qəpik) manat pul 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC-nin bank hesabına qaytarılması”-na dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, qərarla İddiaçınə: 1.Torpaq vergisi üzrə 1755,54 manat vergi hesablanmasının aparılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 877,77 manat maliyyə sanksiyasının tətbiq edilməsi; 2.ÖMV üzrə 32962,76 manat vergi hesablanmasının aparılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 16481,38 manat maliyyə sanksiyasının tətbiq edilməsi; 3.Yoxlama ilə əhatə olunan dövr ərzində vergi bəyannamələri vergi orqanına vaxtında təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 57.1 maddəsinə əsasən vergi ödəyicisinə 160,00 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi; Ümumilikdə SYV nəticəsində vergi ödəyicisinə 34718,30 manat vergi hesablanması və 17519,17 manat maliyyə sanksiyasının tətbiq olunması qərara alınmışdır. Həmin qərarın torpaq vergisi üzrə 1755,54 manat vergi hesablanmasının aparılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 877,77 manat maliyyə sanksiyasının tətbiq edilməsi, eləcə də yoxlama ilə əhatə olunan dövr ərzində vergi bəyannamələri vergi orqanına vaxtında təqdim edilmədiyinə görə Vergi Məcəlləsinin 57.1 maddəsinə əsasən vergi ödəyicisinə 160,00 manat məbləğində maliyyə sanksiyasının tətbiq edilməsi hissəsinə etirazları yoxdur. Qərarın ÖMV üzrə 32962,76 manat vergi hesablanmasının aparılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən yayındırılmış vergi məbləğinin 50% miqdarında, yəni 16481,38 manat maliyyə sanksiyasının tətbiq edilməsi hissəsi isə mütəxəssisin uydurma xarakterli fərziyyələrinə əsaslanmaqla qərəzli qanuna ziddir. Belə ki, iddiaçının 2016-cı ilin yanvar ayından 2018-ci ilin fevral ayına kimi olan dövrdə vergilər və digər ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədilə növbədənkənar səyyar vergi yoxlamasının təyin olunması barədə qərar 2018-ci il 19 aprel tarixdə qəbul edilmiş və 2018-ci il 22 iyun tarixdən 2018-ci il 16 iyul tarixə kimi olan dövrdə, sonra da 2018-ci il 23 noyabr tarixdən 2018-ci il 21 dekabr tarixə kimi olan dövrlər üçün vergi yoxlaması dayandırılaraq təxirə salınmış, 2018-ci il 30 noyabr tarixdən vergi yoxlaması bərpa edilmiş və yoxlamanın nəticəsinə dair akt da 2018-ci il 10 dekabr tarixdə tərtib olunmaqla İddiaçı MMC-də aparılan vergi yoxlaması 9 aya yaxın müddətdə davam etmişdir ki, bu da vergi qanunvericiliyinin kobud surətdə pozulması və yoxlamanın aparılmasında cavabdehin qərəzinin təzahürüdür.

6. Bundan başqa, həmin yoxlama ilə əlaqədar 3 saylı Ərazi Vergilər İdarəsinin 2018-ci il 1 iyun tarixli **********152366 nömrəli qərarı ilə İddiaçı MMC-nə məxsus Qusar rayonun Çubuqlu kəndində yerləşən meyvə (alma) bağında istehsal olunan məhsulların 2016-cı və 2017-ci illər üzrə məhsuldarlığının həmin sahədə çalışan işçilərin orta sayının və əmək tutumunun müəyyən edilməsi üçün mütəxəssis kimi dəvət olunmuş "xxxx" MMCnin mütəxəssisi X8 tərəfindən araşdırma aparılmamasının səbəbləri, eləcə də bu barədə olan qərarın icra vəziyyəti barədə bizdə heç bir məlumat yoxdur. 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC-nə məxsus Qusar rayonun Çubuqlu kəndində yerləşən meyvə (alma) bağında istehsal olunan məhsulların 2016-cı və 2017-ci illər üzrə məhsuldarlığının həmin sahədə çalışan işçilərin orta sayının və əmək tutumunun müəyyən edilməsi üçün X13 Mərkəzinin mütəxəssisi X3 mütəxəssis kimi dəvət olunması barədə 2018-ci il 23 iyul tarixli, **********157457 nömrəli qərar qəbul etməsi də vergi qanunvericiliyinin tələblərinə ziddir.

7. X12 Elm Mərkəzinin mütəxəssisi X5 vaxtilə 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMCnin 2014-2015-ci illər üzrə fəaliyyətinin yoxlanılması zamanı da mütəxəssis qismində dəvət olunmuşdu və onun verdiyi rəy əsasında tərtib olunmuş akta görə Vergi orqanı tərəfindən qəbul olunmuş qərar da məhkəmə aktı ilə ləğv edilmişdir. Ona görə də X5 hazırkı yoxlama üzrə işin nəticələrində maraqlı şəxsdir və vurulmuş ziyanın ödənilməsi tələbi ilə iddiaçı tərəfindən ona qarşı məhkəmədə iddia qaldırılmışdır. Bundan başqa X5 ixtisasca aqronomdur və onun əmək haqlarına dair mühasibat əməliyyatları üzrə xüsusi biliyi və təcrübəsi yoxdur. Ona görə də onun bu sahə üzrə rəyi yoxlama üçün əsas götürülə bilməz.

8. Mütəxəssis rəyində onun hazırlanması üçün müxtəlif internet saytlarına və sair ədəbiyyatlardakı məlumatlara istinad olunması göstərilsə də bu barədə müvafiq çıxarışlar rəyə əlavə olunmamışdır. Belə ki, mütəxəssis rəyində, həmin tipli alma bağlarında bir nəfər tərəfindən gündə nə qədər alma toplanmasının mümkünlüyü, eləcə də İddiaçı MMC üzrə həmin müddətdə istehsal olunmuş alma məhsulunun aylar üzrə neçə nəfər tərəfindən toplanması və satışı barədə heç bir söz qeyd edilməmişdir. Göründüyü kimi vergi əməkdaşları tərəfindən yoxlama zamanı alınmış mütəxəssis rəyi heç bir hüquqi normaya və elmi-təcrübi tədqiqatlara əsaslanmayan, ziddiyyətli, reallıqdan uzaq uydurma xarakterli fərziyyələrdən ibarət idi ki, həmin rəyə əsaslanıb kənd təsərrüfatı sahəsi ilə məşğul olan müəssisəni vergi məsuliyyətinə cəlb etmək yolverilməzdir. Lakin buna baxmayaraq cavabdehin əməkdaşları tərəfindən təkrarən, həmin mütəxəssis rəyi əsasında İddiaçı MMC-də səyyar vergi yoxlamasının nəticələrinə dair 2018-ci il 10 dekabr tarixli, **********148603 nömrəli akt tərtib olunmuş və aktın nəticələrinə görə cavabdehin 2019-cu il 23 yanvar tarixli **********17492 nömrəli qərarı ilə İddiaçı MMC vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilmişdir.

9. Mütəxəssis rəyində qeyd edilən fərziyyə xarakterli fikirlərə görə İddiaçı MMC üzrə 2016-cı ildə guya ******* kq alma məhsulu istehsal olunduğu halda sənədlərdə ******* kq, yəni 655500 kq az, 2017-ci ildə də guya ******* kq alma məhsulu istehsal olunduğu halda 1842000, yəni 746500 kq göstərilmişdir. İddiaçı MMC-nin soyuducusunun alma tutumu cəmi 2.000.000 kq-dır. Eləcə də İddiaçı MMC üzrə 2016-2017-ci illərin alma yığımı mövsümündə işə cəlb olunmuş işçilərin sayı 600-700 nəfər arası dəyişmişdir ki, onların da gündə 200-300 kq olmaqla 90 gün ərzində 10.000.000 kq-dan artıq, yəni mütəxəssisin iddia etdiyindən də 4-5 dəfə artıq alma toplamağa imkanları olmuşdur. Alma yığımına cəlb olunmuş işçilərin əmək haqları da orta hesabla avqust ayında 200 manat, sentyabroktyabr aylarında 200-250 manat, noyabr ayında da 150 manat aralığında olmuşdur ki, bu da Respublika üzrə minimum əmək haqqı normasından yuxarıdır.

10. Cavabdehin iddia tələbinə qarşı etirazında göstərilmişdir ki, səyyar vergi yoxlaması zamanı vergi ödəyicisi tərəfindən torpaq vergisinin 2016-cı il üzrə 1105,77 manat, 2017-ci il üzrə 649,77 manat, ödəmə mənbəyində tutulan vergilərin 2016-cı il üzrə 20074,53 manat, 2017-ci il üzrə 12888,23 manat olmaqla, ümumilikdə 34718,30 manat vergi məbləğinin azaldılması müəyyən edilmişdir. Səyyar vergi yoxlaması ilə ümumilikdə vergi ödəyicisinə 34718,30 manat məbləğində əlavə vergi hesablanmış və azaldılmış vergi məbləğlərinə görə ümumilikdə 17679,17 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Səyyar vergi yoxlaması zamanı İddiaçı MMC-yə məxsus, Qusar rayonu, Çubuqlu kəndində yerləşən meyvə (alma) bağında istehsal olunan məhsulların 2016-cı və 2017-ci illər üzrə orta məhsuldarlığının (istehsal həcminin), həmin sahədə çalışan işçilərin orta sayının və əmək tutumunun müəyyən edilməsi məqsədilə “mütəxəssisin dəvət edilməsi haqqında” 2018-ci il 23 iyul tarixli, **********157457 nömrəli qərar qəbul edilmiş, bağlanmış.2018-ci il 23 iyul tarixli müqaviləyə əsasən X12 Elm Mərkəzinin əməkdaşı X5 mütəxəssis kimi dəvət olunmuş və mütəxəssis tərəfindən 2018-ci il 4 dekabr tarixli rəy tərtib edilmişdir.

11. Mütəxəssis tərəfindən araşdırma aparılmış və rəydə intensiv tipli alma bağında Qolden Reynders, Braburn, Qala, Conaqold, Red Delişes, Fuji, Qrani Smit və Jeramin adlı cəmi 196290 ədəd alma ağacı, o cümlədən, 60 ha məhsuldar alma bağında 167000 ədəd alma ağacı və 2014-cü ildə salınmış 20,0 ha alma bağında 29290 ədəd alma ağacının mövcud olduğu və yeni texnologiya əsasında salınmış belə alma bağları ikinci il 15-20 ton/ha, üçüncü il 25-30 ton/ha, dördüncü ildə isə 40-50 ton/ha məhsul verildiyini bildirmişdir. Həmçinin, cəmiyyətin ərazisində 2014-cü ildə salınmış 1,0 ha gavalı, 2015-ci ildə salınmış 1,0 ha və 2018-ci ildə salınmış 1,4 ha armud bağının da olduğu, cəmiyyətin balansında olan bağların 4x1 m, 3,5x0,8 metr əkin sxeminə uyğun salındığı və bağ sahəsində bir hektara orta hesabla 2454 ədəd alma ağacının yerləşdiyi müəyyən edilmişdir. Beləliklə, cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrinə əsasən 2016-cı ildə 60 ha alma bağından cəmi ******* kq meyvənin yığılması bu da 10,51 kq/ağac (1756000 kq/167000 ağac) və 2017-ci ildə ******* kq meyvənin yığılması bu da 11,0 kq/ağac göstərilsə də (1842000 kq/167000 ağac), iqlim şəraitinin nisbətən normal keçməsini nəzərə alaraq 60 ha alma bağında 2016-cı ildə məhsuldarlıq 14,5 kq/ağaca görə istehsal həcmi ******* kq (14,5 kq/ağac x 167000 ağac), yaxud 40,3 ton/ha olmalı 2017-ci ildə məhsuldarlıq orta hesabla 15,5 kq/ağaca görə isə ******* kq (15,5 kq /ağac x167000), yaxud 43,1 ton/ha olması göstərilmişdir. Beləliklə, iki il ərzində alma bağı üzrə orta məhsuldarlığın 41,7 ton/ha (40,3+43,1=83,4: 2=41,7) olduğu göstərilmişdir.

12. Həmçinin cəmiyyətə məxsus 80 hektar intensiv tipli məhsuldar alma bağında meyvələrin toplanması və daşınması ilə bağlı aparılan araşdırma nəticəsində, bağın 4x1 m, 3,5x0,8 metr əkin sxemi ilə salındığı üçün bir hektar sahədə işləyən işçilərin orta statistik sayı günə 4 adam/gün qəbul edilmişdir. Bağçılıq sahələrində görülən işlər mövsümi xarakterli olduğu üçün məhsul yığımı 10 avqust - 15 noyabr ayları olaraq 3.05 ay qəbul edilib və bir mövsüm ərzində yəni meyvələrin toplanması və daşınması üzrə işçilərin ümumi sayının 976 nəfər (4 işçi sayı x 3.05 ay x 80 ha = 976) olduğu müəyyən edilmişdir.

13. Beləliklə, mövsüm ərzində işçilərin sayının bir ayda gündə 320 nəfər olduğunu nəzərə alsaq, meyvə yığımına hazırlıq, o cümlədən tez yetişən meyvə sortlarının itkisiz yığılması ilə əlaqədar işçi sayına tələb avqust ayının 10-15 tarixindən başlayaraq artdığı üçün həmin ayda 176 adam/gün və noyabr ayının 15-dən sonra işçi sayının azaldıldığı nəzərə alınaraq 160 adam/gün olduğu hesablanmışdır. İşçilərin orta aylıq əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin İqtisadi X6 üzrə orta aylıq nominal əmək haqqı, kənd təsərrüfatı (o cümlədən bağçılıq), meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışan işçilərdə 2016-cı ildə 253,8 manat və 2017-ci ildə isə 261,5 manat olduğunu qəbul edərək əmək tutumu hesablanmışdır. Cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrinə əsasən əmək tutumu 2016-cı ildə 216421,35 manat və 2017-ci ildə 299507,86 manat ( 216421,35 manat - 299507,86 manat =515929,21 manat) cəmi 515929,21 manat olmuşdur.

14. Beləliklə, səyyar vergi yoxlaması zamanı xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrdə ümumi əmək tutumundan, bəyannamələrində bəyan edilmiş əmək haqqı məbləğləri çıxılaraq (751372,51-515924,21) ödəmə mənbəyində vergiyə cəlb olunan 235448,3 manat əmək tutumu məbləğindən 14 % dərəcəsi ilə ödəmə mənbəyində 32962,76 manat məbləğində vergilərin hesablanması təmin edilmişdir. Səyyar vergi yoxlaması zamanı həmçinin, cəmiyyət tərəfindən torpaq vergisinin 2016-cı il üzrə 1105,77 manat, 2017-ci il üzrə 649,77 manat azaldılması müəyyən edilmiş, Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 877,78 manat məbləğində maliyyə sanksiyası tətbiq edilmişdir.

15. İddiaçının dəlilləri ilə bağlı cavabdeh bildirmişdir ki, alma bağlarına qulluq, meyvənin yığımı, toplanması və daşınması ilk dəfə yerinə yetirilən işlər olmadığı üçün bu sahə üzrə hər hansı elmi-təcrübəvi tədqiqatların aparılmasına da ehtiyac yoxdur. Eyni zamanda mütəxəssis öz rəyini yalnız meyvənin toplanması ilə bağlı verməmiş, bütün il boyu intensiv tipli alma bağına qulluq edilməsi üçün zəruri olan işçi qüvvəsi, əmək tutumu, istehsal həcmi barədə rəy hazırlamış və rəydə hər hansı bir ziddiyyət mövcud deyildir. Mütəxəssis hər bir detalı, o cümlədən iqlim şəraitini nəzərə alaraq, ümumilikdə bu tip bağlar üçün xarakterik olan məhsuldarlıq və əmək tutumu barədə rəy vermişdir. Cavabdeh hesab edir ki, mütəxəssis tərəfindən verilmiş rəy kifayət qədər əsaslıdır və yoxlamanın hüquqi əsası olmayan mütəxəssis rəyinə əsaslanması barədə göstərilənlər əsassızdır.

16. Mütəxəssis rəyində hər bir ağacın orta məhsuldarlığı və ağacların sayı qeyd olunmuşdur. Hesab edir ki, mütəxəssis bir hektar sahədə işçilərin orta statistik sayını 4 adam/gün müəyyən edərkən düzgün nəticəyə gəlmişdir. İddiaçı bir hektar sahə üçün müəyyən edilmiş 4 adam/gün işçi sayını yalnız almanın ağacdan dərilməsinə aid etməklə səhvə yol verir. Belə ki, müəyyən edilmiş işçi sayı meyvənin yığılmasını, toplanmasını, daşınmasını, habelə bağ sahələrinə cari qulluğu, becərməni, eləcə də soyuducu anbarda işləyən işçi saylarını da əhatə edir.

17. Rəydə mövsümün gərgin vaxtlarında bütün təsərrüfat işlərinin görülməsi üçün zəruri olan işçi sayı müəyyən edilmişdir ki, bu da yoxlama zamanı nəzərə alınmışdır. Yığım normasının bir nəfər üçün gündəlik 200-300 kq olmasını iddiaçının necə müəyyən etməsinin özü qeyri-müəyyəndir.

18. İddiaçı mütəxəssisin yoxlama üzrə işin nəticələrində maraqlı şəxs olmasını bildirsə də qeyd olunan halları əsaslandıra bilməmiş və bu barədə hər-hansı sübut təqdim etməmişdir. Səbəb kimi, yalnız mütəxəssis tərəfindən əvvəlki yoxlama zamanı rəy verildiyini və həmin yoxlama üzrə qəbul edilmiş qərarın məhkəmə tərəfindən ləğv edildiyi bildirilir. Qeyd olunmalıdır ki, “Qiymətləndirmə xidmətinin göstəsilməsi haqqında” 2018-ci il 23 iyul tarixi müqavilədən də göründüyü kimi mütəxəssisin marağı icra edilmiş iş üzrə ona ödənilən xidmət haqqından ibarətdir. Rəyindən də göründüyü kimi, mütəxəssis X12 Elm Mərkəzinin əməkdaşı X5 tərəfindən alma bağına 2018-ci il 23 iyul tarixdə baxış aparılmış və müvafiq araşdırmalar aparıldıqdan sonra 2018-ci il 4 dekabr tarixdə bu barədə rəy tərtib edilmişdir.

19. Cavabdeh iddiaçının vergi qanunvericiliyinin tələblərini pozaraq səyyar vergi yoxlamasının 9 aya yaxın müddətdə davam etməsi barədə göstərilənləri də əsassız hesab edir. Belə ki, 3 saylı Ərazi Vergilər İdarəsi keçirilmiş səyyar vergi yoxlaması zamanı Vergi Məcəlləsinin 23, 38 və 45.1-ci maddələrini əsas tutaraq səyyar vergi yoxlamasının obyektiv və dolğun keçirilməsi üçün sənədlərin ətraflı öyrənilməsinə, əldə edilmiş məlumatların araşdırılmasına əlavə vaxt tələb olunduğu üçün vergi orqanının 2018-ci il 30 may tarixli qərarına əsasən səyyar vergi yoxlamasının keçirilməsi müddətini 30 iş gününədək artırmışdır. Cəmiyyətə məxsus meyvə (alma) bağında istehsal olunan məhsulların 2016- 2017-ci illər üzrə orta məhsuldarlığının (istehsal həcminin), həmin sahədə çalışan işçilərin orta sayının və əmək tutumunun müəyyən edilməsi məqsədilə “MBA LTD" MMC-dən “Mütəxəssisin dəvət edilməsi haqqında” 2018-ci il 1 iyun tarixli qərar qəbul edilmişdir. Buna görə də 2018-ci il 22 iyun tarixli və 2018-ci il 17 iyul tarixli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarlara əsasən müvafiq olaraq yoxlama 2018-ci il 10 avqust tarixədək olan müddətə müvəqqəti dayandırılmışdır. "xxxx" MMC tərəfindən müvafiq rəy verilə bilinmədiyi üçün “Mütəxəssisin dəvət edilməsi haqqında” 2018-ci il 23 iyul tarixli qərara əsasən X12 Elm Mərkəzinin əməkdaşı X5 mütəxəssis kimi dəvət olunmuşdur. Cavabdehin xx.xx.2018, xx.xx.2018, xx.xx.2018, xx.xx.2018 və xx.xx.2018-ci il tarixli “Səyyar vergi yoxlamasının dayandırılması (təxirə salınması) haqqında” qərarlarına əsasən yoxlama ilə bağlı mütəxəssis dəvət edildiyinə görə müvafiq olaraq yoxlama xx.xx.2018-ci il tarixədək olan müddətə müvəqqəti dayandırılmış və xx.xx.2018-ci il tarixli “Dayandırılmış (təxirə salınmış) səyyar vergi yoxlamasının bərpa edilməsi haqqında” qərarına əsasən həmin tarixdən yoxlama bərpa edilmişdir. Vergi Məcəlləsinin 38.7.3-cü maddəsinə əsasən yoxlama barədə qərar qəbul etmiş vergi orqanının əsaslandırılmış qərarına əsasən növbəti və ya növbədənkənar səyyar vergi yoxlaması vergi orqanının təşəbbüsü ilə mütəxəssis dəvət edildikdə və ya ekspertiza keçirildikdə - mütəxəssisin və ya ekspertin rəyi yoxlamaya təqdim edilənədək, lakin 9 aydan çox olmamaqla dayandırılır (təxirə salınır).

20. Sumqayıt İnzibati Məhkəməsinin 2020-ci il 28 oktyabr tarixli, 2-1(118)-35/2020 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdehin 2019-cu il 23 yanvar tarixli, **********17492 nömrəli "Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarı iddiaçının 2016-2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 32962,76 manat və maliyyə sanksiyası 16481,38 manat olmaqla vergi məsuliyyətinə cəlb olunması hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

21. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, vergi orqanın mütəxəssis cəlb edilməsinin zəruri olması fikrinə gəlməsi və məhkəmə qərarı ilə ləğv edilmiş qərara uyğun əsaslarla yoxlama aparması inzibati qanunvericiliyin və vergi qanunvericiliyinin tələbləri baxımından əsalı hesab edilə bilməz. Məhkəmə qeyd etmişdir ki, qanunvericiliyə əsasən mütəxəssis dəvət edilməsi zəruri hal kimi qəbul edilməmiş, inzibati orqanın diskresion səlahiyyəti kimi müəyyən edilmişdir. Lakin bu diskresion səlahiyyətin dairəsi vergi öhdəliyinin düzgün müəyyən edilməsi ilə məhdudlaşır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarları nəticəsində yaranmış təcrübə inzibati orqanların fəaliyyətinin düzgün qurulmasında əsaslı rol oynamalıdır. Vergi orqanın əsas vəzifəsi yaranmış vergi öhdəliklərinin müəyyən edilməsi və onların dövlət büdcəsinə ödənilməsinin təmin edilməsindən ibarətdir. Bunun üçün isə vergi qanunvericiliyində müxtəlif hüquqlar və vasitələr müəyyən olunmuşdur. Hazırkı işdə vergi orqanı vergi ödəyicisinin daha çox işçi ilə fəaliyyət göstərdiyini və vergidən yayındığı əsası ilə əlavə vergi məbləği hesablamışdır. Bunun üçündə təkrar əvvəlki yoxlamalarla analoji qaydada mütəxəssis rəyi əsasında hesablama aparmışdır. Halbuki, vergi orqanın vergi nəzarətinin həyata keçirilməsinin bir çox formaları vardır. Bunlardan biridə xronometraj metodu ilə müşahidə aparılmasıdır. Məhkəmə hesab edir ki, vergi orqanı bu hüququndan istifadə edərək vergi ödəyicisinin real fəaliyyətini yoxlama imkanı olmuşdur. Lakin vergi orqanı məhkəmə qərarı ilə ləğv edilmiş yoxlama nəticələrinə uyğun yeni yoxlama keçirmiş və eyni mütəxəssisin rəyindən istifadə etmişdir. Məhkəmə hesab edir ki, qeyd edilənlər və iddiaçının göstərdiyi dəlillər mübahisələndirilən hissədə vergidən yayınma halının olması üçün əsaslı şübhələr yaradır. Lakin inzibati orqan yuxarıda qeyd edilənlərə əməl etmədən, lazımı araşdırma aparmadan ona münasibətdə əlverişsiz inzibati akt qəbul etmişdir.

22. İddianın həmin qərar əsasında iddiaçının hesabından tutulmuş 32962,76+16481,38=49444,14 (qırx doqquz min dörd yüz qırx dörd manat 14 qəpik) manat pul 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən iddiaçının bank hesabına qaytarılması hissəsinə münasibətdə isə məhkəmə qeyd etmişdir ki, iddia həmin hissədə təmin edilə bilməz. Belə ki, vergi qanunvericiliyində fəaliyyəti davam edən vergi ödəyicisindən tutulmuş vergi məbləğinin onun şəxsi hesabına qaytarılması nəzərdə tutulmamışdır. Məhkəmə qeyd etmişdir ki, məhkəmə qərarı qanuni qüvvəyə minəndən sonra digər vergi öhdəlikləri nəzərə alınaraq inzibati orqan tərəfindən qanunvericiliyə uyğun hərəkətlər edilməlidir.

23. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmamasını xahiş etmişdir.

24. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək qərarın iddianın rədd edilməsi hissəsində ləğv edilməsini və iddia tələbinin həmin hissədə təmin olunmasını xahiş etmişdir.

25. Cavabdeh apellyasiya şikayətini iddia ərizəsinə dair etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdır ki, məhkəmə 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən təqdim edilmiş iddia ərizəsinə qarşı etirazda göstərilən məlumatları və sübutları ümumiyyətlə nəzərə almamışdır. Eyni zamanda bildirilmişdir ki, İddiaçı MMC mütəxəssis rəyinin əsassız olmasını iddia edərək, X12 Elm Mərkəzinin əməkdaşı X4 qarşı 120000,0 manat məbləğində maddi və 80000,0 manat məbləğində mənəvi ziyanın ödənilməsi və onun qanunsuz hərəkətləri barədə xüsusi qərardadın çıxarılması tələbinə dair Quba rayon Məhkəməsində iddia qaldırmışdır. Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-981/2019 nömrəli qətnaməsi ilə mütəxəssis rəyi tam qanuni və əsaslı olduğuna görə İddiaçı MMC-nin iddiası təmin edilməyərək rədd edilmişdir. Qətnamədən iddiaçı tərəfindən apellyasiya şikayəti verilmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-32052019 nömrəli qətnaməsinə əsasən iddiaçının apellyasiya şikayəti təmin edilməmiş və Quba rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(027)-981/2019 nömrəli qətnaməsi dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Sumqayıt Apelyasiya Məhkəməsinin qətnaməsindən iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il il tarixli 2(102)-1501/2020 nömrəli qərarına əsasən kassasiya şikayəti təmin edilməmiş və Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli 2(105)-32052019 nömrəli qətnaməsi qüvvədə saxlanılmışdır. Lakin, bu məsələ məhkəmə tərəfindən obyektiv qiymətləndirilməmişdir.Məhkəmə, öz qərarında səyyar vergi yoxlaması zamanı vergi orqanı tərəfindən mütəxəssis dəvət edilməsini əsassız hesab etmiş, mütəxəssis X12 Elm Mərkəzinin əməkdaşı X3 üç məhkəmə instansiyasında ona qarşı iddia qaldırmış “Aqrolayn" MMC-yə münasibətdə haqlı olmasını və əsaslı rəy vermiş olduğunu nəzərə almamışdır. Qeyd olunan hallardan göründüyü kimi Sumqayıt İnzibati Məhkəməsi tərərfindən işə baxılarkən iş üzrə mövcud olan sübutların düzgün, tam və hərtərəfli araşdırılmaması mübahisə üzrə əsassız qərarın qəbul edilməsi ilə nəticələnmişdir.

26. İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, cavabdehlə aralarında əvvəllər analoji qaydada vergi məsuliyyətinə cəlb edilməsi barədə qərarın ləğvinə dair məhkəmə mübahisəsi olmuşdur. Həmin mübahisə üzrə birinci instansiya məhkəməsi tərəfindən alınmalı sərəncamların qoyulmasının qadağan edilməsinə baxmayaraq, cavabdeh tərəfindən Vergi Məcəlləsinin 65.2 maddəsinə əsasən İddiaçı MMC-nin hesabında olan 46.026,81 manat pul vəsaitinin dondurulması barədə xx.xx.2016-cı il tarixli **********5D saylı, sonra da 46.906,64 manat pul vəsaitinin alınması barədə xx.xx.2016-cı il tarixli **********A №-li sərəncamlar tərtib olunaraq "xxxx" ASC-nin Yasamal filialına göndərilmiş, "xxxx" ASC-nin Yasamal filialı da göstərilən məbləği Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentinin xeyrinə İddiaçı MMC-nin hesabından qanunsuz silmişdir. Aralarında olan həmin mübahisəyə görə 31 yanvar 2017ci il tarixdən etibarən qanuni qüvvədə olan Sumqayıt İnzibati-İqtisadi məhkəməsinin 13 fevral 2017-ci il tarixli 2-1 (85)-78/2017 №-li qərarı üstündən 4 ilə yaxın müddət keçməsinə baxmayaraq, bu günə kimi 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən icra olunmur, əksinə yenə də analoji qaydada fəaliyyətlərinə əsassız müdaxilələr edilməklə məhkəməyə qərarının icra olunması barədə yalan məlumatlar verilir və şəxsi hesab vərəqəsinə qaytarılmış pul iddiaçıya qaytarılmış kimi qələmə verilir. Hazırkı iş üzrə də Sumqayıt İnzibati Məhkəməsinin qərarı qanuni qüvvəyə mindikdən sonra təbii ki, cavabdeh tərəfindən yenə də tam icra olunmayacaqdır və ona görə də hazırkı iş üzrə iddia tələbinin həcmi artırılaraq ilkin iddia tələbləri ilə bərabər mübahisələndirilən qərar əsasında İddiaçı MMC-nin hesabından əsassız tutulmuş 32962,76+16481,38= 49444,14 (qırx doqquz min dörd yüz qırx dörd manat 14 qəpik) manat pulun iddiaçının bank hesabına qaytarılması xahiş edilmiş, lakin əfsuslar olsun ki, birinci instansiya məhkəməsi iddia tələblərini həmin hissədə təmin etməmişdir. Bunun üçün də birinci instansiya məhkəməsinin qərarında heç bir hüquqi-normativ akta istinad edilməmiş və məhkəmə yalnız ümumi xarakterli bir cümlə ilə belə qənaətə gəlmişdir ki, guya vergi qanunvericiliyində fəaliyyəti davam edən vergi ödəyicisindən tutulmuş vergi məbləğinin onun şəxsi hesabına qaytarılması nəzərdə tutulmamışdır.

27. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 iyun tarixli, 2-1(105)-175/2021 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2020- ci il 28 oktyabr tarixli qərarı qismən - 2019-cu il 23 yanvar tarixli, **********17492 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə qərar əsasında iddiaçının hesabından tutulmuş 49444,14 pulun cavabdeh tərəfindən "xxxx" MMC-nin bank hesabına qaytarılmasına dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilmiş və həmin hissədə iddia mümkün sayılmamış, iddiaçının apellyasiya şikayəti təmin edilməmişdir.

28. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 iyun tarixli, 2-1(105)-175/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli qərarı – iddiaçının 2016-2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergi üzrə 32962,76 manat və maliyyə sanksiyası üzrə 16481,38 manat vergi məsuliyyətinə cəlb olunması hissəsində 3 saylı Ərazi Vergilər İdarəsinin 2019-cu il 23 yanvar tarixli, **********17492 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarının ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmışdır. Apellyasiya instansiyası məhkəməsi həmin hissədə birinci instansiya məhkəməsinin hüquqi mövqeyi ilə razılaşmışdır.

29. Cavabdeh həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və işin təkrar baxılması üçün həmin məhkəməyə göndərilməsini xahiş etmişdir.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2021ci il tarixli, 2-1(102)-1868/2021 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 iyun tarixli, 2- 1(105)-175/2021 nömrəli qərarı ləğv edilərək iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir.

31. Ali Məhkəmənin İnzibati Kollegiyası iş üzrə apellyasiya instansiyası məhkəməsinin qənaətini İPM-in 12.1, 12.2, 58.7 və 82-ci maddələrinin tələblərinə uyğun hesab etməmiş və bildirmişdir ki, əvvəla mütəxəssis rəyin sonunda “digər ədəbiyyatlar”la yanaşı, istinad mənbələrini də (internet səhifələrini) aşkar göstərmişdir. Digər tərəfdən, məhkəmə mütəxəssis rəyini bilavasitə onun (mütəxəssisin) özünün iştirakı ilə tədqiq edə, istinad mənbələrinin (onlardan bilavasitə rəyə aid çıxarışların) təqdim olunmasını tələb edə bilərdi. Qərarda daha sonra qeyd olunmuşdur ki, işdən göründüyü kimi, iddiaçının 2018-ci il 2 aprel tarixli müraciətdən sonra cavabdehin 2018-ci il 19 aprel tarixli, **********147880 nömrəli qərarı ilə "xxxx" MMC üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir. İddiaçı həmin qərarı inzibati icraat qaydasında mübahisələndirmiş, şikayət instansiyasının 2018-ci il 17 oktyabr tarixli, **********861100 nömrəli qərarı ilə şikayət təmin edilməmiş, 2018-ci il 19 aprel tarixli, **********147880 nömrəli qərar dəyişdirilmədən saxlanmışdır. Həmin qərarın ləğv edildiyinə və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edildiyinə dair məlumat işdə yoxdur. Beləliklə, vergi yoxlaması qüvvədə olan və hüquqi nəticələr yaradan inzibati akta əsasən keçirilmişdir. Apellyasiya instansiyası məhkəməsinin qərarı İPM-in 12.1, 12.2, 58.7 və 82- ci maddələrinin tələblərinin pozulması ilə qəbul edildiyindən ləğv edilməli, iş təkrar baxılması və həmin normaların tələblərinin təmin olunması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilməlidir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

32. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin və sonradan təqdim edilmiş apellyasiya şikayətinə əlavənin məzmununa uyğun izahat verərək bildirmişdir ki, 3 saylı Ərazi Vergilər İdarəsinin “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında" qərarı ilə "xxxx" MMC-nin sahibkarlıq fəaliyyətində keçirilmiş vergi yoxlamasının nəticəsi olaraq xx.xx.2018-ci il tarixli, **********148603 nömrəli "Səyyar vergi yoxlaması" Aktı tərtib edilmiş və akt əsasında “Vergi ödeyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” xx.xx.2019-cu il tarixli, **********174921 nömrəli Qərar qəbul edilmişdir. Səyyar vergi yoxlaması zamanı vergi ödeyicisi tərəfindən torpaq vergisinin 2016-ci il üzrə 1.105,77 manat, 2017-ci il üzrə 649,77 manat, ödəmə mənbəyində tutulan vergilərin 2016ci il üzrə 20.074,53 manat, 2017-ci il üzrə 12.888,23 manat olmaqla, ümumilikdə 34.718,30 manat vergi məbləğinin azaldılması müəyyən edilmişdir. Yoxlama ilə azaldılmış vergi məbləğlərinə görə Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən 17.519,17 manat, ödəmə mənbəyində tutulan vergi hesabatlarının təqdim edilməməsinə görə Vergi Məcəlləsinin 57.1-ci maddəsinə əsasən 160,0 manat olmaqla, ümumilikdə 17.679,17 manat maliyyə sanksiyası tətbiq edilmişdir. Meyvə yetişdirilməsinə sərf edilmiş real əmək tutumu X12 Elm Mərkəzinin mütəxəssis rəyi əsasında müəyyən edilmişdir. Dövlət Statistika Komitəsinin İqtisadi X6 üzrə bağçılıq sahəsində orta aylıq əmək haqqı məbləği 2016-cı ildə 253,8 manat, 2017-ci ildə isəmanat olmuşdur. Təqdim edilmiş bəyannamə ilə mütəxəssis rəyinə əsasən real əmək tutumu arasında yaranmış fərq (235.448,25 manat) nəzərə alınmaqla 32.962,76 manat ÖMV (2016 və 2017-ci illər) hesablanmışdır. Belə ki, yoxlama zamanı cəlb edilmiş mütəxəssis tərəfindən araşdırma aparılmış və rəydə intensiv tipli alma bağında Qolden Reynders, Braburn, Qala, Conaqold, Red Delişes, Fuji, Qrani Smit və Jeramin adlı cəmi 196290 ədəd alma ağacı, o cümlədən, 60 ha məhsuldar alma bağında 167000 ədəd alma ağacı və 2014-cü ildə salınmış 20,0 ha alma bağında 29290 ədəd alma ağacının mövcud olduğu və yeni texnologiya əsasında salınmış belə alma bağlan ikinci il 15-20 ton/ha, üçüncü il 25-30 ton/ha, dördüncü ildə isə 40-50 ton/ha məhsul verildiyini bildirmişdir. Həmçinin, cəmiyyətin ərazisində 2014-cü ildə salınmış 1,0 ha gavalı, 2015-ci ildə salınmış 1,0 ha və 2018-ci ildə salınmış 1,4 ha armud bağının da olduğu, cəmiyyətin balansında olan bağların 4x1 m, 3,5x0,8 metr əkin sxeminə uyğun salındığı və bağ sahəsində bir hektara orta hesabla 2454 ədəd alma ağacının yerləşdiyi müəyyən edilmişdir. Beləliklə, cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrinə əsasən 2016-cı ildə 60,0 ha alma bağından cəmi 1.756.000,0 kq meyvənin yığılması bu da 10,51 kq/ağac (1.756.000,0 kq / 167.000,0 ağac) və 2017-ci ildə 1.842.000,0 kq meyvənin yığılması bu da 11,0 kq/ağac göstərilsə də (1.842.000,0 kq / 167.000,0 ağac), iqlim şəraitinin nisbətən normal keçməsini nəzərə alaraq 60,0 ha alma bağında 2016-cı ildə məhsuldarlıq 14,5 kq/ağaca görə istehsal həcmi 2.421.500,0 kq (14,5 kq/ağac x 167.000,0 ağac), yaxud 40,3 ton/ha olmalı 2017-ci ildə məhsuldarlıq orta hesabla 15,5 kq/ağaca görə isə 2.588.500,0 kq (15,5 kq /ağac x167.000,0), yaxud 43,1 ton/ha olması göstərilmişdir. Beləliklə, İki il ərzində alma bağı üzrə orta məhsuldarlığın 41,7 ton/ha (40,3+43,1=83,4/ 2=41,7) olduğu göstərilmişdir. Həmçinin, cəmiyyətə məxsus 80,0 hektar intensiv tipli məhsuldar alma bağında meyvələrin toplanması və daşınması ilə bağlı aparılan araşdırma nəticəsində, bağın 4x1m, 3,5x0,8 metr əkin sxemi ilə salındığı üçün bir hektar sahədə işləyən işçilərin orta statistik sayı günə 4 adam/gün qəbul edilmişdir. Bağçılıq sahələrində görülən işlər mövsümi xarakterli olduğu üçün məhsul yığımı 10 avqust - 15 noyabr ayları olaraq 3.05 ay qəbul edilib və bir mövsüm ərzində yəni meyvələrin toplanması və daşınması üzrə işçilərin ümumi sayının 976 nəfər (4 işçi sayı x 3.05 ay x 80 ha = 976) olduğu müəyyən edilmişdir. Beləliklə mövsüm ərzində işçilərin sayının bir ayda gündə 320 nəfər olduğunu nəzərə alsaq, meyvə yığımına hazırlıq, o cümlədən tez yetişən meyvə sortlarının itkisiz yığılması ilə əlaqədar işçi sayına tələb avqust ayının 10-15 tarixindən başlayaraq artdığı üçün həmin ayda 176 adam/gün və noyabr ayının 15-dən sonra işçi sayının azaldıldığı nəzərə alnaraq 160 adam/gün olduğu hesablanmışdır. Məhkəmənin əsas dəlili ondan ibarət olmuşdur ki, iş materiallarına əlavə edilmiş qanuni qüvvəyə minmiş məhkəmə qərarları mövcuddur ki, həmin qərarların mahiyyətinə əsasən 3 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC-nin sahibkarlıq fəaliyyəti anoloji səyyar vergi yoxlaması nəticəsində eyni mütəxəssis tərəfindən verilmiş rəyə əsasən əlavə hesablamar aparılmış, lakin həm birinci, həmdə apelyasiya və kassasiya instansiyalarında hesablanmış vergilər əsassız hesab edildiyindən iddiaçının iddia tələbi təmin edilmişdir. Məhkəmənin gəldiyi nəticədən aydın olur ki, eyni müəssisədə əvvəllki illər üzrə eyni üsulla keçirilmiş səyyar vergi yoxlamasının nəticələri qanuni qüvvəyə minmiş məhkəmə qərarları iiə ləğv edilmişdirsə, hal-hazır ki iş üzrə də iddiaçının iddia tələbi təmin olunmalıdır. Bununla bağlı qeyd etmişlər ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcələsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən faktiki halları xidməti vəzifəsinə görə araşdırmadan, əvvəlki səyyar vergi yoxlamasının nəticələrinin ləğv edildiyi məhkəmə qərarlarına istinad edərək yekun nəticəyə gəlmişdir. Halbuki, məhkəmə araşdırma apararaq əvvəlki səyyar vergi yoxlamasının nəticələrinin ləğv olunma səbəbi olmuş xx.xx.2015-ci il tarixli mütəxəssis rəyi ilə hazırki mübahisə üzrə vergilərin hesablanmasına əsas olmuş xx.xx.2018-ci il tarixli mütəxəssis rəylərini qarşılıqlı müqayisə etsəydi görərdi ki, yetişdirilən məhsulun istehsal həcmi və əmək tutumunun həcminin müəyyən edilməsi tamamilə fərqli göstəricilər əsasında hesablanmışdır. Belə ki, yoxlanılan müəssisənin fəaliyyəti bağçılıq fəaliyyətidir ki, həmin fəaliyyət üzrə istehsal həcmi meyvə ağaclarının əkildiyi ildən asılı olaraq artır, eyni zamanda 2014-cü ildə salınmış 20,0 ha alma bağına, eləcə də 1,0 ha armud bağına münasibətdə vergi ödəyicisi tərəfindən ümumiyyətlə məhsuldarlıq təqdim edilmiş sənədlərdə əks olunmamışdır. Halbuki, cavan alma bağ sahəsindən ikinci il 15-20 ton, üçüncü ildə isə hektardan 25-30 tona qədər məhsul yığılır. Bundan başqa xx.xx.2015-ci il tarixli mütəxəssis rəyində məhsul yığımı üçün bir hektar sahədə işçilərin orta statik sayı 7,0 adam/gün qəbul edilsə də, xx.xx.2018-ci il tarixli mütəxəssis rəyində isə 4,0 adam/gün götürülərək hesablama aparılmışdır. İntensiv tipli alma bağlarında məhsuldarlığın müəyyən edilməsi ilə bağlı internet resurslarında kifayət qədər məlumat olmağına baxmayaraq, məhkəmə tərəfindən hər-hansı bir araşdırılma aparılmadan mütəxəssis tərəfindən verilmiş rəy əsassız hesab edilmişdir. İnternet resurslarında nəinki intensiv alma bağlarında mövcud məhsuldarlıq barədə məlumatlar var, hətta iddiaçı müəssisənin barəsində də belə məlumatlar mövcuddur. Belə ki, rəsmi dövlət informasiya agentliyi olan Azərbaycan Dövlət İnformasiya Agentliyi- AZƏRTAC-ın yayımladığı rəsmi internet səhifəsində xx.xx.2018-ci il tarixli “Qusarın müasir tipli intensiv alma bağlarından məhsul yığımına başlanılıb” başlıqlı məqalədə (https://azertac.az/xeber/11935131https://azertac.az/xeber/********) qeyd edilmişdir ki, “....intensiv bağlarda becərilən sortlar ənənəvi alma bağlarından 3-4 dəfə daha çox məhsuldardır. Belə ki, ənənəvi bağların hər hektarından 20-25 ton məhsul toplanılırsa, intensiv bağçılıqda bu göstərici 60-80 ton arasında dəyişir. Rayonun Çubuqlu kəndində 70 hektardan çox sahədə salınan intensiv meyvə bağlarında almanın “Golden”, “Jonagold”, “Granny Smith” və 10-dan artıq başqa növləri becərilir” qeyd olunub və İddiaçı MMC-də aqronom kimi fəaliyyət göstərən X1 müsahibə alınmış və o öz müsahibəsində intensiv tipli bağlarda məhsuldarlığın yüksək olmasını təsdiqləmişdir. Həmçinin qeyd olunan materialda bildirilir ki, Qusar rayonunda 2.500,0 hektar intensiv üsulla becərilən meyvə bağı mövcuddur. Bu bağların 514,0 hektarında alma yetişdirilir. Ötən il bu bağlardan 25257 ton məhsul toplanıb. Əlavə olaraq bildirmişlər ki, internet resurslarında İddiaçı MMC-nin aqronomu X2 bir neçə müsahibəsi mövcuddur. Qeyd olunanlara əsasən, sadə riyazi hesablama aparmaqla müəyyən etmək çətin deyil ki, 514 ha sahədə 25.257,0 ton məhsul əldə edilmişdirsə, 1 hektar sahənin payına orta hesabla 49 ton məhsul düşür. Nəzərə alınsa ki, qeyd olunan məqalə 2018-ci ildə dərc olunmuşdur və ötən il dedikdə 2017-ci il nəzərdə tutulur ki, bununla da səyyar vergi yoxlaması zamanı dəvət edilmiş mütəxəssis tərəfindən məhsuldarlıq nəinki çox, hətta az göstərildiyi müəyyən olunur. Yoxlama zamanı rəy vermiş mütəxəsis isə 49 tondan daha az 41,7 ton/ha məhsulun istehsal edildiyi barədə rəy vermişdir. İddiaçının təqdim etdiyi məluamtlarda isə guya 1 hetardan 30 ton məhsul yığıldığı müəyyən edilmişdir. Göründüyü kimi reallıqda iddiaçı daha çox məhsul istehsal etmiş və buna uyğun olaraq daha çox işçiyə ehtiyacı olmuşdur. Məhkəmə qərar verərkən istinad etdiyi digər dəlil ondan ibarət olmuşdur ki, müəssisədə 2014-2015-ci illər üzrə keçirilmiş səyyar vergi yoxlamasının nəticələrinin mübahisələndirildiyi dövrdə bank hesabından sərəncamla tutulmuş məbləğinin məhkəmənin qanuni qüvvəyə minmiş qərarına istinad edərək geri qaytarılmasını tələb etmiş, lakin vergi orqanı bu ərizəni artıq ödənilmiş vergilərin geri qaytarılması kimi qiymətləndirərək, VM-nin 38.3.4-cü maddəsinə istinadən səyyar vergi yoxlamasının keçirilməsi barədə qərar qəbul etmişdir. Bu hal növbədənkənar səyyar vergi yoxlamasının keçirilməsi üçün əsas ola bilməz. Qeyd olunan dəlillə bağlı bildirmişlər ki, İddiaçı MMC xx.xx.2018-ci il tarixdə həmin dövrdə qüvvədə olmuş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli Qərarının 3.1-ci bəndində qeyd olunmuş bütün şərtlərə əməl etməklə vergi orqanına müraciət etmişdir ki, bununla da vergi orqanı haqlı olaraq Vergi Məcəlləsinin 38.3.4-cü maddəsinin tələbinə uyğun olaraq növbədənkənar səyyar vergi yoxlaması təyin etmişdir. Məhkəmənin qeyd olunan dəlili qanunvericiliyiun tələbi və işin faktiki halları ilə ziddiyyət təşkil edir. Belə ki, “Aqrolayn" MMC xx.xx.2018-ci il tarixli müraciətinin qoşmasına nəzər saldıqda açıq-aydın görünür ki, MMC artıq ödənilmiş vergilərin qaytarılması haqqında ərizə ilə müraciət etmişdir ki, bu müraciət də iddiaçıda səyyar vergi yoxlamasının başlanmasına imkan verən əsaslardan biridir. Həmçinin, iddiaçı tərəfindən təqdim edilmiş xx.xx.2018-ci il tarixli “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması və əvəzləşdirilməsi ilə bağlı” ərizədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarına istinad edilməmişdir. Məhkəmə qərarını əsaslandırarkən qeyd etmişdir ki, "mütəxəssisin istinad etdiyi normativlər və statistik göstəricilər rəyə əlavə edilməmiş, rəydə “sair ədəbiyyatlardakı" məlumatlara istinad olunduğu qeyd edilsə də, həmin ədəbiyyatların nədən ibarət olduğu açıqlanmamışdır. Bununla bağlı bildirmişlər ki, mütəxəssis öz rəyini əsaslandırarkən eimitəcrübi monoqrafik ədəbiyyata istinad etmiş, eyni zamanda istinad edilmiş mənbələri rəyində göstərmişdir. Lakin məhkəmə bu mənbələrlə kifayətlənməyərək digər mənbələrin də rəyə əlavə edilməsini zəruri hesab etmiş, ancaq, İPM-12.1-ci maddəsinin tələbindən irəli gələrək mütəxəssisi məhkəmə prosesinə cəlb edərək rəy verərkən istinad etdiyi mənbələr barədə ətraflı araşdırma aparmamışdır. Vergi orqanı tərəfindən mütəxəssisin cəlb edilməsi ilə bağlı qanunvericiliyin tələblərinə əməl edilmişdir. Mütəxəssis rəyi müəssisənin nümayəndəsinə təqdim edilməsinə baxmayaraq, o, rəylə razılaşmaması, razılaşmamasının səbəbləri barədə rəydə qeydiyyat aparmamışdır. Qeyd olunduğu kimi mütəxəssis vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda dəvət olunur. Yəni, mütəxəssis rəyi hər hansı sahə üzrə xüsusi biliyə və təcrübəyə malik olan şəxslər tərəfindən verilir və rəy mütəxəssisin xüsusi biliklərinə, təcrübəsinə, barəsində rəy verdiyi məsələlərin xüsusiyyətlərinə əsaslanır. Həmçinin, alma bağlarına qulluq, meyvənin yığımı, toplanması və daşınması ilk dəfə yerinə yetirilən işlər olmadığı üçün bu sahə üzrə hər hansı elmi-təcrübəvi tədqiqatların aparılmasına da ehtiyac yoxdur. Eyni zamanda mütəxəssis öz rəyini yalnız meyvənin toplanması ilə bağlı verməmiş, bütün il boyu intensiv tipli alma bağına qulluq edilməsi üçün zəruri olan işçi qüvvəsi, əmək tutumu, istehsal həcmi barədə rəy hazırlamış və rəydə hər hansı bir ziddiyyət mövcud deyildir. Mütəxəssis hər bir detalı, o cümlədən iqlim şəraitini nəzərə alaraq, ümumilikdə bu tip bağlar üçün xarakterik olan məhsuldarlıq və əmək tutumu barədə rəy vermişdir. Hesab edirik ki, mütəxəssis tərəfindən verilmiş rəy kifayət qədər əsaslı olmuşdur. Məhkəmə nəzərə almamışdır ki, cavabdeh tərəfindən ödəmə mənbəyində tutulan verginin hesablanmasına səbəb iddiaçı tərəfindən görülən işlərin həcmi ilə onun tərəfindən təqdim olunan işçi sayı arasında uyğunsuzluğun olmasıdır ki, cavabdeh vergi orqanı buna görə vergi qanunvericiliyində ona verilmiş hüquqlardan İstifadə edərək mütəxəssis dəvət etmiş və həmin rəy nəzərə alınmaqla vergiləri hesablamışdır. Belə olan halda, məhkəmə vergi orqanının dəvət etdiyi mütəxəssis rəyi ilə razı olmayaraq həmin rəyi şübhəli kimi qəbul edirsə, işin düzgün, hərtərəfli və obyektiv həll edilməsi məqsədilə yeni (başqa) mütəxəssis dəvət etmək və yaxud ekspertiza təyin etmək imkanına malik olsa da bununla bağlı hər hansı tədbir görmədən ödəmə mənbəyindən hesablanmış vergini ləğv etmişdir. Mütəxəssis rəyində hər hansə şübhəli və ya aydın olmayan halların aradan qalıdırılması məqəsdilə məhkəmə öz təşəbbüsü ilə başqa mütəxəssis dəvət edərək vergilərin düzgün hesablanması üçün yeni mütəxəssis rəyi almaqla ekspertiza təyin edilə bilərdi. Lakin, təəsüflər olsun ki, birinci instansiya məhkəməsi işin tam, hərtərəfli və obyektiv araşdırmaqla iş üzrə əhəmiyyətli olan bütün faktiki hallara düzgün hüquqi qiymət vermək niyyətində olmamış və yalnız formal və heç bir hüquqi əsası olmayan mülahizələrə əsaslanaraq mütəxəssis rəyini qəbul etməməklə öz qərəzli mövqeyini nümayiş etdirmişdir. Qeyd olunanlara əsasən tərəflərindən verilmiş şikayətin təmin edilməsini, iddiaçının şikayətinin təmin edilməməsini, Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli, 2-1(118)-35/2020 saylı qərarının ləğv edilməsini və iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

33. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iddia ərizəsinə və verdiyi apellyasiya şikayətinin məzmununa uyğun izahat verərək, eləcə də cavabdehin apellyasiya şikayətinə etiraza əlavə təqdim edərək iş üzrə 3 saylı Ərazi Vergilər İdarəsinin apellyasiya şikayəti təmin olunmamasını və Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2-1(118)-35/2020 saylı qərarının - İddiaçı MMCnin 2016-2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergi üzrə 32962,76 manat və maliyyə sanksiyası üzrə 16481,38 manat olmaqla vergi məsuliyyətinə cəlb olunması hissəsində 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli **********174992 №-li “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə” qərarının ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Tətbiq edilən hüquq

34. Azərbaycan Respublikası Konstitusiyasının 73-cü maddəsinin İİ-ci hissəsinə əsasən heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə vergilər və başqa dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz.

35. Azərbaycan Respublikası Vergi Məcəlləsinin: 3.2-ci maddəsinə əsasən vergilər iqtisadi cəhətdən əsaslandırılmalıdır. 3.8-ci maddəsinə əsasən heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11-ci maddəsinə əsasən vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları vergi ödəyicisinin xeyrinə şərh edilməlidir. 24.0 və 24.1-ci maddələrinə əsasən vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. 36.2-ci maddəsinə əsasən vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 38.1-ci maddəsinə əsasən, səyyar vergi yoxlaması vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. 38.3.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə vergi ödəyicisinin ərizəsi daxil olduqda vergi orqanları tərəfindən növbədənkənar vergi yoxlaması keçirilə bilər. 45-ci maddəsinə əsasən səyyar vergi yoxlamasının keçirilməsi zamanı bilavasitə vergi orqanlarının fəaliyyət dairəsinə aid olmayan sahələr üzrə xüsusi bilik və təcrübə tələb olunduqda, vergi orqanlarının rəhbərinin (onun müavininin) qərarına əsasən mütəxəssis dəvət oluna bilər. Mütəxəssisin xüsusi bilik və təcrübəsi olmalıdır və o, işin nəticələrində maraqlı olmamalıdır. Bu şərtlərə cavab verməyən mütəxəssisin rəyi vergi orqanları tərəfindən istifadə oluna bilməz. Bu Məcəllənin 45.1-ci maddəsinə müvafiq olaraq cəlb olunmuş mütəxəssis onun qarşısında qoyulmuş suallar barəsində öz rəyini bildirməlidir. Mütəxəssisin rəyi yazılı şəkildə tərtib olunur, onun tərəfindən imzalanır və səyyar vergi yoxlamasının aktına əlavə edilir. 53.3-cü maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur.

36. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu: 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 41.6-1-ci maddəsinə əsasən mütəxəssis inzibati orqana zəruri kömək göstərilməsi üçün elm, texnika, incəsənət və digər peşə sahəsində xüsusi bilik və bacarığa malik olmalıdır. 67.1-ci maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən, qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır.

37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. 69.4-cü maddəsinə əsasən məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. 70.1-ci maddəsinə əsasən inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apelyasiya instansiyası məhkəmələri üçün məcburidir. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

38. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 9 iyun tarixli, 2-1(105)-175/2021 nömrəli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin 2020- ci il 28 oktyabr tarixli qərarı qismən - 2019-cu il 23 yanvar tarixli, **********17492 nömrəli “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi” barədə qərar əsasında iddiaçının hesabından tutulmuş 49444,14 pulun cavabdeh tərəfindən İddiaçı MMC-nin bank hesabına qaytarılmasına dair iddia tələbinin rədd edilməsi hissəsində ləğv edilərək həmin hissədə iddia mümkün sayılmadığından, iddiaçının apellyasiya şikayəti təmin edilmədiyindən və iddiaçı həmin qərardadı mübahisələndirmədiyindən hazırkı apellyasiya baxışının predmetini yalnız cavabdehin apellyasiya şikayəti təşkil edir.

39. Məhkəmə kollegiyası iş materiallarını nəzərdən keçirib, tərəflərin nümayəndələrinin izahatını dinləyib, cavabdehin apellyasiya şikayətinin dəlillərini araşdıraraq, hesab edir ki, aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin qərarı "xxxx" MMC-nin 2016-2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 32962,76 manat və maliyyə sanksiyası 16481,38 manat vergi məsuliyyətinə cəlb olunması hissəsində cavabdehin xx.xx.2019-cu il tarixli **********17492 №-li vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə qərarının ləğv edilməsi hissəsində dəyidirilmədən saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin edilməməlidir.

40. Belə ki, işin müəyyən edilmiş hallarından görünür ki, cavabdehin xx.xx.2018-ci il tarixli **********147880 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar ilə İddiaçı məhdud məsuliyyətli cəmiyyətdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə yanvar 2016-fevral 2018-ci il vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş və yoxlama müddəti 30 (otuz) iş günü müəyyən edilmişdir. Aqrolayn” Məhdud Məsuliyyətli Cəmiyyətin sahibkarlıq fəaliyyəti ilə əlaqədar aparılacaq yoxlamanın başlama tarixi kimi xx.xx.2018-cı il tarix və yoxlamanın başa çatma tarixi kimi xx.xx.2018-ci il tarix göstərilməklə Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrində qeydiyyata alınmış və 19 aprel 2018-ci il tarixli, seriya KY ********* saylı “Yoxlamanın qeydiyyata alınmasına dair sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən çıxarış” alınmışdır. 10 dekabr 2018-ci il tarixli **********148603 saylı səyyar vergi yoxlaması aktı ilə yoxlama başa çatdırılmışdır.

41. Yoxlama zamanı xx.xx.2018-ci il tarixli mütəxəssis rəyi əsas götürülərək, “Aqrolayn" MMC-yə məxsus Qusar rayonun Çubuqlu kəndində yerləşən 83,4 ha intensiv tipli meyvə bağlarında istehsal olunan meyvənin orta məhsuldarlığı 2016-2017-ci illər üzrə 41,7 ton/ha və ona uyğun olaraq əmək tutumu da 751372,51 manat müəyyənləşirilmiş, xx.xx.2018-ci il tarixli **********148603 saylı səyyar vergi yoxlaması aktı ilə ödəmə mənbəyində tutulan vergi üzrə 32962,76 manat verginin büdcədən yayındırılması və Vergi Məcəlləsinin 58.1-ci maddəsinə əsasən azaldılmış məbləğin 50 faizi miqdarında maliyyə sanksiyası tətbiq edilməsi üzrə təklif verilmişdir.

42. Həmin akt əsasında qəbul edilmiş 23 yanvar 2019-cu il tarixli **********174921 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ilə İddiaçı səyyar vergi yoxlamasının nəticələri haqqında akta əsasən ödəmə mənbəyində tutulan vergi üzrə 32926,76 manat əsas borc və 16481,38 manat məbləğində maliyyə sanksiyası olmaqla vergi məsuliyyətinə cəlb edilmişdir.

43. Beləliklə, iddiaçıya əlavə vergi xx.xx.2018-ci il tarixli mütəxəssis rəyi əsasında hesablanmışdır.

44. İş materiallarında olan həmin rəydən görünür ki, mütəxəssis tərəfindən araşdırma aparılmış və rəydə intensiv tipli alma bağında müxtəlif sortlar olmaqla cəmi 196290 ədəd alma ağacı, o cümlədən, 60 ha məhsuldar alma bağında 167000 ədəd alma ağacı və 2014-cü ildə salınmış 20,0 ha alma bağında 29290 ədəd alma ağacının mövcud olduğu və yeni texnologiya əsasında salınmış belə alma bağları ikinci il 15-20 ton/ha, üçüncü il 25-30 ton/ha, dördüncü ildə isə 40-50 ton/ha məhsul verildiyini bildirmişdir. Həmçinin, cəmiyyətin ərazisində 2014-cü ildə salınmış 1,0 ha gavalı, 2015-ci ildə salınmış 1,0 ha və 2018-ci ildə salınmış 1,4 ha armud bağının da olduğu, cəmiyyətin balansında olan bağların 4x1 m, 3,5x0,8 metr əkin sxeminə uyğun salındığı və bağ sahəsində bir hektara orta hesabla 2454 ədəd alma ağacının yerləşdiyi müəyyən edilmişdir

45. Beləliklə, cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrinə əsasən 2016-cı ildə 60 ha alma bağından cəmi ******* kq meyvənin yığılması bu da 10,51 kq/ağac (1756000 kq/167000 ağac) və 2017-ci ildə ******* kq meyvənin yığılması bu da 11,0 kq/ağac göstərilsə də (1842000 kq/167000 ağac), iqlim şəraitinin nisbətən normal keçməsini nəzərə alaraq 60 ha alma bağında 2016-cı ildə məhsuldarlıq 14,5 kq/ağaca görə istehsal həcmi ******* kq (14,5 kq/ağac x 167000 ağac), yaxud 40,3 ton/ha olmalı 2017-ci ildə məhsuldarlıq orta hesabla 15,5 kq/ağaca görə isə ******* kq (15,5 kq /ağac x167000), yaxud 43,1 ton/ha olması göstərilmişdir. Beləliklə, iki il ərzində alma bağı üzrə orta məhsuldarlığın 41,7 ton/ha (40,3+43,1=83,4:2=41,7) olduğu göstərilmişdir.

46. Həmçinin cəmiyyətə məxsus 80 hektar intensiv tipli məhsuldar alma bağında meyvələrin toplanması və daşınması ilə bağlı aparılan araşdırma nəticəsində, bağın 4x1 m, 3,5x0,8 metr əkin sxemi ilə salındığı üçün bir hektar sahədə işləyən işçilərin orta statistik sayı günə 4 adam/gün qəbul edilmişdir.

47. Bağçılıq sahələrində görülən işlər mövsümi xarakterli olduğu üçün məhsil yığımı 10 avqust - 15 noyabr ayları olaraq 3.05 ay qəbul edilib və bir mövsüm ərzində yəni meyvələrin toplanması və daşınması üzrə işçilərin ümumi sayının 976 nəfər (4 işçi sayı x 3.05 ay x 80 ha = 976) olduğu müəyyən edilmişdir.

48. Rəydə daha sonra göstərilir ki, “...mövsüm ərzində işçilərin sayının bir ayda gündə 320 nəfər olduğunu nəzərə alsaq, meyvə yığımına hazırlıq, o cümlədən tez yetişən meyvə sortlarının itkisiz yığılması ilə əlaqədar işçi sayına tələb avqust ayının 10-15 tarixindən başlayaraq artdığı üçün həmin ayda 176 adam/gün və noyabr ayının 15-dən sonra işçi sayının azaldıldığı nəzərə alnaraq 160 adam/gün olduğu hesablanmışdır”.

49. Daha sonra rəydə işçilərin orta aylıq əmək haqqının Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin İqtisadi X6 üzrə orta aylıq nominal əmək haqqı, kənd təsərrüfatı (o cümlədən bağçılıq), meşə təsərrüfatı və balıqçılıq sahəsində çalışan işçilərdə 2016-cı ildə 253,8 manat və 2017-ci ildə isə 261,5 manat olduğunu qəbul edərək əmək tutumu hesablanmışdır. Cəmiyyət tərəfindən vergi orqanına təqdim edilmiş vergi bəyannamələrinə əsasən əmək tutumu 2016-cı ildə 216421,35 manat və 2017-ci ildə 299507,86 manat (216421,35 manat - 299507,86 manat =515929,21 manat) cəmi 515929,21 manat olmuşdur.

50. Beləliklə mütəxəssis rəyi ilə müəyyən edilmişdir ki, cəmiyyətə məxsus Qusar rayonunun Çubuqlu kəndində yerləşən 83,4 ha intensiv tipli meyvə bağlarında istehsal olunan meyvənin orta məhsuldarlığı 2016-2017-ci illər üzrə azı 41.7 ton/ha göstərilməli olduğu halda 30 ton/ha göstərilmiş və ona uyğun olaraq əmək tutumu da 751377,46 manat göstərilməli olduğu halda 515929,21 manat göstərilərək 235448,25 manat azaldılmışdır.

51. Əmək tutumu 2016-2017-ci illərin 3.05 ayı ərzində (10 avqust-15 noyabr) 976 işci (bir ayda 320 nəfər), orta aylıq əmək haqqı 2016-cı ildə 253,8 manat və 2017-ci ildə isə 261,5 manat təşkil etmişdir.

52. Beləliklə, səyyar vergi yoxlaması zamanı xx.xx.2016-cı il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrdə ümumi əmək tutumundan, bəyannamələrində bəyan edilmiş əmək haqqı məbləğləri çıxılaraq (751372,51-515924,21) ödəmə mənbəyində vergiyə cəlb olunan 235448,3 manat əmək tutumu məbləğindən 14% dərəcəsi ilə ödəmə mənbəyində 32962,76 manat məbləğində vergilərin hesablanması təmin edilmişdir.

53. Təkrar apellyasiya baxışı zamanı Ali Məhkəmənin İnzibati Kollegiyasının hazırkı iş üzrə xx.xx.2021-ci il tarixli Qərarında əks olunan hüquqi mövqeyinə uyğun olaraq araşdırılma aparılmış, yuxarıda istinad edilən mütəxəssis rəyi bilavasitə mütəxəssis X3 iştirakı ilə tədqiq edilmişdir.

54. Cavabdeh vergi orqanının “mütəxəssisin dəvət edilməsi haqqında” xx.xx.2018ci il tarixli, **********157457 nömrəli qərarından görünür ki, İddiaçı MMC-yə məxsus, Qusar rayonu, Çubuqlu kəndində yerləşən meyvə (alma) bağında istehsal olunan məhsulların 2016-cı və 2017-ci illər üzrə orta məhsuldarlığının (istehsal həcminin), həmin sahədə çalışan işçilərin orta sayının və əmək tutumunun müəyyən edilməsi sahəsində xüsusi biliyə və təcrübəyə malik olan mütəxəssisin dəvət edilməsinin zəruriliyi qeyd edilərək “X12 Elm Mərkəzi”nin mütəxəssis eksperti X5 mütəxəssis kimi dəvət olunması qərara alınmış və mütəxəssis qarşısında İddiaçı MMC-yə məxsus, Qusar rayonu, Çubuqlu kəndində yerləşən meyvə (alma) bağında istehsal olunmuş n məhsulların 2016-cı və 2017-ci illər üzrə orta məhsuldarlığının, həmin sahədə çalışan işçilərin orta sayının və əmək tutumunun müəyyən edilməsi” sualı qoyulmuşdur. Bununla əlaqədar vergi orqanı ilə X12 Elm Mərkəzi arasında xx.xx.2018-ci il tarixli müqavilə bağlanmış, müqavilədə müvafiq mütəxəssis rəyinin sifariş verildiyi gündən 5 (beş) iş günü ərzində təqdim edilməsi razılaşdırılmışdır (müqavilənin 1 və 2.1.1-ci bəndləri). Mütəxəssis tərəfindən alma bağına 23 iyul 2018-ci il tarixdə baxış aparılmış və müvafiq rəy 4 dekabr 2018-ci il tarixdə tərtib edilmişdir.

55. İlk növbədə qeyd olunmalıdır ki, rəydə məhsul yığımı ilə bağlı mövsümi aylar istisna olmaqla, ilin o biri aylarında intensiv tipli alma bağı sahələrində bütün mərhələlərdə görülən aqrotexniki becərmə işləri (budama, meyvələrin seyrəldilməsi, kimyəvi mübarizə, gübrələmə və s.) tədarük edilən meyvələrin saxlanması, çeşidlənməsi və satışa hazırlanması üçün soyuducu anbar kompleksi, labaratoriya və digər köməkçi binalarda çalışan işçilərin sayı MMC-nin hesabatlarında göstərilən işçi sayı ilə üst-üstə düşdüyü müəyyən olunmuşdur.

56. Mütəxəssis rəyində göstərilən və iddiaçının mübahisələndirdiyi əsas məqam 2016-2017-ci illərin alma yığımı mövsümündə (10 avqust-15 noyabr) işə cəlb olunmuş işçilərin sayı və onlara ödənilməli olan əmək haqları ilə bağlıdır (bu qərarın 49-52-ci bəndləri).

57. Mütəxəssisin təqdim etdiyi diplomun surətindən görünür ki, o, 1978-ci ildə Azərbaycan Dövlət Universitetini biologiya ixtisası üzrə bitirmiş və ona “bioloq”, “biologiya və kimya müəllimi” ixtisası verilmişdir. Bundan əlavə təqdim edilmiş diplom və attestatın surətlərindən görünür ki, M.Qurbanova xx.xx.1987-ci il tarixdə biologiya elmləri namizədi elmi adı, xx.xx.1990-cı il tarixdə isə “bitkilərin zərərvericilərdən və xəstəliklərdən mühafizəsi” ixtisası üzrə böyük elmi işçi dərəcəsi verilmişdir.

58. Məhkəmə kollegiyasının iclasında şahid qismində ifadə vermiş M.Qurbanov müvafiq rəydə istinad edilən mənbələrin bir qismini təqdim edərək bildirmişdir ki, 1979-cu ilin yanvar ayından bu sahədə mütəxəssis, meyvəçi-alim kimi fəaliyyət göstərir. O, rəy verərkən yalnız dövlətin mənafeyini qorumuş, başqa heç bir qərəzliliyi olmamışdır. Rəyi təcrübə əsasında vermiş, müəyyən araşdırma aparmış, internetdə olan məlumatlardan istifadə etmişdir. Hər bir alma sortunun illər üzrə məhsudarlığı və tam məhsula düşdükdən sonra nə qədər məhsul verə bilməsi barədə xüsusi cədvəldən istifadə etmişdir. O, elmi işçi kimi başqa bağda da təcrübə aparmışdır, ikinci il armud bağından 3 ton məhsul götürülə bilər. Onun fikrincə iddiaçı tərəfindən məhsuldarlıq aşağı salınmışdır. Rəyin hazırlanmasında müəyyən problem olduğuna görə rəyin dekabrda yazıldığını bildirmişdir.

59. Məhkəmənin şahid M.Qurbanova onun mühasibatlıq sahəsində biliklərinin olubolmaması, ödəmə mənbəyindən vergiyə cəlb olunan işçilərə ödənilməli olan əmək haqqının, təqdim edilmiş bəyannamələrdə göstərilmiş məbləğlə hesablanmış məbləğin arasında fərqin nə qədər olmasının hansı qaydada hesablanması ilə bağlı suallara cavab olaraq o, mühasibatlıq sahəsində xüsusi biliklərinin olmadığını, bu sahəni dəqiq bilmədiyindən rəyin müvafiq hissəsini təkbaşına hazırlamağın mümkün olmadığını, bu səbəbdən də rəyin hesablamalara aid olan hissəsinin vergi işçisinin köməkliyi ilə hazırladığını bildirmişdir.

60. Beləliklə, təkrar apellyasiya baxışı zamanı müəyyən edilmişdir ki, mütəxəssis rəyində mütəxəssis tədqiqtatı ilə: 1. Yetişdirilmiş məhsulların istehsal həcmi; 2. əmək tutumunun həcminin müəyyən edildiyi göstərilsə də, mütəxəssis tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş və rəy verilərkən mənbə kimi istinad edildiyi göstərilən mənbələrin (müvafiq ədəbiyyat və internet səhifələrindən çıxarışlar) əksəriyyəti müxtəlif alma sortlarının və müxtəlif üsullarla (adi, intensiv, superintensiv) salınmış meyvə bağlarının məhsularlığı ilə əlaqədardır. Həmin mənbələrdən yalnız birində– http://moneymakerfactory.ru/spravochnik/poschitat-cheloveko-chasyi/ internet səhifəsindən edilmiş çıxarışda (Подготовка отчетности. Усложненные расчеты) işçilərin sayı və əmək haqqı barədə statistik məlumatların verilməsinə dair Rusiya Federasiyasında tətbiq olunan qaydalar barədə məlumat vardır ki, həmin məlumatın da hazrıkı iş üzrə mütəxəssis rəyinin əmək tutumunun həcminin müəyyən edilməsi hissəsinin hazırlanmasında hansı qaydada istifadə edilməsi qeyri-müəyyəndir, başqa sözlə həmin məlumatın rəydə gəlinmiş müvafiq nəticə ilə birbaşa və ya dolayı olaraq hər-hansı aidiyyəti yoxdur.

61. İşin yuxarıda qeyd edilən halları ilə müəyyən olunur ki, təqdim edilmiş və məhkəmə iclasında elan edilərək tərəflərin nümayəndələrinin, habelə mütəxəssisin öz iştirakı ilə tədqiq edilmiş mənbələrin heç birində mütəxəssis rəyində göstərildiyi kimi “...MMC-də 80.0 hektar intensiv tipli məhsuldar alma bağ sahələrində meyvələrin toplanması və daşınması ilə bağlı aparılan araşdırma nəticəsində, 4x1m, 3,5x0,8 metr əkin sxemi ilə salınmış alma bağları üçün bir hektar sahədə işçilərin orta statistik sayı 4.0 adam/gün qəbul edilir” nəticəsinə gəlinməsi üçün əsas olan hər-hansı məlumat mövcud deyildir.

62. Bundan əlavə, məhkəmə kollegiyası tərəfindən cavabdehin apellyasiya şikayətinə əlavəsində istinad edilən İddiaçı MMC-də aqronom işləmiş X2 müsahibəsində göstərdiyi hallarla əlaqədar həmin şəxs şahid qismində dindirilmiş. istinad edilən videomüsahibə nümayiş etditilərək bununla bağlı cavabdehin nümayəndəsinin sualları şahid tərəfindən cavablandırılmışdır. H.Bayraqdarov ifadəsində ixtisasca aqranom olduğunu, kənd təsərrüfatı sahəsini yaxşı bildiyini, məhsuldarlığın müxtəlif amillərdən, o cümlədən hava şəraitindən asılı olaraq dəyişdiyini, İddiaçı MMC-də işlədiyi dövrlərdə 1400, 1500, 1700, 1800 ton civarında məhsuldarlıq olduğunu, bir işçinin bir gündə 250- 300, hətta 500 kq alma yığa biləcəyini, bunun işçinin istəyi, habelə sahibkarın yığım məqsədindən (almanın rənginə, kalibrinə görə yığılması) asılı olduğunu, onun işlədiyi dövrdə cəlb edilmiş işçilərin məhsul yığımına artıqlaması ilə kifayət etdiyini bildirmişdir.

63. İş materiallarında olan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin “Bir nəfər işçinin bir gündə almanın yığım norması haqqında” 07 noyabr 2016-cı il tarixli 07/xx-xx-1777 saylı məktubda isə “Respublika Normativ-Tədqiqat Stansiyası tərəfindən hazırlanmış “Bitçilkdə əl ilə görülən işlərin istehsal normaları və tarif dərəcələri” (Bakı- 1981) təlimatına əsasən (yenisi hazırlanmayıb) Azərbaycan Respublikasında alma yığımı mövsümündə bir nəfər işçinin bir gündə almanın yığım norması almanın sortundan, böyümə gücündən və hektarın məhsuldarlığından asılı olaraq 150-600 kiloqram arasında dəyişməsi və hal-hazırda bu normanın qarşılıqlı razılaşma əsasında işəgötürənlə işçi arasında bağlanan müqavilə əsasında müəyyən olunması göstərilmişdir.

64. Eyni zamanda işə təkrar apellyasiya qaydasında baxılarkən iddiaçının vəsatətinə əsasən Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinə sorğu verilərək Kənd Təsərrüfatı Nazirliyinin müvafiq şöbələri, habelə tabeliyində olan digər qurumların mütəxəssisləri tərəfindən məhkəməyə Aqrolayn MMC-yə məxsus Qusar rayonu, Çubuqlu kəndində yerləşən intensiv tipli meyvə bağında istehsal olunan məhsulların 2016-cı və 2017-ci illər üzrə istehsal həcminin və əmək tutumunun müəyyən edilməsi barədə müvafiq rəy verilməsi xahiş olunmuş, məhkəməyə təqdim edilmiş Qusar DAİM Bitkiçilik sektorunun müdiri tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli rəydə Qusar rayonunun Çubuqlu kəndi ərazisində yerləşən İddiaçı MMC-yə məxsus meyvə bağlarında 2016-cı və 2017-ci illər üzrə istehsal həcmi və əmək tutumu barədə məlumatların dəqiqliyini yerində müəyyən etmək mümkün olmadığı üçün həmin məlumatların MMC-nin baş mühasibi A.Ə.Qaçabəyov tərəfindən təqdim olunmuş məlumatlara əsasən götürüldüyü bildirilmişdir. Həmin rəydə təqdim edilmiş məlumatlar iş materiallarında olan (cild 1, səh.189) iddiaçının təqdim etdiyi arayışda göstərilən məlumatlarla eynilik təşkil edir.

65. Bundan əlavə iş materiallarında olan qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, cavabdehin xx.xx.2016-cı il tarixli, **********995026 saylı səyyar vergi yoxlamasının keçirilməsi haqqında qərar ilə İddiaçı məhdud məsuliyyətli cəmiyyətdə Vergi Məcəlləsinin 38.3.5-ci maddəsinə əsasən vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə sentyabr 2014-dekabr 2015-ci il vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmişdir.

66. Həmin yoxlama zamanı da hazırkı işdə rəy verən mütəxəssis - X12 Elm Mərkəzinin əməkdaşı X3 xx.xx.2015-ci il tarixli mütəxəssis rəyi əsas götürülərək, 2014-cü ildə hər ağaca 9,5 kq meyvə düşməklə istehsal həcmi 1602032,5 kq; 2015-ci ildə məhsuldarlıq 13,5 kq/ağaca görə istehsal həcmi 2276572,5 kq müəyyənləşirilmiş, xx.xx.2016-cı il tarixli **********995252 saylı səyyar vergi yoxlaması aktı əsasında qəbul edilmiş 08 iyul 2016-cı il tarixli **********025592 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar ilə İddiaçı ödəmə mənbəyində tutulan vergi üzrə 34737,92 manat əsas borc və 17368,96 manat məbləğində maliyyə sanksiyası olmaqla vergi məsuliyyətinə cəlb edilmişdir.

67. İddiaçı MMC Azərbaycan Respublikasının Vergilər Nazirliyinin 3 saylı Ərazi Vergilər İdarəsinə qarşı 08 iyul 2016-cı il tarixli **********025592 saylı “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın İddiaçın 2014-2015-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 34737,92 manat (19184,62+15553,30) və maliyyə sanksiyası üzrə 17368,96 manat (9592,31+7776,65) olmaqla vergi məsuliyyətinə cəlb edilməsi hissəsində ləğv edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(85)-78/2017 saylı 13 fevral 2017-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya və kassasiya şikayətləri təmin olunmamışdır.

68. İşin yuxarıda qeyd edilən halları ilə əlaqədar məhkəmə kollegiyasl qeyd edir ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri).

69. Vergi orqanı inzibati orqan kimi sübutlara iş üçün əhəmiyyət kəsb edən bütün faktiki və hüquqi hallara müvafiq olaraq qiymət verməlidir. Lakin hazırkı halda vergi orqanı iddiaçının vergi məsuliyyətinə cəlb olunması barədə xx.xx.2019-cu il tarixli qərarı qəbul edərkən mütəxəssis rəyinin mötəbərliliyinə qiymət vermədən, iş üzrə obyektiv həqiqətin üzə çıxarılması üçün əlavə sübutlar toplamağa çalışmadan həmin rəyi birbaşa mötəbər sübut kimi qəbul etməklə verginin hesablanmasında əsas götürmüş, bununla da inzibati orqan kimi öz vəzifələrini düzgün icra etməmişdir. Halbuki, birinci instansiya məhkəməsinin də qeyd etdiyi kimi, vergi orqanının iddiaçı olan vergi ödəyicisində vergi nəzarətinin həyata keçirilməsi üçün müxtəlif imkanları, o cümldən xronometraj metodu ilə müşahidə aparmaq imkanı mövcud olmuşdur.

70. Məhkəmə kollegiyası onu da qeyd etməyi vacib hesab edir ki, mütəxəssis rəyi cavabdeh inzibati orqanın qanuni əsasla əldə etdiyi sübut növüdür və vergiyə cəlb olunan dövriyyənin hesablanması mütəxəssis rəyi və digər əlaqəli sübutlarla müəyyən edilə bilər. Vergi Məcəlləsinin 67-ci maddəsinin tələbinə görə vergi məbləğinin müəyyən edilməsi digər əlaqəli sübutlarla yanaşı mütəxəssis rəyi ilə də müəyyən edilə bilər. Lakin hazırkı vəziyyətdə vergilərin hesablanması barədə yalnız mütəxəssis rəyinin mövcudluğu iddiaçını əlavə vergi məsuliyyətinə cəlb edilməsi üçün yetərli deyildir.

71. İnzibati prosessual qanunvericiliyə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Göründüyü kimi, faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi cavabdehin üzərində olduğu halda, cavabdeh iddiaçı müəssisəyə əlavə vergilərin hesablanması zamanı istinad etdiyi mütəxəssis rəyinin mötəbərliliyini və obyektiv həqiqəti əks etdirdiyini, o cümlədən vergilərin hesablanması zamanı vergi ödəyicisinin xeyrinə olan halların nəzərə alındığını sübuta yetirməmiş, bununla da qanunsuz inzibati akt qəbul etmişdir. Qeyd edilən mütəxəssis rəyinin mötəbərliyi məhkəmə araşdırması zamanı da öz təsdiqini tapmamışdır (bu qərarın 58-62-ci bəndləri).

72. Göründüyü kimi qanunvericiliyin tələbinə görə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki halda isə mübahisələndirilən inzibati aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunun cavabdeh tərəfindən sübuta yetirilməməsi iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur.

73. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı "xxxx" MMC-nin 2016-2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergilər üzrə 32962,76 manat və maliyyə sanksiyası 16481,38 manat vergi məsuliyyətinə cəlb olunması hissəsində cavabdehin xx.xx.2019-cu il tarixli **********17492 №-li vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarının ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılmalıdır.

74. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2020-ci il tarixli 2-1(118)-35/2020 saylı qərarı "xxxx" MMC-nin 2016-2017-ci illər üzrə ödəmə mənbəyində tutulan vergi üzrə 32962,76 manat və maliyyə sanksiyası üzrə 16481,38 manat vergi məsuliyyətinə cəlb olunması hissəsində 3 saylı Ərazi Vergilər İdarəsinin xx.xx.2019-cu il tarixli **********17492 №-li “vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi barədə" qərarının ləğv edilməsi hissəsində dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar