Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-193/2023 26.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı Sumqayıt bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının nümayəndələri Nümayəndə1, X3, cavabdehin nümayəndəsi Nümayəndə2 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Sumqayıt bələdiyyəsinin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı Sumqayıt bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 12 saylı iclasının 06 saylı qərarı ilə sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəlləri ərazisində, N.Nərimanov küçəsində yerləşən 114 kv.m torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-67/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Sumqayıt bələdiyyəsi Sumqayıt bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 12 saylı iclasının 06 saylı qərarı ilə sənədləşdirilməsi nəzərdə tutulmuş Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəlləri ərazisində, Nəriman Nərimanov küçəsində yerləşən 114 kvadrat metr torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və bununla bağlı müvafiq reyestr çıxarışının verilməsi üçün cavabdeh orqana müraciət etmiş, cavabdehin 08 yanvar 2021-ci il tarixli, **********13 saylı məktubu il iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir.
2. Məktubda qeyd edilmişdir ki, idarənin xidməti istifadəsində olan xəritə məlumatlarında qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin 92.56 kv.m hissəsi dövlət mülkiyyəti kimi qeydiyyata alınmışdır.
3. İddiaçı imtina ilə razılaşmayaraq, məhkəməyə müraciət etmişdir.
4. X5 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddia onunla əsaslandırılmışdır ki, vətəndaş X5 ərizə ilə Sumqayıt Bələdiyyəsinə müraciət edərək Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəllələri ərazisində, Nəriman Nərimanov küçəsində yerləşən faktiki istifadəsində olan 114 kvadrat metr torpaq sahəsinin qüvvədə olan torpaq qanunvericiliyinə uyğun şəkildə adına sənədləşdirilməsini xahiş etmişdir. Sumqayıt bələdiyyəsi tərəfindən aparılmış araşdırmalar nəticəsində ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı hər hansı məhdudiyyətlər və yüklülüklər müəyyən olunmadığından, bələdiyyənin 11 dekabr 2012-ci il tarixli 12 saylı iclasının 06 saylı qərarı ilə hərracın (müsabiqənin) keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasını məqsədəuyğun hesab edilmişdir. Sumqayıt bələdiyyəsinin müvafiq müraciəti əsasında Sumqayıt Şəhər İcra Hakimiyyətinin Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən 18 may 2012-ci il tarixli, 69a saylı, Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi tərəfindən isə 02 iyul 2012-ci il tarixli, 02/554 saylı rəylər verilərək sözügedən torpaq sahəsinin ayrılmasına etiraz edilmədiyi bildirilmişdir. Eyni zamanda, Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsi ayrılması nəzərdə tutulan torpaq sahəsi ilə bağlı Sumqayıt Bələdiyyəsinin adına “Torpaq sahəsinin planı və ölçüsü”nü hazırlamış və həmin sənəd 15 fevral 2013-cü il tarixdə 5802 nömrə ilə X10 kitabında uçota alınmışdır. Həmin sənədlər də əlavə edilməklə Sumqayıt bələdiyyəsi tərəfindən rəsmi qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi idarəsinə müraciət edilərək qeyd olunan torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatından keçirilməsi və bunu təsdiq edən müvafiq hüquqmüəyyənedici sənədlərin verilməsi xahiş edilsə də, cavabdeh bugünədək bələdiyyənin torpaq sahəsi üzərində qeydiyyatını həyata keçirməmişdir. Sumqayıt Bələdiyyəsinin bununla bağlı 09 dekabr 2020-ci il tarixli, 3608 saylı sonuncu müraciətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Ərazi İdarəsi tərəfindən verilmiş 08 yanvar 2021-ci il tarixli, **********13 saylı cavab məktubunda bildirilmişdir ki, sənədləşdirilməsi nəzərdə tutulan torpaq sahəsi idarənin xidməti istifadəsində olan xəritə məlumatlarında dövlət mülkiyyətinə aid edilmiş torpaq sahəsi kimi qeydiyyata alındığından, həmin torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatından imtina edilir. Bu zaman cavabdeh inzibati orqan nə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş və mübahisələndirilən torpaq sahəsinin Sumqayıt bələdiyyəsinin mülkiyyətdə olduğunu təsdiq edən torpaqayırma sənədlərinə əhəmiyyət verməmiş, nə də torpağın dövlət mülkiyyətində olduğunu təsdiq edən hər hansı hüquq müəyyənedici sənədlərin surətlərini bələdiyyəyə təqdim etməmişdir. Halbuki, müvafiq qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə torpaqları, o cümlədən mübahisələndirilən torpaq sahəsi də 2001-ci ildə rəsmi şəkildə Sumqayıt şəhəri ərazisində bələdiyyə mülkiyyətinə aid edilmiş torpaq sahələrinin qanunvericiliklə müəyyən edilmiş qaydada təhvili işləri həyata keçirilərkən tərtib edilmiş protokol, akt və digər torpaqayırma sənədlərinə əsasən Sumqayıt bələdiyyəsinə təhvil verilmiş və həmin dövrdə qüvvədə olmuş qanun normalarına əsasən müvafiq qaydada xəritələşdirilərək keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində dövlət torpaq reyestrində və X10nda dövlət qeydiyyatından keçmişdir. Bu səbəbdən cavabdehin mübahisələndirilən torpaq sahəsinin bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olması barədə bildirdikləri tamamilə əsassız və qanunaziddir. Göründüyü kimi, sadalanan sənədlərə, o cümlədən Azərbaycan Respublikasının keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin torpaq sahəsi ilə bağlı tərtib etdiyi və 15 fevral 2013-cü il tarixdə 5802 nömrə ilə X10 kitabında uçota alınmış “Torpaq sahəsinin planı və ölçüsü”nə əsasən mübahisələndirilən torpaq sahəsi “Torpaq islahatı haqqında” və “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanunlarının müddəalarına görə Sumqayıt Bələdiyyəsinin mülkiyyətinə verilmiş və hal-hazırda da bələdiyyə mülkiyyətindədir. Bu səbəbdən cavabdehin Sumqayıt bələdiyyəsinin torpaq üzərində mülkiyyət hüququnu qeydiyyata almaqdan imtina etməsini əsassız hesab edirək pozulmuş hüquqlarının müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdırlar. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin 1-ci hissəsinə görə müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci və 2-ci maddələrinə əsasən bələdiyyə ərazisinin hüdudları “Torpaq islahatı haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bələdiyyə mülkiyyətinə verilən torpaq sahələri müvafiq ərazi vahidinin sahəsinə əlavə edilməklə müəyyənləşdirilir. Həmin Qanunun 3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı lazımi şəhərsalma və yerquruluşu sənədlərini tərtib edərək, bələdiyyələrin əraziləri və mülkiyyətlərinə verilən torpaq sahələri ilə birlikdə, onların hüdudlarını, torpaq növlərini və ölçülərini göstərməklə, bələdiyyə orqanlarına təhvil verirlər. “X10, torpaqların monitorinqi və yerquruluşu haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinə əsasən X10-torpaq istifadəçiliyinin dövlət qeydiyyatı,torpaqların kəmiyyət və keyfiyyətcə uçotu bonitirovkası və iqtisadi qiymətləndirilməsi üzrə məlumatların məcmusudur. Həmin Qanunun 5-ci maddəsinə əsasən X10 torpaqların hüquqi statusundan və rejimindən asılı olmayaraq Azərbaycan Respublikasının hüdudları daxilində yerləşən bütün torpaq sahələrində mütləq, müstəqil və vahid sistem üzrə aparılır. Həmin Qanunun 6-cı maddəsinə əsasən X10na torpaq sahələrinin hüquqi statusu, torpaq üzərində mülkiyyət istifadə və icarə hüququ, torpaq sahələrinin kəmiyyət və keyfiyyət göstəriciləri, torpaqların bonitirovkası və iqtisadi qiymətləndirilməsi, torpaqların istifadəsi və mühafizəsi ilə əlaqədar qanunvericiliklə müəyyən olunmuş digər məlumatlar daxildir. Torpaqların istifadəsinin və mühafizəsinin planlaşdırılmasında, zonalaşdırılmasında və torpaq münasibətlərinin tənzimlənməsində X10nın məlumatları tətbiq olunur. X10nın məlumatları dövlət orqanlarının, bələdiyyələrin və məhkəmələrin qərar qəbul etməsi üçün əsasdır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 8-ci maddəsinə əsasən torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi, bələdiyyə mülkiyyətində olan torpaq sahəsinin qanunvericliklə müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Həmin Məcəllənin 47-ci maddəsinin 1ci hissəsinə əsasən torpaq üzərində bələdiyyə mülkiyyəti “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq, bələdiyyə mülkiyyyətinə ayrılan torpaqlar, habelə qanunvericiliklə müəyyən edilmiş qaydada, başqa torpaq mülkiyyətçilərindən bələdiyyələrə keçən torpaqlar hesabına yaranır. Həmin Məcəllənin 66cı maddəsinin 2-ci hissəsinə əsasən torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ-subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 156.1-ci maddəsinə əsasən bələdiyyələrə mülkiyyət hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin birinci hissəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Konstitusiyasının 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ o cümldən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ,o cümlədən mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 9 dekabr tarixli, 226 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında dövlət əmlakının Registri haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır və həmin əmlak barəsində bağlanmış əqdlər qeydə alınır. Həmin Əsasnamənin 3-cü bəndinə görə Azərbaycan Respublikasında dövlət əmlakının Registri Respublikasının informasiya sisteminin ümumi prinsiplərinə əsaslanan daşınmaz dövlət əmlakının (torpaq sahəsi və ya torpaq sahəsi ilə bağlı olan müəssisə, tikili, qurğu və s.) qeydiyyatı, onun barəsində bağlanmış əqdlər (icarəyə və ya istifadəyə verilməsi, girov qoyulması və s.) haqqında məlumatların məcmusu olan informasiya sistemidir. Həmin Əsasnamənin 6-cı bəndinə əsasən Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsində dövlət əmlakının mərkəzi registri, onun yerli qurumalarında dövlət əmlakının yerli registrləri aparılır. Həmin Əsasnamənin 7-ci bəndinin tələblərinə uyğun olaraq dövlət əmlakının mərkəzi registrində bu bəndin ikinci abazasında göstərilən əmlak istisna olmaqla, müvafiq dövlət hakimiyyəti orqanlarının, dövlət şirkətlərinin, konservlərinin, birliklərinin və onların tabeliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan, habelə Azərbaycan Respublikasının xaricində olan daşınmaz dövlət əmlakı qeydə alınır. Yerli registrlərdə yerli icra hakimiyyəti orqanlarının və onların tabeliyində olan müəssisə, idarə və təşkilatların sərəncamında olan daşınmaz dövlət əmlakının qeydiyyatı aparılır. Adı çəkilən Əsasnamənin 17-ci bəndinə əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Registrində qeydə alınan bütün qeydiyyat obyektlərinə registr nömrəsi verilir və sərəncamda həmin obyektlər olan subyektlərə bu barədə müvafiq “Registrdən çıxarış” təqdim edilir. Həmin Əsasnamənin 18-ci bəndinin müddəlarına görə sərəncamında olan daşınmaz dövlət əmlakı Azərbaycan Respublikasında Dövlət Əmlakının Registrində qeydə alınmadan və bunu təsdiq edən rəsmi sənəd (“Registrdən çıxarış”ı) olmadan müvafiq dövlət orqanları, dövlət şirkətləri, konservləri, birlikləri və onların tabeliyində olan müəssisə, idarə və təşkilatlar həmin əmlak barədə (balansdan silinməsi, balansdan balansa verilməsi, əqdlər bağlanması, o cümələdən icarəyə verilməsi, habelə girov qoyulması, digər öhdəliklərə yüklənməsi, özgəninkiləşdirilməsi və s.) heç bir qərar qəbul edə bilməzlər. Həmin Əsasnamənin 19-cu bəndinin ikinci abzasına əsasən Azərbaycan Respublikasında dövlət əmlakının Regstrinə daxil edilmiş daşınmaz dövlət əmlakı sərəncamında olan bu Əsasnamənin 7-ci bəndində müəyyən edilmiş subyektlər hər il dekabr aynın 31-nə qədər müvafiq registrlərə daşınmaz əmlakın hərəkətinə dair balansların surətlərini təqdim etməlidirlər. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsində göstərilir ki, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 8.0.5-ci maddəsində müəyyən edilmişdir ki, bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri,yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biridir. Həmin Qanunun 12.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi əmlakdan maneəsiz istifadə hüququnun konkret məzmunu ilə bağlı 1979-cu ildə “Marks Belçikaya qarşı” işdə şərh verərək göstərmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarı ilə mülkiyyət hüququna təminat verir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Sporring və Lonnort İsveçə qarşı” işdə qeyd etmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almışdır. Həmin işdə Avropa Məhkəməsi məhz uzun müddətə mülkiyyətçilərin onlara məxsus torpaq sahəsindən maneəsiz istifadə etməsinə məhdudiyyət qoyması əsasına görə Konvensiyanın 1-ci Protokolunun 1-ci maddəsinin pozulması faktını qeyd etmişdir. Beləliklə, qeyd olunanlardan görünür ki,cavabdehin hərəkətləri qanunazidd və əsassızdır. Yuxarıda göstərilmiş maddi hüquq normalarından aydın olur ki, torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi səlahiyyətləri vardır. Bələdiyyənin müraciəti əsasında müvafiq icra hakimiyyəti orqanları ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatının yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğunluğunu, həmçinin bələdiyyə mülkiyyətində olduğunu təsdiq etmişlər. Cavabdeh bələdiyyə mülkiyyətində olan torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən imtina etməklə Sumqayıt bələdiyyəsinin yuxarıda göstərilən hüquqlarının pozulmasına yol vermişdir. Belə ki, Sumqayıt şəhərində torpaq islahatı 2001-ci ildə həyata keçirilmiş, dövlət və bələdiyyə torpaqları müəyyənləşdirilərək müvafiq qaydada xəritələşdirilmişdir. Bugünədək cavabdehin eyni əsaslarla imtina verdiyi bir neçə torpaq sahəsi ilə bağlı çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə aktları mövcuddur ki, həmin məhkəmə aktlarında “Torpaq sahəsinin planı və ölçüsü”nün mövcudluğuna istinad edilərək həmin sənədin torpaq sahəsinin bələdiyyə mülkiyyətində olduğunu sübuta yetirdiyi bildirilmişdir. Bu səbəbdən hesab edirlər ki, hazırda mübahisələndirilən torpaq sahəsinə dair cavabdehin gəldiyi nəticə ilə bununla eyni faktiki hallara malik işlərə dair məhkəmənin qanuni qüvvəyə minmiş aktlarında əks olunmuş mövqeyi arasında bu cür ziddiyyətlərin olması müvafiq qanun normalarının tələbləri ilə ziddiyyət təşkil edir. “Torpaq sahəsinin planı və ölçüsü” tərtib edildiyi halda həmin sənədi və X10nda qeydiyyatdan keçirilmiş məlumatları qəbul etməyən cavabdehin bu barədə mülahizəsini əsassız və qanunazidd hesab edirlər. Bu qəbildən olan bir neçə iş üzrə müvafiq məhkəmə prosesləri başa çatmış və çıxarılmış məhkəmə aktlarına əsasən torpaq sahələri üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və mülkiyyət hüququna dair müvafiq reyestr çıxarışlarının verilməsi vəzifəsi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulmuşdur. Həmin işlər üzrə çıxarılmış qanuni qüvvəyə minmiş məhkəmə qərarlarının hamısı icra edilərək çıxarışlar verilmişdir. Göründüyü kimi, eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslarla bağlı mübahisələrə dair məhkəmələrin qanuni qüvvəyə minmiş aktları mövcud olduğu halda, cavabdeh yenə də əsassız şəkildə bələdiyyə torpaqlarının dövlət qeydiyyatından imtina etməkdə davam edir. Bu səbəbdən cavabdehin torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnu dövlət qeydiyyatına almaqdan imtina etməsini qanunsuz və hüquqazidd saymaqla yanaşı, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hüquqların dövlət qeydiyyatından imtina olunmasının, yaxud da qeydiyyatın dayandırılmasının əsaslarına da zidd hesab edirlər.
6. Cavabdeh iddiaya etirazında qeyd etmişdir ki, iddiaçı Sumqayıt bələdiyyəsi Sumqayıt şəhəri, 14-cü və 29-cu məhəllələr arası ərazidə, N.Nərimanov küçəsində yerləşən 114 kv.m torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına köməklik göstərilməsi barədə 10 dekabr 2020-ci il tarixli ərizə ilə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət etmişdir və onun müraciəti ********** nömrə ilə qeydiyyata alınmışdır. Müraciəti ilə əlaqədar olaraq Sumqayıt bələdiyyəsinə bildirilmişdir ki, idarənin xidməti istifadəsində olan xəritə məlumatlarında qeydiyyata alınması nəzərdə tutulan torpaq sahəsinin 92.56 kv.m hissəsi dövlət mülkiyyəti kimi qeydiyyata alınmışdır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən Sumqayıt şəhəri, 14-cü və 29-cu məhəllələr arası ərazidə, N.Nərimanov küçəsində yerləşən 114 kv.m torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilmiş və bu barədə Sumqayıt bələdiyyəsinə 08 yanvar 2021-ci il tarixli **********13 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Göründüyü kimi, hazırki iş üzrə idarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması haqqında məhkəmə qərardad qəbul edir.
7. Sumqayıt İnzibati Məhkəməsinin 11 noyabr 2022-ci il tarixli, 2-1(118)-67/2022 nömrəli qərarı ilə (hakim İsmayıl Quliyev) iddia rədd edilmişdir.
8. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt bələdiyyəsi sadalanan sənədləri 2012-ci ildə əldə etsə də öz hüquqlarını dövlət qeydiyyatına aldırmamış, ona 2012-ci ildə verilən səndələrin hazırda səlahiyyətli olan qurumda qeydiyyatının olması müəyyən edilmir. Hazırda səlahiyyətli olan qurumum baza məlumatlarına əsasən mübahisəli torpaq sahəsinin 92.56 kv.m hissəsi dövlət mülkiyyəti kimi qeydiyyata alınmışdır.
9. Torpaq sahəsinin bələdiyyə və ya dövlətə aid olmasının müəyyən edilməsi mahiyyəti etibarı ilə dövlət qurumları arasında olan icraat nəticəsində müəyyən olunan məsələdir və dövlət qurumları arasında olan mübahisələr inzibati məhkəmə icraatının araşdırması ola bilməz və bununla bağlı problemlər yuxarı inzibati orqan tərəfindən həll edilməlidir. Lakin hazırkı iddia mövcud hüququn qeydə alınması ilə bağlı olduğu üçün məhkəmə iddianı mümkün hesab etmiş, hazırkı iddianı iki inzibati orqan arasında olan mübahisə kimi qiymətləndirməmişdir. İddiaçıya izah edilmişdir ki, xəritə baza məlumatlarında aparılmış qeydiyyatlardan narazıdırsa, qanunvericiliyə uyğun olaraq səlahiyyətli yuxarı inzibati orqana müraciət etməsi istisna edilmir.
10. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd edilmişdir ki, məhkəmə tərəfindən qərar qəbul edilərkən nədənsə müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş və mübahisələndirilən torpaq sahələrinin Sumqayıt bələdiyyəsinin mülkiyyətdə olduğunu təsdiq edən torpaqayırma sənədlərinə əhəmiyyət verməmişdir. Halbuki, müvafiq qanunvericilik aktlarına uyğun olaraq bələdiyyə torpaqları, o cümlədən, mübahisələndirilən torpaq sahələri də 2001-ci ildə rəsmi şəkildə tərtib edilmiş protokol, akt və digər torpaqayırma sənədlərinə əsasən Sumqayıt bələdiyyəsinə təhvil verilmiş və həmin dövrdə qüvvədə olmuş qanun normalarına əsasən müvafiq qaydada xəritələşdirilərək keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində dövlət torpaq reyestrində və X10nda dövlət qeydiyyatından keçmişdir. Həmin sənədlər Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi ləğv olunduqdan sonra Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsində, o cümlədən, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Kadastrı və Ünvan Reyestri Xidməti Kadastr və Yerquruluşu Layihə-Tədqiqat Mərkəzində saxlanılır. Bu səbəbdən, məhkəmənin mübahisələndirilən torpaq sahələrinin bələdiyyə mülkiyyətində olmaması və dövlət mülkiyyətində olması barədə gəldiyi nəticə tamamilə əsassızdır. Sözügedən torpaq sahələri “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun müddəalarına görə Sumqayıt bələdiyyəsinin mülkiyyətinə verilmiş, müvafiq qaydada xəritələşdirilmiş və hal-hazırda bələdiyyə mülkiyyətindədir. Bu günədək cavabdehin Sumqayıt bələdiyyəsinin torpaq sahələri üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasına dair yüzlərlə çıxarışın verilməsinin mövcudluğu özü-özlüyündə bələdiyyə torpaqlarının hüdudlarını göstərən müvafiq plan-cizgi materiallarının və xəritələrin mövcud olmamasını istisna edir. Göründüyü kimi, məhkəmə hər hansı hüquqi əsasa söykənmədən Sumqayıt bələdiyyəsinin iddia tələbini təmin etməmişdir. Bu zaman məhkəmə qanunsuzluğa yol verməklə yanaşı, torpaq qanunvericiliyinin, o cümlədən bələdiyyə torpaqlarına dair qanunvericilik aktlarının müddəalarını da nəzərə almamışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim ediləmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndələri Nümayəndə1 və X6 apellyasiya şikayətinin dəlillər ilə eyni məzmunlu izahatlar verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdilər.
14. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 və üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər və izahatlarında bildirdilər ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətindədir.
15. Üçüncü şəxs X2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (...)
Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; [29] 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; (...)
Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (...)
17. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu:
Maddə 5. Bələdiyyə torpaqlarının idarə edilməsində bələdiyyələrlə müvafiq icra hakimiyyəti orqanları arasında münasibətlərin tənzimlənməsi 5.1. Bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur.
18. “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 7. Bələdiyyə torpaqları
1. Müvafiq ərazi vahidi daxilində dövlət mülkiyyətində saxlanılan və xüsusi mülkiyyətə verilən torpaqlar çıxılmaqla qalan torpaqlar bələdiyyə mülkiyyətinə verilir. (...)
19. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri
82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
20. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 yanvar 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
21. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir.
22. Tərəflər arasında yaranmış mübahisə torpaq sahəsi üzərində hüquqların qeydiyyatı ilə bağlıdır.
23. Belə ki, iş materiallaırndan görünür ki, iddiaçı Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəllələri ərazisində, Nəriman Nərimanov küçəsində yerləşən faktiki istifadəsində olan 114 kvadrat metr torpaq sahəsinin mülkiyyətinə verilməsini xahiş etmişdir.
24. İş materiallarında olan Sumqayıt şəhər İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsinin 69 nömrəli xx.xx.2012-ci il tarixli rəyindən görünür ki, Sumqayıt bələdiyyəsi tərəfindən təqdim olunmuş mövqe planına və yeni qaydalara uyğun olaraq, Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəllələri ərazisində, Nəriman Nərimanov küçəsində yerləşən sahibkarlıq məqsədilə 114 kv.m torpaq sahəsinin ayrılmasına etiraz edilməmişdir.
25. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Sumqayıt şəhər şöbəsinin 02/554 nömrəli, xx.xx.2012-ci il tarixli məktubunda qeyd edilmişdir ki, torpaq sahəsinə baxış keçirilmişdir. Torpaq sahəsinin ölçüsü 216 m2 olmaqla İ qiymət zonasında yerləşir və normativ qiyməti 1 m2 üçün 4,5 manatdır. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin tələblərinə uyğun olaraq 216 m2 torpaq sahəsinin sənədləşdirilməsinə etiraz etmirlər.
26. İddiaçı tərəfindən təqdim edilmiş bələdiyyə torpaqlarının təhvil verilməsi haqqında 21 iyun 2001-ci il tarixli protokolda, eyni tarixli aktda isə bələdiyyə mülkiyyətinə verilmiş torpaq sahələri qeyd olunmuşdur.
27. Sumqayıt Bələdiyyəsinin xx.xx.2012-ci il tarixli 12 saylı qərarından görünür ki, Sumqayıt şəhərinin 14-cü və 29-cu məhəllələri ərazisində, Nəriman Nərimanov küçəsində yerləşən sahibkarlıq məqsədilə 114 kv.m torpaq sahəsini mülkiyyətə verilməsi ilə bağlı açıq müsabiqənin keçirilməsi üçün torpaq sahəsinin üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınması prosedurunun başlanılması qərara alınmışdır.
28. Bundan sonra xx.xx.2020-ci il tarixdə iddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınması üçün cavabdehə müraciət etmiş, cavabdeh isə torpaq sahəsinin dövlət mülkiyyətində olmasını əsas gətirərək iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir.
29. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidmətinin xx.xx.2021-ci il tarixli **********14 nömrəli məktubundan görünür ki, mübahisəli torpaq sahəsi torpaqların elektron kadastr bazasında dövlət torpağı kimi qeydə alınmışdır. Həmçinin ƏMDK yanında Daşınmaz Əmkakın Kadastrı və Ünvan Reyestri Xidməti tərəfindən mübahisəli torpaq sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edən Sumqayıt bələdiyyəsinin elektron xəritəsindən çıxarış təqdim edilmişdir. (İ cild, iş v. 97)
30. İş materiallarında olan Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli, **********61 nömrəli məktubunda qeyd edilmişdir ki, dövlət əmlaklarının siyahısında “Ləman” şərkətinə məxsus obyektin yerləşdiyi torpaq sahəsi sahəsi (iş kodu 63878, registr nömrəsi ********) kimi göstərilmiş və daşınmaz əmlakın rəqəmli kadastr xəritəsində dövlət əmlakı kimi təsvir olunmuşdur. Sözügedən torpaq sahəsinin dövlət əmlaklarının siyahısında “Ləman” şirkətinə məxsus olmasını təsdiq edən sənədlərin təsdiq olunmuş surətlərinin göndərilməsi barədə məktuba Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi idarəsində baxılmış və bildirilmişdir ki, sözügedən “Ləman” şirkətinə məxsus obyektin yerləşdiyi (iş kodu 63878, registr nömrəsi ********) torpaq sahəsinə dair idarənin arxivində məlumat aşkar edilməmişdir.
31. Cavabdehin imtinasını qanunsuz hesab edən iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Birinci instansiya məhkəməsi iddianı əsaslı saymamış və təmin etməmişdir.
32. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, **********75 nömrəli məktubunda qeyd olunmuşdur ki, sözügedən torpaq sahəsinin, “Bələdiyyələrin dövlət reyestrinin aparılması və onlara şəhadətnamələrin verilməsi haqqında” Əsasnamənin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında” Azərbaycan Rspublikası Prezidentinin 10 fevral 2010-cu il tarixli Fərmanın 3-cü bəndinin və AR ƏMDK-nin yanında DƏDRX-nin 14 may 2010-cu il tarixli RX-23/06/866 nömrəli məktubunun icrası ilə bağlı idarəyə təqdim olunmuş dövlət əmlaklarının siyahısında “Ləman” şirkətinə məxsus obyektin yerləşdiyi torpaq sahəsi (iş kodu 63878, registr nömrəsi ********) kimi göstərilmiş və bunun əsasında daşınmaz əmlakın rəqəmli kadastr xəritəsində dövlət əmlakı kimi təsvir olunması məlum olmuşdur.
33. Göründüyü kimi mübahisələndirilən 92,56 kv.m torpaq sahəsi dövlət mülkiyyəti kimi torpaqların elektron kadastr bazasında qeydə alınmış, həmçinin həmin torpaq sahəsi Sumqayıt bələdiyyəsinin elektron xəritəsindən çıxarış da dövlət mülkiyyəti kimi əks olunmuşdur. Lakin həmin torpaq sahəsinin iddiaçının iddia etdiyi kimi ona məxsus olmasını təsdiq edən mötəbər sübut növü məhkəməyə təqdim edilməmiş, o cümlədən göstərilənlər işin araşdırılmış halları ilə məhkəmə araşdırması zamanı müəyyən olunmamışdır.
34. 114 kv.m torpaq sahəsinin 92,56 kv.m hissəsi dövlət mülkiyyəti kimi qeydiyyata alınsa da, torpaq sahəsinin qalan hissəsinə iddiaçı mülkiyyət hüququnun qeydə alınmasını tələb etməmişdir.
35. Məhkəmə kollegiyası mövcud mübahisə üzrə birinci instansiyası məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və qeyd edir ki, mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. İddia olunan torpaq sahəsinin 92,56 kv.m hissəsinin dövlət mülkiyyəti olması yuxarıda adı çəkilən sənədlərlə müəyyən olunduğundan, həmin torpaq sahəsi üzərində Sumqayıt bələdiyyəsinin mülkiyyət hüququnun qeydə alınmasından imtina əsaslı olmuşdur.
36. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanunazidd deyil və iddiaçının hüquqlarını pozmamışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
37. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
Qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli, 2-1(118)-67/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.