Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-193/2024 19.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2-1(118)-3343/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Sumqayıt şəhər Bələdiyyəsinin 26 may 2006-cı il tarixli, 18 nömrəli qərarına əsasən İddiaçı Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində kommersiya obyektinin tikintiquraşdırılması məqsədilə 100 kv.m. torpaq sahəsi ayrılmışdır. Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının 11 sentyabr 2006-cı il tarixli, 388 nömrəli sərəncamına əsasən İddiaçı həmin 100 kv.m. torpaq sahəsində kommersiya obyektinin tikinti-quraşdırılmasına icazə verilmişdir. 08 avqust 2019-cu il tarixli, 91 nömrəli torpaq icarə müqaviləsinə əsasən Sumqayıt bələdiyyəsi 26 may 2006-cı il tarixli, 18 nömrəli qərarı əsasında Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində yerləşən 100 kv.m. torpaq sahəsini müvafiq olaraq 01 yanvar 2019cu il tarixdən 31 dekabr 2024-cü il tarixədək İddiaçı icarəsinə vermişdir. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə müraciət edərək Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində ayrılmış 100 kv.m. torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınmasını xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-21-3-31/2-A-00xx-xx/2023 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, sənədlərin araşdırılması zamanı 08 avqust 2019-cu il tarixdə qanunvericiliyin tələblərinə zidd olaraq müvafiq torpaq sahəsinə dair Sumqayıt bələdiyyəsi ilə İddiaçı arasında hərracdan kənar icarə müqaviləsinin bağlandığı müəyyən olunmuşdur. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununda edilmiş dəyişikliklərə əsasən bələdiyyə tərəfindən xx.xx.2007-ci il tarixdən sonra ayrılan torpaq sahələri üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan sonra həmin Qanunun 9.1-ci maddəsinə uyğun olaraq bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Odur ki, torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alındıqdan və qanunvericilikdə nəzərdə tutulmuş qaydada bələdiyyə ilə müvafiq müqavilə bağlandıqdan sonra torpaq sahəsi üzərində hüquqların qeydiyyata alınması məsələsinə qanunamüvafiq qaydada baxılacaqdır. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət Sumqayıt bələdiyyəsinin 26 may 2006-cı il tarixli, 18 saylı qərarı ilə kommersiya obyektinin tikinti-quraşdırılması məqsədi ilə icarəsinə ayrılmış Sumqayıt şəhərinin 11-ci mikrorayon ərazisində yerləşən sahəsi 100 kv.m. olan torpaq sahəsi üzərində onun icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt bələdiyyəsinin 26 may 2006-cı il tarixli, 18 saylı qərarı ilə Sumqayıt şəhəri, 11-ci mikrorayon ərazisində kommersiya obyektinin tikinti-quraşdırılması məqsədi ilə iddiaçının icarəsinə verilmiş 100 kv.m. olan torpaq sahəsində aidiyyəti orqanlarının rəyləri əsasında kommersiya obyektinin tikintiquraşdırılmasına icazə verilmiş, bələdiyyənin həmin qərarı qəbul edildikdən sonra onunla torpaq sahəsinin mülkiyyətçisi olan Sumqayıt bələdiyyəsi arasında müvafiq torpaq icarə müqavilələri bağlanılmışdır. Torpaq sahəsinə dair sonuncu dəfə 08 avqust 2019-cu il tarixli, 91 saylı torpaq icarə müqaviləsi bağlanılaraq tərəflər arasında mövcud olan icarə münasibətlərinin müddəti 31 dekabr 2024-cü il tarixədək uzadılmışdır. Bundan sonra, o, həmin torpaq sahəsi üzərində icarə hüququnun dövlət qeydiyyatına alınması üçün cavabdehə müraciət etmiş, lakin cavabdeh müraciətinin icrasından imtina etmişdir. Hesab edir ki, cavabdehin imtinası qanunsuzdur. Belə ki, onunla bələdiyyə arasında 2006-cı ildən başlanmış icarə münasibətlərinin müddətinin uzadılmasına 2008-ci ilin dekabr ayının 12dən sonra bələdiyyə torpaqlarının hərrac və ya müsabiqə yolu ilə ayrılmasına dair müəyyən edilmiş qanun norması tətbiq edilə bilməz. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, hazırkı iş üzrə İdarənin hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğu əsaslandırılmamışdır. Bu səbəbdən də iddiaçının Cavabdeh publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddiası mümkün sayılmamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2-1(118)-3343/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilərək, Sumqayıt Bələdiyyəsinin 26 may 2006-cı il tarixli, 18 saylı qərarı ilə kommersiya obyektinin tikinti-quraşdırılması məqsədi ilə iddiaçının icarəsinə ayrılmış Sumqayıt şəhərinin 11-ci mikrorayonu ərazisində yerləşən sahəsi 100 kv.m. olan torpaq sahəsi üzərində onun icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması və qeydiyyata alınmış hüquq əsasında müvafiq reyestrdən çıxarışın və torpaq sahəsinin planı və ölçüsü sənədinin verilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur (hakim C.Məmmədov). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, qanunvericilikdə torpaqlara münasibətdə icarə müqaviləsinin yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilməsi barədə tələb 28 oktyabr 2008-ci il tarixdə qəbul edilmiş və 12 dekabr 2008ci il tarixdən qüvvəyə minmiş qanunun tətbiqi ilə yaranmış və bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olaraq qeyd edilmişdir. İşdən görünür ki, mübahisəli torpaq sahəsi Sumqayıt bələdiyyəsinin 26 may 2006-cı il tarixli, 18 saylı qərarı ilə kommersiya obyektinin tikinti-quraşdırılması məqsədi ilə iddiaçının icarəsinə verilmiş, həmin torpaq sahəsi ilə bağlı onlar arasında 08 avqust 2019-cu il tarixdə, 91 nömrəli icarə müqaviləsi bağlanmış və sonradan müqavilənin müddəti xx.xx.2024-cü il tarixinədək uzadılmışdır. Qeyd olunan bələdiyyə qərarından məlum olur ki, həmin torpaq sahəsi kommersiya obyektinin tikinti-quraşdırılması məqsədi ilə ayrılmışdır. Ona görə də məhkəmə hesab edir ki, torpaq sahəsinə dair bağlanmış 08 avqust 2019-cu il tarixli 91 nömrəli torpaq icarə müqaviləsinin rəsmiləşdirilməsi üçün açıq hərracın keçirilməsinə zərurət yoxdur. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi (vəkili) şikayətin dəlillərini qəbul etməyərək iddia ərizəsi ilə eyni məzmunda izahat verərək şikayətin təmin edilməməsini xahiş etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 29. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 66. Torpaq sahələri üzərində hüquqları təsdiq edən sənədlər
1. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. ...
2. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. (-). 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. (-). Maddə 139-1. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-).
“Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; (-). Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-). “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli, 709 nömrəli Azərbaycan Respublikasının Qanunu: İX. Əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər.
“Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 4. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək; 4.0.2. müəyyən edilmiş qaydada bələdiyyə torpaqlarını ümumi istifadəyə, bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə, fiziki və hüquqi şəxslərin icarəsinə və Azərbaycan Respublikasının vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə vermək; (-). Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5. Torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası)
“İnzibati icraat haqqında” Qanun: Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: Hazırkı mübahisənin predmetini cavabdehin iddiaçının Sumqayıt şəhərinin 11-ci mikrorayon ərazisində yerləşən 100 kv.m. olan torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasından imtinası təşkil edir. İddiaçının hüquqi marağı torpaq sahəsi üzərində icarə hüququnun daşınmaz əmlakın dövlət reyesterində qeydə alınmasına nail olmaqdan ibarətdir. İş üzrə cavabdehin imtina məktubu, iddia tələbinə etiraz və apellyasiya şikayətinin yeganə dəlili mübahisəli torpaq sahəsinin “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 9.1-ci maddəsinin 30 noyabr 2007-ci il tarixdən qüvvədən olan redaksiyasının tələblərinə zidd olaraq torpaq hərracı və ya müsabiqə keçirilmədən iddiaçının icarəsinə verilməsidir. Məhkəmə kollegiyası cavabdehin həmin dəlilinə münasibətdə qeyd edir ki, işdən görünür ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının icarə hüququ 26 may 2006-cı il tarixdən yaranmış, bələdiyyənin qərarı ilə 100 kv.m. torpaq sahəsi kommersiya obyektinin tikintisi məqsədilə icarəyə ayrılmış, bundan sonra hər il onunla bələdiyyə arasında bağlanmış torpaq icarəsi müqavilələri ilə icarə münasibətləri davam etmiş, iddiaçı həmin torpaq sahəsində yerli icra hakimiyyəti orqanının sərəncamı və aidiyyəti orqanların rəyləri əsasında tikili inşa etmiş və torpaq sahəsinə dair icarə haqlarını vaxtı-vaxtında bələdiyyəyə ödəmişdir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun 9.1-ci maddəsinin 2006cı il tarixdə qüvvədə olan redaksiyasında isə bələdiyyə torpaqları üzərində icarə hüquqlarının bələdiyyələrin qərarı ilə bilavasitə satılmasının mümkünlüyü müəyyən edilmişdir. Kollegiya qeyd edir ki, ilkin icarə müqaviləsi və sonradan uzadılmış icarə müqavilələrinin surəti iddiaçı tərəfindən məhkəməyə təqdim edilməsə də, Sumqayıt Bələdiyyəsinin 25 oktyabr 2023-cü il tarixli, 3234 nömrəli məktubundan görünür ki, 2019cu ildən daha öncə bağlanmış icarə müqavilələrinin nüsxələri bələdiyyənin arxivində saxlanılmamış, lakin qeyd olunan dövrlər ərzində iddiaçı ilə bələdiyyə arasında icarə münasibətləri mövcud olmuş, torpaq sahəsinə dair icarə haqları bələdiyyəyə tam şəkildə ödənilmiş, iddiaçının icarə haqqı borcu mövcud olmamışdır.
Bununla da müəyyən edilir ki, mübahisəli torpaq sahəsinə dair iddiaçının icarə hüququ 26 may 2006-cı il tarixdən yaranmış, bundan sonra hər il onunla bələdiyyə arasında icarə münasibətləri davam etmiş, sonuncu dəfə iddiaçı ilə 08 avqust 2019-cu il tarixdə icarə müqaviləsinin uzadılması barədə müqavilə bağlanmış, müqavilənin müddəti 31 dekabr 2024-cü il tarixədək müəyyən edilmişdir. İddiaçı ilə bələdiyyə arasında icarə münasibətləri artıq 2006-cı ildə yarandığından kollegiya hesab edir ki, hazırkı mübahisəyə münasibətdə “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında" Qanunun sözügedən 9.1-ci maddəsi deyil, “Bələdiyyə torpaqlarının torpaq hərracları və ya müsabiqələri vasitəsilə verilməsinin tənzimlənməsi məqsədilə Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına dəyişikliklər və əlavələr edilməsi barədə” xx.xx.2008-ci il tarixli, 709 nömrəli Qanunun 9-cu bəndi tətbiq edilməlidir. Həmin bəndə görə əcnəbilərin, vətəndaşlığı olmayan şəxslərin və xarici hüquqi şəxslərin icarəsində olan sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililər inşa edilmiş, habelə bu qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası və ya fərdi və kooperativ qarajların tikintisi üçün Azərbaycan Respublikası vətəndaşlarının icarəsinə verilmiş torpaqlar istisna olmaqla, digər torpaqlara münasibətdə icarə müqaviləsi yalnız açıq torpaq hərracı və ya müsabiqəsi nəticəsində uzadıla bilər. Kollegiya hesab edir ki, iddiaçıya müvafiq torpaq sahəsi sözügedən xx.xx.2008-ci il tarixli, 709 nömrəli Qanun qüvvəyə minənədək sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri tikililərin inşası ilə bağlı icarə verildiyi üçün onunla bağlı bağlanmış müqavilənin uzadılması ilə bağlı açıq torpaq hərracı və ya müsabiqəsi keçirilməsinə zərurət olmamışdır. Məhkəmə, həmçinin, qeyd edir ki, 100 kv.m. torpaq sahəsinin iddiaçının icarəsinə verilməsi barədə qərar və 09 avqust 2019-cu il tarixli icarə müqaviləsi hazırda qüvvədə olmaqla qanunvericiliklə müəyyən edilmiş qaydada ləğv edilməmiş, yaxud etibarsız hesab olunmamışdır. Cavabdehə isə qanunvericiliklə həmin qərarı və müqaviləni məhkəmədə mübahisələndirmək hüququ verilməmişdir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, cavabdehin dəlili əsassızdır. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən tərtib edilmiş “Daşınmaz əmlakın texniki vəziyyətini əks etdirən xx.xx.2023-cü il tarixli müayinə (baxış) aktı”ndan görünür ki, mübahisəli torpaq sahəsinə müayinə baxışı keçirilmiş, müayinə nəticəsində torpaq sahəsinin hüquqmüəyyənedici sənəd üzrə sahəsinin 0,01 ha, faktiki isə 0,0134 ha olduğu, sahə üzərində 134 kv.m ölçüdə qeyri-yaşayış binasının olduğu və avto-təmir mərkəzi kimi fəaliyyət göstərdiyi, sahə üzərindən YGEŞ keçmədiyi müəyyən edilmişdir. Göründüyü torpaq sahəsindən təyinatı üzrə istifadə edilir, sahənin hüquqmüəyyənedici sənəd üzrə sahəsi 0,01 ha, faktiki isə 0,0134 ha olsa da, hazırda iddiaçı sənəd üzrə icarəsində olan 0,01 ha torpaq sahəsi üzərində icarə hüququnu dövlət reyestrində qeydə aldırmaq niyyətindədir. Cavabdehin nümayəndəsi bununla bağlı, məhkəmə iclasında izahatında iddiaçının faktiki istifadəsində 0,0134 ha torpaq sahəsinin olduğunu, torpaq sahəsinin sənəd üzrə sahəsinin isə 0,01 ha təşkil etdiyini və həmin 0,01 ha torpaq sahəsinin konkret olaraq hansı ərazi olduğunun müəyyən edilməsinin mümkün olmadığını bildirmişdir. Kollegiya cavabdehin sözügedən dəlilini əsassız hesab edərək bildirir ki, bələdiyyə qərarı ilə iddiaçının icarəsinə verilmiş 0,01 ha torpaq sahəsinin mövqe planı tərtib edilərək Sumqayıt şəhər İcra hakimiyyəti Memarlıq və Şəhərsalma İdarəsi tərəfindən təsdiq edilmiş, həmin mövqe planı əsasında Torpaq Tədiyyə və Kommunikasiya şöbəsi tərəfindən torpaq sahəsi ölçülüb ayrılmış, bütün sərhəd dönüşlərində naturada daimi nişangahlar qoyulmuş və 26 iyun 2006-cı il tarixdə iddiaçıya təhvil verilmiş, onun tərəfindən cizgidə olduğu kimi yerində qəbul edilmişdir. Qeyd olunan sənədlərdə icarəyə verilmiş 0,01 ha torpaq sahəsinin cizgisi təsvir edildiyindən həmin sənədlər torpaq sahəsinin yerini müəyyənləşdirməyə imkan verir. Nəzərə almaq lazımdır ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması (mülkiyyətə, icarəyə, istifadəyə) barədə hüquqmüəyyənedici sənəd əsasında yaranır. Yuxarıda istinad olunan normalar anlamında torpaq sahəsi üzərində hüququ təsdiq edən hüquqmüəyyənedici sənəd qanunla müəyyən olunmuş qaydada ləğv edilənə, geri çağırılana, dəyişdirilənə və ya etibarsız sayılana qədər qüvvədə sayılır və etibarlı hesab olunur. Bu mənada hüquqmüəyyənedici sənədlərin qüvvədə olduğu müddətdə, qeyd edilən sənədlərin aid olduğu konkret şəxsin həmin sənədə əsaslanan hüququ şəxsin müraciəti əsasında qeydiyyata alınmalıdır. Həmçinin, qeyd olunmalıdır ki, hüquqmüəyyənedici sənəd yalnız onu qəbul edən inzibati orqanın (bələdiyyələr publik idarəçiliyi həyata keçirən inzibati orqanlardır) deyil, həm də suveren hakimiyyət daşıyıcısı olan digər inzibati orqanların, o cümlədən hazırkı iş üzrə cavabdehin də davranışını müəyyən edir. Başqa sözlə, inzibati orqanlar hüquqmüəyyənedici sənədin qüvvədə olduğu müddətdə onun məzmununa bağlıdır və ona uyğun davranmağa borcludurlar. Bu bir tərəfdən, inzibati orqanların səlahiyyət bölgüsündən, digər tərəfdən isə mülki dövriyyənin təhlükəsizliyinin təmin olunması məqsədlərindən irəli gəlir. Hazırkı mübahisəyə münasibətdə iddiaçının sözügedən torpaq sahəsi üzərində hüququ “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində təsbit olunmuş hüquqmüəyyənedici sənədə - Sumqayıt bələdiyyəsinin 26 may 2006-cı il tarixli, 18 nömrəli qərarına əsaslanır. İstinad olunan həmin normada qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsas qismində təsbit edilmişdir. Analoji norma Mülki Məcəllənin 139-1.1.1-ci maddəsində də nəzərdə tutulmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 10.2.1-ci maddəsinə görə, hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan birinin olması kifayətdir. Bu normanın mahiyyətinə görə, Qanunun 8-ci maddəsində təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. Bu zaman həm də nəzərə almaq lazımdır ki, hüquqmüəyyənedici sənəd olan Sumqayıt şəhər Bələdiyyəsinin 26 may 2006-cı il tarixli, 18 nömrəli qərarı iddiaçının həmin torpaq sahəsi üzərində icarə hüququnun reyestrdə qeydiyyata alınmasına münasibətdə tələb etmək haqqının, cavabdehin isə iddiaçı qarşısında həmin torpaq sahəsini qeydiyyata almaq öhdəliyinin mövcudluğunu şərtləndirir. Məhkəmə kollegiyası qeyd olunanları, o cümlədən hazırkı mübahisə üzrə “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsi ilə müəyyən edilmiş daşınmaz əmlaka dair hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarının mövcud olmamasını nəzərə alaraq, hesab edir ki, iddiaçının icarə hüququnu qeydiyyata almaqdan və bu barədə müvafiq çıxarışın verilməsindən imtina etməkdə cavabdeh haqlı sayıla bilməz və onun imtinası yuxarıda istinad olunan normaların tələblərinin pozulması kimi qiymətləndirilməlidir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilmir. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 25 oktyabr 2023-cü il tarixli, 2-1(118)-3343/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.