Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-193/2025 21.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı (Açar sözlər: sərəncamın ləğvi, güzəştli əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçotuna alınmanın bərpa edilməsi) Sədrlik edən və məruzəçi hakim X1, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, İsmayılova Ləman Zakir qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı sərəncamının ləğv edilməsi və onun yenidən güzəştli əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3507/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 24 yanvar 2024-cü il tarixli, 23 nömrəli sərəncamı ilə İddiaçı güzəştli əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına hüquq yaradan əsaslar aradan qaldırıldığından, o, xx.xx.1985-ci il tarixdən yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılmışdır. Cavabdehin M-8-068 nömrəli, xx.xx.2020-ci il tarixli məktubunun surətindən görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdən yaşayış yeri üzrə mənzil növbəsinə alınmışdır. AR Mənzil Məcəlləsininin tələblərinə uyğun olaraq, vətəndaşlar yaşayış sahəsləri ilə imtiyazlarına əsasən növbəlilik qaydasında təmin olunurlar. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 24 yanvar 2024-cü il tarixli yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması barədə Sərəncamının ləğv edilməsi, onun yenidən güzəştli əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması və onun ailə üzvləri ilə birgə mənzillə təmin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdehin 23 saylı, 24 yanvar 2024-cü il tarixli yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması barədə sərəncamının ləğv edilməsi və onun yenidən güzəştli əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1960-cı il tarixdə anadan olmuş, Sumqayıt şəhəri, 17-ci mikrorayon, yataqxana 36, otaq 16-da 12 kv.m sahəsi olan çox kiçik bir otaqda 5 nəfər ailə üzvü ilə birgə yaşayır. 2021-ci il dekabrın 8-dək onlar bu evdə 6 nəfər ailə üzvü ilə birgə yaşayırdı, lakin onun həyat yoldaşı Məmmədova Gülayə 2021-ci il dekabrın 8-də xəstəlikdən vəfat etmiş, 2018-ci il tarixli arayış da bunu tam olaraq sübut edir. xx.xx.1985-ci il tarixdən etibarən Sumqayıt Şəhər İcra hakimiyyəti nəzdində güzəştli siyahı üzrə mənzil növbəsinə qeydə alınmış, lakin hələ də mənzil növbəsindədir. Dəfələrlə bu məsələ ilə bağlı Sumqayıt Şəhər İcra Hakimiyyətinə və digər orqanlara müraciət etməyinə baxmayaraq bu problem öz həllini tapmamışdır. Heç mənzil şəraitinə belə baxış keçirilməyib. Onlar hal-hazırda çox pis bir vəziyyətdə yaşayır, otağa çarpayı qoymaq mümkün olmadığından onların hamısı döşəmədə yatmalı olur. Elə bu səbəbdən övladlarının üçün də vərəm xəstəliyinə düçar olmuşdur. Bunu 2007-ci il tarixli Sumqayıt Şəhər Səhiyyə şöbəsinin arayışları tam təsdiq edir. Bu arayışlardan da görünür ki, övladları müalicə almışlar və ağır xəstədirlər. Bu xəstəlik də onların evlə təmin olunmasını daha da əhəmiyyətli edir. Buna görə də o dəfələrlə Sumqayıt Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciətlər etmiş, lakin ona hər dəfəsində eyni məzmunlu cavablar verilmişdir. Həmçinin, o 03 avqust 2018-ci il tarixdə MKTİB-in baş idarəsində Sumqayıt Şəhəri İcra Hakimiyyətinin başçısının qəbulunda olmuş, icra hakimiyyətinin başçısının qəbulunda olarkən bu zaman “Dünya TV”-nin çəkiliş qrupunun əməkdaşları da iştirak etmiş, videoçəkiliş də aparmışlar. Burada icra başçısı ona qəti şəkildə bildirmiş ki, 2018-ci ilin sonu, 2019-cu ilin İ rübündə mənzillə təmin olunacaq, lakin həmin müddət keçdikdən sonra da o mənzillə təmin olunmamışdır. Hal-hazırda isə çox çətin vəziyyətdə yaşayır, bu uzun illər kəsiyində isə onların evlə təmin olunmağına heç bir səy göstərilməmişdir. Bu isə cavabdehin öz səlahiyyətlərini düzgün yerinə yetirməməsi ucbatından olmuşdur. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, iddiaçı müraciətində ilkin mənzil növbəliyinin 1984-cü ildən olduğunu qeyd etsə də, bu hal mövcud sənədlərdə öz təsdiqini tapmamışdır. Belə ki, iddiaçi İddiaçı xx.xx.2009-cu ilədək qüvvədə olmuş AR Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq (onun hüquq münasibətləri yaranan zaman) xx.xx.1985-ci il tarixdən ümumi əsaslarla yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığı müəyyən olunmuşdur. Sonradan iddiaçı xx.xx.1993-cü il tarixdə cavabdeh orqan Sumqayıt Şəhər İcra Hakimiyyətinə ərizə ilə müraciət edərək, ailə tərkibinin 6 nəfər ( çoxuşaqlı ailə) olması səbəbi ilə 1985-ci ildən olan mənzil növbəliyinin güzəştli siyahıya köçürülməsini xahiş etmişdir. İddiaçının özü tərəfindən təqdim edilmiş və Sumqayıt şəhər Səhiyyə şöbəsi tərəfindən 2007-ci ildə verilmiş məktub və arayış əsasında vərəm xəstəsi olan 3 övladından (1985-ci il təvəllüdlü X6, xx.xx.1989-cu il təvəllüdlü X7, 1994-cü il təvəllüdlü X4) 2-sinin (qızı Gülnar və oğlu Əbülfəz) mənzillə təmin olunma imtiyazının olmadığı, yalnız 1 -nin (qızı Xəyalə) mənzil alma imtiyazına malik olduğu məlum olmuşdur. (1 məktub və 1 arayış əlavə olunur). İddiaçının mənzil növbəliyinin ümumi əsaslarla 1985ci ildən, çoxuşaqlı ailə imtiyazının 1989-cu ildən (4-cü övladı - 1989-cu il təvəllüdlü X2 doğum tarixindən), övladı X2 vərəm xəstəliyinə görə imtiyazının 2007-ci ildən yaranmasına baxmayaraq, ailə vəziyyəti nəzərə alınaraq onun növbəliyi qeyd edilən və digər imtiyazların əhatə olunduğu birgə siyahı üzrə dəyişdirilmədən 1985-ci ildən saxlanılmışdır. İddiaçının davamlı çoxsaylı müraciətlərinə baxılması məqsədilə 2015-ci ildə cavabdeh orqan Sumqayıt Şəhər İcra Hakimiyyətinin sorğusuna Sumqayıt şəhər X5 tərəfindən verilmiş arayış əsasında müəyyən olunmuşdur ki, İddiaçı övladlarından xx.xx.1985-ci il təvəllüdlü X6 2008-ci ildə, xx.xx.1989-cu il təvəllüdlü X7 2010-cu ildə və 1994-cü il təvəllüdlü X4 müalicə alaraq sağaldıqlarına görə qeydiyyatdan çıxmışlar. Məlum olmuşdur ki, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin Sumqayıt şəhər Baş idarəsinin məlumatına əsasən 1994-cü il təvəllüdlü X4 xx.xx.2012-ci il tarixdən xx.xx.2014-cü il tarixinə kimi AR Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçmişdir. Beləliklə, xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş AR Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq İddiaçı güzəştli əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda qalmasına hüquq yaradan əsaslar aradan qaldırılmışdır. Lakin yenə də iddiaçının ailə vəziyyəti və israrlı müraciətləri nəzərə alınaraq, o, istisna hal olaraq 1985-ci ildən güzəştli mənzil uçotunda saxlanılmış, ümumi güzəştli siyahı üzrə 117-ci olmuşdur. Şəhər ərazisində ümumi xəstəliyə görə əlillər üçün mənzil tikintisi aparılmadığı və ölkədaxili özəlləşmə siyasəti ilə əlaqədar olaraq, vətəndaşların istifadəsində olan mənzillər tam olaraq onların xüsusi mülkiyyətinə verildiyi, beləliklə dövlət mənzil fondunda boş yaşayış sahələrinin mövcud olmadığı səbəblərdən şəhər İcra Hakimiyyəti tərəfindən ev növbəsində olan göstərilən kateqoriyadan olan əlillərə yaşayış sahələri verilməmişdir. Ölkə rəhbərinin sərəncamına uyğun olaraq, AR Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi tərəfindən yaşayış yeri üzrə mənzil uçotuna alınmış Qarabağ və Vətən Müharibəsi əlilləri, şəhid ailələri, Çernobıl əlilləri və gözdən əlillər yaşayış sahələri ilə təmin olunur. Eyni zamanda iddiaçının mənzil uçotunda olduğu dövrdə qüvvədə olmuş “Əlilliyin və uşaqların sağlamlıq imkanları məhdudluğunun qarşısının alınması, əlillərin və sağlamlıq imkanları məhdud uşaqların reabilitasiyası və sosial müdafiəsi haqqında” AR Qanununun 43-cü maddəsinə əsasən 1-ci qrup əlillər növbədənkənar yaşayış sahəsi ilə təmin olunması nəzərdə tutulmuşdur. Mövcud qanunvericiliyin tələblərinə uyğun olaraq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlar, o cümlədən ümumi xəstəliyə görə əlillər yaşayış sahələri ilə növbəlilik qaydasında təmin olunurlar. Sonradan iddiaçi İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı “ailə üzvləri ilə birgə mənzillə təmin olunması öhdəliyinin Sumqayıt Şəhər İcra Hakimiyyətinin üzərinə qoyulması” tələbinə dair iddiası gündəmə gəldiyindən və mövcud vəziyyətlə əlaqədar yaşayış sahəsi ilə təmin olunması mümkün olmadığından onun mənzil növbəsindən çıxarılması məsələsinə baxılmışdır. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 55.1.2-ci maddəsinə əsas götürülərək, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli 23 saylı sərəncamı ilə İddiaçı güzəştli əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda qalmasına hüquq yaradan əsaslar aradan qaldırıldığından, o, uçotdan çıxarılmışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3507/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının 23 saylı, 24 yanvar 2024-cü il tarixli yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması barədə sərəncamınin ləğv edilməsi və İddiaçı yenidən güzəştli əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması öhdəliyi cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim Rahim Həsənov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən 24 yanvar 2024-cü il tarixli, 23 nömrəli sərəncamı qanunsuz olduğundan ləğv edilməlidir. Belə ki, cavabdeh təşkilat tərəfindən etirazında göstərdiyi dəlillərə dair əsaslı sübutlar məhkəməyə təqdim edilməmiş və cavabdeh tərəfindən qəbul edilmiş mübahisələndirilən sərəncam “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri kobud şəkildə pozulmaqla qəbul edilmişdir. Digər tərəfdən, sərəncamın məzmunundan müəyyən edilir ki, həmin inzibati aktda ona qarşı mümkün hüquqi müdafiə vasitələri, bu hüquqi müdafiə vasitələrindən istifadə (şikayət vermə) qaydası və müddəti qeyd edilməmişdir. “İnzibati icraat haqqında” Qanunun 73.2-ci maddəsi isə belə olan halda həmin inzibati aktdan onun qüvvəyə mindiyi gündən 6 ay müddətində şikayət verilməsinin mümkünlüyünü müəyyən edir. Göründüyü kimi cavabdeh tərəfindən iddiaçının dinlənilmə hüququ təmin edilmədən, etimadın qorunması prinsipləri gözlənilmədən, başqa sözlə, inzibati akt onun mahiyyətinə əhəmiyyətli şəkildə təsir edən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmadan qəbul edilmişdir. Qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etiraza uyğun eyni məzmunda əsaslandırılmışdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan Mənzil Məcəlləsi: Maddə 29. Vətəndaşları mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesabetmənin əsasları Aşağıdakı vətəndaşlar mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan hesab edilirlər:
1. həmin rayonda, şəhərdə və ya digər yaşayış məntəqəsində mənzil sahəsi ilə təminat nəzərə alınmaqla, ailənin hər bir üzvü üçün rayon, şəhər (respublika və vilayət tabeli şəhər) xalq deputatları Sovetinin qərarı ilə müəyyən edilmiş səviyyədən aşağı olan mənzil sahəsinə malik vətəndaşlar;…. Maddə 30. Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşların yaşayış yerində uçotu Mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşlar, bir qayda olaraq, yaşayış yerində rayon, şəhər, şəhərdə rayon, qəsəbə, kənd xalq deputatları Sovetinin icraiyyə komitəsində uçota götürülürlər.... Maddə 35. Vətəndaşları mənzil şəraitini yaxşılaşdırmağa ehtiYacı olanların uçotundan çıxarmaq üçün əsaslar Vətəndaşlar aşağıdakı hallarda uçotdan çıxarılırlar: 1) mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda olmaq üçün əsaslar qalmadıqda; 2) daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə; 3) iş yerində uçotda olan vətəndaş, bu Məcəllənin 34-cü maddəsinin 2-ci və 3-cü bəndlərində nəzərdə tutulmuş hallardan başqa, müəssisə, idarə, təşkilat ilə əmək müqaviləsini pozduqda; 4) mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olduğu haqqında vətəndaş həqiqi vəziyyətə uyğun gəlməyən məlumat təqdim etdikdə yaxud uçota götürülmək məsələsinin həllində vəzifəli şəxslər hüquqa zidd hərəkətlər etdikdə; 5) altı aydan artıq müddətə azadlıqdan məhrum olunmağa məhkum edildikdə, məhkum edildikdə. Uçotdan çıxarmanı vətəndaşları uçota götürmək haqqında qərar qəbul etmiş orqanlar həyata keçirirlər. Qəbul olunmuş qərar haqqında vətəndaşa yazılı şəkildə məlumat verilir. Azərbaycan SSR Nazirlər Sovetinin 1983-cü il 14 oktyabr tarixli 418 nömrəli qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR ərazisində mənzil ehtiyacını yaxşılaşdırmağa ehtiyacı olan vətəndaşları uçota götürməyin və yaşayış sahələrini bölüşdürməyin Nümunəvi Qaydaları”:
19. Vətəndaşlar aşağıdakı hallarda uçotdan çıxarılırlar: a) mənzil şəraitinin yaxşılaşdırılması ilə əlaqədar olaraq, uçota dayanmaq üçün əsas qalmadıqda; b) daimi yaşamaq üçün başqa yaşayış yerinə getdikdə; v) iş yerində uçotda olan vətəndaş, seçkili vəzifəyə keçmək və ya qocalığa, əlilliyə görə pensiyaya çıxmaq hallarından başqa, müəssisə, idarə, təşkilat ilə əmək müqaviləsini pozduqda; q) mənzil şəraitini yaxşılaşdırmağa ehtiyacı olduğu haqqında vətəndaş həqiqətə uyğun gəlməyən məlumat təqdim etdikdə, yaxud uçota götürülmək məsələsinin həllində vəzifəli şəxslər qanundan kənar hərəkətlər etdikdə; d) altı aydan çox müddətə azadlıqdan məhrum olmağa, sürgünə və ya köçürülməyə məhkum edildikdə. Uçotdan çıxarılma uçota götürmək haqqında qərar çıxarmağa ixtiyarı olan orqan tərəfindən həyata keçirilir (bu Nümunəvi qaydaların 8-ci bəndi). Qəbul edilmiş qərar haqqında vətəndaşa yazılı surətdə xəbər verilir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: Maddə 49. Yaşayış sahəsinin ayrılma norması və yaşayış sahəsinin uçot norması … 49.5. Dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Nazirlər Kabineti) tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. … Maddə 51. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçota alınması 51.1. Bu Məcəllə ilə müəyyən edilmiş hallar istisna olmaqla, sosial kirayə müqaviləsinə əsasən yaşayış sahələri yaşayış sahələrinə ehtiyacı olan qismində uçota alınmış vətəndaşlara verilir. 51.2. Yaşayış sahəsinə ehtiyacı olan hesab edilə bilən bu Məcəllənin 48-ci maddəsində göstərilən kateqoriyalardan olan vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota durmaq hüququ vardır. Əgər vətəndaşın göstərilən uçotda bir neçə əsaslara (aztəminatlı vətəndaş və ya qanunvericiliklə müəyyən edilən digər kateqoriyaya aid vətəndaş kimi) görə durmaq hüququ varsa, həmin vətəndaş özünün mülahizəsinə görə göstərilən əsaslardan biri üzrə və ya bütün əsaslar üzrə uçota alına bilər. 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. 51.4. Uçota alınma haqqında ərizə ilə birlikdə müvafiq vətəndaşların yaşayış sahələrinə ehtiyacı olan qismində uçota durmaq hüququnu təsdiq edən sənədlər təqdim edilməlidir. Uçota alınma haqqında ərizəni təqdim edən vətəndaşa uçota alınmanı həyata keçirən orqan tərəfindən qəbul edilən sənədlərin siyahısı və sənədlərin qəbuletmə tarixi barədə qəbz verilir. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün nəzərdə tutulmuş sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda həmin sənədlər və ya məlumatlar vətəndaşdan tələb edilmir. Belə sənədlərin və ya məlumatların X3 Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi vətəndaşın razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya vətəndaş tərəfindən təmin edilir. 51.5. Uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. 51.6. Uçota alınmanı həyata keçirən orqan uçota alınma haqqında qərar qəbul etdiyi gündən üç iş günündən gec olmayaraq belə qərarın qəbul edilməsini təsdiqləyən sənədi uçota alınma barədə ərizə vermiş vətəndaşa təqdim edir və ya göndərir. 51.7. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Maddə 55. Yaşayış sahəsinə ehtiyacı olan qismində vətəndaşların uçotdan çıxarılması 55.1. Aşağıdakı hallarda vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılır: 55.1.1. vətəndaşlar uçot yeri üzrə uçotdan çıxmaq barədə ərizə verdikdə; 55.1.2. vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda; 55.1.3. vətəndaşlar digər inzibati ərazi vahidi tərkibindəki yaşayış məntəqəsində yaşamağa çıxdıqda; 55.1.4. qanunvericiliklə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının qanunvericilik aktlarına əsasən yaşayış sahəsinin əldə edilməsi üçün güzəştli ipoteka krediti verildikdə; 55.1.5. müəyyən edilmiş qaydada müvafiq icra hakimiyyəti orqanı və ya müvafiq bələdiyyə tərəfindən vətəndaşlara yaşayış sahəsinin tikintisi üçün torpaq sahəsi verildikdə; 55.1.6. uçota alınmanı həyata keçirən orqana təqdim edilmiş sənədlərdə həqiqətə uyğun olmayan və uçota alınmaq üçün əsas olmuş məlumatlar aşkar edildikdə; 55.1.7. Bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla vətəndaş vəfat etdikdə. 55.2. Vətəndaşların uçotdan çıxarılması üçün əsaslar müəyyən edildiyi gündən yaşayış sahəsinə ehtiyacı olan vətəndaşları uçota almış orqan tərəfindən otuz iş günündən gec olmayaraq onların uçotdan çıxarılması haqqında qərar qəbul edilməlidir. Həmin qərarda mütləq bu Məcəllənin 55.1-ci maddəsi ilə nəzərdə tutulmuş hallara istinad etməklə uçotdan çıxarılmanın əsasları göstərilməlidir. Yaşayış sahəsinə ehtiyacı olan vətəndaşların uçotdan çıxarılması haqqında qərar qəbul edildiyi vaxtdan üç iş günündən gec olmayaraq barələrində qərar qəbul edilmiş şəxslərə verilir və ya göndərilir. Həmin qərardan qeyd edilən vətəndaşlar tərəfindən məhkəmə qaydasında şikayət verilə bilər. .... “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan , subordinasiya baxımından yuxarı inzibati orqan və ya qanunla şikayətə baxmaq səlahiyyətinə malik olan müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 67.10. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanunsuz inzibati aktı ləğv etmiş orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 67.11. Maraqlı şəxs 1 il ərzində kompensasiyanın ödənilməsini tələb edə bilər. Müddətin axımı qanunsuz inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunla müəyyən olunmuş qaydada məlumat verildiyi gündən başlayır. 67.12. Qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. 67.13. Qanunsuz inzibati aktın ləğv edilməsi haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Maddə 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. 68.5. Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 68.2.3-cü və 68.2.4-cü maddələrinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. 68.6. Maraqlı şəxsə ödəniləcək kompensasiyanın həcmi qanuni inzibati aktı ləğv etmiş inzibati orqan tərəfindən müəyyən olunur və həmin şəxsə vurulmuş real ziyanın həcminə mütənasib olmalıdır. 68.7. Qanuni inzibati aktın ləğv olunması haqqında maraqlı şəxsə bu Qanunun 62-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Hazırki iş üzrə iddia tələbi mənzil uçotundan çıxarılma barədə müvafiq sərəncamın ləğv edilməsi və mənzil uçotunun bərpa edilməsindən (yenidən uçota alınmasından) ibarətdir. Birinci instansiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdən yaşayış yeri üzrə mənzil növbəsinə uçota alınmışdır. İş materiallarında olan cavabdeh inzibati orqan tərəfinən verilmiş xx.xx.2010-cu il tarixli məktubun məzmunundan görünür ki, iddiaçı xx.xx.1985-ci il tarixdən şəhər İcra Hakimiyyəti nəzdində güzəştli siyahı üzrə mənzil növbəsinə qeydə alınmışdır. İş materiallarında olan cavabdeh tərəfindən qəbul edilmiş 24 yanvar 2024-cü il tarixli Sərəncamın məzmunundan görünür ki, Sumqayıt şəhər sakini İddiaçı xx.xx.2009-cu ilədək qüvvədə olmuş AR Mənzil Məcəlləsinin tələblərinə uyğun olaraq (onun hüquq münasibətləri yaranan zaman) xx.xx.1985-ci il tarixdən güzəştli əsaslarla yaşayış yeri üzrə yaşayış sahəsində ehtiyacı olan qismində uçota alınmış, Sumqayıt şəhər X5 tərəfindən verilmiş arayışı əsasında İddiaçı övladlarından xx.xx.1985-ci il təvəllüdlü X6 2008-ci ildə, xx.xx.1989-cu il təvəllüdlü X7 2010-cu ildəmüalicə alaraq qeydiyyatdan çıxmış, 1994-cü il təvəllüdlü X4 proflaktik müalicə olunmuşdur, beləliklə, xx.xx.2009-cu il tarixdən qüvvəyə minmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsininin tələblərinə uyğun olaraq İddiaçı güzəştli əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına hüquq yaradan əsaslar aradan qaldırılmışdır, lakin vətəndaş İddiaçı israrlı müraciətləri nəzərə alınaraq, o, istisna hal olaraq mənzil uçotunda saxlanılmışdır, qeyd edilən halları nəzərə alınaraq, Mənzil Məcəlləsinin 55.1.2-ci maddəsi və “Yerli icra hakimiyyətləri haqqında Əsasnamənin” 6.8-ci bəndini rəhbər tutaraq, İddiaçı güzəştli əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmasına hüquq yaradan əsaslar aradan qalxdığından o, xx.xx.1985-ci il tarixdən yaşayış yeri üzrə yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması qərara alınmışdır. İndiki halda cavabdeh inzibati orqan mübahisə predmeti olan sərəncamın qəbul edilməsini məhz iddiaçının övladlarının sağalması halına istinad edərək, iddiaçının yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmaya dair hüquqi əsasın aradan qalxması ilə bağlı hallarla əsaslandırmışdır. İddiaçının hazırki halda hüquqi marağı məhz onun yaşayış sahəsinə ehtiyacı olan qismində uçotdan çıxarılması barədə müvafiq sərəncamın ləğv edilməklə, 1985-ci ildən güzəştli əsaslarla yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmanın dayandırıldığı vaxtdan bərpa edilməsindən ibarət olmuşdur. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan kimi 1985-ci ildən uçota alınsa da, sonradan yaranmış (çoxuşaqlı ailə imtiyazına görə 1989-cu ildən, övladlarının vərəm xəstəliyinn olması əsası ilə 2007-ci ildən güzəştli əsaslarla mənzil almaq hüququ yaranmış) güzəştli əsaslara görə yaşayış sahəsinə ehtiyacı olan qismində məhz 1985-ci il tarixdən uçota alınmışdır. İş materiallarındn görünür ki, müvafiq tibbi müəssisəsi tərəfindən verilmiş 2007-ci il tarixli arayışın məzmununda iddiaçının övladlarının birinin vərəm xəstəliyi ilə əlaqədar olaraq dispanser nəzarətində olması, digər ikisinin isə müalicəsinə başlanılması və davam etdirilməsi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən verilmiş 25 aprel 2007-ci il tarixli məktubun məzmunundan görünür ki, iddiaçının övladlarından birinə münasibətdə qoyulmuş diaqnozun mənzil almaq üçün müəyyən imtiyaz verdiyi qeyd edilmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı onu qeyd edir ki, iddiaçı məhz 1 oktyabr 2009-cu il tarixədək olan Mənzil Məcəlləsinin normalarına əsasən güzəştli əsaslarla (çoxuşaqlı ailə kimi və daha sonra övladlarının vərəm xəstəliyi ilə əlaqədar olaraq) yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmışdır. Qeyd edilən qanunvericilik normasında uçotdan çıxarılma üçün əsaslar dəqiq və birmənalı şəkildə ehtiva edilmiş, həmin əsaslardan biri də mənzil şəraiti yaxşılaşdırıldıqda və buna görə uçotda olmaq üçün əsaslar olmadıqda uçotdan çıxarılması halı qeyd edilmişdir. Hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 55-ci maddəsində məhz uçotdan çıxarılma üçün əsas olan hallar dəqiq və birmənalı şəkildə sadalanmışdır. İndiki halda cavabdeh inzibati orqan iddiaçıya münaisbətdə qeyd edilən normanın (hazırda qüvvədə olan Mənzil Məcəlləsinin 55-ci maddəsinin) “vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsaslar aradan qaldırıldıqda” əsasına istinad etmişdir. Həmin normanın dispoztiv şərltərindən görünür ki, qeyd edilən norma məhz 1 oktyabr 2009-cu il tarixdən sonra Mənzil Məcəlləsinin müddəalarına uyğun olaraq vətəndaşların sosial kirayə müqaviləsi əsasında yaşayış sahəsi əldə etmələrinə hüquq yaradan əsasların aradan qalxması halını ehtiva edir. İddiaçı isə qeyd edilən norma qüvvəyə minənədək artıq yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alındığından həmin normanın təsiri altına düşmür. İndiki halda isə iddiaçının uçota alındığı vaxtda qüvvədə olan qanunvericilik normasının tələbinə əsasən uçotdan çıxarılma üçün əsasların hər hansı birinin iddiaçıya münasibətdə mövcudluğu müəyyən edilməmişdir. Başqa sözlə desək, 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olan mənzil qnaunvericiik normasına əsasən uçota alınma üçün əsasın aradan qalxması onun mənzil şəraitinin yaxşılaşdırılması və bu səbəbdən əsasın aradan qalxması ilə məhdudlaşdırılmışdır. İndiki halda isə iddiaçı barəsində həmin hal və digər əsaslar müəyyən edilməmişdir. Digər tərəfdən kollegiya hesab edir ki, cavabdeh inzibati orqan iddiaçıya münasibətdə yeni qanunvericilik normasını tətbiq etməklə, onun üçün hüquqdan məhrum edilməsinə əsas olan əlverişsiz inzibati akt qəbul etmişdir. Halbuki konstitusion normanın tələbinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir, başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Bu baxımından da kollegiya hesab edir ki, cavabdehin hərəkətləri konstitusion norma və prinsiplərin də tələbinə zidd olmuşdur. Bundan əlavə, kollegiya onu qeyd edir ki, cavabdeh inzibati orqan sözügedən aktı qəbul edərək inzibati icraat haqqında qanunvericiliyin də tələblərinə əməl etməmişdir. Belə ki, cavabdeh inzibati orqan iddiaçı barəsində əlverişsiz inzibati akt qəbul etsə də, həmin inzibati akt inzibati icraatın təzələnməklə, iddiaçının iştirakı ilə yeni inzibati icraatın aparılmasının nəticəsi olaraq ortaya çıxmamışdır. Həmçinin, indiki halda iddiaçı barəsində əlverişsiz inzibati aktın qəbul edilməsinə əsas olan hallar barədə daha öncədən məlumatlı olsa da, məlum olduğu vaxtdan bir il müddətində deyil, uzun müddət keçdikdən sonra qeyd edilən inzibati aktın qəbul edilməsini qanunvericiliyin tələbi baxımından əsaslandıra bilməmiş, yalnız iddiaçının israrı nəticəsində hazıradək uçotda qalması ilə bağlı hallara istinad etmişdir. Kollegiya qeyd edir ki, cavabdehin istinad etdiyi hal onun inzibati icraat haqqında qanunvericiliyin norma və tələblərini pozmasına səbəb olan hərəkətlərə yol verməsinə əsas olan hal kimi çıxış edə bilməz. Belə ki, qeyd olunduğu kimi inzibati icraat haqqında qanunvericilik əlverişli inzibati aktın sonradan müəyyən edilmiş əsaslar üzrə ləğv edilməsinin və ya dəyişdirilməsinin mümkünlüyünü nəzərdə tutsa da, bunu “İnzibati icraat haqqında” Qanunun 67 və 68- ci maddəsindəki hallar istisna olmaqla, 1 (bir) illik zaman dilimi ilə məhdudlaşdırmışdır. İndiki halda iddiaçıya münaisbətdə həmin müddətləri istisna edən halların da mövcudluğu aşkar edilməmişdir. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, hətta müvafiq aktın qəbul edilməsinə əsas olmuş hal olsa idi belə (indiki halda həmin hal müəyyən edilməmişdir), cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş müvafiq sərəncam inzibati icraat haqqında qanunvericiliyin tələblərini də pozmaqla, qəbul edilmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən inzibati orqan qüvvədə olan əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından, xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar qəbul etməyə haqlıdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindən biridir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-3135/2024 saylı xx.xx.2024-cü il tarixli Qərarında qeyd edilmişdir ki, “…İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, həmin inzibati akt yalnız istinad olunan qanunla müəyyən olunmuş prosedurlara və şərtlərə riayət edilməklə ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində nəzərdə tutulmuş qaydaya uyğun olaraq təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinə əsasən şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Əvvəlki qərarın ləğvi və ya dəyişdirilməsi məsələsinə münasibətdə hüquqi təhlükəsizliyin və sabitliyin qorunması baxımından qanunvericiliyin müəyyən etdiyi mühüm təminatlardan biri “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş müddətlə bağlı təminatdır. Həmin maddəyə əsasən, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6.1-ci maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsində təsbit olunmuş sözügedən müddətlə bağlı məhdudiyyət ümumən konstitusion dəyər olan hüquqi dövlət prinsipindən irəli gəlir və hüquqi sabitliyin, müəyyənliyin və təhlükəsizliyin təmin edilməsi məqsədlərinə xidmət edir. Buna görə, hüquq münasibətləri, o cümlədən inzibati orqanlarla yaranmış münasibətlər davamlı təftiş olunma riski altında buraxıla bilməz. Belə yanaşma şəxsin hüquqi vəziyyətində qeyri-müəyyənliyə gətirib çıxarardı, onları öz davranışlarını və həyat şəraitlərini planlaşdırmaq imkanından məhrum edərdi, inzibati orqanların fəaliyyətinə münasibətdə isə səmərəli və proqnozlaşdırıla bilən idarəçilik qaydasının təşəkkül tapmasına mane olardı. Bu mənada, inzibati orqanın müvafiq səlahiyyəti qanunsuz olduğunu güman etdiyi inzibati aktın hər bir halda deyil, mütləq qanunvericilikdə təsbit olunmuş konkret təminatlara riayət etməklə ləğv etmək və ya dəyişdirmək imkanı kimi təfsir olunmalıdır. Yuxarıda da qeyd edildiyi kimi “İnzibati icraat haqqında” Qanun belə təminatların sırasına həm də 67.12-ci maddədə təsbit olunmuş müddətlə bağlı məhdudiyyətləri aid etmişdir. Bununla bağlı qiymət verilməli birinci məsələ inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir. Beləliklə, inzibati orqan şəxsə pensiya təyin olunması barədə əvvəllər qəbul etdiyi qərarın ləğv olunması, yaxud dəyişdirilməsi barədə qərar qəbul etmək üçün yuxarıda qeyd olunduğu kimi, “İnzibati icraat haqqında” Qanunun tələblərinə uyğun inzibati icraat aparmalıdır. Yalnız apardığı inzibati icraat çərçivəsində həmin Qanunun 67.12-ci maddəsində olan şərtlər mövcud olduğu halda (inzibati aktın ləğv olunmasına səbəb olan hal(lar)ın mövcud olması, həmin hal(lar)ın inzibati orqana məlum olmasından 1 (bir) il müddətin keçməmiş olması) əvvəllər qəbul etdiyi qərarın tam, yaxud qismən ləğv olunması və ya dəyişdirilməsi barədə əsaslandırılmış qərar qəbul edə bilər”. Həmçinin, yuxarıda istinad edilən Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının müvafiq qərarında qeyd edilmişdir ki, “Məhkəmə kollegiyası bir daha qeyd etməyi zəruri hesab edir ki, qanunvericinin hər hansı bir məsələ ilə əlaqədar müddət tətbiq etməkdə məqsədi hüquq münasibətlərinin müəyyənliyini və sabitliyini yaratmaq, onların iştirakçılarını intizamlandırmaq, hüquq münasibətlərinin subyektlərinin hüquq və qanuni maraqlarının müddət baxımından vaxtında müdafiəsini və bərpasını təmin etməkdən ibarətdir. Digər tərəfdən, qanunverici cavabdehin inzibati aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə dair müddətin axımının başlanmasını buna dair əsasın ona məlum olduğu, yəni bildiyi və ya bilməli olduğu vaxtla şərtləndirir. Bu zaman bildiyi və ya bilməli olduğu vaxtın fərqli vəziyyətlər olduğu da nəzərə alınmalıdır. Bildiyi hal elə bir hüquqi faktdır ki, inzibati orqan rəsmi mənbədən özünün əvvəlki qərarının qanunsuz olduğu nəticəsinə gəlməyə əsas verən məlumat alır. Həmin məlumatın hansı orqandan və hansı mənbədən əldə olunması hər hansı bir əhəmiyyət kəsb etmir. Bu zaman əhəmiyyət kəsb edən həmin məlumatın inzibati orqana məlum olması anıdır. Bilməli olduğu hal isə elə hüquqi faktdır ki, inzibati orqanın bu hüquqi fakt barədə məlumatının olmaması həyatın adi axarı və müvafiq sahədə tətbiq olunan yerləşmiş idarəçilik qaydaları nəzərə alındıqda, ağlabatan olmamaqla mümkünsüzdür. Digər tərəfdən isə nəzərə almaq lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, məhkəmələr bu anı yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyənləşdirməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür. Daha sonra qiymətləndirilməli olan məsələ sözügedən halın inzibati orqanın yuxarıda göstərilən bildiyi və ya bilməli olduğu hallardan hansına aid olduğunu müəyyənləşdirməkdən ibarətdir”. Qeyd edilən hallara əsasən kollegiya hesab edir ki, indiki halda cavabdeh tərəfindən iddiaçı barəsində müvafiq sərəncamın qəbul edilməsi ilə bağlı hərəkətləri inzibati icraat haqqında qaunvericiliyin etimadın qorunması prinsipinin də tələblərinə zidd olmuşdur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtina, etiraz və apellyasiya şikayətinin dəlilləri formal olmaqla, əsassız olmuş, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmiş, iş üzrə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(118)-3507/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.