Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-194/2022 15.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zahid Tahir oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Qasımova Vüsalə Yadigar qızının katibliyi ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-894/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Komplesinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Hacıyev X3 rayonu, Fatmayı kəndində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi ilə bağlı cavabdeh inzibati orqana müraciətlər etmiş, cavabdehin 31 mart 2017-ci il və 16 noyabr 2020-ci il tarixli məktubları ilə iddiaçının müraciətinin təmin edilməsindən imtina edilmişdir. İddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu Fatmayı kəndində yerləşən, Azərbaycan Respublikası Torpaq Məcəlləsinə, “Torpaq islahatı haqqında” və “Torpaq bazarı haqqında” qanunlarına, Azərbaycan Respublikası Prezidentinin 10 yanvar 1997-ci il tarixli “Torpaqların alğı-satqı qaydaları”na və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 iyul 1993-cü il tarixli 158 saylı qərarına və digər əlaqədar normativ hüquqi aktlarında müəyyən edilmiş bütün qaydalara müvafiq Fatmayı bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli 15 saylı qərarı ilə ayrılmış 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatının aparılması, reyestrdən çıxarışın, habelə plan və ölçüsünün verilməsindən bütün sənədlərin tam şəkildə və qanunvericilikdə müəyyən edilən qaydada olmasına baxmayaraq, cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi idarəsi tərəfindən əsassız və qanunsuz olaraq imtina edilmişdir. Belə ki, cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin 31.03.2017-ci il tarixli məktubunda Fatmayı bələdiyyəsinin 29 oktyabr 2004-cü il tarixli 15 saylı qərarı ilə mülkiyyətinə verilmiş 0,10 ha torpaq, planlaşdırılan və qeyri-müəyyən müddətə çəkilməsi dayandırılan, çəkilməsi şübhə doğuran və bəlkədə heç vaxt çəkilməyəcək Bakı dairəvi avtomobil yolunun qorunma zolağına düşdüyü və göndərilən sorğuya "xxxx" ASC tərəfindən qeydiyyata alınması və çıxarış verilməsi üçün müsbət rəy verilmədiyindən dövlət qeydiyyatı hazırki halda məqsədəuyğun hesab edilməmişdir. 16.11.2020-ci il tarixli təkrar müraciətinə isə yenə də çəkilməsi qeyri-müəyyən müddətə dayandırılan avtomobil yolunun mühafizə zolağına düşdüyü, məqsədəuyğun hesab olunmadığına və hazırki ərizəyə müvafiq icra hakimiyyəti orqanın memarlıq və tikinti şöbəsinin rəyi əlavə edilmədiyindən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyini müəyyən etdiklərinə istinad edilmişdir. Tərəfindən təqdim edilən 0,10 ha torpaq sahəsinə dair müvafiq sənədlərin və sübutların, arxiv materialların mövcudluğu təsdiq edir ki, 7 il müddətində 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət reyestrində dövlət qeydiyatının aparılmasından imtina edilməsi qanunsuz və əsassızdır. Bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqlarının əldə edilməsinin ümumi qaydası kimi onların açıq torpaq hərracları və ya müsabiqələri yolu ilə əldə edilməsi nəzərdə tutulmuş, bu qaydadan bir sıra istisnalar da müəyyən edilmişdir. Başqa sözlə bələdiyyə torpaqları hərrac və ya müsabiqə keçirilmədən də mülkiyyətə verilə bilər. Bu istisna bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının yaşayış şəraitinin yaxşılaşdırılması üçün onların mənzilə ehtiyaclarının təmin edilməsi və s. məqsədlərə yönəlmişdir. Bu zaman onlara hərrac və ya müsabiqədənkənar, daha uyğun şərtlərlə torpaq sahəsinin satışı təmin olunur. İşdə olan 26 oktyabr 2004-cü il tarixli rəyin arxiv surətindən göründüyü kimi Fatmayı bələdiyyəsi tərəfindən qanunvericilikdə nəzərdə tutulan bütün qaydaların tələbləri gözlənilmiş, qərarı qəbul edərkən daha öncə müvafiq icra hakimiyyəti orqanı olan DT və XK-nin rəyi alınmışdır. (respublika üzrə bələdiyyələr tərəfindən bələdiyyə torpaqlarının sərbəst satış hüququ 2007-ci il dekabrın 1-dən dayandırılmışdır.) Digər hal, 26 oktyabr 2004-cü il tarixli səlahiyyətli orqan olan Abşeron DT və XK şöbəsi tərəfindən Fatmayı bələdiyyəsinə verilmiş Fatmayı bələdiyyəsi ərazisində daimi yaşayan 44 nəfər vətəndaşın mənzilə olan ehtiyaclarının təmin etmək məqsədilə baş planına uyğun, alğı-satqı predmeti olan torpaq sahəsindən 0,10 ha olmaqla ayrılmasına dair müvafiq müsbət rəyi nəzərə alınmaqla, Fatmayı bələdiyyə iclasının qərarına uyğun olaraq Fatmayı bələdiyyəsi tərəfindən 29 oktyabr 2004-cü il tarixli 15 saylı sərəncamı ilə 44 şəxsə 0,10 ha olmaqla müvafiq ayrılmış torpaq sahələri üzərində mülkiyyət hüquqları mütləq əksəriyyəti, dövlət reyestrində cavabdeh DƏDRX-nin 4 saylı ərazi idarəsi tərəfindən qeydiyyatı aparılmış, müvafiq çıxarış və plan-ölçüsü ilə təmin edilərək rəsmiləşdirilmişdir. Sözügedən torpaq sahəsinə mülkiyyət hüquqlarının qeydiyyata alınmaması isə “İnzibati icraat haqqında” Qanun ilə təsbit edilmiş bərabərlik prinsipinə ziddir. (Qanunun 12.2-ci maddəsinə görə inzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır) Hüquqi əsasları Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş və 08 iyul 2014-cü ilədək qüvvədə olmuş “Torpaqların alğı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 5 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa qərar verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alğı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və möhürlə təsdiq edilir. Bilavasitə bələdiyyələr tərəfindən vətəndaşlara fərdi evlərin tikintisi məqsədi ilə torpaq sahəsinin ayrılması barədə qərarlarına əsasnamənin müvafiq 7-ci maddəsində nəzərdə tutulmuş icra hakimiyyəti orqanın memarlıq və tikinti şöbəsinin rəyinin alınmasına dair tələbi şamil olunmur. (respublika üzrə bələdiyyələrin özləri tərəfindən bələdiyyə torpaqlarının sərbəst satış hüququ 2007-ci il dekabrın 1-dən dayandırılıb, bu tarixdən etibarən bələdiyyə torpaqlarının satışı yalnız hərrac qaydasında həyata keçirilir.) 2004-cü il tarixindən, bələdiyyənin hesabına torpaq vergisi mütəmadi olaraq tərəfindən ödənilir, qeyd edilən torpaq sahəsinin yolun çəkilməsi ehtiyacları üçün alınması və ya məhdudlaşdırılmasına dair hər-hansı mübahisə və ya razılaşma mövcud deyil, nədə ki, məhkəmə qərarı var. Cavabdeh iddiaya etiraz ərizəsində qeyd etmişdir ki, Abşeron rayonu, Fatmayı kəndində yerləşən İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı X1 23 oktyabr 2020-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı Fatmayı bələdiyyəsi tərəfindən İddiaçı ayrılmış 0.10 ha torpaq sahəsinin 29 oktyabr 2004-cü il tarixdə ayrıldığı halda, alğı-satqı aktının 19 mart 2014-cü il tarixdə verildiyi, müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin müraciətə əlavə edilmədiyi müəyyən edilmişdir. Göstərilən səbəblərdən torpaq sahəsinin satışının qanunamüvafiq qaydada həyata keçirilmədiyi aşkar edilmişdir. Bundan başqa ərizənin icrası zamanı yaranmış uyğunsuzluqlara bağlı "xxxx" ASC-yə sorğu göndərilərək, ərizənin icrası 1 (bir) ay müddətinə dayandırılmış, bununla bağlı olaraq iddiaçıya 01 mart 2017-ci il tarixli, **********92 saylı bildiriş məktubu ünvanlanmışdır. "xxxx" ASC-nin 17 mart 2017-ci il tarixli, 3/16-1709 saylı cavab məktubunda layihə çərçivəsində dəymiş ziyana görə kompensasiyanın hesablanması və ödənilməsi baxımından torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılmasının hazırki vaxtda məqsədəuyğun olmadığı bildirilmişdir. Torpaq sahəsi ayrılan zaman qüvvədə olan Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274 nömrəli qanunu ilə təsdiq edilmiş “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 7-ci bəndinin 4-cü cümləsinə əsasən torpaq sahəsinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi bələdiyyələrin qərarı ilə sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra torpaqayırma qaydasında həyata keçirilir. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 06 may 2002-ci il tarixli 696 saylı Fərmanının 2-ci bəndinin üçüncü hissəsinə əsasən Əsasnamənin 7-ci bəndinin dördüncü cümləsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanlarının səlahiyyətlərini rayon, şəhər icra hakimiyyəti orqanlarının memarlıq xidmətləri (qeyri-kənd təsərrüfatı məqsədləri üçün verilən torpaq sahələrinə dair) və torpaq şöbələri həyata keçirirlər. “Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında” Əsasnamənin 18-ci bəndinə görə müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlanır. Əsasnamənin 21-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı ayrılması nəzərdə tutulan torpaq sahəsinin planı və ölçüsünü təsdiq edərək, torpaq sahəsinin normativ qiyməti barədə sənəd ilə birlikdə 10 gün müddətində bələdiyyəyə göndərir. Əsasnamənin 22-ci bəndinə görə bələdiyyə müvafiq icra hakimiyyəti orqanından daxil olmuş sənədlərə baxaraq 5 gün müddətində torpaq sahəsinin mülkiyyətə, istifadəyə və yə icarəyə ayrılması barədə (torpaq sahəsi mülkiyyətə verildiyi halda dəyəri ödənildikdən sonra) qərar qəbul edir. Göründüyü kimi torpaq sahəsinin satışı qanunla müəyyən edilmiş qaydada həyata keçirilməmişdir. Cavabdeh qeyd edir ki, o zaman Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixi 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Torpaqların alğı-satqısı qaydaları”na əlavədə torpaqların alğı-satqısına dair aktın forması və məzmununa əsasən bələdiyyə orqanının nümayəndəsinin, torpaq alanın və rayon, şəhər torpaq şöbəsi müdirinin iştirakı ilə akt tərtib olunur və həmin akt rayon, şəhər torpaq şöbəsində qeydiyyata alınır. Lakin, “Aqrar islahatların həyata keçirilməsini təmin edən bəzi normativ-hüquqi aktların təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli 534 nömrəli Fərmanında dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2014-cü il tarixli, 215 nömrəli Fərmanı ilə “Torpaqların alğı-satqısı Qaydaları”na Əlavədən - “Torpaqların alğı-satqısına dair akt” çıxarılmışdır. Üçüncü şəxs Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi iddiaya münasibətində bildirmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin 08 iyul 2008-ci il tarixli, 2930 saylı sərəncamı ilə təsdiq edilmiş “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün əlavə tədbirlər planının müvafiq bəndinə əsasən həyata keçirilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində Fatmayı kəndindən keçən avtomobil yolunun tikintisi ilə əlaqədar olaraq həmin ərəfədə tikinti planına düşən icarə müqaviləsi ilə vətəndaşlara verilmiş sahələr, o cümlədən iddiaçının da icarəsində olan torpaq sahəsi tikinti altına düşmüşdür. Belə ki, X2 aid torpaq və tikili sahəsinin kadastr planından çıxarışa əsasən sənədlə 1000 kv.m, faktiki isə 386.10 kv.m olan torpaq sahəsinin 188.81 kv.m hissəsi, o cümlədən həmin torpaq sahəsində mövcud olan tikili (248.74 kv.m.) avtomobil yolunun tikintisi layihəsinin altına düşür (kadastrdan çıxarış əlavə olunur). Lakin, dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə qeyd olunan avtomobil yolunun tikilməsinin davamı və həmin layihə çərçivəsində dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan əmlaklara görə kompensasiya ödənilməsi üçün maliyyə nəzərdə tutulmadığından, hazırda iddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsinə Azərbaycan Avtomobil Yollan Dövlət Agentliyi tərəfindən müdaxilə olunmamışdır. Bu səbəbdən, tikinti altına düşən torpaq sahəsinə və tikiliyə görə kompensasiya ödənilməsi məsələsinə gələcəkdə vəsait ayrıldığı təqdirdə baxılacaqdır. Beləliklə, iddiaçının ərizəsində göstərdiyi hüquqların pozuntusuna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol verilməyib. Üçüncü şəxs Abşeron Rayon İcra Hakimiyyəti iddiaya mübasibətində bildirmişdir ki, sorğunun icrası zamanı torpaq sahəsində yaşayış evi və ümumiyətlə hər hansı tikintinin olmadığı müəyyən edilmişdir. Sorğuda qeyd olunan İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dölət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi idarəsi qarşı ona məxsus Abşeron rayonu Fatmayı kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair inzibati iş üzrə torpaq sahəsi ilə bağlı hissəsini məhkəmənin mülahizəsinə buraxmışdırlar. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-894/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərarı iddia təmin edilmişdir. (hakim İsmayıl Quliyev) Qərardan cavabdeh apellyasiya şikayəti vermişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apellyasiya şikayəti iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırılmışdır. İş üzrə tərəflərə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımı qaydada məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. İddiaçı 14 mart 2022-ci il tarixli ərizə ilə məhkəməyə müraciət edərək, işə onun iştirakı olmadan baxılmasını, eyni zamanda birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən, daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Həmin Məcəllənin 157.1-ci maddəsinə əsasən, mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 67-ci maddəsinin 3-cü bəndinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 6.1-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Həmin Qanunun 6.2-ci maddəsinə əsasən, bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Həmin Qanunun 6.9-cu maddəsinə əsasən, bələdiyyə torpaqları üzərində mülkiyyət, istifadə, icarə və digər hüquqlar qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün), başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 2.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Qanunun 8.0 və 8.0.1-ci maddələrinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün, qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar əsas hesab olunur. Həmin Qanunun 8.0, 8.0.8-ci maddələrinə əsasən, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Cavabdeh apellyasiya şikayətində üç hala istinad edərək birinci instansiya məhkəməsinin qərarını mübahisələndirmişdir: 1) iddiaçıya 0,10 ha torpaq sahəsinin 29 oktyabr 2014-cü il tarixdə ayrıldığı halda, alğı-satqı aktının 19 mart 2014-cü il tarixdə verilməsi; 2) müvafiq icra hakmiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin müraciətə əlavə edilmədiyinin müəyyən edilməsi; 3) "xxxx" ASC-nin 17 mart 2017-ci il tarixli, 3/16-1709 saylı məktubuna əsasən layihə çərçivəsində dəymiş ziyana görə kompensasiyanın hesablanması və ödənilməsi baxımından torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılmasının hazırki vaxtda məqsədə uyğun olmadığının bildirilməsi. Apellyasiya şikayətinin iddiaçıya 0,10 ha torpaq sahəsinin 29 oktyabr 2014-cü il tarixdə ayrıldığı halda, alğı-satqı aktının 19 mart 2014-cü il tarixdə verilməsi barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, işdən görünür ki, iddiaçıya Abşeron rayonu Fatmayı bələdiyyə sədrinin 29 oktyabr 2004-cü il tarixli, 15 nömrəli sərəncamına əsasən 0,10 ha torpaq sahəsi ayrılmışdır. 19 oktyabr 2004-cü il tarixli ödəniş qəbzinə əsasən İddiaçı həmin torpaq sahəsinə görə 840000 manat məbləğində bələdiyyənin hesabına pul ödəmişdir. Torpaq sahəsinə dair plan və ölçü sənədi də tərtib edilmişdir. 0,10 ha torpaq sahəsinin satılması barədə tərəflər arasında torpaqların alğısatqısına dair akt bağlanmışdır. Məhkəmə kollegiyası qeyd edir ki, alğı-satqı aktının 2014-cü il tarixdə bağlanması, torpaq sahəsinin isə daha əvvəl ayrılması iddiaçının mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyil. Apellyasiya şikayətinin müvafiq icra hakimiyyəti orqanının memarlıq və tikinti şöbəsinin rəyinin müraciətə əlavə edilməməsi barədə dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, işdən göründüyü kimi iddiaçı 0,10 ha torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınmasını xahiş edir. Digər tərəfdən, işdə olan Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin 26 oktyabr 2004-cü il tarixli məktubundan görünür ki, İddiaçı və digər şəxslərə torpaq sahələrinin satılmasına DT və XK-nin Abşeron rayon şöbəsi aşağıdakı şərtlərlə etiraz etmir: 1) veriləcək sahələrdə yeraltı və yerüstü kommunikasiya - qaz, su, neft və kabel elektrik, telefon xətlərinin olmadığı və həmin torpaqların, kəmərlərin və xətlərin mühafizə zonasında yerləşmədiyi müəyyən edildikdən sonra ilkin torpaqayırma sənədləri tərtib edilsin. Torpaqda tikinti işləri aparılması nəzərdə tutularsa, tikinti işlərindən əvvəl tikintisinin layihəsi tərtib edilsin və memarlıq xidmətində təsdiq edilsin, tikintiyə başlamaq üçün memarlıq xidmətindən icazə alınsın. Abşeron Rayon İcra Hakimiyyəti isə yuxarıda qeyd olunduğu kimi iddiaya münasibətdə bildirmişdir ki, torpaq sahəsində yaşayış evi və ümumiyyətlə hər hansı tikintinin olmadığı müəyyən edilmişdir. İddiaçı Abşeron rayonu Fatmayı kəndində yerləşən 0,10 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın, torpaq sahəsinin plan və ölçüsünün verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair inzibati iş üzrə torpaq sahəsi ilə bağlı hissəsini məhkəmənin mülahizəsinə verirlər. Apellyasiya şikayətinin "xxxx" ASC-nin 17 mart 2017-ci il tarixli, 3/16-1709 saylı məktubuna əsasən layihə çərçivəsində dəymiş ziyana görə kompensasiyanın hesablanması və ödənilməsi baxımından torpaq sahəsi üzərində hüquqların dövlət qeydiyyatının aparılmasının hazırki vaxtda məqsədə uyğun olmadığının bildirilməsi hissəsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi iddiaya münasibətdə qeyd etmişdir ki, İddiaçı aid torpaq və tikili sahəsinin kadastr planından çıxarışa əsasən sənədlə 1000 kv.m, faktiki isə 386.10 kv.m olan torpaq sahəsinin 188.81 kv.m hissəsi, o cümlədən həmin torpaq sahəsində mövcud olan tikili (248.74 kv.m.) avtomobil yolunun tikintisi layihəsinin altına düşür. Lakin, dövlət büdcəsindən əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə qeyd olunan avtomobil yolunun tikilməsinin davamı və həmin layihə çərçivəsində dövlət ehtiyacları üçün alınması nəzərdə tutulan əmlaklara görə kompensasiya ödənilməsi üçün maliyyə nəzərdə tutulmadığından, hazırda iddiaçının iddia ərizəsində qeyd etdiyi torpaq sahəsinə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən müdaxilə olunmamışdır. Bu səbəbdən, tikinti altına düşən torpaq sahəsinə və tikiliyə görə kompensasiya ödənilməsi məsələsinə gələcəkdə vəsait ayrıldığı təqdirdə baxılacaqdır. Beləliklə, iddiaçının ərizəsində göstərdiyi hüquqların pozuntusuna Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yol verilməyib. İddiaçıya ayrılmış torpaq sahəsinin bir hissəsinin avtomobil yolunun tikintisi layihəsinin altına düşməsi gələcəkdə həmin torpaq sahəsinin dövlət ehtiyacları üçün geri alınmasına səbəb ola bilər. Həmin halda mülkiyyətçi kimi iddiaçıya kompensasiya ödənilə bilər. Bu hal isə torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün əsas deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə uyğun olaraq hüquqların dövlət qeydiyyatına alınmasından yalnız həmin maddədə göstərilmiş hallarda, yəni hüquqların dövlət qeydiyyatına alınmasından dövlət qeydiyyatı barədə müraciət olunan hüquq həmin qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda və həmin Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda imtina edilə bilər. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar olmadığından, cavabdehin imtinası qanuni hesab edilə bilməz və cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlillər birinci instansiya məhkəməsinin qərarının ləğvi üçün əsas deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə baglı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-894/2021 saylı, 27 oktyabr 2021-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-194/2022
Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-194/2022
15.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver