Məhkəmə qərarları › İş №2-1(105)-194/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-194/2024

13.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-194/2024 13.02.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zaur İkram oğlu və X1 ibarət tərkibdə, X4 qızının katibliyi ilə, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X6 Şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının ləğv olunması haqqında qərarın ləğv edilməsi və dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırıldığı tarixdən ödənilməsi” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2-1(118)-3029/2023 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçı 26 may 2008-ci il tarixdə sabiq dövlət qulluqçusu kimi ikinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, 01 dekabr 2015-ci il tarixdən isə əlilliyə görə əmək pensiyası dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasına keçirilmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının xx.xx.2022-ci il tarixli, **********6 nömrəli “Əmək pensiyasının dayandırılması haqqında” qərarına əsasən iddiaçının yaşa görə əmək pensiyası xx.xx.2022-ci il tarixli, **********9 nömrəli xidməti məktuba əsasən xx.xx.2022-ci il tarixdən dayandırılmış, xx.xx.2022-ci il tarixli, **********2 nömrəli “Əmək pensiyasının ləğv olunması haqqında” qərarına əsasən isə təyin olunduğu tarixdən ləğv edilmişdir. İddiaçı cavabdehə 17 fevral 2023-cü il tarixli ərizə ilə müraciət edərək əmək pensiyasının dayandırıldığı tarixdən ödənilməsini xahiş etmişdir. Cavabdeh 16 mart 2023-cü il tarixli, 3-17-1/2-Ə-57027/2023 nömrəli məktubu ilə müraciətin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.11.1-ci, 20.11.2-ci maddələrinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası dövlət qulluğu vəzifəsində 5 il və daha yuxarı qulluq stajı olan şəxsə münasibətdə təyin edilirdi. Azərbaycan Respublikası Prezidentinin 4 avqust 2003-cü il tarixli, 911 nömrəli Fərmanı ilə təsdiq olunmuş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu” nda, həmçinin, Prezidentin 1 sentyabr 2005-ci il tarixli, 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı” nda işlədiyiniz vəzifələr (xx.xx.1982-xx.xx.1984-cü il, xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövr istisna olmaqla) nəzərdə tutulmamışdır. Bununla əlaqədar 18 oktyabr 1991-ci il tarixinədək işlədiyi müddətin dövlət qulluğu stajının hesablanması zamanı nəzərə alınması qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılan araşdırma zamanı məlum olmuşdur ki, iddiaçının dövlət qulluğu stajı 5 ildən az (3 il 27 gün (xx.xx.1982xx.xx.1984-cü il, xx.xx.1996-xx.xx.1997-ci il tarixləri arasındakı dövrlər) olduğu halda ona qanunvericiliyə zidd olaraq sabiq dövlət qulluqçusu kimi əmək pensiyası ödənilmişdir. Bununla əlaqədar sabiq dövlət qulluqçusu kimi yaşa görə iddiaçının əmək pensiyası ödənişi 1 noyabr 2022-ci il tarixindən dayandırılmışdır. İddiaçıya müvafiq qaydada əmək pensiyasının təyin edilməsi üçün pensiya işinə aid sənədlər Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərilmişdir. Verilən imtina cavabı ilə razılaşmayan iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müaciət edərək, dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırıldığı tarixdən bərpa edilməsi və həmin tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 2015-ci ildən iddiaçıya dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmiş və 2022-ci ilin noyabr ayına kimi 621 manat məbləğində pensiya almışdır. Lakin həmin ilin noyabr, dekabr ayları üçün pensiya ödənişi aparılmadığından Dövlət Sosial Fondunun Quba şöbəsinə müraciət etməli olmuşdur. Müraciətindən sonra ona 2023-cü ilin yanvar ayından 292 manat pensiya ödənilmişdir. Növbəti ay ona 350 manat məbləğində pensiya ödənişinin aparılmasına baxmayaraq, yaşa görə əmək pensiyasının hesablanması ilə əlaqədar müvafiq qərar və sənədlər ona təqdim edilməmişdir. Onun pensiya hüququ xx.xx.2015-ci il tarixdə yaranmışdır. Yaşa görə əmək pensiyası, hüququnun yarandığı tarixdən hər il ölkəmizdə inflyasiyaya uyğun yaşa görə əmək pensiyaları Azərbaycan Respublikası Prezidentinin Fərmanına əsasən indeksləşdirilir. Bundan başqa, Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə əmək pensiyalarına 200 manat məbləğində əlavə ödənişlər aparılmış, təhsil dövrü isə əmək stajına daxil edilməklə pensiyalara əlavələr hesablanmışdır. İddiaçının əmək pensiyası 01 noyabr 2022-ci il tarixdən dayandırıldığı halda yaşa görə əmək pensiyası iki ay sonra təyin edilsə də, həmin iki ayın pensiya ödənişi hazıradək aparılmamışdır. Göstərilən səbəblərdən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək, cavabdehin “Əmək pensiyasının ləğv olunması haqqında” xx.xx.2022-ci il tarixli, **********2 saylı qərarın ləğv edilməsi və dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırıldığı tarixdən ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2-1(118)-3029/2023 nömrəli qərarı ilə iddia təmin edilmiş, iddiaçıya təyin edilmiş əmək pensiyasının ləğv olunması haqqında xx.xx.2022-ci il tarixli, **********2 nömrəli qərar ləğv edilmiş və dövlət qulluqçusu kimi əmək pensiyasının dayandırıldığı tarixdən ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmuşdur. (hakim: V.Əzizova). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, cavabdeh inzibati orqan iddiaçıya əmək pensiyasının təyin edilməsini düzgün olmadığını müəyyən etsə belə, qanunvericilikdə təsbit edilmiş qaydada inzibati icraatı aparmadan, yəni iddiaçının iştirakı olmadan, məlumat verilmədən ona təyin olunmuş əmək pensiyasının ləğv edilməsi barədə qərar qəbul etməkdə haqlı olmamışdır. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini imtina məktubu və iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmış və əlavə olaraq qeyd etmişdir ki, “İnzibati icraat haqqında” Qanunun 21.3.4-cü maddəsi icazə verir ki, şəxslərə münasibətdə qəbul edilmiş inzibati aktlar, yəni ümumi xarakterli sərəncamlar və ya avtomatik qurğular vasitəsilə və ya çoxlu sayda identik məzmunlu inzibati qərarların qəbul edilməsi zamanı inzibati orqan dinləmədən imtina etsin. Qanunda belə bir müddəanın nəzərdə tutulması zərurətdən irəli gəlir. Pensiya hüquq münasibətləri çərçivəsindən yanaşdıqda, bu kateqoriyadan olan şəxslərin dairəsi geniş olduğu üçün şəxslərin hamısını dinləmək faktiki cəhətdən mümkün olmur. Eyni zamanda hesab edir ki, formal (prosessual) hüquqi tələblərin pozulmasına görə inzibati akt o zaman ləğv olunmalıdır ki, həmin pozuntu qərara təsir etsin, yəni həmin tələblərə riayət edilmiş olacağı təqdirdə oxşar deyil, fərqli qərar qəbul edilsin. Odur ki, maddi hüquq normaları cəhətdən şəxslərə pensiya təyinatı düzgün aparılmadığı və ya düzgün hesablanmadığı hallarda inzibati orqanın yenidən hesablama barədə mübahisələndirilən qərarları formal tələblərin (prosessual) gözlənilməməsi əsası ilə ləğv edilə bilməz. Əlavə olaraq bildirir ki, inzibati icraatın formal (prosessual) tələblərinin pozulması əsası əleyhlərinə qərar qəbul edilmiş işlər üzrə məhkəmə qərarlarının icrası məqsədilə müvafiq şəxslərin pensiya ödənişi bərpa edilir və ya əvvəlki məbləğə çatdırılır. Bundan sonra tərəflərindən həmin şəxslər barəsində inzibati icraatın bütün qaydalarına riayət edilməklə pensiya ödənişinin dayandırılması və ya qanunauyğun qaydada yenidən hesablanaraq azaldılması haqqında qərarlar qəbul edilir. Yəni, əleyhlərinə qəbul olunmuş qərarlar müvafiq iş üzrə inzibati orqanın yekun nəticədə qəbul edəcəyi qərarın məzmununda hər hansı dəyişikliyə səbəb olmur. Əksinə, sırf məhkəmə qərarının icrası məqsədilə dövlət büdcəsi hesabına əsassız pensiya məbləğlərinin daha bir neçə ay (inzibati icraatın formal tələblərinə riayət edilməklə aparıldığı müddət ərzində) ödənilməsinə və bununla da dövlət büdcəsinə vurulmuş ziyanın məbləğinin artmasına səbəb olur. Hesab edir ki, sözügedən işlərdə məhkəmə müdaxilənin qanunuliyi məsələsinə onun mütənasibliyi (ədalətli tarazlığa riayət edilməsi) ilə bir yerdə qiymət verməlidir. Belə ki, vətəndaşın hər hansı pozulmuş hüququnun bərpasına xidmət etməyən qərarlar, eyni zamanda dövlət büdcəsindən səmərəsiz istifadəyə gətirib çıxarır. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri İddiaçıya apellyasiya şikayətinə etiraz edərək etirazı iddia ərizəsi ilə eyni məzmunda əsaslandırmış və şikayətin təmin edilməməsini xahiş etmişdir. b) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək izahatında əlavə olaraq bildirmişdir ki, hazırki iş üzrə tərəflərindən iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının ləğv edilməsi zamanı inzibati icraat aparılmamış, iddiaçının dinlənilmə hüququ təmin edilməmişdir. İddiaçı məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar olunsa da, məhkəmə iclasında iştirak etməmiş və gəlməməyin səbəbləri haqqında məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü madəsinə əsasən işə iddiaçının iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: Azərbaycan Respublikasının Konstitusiyası Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Əsas anlayışlar 1.0. Bu Qanunun məqsədləri üçün aşağıdakı əsas anlayışlardan istifadə olunur: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. ... Maddə 37. Əmək pensiyasının və əmək pensiyasına əlavənin ödənilməsi (çatdırılması) qaydaları ... 37.8. Bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: 37.8.1. əmək pensiyaçısı vəfat etdikdə; 37.8.2. əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda; 37.8.3. bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 13. Etimad hüququnun qorunması prinsipi 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. ... Maddə 14. Diskresion səlahiyyətlərin həyata keçirilməsi qaydası 14.1. İnzibati orqan diskresion səlahiyyətlərini qanunla müəyyən olunmuş hüdudlar daxilində (qanunla ona verilmiş səlahiyyətlər daxilində) həyata keçirməyə borcludur. 14.2. Diskresion səlahiyyətlər əsasında qəbul edilən qərarlar həmin səlahiyyətlərin məqsədinə uyğun olmalıdır. 14.3. Diskresion səlahiyyətlərin həyata keçirilməsi zamanı fiziki və ya hüquqi şəxslərin hüquq və azadlıqlarının əsassız məhdudlaşdırılmasına yönəldilmiş qərarlar qəbul oluna bilməz. Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. ... Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. ... Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.

1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin izahatını dinləyərək, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, iddiaçıya 2008-ci ildə sabiq dövlət qulluqçusu kimi ikinci dərəcə əlilliyə görə əmək pensiyası təyin edilmiş, 01 dekabr 2015-ci il tarixdən isə əlilliyə görə əmək pensiyası dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasına keçirilmişdir. Daha sonra iddiaçının yaşa görə əmək pensiyası cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdən dayandırılmış, xx.xx.2022-ci il tarixli, **********2 nömrəli “Əmək pensiyasının ləğv olunması haqqında” qərarla isə xx.xx.2022-ci il tarixli, **********9 nömrəli xidməti məktuba əsasən pensiya təyin olunduğu tarixdən ləğv edilmişdir. Cavabdehin pensiya təyinatı alt sistemindən çıxarışlardan da müəyyən edilir ki, 2022-ci ilin noyabr, dekabr ayları üzrə iddiaçıya pensiya ödənişi həyata keçirilməmiş, 2023-cü ilin yanvar ayından isə iddiaçıya ümumi şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək ödənilmişdir. Hazırda iddiaçı cavabdehin xx.xx.2022-ci il tarixli, **********2 nömrəli “Əmək pensiyasının ləğv olunması haqqında” qərarını mübahisələndirir və pensiyanın dayandırıldığı tarixdən öna ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi cavabdeh tərəfindən iddiaçının əmək pensiyasının dayandırılması ilə bağlı hərəkətləri icrası zamanı, eləcə də pensiyanın ləğv edilməsinə dair inzibati akt qəbul edilərkən inzibati icraat qaydalarına əməl edilməməsi əsası ilə iddianı təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Dövlət Sosial Müdafiə Fondunun daxili nəzarət departamenti tərəfindən İdarə heyətinin sədrinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********9 nömrəli xidməti məktubdan görünür ki, DSMF-nin Quba, Qusar, Oğuz, Qəbələ, Ucar və Ağcabədi rayon şöbələri tərəfindən “Əmək pensiyaları haqqında” AR Qanunun 9-cu və 20-ci maddəsi üzrə təyinatı aparılmış ümumilikdə, 1260 pensiya işi araşdırılmışdır. Araşdırma nəticəsində müəyyən edilən hallarla əlaqədar İddiaçı (Quba rayonu) dövlət qulluqçusu kimi əmək pensiyası hüququ ləğv edilməklə, yaşa görə ümumi əsaslarla əmək pensiyası hüququnun yarandığı dövrə uyğun olaraq qanunvericiliyin tələbinə uyğun qaydada pensiya təyinatının aparılması üçün Fondun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına tapşırıq verilməsi təklif edilmişdir. Cavabdeh imtina məktubu, etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçının dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının dayandırılması və ləğv edilməsi ilə bağlı hərəkətlərinin qanuniliyini sözügedən xidməti məktubla, eləcə də iddiaçıya pensiya təyin edildiyi tarixdə qüvvədə olan qanunvericiliyin tələbinə zidd olaraq onun dövlət qulluğu stajının 5 ildən az olması ilə əsaslandırmışdır. Məhkəmə kollegiyası cavabdehin dəlili ilə bağlı qeyd edir ki, qeyd edilən hal cavabdehə hər hansı icraat aparmadan iddiaçıya təyin edilmiş dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyasının ləğv edilməsi üçün əsas kimi qəbul edilə bilməz. Belə ki, cavabdeh pensiyanın dayandırılması və ya ləğv edilməsi məsələsini həll edərkən, eyni zamanda həm Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun pensiya ödənişinin dayandırılması ilə bağlı normasının, həm də “İnzibati icraat haqqında” Qanunun inzibati icraatla bağlı normalarının tələblərini nəzərə almağa borcludur. Qeyd etmək lazımdır ki, "İnzibati icraat haqqında” Qanunun 67.2-ci maddəsinin tələbləri baxımından inzibati akt hətta qanunsuz sayıldığı təqdirdə belə, yalnız həmin qanunla müəyyən edilmiş prosedurlara əməl olunmaqla və şərtlər əsasında ləğv oluna və ya dəyişdirilə bilər. Yəni inzibati orqan, o cümlədən cavabdeh öz qərarını, xüsusilə də şəxsə münasibətdə əlverişli xarakter daşıyan qərarını ləğv etmək və ya dəyişdirmək istədiyi bütün hallarda, əvvəlki icraat nəticəsində qəbul olunmuş qərarın ləğvi əsaslarının və şərtlərinin, eləcə də qərarın ləğvini və ya dəyişdirilməsini istisna edən halların mövcudluğunu müəyyən etməyə, onların müəyyən olunduğu təqdirdə ilkin qərarı ləğv edərək həmin qərarın qəbulu üzrə icraatı təzələməyə, yeni inzibati icraat aparmağa, maraqlı şəxsi icraata cəlb etməyə və onun dinlənilmə hüququnu təmin etməyə, qanunvericiliyin tələbinə uyğun aparılmış icraat nəticəsində yeni qərar qəbul etməyə borcludur. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. “İnzibati icraat haqqında” Qanunda təsbit edilmiş bu prosedur qaydalar və tələblər, bir tərəfdən, dövlət idarəçiliyində hüquqi sabitliyin və müəyyənliyin bərqərar olmasına, digər tərəfdən isə, şəxsin hüquqi təhlükəsizliyinin təmin olunması məqsədlərinə xidmət edir. Məhkəmə kollegiyası vurğulayır ki, “İnzibati icraat haqqında” Qanunda qeyd olunan qaydada aparılmalı olan inzibati icraat zamanı həmin Qanunun 13-cü, 67.5-ci, 67.8-ci və 67.9-cu maddələrinə əsasən şəxsin etimad hüququnun qorunmağa layiq olduğu hallarda, şəxsin hüquqi və ya əmlak vəziyyəti qorunmalı və yeni inzibati aktın geriyə qüvvəsi istisna edilməlidir. Belə ki, hüquqi dövlətdə publik (o cümlədən) idarəçilik hüquqi müəyyənlik və etimadın qorunması prinsipləri əsasında qurulmalı və inzibati orqanların davranışı həmin prinsiplərə uyğun olmalıdır. Nəzərə almaq lazımdır ki, dövlət şəxsin ona olan etimadını qorumaq üçün, “İnzibati icraat haqqında” Qanunun 13-cü və 67-ci maddələrinin tələbləri baxımından şəxsin hüquqi vəziyyətini, hüquqi vəziyyəti qorumağın mümkün olmadığı hallarda isə ən azından əmlak vəziyyətini qorumaq öhdəliyini üzərinə götürmüşdür. Həmçinin nəzərə almaq lazımdır ki, “İnzibati icraat haqqında” Qanunun 64-cü maddəsinə görə, inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. Bu baxımdan, inzibati icraat qanununda nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan, sadəcə olaraq “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsində nəzərdə tutulmuş hallardan hər hansı birinin mövcudluğuna istinadla, həm də əsaslandığı həmin halın mövcudluğunu inzibati icraatdan kənar bir araşdırma nəticəsində müəyyən etməklə, şəxsə pensiya ödənişini dayandırmaqda cavabdeh haqlı sayıla bilməz. Qeyd olunmalıdır ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilən qaydada əvvəlki qərarın qəbulu üzrə inzibati icraatı təzələməyə, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı Bu baxımdan, inzibati icraat haqqında qanunvericilikdə nəzərdə tutulmuş anlamda müvafiq inzibati icraat aparmadan əmək pensiyasını dayandırmaqda, daha sonra isə ləğv etməkdə cavabdeh haqlı sayıla bilməz. Hazırkı mübahisəyə münasibətdə birinci instansiya məhkəməsində araşdırma zamanı, eləcə də apellyasiya icraatı zamanı cavabdehin iddiaçıya münsibətdə xx.xx.2022ci il tarixli, **********2 nömrəli “Əmək pensiyasının ləğv olunması haqqında” qərarının inzibati icraat haqqında qanunvericiliyin tələblərinə uyğun olaraq qəbul edildiyi, bununla bağlı qanunvericiliyin tələblərinə uyğun olaraq inzibati icraat aparıldığı və icraatın nəticəsinə dair müvafiq qərarın qəbul edildiyi müəyyən olunmamışdır. Hazırkı mübahisəyə münasibətdə yuxarıda istinad olunan normaların qeyd edilən tələblərinə cavabdeh inzibati orqan tərəfindən riayət olunduğu iş üzrə materiallarla təsdiq olunmur. Cavabdeh tərəfindən də məhkəməyə yuxarıda qeyd olunan qaydalara və tələblərə əməl edildiyi barədə hər hansı dəlil və sübut təqdim edilməmişdir. Halbuki, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinin tələbinə görə, belə hallarda inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək öhdəliyi daşıyır. Beləliklə, işin sadalanan xüsusatlarını nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddianı təmin edərkən haqlı olmuşdur. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 oktyabr 2023-cü il tarixli, 2-1(118)-3029/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar