Məhkəmə qərarları › İş №2-1(105)-194/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-194/2025

22.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-194/2025 22.01.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Axundov Toğrul Bəhruz oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, X5 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşları üçün nəzərdə tutulan kompensasiyanın verilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2-1(118)-462/2024 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ İddiaçının oğlu X3 xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. SHÇDX-nin Şamaxı rayon şöbəsinin xx.xx.2023-cü il tarixli, 51 nömrəli arayışına əsasən M.İddiaçı xx.xx.2020-ci il tarixdə hərbi təlim toplanışına çağırılaraq, xx.xx.2020-ci il tarixədək hərbi xidmət keçmiş, 08 oktyabr 2020-ci il tarixdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə həlak olmuşdur. AZ-İİ seriyalı, 083775 nömrəli “Ölüm haqqında şəhadətnamə” yə əsasən M.İddiaçı 08 oktyabr 2020-ci il tarixdə “hərbi əməliyyatlar nəticəsində zədələnmə” səbəbi ilə ölmüşdür. İddiaçı ərizə ilə cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə müraciət edərək şəhid olmuş oğlu X2 münasibətdə ona kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşının ailəsi olaraq kompensasiyanın verilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 15/512 nömrəli məktubu ilə iddiaçının müraciətinin icrasından imtina etmişdir. İmtina onunla əsaslandırılmışdır ki, iddiaçının mərhum övladı X3 hərbi əməliyyatlarda şəhid olduğu zaman N nömrəli hərbi hissənin səfərbərliklə cəlb edilmiş müddətli həqiqi hərbi qulluqçusu olmuşdur. Bu baxımdan, ona “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunun 14.2-ci maddəsinə uyğun tələb edilən kompensasiyanın ödənilməsi mümkün deyildir. Verilən imtina cavabı ilə razılaşmayan İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 08 oktyabr 2020-ci il tarixində şəhid olmuş X1 ailəsinə 100.000 manat kompensasiyanın təyin edilməsi və ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçının oğlu X3 ikinci Qarabağ müharibəsində N sentyabr 2020-ci il tarixdə hərbi təlim toplanışına çağırılmışdır. Mərhum oğlu kəşfiyyatçı olmuş, Madaqız uğrunda gedən döyüşlərdə iştirak etmiş və 08 oktyabr 2020-ci il tarixdə döyüşdə şəhid olmuşdur. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Qanunun tələblərinə əsasən iddiaçının oğlunun ailə üzvlərinə kompensasiyanın təyin edilməsi mümkündür. Bununla bağlı, cavabdeh orqana müraciət etsə də, ona imtina cavabı verilmişdir. Buna görə də o, məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh iddia tələbinə yazılı etiraz edərək etirazı imtina məktubu ilə eyni məzmunda əsaslandırmışdır. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, hərbi qulluqçuların kəşfiyyat və əks kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşları üçün nəzərdə tutulan kompensasiyanın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2-1(118)-462/2024 nömrəli qərarı ilə iddia rədd edilmişdir (Leyla Mirzəyeva). Məhkəmə qərarını onunla əsaslandırmışdır ki, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, şəhid X3 N sentyabr 2020-ci ildə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi tərəfindən hərbi toplanışa çağrılmış və döyüşlərdə müddətli həqiqi hərbi qulluqçu (əsgər) kimi iştirak etmişdir. “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 14.2-ci maddəsində imperativ qayda olaraq qeyd edilmişdir ki, müddətli həqiqi hərbi qulluqçusu istisna olmaqla, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunur. Bu səbəbdən də, məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmuşdur. İddiaçı həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, oğlu Müşfiq Mecidov 2015ci ilin aprel ayından, 2016-cı ilin oktyabr ayına kimi həqiqi hərbi xidmətdə olmuşdur (2016cı ilin 2-5 aprel döyüşlərinin iştirakçısı olmuşdur). O, müddətli hərbi xidmət hərbi qulluqçusu kimi orduya çağırılmamış, N sentyabr 2020-ci il tarixdə Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi tərəfindən hərbi təlim toplanışına çağırılaraq N nömrəli hərbi hissəyə ezam olunmuşdur. Cari çatışmazlıqların bərpa edilməsi məqsədi ilə N sentyabr 2020-ci il tarixdən N nömrəli hərbi hissədən geri çağırılaraq N nömrəli hərbi hissənin komandirinin N saylı əmrinə əsasən kəşfiyyat bölüyünün 2-ci kəşfiyyat taqımının 2-ci kəşfiyyat manqasının baş kəşfıyyatçısı olmuş, kəşfiyyat fəaliyyəti zamanı da şəhid olmuşdur. Səfərbərlik zamanı döyüş əməliyyatlarına cəlb olunmuşdur. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Cavabdeh apellyasiya şikayətinə yazılı etiraz edərək etirazı iddia ərizəsinə etirazla eyni məzmunda əsaslandırmışdır. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətin təmin edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasında iştirak etməmiş, gəlməməyin səbəbləri haqqında məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası İnzibati Prosessual Məcəllənin 62.3-cü maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. TƏTBİQ EDİLƏN HÜQUQ: “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 2. Bu Qanunda istifadə olunan əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakılardır: 2.0.2. hərbi xidmət – dövlət qulluğunun xüsusi növü olmaqla Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) qanunvericiliklə nəzərdə tutulmuş qaydada və müddətlərdə Azərbaycan Respublikası vətəndaşlarının, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin həyata keçirdikləri xidməti fəaliyyətdir; 2.0.3. ehtiyatda xidmət – toplanışlar keçmək və müharibə zamanı səfərbərlik üzrə çağırış qaydalarını yerinə yetirməkdən ibarət olan xidməti fəaliyyətdir; ... Maddə 24. Hərbi xidmətin növləri Hərbi xidmət həqiqi hərbi xidmətdən və ehtiyatda xidmətdən ibarətdir. Maddə 28. Həqiqi hərbi xidmətin növləri 28.1. Həqiqi hərbi xidmətin aşağıdakı növləri müəyyən edilir: 28.1.1. müddətli həqiqi hərbi xidmət; 28.1.2. hərbi qulluqçu hazırlayan xüsusi təyinatlı təhsil müəssisələrinin kursantlarının həqiqi hərbi xidməti; 28.1.3. müddətdən artıq həqiqi hərbi xidmət; 28.1.4. gizirlərin və miçmanların həqiqi hərbi xidməti; 28.1.5. zabitlərin həqiqi hərbi xidməti. ... Maddə 36. Həqiqi hərbi xidmətə daxilolma 36.1. Həqiqi hərbi xidmətə qəbul üçün müəyyən edilmiş tələblərə cavab verən Azərbaycan Respublikasının vətəndaşları müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi hallarda və qaydada bağlaşma əsasında aşağıdakı həqiqi hərbi xidmətlərə könüllü daxil olurlar: 36.1.1. müddətdən artıq həqiqi hərbi xidmətə – ən azı ümumi orta təhsilli, qanunla müəyyənləşdirilən müddətli həqiqi hərbi xidməti başa çatdırmış hərbi qulluqçular, 40 yaşınadək hərbi vəzifəlilər (zabitlər, gizirlər və miçmanlar istisna olmaqla), habelə 19 yaşından 40 yaşınadək qadınlar; ... “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanunu: Maddə 1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti anlayışı və onun təyinatı 1.1. Kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanlarının ölkənin siyasi, iqtisadi, sosial, elmi-texniki, hərbi və digər sahələrdə milli maraqlarının müdafiəsi ilə bağlı məlumatların əldə edilməsinə və təhlilinə yönəlmiş, milli təhlükəsizliyin təmin edilməsi məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətidir. ... 1.3. Əks-kəşfiyyat fəaliyyəti - Azərbaycan Respublikasının müvafiq dövlət orqanları tərəfindən xarici xüsusi xidmət orqanlarının, təşkilatların və ayrı-ayrı şəxslərin Azərbaycan Respublikasının müstəqilliyinə, suverenliyinə, ərazi bütövlüyünə, konstitusiya quruluşuna, iqtisadi, müdafiə, elmi-texniki potensialına və digər milli maraqlarına zərər vura biləcək kəşfiyyat, terror-təxribat və sair pozuculuq əməllərinin aşkarlanması, qabaqlanması və qarşısının alınması məqsədi ilə həyata keçirilən xüsusi fəaliyyətdir. Maddə 14. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşları 14.1. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektləri hərbi qulluqçular və bu subyektlərlə əmək müqaviləsi bağlamış işçilərlə (mülki heyət) komplektləşdirilir. ... 14.3. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları "Hərbi vəzifə və hərbi xidmət haqqında" və "Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının qanunlarına, "Hərbi xidmətkeçmə haqqında" Əsasnaməyə, hərbi nizamnamələrə və digər hərbi qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirdikləri vəzifələrin xüsusiyyətləri nəzərə alınmaqla həqiqi hərbi xidmət keçirlər. 14.8. Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin ehtiyatını “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bu subyektlərdə həqiqi hərbi xidmətdən buraxılaraq öz ehtiyatlarına keçirilmiş hərbi vəzifəlilər, habelə öz razılığı ilə bu subyektlərin ehtiyatına qəbul olunmuş digər hərbi vəzifəli vətəndaşlar təşkil edirlər. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); ... Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir. Ona görə də şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsaslar müəyyən edilməmişdir. Bu səbəbdən, şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yaranmış mübahisə ilə bağlı kollegiya aşağıdakıları qeyd edir: İşdən görünür ki, iddiaçının oğlu X3 xx.xx.2015-ci il tarixdən xx.xx.2016-cı il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmətdə olmuşdur. Daha sonra M.İddiaçı əsgər kimi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Şamaxı rayon şöbəsi tərəfindən hərbi təlim toplanışına çağrılaraq, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin N nömrəli hərbi hissəsinə təhvil verilmişdir. N nömrəli hərbi hissə komandirinin: - N sentyabr 2020-ci il tarixli, 270 nömrəli nizami hissə üzrə əmrinə əsasən əsgər X3 həmin tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısına, bütün növ təminatlara daxil edilmiş və N nömrəli hərbi hissəyə ezam olunmuş; - N sentyabr 2020-ci il tarixli, 275 nömrəli nizami hissə üzrə əmrinə əsasən M.İddiaçı N sentyabr 2020-ci il tarixdə N nömrəli hərbi hissədən qayıtmış hesab edilmiş və kəşfiyyat bölüyünün 2-ci kəşfiyyat taqımının 2-ci kəşfiyyat manqasının baş kəşfiyyatçısı vəzifəsinə təyin edilmiş; - 09 noyabr 2020-ci il tarixli, 321 nömrəli nizami hissə üzrə əmrinə əsasən döyüş əməliyyatları zamanı müxtəlif istiqamətlərdə torpaqlarımızın azadlığı uğrunda döyüş tapşırıqlarını yerinə yetirən zaman düşmən tərəfindən açılmış atəşlər nəticəsində həlak olduğundan M.İddiaçı 10 noyabr 2020-ci il tarixdən bütün növ təminatlardan çıxarılmışdır. Birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 13 may 2024-cü il tarixli, 211 nömrəli məktubundan görünür ki, M.İddiaçı N sentyabr 2020-ci il tarixdən kəşfiyyat bölüyünün 2-ci kəşfiyyat taqımının 2-ci kəşfiyyat manqasının baş kəşfiyyatçısı vəzifəsinə təyin edilmiş və döyüş əməliyyatları zamanı həlak olmuşdur. İddiaçının apellyasiya şikayətinin oğlu Müşfiq Mecidovun müddətli hərbi xidmət hərbi qulluqçusu kimi orduya çağırılmadığı, kəşfiyyat bölüyünün 2-ci kəşfiyyat taqımının 2-ci kəşfiyyat manqasının baş kəşfiyyatçısı kimi xidmət etdiyinə dair dəlillərinə münasibətdə kollegiya bildirir ki, işin yuxarıda qeyd edilən hallarından göründüyü kimi iddiaçının oğlu əsgər kimi hərbi təlim toplanışına çağırılaraq, hərbi hissənin sərəncamına verilmiş, əsgər hərbi rütbəsində kəşfiyyat bölüyünün 2-ci kəşfiyyat taqımının 2-ci kəşfiyyat manqasının baş kəşfiyyatçısı vəzifəsində hərbi xidmət etmişdir. “Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 28.2ci maddəsinə əsasən müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçulara bu Qanunla müəyyən edilmiş müddətlər daxilində həqiqi hərbi xidmət keçən əsgərlər, matroslar və çavuşlar aiddirlər. Qeyd olunan normanı hazırkı işə tətbiq edən kollegiya qeyd edir ki, iddiaçının oğlu M.İddiaçı həqiqi hərbi xidmət keçən əsgər kimi hərbi toplanışa çağırılaraq, hərbi xidmət keçdiyindən bu dövr ərzində müddətli həqiqi hərbi xidmət keçən hərbi qulluqçu olmuşdur. Bu baxımdan, kollegiya şikayətin dəlilini əsassız hesab edir. Hazırda iddiaçı tələbinin əsası “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 20.12-ci maddəsinə istinad edərək kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşı kimi onun şəhid olmuş oğlunun ailə üzvü olaraq ona həmin maddədə nəzərdə tutulan kompensasiyanın ödənilməsini tələb edir. Birinci instansiya məhkəməsi işin yuxarıda qeyd edilən faktiki hallarına istinadla iddiaçının oğlunun kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşı olmaması əsası ilə iddianı rədd etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir: Hazırki halda araşdırılmalı olan məsələ iddiaçının oğlunun “Kəşfiyyat və əkskəşfiyyat fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun tələbləri baxımından belə fəaliyyət subyektinin əməkdaşı olub-olmamasının müəyyən edilməsidir. Bu baxımdan, həmin Qanuna diqqət yetirilməlidir. Qanunun: 6.1-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri - Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətini həyata keçirən xüsusi xidmət orqanlarıdır. 14.2-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla), həmçinin hərbi qulluqçu vəzifələrinə təyin edilmiş mülki heyət sırasından olan şəxslər bu subyektlərin əməkdaşları hesab olunurlar. 20.11-ci maddəsinə əsasən kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin hərbi qulluqçularının həyatı və sağlamlığı dövlət büdcəsi vəsaiti hesabına onların 5 illik pul təminatı məbləğində sığorta edilir. 20.12-ci maddəsinə əsasən xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş), xəsarət (yaralanma, travma, kontuziya) almış, xəstəliklə əlaqədar sağlamlığına digər ziyan dəymiş kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyektləri əməkdaşlarına və ya onların ailəsinə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada və həcmdə kompensasiya verilir. Qeyd olunan normaların qarşılıqlı təhlilindən müəyyən edilir ki, iddiaçıya 20.12-ci maddədə göstərilən kompensasiyanın ödənilməsi üçün iki şərt mövcud olmalıdır: 1) Onun oğlu kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşı olmalıdır (hansı ki, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları belə şəxslərin dairəsindən istisna edilmişdir); 2) Oğlu belə fəaliyyət subyektlərinin əməkdaşı kimi xidməti vəzifələrin icrası zamanı həlak olmuş (ölmüş) və ya xəsarət (yaralanma, travma, kontuziya) almış olmalıdır. Birinci və işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən şərtlə bağlı kollegiya qeyd edir ki, işdən göründüyü kimi iddiaçının oğlu M.İddiaçı xx.xx.2020-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi xidmət etmişdir. Müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları isə kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin əməkdaşı sırasına aid edilmədiyindən iddiaçıya münasibətdə birinci şərt ödənilməmişdir. İkinci şərtə münasibətdə isə kollegiya bildirir ki, iddiaçının oğlu xidməti vəzifələrin icrası zamanı həlak olmuş olsa da, o, məhz kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyekti əməkdaşı kimi deyil, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu kimi şəhid olmuşdur. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının oğlu, ümumiyyətlə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyətinin subyekti olmadığından hazırki iddia sübuta yetirilmiş sayıla bilməz. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Hazırkı iş üzrə isə iddiaçı kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin həlak olmuş əməkdaşının ailə üzvü kimi ona kompensasiya verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirə bilməmiş, cavabdeh iddiaçıya imtina cavabı verməkdə haqlı olmuşdur. Bu səbəbdən də iddianı əsassız sayaraq təmin etməyən birinci instansiya məhkəməsi düzgün nəticəyə gəlmişdir. Şərh edilənlərə əsasən, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 avqust 2024-cü il tarixli, 2-1(118)-462/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar