Məhkəmə qərarları › İş №2-1(105)-195/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-195/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-195/2021 16.06.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Məmmədov Zaur İkram oğlu və Babayeva Hökümə Çingiz qızından ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “İddiaçı “xxxx” MMC-nin və ”xxxx” MMC-nin qanuni təmsilçisi olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-107/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia qaldıraraq “xxxx” MMC-nin təsisçisi İddiaçı və qanuni təmsilçilik funksiyasına malik direktoru X2 adının hüquqi şəxslərin dövlət reyestrində müvafiq dəyişiklik aparılaraq faktiki rəhbər X3 adı ilə əvəz edilməsi, “”xxxx” MMC-nin təsisçisi və qanuni təmsilçilik funksiyasına malik direktoru İddiaçı adının hüquqi şəxslərin dövlət reyestrində müvafiq dəyişiklik aparılaraq faktiki rəhbər X4 adı ilə əvəz edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra, iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verərək, İddiaçı “xxxx” MMC-nin və “xxxx” MMC-nin qanuni təmsilçisi olması barədə qeydlərin hüquqi şəxslərin dövlət reyestrindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, İddiaçı tərəfindən 22.04.2008-ci il tarixdə "xxxx" MMC (VÖEN **********), 04.04.2008-ci il tarixdə isə “xxxx” MMC (VÖEN **********) təsis edilmiş və vergi orqanından qanunla müəyyən edilmiş qaydada qeydiyyatdan keçirilmişdir. "xxxx" MMC bir müddət iddiaçı tərəfindən idarə edilsə də, 2009-cu ilin dekabr ayında X10 adlı bir şəxs həmin hüquqi şəxsi ondan almaq istədiyini bildirmiş, iddiaçı isə həmin hüquqi şəxsin adına hər hansı iş üzrə müqavilə olmadığından, Rəşadın qeyd olunan təklifinə etiraz etməmişdir. Aralarında yaranan razılaşmanı rəsmiləşdirmək üçün iddiaçı 02.12.2009-cu il tarixdə Qasımov Rəşad Sehran oğluna Bakı şəhəri 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş etibarnamə vermiş və aralarında həmin tarixli təhvil-təslim aktı tərtib edilmişdir. Həmin təhvil-təslim aktına əsasən cəmiyyətə məxsus bütün təsis sənədləri, möhür və digər sənədlər iddiaçı tərəfindən Qasımov Rəşad Sehran oğluna təhvil verilmişdir. Eyni zamanda, həmin aktda qanunvericiliyə əsasən "xxxx" MMC-ni vergi orqanında öz adına qeydiyyatdan keçirmək öhdəliyi X3 üzərinə qoyulmuşdur. "xxxx” MMC bir müddət iddiaçı tərəfindən idarə edilsə də, 2009-cu ilin aprel ayında X11 adlı bir şəxs həmin hüquqi şəxsi ondan almaq istədiyini bildirmiş, iddiaçı isə həmin hüquqi şəxsin adına hər hansı iş üzrə müqavilə olmadığından, Rəşadın qeyd olunan təklifinə etiraz etməmişdir. Aralarında yaranan razılaşmanı rəsmiləşdirmək üçün iddiaçı 01.04.2009-cu il tarixdə X7 Bakı şəhəri 6 saylı dövlət notariat kontoru tərəfindən təsdiq edilmiş etibarnamə vermiş və aralarında həmin tarixli təhvil-təslim aktı tərtib edilmişdir. Həmin təhvil-təslim aktına əsasən cəmiyyətə məxsus bütün təsis sənədləri, möhür və digər sənədlər idiaçı tərəfindən X7 təhvil verilmişdir. Eyni zamanda, həmin aktda qanunvericiliyə əsasən "xxxx” MMC-ni vergi orqanında öz adına qeydiyyatdan keçirmək öhdəliyi X5 üzərinə qoyulmuşdur. Həmin tarixdən sonra iddiaçının "xxxx" MMC-nin, o cümlədən X3 və "xxxx” MMC-nin, o cümlədən X5 fəaliyyətindən xəbəri olmamışdır. Lakin daha sonra, "xxxx” MMC-nin və "xxxx" MMCnin rəhbərlərinin ölkədən çıxmaq hüququna məhdudiyyət qoyulmasına dair vergi orqanı tərəfindən məhkəməyə müraciət edilən zaman, cəmiyyətlərin hələ də iddiaçının adında qeydiyyatda qaldığı və X3 və X5 üzərinə götürdükləri öhdəliyi icra etmədikləri məlum olmuşdur. "xxxx" MMC 02.12.2009-cu il tarixdən, "xxxx” MMC isə 01.04.2009-cu il tarixdən etibarən iddiaçı tərəfindən idarə edilmədiyindən, cəmiyyətlərin fəaliyyətindən hər hansı gəlir götürmədiyindən və ümumiyyətlə həmin cəmiyyətlərlə hər hansı əlaqəsi olmadığından, bununla bağlı hüquqi şəxslərin dövlət reyestrində müvafiq dəyişiklik edilməli və cəmiyyətlərin təsisçisi və qanuni təmsilçilik funksiyasına malik direktoru kimi faktiki rəhbərin adı rəsmiləşdirilməlidir. Belə ki, Mülki Məcəllənin 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Həmin Məcəllənin 49.3-cü maddəsinə əsasən hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı)təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq, ehtiyatlı olmaq, habelə qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Vergi Məcəlləsinin 78.3-cü maddəsinə əsasənvergi öhdəliklərinin yerinə yetirilməsi bu Məcəllədə başqa hallar nəzərdə tutulmamışdırsa, bilavasitə vergi ödəyicisi tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsi digər şəxsin üzərinə qoyula bilməz. "Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1-ci maddəsinin və Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3 və 78.4-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 09.09.2013-cü il tarixli qərarında qeyd edilir ki, "Göstərilənlərlə əlaqədar, faktiki olaraq vergitutma obyektindən mənfəət əldə edən şəxs vergi ödəyicisi hesab olunur və Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə vergi öhdəliklərinin yerinə yetirilməsi hüquqi şəxsin faktiki rəhbərinin üzərinə düşür. Hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlir əldə edən, onun aktivlərinə, pul vəsaitlərinə, əmlakına faktiki sərəncam verən şəxs vergitutma obyektləri üzrə qanunla müəyyən edilmiş vergilərin hesablanmasına və ödənilməsinə görə məsuliyyət daşımalıdır. Vergi Məcəlləsinin 78.3-cü maddəsinin mənasına görə hüquqi şəxsin həyata keçirdiyi sahibkarlıq fəaliyyəti nəticəsində faktiki gəlirlər əldə edən, onun pul vəsaitinə, əmlakına faktiki sərəncam verən şəxs vergi ödəyicisi qismində vergi öhdəliklərini yerinə yetirən şəxs hesab edilir. Həmin şəxs Vergi Məcəlləsinin 78.4-cü maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini digər şəxsin üzərinə qoya bilməz və vergidən yayınma cinayəti törətdikdə Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər. Hüquqi şəxsin fəaliyyətinə rəsmi rəhbərlik edən şəxs vergi ödəməkdən yayınma cinayətində iştirak etdikdə Cinayət Məcəlləsinin 213-cü maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilə bilər". Qeyd olunanlardan aydın olduğu kimi, hüquqi şəxsin cari fəaliyyətinə faktiki rəhbərlik edən şəxs həmin hüquqi şəxsin bütün öhdəliklərini, o cümlədən vergi öhdəliklərini icra etməyə cavabdehdir. Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 27 sentyabr 2014-cü il tarixli 1(060)-277/2014 nömrəli hökmünə əsasən X10 “xxxx” MMC-nin faktiki rəhbəri olduğu müəyyən edilmiş və cəmiyyətin vergi öhdəliklərini icra etmədiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28.10.2015-ci il tarixli 1(004)-13/2015 nömrəli hökmünə əsasən X4 "xxxx" MMC-nin faktiki rəhbəri olduğu müəyyən edilmiş və cəmiyyətin vergi öhdəliklərini icra etmədiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-107/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qərarı ilə iddianın təmin edilməsi, iddiaçı X1 “xxxx” MMC-nin və “xxxx” MMC-nin qanuni təmsilçisi olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrindən silinməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. (hakim İsmayıl Quliyev) Qərardan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ TƏRƏFLƏRİN İZAHATLARİ Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə İddiaçı “xxxx” və “xxxx” məhdud məsuliyyətli cəmiyyətlərinin qanuni təmsilçisi olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrindən silinməsi öhdəliyinin cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulmasına dair qərar qəbul edərkən mövcud qanunvericiliyin tələblərini nəzərə almamış, vergi orqanının üzərinə onun səlahiyyətlərinə aid omayan vəzifə qoymuşdur. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Qanunun istinad edilən normalarından göründüyü kimi, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatını həyata keçirən vergi orqanına müraciət edilməlidir. Belə bir müraciət isə kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatını həyata keçirən vergi orqanına edilməmişdir. Müraciət edilmədiyi halda vergi orqanı hansı əsasa görə qeydiyyat aparmalıdır. İstinad edilən qanunun heç bir normasında kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatını həyata keçirən orqanın təşəbbüsü və ya məhkəmənin qərarı əsasında qeydiyyatın aparılması nəzərdə tutulmamışdır. Əlavə olaraq, məhkəmə iddianı mümkün sayarkən inzibati orqanın qanunla müəyyən edilmiş hansı hərəkətə (hərəkətsizliyə) yol verməsini, səlahiyyətindən irəli gələrək hansı inzibati qərarı qəbul edib-etməməsini, bu zaman iddiaçının hansı hüquq və vəzifələrinin pozulmasına səbəb olmasını əsaslandırmamışdır. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Azərbaycan Respublikası İPM-nin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə dair iddialara, inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara, inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara, inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara, inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara, bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına, “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə baxılır. İnzibati icraat qaydasında baxılmalı olan yuxarıda sadalanan hallardan görünür ki, İddiaçı “xxxx” və “xxxx” məhdud məsuliyyətli cəmiyyətlərinin qanuni təmsilçisi olması barədə qeydin hüquqi şəxsin təsisçisi və ya qanuni təmsilçisi tərəfindən müraciət edilmədiyi halda dövlət reyestrindən silinməsi öhdəliyininin qeydiyyat orqanının üzərinə qoyulması inzibati mübahisə predmetinə aid deyildir. Vergi orqanı kommersiya hüquqi şəxslərinin dövlət qeydiyyatını həmin hüquqi şəxslərin təqdim etdiyi qanunla müəyyən edilmiş təsis sənədləri və eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi təsdiq edən sənədlər əsasında həyata keçirir, təqdim edilmiş sənədlərin qanunun tələbinə uyğun olmasını yoxlayır və qanunun tələbinə uyğun olmayan məlumat və sənədləri geri qaytarır, sənədlər qanunvericiliyin tələbinə uyğun olduqda dövlət qeydiyyatını həyata keçirir. İş materiallarında dövlət qeydiyyatını həyata keçirən vergi orqanının göstərilən hərəkətlərə və ya hərəkətsizliyə yol verməsinə dair hər hansı bir sübut mövcud deyildir. Məhkəmə, Azərbaycan Respublikası CPM-nin 65.4-cü maddəsinə istinad edərək Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 17.09.2014-cü il tarixli, 1(060)- 277/2014 nömrəli və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28.10.2015-ci il tarixli,1(004)-13/2015 nömrəli hökmlərini hazırkı işə münasibətdə preyudisial əhəmiyyət daçıması nəticəsinə gəlmişdir ki, bu hal qanunun tələblərinə uyğun deyildir. Belə ki, hər iki hökmün predmetini “vergi ödəməkdən yayınma ilə əlaqədar olaraq “xxxx” və “xxxx” məhdud məsuliyyətli cəmiyyətlərinin fəaliyyətlərinə faktiki rəhbərlik etmiş X3 və X6 cinayət məsuliyyətinə cəlb edilməsi” təşkil etdiyi halda, hazırkı işin predmetini isə “iddiaçının “xxxx” və “xxxx” məhdud məsuliyyətli cəmiyyətlərinin qanuni təmsilçisi olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” təşkil edir. Göründüyü kimi, burada predmet eyniliyi yoxdur, “qanuni təmsilçi” ilə “faktiki rəhbərlik etmiş şəxs” anlayışları tamamilə fərqli məzmuna malikdirlər. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun 2.0.14-cü maddəsinə əsasən nizamnaməsinə müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslər qanuni təmsilçi hesab edilirlər. İddiaçı tərəfindən “xxxx” MMC-nin və “xxxx” MMC-nin etibarnaməyə əsasən X8 və X7 verilməsinə gəldikdə isə, həmin etibarnamələrə əsasən İddiaçı özünə məxsus olan təsisçi və direktor hüquqlarına dair sərəncam verməyi, vergi orqanında nümayəndə olmağı, alğı-satqı müqaviləsini qeydiyyatdan keçirməyi qeyd edilən şəxslərə etibar etmişdir. Etibarnamənin 20 il müddətinə qüvvədə olması nəzərdə tutulmuşdur. Göründüyü kimi, etibar edilmiş şəxslər olan X10 və X11 etibar edən İddiaçı adından təsisçi və direktor hüquqlarına dair sərəncam verməyi həyata keçirmiş və bu zaman vergi ödəməkdən yayınma cinayət əməlini törətmişlər. Bir daha göründüyü kimi, məhkəmə işə baxarkən mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları araşdırmamış, inzibati icraat qaydasında baxılmalı olmayan iddia ərizəsini icraata qəbul edərək düzgün olmayan qərar qəbul etmişdir. Azərbaycan Respublikası İPM-nin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X9 apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşə apelyasiya qaydasında baxıldıqda məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apelyasiya şikayətinin təmin edilmədən birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməməlidir. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iş üzrə düzgün nəticəyə gəlməmişdir. Belə ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.0.14-cü maddəsinə əsasən, qanuni təmsilçi – nizamnaməsinə (əsasnaməsinə) müvafiq olaraq qurumu təmsil etmək səlahiyyətinə malik olan şəxs və ya şəxslərdir. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, hüquqi şəxslərin, xarici hüquqi şəxsin nümayəndəlik və ya filiallarının təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Həmin Qanunun 9.2-ci maddəsinə əsasən, dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Ərizədə, baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Dəyişiklik bu Qanunun 11.3-cü maddəsinin tələblərinə zidd olmadıqda, müvafiq icra hakimiyyəti orqanı 5 gün müddətində dəyişikliyi qeydiyyata alır. Həmin Qanunun 9.3-cü maddəsinə əsasən, bu Qanunun 9.2-1.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, hüquqi şəxslərin və xarici hüquqi şəxslərin filial və ya nümayəndəliklərinin təsis sənədlərində edilmiş dəyişikliklər, habelə hüquqi şəxslərin dövlət reyestrində onlar barədə qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi yalnız dövlət qeydiyyatına alındıqdan sonra qüvvəyə minir. Hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və ya nümayəndəlikləri tərəfindən qüvvəyə minməmiş dəyişikliklər əsasında hər hansı fəaliyyət həyata keçirilə bilməz. Yuxarıda sadalanan normalardan görünür ki, hüquqi şəxsin təsis sənədlərində edilmiş dəyişikliklərin və qeydə alınmış faktların sonrakı dəyişikliyinin qeydiyyata alınması üçün kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatını həyata keçirən vergi orqanına müraciət edilməlidir. Birinci instansiya məhkəməsi isə qeyd olunan normaları nəzərə almayaraq iddia tələbini təmin edərək, qərarında göstərmişdir ki, Sumqayıt Şəhər Məhkəməsinin 27 sentyabr 2014-ci il tarixli, 1(060)-277/2014 nömrəli hökmü və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin 28.10.2015-ci il tarixli, 1(004)-13/2015 nömrəli hökmü iddiaçı X1 “xxxx” MMC-nin və “xxxx” MMC-nin qanuni təmsilçisi olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrindən silinməsi üçün əsas hesab olunmalıdır. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin qanuni qüvvəyə minmiş 27 sentyabr 2014-ci il tarixli 1(060)-277/2014 nömrəli hökmünə əsasən X10 “xxxx” MMC-nin faktiki rəhbəri olduğu müəyyən edilmiş və cəmiyyətin vergi öhdəliklərini icra etmədiyinə görə cinayət məsuliyyətinə cəlb edilmiş, Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin qanuni qüvvəyə minmiş 28.10.2015-ci il tarixli 1(004)-13/2015 nömrəli hökmünə əsasən X4 "xxxx" MMC-nin faktiki rəhbəri olduğu müəyyən edilmiş və cəmiyyətin vergi öhdəliklərini icra etmədiyinə görə cinayət məsuliyyətinə cəlb edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 65.4-cü maddəsinə əsasən, məhkəmənin qanuni qüvvəyə minmiş hökmü, habelə cinayət təqibi üzrə qüvvəyə minmiş digər qərarı mülki işə, kommersiya və ya inzibati mübahisəyə baxılarkən məhkəmə üçün hadisənin olub-olmaması və şəxsin həmin hadisəyə aidiyyəti hissəsində məcburidir... Göründüyü kimi, həmin hökmlər vergi ödəməkdən yayınma ilə əlaqədar olaraq “xxxx” MMC və “xxxx” MMC-nin fəaliyyətlərinə faktiki rəhbərlik etmiş şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi barədədir. Mövcud iddianın predmetini isə İddiaçı “xxxx” MMC və “xxxx” MMC-nin qanuni təmsilçisi olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrindən silinməsi öhdəliyinin cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə qoyulması təşkil edir. İddiaçı kommersiya hüquqi şəxsinin dövlət qeydiyyatını həyata keçirən vergi orqanına kommersiya qurumunun dövlət qeydiyyat məlumatlarında baş vermiş dəyişikliklərin dövlət qeydiyyatına alınması üçün müraciət etsə də, “xxxx” MMC-nin və “xxxx” MMC-nin məlumat dəyişikliyi ərizəsinə rəhbər və təsisçinin dəyişilməsi ilə bağlı təsisçinin qərarı, nizamnaməyə dəyişiklik layihəsi əlavə edilməmişdir. Bu səbəbdən, cavabdeh vergi orqanı “xxxx” MMC-nin və “xxxx” MMC-nin təsisçi və direktor dəyişikliyi faktının dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Bundan əlavə, iddiaçı iddia ərizəsində göstərmişdir ki, təhvil-təslim aktına əsasən “xxxx” MMC-yə və “xxxx” MMC-yə məxsus bütün təsis sənədləri, möhür və digər sənədlər iddiaçı tərəfindən müvafiq olaraq X7 və X8 təhvil verilmişdir. 02 dekabr 2009-cu il tarixli aktla X10 “xxxx” MMC-ni adına rəsmiləşdirilməsi barədə öhdəlik götürmüş, 01 aprel 2009cu il tarixli aktla X11 “xxxx” MMC-ni adına rəsmiləşdirilməsi barədə öhdəlik götürmüş, lakin hər iki şəxs üzərinə götürdüyü öhdəliyi icra etməmişdir. 01 aprel 2009-cu il tarixli etibarnamə ilə İddiaçı “xxxx” MMC-də ona məxsus olan təsisçi və direktor hüquqlarına dair sərəncam verməyi, notariat kontorunda alğı-satqı müqaviləsini imzalamağı, vergi orqanlarında nümayəndəsi olub, alğı-satqı müqaviləsini qeydiyyatdan keçirməyi X7 etibar etmişdir. 02 dekabr 2009-cu il tarixli etibarnamə ilə İddiaçı “xxxx” MMC-də ona məxsus olan təsisçi və direktor hüquqlarına dair sərəncam verməyi, notariat kontorunda alğı-satqı müqaviləsini imzalamağı, vergi orqanlarında nümayəndəsi olub, alğı-satqı müqaviləsini qeydiyyatdan keçirməyi X8 etibar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.1-ci maddəsinə əsasən, əqd təmsilçi vasitəsilə də bağlana bilər. Bir şəxsin (təmsilçinin) etibarnaməyə, qanunun göstərişinə və ya buna vəkil edilmiş dövlət və ya bələdiyyə orqanının aktına əsaslanan səlahiyyətə görə başqa şəxs (təmsil edilən) adından bağladığı əqd təmsil edilənin mülki hüquq və vəzifələrini bilavasitə yaradır, dəyişdirir və onlara xitam verir. Həmin Məcəllənin 362.1-ci maddəsinə əsasən, bir şəxsin üçüncü şəxslər qarşısında təmsilçilik üçün başqa şəxsə verdiyi vəkalət etibarnamə sayılır. Təmsil edilən təmsilçinin əqd bağlaması üçün vəkaləti bilavasitə müvafiq üçüncü şəxsə təqdim edə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, etibarnamə əsasında təsisçi və direktor hüquqlarına dair sərəncam vermək, vergi orqanında nümayəndə olmaq, alğı-satqı müqaviləsini qeydiyyatdan keçirmək hüquqlarının başqa şəxsə etibar edilməsi etibar edilənin hüquqi şəxsin qanuni təmsilçisi olması demək deyil. Odur ki, İddiaçı tərəfindən X7 və X8 təsisçi və direktor hüquqlarına dair sərəncam vermək barədə etibarnamənin verilməsi hüquqi şəxslərin qanuni təmsilçilərinin dəyişməsi anlamına gəlmir. Qanunvericilikdə hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişikliyin, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyinin qeydiyyata alınması ilə bağlı konkret qaydalar nəzərdə tutulmuşdur ki, iddiaçı tərəfindən həmin qaydalara riayət edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə kollegiyası hesab edir ki, apelyasiya şikayətinin dəlilləri əsaslıdır, iddiaçının dəlilləri isə onun təsisçisi olduğu lakin faktiki olaraq idarə etmədiyi “xxxx” MMC-nin və “xxxx” MMC-nin qanuni təmsilçisi olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması üçün əsas deyil. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməli, Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-107/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qərarı ləğv edilməli və iş üzrə yeni qərar qəbul edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “İddiaçı “xxxx” MMC-nin və ”xxxx” MMC-nin qanuni təmsilçisi olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94cümaddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-107/2020 saylı, 06 noyabr 2020-ci il tarixli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “İddiaçı “xxxx” MMC-nin və ”xxxx” MMC-nin qanuni təmsilçisi olması barədə qeydin hüquqi şəxslərin dövlət reyestrindən silinməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına Sumqayıt Apelyasiya Məhkəməsi vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar