Məhkəmə qərarları › İş №2-1(105)-195/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-195/2022

21.09.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-195/2022 21.09.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X4 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan X1rşı “kompensasiyanın ödənilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 2- 1(118)-1381/2021 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2016-cı il tarixli, RX seriyalı, ******* nömrəli çıxarışa əsasən Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,01855 ha kənd təsərrüfatı təyinatlı torpaqlar xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Torpaq sahəsinə dair DƏDRX-nin 4 saylı Ərazi İdarəsi tərəfindən AA seriyalı 042307 nömrəli Torpaq sahəsini planı və ölçüsü tərtib edilmişdir. İddiaçı torpaq sahəsinə kompensasiya ödənilməsilə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ərizə ilə müraciət etmiş, cavabdeh isə 04 noyabr 2020-ci il tarixli Ş-3/16-7765 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirmişdir ki, “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində işlər müvəqqəti dayandırılmışdır. Sözügedən layihə üzrə tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsi bərpa olunacaqdır. İddiaçı cavabdeh Azərbaycan X1rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün X6”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2930 saylı Sərəncamına əsasən Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində, təyinatı üzrə istifadəyə tam yararsız vəziyyətə düşmüş, yolun mühafizə (qorunma) zolağına düşən, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən (daşınmaz əmlakın reyestr nömrəsi **********49 olan) torpaq sahəsinə görə cavabdehdən 5565 (beş min beş yüz altmış beş) manat miqdarında pul məbləğinin tutularaq iddiaçıya ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən və ümumi sahəsi 1000 kv.m (0.10 ha) olan kənd təsərrüfatı təyinatlı torpaq sahəsi xüsusi mülkiyyət hüququ ilə iddiaçıya məxsus olmuşdur. Sonradan “Bakı şəhərində nəqliyyat sisteminin təkmilləşdirilməsi üzrə 2008-2013-cü illər üçün X6”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2008-ci il tarixli, 2930 saylı Sərəncamına əsasən Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yolun Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən keçən hissəsində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Kadastrı və X2 tərəfindən hazırlanmış kadastr planına əsasən (**********14 saylı çıxarış) ona məxsus olan və ümumi sahəsi 1000 kv.m olan torpaq sahəsinin 814.5 kv.m hissəsi yolun tikinti sahəsinə düşdüyündən yalnız 814.5 kv.m hissəyə nisbətdə dəyən ziyana görə 24.400.00 ( iyirmi dörd min dörd yüz) pul ödənilmişdir. Sonradan yolun qorunma (mühafizə) zolağına düşən, təyinatına görə istifadəsi qeyri-mümkün olan 0.01888 kv.m torpaq sahəsinə görə də dəymiş zərərin (kompensasiyanın) ödənilməsi tələbi ilə cavabdehə yazılı müraciət edərək, 5565 (beş min beş yüz altmış beş) manat pulun iddiaçıya ödənilməsini xahiş etmişdir. İddiaçı nəzərə almışdır ki, torpağın 1 sotunun dəyəri 3000 (üç min) manatdır və bu nəzərə alınaraq tikinti sahəsinə düşən 814.5 kv.m hissəyə görə sotu 3000 ( üç min) manat hesablanmaqla ona 24.400 manat pul ödənilmişdir (3000 manat * 814.5 kv.m = 24.435 manat). Hazırkı tələblə cavabdehə müraciət etmiş, lakin imtina cavabı almışdır. Yuxarıda qeyd edilən “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” nəticəsində ona məxsus olan torpaq sahəsi tamamilə yararsız vəziyyətə düşmüşdür. Həmin torpaqdan hətta təyinatı üzrə istifadəsi mümkün deyil, çünki qeyd edilən torpaq sahəsi birbaşa yola bitişikdir. Torpağın ona məxsusluğu isə sadəcə formal olaraq sənəd üzərində qalıb. Hesab edir ki, Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində yolun Abşeron rayonu, Saray qəsəbəsi ərazisindən keçən hissəsində qorunma (mühafizə) zolağında yerləşən, kənd təsərrüfatı təyinatlı, ümumi sahəsi 0.01855 kv.m olan torpaq sahəsi təyinatı üzrə tam yararsız vəziyyətə düşdüyündən torpağın ümumi dəyəri olan 5565 manat pul məbləği də ona ödənilməlidir. Belə ki, qeyd edilən ərazidə torpağın dəyəri 3000 manatdır və 0.01855 ha torpaq sahəsinin dəyəri 5565 manat təşkil edir. 814.5 kv.m torpaq sahəsinə dair dəyən ziyan ödənilən zamanda da torpaq sahəsinin qiyməti 1 sot üçün 3000 manat miqdarında hesablanmışdır. Hesab edir ki, cavabdehin hərəkətləri onun əmlak hüquqlarını pozur və qeyd etdikləri nəzərə alınmaqla cavabdehin ona ödəməli olacağı pul ədalət mühakiməsini həyata keçirən məhkəmə tərəfindən tam şəkildə tutulmalı, qeyd edilən pul məbləği ona ödənilməlidir. Cavabdeh inzibati orqan iddia tələbinə etiraz edərək bildirmişdir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində vətəndaş İddiaçı məxsus 0.10 ha ilkin olaraq torpaq sahəsinin 814.5 kv.m. hissəsi yolun tikintisi altına düşmüş və bununla əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsinin müvafiq təşkilatı tərəfindən sözügedən layihə çərçivəsində hazırlanmış kadastr planında qeydə alınmış və dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablanmışdır. Əmlakın alqı-satqısı zamanı qiymətləndirmə prosesi Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidmətinin tövsiyələri əsasında aparılmış və iddiaçının əmlakı müvafiq qaydada mövcud qanunvericiliyin tələblərinə uyğun qiymətləndirilməklə, o cümlədən Azərbaycan Respublikasının Prezidentinin xx.xx.2007-ci il tarixli fərmanına əsasən 20% əlavə edilməklə, ümumilikdə 24.400 manat dəyərində müəyyən edilmiş, və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (alıcı) ilə iddiaçı (satıcı) arasında dövlət ehtiyacları üçün alınması məqsədi ilə alqı-satqı müqaviləsi imzalanmışdır. Hesablanmış 24.435 manat məbləğində kompensasiya "xxxx" ASC “Rabitə” filialına İddiaçı Binyat qızının adına köçürülmüş və iddiaçı tərəfindən xx.xx.2014-cü ildə alınmışdır. Daha sonra iddiaçının cavabdehə ünvanlandığı bir neçə müraciətində onun torpaq sahəsinin qalan 0.01888 ha hissəsi də yolun tikinti altına düşdüyünü və torpaq sahəsinin həmin hissəsinə görə kompensasiyanın ödənilməsini xahiş etmişdir. İddiaçıya məxsus torpaq sahəsinin qalan 0.01888 ha hissəsi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən həyata keçirilən “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi yolun tikinti altına düşməmişdir. İddia ərizəsindən göründüyü kimi, qeyd olunan tədbirlər planının icrası ilə əlaqədar iddiaçıya məxsus olmuş əmlakın bir hissəsinə görə kompensasiya verilməklə ona dəymiş maddi ziyanın əvəzi ədalətli şəkildə ödənilmişdir. İddiaçı torpaq sahəsinin qalan hissəsi cavabdeh tərəfindən həyata keçirilən “Bakı-Sumqayıt avtomobil yolunun tikintisi” avtomobil yolunun layihələndirilməsi və tikintisi altına düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə bağlı cavabdehə müraciət etmişdir. İddiaçının cavabdehə ünvanlandığı müraciətində onun torpaq sahəsinin yolun tikinti altına düşdüyünə görə və bununla əlaqədar kompensasiyanın alınması ilə qaldırdığı məsələ ilə əlaqədar müvafiq icra hakimiyyəti orqanlarına müraciət olunmuşdur. Bu səbəbdən, qalan torpaq sahəsinin yolun tikinti altına düşüb-düşməməsi, və bununla bağlı kompensasiyanın ödənilməsi məsələsi gələcəkdə tikinti işləri başlanan zaman baxılacaqdır. Göstərənlərə əsasən hesab edir ki, iddiaçının bununla belə hüququnun pozulması müəyyən olunmamışdır. Sumqayıt İnzibati Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2-1(118)-1381/2021 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi və AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi üçüncü şəxs qismində inzibati məhkəmə icraatında iştirakına cəlb edilmişlər. Sumqayıt İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 2-1(118)-1381/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı, onun mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən kənd təsərrüfatı təyinatlı 0.01855 ha torpaq sahəsi tikinti altına düşdüyü üçün 3.710 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulmuş, iddia qalan hissədə təmin edilməmişdir (hakim İ.Quliyev). Qərardan narazı qalan iddiaçı ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Qərardan narazı qalan cavabdeh ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, torpaq sahəsi iddiaçıdan alınan zaman bazar qiyməti 1 sot üçün 3000 (üç min) manat miqdarında dəyərləndirilmiş, ona ödənilən pul da hər sot üçün 3000 (üç min) manat miqdarında ödənilmişdir. Yəni satın alınan torpaq sahəsi qiymətləndirilən zaman mövcud bazar qiymətləri nəzərə alınmasına baxmaraq, işə baxılan zaman indiki qiymət nəzərə alınmışdır. Halbuki, torpağın dəyəri indiki qiymətlərlə deyil, torpaq sahəsi alınan, digər sahəsi isə yararsız vəziyyətə salınan zaman mövcud qiymətlər nəzərə alınmalı idi. Qiymətləndirmə “X7” Əmlakın Qiymətləndirməsi və İnkişafı Mərkəzi tərəfindən aparılmış və hər sot üçün 2000 manat miqdarında qiymətləndirilmişdir. “X7” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi də qiymətləndirməni torpaq sahəsi alınan dövrdə mövcud qiymətlərlə deyil, hazırki dövrdə mövcud olan qiymətlə hesablanmışdır. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, iddiaçının müraciətlərinə cəmiyyət tərəfindən rəsmi qaydada cavab verilmişdir ki, qalan 0.01855 ha torpaq sahəsi avtomobil yolunun təhkim zolağından kənarda yerləşməsi səbəbindən, yolun tikinti altına düşmədiyi üçün kompensasiya hesablanmamış və Maliyyə Nazirliyi tərəfindən vəsait ayrılmamışdır. İddiaçının mülkiyyətində olan qalan torpaq sahəsinin yolun tikinti altına düşüb-düşməməsi işin mübahisəli halıdır. Bu isə o deməkdir ki, birinci instansiya məhkəməsi iddiaçıya məxsus qalan torpaq sahəsinin yerdə-naturada təyinatı üzrə istifadə olunmasını araşdırmamışdır. Bu cür analoji işlərdə məhkəmələrin belə yanaşması dövlət büdcəsi qarşısında əsassız öhdəliklər yaradır. Məhkəmə mübahisə olunan ərazinin situasiya planının tərtib edilməsinə cəhd göstərməmiş, mübahisəyə aydınlıq gətirilməsi və düzgün həll edilməsi üçün əraziyə yerdə naturada tərəflərin, o cümlədən mütəxəssis və ekspertlərin iştirakı ilə baxış keçirilməsinin zəruriliyini müzakirə etməmiş, kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyri-mümkünlüyünün müəyyən edilməsi kifayət qədər ətraflı hüquqi həllini tapmamışdır. b) Apellyasiya şikayətlərinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. TƏTBİQ OLUNAN HÜQUQ: “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89. İnzibati orqanların məsuliyyəti Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. 89.2. Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 157. Mülkiyyətin müdafiəsi (-). 157.9. Dövlət ehtiyacları tələb etdikdə, dövlət tərəfindən mülkiyyət yalnız “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin çəkilməsi və quraşdırılması, sərhədboyu zolaqda dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, müdafiə və təhlükəsizlik əhəmiyyətli obyektlərin tikilməsi, dövlət əhəmiyyətli dağ-mədən sənayesi obyektlərinin tikilməsi məqsədi ilə alınır. Maddə 246. Torpaqların dövlət ehtiyacları üçün alınması 246.1. Bu Məcəllənin 157.9-cu maddəsinə uyğun olaraq, torpaqların dövlət ehtiyacları üçün alınması haqqında qərar müvafiq icra hakimiyyəti orqanı tərəfindən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada qəbul edilir. (-). 246.3. Torpağın alınması haqqında qərar qəbul etmiş müvafiq icra hakimiyyəti orqanı bu barədə torpaq sahəsinin mülkiyyətçisinə yazılı bildiriş göndərməlidir. (-). 246.5. Bu Məcəllənin 246-249-cu maddələrinin müddəaları dövlət ehtiyacları üçün alınan torpaqla yanaşı həmin torpaqda yerləşən və ya yerləşməyən, eyni məqsədlərlə alınan torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşyalara da şamil edilir. (-). 246.7. Torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiya məbləğinin hesablanması və ödənilməsi qaydaları, habelə bu sahədə tərəflər arasında yaranan digər münasibətlər “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. Maddə 1100. Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və onların vəzifəli şəxslərinin vurduqları zərər üçün məsuliyyət Dövlət orqanlarının, yerli özünüidarə orqanlarının və ya bu orqanların vəzifəli şəxslərinin qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində, o cümlədən dövlət orqanının və ya yerli özünüidarə orqanının qanuna və ya digər hüquqi akta uyğun gəlməyən aktının qəbul edilməsi nəticəsində fiziki və ya hüquqi şəxsə vurulmuş zərərin əvəzini Azərbaycan Respublikası və ya müvafiq bələdiyyə ödəməlidir. Maddə 1115. Zərərin əvəzinin ödənilməsi üsulları Zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. “Azərbaycan Respublikası Mülki Məcəlləsinə dəyişikliklər və əlavələr edilməsi haqqında” Azərbaycan Respublikasının 2007-ci il 7 dekabr tarixli 506 İİİ QD nömrəli Qanununun tətbiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 26 dekabr 2007-ci il tarixli, 689 nömrəli Fərmanı “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanunu Maddə 1.1.1. Alınma - dövlət ehtiyacları üçün bələdiyyə və xüsusi mülkiyyətdə olan torpaq (onun müəyyən hissəsi) üzərində mülkiyyət, istifadə və icarə hüquqlarına, bu torpaqdan istifadəyə dair müəyyən edilmiş yüklülüklər (məhdudiyyətlər) də daxil olmaqla xitam verilməsi yolu ilə həmin torpağın (onun müəyyən hissəsinin) mülkiyyətçidən könüllü və ya məcburi qaydada əvəzi ödənilməklə dövlət tərəfindən satın alınması, həmçinin istifadədə və (və ya) icarədə olan dövlət torpaqlarının müvafiq kompensasiya ödənilməklə istifadəçidən və ya icarəçidən geri alınmasıdır. Maddə 3. Torpağın alınmasına əsas verən dövlət ehtiyacları 3.1.1. Dövlət əhəmiyyətli yolların və digər kommunikasiya xətlərinin (magistral neft və qaz boru kəmərlərinin, kanalizasiya, yüksək gərginlikli elektrik xətlərinin, hidrotexniki qurğuların) çəkilməsi və quraşdırılması torpağın alınmasına əsas verən dövlət ehtiyaclarıdır. (-). Maddə 4. Torpağın alınması ilə bağlı dövlətin əsas səlahiyyətləri Maddə 4.1. Bu Qanunun 3-cü maddəsinə uyğun olaraq dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq və ya paylı mülkiyyətdə olan torpaqda müvafiq pay (paylar) mülkiyyətçi (mülkiyyətçilər) ilə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə bu Qanuna uyğun olaraq alına bilər. 4.2. Dövlət, alınmanın təsirinə məruz qalan şəxslərlə razılıq əldə etməkdə və həmin torpaq üçün bazar qiymətini və ya bərpa qiymətini ödəməkdə bütün səylərindən istifadə etmək öhdəliyini daşıyır və bu öhdəliyi yerinə yetirənədək bu Qanunda alınma ilə bağlı müəyyən edilmiş müvafiq səlahiyyətlərdən istifadə edə bilməz. Maddə 5. Alına bilən torpaqlar 5.1. İstifadədə, icarədə olmasından və torpaq sahəsindən istifadəyə dair müəyyən edilmiş yüklülüklərdən (məhdudiyyətlərdən) asılı olmayaraq aşağıdakı torpaqlar bu Qanuna uyğun olaraq dövlət ehtiyacları üçün alına bilər: 5.1.1. xüsusi mülkiyyətdə olan torpaqlar; (-). Maddə 7. Alınmanın təsirinə məruz qalan şəxs Maddə 7.1. Torpağın və ya onun müəyyən hissəsinin alınması nəticəsində öz torpağından köçürülən və həmin torpaqda yaşamaq və ondan istifadə hüququnu itirən, torpağının və digər əmlakının miqdarının, dəyərinin və ya faydalılığının azalmasına məruz qalan, sahibkarlıq fəaliyyətini tam və ya qismən davam etdirmək iqtidarında olmayan, iş yerini itirən, ümumi istifadə imkanlarını əldə etməkdən məhrum olan, əmlakının, yaxud da yaşamaq üçün vasitələrinin hər hansı digər itkisi və azalmasına məruz qalan şəxs alınmanın təsirinə məruz qalan şəxs hesab edilir. Maddə 7.2. Alınmanın təsirinə məruz qalan şəxs bu Qanunla müəyyən edilmiş qaydada bu Qanunun 7.1-ci maddəsində nəzərdə tutulmuş itki və mərhumiyyətlər nəzərə alınmaqla kompensasiya almaq hüququna malikdirlər. Maddə 23. Alınan torpağın qiymətləndirilməsi 23.1. Bu Qanunun 19-cu maddəsinə uyğun olaraq qəbul edilən torpağın alınması haqqında qərarla yaradılan qiymətləndirmə komissiyası alan orqan və torpağın alınması qrupu (qrupları) ilə qarşılıqlı əlaqədə həmin qərarla müəyyən edilmiş müddətdə aşağıdakı tədbirləri həyata keçirir: 23.1.1. alınan torpağın və onunla yanaşı yerləşən torpağın bazar qiyməti ilə bağlı məlumat və dəlilləri toplayır və təhlil edir; (-). 23.1.5. müstəqil qiymətləndiricinin hər bir alınan torpaq və digər əmlakın qiymətləndirilməsinə dair təqdim etdiyi təklifləri, köçürülmə ilə bağlı planlaşdırıcının təklifləri, habelə həmin təkliflərə dair nəzarət orqanının rəyini təhlil edir, hər bir torpaq və digər əmlakın bazar qiyməti ayrıca göstərilməklə, hər bir alınmanın təsirinə məruz qalan şəxsə ödənilən kompensasiyanın məbləği barədə qərar qəbul edir; (-). Maddə 54. Alınmanın təsirinə məruz qalan şəxslərə ödənilən kompensasiya 54.1. Alınmanın təsirinə məruz qalan bütün şəxslərə torpaqlarının alınması əvəzində, yaxud torpağa dair digər hüquqları ilə bağlı bu Qanuna uyğun olaraq ədalətli kompensasiya ödənilməlidir. 54.2. Kompensasiya alınmanın təsirinə məruz qalan şəxslərə torpağın alınmasını zəruri edən layihənin hesabına ödənilir. “Qiymətləndirmə haqqında” Qanun: Maddə 7. Qiymətləndirmənin nəticələri haqqında hesabat Qiymətləndirmə nəticələri haqqında hesabatların tərtib olunma qaydalarını müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Qiymətləndirmənin nəticələri haqqında hesabatda əmlakın bazar və ya digər dəyərlərinin yekun göstəricisi məhkəmə qaydasında ləğv edilmədikdə, həqiqi sayılır. Qiymətləndirmə obyektinin qiymətləndirici tərəfindən müəyyən edilmiş bazar və ya digər dəyəri haqqında hesabat məhkəmə tərəfindən müvafiq mübahisələrə baxıldığı bütün hallarda nəzərə alına bilər. Maddə 8. Qiymətləndiricinin hesabatında obyektin qiymətləndirilməsi haqqında məlumatın barəsində mübahisələr Qiymətləndirici hesabatında qiymətləndirilən obyektin bazar və digər dəyərinin həqiqiliyi ilə əlaqədar mübahisələrə məhkəmə tərəfindən baxılır. Bu halda mübahisəni baxılmaq üçün qəbul etmiş məhkəmənin mövcud prosessual qanunvericiliyin və bu Qanunun müddəalarını nəzərə alaraq qiymətləndirilən obyektin yenidən ekspert qiymətləndirilməsini təyin etmək hüququ vardır. “İnsan hüquqları və Əsas Azadlıqların müdafiəsi haqqında” Konvensiyaya əlavə 1 saylı protokol. Maddə 1. Mülkiyyət hüququ. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. İnzibati Prosessual Məcəllə (İPM): Maddə 12. İşin hallarının araşdırılması prinsipi 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. (-). Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.1. Sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. 58.2. Məhkəmə sübutlara yerində baxış keçirə, şahidləri, ekspertləri və proses iştirakçılarını dindirə, zəruri sənədləri tələb edə bilər. (-). 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. (-). Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 94. Kassasiya şikayətinin verilməsinə dair tələblər 94.1. Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ: Sumqayıt Apellyasiya Məhkəməsinin 21 sentyabr 2022-ci il tarixli, 2-1(118)-195/2022 nömrəli qərardadı ilə Azərbaycan Respublikası Maliyyə Nazirliyi və AR ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsinin üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməsinə dair Sumqayıt İnzibati Məhkəməsinin 13 iyul 2021-ci il tarixli 2-1(118)-1381/2021 nömrəli qərardadı ləğv edilmişdir. Məhkəmə kollegiyası tərəfləri dinləyib, apellyasiya şikayətlərinin dəlillərini, iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının apelyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə də iddianın təmin edilməsi barədə qərar qəbul edilməli, cavabdehin apelyasiya şikayəti isə təmin edilməməlidir. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və bu zaman ona əsaslanmışdır ki, cavabdeh iddiaçıya ünvanladığı məktubunda kompensasiyanın ödənilməməsinə əsas kimi layihə üzrə tikinti işləri başlanan zaman ziyan ilə bağlı kompensasiya ödənilməsi məsələsinə baxılacağını qeyd etmişdir. Göstərilən tarixdən təqribən xeyli müddət keçməsinə baxmayaraq, kompensasiya iddiaçıya ödənilməmişdir. Göründüyü kimi cavabdeh tərəfindən kompensasiyanın ödənilməsi yubadılır ki, bu halda iddiaçının “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikası Qanununun 74-cü maddəsinə əsasən hüquqları pozulan şəxs kimi məhkəməyə müraciət etmək hüququ yaranmış, iddianın mümkünlük şərtlərinə əməl olunmuşdur. İş materiallarına əlavə olunmuş “X7” Əmlakın Qiymətləndirilməsi və İnkişafı Mərkəzi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli, CEG-M169 nömrəli Qiymətləndirmə hesabatından göründüyü kimi iddiaçının mülkliyyətində olan torpağın sahəsi yolun tikinti altına düşmüş və həmin torpaq sahəsində cavabdeh tərəfindən tikinti işləri aparılmışdır. Kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1 sotunun bazar dəyəri 2000 manat müəyyən edilmişdir. Ümumilikdə, iddiaçıya dəymiş ziyanın məbləği 3.710 manat (2000 manat x 1,855 sot = 3.710 manat) təşkil edir. Hesabat kifayət qədər əsaslandırılmaqla torpaq sahəsinin dəyəri müəyyən olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə iddianı qismən edərək, cavabdehdən 3.710 (üç min yeddi yüz on) manat məbləğində kompensasiyanın cavabdehdən tutulmasını qərara almışdır. İddiaçı apellyasiya şikayətində məhkəmə tərəfindən tutulan kompensasiyanın məbləği ilə razılaşmayaraq, qeyd etmişdir ki, satın alınan torpaq sahəsi mövcud bazar qiymətləri nəzərə alınmaqla qiymətləndirilərək iddiaçıya 1 sot torpaq sahəsi üçün 3000 manat miqdarında kompensasiya ödənilməsinə baxmayaraq, hazırkı mübahisə üzrə qalan 0,01855 ha torpaq sahəsinə görə işə baxılan zaman indiki qiymət nəzərə alınmışdır. Cavabdehin apellyasiya şikayətinin dəlilləri isə ondan ibarət olmuşdur: 1) qalan 0.01855 ha torpaq sahəsi avtomobil yolunun təhkim zolağından kənarda yerləşməsi səbəbindən, yolun tikinti altına düşmədiyi üçün kompensasiya hesablanmamış və Maliyyə Nazirliyi tərəfindən vəsait ayrılmamışdır; 2) birinci instansiya məhkəməsi kompensasiya tələb olunan torpaq sahəsinin həqiqətən iddiaçı tərəfindən istifadə olunmasının qeyrimümkünlüyünü araşdırmamışdır. Hər iki apellyasiya şikayətlərinin dəlilləri ilə bağlı məhkəmə kollegiyası aşağıdakıları qeyd edir: Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsinə yalnız qabaqcadan onun dəyərini ədalətli ödəmək şərti ilə yol verilə bilər. Avropa İnsan haqları Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Yuxarıda qeyd olunan normaların məzmununa görə mülkiyyət hüququ onun əhəmiyyətinə baxmayaraq, mütləq xarakter daşımır və qanunvericiliklə nəzərdə tutulmuş hallarda və qaydada məhdudlaşdırıla bilər və belə məhdudlaşdırma çərçivəsində həmçinin dövlət ehtiyacları üçün mülkiyyətin özgəninkiləşdirilməsi imkanı nəzərdə tutulur. Nəzərə almaq lazımdır ki, mülkiyyət hüququ konstitusiyanın qoruma sferası ilə əhatə olunduğundan yalnız qanunla təsbit olunmuş əsasların mövcud olduğu hallarda və prosedurlar çərçivəsində ona müdaxilə edilə, o cümlədən özgəninkiləşdirilə bilər. Belə müdaxilə həmçinin legitim məqsədlə həyata keçirilməli və həmin məqsədə mütənasib olmalıdır. Bu zaman, həm də nəzərə alınmalıdır ki, inzibati orqanın müdaxilə ilə güddüyü legitim məqsəd belə, müdaxilə üçün qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qaydalara əməl edilmədən həyata keçirilən müdaxiləyə haqq qazandıra bilməz. Bu qayda konstitusion hüquqi tələblərə bağlıdır və mütləq xarakter daşıyır. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Hazırkı mübahisə iddiaçıya məxsus Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0,01855 ha torpaq sahəsinə görə 5565 manat kompensasiya ödənilməsindən ibarətdir. Məhkəmə araşdırması zamanı toplanmış sübutların tədqiqi nəticəsində iddiaçıya məxsus 0.01855 ha torpaq sahəsinin məhz Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşməsi tam sübuta yetirilmişdir. Belə ki, cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 04 noyabr 2020-ci il tarixli Ş-3/16-7765 nömrəli məktubda iddiaçının mülkiyyətində olan torpaq sahəsinin Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşməməsi deyil, (..) layihə çərçivəsində işlərin dayandırıldığı, tikinti işləri başlanan zaman kompensasiya ödənişi məsələsinin bərpa olunacağı bildirilmişdir. Bundan əlavə, məhkəmə kollegiyası tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan 0.01855 ha torpaq sahəsinin “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşüb-düşməməsi, düşürsə hansı hissədə düşdüyü, torpaq sahəsi tikinti altına düşmədiyi təqdirdə “Bilgəh-Sumqayıt avtomobil yolunun” mühafizə zolağına düşüb-düşməməsi ilə bağlı mütəxəssis rəyinin verilməsi və qeyd edilən torpaq sahəsinin tikinti altına və ya mühafizə zolağına düşdüyü təqdirdə həmin ərazinin nə qədər təşkil etməsi barədə kadastr planının təqdim edilməsi ilə bağlı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət edilmişdir. Məhkəmə kollegiyasının sorğusuna cavab olaraq qeyd edilən İdarə tərəfindən verilən mütəxəssis rəyindən görünür ki, iddiaçının RX seriyalı, ******* nömrəli çıxarış əsasında xüsusi mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsində yerləşən 0.01855 ha torpaq sahəsinin əsas döngə nöqtələrnin koordinatları ilə iddiaçının naturada göstərdiyi torpaq sahəsinin döngə nöqtələrinin koordinatları üst-üstə düşür, iddiaçının naturada göstərdiyi torpaq sahəsi tam olaraq “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşür. Həmçinin, mütəxəssis rəyinə əlavə edilən orto-foto xəritədən çıxarışdan da görünür ki, iddiaçının mülkiyyətində olan 0.01855 ha torpaq sahəsi “Bilgəh-Sumqayıt avtomobil yolunun” mühafizə zolağına deyil, birbaşa layihə çərçivəsində avtomobil yolunun tikintisi altına düşür. Beləliklə, məhkəmə araşdırması ilə müəyyən edildi ki, iddiaçıya məxsus 0.01855 ha torpaq sahəsi məhz “Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi” layihəsi çərçivəsində tikinti altına düşmüşdür. Odur ki, kollegiya hesab edir ki, iddiaçının mülkiyyətində olan torpaq sahəsindən məhrum edilməsi dövlət ehtiyacı ilə əlaqədar baş vermişdir. Çünki, geri alınma qanunvericiliyə görə məhz dövlət ehtiyacı hesab edilən dövlət əhəmiyyətli yolun (“Bilgəh- Sumqayıt” avtomobil yolu) çəkilməsi ilə əlaqədar baş vermişdir. Qanunvericinin iradəsinə görə, inzibati orqanlar həm qanunsuz qərarları (inzibati aktları), həm də qanunsuz hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə məsuliyyət daşıyırlar. Məhkəmə kollegiyası vurğulayır ki, dövlət ehtiyacları üçün tələb olunan hər hansı torpaq (daşınmaz əmlak) alınmanın təsirinə məruz qalan şəxslə razılaşma əsasında, belə razılıq əldə edilmədikdə isə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında məcburi qaydada dövlət tərəfindən kompensasiya ödənilməklə “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanuna uyğun olaraq alına bilər. Bu Qanunun tələblərinə əməl edilmədən torpaq və həmin torpaqda yerləşən daşınmaz əmlak dövlət ehtiyacları üçün alındıqda belə, alınmanın təsirinə məruz qalan şəxsə kompensasiya ödənilməlidir. Vurulmuş ziyanın müəyyən edilməsi üçün (əsas meyarlardan biri kimi) inzibati orqanın müdaxilə etməyəcəyi təqdirdə maraqlı şəxsin əmlak vəziyyətinin perspektiv inkişaf meyarı, yəni onun malik olacağı gəlirlər də daxil olmaqla perspektiv əmlak vəziyyəti, eyni zamanda iddiaçının məhrum olduğu torpaq sahəsinin real bazar dəyəri, habelə analoji əmlakın inşası, təmiri və müvafiq infrastrukturun qurulması, əmlakın yerləşmə ərazisi və sairlə bağlı xüsusatlar nəzərə alınmalıdır. İddiaçıya ödənilməli olan kompensasiyanın məbləği ilə bağlı kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsində icraat zamanı “X7” MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyindən görünür ki, qiymətləndirilən ərazidə kənd təsərrüfatı təyinatlı torpaq sahəsinin 1 sotunun bazar dəyəri 2000 manat hesablanmışdır. Hazırkı işin hallarından görünür ki, iddiaçının mülkiyyətində olmuş ümumi sahəsi 1000 kv.m olan torpaq sahəsi Bilgəh-Sumqayıt avtomobil yolunun tikintisi layihəsi çərçivəsində tikinti altına düşdüyündən torpaq sahəsinin 814.5 kv.m hissəsinə münasibətdə cavabdeh orqan tərəfindən iddiaçıya dəyən ziyana görə (1 kv.m üçün bazar qiymətinə 20 faiz əlavə də daxil 30 manat olmaqla), ümumilikdə, 24400 manat pul ödənilmiş, qalan 0.01855 ha torpaq sahəsinin də sonradan tikinti altına düşməsi ilə əlaqədar iddiaçı kompensasiya ödənilməsi ilə bağlı cavabdehə müraciət etsə də, müraciəti təmin edilməmişdir. Belə ki, iş materiallarında olan (iş vərəqə səh.11) 21 yanvar 2014-cü il tarixli ödəniş qəbzinə əsasən, 21 yanvar 2014-cü il tarixdə iddiaçının nümayəndəsi Jalə Şükürovanın VÖEN ********** nömrəli bank hesabına 24400 (iyirmi dörd min dörd yüz) manat pul ödənilmişdir. Həmçinin, cavabdeh iddia ərizəsinə etiraz və apellyasiya şikayətinin dəlillərində iddiaçıya məxsus 0,10 ha torpaq sahəsinin 814,5 kv.m hissəsinin yolun tikintisi altına düşdüyünü və bununla əlaqədar dəymiş ziyana görə müstəqil qiymətləndirici tərəfindən kompensasiya hesablandığı, kompensasiya məbləğinin Azərbaycan Respublikası Prezidentinin xx.xx.2007-ci il tarixli fərmanına əsasən 20 % əlavə edilməklə, 24400 manat dəyərində müəyyən edildiyi və hesablanmış 24435 manat məbləğində kompensasiyanın iddiaçının bank hesabına köçürüldüyünü qeyd etmişdir. Yəni, həmin fakt cavabdeh tərəfindən mübahisələndirilməmişdir. İşin qeyd olunan faktiki hallarından göründüyü kimi, cavabdeh orqan tərəfindən iddiaçıya tikinti altına düşmüş 814.5 kv.m torpaq sahəsinə görə 1 kv.m üçün 30 manat kompensasiya ödənilmişdir, hazırda da iddiaçı tələbində tikinti altına düşmüş qalan 185,5 kv.m torpaq sahəsinə görə də həmin məbləğdə kompensasiya tələb edir. Belə olan təqdirdə məhkəmə kollegiyası hesab edir ki, tərəflər arasında tikinti altına düşən torpaq sahəsinin hər kv.m-nə görə ödənilməli olan məbləğlə (1 kv.m üçün 30 manat) bağlı mübahisə olmadığından “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Qanunun 58-ci maddəsinin tələblərinə uyğun əlavə araşdırma aparılmasına ehtiyac yoxdur. Beləliklə, kollegiya belə nəticəyə gəlir ki, iddiaçıya məxsus 0,10 ha torpaq sahəsinin 814,5 kv.m hissəsinə görə 2014-cü ildə cavabdeh tərəfindən iddiaçıya torpaq sahəsinin 1 sotu üçün 3000 manat ümumilikdə, 24435 manat məbləğində kompensasiya ödənildiyindən, torpaq sahəsinin qalan 185,5 kv.m hissəsi də layihə çərçivəsində yolun tikintisi altına düşdüyündən həmin hissəyə münasibətdə də iddiaçıya eyni qaydada, 5565 manat (185,5 x 30 = 5565) məbləğində kompensasiya ödənilməlidir. Dəymiş ziyana görə kompensasiya ödənilməsi məsələsinin layihə çərçivəsində tikinti işləri başlanan zaman öz həllini tapacağına dair cavabdeh tərəfindən bildirilənləri əsassız sayan kollegiya hesab edir ki, iddiaçının mülkiyyət hüququna edilmiş müdaxilə nəticəsində vurulmuş zərərin əvəzinə görə ədalətli kompensasiya mümkün olan ən qısa müddətlərdə ona ödənilməlidir. Bununla bağlı dövlət orqanları tərəfindən həll edilməli olan məsələlərin yükü iddiaçının üzərinə qoyula bilməz. Birinci instansiya məhkəməsi isə işin qeyd olunan xüsusatlarını nəzərə almadan “X7” MMC tərəfindən tərtib edilmiş mütəxəssis rəyini əsas götürməklə iddiaçıya ödəniləcək kompensasiyanın məbləğinin 3.710 manat müəyyən edərək iddianı qismən təmin edərkən haqlı olmamışdır. Odur ki, işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən-iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməli, həmin hissədə iddia tələbi təmin edilməli, iddiaçıya mülkiyyətində olan 0.01855 ha torpaq sahəsinin tikinti altına düşməsi ilə əlaqədar ümumilikdə 5565 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, məhkəmənin xidməti tapşırığına əsasən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən təqdim edilmiş daşınmaz əmlakın və torpaq sahələrinin kadastrı, qeydiyyatı və texniki inventarlaşdırılması ilə bağlı göstərilən xidmətlərin smetasından görünür ki, xidmət haqqının dəyəri 95.00 manat təşkil etmişdir. İşdə olan (iş vərəqə səh.152) xx.xx.2022-ci il tarixli 2825 saylı ödəniş qəbzinin surətindən görünür ki, iddiaçının nümayəndəsi X5 tərəfindən xx.xx.2022-ci il tarixində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 4 saylı Abşeron Ərazi İdarəsinin ********************3 nömrəli bank hesabına 95.00 manat pul ödənilmişdir. AR İPM-in 108.1-ci maddəsinə əsasən prosessual xərclər məhkəmə xərclərindən (dövlət rüsumlarından və digər ödəmələrdən) və hüquqi müdafiə ilə bağlı proses iştirakçısının çəkdiyi, onun şikayəti üzrə şikayət instansiyasında icraatla əlaqədar xərclər də daxil olmaqla, zəruri xərclərdən ibarətdir. Həmin Məcəllənin 110.1-ci maddəsinin tələbinə görə prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə iddia təmin olunduğu üçün mübahisəli torpaq sahəsinə dair mütəxəssis rəyinin verilməsinə dair iddiaçı tərəfindən çəkilmiş xərc cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçının apelyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 06 dekabr 2021-ci il tarixli 2-1(118)-1381/2021 nömrəli qərarı qismən – iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilsin. Bu hissədə də iddia təmin edilsin. İddiaçı, mülkiyyətində olan Abşeron rayonu, Saray qəsəbəsi ərazisində yerləşən 0.01855 ha torpaq sahəsinin dövlət ehtiyacları üçün alınması ilə əlaqədar ümumilikdə 5565 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyi “Azərbaycan Avtomobil Yolları” Dövlət Agentliyinin üzərinə qoyulsun. Mütəxəssis rəyinin verilməsi ilə əlaqədar ödənilmiş 95 manat məhkəmə xərci cavabdeh Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən tutularaq İddiaçı ödənilsin. Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar