Məhkəmə qərarları › İş №2-1(105)-195/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-195/2023

31.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-195/2023 31.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Qarayeva Firuzə Müşfiq qızının katibliyi ilə, İddiaçı, Cavabdehin nümayəndəsi (vəkili) Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Vəkillər Kollegiyasına qarşı “imtahanın şifahi müsahibə mərhələsində iştirakının təmin edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(118)-1408/2022 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının 19 oktyabr 2021-ci il tarixli 27 saylı iclas protokolundan çıxarışa əsasən İxtisas Komissiyasının xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə keçirilmiş ixtisas imtahanlarının şifahi müsahibə mərhələsində iştirak etmiş adları çəkilən (15-ci bənd. İddiaçı) namizədlərin cavabları “qeyri-məqbul” qiymətləndirilmişdir. İddiaçı Azərbaycan Respublikası Vəkillər X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müaciət edərək, cavabdehin üzərinə onun Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi barədə öhdəliyin qoyulmasını və cavabdehin vəzifəli şəxslərinin hərəkətlərində cinayət tərkibinin əlamətlərinin mövcudluğunu nəzərə alaraq xüsusi qərardad çıxarmaqla prokurora xəbər verilməsi və cavabdeh barədə cinayət-hüquqi xarakterli tədbirlərin görülməsinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 10 fevral 2022-ci il tarixli, 2-1(112)-5143/2022 nömrəli qərardadı ilə iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilmişdir. İŞ ÜZRƏ QƏBUL OLUNMUŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, o, artıq neçənci dəfədir ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü kimi namizədliyini irəli sürmüş, yazılı test imtahanlarında iştirak etmişdir. Əvvəllər onun yazılı test imtahanlarında 60-a yaxın, 57-59 bal topladığı bildirilsə də, əslində həmin məlumatlar tam həqiqəti əks etdirmir. 31 mart 2019-cu il tarixində o, növbəti dəfə Dövlət İmtahan Komissiyası və Vəkillər Kollegiyası tərəfindən birlikdə təşkil edilmiş yazılı test imtahanından 78 bal toplamasına baxmayaraq həmin imtahanın şifahi müsahibə mərhələsində biliyi qeyri-məqbul hesab edilərək üzvlüyə qəbul edilməmişdir. İddaçı həmin vaxt Vəkillər X1rşı inzibati məhkəmədə onun Vəkilllər Kollegiyasının üzvlüyünə qəbul edilməsi öhdəliyinin Vəkillər Kollegiyasının Rəyasət Heyətinin üzərinə qoyulması tələbinə dair iddia qaldırmışdır. Paralel olaraq "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin Vİİİ bəndinə müvafiq olaraq 1 il müddət keçdikdən sonra yenidən vəkiliyə namizədliyini irəli sürmüşdür. Bundan sonra kompüter vasitəsilə keçirilən yazılı test imtahanından əvvəlkinə yaxın, 76 bal toplamışdır. Bu dəfə də Azərbaycan Respublikası Vəkillər Kollegiyasının İxtisas Komissiyası onun cavablarını qeyri-məqbul qiymətləndirmişdir. Qeyd edir ki, o, bu mərhələdə də bütün 5 suala kifayət qədər məqbul cavablar vermiş, sualları yetərincə dolğun cavablandıra bilmişdir. Suallar isə bunlar idi: 1) Mübahisələndirmə haqqında iddia, 2) Hüquqi şəxslər, 3) Vəkillərin intizam məsuliyyəti, 4) Təhqiqat, 5) Naxçıvan Muxtar Respublikasının Ali Məclisi. Cavabdeh tərəfindən vəkilliyə namizədin Vəkillər Kollegiyasının üzlüyünə qəbul etməkdən imtina hqqında qərarı ona təqdim edilməmişdir. Hesab edir ki, cavabdeh tərəfindən onun vəkil olmaq və vəkillik fəaliyyəti göstərmək hüququ pozulmuşdur. Daha sonra iddiaçı tələbini dəqiqləşdirərək onun Vəkillər Kollegiyasında təşkil ediləcək imtahanın şifahi müsahibə mərhələsində iştirakının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh iddia ərizəsinə yazılı etiraz edərək qeyd etmişdir ki, iddiaçının “ona ünvanlanmış suallara verdiyi cavabların məqbul qiymətləndirilməsi” tələbi Vəkillərin İxtisas Komissiyasının ixtisas imtahanının qaydaları çərçivəsində öz mülahizəsi və seçimi ilə (qiymətləndirmə azadlığı) tətbiq etdiyi diskresion səlahiyyətləri və dispozitiv davranış imkanları nəzərə alınmaqla məhkəmə təftişinin predmeti ola bilər. Yəni Vəkillərin İxtisas Komissiyası rəy verilməsi və ya verilməməsi ilə bağlı diskresion səlahiyyətə malik olduğundan, məhkəmə onun diskresion səlahiyyətini qüsurlu həyata keçirdiyini müəyyən etdikdə onun üzərinə arzu edilən inzibati aktı qəbul etmək öhdəliyi qoymamalıdır. Məhkəmənin belə hallarda iddiaçının tələbinə uyğun olan qərar qəbul etmək səlahiyyəti yoxdur. Vəkillərin İxtisas Komissiyası diskresion səlahiyyətləri həyata keçirdiyindən hərhansı bir səhvə yol verməsi, hələ iddiaçının nəyisə tələb edə bilməsi demək deyil. Əgər məhkəmə Vəkillərin İxtisas Komissiyasının qərarını qanunsuz hesab edirsə, onda o, hakimiyyətlərin bölünməsi prinsipinin mövcudluğuna görə doğru hesab etdiyi diskresion qərarı özü qəbul edə bilməz. İxtisas Komissiyasının diskresion səlahiyyətini özünün diskresion səlahiyyəti ilə əvəz edə bilməz. İxtisas imtahanının şifahi müsahibə mərhələsinin həyata keçirilməsi Komissiyanın müstəsna diskresion səlahiyyətini təşkil edir. Məhkəmə hakimiyyətinin fəaliyyəti ədalət mühakiməsinin və hüquqi nəzarətin həyata keçirilməsi ilə məhdudlaşdığından, hüququn icrasını (namizədin cavabının qiymətləndirilərək “məqbul” və ya “qeyri-məqbul” hesab edilməsi) əhatə etmir və məhkəmə yalnız Komissiyanın öz diskresion səlahiyyətini necə həyata keçirdiyini yoxlaya bilər. Əgər məhkəmə cavabdehin üzərinə müvafiq məsələyə dair yeni qərarın qəbul edilməsi öhdəliyi qoyarsa, bu zaman məhkəmənin diskresion səlahiyyətin həyata keçirilməsi ilə bağlı müəyyən etdiyi məsələlər cavabdeh üçün məcburi xarakter daşıyacaq və cavabdeh məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla hərəkət etməli olacaqdır. Hazırkı halda isə Vəkillər Kollegiyasının dövlət və məhkəmə hakimiyyəti sisteminə münasibətdə məxsusi yeri və muxtariyyatı nəzərə alınmaqla məhkəmə Vəkillərin İxtisas Komissiyasının əvəzinə diskresion səlahiyyəti daha yaxşı həyata keçirmək vəzifəsini öz üzərinə götürə, “Vəkillərin İxtisas Komissiyasına” çevrilə bilməz. İddiaçının Vəkillərin İxtisas Komissiyasının diskresion səlahiyyəti həyata keçirməməsi barədə mövqeyi ilə bağlı ilk növbədə qeyd edilməlidir ki, Komissiyanın şifahi imtahanda iştirak edən hər bir üzvünün namizədin cavablandırdığı hər bir suala mümkün iki qiymətdən birini (“məqbul” və ya “qeyri-məqbul”) vermək imkanına malik olması və yekun olaraq rəy verilib-verilməməsi məsələsinin “məqbul” və “qeyri-məqbul” qiymətlərin riyazi nisbətindən asılı olması cavabdehə Komissiyanın qiymətləndirmə azadlığı və diskresion səlahiyyət əsasında fəaliyyət göstərməsi barədə fikir irəli sürməyə tam əsas verir. Ümumiyyətlə, kollegial fəaliyyət göstərən bu tip imtahan (qiymətləndirmə, attestasiya) komissiyalarının fəaliyyətinin diskersion səciyyə daşıması mübahisəsizdir. Hazırkı inzibati mübahisə çərçivəsində peşəyə buraxılmaq üçün bilik və bacarıqların qiymətləndirilməsi inzibati mühakimə icraatı qaydasında işə baxan məhkəmənin mühakimə funksiyalarının həyata keçirilməsindən kənardır. Məhkəmə yalnız ixtisas imtahanının şifahi müsahibə mərhələsi zamanı imtahan qaydalarının tətbiqinin düzgünlüyünü yoxlaya və şərti olaraq əgər buna əsaslar olarsa ixtisas imtahanının şifahi müsahibə mərhələsinin yenidən keçirilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulubqoyulmaması məsələsini həll edə bilər. Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(118)-1408/2022 nömrəli qərarı ilə iddia təmin edilməmişdir. (hakim L.Mirzəyeva). Qərardan narazı qalan iddiaçı ondan apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri İddiaçı ilkin ərizəsinə dəqiqləşmə edərək hətta yenidən imtahanın şifahi müsahibə mərhələsində iştirakının təmin edilməsini xahiş etsə də, məhkəmə İPM-nin 15-ci (çəkişmə (kontradiktor icraat) və dispozitivlik prinsipləri) maddəsinin tələblərini pozaraq onun geniş çıxışına imkan verməyərək və dinlənilmə hüququnu pozaraq qərar qəbul etmişdir. Məhkəmə qərarında qeyd edir ki, Vəkillərin İxtisas Komissiyasının mahiyyəti üzrə gəldiyi nəticəni təftiş etmək tələbi özü-özlüyündə vəkilliyin əsaslarından birini təşkil edən özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi - prinsipi ilə bir araya sığmır. İddiaçı buna münasibətdə qeyd edir ki, “Nemo est supra leges” –“Qanundan yüksək heç kim ola bilməz”, AR Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinə əsasən məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. "Vəkillər və vəkillik fəaliyyəti haqqında" Qanunun 13-cü maddəsinin Vİİ hissəsinə görə vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər. İPM-nin 74-cü maddəsinə əsasən inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. Hesab edir ki, məhkəmə qərarı qanunsuz və əsassızdır. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək şikayətlə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin dəlillərini qəbul etməyərək iddia ərizəsinə etirazla eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Azərbaycan Respublikasında vəkillik İ. Azərbaycan Respublikasında vəkillik hüquq müdafiə fəaliyyətini peşəkarcasına həyata keçirməli olan müstəqil hüquqi təsisatdır. (-) İİİ. Vəkilliyin əsaslarını aşağıdakılar təşkil edir: Azərbaycan Respublikasının Konstitusiyasına, bu Qanuna, Azərbaycan Respublikasının prosessual qanunvericiliyinə və Azərbaycan Respublikasının digər qanunlarına əməl edilməsi; vəkillərin və onların birliyinin peşəkar fəaliyyətinə prokurorluq, məhkəmə, digər dövlət orqanları, ictimai birliklər, hər hansı müəssisə, idarə, təşkilat və vəzifəli şəxs tərəfindən müdaxiləyə, təzyiqə yol verilməməsi; vəkillərin hüquqlarının bərabərliyi; özünüidarəetmə, vəkillər və vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi. Maddə 11. Vəkillər Kollegiyasının Rəyasət Heyəti (-) İİİ. Vəkillər Kollegiyasının Rəyasət Heyəti: Ümumi yığıncağı çağırır və onun qərarlarının icrasını təşkil edir; Vəkillər Kollegiyasının üzvlüyünə qəbul olunma məsələsini həll edir, bu Qanunun 23cü maddəsində nəzərdə tutulmuş qaydada vəkillik fəaliyyətinə xitam verilməsi ilə bağlı səlahiyyətlərini həyata keçirir, vəkil reyestrini aparır; (-) İxtisas Komissiyasına üzvlər təyin edir; İxtisas imtahanının qaydalarını və onun keçirilməsinin dövriliyini (ildə bir dəfədən az olmayaraq) müəyyən edir; (-). Maddə 13. Vəkillərin İxtisas Komissiyası İ. Vəkilliyə namizədlərin bu Qanunda nəzərdə tutulmuş tələblərə uyğunluğu və peşə hazırlığının müəyyən edilməsi üçün İxtisas Komissiyası yaradılır. İİ. İxtisas Komissiyası beş vəkil, üç hakim və üç hüquqşünas alimdən, ümumilikdə isə on bir üzvdən ibarət tərkibdə fəaliyyət göstərir. (-) İV. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığının müəyyən edilməsi məqsədi ilə mütləq ixtisas imtahanı qəbul edir, zəruri hallarda baxılan məsələlər üzrə dövlət orqanlarından, digər hüquqi və fiziki şəxslərdən müvafiq sənədlər və məlumatlar tələb edir. V. İxtisas Komissiyası vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etdikdə Vəkillər X2 müvafiq rəy təqdim edir. (-) Vİİ. Vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər. (-) İX. İxtisas imtahanının qaydaları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilir. “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı ixtisas imtahanlarının keçirilməsi Qaydaları”: Bənd 2.1. İxtisas imtahanları Vəkillər Kollegiyasının Rəyasət Heyəti tərəfindən müəyyən edilmiş qaydada Vəkillərin İxtisas Komissiyası (bundan sonra - Komissiya) tərəfindən keçirilir. (-) 2.2. Hər hansı şəxs tərəfindən bilavasitə, yaxud dolayısı yolla Komissiyanın işinə təsir göstərilməsi və müdaxilə edilməsi yolverilməzdir. 2.3. Komissiyanın iclasları Komissiyanın sədri tərəfindən çağırılır. İclasın vaxtı, yeri və müzakirəyə çıxarılan məsələlər barədə Komissiya üzvlərinə Komissiyanın sədri tərəfindən ən azı bir gün qabaq məlumat verilir. 2.4. Komissiyanın üzvlərinin üçdə iki hissəsi iştirak etdikdə Komissiyanın iclası səlahiyyəti sayılır. Qərarlar açıq səsvermə yolu ilə sadə səs çoxluğu əsasında qəbul edilir. İclasın protokolu Komissiyasının sədri və iclası aparan katib tərəfindən imzalanır. Qəbul edilmiş rəy Komissiyanın üzvləri tərəfindən imzalanır. 5.1. Yazılı test imtahanından keçid balı toplamış namizədlərin peşə yararlığını müəyyən etmək məqsədi ilə onlarla şifahi müsahibə keçirilir. 5.2. Müsahibənin keçiriləcəyi yeri və vaxtı barədə namizədlərə qabaqcadan məlumat verilir. 5.3. Hər bir namizədlə müsahibə fərdi qaydada 30 dəqiqəyədək aparılır. Namizədlərə şifahi müsahibə zamanı hüquq sahəsinə aid, habelə namizədlərin məntiqi nəticələr çıxarmaq qabiliyyətini, ümumi dünyagörüşünü və bilik səviyyəsini müəyyən edən suallar, o cümlədən də hazırkı və ya əvvəlki iş fəaliyyəti ilə bağlı suallar verilə bilər. 5.4. Komissiya üzvləri arasında müsahibə ilə əlaqədar fikir mübadiləsi aparıldıqdan sonra müsahibənin nəticəsi ilə bağlı namizədin cavabları “məqbul” və ya “qeyri-məqbul” kimi qiymətləndirilir və bu barədə protokolda müvafiq qeyd aparılır. Müsahibənin nəticəsində cavablar “qeyri-məqbul” qiymətləndirilən namizədə Vəkillər Kollegiyasının üzvlüyünə qəbul edilməsi üçün rəy verilmir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 2.0.7. diskresion səlahiyyətlər - qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi; (-). Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı (-) Maddə 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; (-). Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər. APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası tərəflərin dinlənilmə hüququnu təmin edib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsi iddianı təmin etməmiş və qərarını onunla əsaslandırmışdır ki, vəkilliklə bağlı imtahanın keçirilməsi, namizədlərin biliyinin qiymətləndirilməsi müvafiq orqanın diskresion səlahiyyəti kimi müəyyən edilərək həmin səlahiyyətlə cavabdeh orqana öz seçimi ilə davranış imkanı verilmişdir. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanunun güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Məhkəmə qeyd edir ki, iddiaçının hüquqlarının pozulması istiqamətində cavabdehin hərəkətləri olmamış və cavabdehin qəbul etdiyi qərar qeyd edilmiş maddi hüquq normalarının tələbləri çərçivəsində olmuşdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir: İşin müəyyən edilmiş faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Vəkillər Kollegiyası Vəkillərin İxtisas Komissiyasının 10 oktyabr 2021-ci il tarixli, 23 saylı iclas protokolundan çıxarışa əsasən, komissiya üzvləri arasında imtahan günü namizədlərə ünvanlanacaq vahid sualların müəyyən edilməsi üçün qısa müzakirədən sonra aşağıdakı sualların verilməsi razılaşdırılmışdır: 1. Mübahisələndirmə haqqında iddia; 2. Vəkillərin intizam məsuliyyəti; 3. Cinayət işləri üzrə təhqiqatın aparılması; 4. Hüquqi şəxslərin növləri; 5. Naxçıvan Muxtar Respublikasının Ali Məclisi. Vəkillərin İxtisas Komissiyasının 19 oktyabr 2021-ci il tarixli 27 saylı iclas protokolundan çıxarışa əsasən, iddiaçı Vəkillərin İxtisas Komissiyası tərəfindən xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə keçirilmiş ixtisas imtahanlarının şifahi müsahibə mərhələsində iştirak etmiş və cavabları “qeyri-məqbul” qiymətləndirilmişdir. Hazırda iddiaçı imtahanın şifahi müsahibə mərhələsində iştirakının təmin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasını tələb edir. Yaranmış mübahisə ilə bağlı kollegiya qeyd edir ki, “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 1-ci maddəsinin İ, İİİ, 9-cu maddəsinin İ, V hissələri, 11-ci maddəsinin İİİ, 13-cü maddəsinin İ hissələrinin müddəalarından müəyyən edilir ki, hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaq konstitusion hüququnun təmin edilməsi və Vəkillər Kollegiyası hüquq müdafiə fəaliyyətinin peşəkarcasına həyata keçirilməsi üçün bu fəaliyyətə müdaxilə olunmadan, vəkillik fəaliyyətinə dair məsələlər üzrə müstəqil qərar qəbul edilməsi və özünüidarəetmə qaydasında peşəyə qəbul Vəkillər Kollegiyası tərəfindən Vəkillərin İxtisas Komissiyasının (peşə hazırlığı və yararlılığının müəyyən edilməsi) və Rəyasət Heyətinin (üzvlüyə qəbul olunma) qarşılıqlı fəaliyyəti nəticəsində həyata keçirilir. Məhkəmə kollegiyası razılaşır ki, Vəkillər Kollegiyası hər kəsin yüksək keyfiyyətli hüquqi yardım almaqda ifadə olunan konstitusion hüququnun təmin edilməsində məsul təsisat olmaqla peşəyə qəbul üzrə müstəsna səlahiyyətə malikdir və peşəyə qəbul qaydalarını müəyyən edir. Qanunverici İPM-nin 73.3-cü maddəsində məhkəmənin iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməsi səlahiyyətini istisna edən ümumi qəbul edilmiş qaydadan istisnalar müəyyən etmişdir. Belə ki, 73.3.1-ci maddəyə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə, 73.3.2-ci maddəyə əsasən isə inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz. “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun və “Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağli ixtisas imtahanlarının keçirilməsi Qaydaları” nın yuxarıda qeyd edilən müddəalarından göründüyü kimi, həmin aktlar cavabdeh inzibati orqana inzibati aktın qəbulu zamanı maddi hüquq normasının tətbiqi şərtlərini özünün qiymətləndirməsinə əsasən müəyyən etmək və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı qiymətləndirmə azadlığı vermişdir (İPM-in 73.3.2-ci maddəsi). Məhkəmə, bir qayda olaraq, inzibati orqanın hərəkətinin qanuni əsasının şərtlərini, qərarın düzgün icraat çərçivəsində qəbul edilib-edilmədiyini yoxlayır. Qanun inzibati orqana inzibati məhkəmə icraatının gedişində məhkəmə tərəfindən yoxlanılmasını mümkünsüz edən heç bir qiymətləndirmə azadlığı vermir. Lakin göstərilən qaydadan müəyyən istisnalar da mövcuddur. Belə ki, İPM-in 73.3.2-ci maddəsində təsbit olunan qiymətləndirmə azadlığı inzibati orqana yalnız məhdud hallarda ağlabatanlıq və qəbul edilə bilmə baxımından məhkəmə qaydasında yoxlanılması mümkün olan qiymətləndirmə azadlığı təklif edir. Burada, söhbət inzibati orqanın işin mahiyyəti ilə bağlı məhkəmədən daha çox xüsusi təcrübəyə malik olduğu hallardan gedir. Hazırkı işdə də söhbət, məhz inzibati orqanın işin mahiyyəti ilə bağlı (şəxsin müvafiq ixtisas üzrə peşə hazırlığı və yararlılığının müəyyən edilməsi, qiymətləndirilməsi və s. üzrə) xüsusi təcrübəyə malik olduğu haldan gedir. Qanunvericilik məhkəməyə Vəkillərin İxtisas Komissiyasının əvəzinə qiymətləndirmə aparmağa, bununla da vəkilliyə namizədlərin peşə yararlılığını müəyyən etməyə səlahiyyət vermir. İddiaçı apellyasiya şikayətinin dəlillərində tələbinin əsası kimi “Vəkillər və vəkillik fəaliyyəti haqqında” Qanunun 13-cü maddəsinin Vİİ hissəsində təsbit edilmiş normaya istinad etmişdir. Həmin normaya əsasən vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan həmin qərar ona təqdim edildiyi gündən 20 gün müddətində məhkəməyə qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair şikayət verə bilər. Maddənin tələbindən də göründüyü kimi, vəkilliyə namizəd Vəkillər Kollegiyasının üzvlüyünə qəbul etməkdən imtina haqqında qərardan məhkəməyə “qanunvericiliyin və ixtisas imtahanı qaydalarının tətbiqinin düzgünlüyünə dair” şikayət verə bilər. Başqa sözlə, normada qeyd edilən “qanunvericilik” mənasında komissiyanın qərarının inzibati icraatla bağlı hüquq normalarının tələblərinə uyğun qəbul edilibedilməməsinin yoxlanılması, “ixtisas imtahanı qaydaları” dedikdə isə yuxarıda qeyd olunan müvafiq prosedur qaydaların tətbiqinin düzgünlüyünü ilə bağlı şikayətin mümkünlüyü başa düşülür. Yəni, bununla bağlı məhkəmənin yoxlama predmetinə inzibati orqanın Vəkillər Kollegiyası üzvlüyünə qəbulla bağlı hərəkətinin qanuni əsasının şərtlərinin yoxlanılması aiddir. Belə ki, İPM-nin diskresion səlahiyyətlər əsasında qəbul edilmiş inzibati aktların yoxlanılması və ya həmin aktlar üzərində məhkəmə nəzarətinin mümkünlüyü adlanan 74cü maddəsində göstərilmişdir ki, inzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır. İş materiallarından müəyyən olunur ki, birinci instansiya məhkəməsi də işin hallarını bu normalar əsasında təhlil etmiş və əsaslandırılmış nəticəyə gəlmişdir. Cavabdehin iddiaçıya qarşı qərəzli münasibəti barədə iddiaçının dəlillərinə gəldikdə, məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillər mülahizə və ehtimal xarakterli olmaqla, Vəkillərin İxtisas Komissiyasının qərəzliliyi barədə qənaətə gəlməyə əsas vermir. Qeyd olunanlara əsasən kollegiya hesab edir ki, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsassızdır, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməməklə düzgün nəticəyə gəlmişdir, məhkəmə qərarının ləğv edilməsi üçün əsaslar müəyyən edilmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6, 89-cu və 90.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 02 noyabr 2022-ci il tarixli, 2-1(118)-1408/2022 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar