Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-195/2024 27.06.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı iş üzrə (Açar sözlər: torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışınverilməsi) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər Quliyev İsmayıl Rza oğlu və Məmmədov Zaur İkram oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə qarşı Şamaxı rayon Mədrəsə bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 13 saylı qərarı ilə ayrılmış 2,98 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın, plan və ölçü sənədinini verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2507/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Şamaxı rayon Mədrəsə bələdiyyəsinin 13 saylı xx.xx.2006-cı il tarixli qərarından görünür ki, Mədrəsə bələdiyyə fondunun k/t az yararlı (şərti yararsız) torpaq sahəsində tikinti məqsədi üçün İddiaçı 0,30 ha kənd təsərrüfatı məqsədi üçün 2,68 ha cəmi 2,98 ha torpaq sahəsi satılması qərara alınmışdır. DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən tərtib edilmiş plan və ölçü sənədindən görünür ki, həmin sənəd İddiaçı məxsus 29800 kv.m torpaq sahəsində dair tərtib edilmişdir. DTXK-nin Şamaxı rayon Şöbəsi tərəfindən tərtib edilmiş yerquruluşu planından çıxarışdan görünür ki, həmin sənəd İddiaçı məxsus 29800 kv.m torpaq sahəsində dair tərtib edilmişdir. Torpaqların alqı-satqısına dair aktdan görünür ki, Şamaxı rayon Mədrəsə bələdiyyəsinin 13 saylı xx.xx.2006-cı il tarixli qərarına əsasən Şamaxı rayon Mədrəsə bələdiyyəsi İddiaçı oğluna 2,98 ha torpaq sahəsi satmışdır. DTXK-nin Şamaxı rayon şöbəsinin xx.xx.2006-ci il tarixli rəyindən görünür ki, Mədrəsə bələdiyyəsinin 13 saylı xx.xx.2006-cı il tarixli qərarı ilə İddiaçı satılmış torpaq sahəsi qanunamüvafiqdir və idarə həmin torpaq sahəsinə mülkiyyət hüququna dair sənədin verilməsinə etiraz etmir. xx.xx.2006-ci il tarixli qəbzdən görünür ki, İddiaçı Şamaxı rayon Mədrəsə bələdiyyəsinin hesabına 1886 manat torpaq alqı-satqı pulu ödəmişdir. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, məktuba qoşma kimi əlavə olunmuş "Torpaq sahəsinin plan və ölçü" sənədində qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsi TEKUİS məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfat, təyinatlı örüş yerıdır və keyfiyyət göstəricisi (bonitet bal,) 54 bal olmaqla kənd təsərrüfatına yararlı torpaq sahəsidir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi iddiaçının nümayəndəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şamaxı rayon Mədrəsə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 13 saylı qərarı ilə onun mülkiyyətinə tikinti məqsədilə 0.30 ha, kənd təsərrüfatı məqsədilə 2.68 ha, ümumilikdə satılmış 2.98 ha torpaq sahəsinin sənəd üzrə koordinatları elektron baza məlumatlarında bələdiyyənin ehtiyat fondunda olan kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid edilmişdir. Qeyd olunan torpaq sahəsi faktiki olaraq sututar (göl) kimi istifadə olunur. Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarının xüsusi mülkiyyətə verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır. X6 filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Şamaxı rayon Mədrəsə bələdiyyəsinin neç bir sənədi X7 filialına təhvil verilməmişdir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərazi İdarəsinin mütəxəssisinə Şamaxı rayon Mədrəsə bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 13 saylı Qərarı ilə ayrılmış torpaq sahəsini iddiaçının nümayəndəsi naturada göstərmiş və həmin torpaq sahəsinin koordinatları naturada müəyyənləşdirilərək müayinə aktı tərtib edilmişdir. Sözügedən torpaq sahəsi naturada 2.46 ha təşkil edir. Cavabdehin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Ərazi İdarəsinin mütəxəssisinə Şamaxı rayon Mədrəsə bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 13 saylı qərarı ilə ayrılmış torpaq sahəsini iddiaçının nümayəndəsi naturada göstərmiş və həmin torpaq sahəsinin koordinatları naturada müəyyənləşdirilərək DWJ məlumatlarına (Torpaq islahatının nəticələrini özündə əks etdirən yerquruluşu xəritəsi) və Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli 818 nömrəli Fərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına əsasən, mövcud torpaq qanunvericiliyinin tələblərinə uyğun olaraq araşdırılmışdır. DWJ məlumatları (Torpaq islahatının nəticələrini özündə əks etdirən yerquruluşu xəritəsi) ilə faktiki istifadəçilik arasında uyğunsuzluq vardır. Sözügedən torpaq sahəsi naturada 2.46 ha təşkil edir. DWJ məlumatlarına əsasən naturada Koordinatları müəyyənləşdirilmiş 2.46 ha torpaq sahəsinin 0.45 ha hissəsi kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına , 2.01 ha hissəsi kənd təsərrüfatı təyinatlı kolluqlara düşür. Azərbaycan Respublikası Prezidentinin 7 mart 2016-cı il tarixli, 818 nömrəli Fərmanı ilə hazırlanmış torpaqların elektron kadastr uçotu informasiya sisteminin (TEKUİS) yaradılması ilə əlaqədar tərtib olunmuş xəritə məlumatlarına əsasən, naturada koordinatları müəyyənləşdirilmiş 2.46 ha torpaq sahəsinin 0.43 ha hissəsi kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına, 2.03 ha hissəsi kənd təsərrüfatı təyinatlı kolluqlara düşür. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Şamaxı rayon Mədrəsə bələdiyyəsinin 29 dekabr 2006-cı il tarixli 13 saylı qərarı ilə ayrılmış 2,98 ha torpaq sahəsinin üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın və plan və ölçü sənədinin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Şamaxı rayon Mədrəsə bələdiyyəsinin 13 saylı xx.xx.2006-cı il tarixli qərarı ilə ona Mədrəsə bələdiyyə fondunun kənd təsərrüfatına az yararlı (şərti yararsız) torpaq sahəsində tikinti məqsədi üçün 0,30 ha, kənd təsərrüfatı məqsədi üçün 2,68 ha, cəmi 2,98 ha torpaq sahəsi satılmış və buna müvafiq olaraq tərəflər arasında Torpaqların alqı-satqısına dair tərtib olunmuş akt DTXK və bələdiyənin imza və möhürü ilə təsdiq olunmuş, həmin orqanların nümayəndələri və onun tərəfindən imzalanmış, Şamaxı rayon torpaq şöbəsində 1671 nömrə ilə qeydiyyata alınmışdır. Alqı-satqı qaydasında ona satılmış torpaq sahəsi ilə bağlı Şamaxı rayon Mədrəsə bələdiyyəsinin ərazisində bələdiyyə mülkiyyətində saxlanılan torpaqların yerquruluşundan çıxarış tərtib olunmuş, həmin çıxarış DTXK-nin Şamaxı rayon şöbəsi və Mədrəsə bələdiyyəsi tərəfindən təsdiq olunmuşdur. Sözügedən torpaq sahəsi naturada ölçülərək ona təhvil verilmişdir. Satılmış torpaq sahəsi ilə bağlı 1886,34 manat Mədrəsə bələdiyyəsinin hesabına ödənilmişdir. Həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən A № 240210 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədi tərtib edilmiş və Dövlət Torpaq kadastr kitabında xx.xx.2010-cu il tarixdə 433 nömrə ilə uçota alınmışdır. Torpaq sahəsi üzərində mülkiyyət hüququnun qeydiyyata alınması üçün cavabdeh təşkilata müraciət etmişdir. Lakin ona imtina cavabı verilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, Şamaxı rayon Mədrəsə bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 13 saylı qərarı ilə onun mülkiyyətinə tikinti məqsədilə 0.30 ha, kənd təsərrüfatı məqsədilə 2.68 ha, ümumilikdə satılmış 2.98 ha torpaq sahəsinin sənəd üzrə koordinatları elektron baza məlumatlarında bələdiyyənin ehtiyat fondunda olan kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına aid edilmişdir. Qeyd olunan torpaq sahəsi faktiki olaraq sututar (göl) kimi istifadə olunur.Bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarının xüsusi mülkiyyətə verilməsi qanunvericiliklə nəzərdə tutulmamışdır.Torpaq sahəsi təyinatı üzrə ayrılmadığı və alqı-satqı predmeti olmadığına görə İddiaçı ərizəsinin icrası mümkün olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2507/2023 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddia ərizəsinin məzmumundan göründüyü kimi iddiaçı torpaq sahəsinin kənd təsərrüfatı təyinatlı olmasını mübahisələndirməmiş, lakin kənd təsərrüfatı üçün aza yararlı və ya şərti yararsız olmasını bildirmişdir. Bununla bağlı məhkəmə "xxxx" MMC-yə sorğu ünvanlayaraq sözügedən torpaq sahəsinin kənd təsərrüfatına yararlı, az yararlı və ya yararsız olması barədə məlumat verilməsini xahiş etmişdir. "xxxx" MMC özünün xx.xx.2023-cü il tarixli cavab məktubunda bildirmişdir ki, "Torpaq sahəsinin plan və ölçü" sənədində qeyd olunan koordinatlarda yerləşən torpaq sahəsi TEKUİS məlumatlarına əsasən bələdiyyə mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı örüş yerıdır və keyfiyyət göstəricisi (bonitet bal) 54 bal olmaqla kənd təsərrüfatına yararlı torpaq sahəsidir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 13.1-ci maddəsinə əsasən kənd təsərrüfatı təyinatlı torpaqlar kənd təsərrüfatı məhsullarının istehsalı və emalı, habelə kənd təsərrüfatı sahəsində elmi-tədqiqat, tədris, tədris-təcrübə və sınaq məqsədləri üçün istifadə edilir. -56.2-ci maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Özəlləşdirilməsi barədə qərar qəbul edilənədək bu torpaqlar ərazinin perspektiv inkişaf proqramına xələl gətirməmək şərtilə hüquqi və fiziki şəxslərin icarəsinə verilə bilər. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsi ilə müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. 56.3-cü maddəsinə əsasən bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqları yalnız kənd təsərrüfatı istehsalı üçün icarəyə verilə bilər. 86.2-ci maddəsinə görə bu Məcəllədə nəzərdə tutulmuş dövlət torpaqları, ümumi istifadədə olan, habelə hüquqi və fiziki şəxslərin istifadəsində və icarəsində olan bələdiyyələrin kənd təsərrüfatına yararlı torpaqları alqı-satqı obyekti ola bilməz “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7.1.2ci maddəsinə əsasən Azırbaycan Respublikasının qanunvericiliyi ilə bələdiyyələrin ehtiyat fondunun kənd təsərrüfatına az yararlı və yararsız torpaqları xüsusi mülkiyyətə verilə bilər. Göstərilən normaların məzmunundan aydın olur ki, kənd təsərrüfatına yararlı torpaq sahələri yalnız icarəyə verilə bilər. Bu növ torpaqlar alqı-satqı obyekti ola bilməz. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi haqqında yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə nəzərə almamışdır ki, cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 14 saylı Şamaxı Ərazi İdarəsi yalnız qeydiyyat orqanıdır və ona təqdim edilmiş sənədlər əsasında hüquqların qeydiyyatını həyata keçirmək vəzifəsi daşıyır. Cavabdeh tamamilə qanunsuz və əsassız olaraq məhkəmənin müstəsna səlahiyyətinə aid olan “əqdin etibarsız hesab edilməsi” istiqamətində araşdırma aparmış, əqdə və digər sənədlərə özbaşına hüquqi qiymət vermiş və Bələdiyyənin Qərarını, aralarında bağlanmış alqı-satqı müqaviləsini, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Şamaxı rayon şöbəsi tərəfindən tərtib edilmiş A № 240210 saylı Torpaq sahəsinin planı və ölçüsü sənədini faktiki olaraq etibarsız hesab etmişdir. Məhkəmə cavabdehin bu qanunsuz əməlini tənqid etmək əvəzinə, ona haqq qazandırmış və bununla da, cavabdehin məhkəmənin müstəsna səlahiyyətini mənimsəməsinə yol açmışdır. İndiki halda, üzərində mülkiyyət hüquqlarımın daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasını tələb etdiyim torpaq sahəsinə dair mövcud olan ilkin hüquqmüəyyənedici sənədlər qüvvədədir, mübahisələndirilməyib və hər hansı qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə etibarsız hesab edilməyib. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edərək,2,46 ha torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və çıxarışın verilməsini vəzifə kimi cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclaslarında iştirak etmiş iddiaçının nümayəndəsi Vəkil apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə nəzərə alınmaqla, apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Azərbaycan Respublikasının Konstitusiyası Maddə 13. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət dövlət mülkiyyəti, xüsusi mülkiyyət və bələdiyyə mülkiyyəti növündə ola bilər. Maddə 25. İ. Hamı qanun və məhkəmə qarşısında bərabərdir. .... İİİ. Dövlət, irqindən, etnik mənsubiyyətindən, dinindən, dilindən, cinsindən, mənşəyindən, əmlak vəziyyətindən, qulluq mövqeyindən, əqidəsindən, siyasi partiyalara, həmkarlar ittifaqlarına və digər ictimai birliklərə mənsubiyyətindən asılı olmayaraq, hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verir. İnsan və vətəndaş hüquqlarını və azadlıqlarını irqi, etnik, dini, dil, cinsi, mənşəyi, əqidə, siyasi və sosial mənsubiyyətə görə məhdudlaşdırmaq qadağandır. İV. Heç kəsə bu maddənin İİİ hissəsində göstərilən əsaslara görə zərər vurula bilməz, güzəştlər və ya imtiyazlar verilə bilməz, yaxud güzəştlərin və ya imtiyazların verilməsindən imtina oluna bilməz. V. Hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edən dövlət orqanları və dövlət hakimiyyəti səlahiyyətlərinin daşıyıcıları ilə münasibətlərdə hər kəsin bərabər hüquqları təmin edilir. .... Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3 Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar ..... Azərbaycan Respublikasının Torpaq Məcəlləsi: Maddə 8. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin səlahiyyətləri. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: qanunvericiliklə müəyyən olunmuş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və həmin torpaqlar barədə sərəncam verilməsi; qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin mülkiyyətə, istifadəyə və icarəyə verilməsi; Maddə 56.2. Bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaqları xüsusi mülkiyyətə satıla bilər. Bələdiyyələrin ehtiyat fondunun yaşayış məntəqələrinin perspektiv inkişafı üçün cəlb olunan torpaq sahələri, habelə kənd təsərrüfatına azyararlı və yararsız torpaqları özəlləşdirilə bilər. Maddə 67. Torpaq sahələri üzərində hüquqların dövlət qeydiyyatının məcburiliyi
1. Torpaq üzərində hüquqların dövlət qeydiyyatı qanunvericilikdə nəzərdə tutulmuş qaydada daşınmaz əmlakın dövlət reyestrində aparılır.
2. Dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: (bələdiyyə qərarı qəbul edilərkən qüvvədə olan redaksiyası) Maddə 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. Maddə 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Maddə 6.5 Torpaq sahəsinin bələdiyyə mülkiyyətində olan müəssisə, idarə və təşkilatların istifadəsinə və ya fərdi yaşayış evinin tikintisi üçün Azərbaycan Respublikası vətəndaşının mülkiyyətinə verilməsi barədə, habelə hüquqi və fiziki şəxslərin mülkiyyətinə (icarəsinə) verilməsi məqsədilə hərracın (müsabiqənin) keçirilməsi barədə bələdiyyənin qərarı sahənin xüsusiyyətinə və torpağın ayrılma məqsədinə, mövcud texniki normalara, habelə yerquruluşu və şəhərsalma sənədlərinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarının rəyi alındıqdan sonra qəbul edilir. Torpaqayırma sənədlərinin hazırlanması və razılaşdırılması qaydaları Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən təsdiq edilən əsasnamə ilə tənzimlənir. Maddə 9.1. Bələdiyyənin ərazisində daimi yaşayan və eyni zamanda ən azı beş il müddətində yaşayış yeri üzrə qeydiyyatda olan Azərbaycan Respublikası vətəndaşlarının mülkiyyətinə bu Qanunun 9.8-ci maddəsində müəyyən edilmiş məhdudiyyət nəzərə alınmaqla fərdi yaşayış evinin tikintisi üçün torpağın ayrılması, habelə Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən irəli gələn öhdəlikləri yerinə yetirmək məqsədi ilə torpağın dövlət mülkiyyətinə və ya icarəsinə verilməsi, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən olunan hallarda və qaydada istismarına icazə verilməsi üçün aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş tikinti obyektinin yerləşdiyi torpaq sahəsinin fiziki və hüquqi şəxslərin mülkiyyətinə satılması və ya icarəsinə verilməsi halları, “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq bərpa olunan enerji mənbələri ərazisinin əhatə etdiyi torpaq sahəsinin dövlət mülkiyyətinə və ya icarəsinə, elektrik enerjisi istehsalçısının icarəsinə verilməsi halları istisna olmaqla, digər hallarda bələdiyyə torpaqları üzərində mülkiyyət və icarə hüquqları yalnız açıq torpaq hərracları və ya müsabiqələri vasitəsilə əldə edilə bilər. Maddə 9.6. Bələdiyyə torpaqlarının özgəninkiləşdirilməsi, istifadəyə və icarəyə verilməsi müvafiq müqavilə ilə rəsmiləşdirilir. Maddə 9.8. “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” Azərbaycan Respublikasının Qanununda və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə müəyyən edilən hallar istisna olmaqla, bu Qanunun 9.1-ci maddəsində müəyyən edilmiş əsaslarla mülkiyyətinə fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsi əldə etmiş şəxs həmin torpaq sahəsini beş il müddətində özgəninkiləşdirə bilməz. Belə məhdudiyyət bələdiyyənin qərarında və bu Qanunun 6.2-ci maddəsinə əsasən tərəflər arasında bağlanmalı olan müqavilədə nəzərdə tutulmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu Maddə 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Maddə 12. 1. Hamı qanun və inzibati orqan qarşısında bərabərdir. Maddə 12.2. İnzibati orqan tərəfindən eyni mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə müxtəlif qərarların qəbul edilməsi qadağandır. Maddə 12.3. İnzibati orqan tərəfindən fərqli mühüm faktiki hallara malik olan müxtəlif işlər üzrə eyni cür qərarların qəbul edilməsi qadağandır. Maddə 64.2 İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; ..... Maddə 11.1 Hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini,məhdudlaşdırılması (yüklənməsi), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər:15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi müvafiq bələdiyyə qərarı əsasında iddiaçının adına ayrılmış 2,46 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından ibarətdir. Cavabdeh inzibati orqan imtinasını onunla əsaslandırmışdır ki,ümumilikdə 2,98 ha torpaq sahəsinin sənəd üzrə koordinatları bələdiyyə ehtiyat fonduna aid kənd təəsrrüfatı təyinatlı örüş torpaqlara aid edilmiş, qeyd edilən torpaq sahəsi faktiki olaraq sututar (göl) kimi istifadə olunur, bələdiyyənin ehtiyat fondunun kənd təsərrüfatı təyinatlı torpaqlarının xüsusi mülkiyyətə verilməsi qanunvericilikdə nəzərdə tutulmamışdır. Birinci instansiya məhkəməsi tərəfindən iddia təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd etməyi zəruri hesab edir. İşin müəyyən edilmiş hallarından görünür ki, müvafiq bələdiyyə qərarı əsasında iddiaçının adına bələdiyyənin perspektiv inkişafı ehtiyat fondunun alqı-satqı predmeti olan kənd təsərrüfatı az yararlı (şərti yararsız) torpaq sahəsində tikinti məqsədilə 0,30 ha, kənd təsərrüfatı məqsədilə 2,68 ha olmaqla, cəmi 2,98 ha torpaq sahəsinin satılması qərara alınmış, alqı-satqı aktı tərtib edilmiş, torpaq sahəsinin dəyərinin ödənilməsinə dair qəbz mövcud olmuşdur. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən sözügedən torpaq sahəsinə dair plan və ölçü sənədi tərtib edilərək, müvafiq kadastr kitabında uçota alınmış, habelə həmin torpaq sahəsinin bələdiyyənin mülkiyyətində olması, satılan torpaq sahəsinin kəndin perpsektiv inkişafına k/t az yaralı və ya şərti yararsız olmaqla, alqı-satqı predmeti olduğu, iddiaçının adına satılmasının məqsədəmüvafiq olması barədə rəy vermişdir.Həmçinin, həmin torpaq sahəsinə dair müvafiq bələdiyyə tərəfərindən yerquruluşu planından çıxarış tərtib edilmiş, bələdiyyə və DTXK tərəfindən təsdiq edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, cavabdeh inzibati orqanın mütəxəssisləri tərəfindən həmin torpaq sahəsi müyainə edilərək, onun texniki göstəricilərini əks etdirən müayinə aktı tərtib edilmiş, rəngli ortofoto görüntüsü əlavə edilmişdir. Müayinə aktının məzmunundan görünür ki, torpaq sahəsinin ölçüsü sənəd üzrə 2,96 ha, faktiki 2,46 ha təşkil edir, torpaq sahəsi qoruma zolağı ilə əhatə olunub, icazəsiz tikililər yoxdur, torpaq sahəsinin çox hissəsi sututar kimi istifadə olunur, faktiki torpaq sahəsinin ölçüsü sənəddə qeyd edilən ölçüdən azdır. Həmçinin, cavabdeh inzibati orqan tərəfindən verilmiş məlumatın məzmunundan görünür ki, torpaq sahəsi naturada 2,46 ha təşkil edir, elektron baz məlumatlarında torpaq sahəsinin ayrıldığı vaxt kənd təsərrüfatı təyinatlı örüş və kolluq torpaqları kimi qeyd edilmiş, ətrafında yerləşən torpaq sahələrinə dair çıxarışlar rəsmiləşdirilmişdir,DWJ məlumatları ilə faktiki istifadə vəziyyətində uyğunsuzluq vardır,DWJ məlumatlarına əsasən naturada koordinatları müəyyənləşdirilmiş 2,46 ha torpaq sahəsinin 0,45 ha hissəsinin kənd təsərrüfatı təyinatlı örüş torpaqlarına, 2,01 ha hissəsinin kənd təsərrüfatı təyinatlı kolluqlara düşür, TEKUİS məlumatlarına əsasən isə 0,43 ha kənd təsərrüfatı təyinatlı örüş torpaqlara, 2,03 ha hissəsi kənd təsərrüfatı təyinatlı kolluqlara düşür, ətrafında yerləşən torpaq sahələrinə dair mülkiyyət hüququ dövlt qeydiyyatına alınmışdır, buna dair çıxarış və sxem əlavə edilmişdir. Göründüyü kimi, indiki halda sözügedən torpaq sahəsinin iddiaçının adına ayrılması (satılması) və həmin torpaq sahəsinin 2,46 ha hissəsinin onun faktiki istifadəsində olması halı iş materialları əsasında öz təsdiqini tapmışdır. Həmçinin, qeyd edilməlidir ki, iddiaçının adına sözügedən torpaq sahəsinin satılmasına dair bələdiyyə qərarı hazırda qüvvədə olmaqla, onun ləğv edilməsi, etibarsız hesab edilməsi və ya qüvvədən düşməsi halı müəyyən edilməmişdir. Hansı ki yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair müvafiq bələdiyyə qərarı daşınmaz əmlak üzərində mülkiyyət hüququnun yaranması əsası qismində çıxış etməklə, bu hüququn dövlət qeydiyyatına alınması üçün əsas hesab olunur. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bir sıra qərarlarında formalaşdırdığı hüquqi mövqeyə əsasən, dövlət orqanı tərəfindən yol verilən səhvlərə görə məsuliyyəti dövlət daşıyır və belə səhvlər maraqlı şəxsin hesabına düzəldilə bilməz (Gashi Xorvatiyaya qarşı iş üzrə 2007-ci il 13 dekabr tarixli, §40 və Stolyarova Rusiya Federasiyasına qarşı iş üzrə 2015-ci il 29 yanvar tarixli, §49 Qərarlar). İndiki halda iddiaçının adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədədir. Hansı ki həmin inzibati akt torpaq sahəsinə dair mülkiyyət hüququnun yaranması üçün əsas hesab olunur. Nəticə etibarilə iddiaçının həmin torpaq sahəsinə dair mülkiyyət hüququ yaranmışdır. Bundan əlavə, həmin torpaq sahəsinin satılmasının, alqı-satqı predmeti olmasına dair müvafiq rəy məhz Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən verilmişdir. Hansı ki, torpaq sahəsinin ayrıldığı vaxt həmin dövrdə yerquruluşu, dövlət torpaq kadastrı, torpaqların monitorinqi, onların münbitliyinin təmin olunması, geodeziya və xəritəçəkmə sahəsində dövlət siyasətini formalaşdıran və həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı qismində məhz həmin Komitə çıxış etmişdir. Belə olan halda, torpaq sahəsinin satılmasına dair müvafiq qərar və rəy qüvvədə olmasına baxmayaraq, cavabdeh inzibati orqan tərəfindən hazırda torpaq sahəsinin təyinatının mübahisələndirilməsi, alqı-satqı predmeti qismində çıxış edə bilməməsi kimi hala istinad etməsi ilk növbədə inzibati icraat haqqında qanunvericiliyin norma və prinsiplərinin, etimadın qorunması prinsipinin mahiyyətinə zidd olmuş olar. Bu baxımından məhkəmə kollegiyasi qeyd edir ki, cavabdeh inzibati orqanın imtinasının və iddia tələbinə etirazın əsası kimi istinad etdiyi hallar iş materialları əsasında təkzib olunmaqla, əsassız olmuş, bununla bağlı iddiaçının apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi hallar əsaslı olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, məhkəmə araşdırması zamanı tədqiq edilmiş sənədlər (qonşu torpaq sahəsinə dair müvafiq sənədlər və digər) əsasında sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması halı müəyyən edilmişdir. Bu halda, məhkəmə kollegiyası hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında yerləşən qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, eyni vəziyyətdə olan şəxslər barəsində fərqli yanaşmanın mövcudluğuna səbəb olur ki, bu hal isə özlüyündə hamının qanun və məhkəmə qarşısında bərabər olmasına dair konstitisuon norma və prinsipin mahiyyətinə ziddir. Başqa sözlə desək, demokratik cəmiyyətdə insanların hüquqları və azadlıqları bərabərlik prinsipi əsasında həyata keçirilir. Bu prinsipin əsas mahiyyəti ondan ibarətdir ki, hər kəsin bərabər hüquqlara malik olması bəyan edilməklə, onlardan istifadə etmək üçün bərabər imkanlar yaradılmalıdır. Eyni zamanda, bir qrup daxilində hüquq və vəzifələr onun bütün üzvləri üçün eyni olmalıdır. Fərqli rəftar oxşar vəziyyətdə olan fərdlər arasında mövcud olduqda bərabərlik hüququ pozulmuş olur. Fərqli rəftarın obyektiv və ağlabatan əsası, yaxud tətbiq edilən vasitələrlə qarşıya qoyulan qanuni məqsəd arasında ağlabatan mütənasiblik olmadıqda, həmin rəftar ayrı-seçkilik xarakteri daşıyır. Bərabərlik hüququ insan hüquq və azadlıqlarının hər hansı ayrı-seçkilik olmadan ədalətli, eyni hüquqi imkanlar əsasında həyata keçirilməsini nəzərdə tutur. Bu prinsip universal xarakter daşıyır və ictimai münasibətlərin bütün sahələrinə nizamlayıcı təsir edir. O cümlədən, bu prinsipin gözlənilməsi hər şeydən öncə, həm də eyni vəziyyətdə olan şəxslərin hüquqlarının obyektiv və ağlabatan izah olmadan fərqləndirilməsini qadağan edir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun qərarlarında bərabərlik hüququ ilə bağlı formalaşdırdığı hüquqi mövqe ondan ibarətdir ki, hüquqi dövlətin təməl prinsiplərindən hesab olunan hüquq bərabərliyi prinsipi Konstitusiyanın 25-ci maddəsində əks olunmaqla, məhz dövlət tərəfindən heç bir ayrı-seçkiliyə yol verilmədən hər kəsin hüquq və azadlıqlarının bərabərliyinə təminat verilməsini nəzərdə tutur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın 14-cü maddəsinə əsasən, bu Konvensiyada təsbit olunmuş hüquq və azadlıqlardan istifadə cins, irq, dərinin rəngi, dil, din, siyasi və ya digər baxışlar, milli və ya sosial mənşə, milli azlıqlara mənsubiyyət, əmlak vəziyyəti, doğum və ya digər hər hansı əlamətlərinə görə ayrı-seçkilik olmadan təmin edilməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin bu müddəa ilə bağlı presedent hüququna görə Konvensiyanın 14-cü maddəsi üzrə məsələnin ortaya çıxmaması üçün analoji və ya əhəmiyyətli dərəcədə oxşar vəziyyətdə olan şəxslərlə rəftarda fərqləndirmə olmamalıdır. Belə fərqləndirmə obyektiv və ağlabatan deyilsə, başqa sözlə, qanuni məqsədə yönəlmirsə, yaxud da istifadə olunmuş vasitələrlə həyata keçirilməli olan məqsəd arasında mütənasibliyin ağlabatan əlaqəsi yoxdursa, ayrı- seçkilik hesab edilir (Ranqelov Almaniyaya qarşı iş üzrə 22 mart 2012-ci il tarixli qərar, §§ 85-86). Bu baxımından məhkəmə kollegiyası qeyd olunan konteksdə də işin hallarına hüquqi qiymət verərək, hesab edir ki, eyni ərazidə yerləşən sözügedən torpaq sahəsinin ətrafında olan qonşu torpaq sahələrinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alındığı halda, iddiaçıya münasibətdə torpaq sahəsinin təyinatının mübahisələndirilməklə, bu hüququnun dövlət qeydiyyatına alınmasından imtina edilməsi halı özlüyündə onun konstitusion hüququnu (bərabərlik hüququnu) pozduğundan cavabdeh inzibati orqanın qeyd olunan imtina arqumenti əsassız olmuşdur. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdeh inzibati orqan imtina əsası kimi iddiaçının adına 2,98 ha torpaq sahəsi ayrıldığını, həmin torpaq sahəsinin bir hissəsinin sututar (göl) kimi istifadə edildiyini qeyd etmişdir. Bununla bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı tərəfindən məhkəmədə iddia tələbinin dəqiqləşdirilməsi barədə yazılı ərizə təqdim edilməklə, yalnız naturada mövcud olan torpaq sahəsi kimi istifadə olunan 2,46 ha hissə ilə bağlı mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması barədə cavabdehin üzərinə öhdəlik qoyulmasını xahiş etmişdir.Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, indiki halda həmin hala dair imtina əsasları mövcud olmadığından, bu halın nəzərə alınması məqsədəmüvafiqdir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçının adına müvafiq torpaq sahəsinin ayrılmasına dair inzibati akt qüvvədə olduğundan, iddiaçının sözügedən torpaq sahəsinə dair mülkiyyət hüququ mövcud olduğundan və bu hüququn dövlət qeydiyyatına alınmasından imtina üçün qanunvericiliklə müəyyən edilmiş əsaslar müəyyən edilmədiyindən, cavabdeh inzibati orqanın imtinasının və iddia tələbinə etirazın əsası kimi istinad etdiyi hallar iş materialları əsasında təkzib olunduğundan, imtina və etirazın dəlilləri əsassız olmuş, iddiaçının apellyasiya şikayətinin dəlilləri əsaslı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilməmiş, inzibati icraat haqqında qanunvericiliyin norma və prinsiplərinin tələbi baxımından işin halları dəyərləndirilməmiş,cavabdeh inzibati orqanın imtina və etirazının əsasları qanunvericiliyin tələblərinə zidd olduğu halda, imtinanı əsaslı hesab etməklə bağlı düzgün qənaətə gəlməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətinin dəlilləri əsaslı olduğundan təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-2507/2023 nömrəli qərarı ləğv edilsin, yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Şamaxı rayon Mədrəsə bələdiyyəsinin 13 saylı xx.xx.2006-cı il tarixli qərarına əsasən iddiaçının adına ayrılmış Şamaxı rayon Mədrəsə qəsəbəsində yerləşən 2,98 ha torpaq sahəsinin naturada mövcud olan 2,46 ha torpaq sahəsi hissəsi üzərində İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 14 saylı Şamaxı Ərazi İdarəsinə üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.