Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-195/2025 03.04.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Quliyev İsmayıl Rza oğlu (sədrlik edən və məruzəçi), Əzizova Vəfa Ehtiram qızı və X3 ibarət tərkibdə, Şərifova Mahirə Vahid qızının katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil, cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı “ona 2014-cü ildən müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin dayandırıldığı 01 may 2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2-1(118)-500/2024 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ: İddiaçı cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdehnə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək “ona 2014-cü ildən müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv edildiyi tarixdən bərpa olunması və dayandırılmış pensiyanın dayandırıldığı vaxtdan verilməsinin bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbini dəqiqləşdirərək, “İddiaçı 2014-cü ildən müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin dayandırıldığı 01 may 2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ: a) Birinci instansiya məhkəməsindəki icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş, “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 12 Saylı Tibbi-Sosial Ekspert Komissiyasının qərarına əsasən, iddiaçı-İddiaçı ümumi xəstəlik diaqnozu ilə 2010-cu il tarixdən ikinci dərəcəli əlillik təyin edilmişdir. Həmin tarixdən, yəni 2010-cu il tarixdən başlayaraq 2014-cü il tarixədək fasiləsiz olaraq ildə bir dəfə hər il müayinədən keçməklə iddiaçıya ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlilliyin müddəti hər dəfə bir il müddətinə artırılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1997-ci il 29 avqust tarixli 99 nömrəli qərarı ilə təsdiq edilmiş, “Əlilliyin müəyyən olunması meyarlarına dair Əsasnamə"nin tələblərinə uyğun olaraq, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 6 Saylı Tibbi-Sosial Ekspert Komissiyasının qərarına əsasən, iddiaçı - İddiaçı ümumi xəstəlik diaqnozu ilə 2014-cü il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmişdir. 2021-ci ilin iyun ayından etibarən əlillik dərəcəsinə uyğun olaraq iddiaçıya təyin olunmuş pensiyanın verilməsi dayandırılmışdır. Bununla əlaqədar olaraq, dəfələrlə cavabdeh orqana müraciət etsə də, müraciətinə heç bir vaxt cavab verilməmişdir. İddiaçı sonuncu dəfə 20 fevral 2023-cü il tarixdə cavabdeh orqan olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə müraciət edərək, ona müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin ləğv olunduğu tarixdən bərpa olunmasını və əlillik dərəcəsinə uyğun təyin edilmiş pensiyanın verilməsini xahiş etmişdir. Lakin, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş, “Əlilliyin qiymətləndirilməsi Qaydalarının 1.1, 1.2, 2.1, 2.2, 2.3. 3.7-ci bəndlərinə və “İnzibati icraat haqqında’’ Qanunun 19.1, 19.2. 24.1, 24.3. 24.4-cü maddələrinin tələblərinə zidd olaraq iddiaçıya, bu vaxta kimi müddətsiz təyin edilmiş ikinci dərəcəli əlillik bərpa edilməmiş və qanunvericiliyin tələblərinin ziddinə olaraq bu barədə etdiyi 20 fevral 2023-cü il tarixli müraciətinə cavab verilməmişdir. Hesab edir ki, cavabdeh orqanın iddiaçıya müddətsiz təyin olunmuş ikinci dərəcəli əliliyin ləğv edilməsinə yönəlmiş hərəkətləri tamamilə qanuna zidd hərəkətlərdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı yazılı etiraz təqdim edərək bildirmişdir ki, iddiaçının əlillik vəziyyətinə Sumqayıt 1 saylı şəhər Poliklinikasının xx.xx.2014-cü il tarixli göndərişi əsasında baxılmış və “Səbəbi: Ümumi xəstəlik”; X1: XVİİİ Sinif - Digər rubrikalarda təsnif olunmayan, klinik və laborator tədqiqatlar zamanı aşkar edilən simptomlar, nişanələr və normadan kənara çıxma halları => R83-R89 - Diaqnoz olmadığı halda, digə...; Diaqnozun mətni: Cərrahi əməliy sonraki bitişmə x-yi; Meyar: 2.2. İkinci dərəcə əlillik => 2.2.12. Sinir sisteminin müxtəlif (travma, infeksiya, xroniki intoksikasiya və ya qan dövranı pozğunluqları mənşəli), kəskin nəzərə çarpan vegetativ əlamətlərlə keçən fu...” səbəbi ilə_bir_il müddətinə əlillik dərəcəsi verilmişdir. Əlillik altsistemində olan sənədlərdən də göründüyü kimi, İddiaçı əlilliyin qiymətləndirilməsi ilə bağlı sonuncu müraciəti xx.xx.2014cü il tarixdə olmuş və ona 1 il müddətinə İİ dərəcə əlillik dərəcəsi verilmişdir. xx.xx.2015-ci il tarixdə əlillik müddəti bitdiyi üçün iddiaçıya sosial müavinət verilməsi dayandırılmışdır. Həmin tarixdən sonra isə iddiaçının yeni göndərişlə əlillik dərəcəsinin qiymətləndirilməsi üçün müraciəti daxil olmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Hal-hazırda iddiaçıya yeni göndərişlə əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi məsləhət görülür. Məlumat üçün bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 yanvar 2020-ci il tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası"nın və 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”nın 1.4-cü bəndinə əsasən əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra - Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra - göndəriş) əsasında aparılır. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. Göndəriş verilməsi üçün əsaslara şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (öniki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması, şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir), əlillik müddətinin bitməsindən sonra bu Qaydanın yuxarıda qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi, peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi və əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbisosial ekspertiza müayinəsinə zərurət yaranması aiddir. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallar: İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 3-17-1/2-162511/2023 nömrəli, xx.xx.2023cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixində 115785 nömrəli TSEK arayışına əsasən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bildirilir ki, İddiaçı təyin edilmiş əmək pensiyasının ödənişi xx.xx.2010-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək həyata keçirilmişdir. Bununla əlaqədar Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemindən çıxarış məhkəməyə təqdim edilmişdir. İş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 13 avqust 2024-cü il tarixli, 3-17-1/2-192888/2024 nömrəli məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” və “Pensiya” altsistemlərindən əldə olunan məlumatlara əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək təkrar 1 il müddətinə İİ dərəcə əlillik müəyyən edilib. Audit tədbiri zamanı vətəndaşın əmək pensiyasının ödənişinin əlillik müddətinin bitdiyi tarixədək ödənilməli olduğu halda xx.xx.2020-ci il tarixinədək davam etdirildiyi aşkar olunub. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Sumqayıt İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2-1(118)-500/2024 nömrəli qərarı ilə iddia təmin edilmiş, İddiaçı 2014-cü ildən müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin dayandırıldığı 01 may 2020-ci il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır (hakim Leyla Mirzəyeva). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, sözügedən arayışın əsli iddiaçıda- İddiaçı mövcuddur. Dövlət orqanında həmin arayışın kök sənədlərinin mövcud olmaması iddiaçının təqsiri kimi qiymətləndirilib, onun məsuliyyətinə səbəb ola bilməz. İddiaçının əlilliyinin faktiki olaraq dayandırıldığı zaman qüvvədə olan Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli, 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 3.7-ci bəndinə əsasən, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK- in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Göründüyü kimi, qanunverici təyin edilmiş əlilliyin dəyişdirilməsi və ya ləğv edilməsi üçün inzibati orqan tərəfindən müəyyən prosedurun həyata kecirilməsini tələb edir. Hazırkı mübahisəyə münasibətdə isə cavabdeh tərəfindən həmin prosedura riayət edilməmiş, bununla da həm inzibati icraatın, həm də əlilliyin qiymətləndirilməsi ilə bağlı qanunvericiliyin tələbləri pozulmuşdur. Cavabdeh birinci instansiya məhkəməsinin qərarından apellyasiya şikayəti verərək, qərarı ləğv edilərək iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri Cavabdeh apellyasiya şikayətini iddia tələbinə etirazla eyni məzmunda əsaslandıraraq əlavə olaraq qeyd etmişdir ki, iddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Sumqayıt inzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. b) Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Məhkəmə kolegiyasının iclasında iştirak etmiş iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, öz izahatında apellyasiya şikayətinin təmin edilməməsini, qərar qəbul edilərkən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin nəzərə alınmasını xahiş etdi. TƏTBİQ EDİLƏN HÜQUQ “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi (-) 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. (-) 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları (-) 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2015-ci il 30 dekabr tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair” Əsasnamə 2.2. İkinci dərəcə əlillik - xəstəlik, travma və ya anadangəlmə qüsurlar nəticəsində orqanizmin həyat fəaliyyətinin (təhsilalma, ünsiyyət, uyğunlaşma, öz davranışına nəzarətetmə, hərəkətetmə, özünə xidmətetmə, əmək fəaliyyəti) elə kəskin məhdudlaşması və ya əmək fəaliyyətinin mümkün olmaması hallarında təyin edilir ki, həmin xəstənin kənar şəxsin yardım və ya qulluğuna ehtiyacı olmasın. (-) Azərbaycan Respublikası Prezidentinin 16 mart 2015-ci il tarixli 484 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə”
3. Xidmətin vəzifələri 3.1. Bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Xidmətin vəzifələri aşağıdakılardır: (-) 3.1.2. əlilliyin və reabilitasiya imkanlarının qiymətləndirilməsi əsasında şəxsin əlillik dərəcəsi, onun müddəti, səbəbi və əlilliyin baş vermə vaxtı barədə tibbi-sosial ekspert komissiyaları tərəfindən qərar qəbul edilməsini təmin etmək; (-) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”
1. Ümumi müddəalar (-) 1.2-ci bənd. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbisosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (bundan sonra – Nazirlik) yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir.
3. Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası (-) 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. (-)
“İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 21. İnzibati icraatda maraqlı şəxslərin iştirakı 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. (-) Maddə 24. İşin hallarının obyektiv araşdırılması 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. (-) Maddə 64. İnzibati aktın hüquqi qüvvəsi və etibarlılığı 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 64.4. Etibarsız inzibati aktın hüquqi qüvvəsi yoxdur. Maddə 67. Qanunsuz inzibati aktın ləğv olunması 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər.
İnzibati Prosessual Məcəllə: Maddə 12. İşin hallarının araşdırılması prinsipi.
1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.
2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8 Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Maddə 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ Apellyasiya şikayəti vaxtında verilmişdir. Apellyasiya şikayəti formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ Məhkəmə kollegiyası iş üzrə materialları və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, iddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilməklə birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməlidir. Hazırki mübahisə iddiaçıya 2014-cü ildən müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin dayandırıldığı 01 may 2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədədir. Birinci instansiya məhkəməsi tərəfindən iddia tələbi təmin edilmişdir. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir: Cavabdeh apellyasiya şikayətinin dəlillərində qeyd etmişdir ki, əlillik təyinatı ilə bağlı İddiaçı əlilliyin qiymətləndirilməsi ilə bağlı sonuncu müraciəti xx.xx.2014-cü il tarixdə olmuş və ona 1 il müddətinə İİ dərəcə əlillik dərəcəsi verilmişdir. xx.xx.2015-ci il tarixdə əlillik müddəti bitdiyi üçün iddiaçıya sosial müavinət verilməsi dayandırılmışdır. Həmin tarixdən sonra isə iddiaçının yeni göndərişlə əlillik dərəcəsinin qiymətləndirilməsi üçün müraciəti daxil olmamışdır. Bu səbəbdən iddiaçının iddia tələbi əsassız və qanunsuzdur. Hal-hazırda iddiaçıya yeni göndərişlə əlilliyinin yenidən qiymətləndirilməsi üçün müraciət etməsi məsləhət görülür. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı 2014-cü ildən müddətsiz ikinci qrup əlilliklə bağlı müvafiq sənəd verilmiş, o xx.xx.2020-ci il tarixinədək əlilliklə bağlı pensiya almışdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən verilmiş 3-17-1/2-162511/2023 nömrəli, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, İddiaçı xx.xx.2010-cu il tarixində 115785 nömrəli TSEK arayışına əsasən əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Bildirilir ki, İddiaçı təyin edilmiş əmək pensiyasının ödənişi xx.xx.2010-cu il tarixindən xx.xx.2020-ci il tarixinədək həyata keçirilmişdir. Bununla əlaqədar Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsistemindən çıxarış məhkəməyə təqdim edilmişdir. Həmçinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun 13 avqust 2024-cü il tarixli, 3-17-1/2- 192888/2024 nömrəli məktubunda qeyd edilir ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əlillik” və “Pensiya” altsistemlərindən əldə olunan məlumatlara əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı xx.xx.2014-cü il tarixindən xx.xx.2015-ci il tarixinədək təkrar 1 il müddətinə İİ dərəcə əlillik müəyyən edilib. Audit tədbiri zamanı vətəndaşın əmək pensiyasının ödənişinin əlillik müddətinin bitdiyi tarixədək ödənilməli olduğu halda xx.xx.2020-ci il tarixinədək davam etdirildiyi aşkar olunub. Həmçinin iş materiallarına əlavə olunmuş "xxxx" ASC-nin iddiaçıya məxsus ödəniş kartı üzrə çıxarışından görünür ki, iddiaçıya DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən 2020-ci ilin may ayınadək pensiya ödənişləri həyata keçirilmişdir. Beləliklə, cavabdeh şikayətinin dəlilində 2015-ci ildən sonra iddiaçıya əlillik təyin edilmədiyini bildirsə də, məhkəmə araşdırması nəticəsində müəyyən edildi ki, iddiaçıya 2014-cü il tarixdən müddətsiz ikinci dərəcəli əlillik təyin edilmiş və 2020-ci ilin may ayınadək pensiya ödənilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqanın öhdəlik daşıdığı vəzifəni düzgün icra etməməsi iddiaçının hüquqlarını pozmaqla, onun sosial təminat hüququnun da əsassız olaraq məhdudlaşdırılmasına səbəb olmuşdur. Hazırki işdə cavabdeh inzibati orqan yalnız “altsistemdə” olan məlumatlara istinad etməklə, “altsistemə” məlumatların düzgün daxil edilməsinin onun öhdəlik daşıdığı məsələ olduğunu diqqətə almır. Məhkəmə kollegiyası qeyd edir ki, elektron sistemə (altsistemə) zəruri məlumatların yerləşdirilməməsi cavabdeh inzibati orqanın öhdəliyində olan bir məsələ olmaqla iddiaçının hüquqlarının məhdudlaşdırılmasına səbəb olmamalıdır. Məhkəmə kollegiyası əlavə olaraq qeyd edir ki, iddiaçıya 2020-ci ilin may ayınadək əmək pensiyasının ödənişinin davam etdirilməsi elektron sistem ilə digər sənədlər arasında uyğunsuzluq olması faktını bir daha təsdiqləyir. Belə ki, cavabdeh inzibati orqan əlillik müddətinin 2015-ci ildə bitdiyini qeyd etsə də, iddiaçıda əlilliyin müddətsiz təyin edilməsi barədə sənədin mövcud olması və eyni zamanda 2020-ci ilin may ayınadək pensiya almağa davam etməsi cavabdehin dəlillərini təkzib etmiş olur. Məhkəmə kolegiyası hesab edir ki, iddiaçıya əlilliyin müddətsiz təyin edilməsi barədə sənədin verilməsi və eyni zamanda 2020-ci ilin may ayınadək pensiya almağa davam etməsi nəticəsində iddiaçının onun barəsində qəbul edilmiş inzibati akta, həm də cavabdehin hərəkətlərinə etimad hüququ yaranmışdır. Etimadın qorunması prinsipi inzibati hüququn təməl prinsiplərindəndir. Bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin. “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6-cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 19 noyabr 2021-ci il tarixli qərarı). Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının müddətsiz əlilliyi ilə bağlı məlumatlar elektron sistemə yerləşdirilməli, onun etimad hüququ qorunmalıdır. Həmin məlumatların mötəbərliyi ilə bağlı inzibati orqanda əsaslı şübhələr olduğu təqdirdə isə, sözügedən inzibati orqan inzibati icraat aparmaqla qanunauyğun olaraq əlilliyin dayandırılması barədə qərar qəbul edə bilər. Lakin hazırki iş materiallarında belə bir inzibati icraatın həyata keçirilməsi müəyyən olunmamışdır. İddiaçı birinci instansiya məhkəməsinə müraciət edərkən ona 2014-cü ildən müddətsiz təyin edilmiş ikinci dərəcə əlilliyin dayandırıldığı 01 may 2020-ci il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi iddiaçı pensiyanın dayandırıldığı tarixi qeyd etməklə, həmin tarixdən altsistemdə bərpa edilməsini tələb etmişdir. Belə ki, cavabdeh inzibati orqan xx.xx.2015-ci il tarixdə əlillik müddəti bitdiyi üçün iddiaçıya sosial müavinət verilməsinin dayandırılması, həmin tarixdən sonra isə iddiaçının yeni göndərişlə əlillik dərəcəsinin qiymətləndirilməsi üçün müraciət etməməsi halına istinad etmişdir. Elektron altsistemdə iddiaçı ilə bağlı sonuncu təyinat 2014-2015-ci illəri əhatə etdiyindən 01 may 2020-ci il tarixdən hər hansı dayandırılma tətbiq olunmamış, bununla bağlı elektron altsistemdə qeyd aparılmamışdır. Hazırda iddiaçının hüquqi marağının pensiyanın bərpa olunması olduğunu nəzərə almaqla məhkəmə iclasında İnzibati Prosessual Məcəllənin 13-cü maddəsinin tələbinə əsasən iddiaçıya hüquqi yardım edilmiş, iddiaçının vəkili və nümayəndəsi məhkəmə kollegiyasına iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək İddiaçı ikinci dərəcəli müddətsiz əlilliyinin xx.xx.2014-cü il tarixdən əlillik altsistemində bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması ilə bağlı qərar qəbul edilməsini xahiş etmişdir. İlk növbədə məhkəmə kollegiyası iddianın dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbulu ilə əlaqədar qeyd edir ki, AR İPM-in 13-cü maddəsinə əsasən, məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. “Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 17 sentyabr 2014-cü il tarixli qərarına əsasən, Konstitusiya Məhkəməsinin Plenumu inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cü maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəaların inzibati apellyasiya icraatında tətbiqini istisna etmir. Lakin həmin maddənin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasının inzibati apellyasiya icraatında tətbiq edilməsi isə yol verilməzdir. Məhkəmə kollegiyası ərizədə edilən dəyişikliyin – dəqiqləşmənin iddianın növünə təsir etmədiyini nəzərə alaraq, iddiaçının inzibati orqana müraciətini və hazırkı iş üzrə hüquqi marağını nəzərə alaraq, ərizənin məhkəmənin icraatına qəbul edilməsini məqsədəuyğun hesab etmişdir. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinin tələbinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Beləliklə də, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə nəzərə alınmaqla birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, İddiaçı xx.xx.2014-cü il tarixdən ikinci dərəcəli müddətsiz əlilliyinin əlillik elektron altsistemdə bərpa edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə qoyulmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar 11 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi” Qaydasının 3.7-ci bəndinə əsasən əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Kollegiya qeyd edir ki, əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduğu halda hazırkı məhkəmə qərarı yuxarıda qeyd edilən qaydaların tətbiqini istisna etmir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
NƏTİCƏVİ HİSSƏ:
Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 23 oktyabr 2024-cü il tarixli, 2-1(118)-500/2024 nömrəli qərarı dəyişdirilsin. İddia təmin edilsin. İddiaçı xx.xx.2014-cü il tarixdən ikinci dərəcəli müddətsiz əlilliyinin əlillik elektron altsistemdə bərpa edilməsi öhdəliyi cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Cavabdeh üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.