Məhkəmə qərarları › İş №2-1(105)-196/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-196/2022

13.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-196/2022 13.04.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ hakimlər Babayeva Hökümə Çingiz qızı qızı (sədrlik edən və məruzəçi), Məmmədov Zahid Tahir oğlu və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı 16.04.2020-ci il tarixli ərizəyə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin qanunpozuntusu kimi tanınması, iddia ərizəsi məhkəməyə daxil olandan sonra ərizəyə cavab verilməsinin qanunpozuntusu kimi tanınması və vurulmuş mənəvi ziyanın əvəzi kimi 2500 manat pulun cavabdehdən onun xeyrinə tutulması tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2-1(118)- 1282/2021 nömrəli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi arasında vergi bəyannamələrinin (hesabatların) vergi ödəyicisi tərəfindən elektron sənəd formasında göndərilməsi, vergi orqanları tərəfindən onların qəbulu və bu barədə vergi ödəyicisinə elektron şəkildə bildiriş verilməsi barədə 06 aprel 2011-ci il tarixdə “Elektron sənəd mübadiləsi haqqında” müqavilə bağlanmışdır.

2. İddiaçı 03.04.2020-ci il tarixli ərizə ilə cavabdeh Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə 2020-ci ilin l rübünə görə vergi hesabatını təqdim etmişdir.

3. Daha sonra iddiaçı 16.04.2020-ci il tarixli ərizə ilə vergi orqanına müraciət edərək 03.04.2020-ci il tarixli ərizəyə cavab verilməsini və şəxsi hesab vərəqindən çıxarışın təqdim edilməsini xahiş etmişdir. Həmin ərizə cavabdeh orqan tərəfindən 16.04.2020-ci il tarixdə qəbul edilmişdir, lakin qanunla müəyyən edilmiş müddət ərzində ərizəsinə cavab verilməmişdir.

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 16.04.2020-ci il tarixli ərizəyə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin qanunpozuntusu kimi tanınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

5. Daha sonra iddiaçı iddia tələbinin dəyişdirilməsi barədə ərizə verərək 16.04.2020ci il tarixli ərizəyə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin qanunpozuntusu kimi tanınması, iddia ərizəsi məhkəməyə daxil olandan sonra ərizəyə cavab verilməsinin qanunpozuntusu kimi tanınması və vurulmuş mənəvi ziyanın əvəzi kimi 2500 manat pulun cavabdehdən onun xeyrinə tutulması barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində birinci icraat

6. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı 16.04.2020-ci il tarixdə ərizə ilə cavabdeh vergi orqanına müraciət edərək 03.04.2020-ci il tarixli ərizəsinə təcili cavab verilməsini və məlumat üçün şəxsi vərəqəsindən çıxarışın təcili olaraq ona göndərilməsini xahiş etmişdir. Həmin ərizə cavabdeh orqan tərəfindən 16.04.2020-ci il tarixdə qəbul edilmişdir, lakin qanunla müəyyən edilmiş müddət ərzində ərizəsinə cavab verilməmişdir. Bununla bağlı onun hüquqlarının pozulmasına yol verilmişdir. Həmin müraciətlə bağlı cavab 21.09.2020-ci il tarixdə poçta verilmiş, zərfin içərisinə isə 28.04.2020-ci il tarixli məktub qoyulmuşdur.

7. Cavabdeh iddiaya etiraz edərək qeyd edir ki, iddiaçı 03.04.2020-ci il tarixli ərizəsində 2020-ci ilin l rübünə görə sadələşdirilmiş vergi hesabatını, o cümlədən DSMFyə əvvəllər verilməli hesabatın sistemdə aşağıdakı kimi qeyd edilməsi göstərilmişdir: yanvar -0, fevral – 0, mart – 0, cəmi l rüb – 0, vergi – 0, 2020-ci ilin l rübündə muzdlu işçi nəzərdə tutulmamışdır və olmayıb. Beləliklə, iddiaçının 03.04.2020-ci il tarixli ərizəsi vergi hesabatı ilə, 16.04.2020-ci il tarixli ərizəsi isə həmin hesabatın qəbul edilməsi və şəxsi hesab vərəqəsindən çıxarışın verilməsi ilə bağlı olmuşdur. Vergi Məcəlləsinin 72.2-ci maddəsinə əsasən bu Məcəlləyə və ona müvafiq olaraq qəbul edilmiş qanunlara uyğun olaraq vergi hesabatını verməyə borclu olan vergi ödəyiciləri vergi hesabatını bu Məcəllədə göstərilən müddətlərdə müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada və yerdə vergi orqanına verməlidirlər. İddiaçı tərəfindən qanunun qeyd edilən tələbləri pozularaq müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formada deyil, vergi orqanına ərizə ilə müraciət edilərək, hesabat rəqəmlərinin sistemə işlənməsi tələb edilmişdir. Vergi Məcəlləsinin 72.7-ci maddəsinin tələblərinə uyğun olaraq vergi orqanına təqdim edilmiş vergi hesabatı qəbul edilmədikdə, hesabatın vergi orqanına daxil olduğu gündən 3 iş günü ərzində vergi ödəyicisinə bu barədə, habelə aşkar edilmiş dəqiqsizliklər aradan qaldırılaraq vergi orqanına təqdim edilməsi barədə bildiriş göndərilməsi vergi orqanının vəzifəsi kimi nəzərdə tutulmuşdur. İddiaçının təqdim etdiyi hesabat müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi formaya uyğun olmamasına baxmayaraq həmin ərizədə göstərilən hesabat rəqəmləri vergi orqanı tərəfindən qəbul edilərək sistemə işlənilmişdir. Lakin iddiaçı qanunun tələbinə uyğun olmayaraq vergi orqanının üzərinə hesabat sənədinin qəbul edilməsi ilə bağlı həmin ərizələrə cavab vermək vəzifəsi qoyulmasını iddia etmişdir ki, bu hal qanunun tələblərinə uyğun deyildir.

8. Sumqayıt İnzibati Məhkəməsinin 11 noyabr 2020-ci il tarixli, 2-1(118)-1284/2020 nömrəli qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim V.Əzizova)

9. Qərardaddan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

b) Apellyasiya instansiya məhkəməsində birinci icraat

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 14 aprel 2021-ci il tarixli, 2-1(105)-239/2021 nömrəli qərardadı ilə apellyasiya şikayəti qismən təmin edilmiş, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilərək iddiaya mahiyyəti üzrə yenidən baxılması üçün iş birinci instansiya məhkəməsinə göndərilmişdir. c) Birinci instansiya məhkəməsində ikinci icraat

11. Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2-1(118)-1282/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh 2 saylı Ərazi Vergilər Baş İdarəsi tərəfindən İddiaçı 16.04.2020-ci il tarixli ərizəsinə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsi və iddia ərizəsi məhkəməyə daxil olandan sonra ərizəyə cavab verilməsi qanunpozuntusu kimi tanınmış, iddia qalan hissədə təmin edilməmişdir. (hakim V.Əzizova)

12. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2-1(118)- 1282/2021 nömrəli qərarından apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

13. Cavabdeh həmin qərardan apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri

14. İddiaçı apellyasiya şikayətini iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmış və əlavə olaraq qeyd etmişdir ki, cavabdeh tərəfindən hüquqlarının pozulması nəticəsində stress, fiziki iztirablar keçirmiş, hüquqlarının pozulması şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olmuş, hüquqlarının müdafiəsi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

15. İddiaçı hesab edir ki, cavabdeh təşkilat tərəfindən ona qarşı mülki hüquq pozuntusuna yol verməsi, təqsirli olması, hüquqlarının pozulması qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə müəyyən edilmişdir və cavabdeh tərəfindən qanunsuz hərəkətlər nəticəsində ona maddi və mənəvi zərər vurulması istisna edilmir, bu xərclər cavabdehdən tutulmalı və ona ödənilməlidir.

16. Cavabdeh apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, məhkəmə cavabdeh tərəfindən təqdim edilən sübutların yoxlanılması ilə bağlı üzərinə düşən vəzifələri icra etməmişdir. Cavabdeh hesab edir ki, məhkəmənin qərarda göstərilmiş nətcələri işin hallarına uyğun gəlmir. Belə ki, cavabdeh tərəfindən təqdim edilmiş sənədlər araşdırılmadan və əsaslandırılmadan rədd edilmişdir.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

17. İddiaçı cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə etiraz edərək, şikayətdə yazılanların həqiqəti əks etdirmədiyini qeyd etmişdir.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

18. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı iddia ərizəsi və apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının iddia tələbinin təmin edilməyən hissəsində ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

19. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz və apellyasiya şikayəti ilə eyni məzmunda izahat verərək, birinci instansiya məhkəməsinin qərarının iddianın təmin edilən hissəsində ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etdi.

TƏTBİQ EDİLƏN HÜQUQ

20. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: Maddə 70. Vergi ödəyiciləri ilə yazışma 70.1. Vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir. 70.2. Vergi orqanının vergi ödəyicisinə göndərdiyi hər hansı qərar, akt, bildiriş, tələbnamə, məktub və ya digər sənədlər (onların surətləri) adı göstərilməklə vergi orqanının rəhbəri (onun müavini) tərəfindən imzalanmalı və möhürlə təsdiq edilməlidir. Elektron üsulla göndərilən sənədlərin möhürlə təsdiq edilməsi tələb olunmur. 70.2-1. Sənədlər (onların surətləri) vergi orqanı tərəfindən vergi ödəyicisinə aşağıdakı formalardan birinə uyğun göndərildikdə (verildikdə), lazımi qaydada çatdırılmış sayılır: 70.2-1.1. vergi ödəyicisinə (onun səlahiyyətli nümayəndəsinə) şəxsən verildikdə – şəxsən verildiyi gün; 70.2-1.2. poçt rabitəsi vasitəsilə vergi ödəyicisi olan hüquqi şəxsin dövlət qeydiyyatı haqqında sənədlərində və ya vergi ödəyicisi olan fiziki şəxsin uçot sənədlərində sonuncu ünvan kimi qeyd olunmuş ünvanına göndərildikdə – poçta təqdim edildiyi gündən 5 iş günü keçdikdən sonra; 70.2-1.3. elektron üsulla elektron kabinetinə göndərildikdə – elektron üsulla göndərildiyi gündən 3 iş günü keçdikdən sonra. Maddə 72. Vergi hesabatının tərtib edilməsi və verilməsi qaydası Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatları vergi ödəyicisi tərəfindən şəxsən və ya hesabatın təqdim edilməsi təsdiq oluna bilən hər hansı digər üsulla (rabitə təşkilatına təhvil verilməsi və ya müvafiq qanunvericiliyə uyğun olaraq elektron sənəd formasında göndərilməsi də daxil olmaqla) təqdim edilə bilər. Vergi hesabatının elektron sənəd formasında göndərilməsi müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada həyata keçirilir. Vergi hesabatını elektron sənəd formasında təqdim edən vergi ödəyicilərinə bu Məcəllənin 72.3-cü, 72.4-cü 72.6.3-cü və 72.6.4-cü maddələrinin müddəaları şamil edilmir.

21. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının qanunu: Maddə 1. Müraciət etmək hüququ 1.1. Azərbaycan Respublikası vətəndaşlarının dövlət və bələdiyyə orqanlarına, dövlət və ya bələdiyyə mülkiyyətində olan və ya paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə və ya bələdiyyəyə məxsus olan hüquqi şəxslərə və büdcə təşkilatlarına və ya onların vəzifəli şəxslərinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı və ya şifahi formada, fərdi və ya kollektiv şəkildə müraciət etmək hüququ vardır. 3.0.2. müraciət – müraciətə baxan subyektə və ya onun vəzifəli şəxsinə şəxsən və ya nümayəndə vasitəsilə yazılı (o cümlədən elektron) formada göndərilən (təqdim edilən) və ya şifahi formada edilən fərdi və ya kollektiv təklif, ərizə, şikayət; (-). Maddə 6. Vətəndaşların müraciətlərinə dair tələblər 6.1. Vətəndaşlar müraciətlərini həmin məsələyə baxılmasını bilavasitə təmin etməli olan müraciətə baxan subyektlərə və ya onların vəzifəli şəxslərinə yazılı formada təqdim edir və ya şifahi formada bildirirlər. 6.2. Yazılı müraciətlər şəxsən və ya nümayəndə vasitəsilə təqdim edilir və ya poçt, telefaks, yaxud bu Qanunun 6.7-ci maddəsində göstərilən qaydada göndərilir. 7.5. Müraciətdə göstərilən məsələyə baxıldıqda və bu barədə vətəndaşa (kollektiv müraciətlərdə - müraciət edən şəxslərdən birinə) əsaslandırılmış cavab verildikdə müraciət baxılmış hesab olunur. Müraciətə dövlət dilində cavab verilir. Maddə 10. Müraciətə baxılması müddəti 10.1. Bu Qanunun 9.2-ci, 9.6-cı və 10.2-10.4-cü maddələrində göstərilən hallar istisna olmaqla, vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxılır.

22. İnzibati icraat haqqında Qanun: Maddə 89. İnzibati orqanların məsuliyyəti 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır.

23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür.

24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə12. İşin hallarının araşdırılması prinsipi Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 12.2. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58. Sübutların araşdırılması qaydası Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Maddə 90. Kassasiya şikayəti vermək hüququ 90.1. Apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

25. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il tarixli 7 saylı qərarı.

26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002ci il tarixli qərarı.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

27. Apellyasiya şikayətləri vaxtında verilmişdir. Apellyasiya şikayətləri formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçilərin tələbləri göstərilmişdir. Ona görə də, hər iki şikayət üzrə apellyasiya mümkün hesab edilmişdir.

28. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

29. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmə qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

30. Məhkəmə kollegiyası yaranmış mübahisə ilə bağlı aşağıdakıları qeyd etməyi zəruri hesab edir:

31. Birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və hazırkı qərarın 21-ci bəndində qeyd edilən hüquq normalarına istinad edərək qərarını onunla əsaslandırmışdır ki, elektron sənəd formasında aparılan mütləq qayda vergi ödəyicisi ilə vergi orqanı arasında olan yazışmaların bütün növlərinə aid deyil, yalnız bəyannamələrin (hesabatların) göndərilməsi ilə bağlı olmuşdur. Məhkəmə hesab edir ki, cavabdeh vergi orqanı tərəfindən iddiaçının 16.04.2020-ci il tarixli müraciətinə qanunvericiliklə müəyyən edilmiş müddətdə və qaydada cavab verilməməsi və İddiaçı tərəfindən müvafiq iddia qaldırdıqdan sonra cavab verilməsi qanunpozuntusu kimi tanınmalıdır.

32. Cavabdehin hərəkətsizliyi nəticəsində iddiaçıya zərər dəyməsi, həmçinin, iddiaçı cavabdeh inzibati orqan tərəfindən tərəfindən ona mənəvi ziyan vurulması barədə məhkəməyə heç bir sübut təqdim etmədiyindən məhkəmə həmin qanunpozuntusu nəticəsində iddiaçıya mənəvi ziyanın dəyməsinə dair iddiasını əsassız hesab etmişdir. Bu baxımdan birinci instansiya məhkəməsi iddianı qismən edərək cavabdehin hərəkətsizliyini qanunpozuntusu kimi tanımış, iddiaçıya dəymiş ziyana görə 2500 manat pul tələbini təmin etməmişdir.

33. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir:

34. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 70-ci maddəsi vergi ödəyiciləri ilə yazışma qaydasını tənzimləyərkən, 70.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, vergi orqanının vergi ödəyicisinə və ya vergi ödəyicisinin vergi orqanına tələbi yazılı şəkildə və ya elektron formada tərtib edilməmişdirsə və bir tərəf onu digər tərəfə verməmişdirsə, belə tələblərin heç biri vergi orqanı və ya vergi ödəyicisi üçün hüquqi qüvvəyə malik deyildir.

35. Habelə, tərəflər arasında bağlanmış 06 aprel 2011-ci il tarixli “Elektron sənəd mübadiləsi haqqında” müqavilənin 2-ci bəndi ümumilikdə onun predmetini müəyyən edərkən, 2.1-ci bəndində göstərilmişdir ki, vergi bəyannamələrin (hesabatların) vergi ödəyicisi tərəfindən elektron sənəd formasında göndərilməsi, vergi orqanları tərəfindən onların qəbulu və bu barədə vergi ödəyicisinə elektron şəkildə bildirişin verilməsidir.

36. Vergi Məcəlləsinin 72.2-ci maddəsinə əsasən elektron sənəd formasında aparılan mütləq qayda vergi ödəyicisi ilə vergi orqanı arasında olan yazışmaların bütün növlərinə aid deyil, yalnız bəyannamələrin (hesabatların) göndərilməsi ilə bağlı olmuşdur.

37. Habelə, tərəflər arasında yazışmaların yazılı qaydada aparılmasının mümkünlüyü müqavilənin 3.1.2, 6.2 və 6.3-cü bəndlərində əks olunmuşdur. Belə ki, həmin müqavilənin 6.3-cü maddəsində göstərilir ki, müraciət vergi qanunvericiliyində nəzərdə tutulmuş müddətlərdə təqdim olunur və baxılaraq yazılı şəkildə cavablandırılır.

38. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisə üzrə iddiaçının tələbi 2 hissədən ibarətdir: 1) 16.04.2020-ci il tarixli ərizəyə qanunla müəyyən edilmiş müddətdə cavab verilməməsinin və iddia ərizəsi məhkəməyə daxil olandan sonra ərizəyə cavab verilməsinin qanunpozuntusu kimi tanınması 2) Vurulmuş mənəvi ziyanın əvəzi kimi 2500 manat pulun tutulması.

39. İşin hallarından məlum olur ki, iddiaçı 16.04.2020-ci il tarixli ərizə ilə vergi orqanına müraciət edərək ondan əvvəlki ərizəyə cavab verilməsini və şəxsi hesab vərəqindən çıxarışın təqdim edilməsini xahiş etmişdir. İddiaçının ərizəsinə 28.04.2020-ci il tarixli **********888400 nömrəli məktubla cavab olaraq iddiaçının vergi bəyannaməsini elektron qaydada və ya kağız daşıyıcılar vasitəsi ilə təqdim edə biləcəyi bildirilmişdir. Lakin, iş materiallarında olan SP004754633AZ nömrəli poçt göndərişinin izlənməsi bildirişindən görünür ki, (iş vərəqə səh.49) ərizə cavabdeh orqan tərəfindən 23.09.2020-ci il tarixdə qəbul edilmişdir. Həmçinin, iddiaçıya göndərilən SP004754103AZ nömrəli sifarişli poçt göndərişindən (iş vərəqə səh. 48) görünür ki, müvafiq cavab məktubu iddiaçıya 21.09.2020-ci il tarixdə çatdırılmışdır. Beləliklə, cavabdeh orqan hazırkı qərarın 21-ci bəndində qeyd edilən Vətəndaşların müraciəti haqqında Qanunun 10–cu maddəsinin tələblərini pozmuşdur.

40. Məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi ilə isə iddiaçı məhz yazılı qaydada ona cavab verilməsini xahiş etmişdir ki, onun bu hüququnun cavabdeh orqanın iddia ərizəsinə etirazda istinad etdiyi normalarda məhdudlaşdırılması müəyyən edilməmişdir. Belə ki, Vergi Məcəlləsinin 72-ci maddəsi yalnız vergi bəyannamələrinin göndərilməsini elektron forma ilə məhdudlaşdırmışdır, bu vətəndaşın ərizəsinə yazılı formada cavab verilməsinə mane olmur.

41. Bu baxımdan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı bu hissədə təmin etməkdə haqlı olmuşdur. Odur ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan rədd edilməlidir.

42. Məhkəmə kollegiyası ikinci iddia tələbinə münasibətdə qeyd edir ki, iddiaçının bu tələbinin təmin edilməsi üçün əsaslar müəyyən olunmamışdır.

43. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında mənəvi ziyanın şərhi ilə bağlı göstərilir ki, ..mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla, iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir.

44. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2008-ci il tarixli 7 saylı qərarının 1-ci bəndinə müvafiq olaraq “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın 41-ci maddəsinə və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentlərinə əsasən mənəvi zərər şəxsə qeyri - əmlak, habelə əmlak zərəri vurulduqda ödənilə bilər.

45. Plenum Qərarın 2-ci bəndində göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və X2 Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir.

46. Həmin qərarın 2-ci bəndinin 3-cü hissəsinə görə mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər.

47. Plenum Qərarının 8-ci bəndində qeyd edilir ki, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun.

48. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur.

49. Konkret halda isə qeyd olunan meyarlar baxımından, iddiaçı tərəfindən ona dəymiş mənəvi zərər əsaslandırılmamışdır. Bu baxımdan, mənəvi zərərin ödənilməsi hissəsində iddianı rədd etməklə birinci instansiya məhkəməsi haqlı olmuşdur.

50. Şərh olunanlara əsasən işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

51. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

NƏTİCƏVİ HİSSƏ

Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayətləri təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 19 noyabr 2021-ci il tarixli, 2-1(118)-1282/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar