Məhkəmə qərarları › İş №2-1(105)-196/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-196/2023

24.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-196/2023 24.05.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 4 saylı Abşeron Ərazi İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, Abşeron rayonunun Pirəkəşkül (Çaylı) kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin plan ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2022ci il tarixli, 2-1(118)-541/2022 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Abşeron rayon, X5 Komitəsinin 26 mart 1991-ci il tarixli 59 №-li qərarına əsasən Abşeron rayonu, Pirəkəşkül (Çaylı) kəndində iddiaçıya ata-baba yurdunu bərpa etmək məqsədilə 0.20 ha torpaq sahəsi ayrılmışdır.

2. İddiaçı ərizə ilə cavabdehə müraciət edərək Abşeron rayonu, Pirəkəşkül (Çaylı) kəndində yerləşən 0.20 ha torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasını xahiş etmişdir.

3. Cavabdeh daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 16 noyabr 2021-ci il tarixli bildirişdə torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilmədiyi və torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlarına aid olduğu qeyd edilmiş və “Daşınmaz Əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edilmişdir.

Birinci instansiya məhkəməsində icraat

4. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı iddia qaldıraraq cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, Abşeron rayonunun Pirəkəşkül (Çaylı) kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin plan ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. İddia onunla əsaslandırılmışdır ki, Abşeron rayon, X5 Komitəsinin 26 mart 1991-ci il tarixli 59 №-li qərarına əsasən Abşeron rayonunun Pirəkəşkül (Çaylı) kəndində iddiaçıya ata-baba yurdunu bərpa etmək məqsədilə 0.20 ha torpaq sahəsi ayrılmışdır. Bundan başqa Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 2645 saylı rəyində Azərbaycan Respublikası Abşeron rayon, X5 Komitəsinin 26 mart 1991-ci il tarixli 59 №-li qərarına əsasən ona 0.20 ha olmaqla ayrılmış torpaq sahəsinin qanuna müvafiq olduğu və Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin həmin torpaq sahəsinə mülkiyyət hüququna dair hüquqi sənəd verilməsinə etiraz etmədiyini bildirmişdir. Həmçinin Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon şöbəsinin, Pirəkəşkül-Qobustan bələdiyyəsinin imza və möhürləri ilə təsdiq edilmiş Abşeron rayonunun Pirəkəşkül-Qobustan bələdiyyəsinin yerquruluşu planından çıxarışa əsasən ona ayrılmış torpaq sahəsinin koordinatları dəqiqləşdirilmiş və torpaq sahəsinin 0.20 ha olduğu müəyyən edilmişdir. Bundan başqa Azərbaycan Respublikası Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivindən iddiaçıya verilmiş xx.xx.2011-ci il tarixli F-1561 saylı çıxarışa əsasən Abşeron rayon, X5 Komitəsinin 26 mart 1991-ci il tarixli 59 №-li qərarının arxivdə mövcud olduğu və əsli ilə düz olduğu bildirilmişdir. Qeyd edilən sənədlərə əsasən qanuni əsaslarla sərəncam verdiyi və istifadə etdiyi Abşeron rayonunun Pirəkəşkül (Çaylı) kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması məqsədilə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə 03 noyabr 2021-ci il tarixdə ********** saylı ərizə ilə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətnin DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsi xx.xx.2021-ci il tarixli **********29 saylı məktubla qeyd edilən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilmədiyi və torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlarına aid olduğundan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizəsinin icrasından imtina edilmişdir. Hazırda qanuni əsaslarla sərəncam verdiyi və istifadə etdiyi Abşeron rayonunun Pirəkəşkül (Çaylı) kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun başqa qaydada daşınmaz əmlakın dövlət reyestrindən qeydiyyata mülkiyyətinə keçirə bilmədiyindən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Belə ki, cavabdeh orqanın onun qanuni əsaslarla sərəncam verdiyi və istifadə etdiyi torpaq torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması barədə ərizəsinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinin müddəalarına əsasən ərizənin icrasından imtina edildiyi bildirilmişdir. Cavabdeh orqanın məsələyə bu cür yanaşmasının hər hansı bir hüquqi əsası yoxdur. Belə ki, məsələ cavabdehin əsaslandırıldığı kimi deyil, onun tələb etdiyi torpaq sahəsi uzun illərdir ki, qanuni əsaslarla onun istifadəsindədir və bütün orqanlar həmin torpaq sahəsinin yalnız yeganə mülkiyyətçisi kimi onu tanıyırlar və həmin torpaq sahəsi ona məxsusdur. Belə ki, torpaq sahəsinin ayrılmasına dair Abşeron rayon, X5 Komitəsinin 26 mart 1991-ci il tarixli 59 №-li qərarın məzmunundan da aydın olur ki, həmin torpaq sahələri o ərazidə yaşamış vətəndaşların ata-baba yurdu olmuşdur və məhz bu atababa yurdlarının bərpa edilməsi məqsədilə o ərazilər ayrılmış və qərarın 2-ci bəndində hətta bu qəsəbələrin İcraiyyə Komitələrinə ata-baba evlərinin bərpasına icazə verilmiş vətəndaşların və onların ailə üzvlərinin pasport qeydiyyatlarının təmin edilməsi də tapşırılmışdır. Bu qərarın məzmunundan da görünür ki, həmin torpaq sahələri yaşayış məskənləri olmuş və həmin torpaqlar da məhz ata-baba evlərinin bərpa etmək üçün vətəndaşlara verilmişdir. Bundan başqa cavabdeh orqana müraciət edərkən Abşeron rayon, X5 Komitəsinin 26 mart 1991-ci il tarixli 59 №-li qərarını, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron rayon Şöbəsinin xx.xx.2014-cü il tarixli 2645 saylı rəyini, Abşeron rayonunun Pirəkəşkül Qobustan bələdiyyəsinin yerquruluşu planından çıxarışını və Abşeron Rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivindən ona verilmiş xx.xx.2011ci il tarixli F-1561 saylı çıxarışı təqdim etməsinə baxmayaraq, cavabdeh orqan hüququ müəyyənedici sənədin təqdim edilmədiyini bildirmişdir.

6. Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd edilmişdir ki, Abşeron rayonu, Pirəkeşkül kəndində yerləşən 0.20 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı iddiaçının 03 noyabr 2021-ci il tarixli, ********** qeydiyyat nömrəli müraciəti olmuşdur. Aparılan araşdırma zamanı sözügedən torpaq sahəsinə dair hüquqların dövlət qeydiyyatı üçün tələb olunan əsaslar üzrə hüquqmüəyyənedici sənədlərin ərizəyə əlavə edilmədiyi aşkar edilmişdir. Həmçinin sözügedən torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlara aid edildiyi qeyd edilmişdir. Arxiv əsaslarında vətəndaşın adına Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsinə dair ləğv edilmiş DT və XK tərəfindən verilmiş JN-195 nömrəli şəhadətnamə aşkar edilmişdir. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz (Konstitusiyanın 13-cü maddəsinin İ hissəsi və 29-cu maddəsinin İ, İİ, İİİ və İV hissələri). Mülkiyyət hüququ “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyanın (bundan sonra - Konvensiya) 1 saylı Protokolunun 1-ci maddəsində də öz əksini tapmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 139cu və 146-cı maddələrinə müvafiq olaraq, mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Qanunun 8-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti (Azərbaycan Respublikasının müvafiq mərkəzi və yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar bu Qanun qüvvəyə minənədək müvafiq icra hakimiyyəti orqanları (Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi, Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi, Bakı Şəhər İcra Hakimiyyəti və digər müvafiq yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur) tərəfindən verilmiş daşınmaz əmlak üzərində, o cümlədən torpaq sahələri, binalar və qurğular, yaşayış və qeyri-yaşayış sahələri, fərdi yaşayış və bağ evləri, yer təki sahələri, su tutarları, meşələr və çoxillik əkmələr, əmlak kompleksi kimi müəssisələr üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri, bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Prezidenti nəzərdə tutulur) tərəfindən müəyyən edilən sənədlər əsaslar hesab edilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Torpaq Məcəlləsinin 82-ci maddəsinə əsasən torpaq mülkiyyətçiləri, istifadəçiləri və icarəçiləri torpaqdan təyinatı üzrə, səmərəli və müəyyən edilmiş istifadə rejiminə uyğun istifadə etməyə borcludurlar. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 109-cu maddəsinə əsasən torpaq istifadəçiləri və icarəçiləri tərəfindən özgənin mülkiyyətində olan torpağın alınıb-satılması, bağışlanması, torpaq sahələrinin özbaşına dəyişdirilməsi barədə bağlanılan əqdlər, habelə torpaq mülkiyyətçilərinin bu Məcəllədə nəzərdə tutulmuş qaydaları pozmaqla bağladıqları əqdlər etibarsız hesab edilir. Həmin Məcəllənin 111-ci maddəsinə əsasən torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər.

7. Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(118)-541/2022 nömrəli qərarı ilə (hakim Leyla Mirzəyeva) iddia təmin edilərək, Abşeron rayonunun Pirəkəşkül (Çaylı) kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və reyestrdən çıxarışın və torpaq sahəsinin plan ölçüsünün verilməsi öhdəliyinin Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə vəzifə olaraq qoyulması qərara alınmışdır.

8. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) Apellyasiya şikayətinin dəlilləri

9. Apellyasiya şikayəti iddia ərizəsinə etiraz ilə eyni məzmunda əsaslandırılmışdır.

b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

10. Apellyasiya şikayətinə qarşı etiraz onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Abşeron rayon, Xalq Deputatları İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli 59№-li Qərarı, Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Abşeron Rayon Şöbəsinin xx.xx.2014-cü il tarixli 2645 saylı rəyi, Abşeron rayonun Pirəkəşkül-Qobustan Bələdiyyəsinin yerquruluşu Planından çıxarışı və Abşeron rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivindən ona verilmiş xx.xx.2011-ci il tarixli F-1561 saylı çıxarış hüquqlarının qeydiyyata alınması üçün əsasdır. Cavabdeh orqan isə əsassız olaraq daşınmaz əmlak üzərində hüquqlarını qeydiyyata almaqdan imtina etmişdir. Bundan başqa cavabdeh orqan apellyasiya şikayətində hüquqmüəyyənedici sənədləri təqdim etmədiyini göstərsə də nədənsə həmin şikayətdə özü-özünü təkzib edərək təqdim edilmiş Azərbaycan Respublikası Abşeron rayon, Xalq Deputatları İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli 59№-li Qərarda torpaq sahəsinin ayrılması və torpaq sahəsinin ölçüsü qeydin aparılmadığını bildirir. Cavabdehin şikayətindən də göründüyü kimi tərəfindən hüquqmüəyyənedici sənədlər cavabdehə təqdim edilmiş, lakin cavabdeh qanunsuz olaraq ərizənin icrasından imtina etmişdir. Bundan başqa cavabdehin xx.xx.2021-ci il tarixli **********29 saylı imtina məktubunda torpaq sahəsinin ayrılması və ölçüsü barədə hər-hansı bir qeydə rast gəlinmir. Cavabdehin imtinasının əsası hüquqmüəyyənedici sənədlərin təqdim edilməməsindən ibarət olmuşdur. Lakin nədənsə cavabdeh artıq apellyasiya şikayətində torpaq sahəsinin ayrılması və ölçüsü məsələsini mübahisələndirməyə başlaması cavabdeh orqanın hazırkı məsələnin həllində qərəz nümayiş etdirməsi və cavabdehin bilərəkdən vəzifə səlahiyyətlərindən qulluq mövqeyindən istifadə edərək ərizənin icrasına maneə yaratdığı təsəvvürü yaradır. Məhkəmə tərəfindən mütəxəssis rəyinin verilməsi ilə bağlı müraciətinə cavab olaraq təqdim edilmiş mütəxəssis rəyində mənim faktiki istifadəmdə olan torpaq sahəsinin təyinatına və hüquqi rejiminə görə kateqoriyası kənd təsərrüfatlı təyinatlı (örüş) torpaqlarına aid olduğu və həmin torpaq sahəsinin ətrafında oian daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış **********15 və **********47 reyestr nömrəli torpaq sahələri elektron baza məlumatına əsasən kəndin perspektiv inkişaf (KPİ) fonduna aid torpaqlar yerləşdiyi bildirilir. Sağında solunda torpaq sahələri kəndin perspektiv inkişaf (KPİ) fonduna aid edildiyi halda necə olur ki, ona məxsus torpaq sahəsi kənd təsərrüfatlı təyinatlı (örüş) torpaqlarına aid edilir. Göründüyü kimi cavabdeh orqan imtinası və yanaşması əsassızdır.

c) Məhkəmə icraatı iştirakçılarının izahatları

11. Məhkəmə kollegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətinin dəlilləri ilə eyni məzmunlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini xahiş etmişdir.

12. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdi.

Tətbiq edilən hüquq

13. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. (...)

Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; [29] 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, daşınmaz əmlak sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; 8.0.5. 2006-cı il iyulun 6-dək müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilmiş daşınmaz əmlak üzərində hüquqları təsdiq edən aktlar, şəhadətnamələr və qeydiyyat vəsiqələri; 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış; 8.0.8. bu Qanun qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən sənədlər. 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.1. hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə: 8.0.9.1.1. icarədə və ya istifadədə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin istismara qəbul aktı; 8.0.9.1.2. məqsədli təyinatına görə yaşayış evinin tikintisi üçün nəzərdə tutulmuş xüsusi mülkiyyətdə olan torpaq sahəsində yerləşən hündürlüyü 12 metrədək olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd; 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı; (...)

Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (...)

14. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi:

Maddə 58. Sübutların araşdırılması qaydası 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68. Məhkəmə qərarının əsası 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri

15. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

16. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, aşağıda göstərilənlərə əsasən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilərək, iş üzrə yeni qərar qəbul edilməli və iddia tələbi təmin edilməməlidir.

17. Birinci instansiya məhkəməsi qərarında “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”nın 2.6-cı bəndinə əsasən, fərdi mənzil, habelə kooperativ evlərin və bağların tikilməsi üçün mənzil-tikinti və bağtikinti kooperativlərinə, çoxmənzilli yaşayış evlərinin tikintisi üçün fərdi evtikdirənlərin mənzil-tikinti kollektivlərinə torpaq sahələrinin ayrılması barədə müvafiq olaraq şəhər, qəsəbə və kənd xalq deputatları sovetlərinin icraiyyə komitələri tərəfindən 1991-ci il noyabrın 9-dək qəbul edilmiş qərarlar səlahiyyətli orqanlar və digər təşkilatlar tərəfindən yaşayış və bağ evləri, habelə onların altında olan və ya belə evlərin tikintisi üçün ayrılmış torpaq sahələrinə dair sənədlərə istinad edərək, hesab etmişdir ki, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 avqust 1989-cu il tarixli 203 saylı qərarı qərarı həmin torpaq sahəsinə dair qanuni istifadə ilə bağlı sənəd hesab olunmaqla iddiaçının tələb etdiyi torpaq sahəsi üzərində onun hüquqlarının dövlət qeydiyyatı üçün əsasdır.

18. Abşeron rayon Dövlət Arxivi tərəfindən təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Abşeron rayon XDS İcraiyyə Komitəsinin 25 avqust 1989-cu il tarixli, 203 nömrəli qərarından çıxarışdan görünür ki, Pirəkeşkül kəndi üzrə bir neçə vətəndaşa, o cümlədən 36-cı sırada qeyd edilən iddiaçıya Çaylı kəndi ərazisində ata-baba yurdunu bərpa etmək üçün icazə verilmişdir. Lakin həmin qərardan görünür ki, ata-baba yurdunu bərpa etməyə icazə verilən vətəndaşlara, o cümlədən iddiaçıya torpaq sahəsinin ayrılmasına dair heç bir qeydiyyat aparılmamışdır.

19. Məhkəmə kollegiyası tərəfindən Abşeron rayon Dövlət Arxivinə sorğu ünvanlanaraq, Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli 59 nömrəli qərarı ilə vətəndaşların ata-baba yurdlarının bərpa edilməsi ilə bağlı ayrılmış torpaq sahəsinə dair ayrıc aktının təqdim edilməsi tələb edilmişdir.

20. Abşeron rayon Dövlət Arxivi tərəfindən Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli 59 nömrəli qərarından çıxarış məhkəməyə təqdim edilmiş, çıxarışın “qeyd” hissəsində əmrə sxemin, ayrıc aktının, təhkim aktının və ilkin baş planın daxil edilmədiyi qeyd olunmuşdur.

21. Göründüyü kimi Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli 59 nömrəli qərarı ilə ata-baba yurdlarının bərpa edilməsi üçün vətəndaşlara icazə verilmiş, bu qərarda iddiaçıya torpaq sahəsinin ayrılması göstərilməmişdir.

22. İddiaçı öz tələbinin əsası olaraq Abşeron rayon XDS İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli 59 nömrəli qərarı ilə Pirəkeşkül (Çaylı) kəndində ata-baba yurdunu bərpa etmək məqsədilə ona 0.20 ha torpaq sahəsi ayrıldığını bildirsə də, məhkəmə kollegiyasının araşdırma nəticəsində müəyyən edilmişdir ki, iddiaçının istinad etdiyi sərəncama əsasən ona torpaq sahəsi ayrılmamış, sərəncamda yalnız adları qeyd edilən vətəndaşlara ata-baba yurdunu bərpa etməyə icazə verilmiş və Saray qəsəbə icraiyyə komitəsinə ata-baba evlərinin bərpasına icazə verilmiş vətəndaşların və onların ailələrinin pasport qeydiyyatının təmin edilməsi tapşırılmışdır.

23. İş materiallarından həmçinin müəyyən olunur ki, iddiaçı ünvan 3 ünvanında qeydiyyatdadır.

24. İş materiallarında olan ********** qeydiyyat nömrəli, xx.xx.2014-cü il qeydiyyat tarixli həmçinin, RX seriyalı, ******* nömrəli və MH seriyalı ******* nömrəli “Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış”ların təsdiq olunmuş surətlərindən görünür ki, mübahisə predmeti olan torpaq sahəsinin ətrafında yerləşən 0.10 hektar həyətyanı torpaq sahəsi üzərində X1 və 0,05 ha torpaq sahəsi üzərində X3 mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.

25. Qonşuların mülkiyyətlərində olan torpaq sahələrinə dair daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan və çıxarışın verilməsinə əsas olmuş sənədlərdən görünür ki, hər iki torpaq sahəsi statusuna görə Pirəkəşkül-Qobustan bələdiyyəsinin mülkiyyətində olan torpaq sahəsi olmuş, alğı-satqı yolu ilə sonuncuların adlarına özgəninkiləşdirilmişdir.

26. Həmçinin, 14 iyun 2022-ci il tarixdə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilmiş 09 iyun 2022-ci il tarixli mütəxəssis rəyində qeyd edilmişdir ki, iddiaçının faktiki istifadəsində olan mübahisəli 0,20 ha torpaq sahəsi təyinatına və hüquqi rejiminə görə kateqoriyası kənd təsərrüfatı təyinatlı (örüş) torpaqlarına aiddir. Mübahisəli 0,20 ha torpaq sahəsinin ətrafında olan daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmış **********15 və **********47 reyestr nömrəli torpaq sahələri elektron baza məlumatlarına əsasən kəndin perespektiv inkişafı (KPİ) fonduna aid torpaqlarda yerləşir.

27. Məhkəməyə sorğu əsasında daxil olmuş Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Daşınmaz Əmlakın Dövlət Kadastrı və reyestri” publik hüquqi şəxsi "xxxx" MMC-nin 19 sentyabr 2022-ci il tarixli məktubundan görünür ki, Abşeron rayon Xalq Deputatları İcraiyyə Komitəsinin 26 mart 1991-ci il tarixli 59 nömrəli qərarı ilə İddiaçı ayrılmış Abşeron rayonu Pirəkeşkül (Çaylı) kəndində yerləşən 0,20 ha torpaq sahəsi Mərkəzin elektron kadastr məlumat bazasında olan məlumatlara əsasən kənd təsərrüfatı təyinatlıdır və 2020-2021-ci illərdə Abşeron rayonu üzrə aparılmış torpaq tədqiqatının nəticələrinə görə keyfiyyət göstəricisi (bonitet balı) 29 bal olmaqla kənd təsərrüfatına az yararlı torpaq sahəsidir.

28. Məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsi üzərində hüquq həmin torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd əsasında yarandığından, iddiaçının torpaq üzərində mülkiyyət hüquqlarının qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulan əsaslar olmadığından, cavabdeh inzibati orqan tərəfindən daşınmaz əmlakın dövlət reyestrindən müvafiq çıxarışın verilməsindən imtina qanunazidd olmamışdır.

29. Sadalananlara əsasən məhkəmə kollegiyası hesab edir ki, torpaq sahəsinə çıxarışın verilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçı tərəfin, bunu istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür. Torpaq sahəsinin ayrılması barədə hüquqmüəyyənedici sənəd olmadığından mövcud iddia tələbi əsaslı hesab edilə bilməz.

30. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, bu cür iddialara baxılarkən nəzərə alınmalıdır ki, məhkəmələr cavabdehin imtinasında istinad edilən halların əsaslarına formal yanaşaraq inzibati orqanın üzərinə qanunsuz öhdəlik qoymalı deyillər. Nəzərə alınmalıdır ki, məcburetmə və ya öhdəliyin icrası haqqında iddialar üzrə mübahisələr həll olunarkən məhkəmə cavabdeh inzibati orqanın imtinasının qanuni və ya əsaslı olubolmadığının müəyyən edilməsindən daha çox, iddiaçının mövcud hüquqi vəziyyətin dəyişdirilməsinə (arzuladığı inzibati aktın qəbul edilməsinə və ya öhdəliyin icrasına) nə dərəcədə haqqı çatdığını müəyyən etməlidir. Hazırkı işdə də ilk növbədə iddiaçı özünün belə bir tələb hüququna malik olduğunu, cavabdehin isə məhz tələb olunan məzmunda iddiaçı qarşısında öhdəlik daşıdığını əsaslandırmalıdır.

31. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddia tələbi əsassızdır, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır. Odur ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməlidir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 28 oktyabr 2022-ci il tarixli, 2-1(118)-541/2022 nömrəli qərarı ləğv edilsin və iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 4 saylı Abşeron Ərazi İdarəsinə qarşı cavabdehin hərəkətlərinin qanunsuz hesab edilməsi, Abşeron rayonunun Pirəkəşkül (Çaylı) kəndində yerləşən 0,20 ha torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin plan ölçüsünün verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası təmin edilməsin. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar