Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-196/2024 24.04.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zaur İkram oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və X3 ibarət tərkibdə, Əliyeva Aysel Sərvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı xx.xx.2006-xx.xx.2008-ci illərə görə hesablanıb ödənilməmiş 3220 manat pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2- 1(118)-2341/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-2134/2022 saylı xx.xx.2022-ci il tarixli qərardadından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına ona 50 yaşı tamam olan tarixdən, yəni xx.xx.2006-cı ildən güzəştli şərtlərlə əmək pensiya təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası mümkün sayılmamışdır.
2. Sumqayıt Apellyasiya Məhkəməsinin xx.xx.2022-ci il tarixli qərardadı ilə Sumqayıt İnzibati Məhkəməsinin həmin qərardadı dəyişdirilmədən saxlanılmışdır.
3. Cavabdehin iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, müraciətdə qeyd edilən dövr ərzində ona əmək pensiyası məktuba əlavə edilmiş cədvəldə göstərilən qaydada ödənilmişdir. Cədvəldən görünür ki, İddiaçı 2008-ci ilin iyuldekabr ayları üzrə pensiya ödənişləri edilmişdir.
4. Cavabdeh inzibati orqanın xx.xx.2023-ci il tarixli cavab məktubuna əsasən, iddiaçının işi üzrə inzibati icraat materiallarının təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir.
Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.2006-xx.xx.2008-ci illərə görə hesablanıb ödənilməmiş 3220 manat pensiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” barədə qərar çıxarılmasını xahiş etmişdir.
6. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1973-xx.xx.1974-cü illərdə 35 nömrəli Texniki Peşə məktəbində təhsil almışdır. Təyinatla Sumqayıt şəhərində fəaliyyət göstərən M.Əzizbəyov adına X6 zavodunda işə göndərilmişdir. Həmin zavodda xx.xx.1974-cü ildən xx.xx.2012-ci illərə qədər işləmişdir. May 1975-may 1977-ci illərdə hərbi xidmətdə olmuşdur. xx.xx.2012-xx.xx.2021-ci illərdə “Azərkimya” İB-nin Təmir-Tikinti İdarəsində işləmişdir. Ümumi iş stajı 48 ildir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 saylı Qərarı ilə təsdiq edilmiş Siyahının Vİİİ bölməsinin 1 bəndinin 1080A010 şifrəyə əsasən xlor, kaustik soda istehsalı sahəsində 38 il işləmişdir. Zərərli istehsal şəraitində işlədiyindən 52 yaşı tamam olan tarixdə, yəni xx.xx.2008-ci ildə ona əmək pensiyası təyin edilmişdir. Halbuki, ona 50 yaşdan əmək pensiyası təyin edilməli idi. O, bu məqsədlə cavabdeh Filiala müraciət etmişdir və cavabdeh xx.xx.2023-cü il tarixli məktubla artıq xx.xx.2006-xx.xx.2008-ci illərə görə pensiyanın ödənildiyini bildirmişdir. O, cavabdehin imtinası ilə razılaşmır. xx.xx.2006-xx.xx.2008-ci illərə görə (24 ay üçün) ona 3532.88 manat hesablanmışdır. O, isə həmin məbləğdən cəmi 312.88 manatını almışdır. Qalıq 3220.00 manatı almamışdır. Bunun 08 dekabr 2022-ci il tarixli Azərbaycan Beynəlxalq Bankının Sumqayıt filialının Bank bildirişi təsdiq edir. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2023-cü il tarixli. 3-17-1 2-Cl3450 2023 saylı məktubla ünvanladığı ödəniş cədvəlində xx.xx.2006-ci illərə görə ona iyul 2008-ci ildə 3532.88 manat pensiya hesablandığını, aylıq pensiya məbləğinin 185.81 manat olduğu, keçmiş dövr üçün fərqin 3347.07 manat təşkil etdiyi göstərilir. Cavabdehin xx.xx.2006-xx.xx.2008ci illərə görə təqdim etdiyi ödəniş sənədləri bir-birini təkzib edir. Belə ki, pensiya ödəyicisi kimi çıxış edən AВВ-nin Sumqayıt filialının xx.xx.2022-ci il tarixli Bank arayışında 144036 №-li uçot vərəqəsinə görə hesablanmış 3552.88 manat pensiyanın 2008-ci ilin iyulunda 312.88 manatının ödənildiyi qeyd edilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixli cavab məktubuna əlavə edilmiş pensiya ödənişi cədvəlinə görə aylıq pensiya məbləği 185.81 manat, ödənilmiş məbləğ 3532.88 manat kimi göstərilmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri
7. Cavabdeh iddiaya qarşı yazılı etirazında qeyd etmişdir ki, iddiaçının müraciətinə əsasən Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-C-13459/2023 nömrəli məktubda ona 2008-ci il üzrə ödənilmiş pensiya və keçmiş dövr fərq məbləğləri göstərilmişdir. X1 X2 əldə olunan məlumata əsasən, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası müraciəti əsasında xx.xx.2008-ci il tarixli qərarla (50 yaşdan) təyin edilmişdir. Eyni zamanda iddiaçının adına açılmış 144036 №-li uçot vərəqinə xx.xx.2008-ci il tarixə, yəni 50 yaşı tamam olduğu gündən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi əks olunmuşdur. X1 X5 Sistemindən əldə olunan məlumata əsasən iddiaçının kart hesabına 2008-ci il iyul ayı üzrə aylıq pensiya məbləği 185,81 manat və keçmiş dövr fərq məbləği 3347,07 manat olmaqla ümumilikdə 3532,88 manat pensiya məbləği köçürülmüşdür. İddiaçı iddia ərizəsində əsaslandığı Azərbaycan Respublikası Beynəlxalq Bankının Sumqayıt Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kart hesabından çıxarışdan görünür ki, iddiaçının kartına iyul ayı üzrə köçürülmüş məbləğ 3532,88 manat, kartdan naqdlaşdırılmış məbləğ 3220,00 manat, yekunda kartda qalan məbləğ 312,88 manatdır. İddiaçı iddia ərizəsində Azərbaycan Respublikası Beynəlxalq Bankının Sumqayıt Filialı tərəfindən verilən arayışa əsasən qeyd etdiyi 2008-ci ilin iyul ayı ərzində 312,88 manat aylıq pensiya ödənişi məbləği deyil, iddiaçının 3220,00 manatı nağdlaşdırdıqdan sonra balansında qalan məbləğdir. Qeyd olunan kart hesabından çıxarışa əsasən sonrakı aylar üzrə iddiaçının kartına köçürülmüş məbləğlərlə cavabdeh orqan tərəfindən iddiaçıya təqdim olunmuş pensiya ödəniş cədvəlində qeyd olunan məbləğlər uyğunluq təşkil edir.
Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
8. Sumqayıt İnzibati Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2-1(118)-2341/2023 nömrəli qərarı ilə iddia tələbi təmin edilməmişdir.
9. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçının iddia etdiyi kimi həmin məbləği almamasını təsdiq edən hər hansı sübut məhkəməyə təqdim edilməmişdir və əksinə cavabdehin təqdim etdiyi sənədlərlə mübahisələndirilən məbləğin iddiaçının hesabına ödənildiyi və onun tərəfindən nağdlaşdırıldığı öz təsdiqini tapır.
10. İddiaçı apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, qərar qəbul edilərkən məhkəmə MPM-nin 14, 88-ci maddələrinin, İPM-nin 33 və 73-cü maddələrinin tələblərinə əməl etməmiş, obyektiv araşdırma aparmamış, cavabdehin cavab məktubuna istinad etməklə faktiki halları araşdırmadan mübahisəyə hüquqi qiymət verilmişdir. Belə ki, hazırki mübahisənin predmetini xx.xx.2006-xx.xx.2008-ci illərə görə güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının tam məbləğdə ödənilməməsi təşkil edir. ABB-nin Sumqayıt Filialının xx.xx.2022-ci il tarixli 144036 №-li kart hesabından çıxarışa görə hesablanmış 3552,88 manat pensiyanın 312,88 manatı 2008-ci ilin iyulunda ödənilmişdir. Qalan 3240 manat (3552,88-312,88) pul ödənilməmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli, 3-17-1/2-C- 13459/2023 saylı məktubunda ümumilikdə 3552,88 manat pensiyanın iddiaçının hesabına köçürüldüyünü bildirmişdir. Əslində həmin dövrə görə (2 il) cəmi 312,88 manat pensiya ödənilmişdir. Qalan 3240 manatın kim tərəfindən alındığı məlum deyil. Cavabdeh həmin məktubunda qeyd edir ki, guya iyul (2008) ayında hesabına 3532,88 manat köçürülmüş, həmin pulun 3220,00 manatını nağd qaydada almışdır. Həmin vaxt kartında qalan məbləğ 312,88 manat olmuşdur. Cavabdehin xx.xx.2023-cü il tarixli məktubu ABB-nin xx.xx.2022ci il tarixli kart hesabından çıxarış ilə ziddiyyət təşkil edir. Belə ki, ABB-nin xx.xx.2022-ci il tarixli kart hesabından çıxarışda 3552,88 manatdan cəmi 312,88 manatın ödənildiyi bildirilmişdir. Məhkəmə əsl həqiqətə nail olmaq üçün ABB-nin Sumqayıt Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli Bank hesabından çıxarışa hüquqi qiymət verməmişdir. Mübahisəyə aydınlıq gətirmək üçün ABB-nin Sumqayıt Filialının əməkdaşı məhkəməyə dəvət edilərək izahatı alınmamışdır. Halbuki İPM-nin 13-cü maddəsinə görə “Məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur” Apellyasiya şikayətinə etirazın dəlilləri.
12. Cavabdeh apellyasiya şikayətinə etiraz təqdim etmiş və təmin edilməməmsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları
13. Məhkəmə kollegiyasının iclasında iddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək onun təmin edilməsini xahiş etmişdir.
14. Məhkəmə kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək, təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.
16. “Əmək pensiyaları haqqında” Qanun: (01 yanvar 2006-cı ildən qüvvəyə minmişdir) Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 7. Yaşa görə əmək pensiyasının təyin edilməsi şərtləri 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Maddə 9.1. Axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar- 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır (10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmişdir). Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir.
17. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun: Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçiləristehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır.
18. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 №-li Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququverən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” 2 №-li Siyahısı.
19. “İnzibati icraat haqqında” Qanun: Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.
20. İnzibati Prosessual Məcəllə: Maddə 12.1. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 34.1. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
21. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
22. Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
23. Belə ki, hazırkı mübahisənin predmetini iddiaçıya güzəştli şərtlərlə təyin edilmiş əmək pensiyasının 24 aylıq dövrü üçün ödənilməmiş hissəsinin ödənilməsi təşkil edir.
24. İddiaçı iddia edir ki, xx.xx.2008-ci ildə ona əmək pensiyası təyin edilmişdir. Halbuki, ona 50 yaşdan əmək pensiyası təyin edilməli idi. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubla ona xx.xx.2006-xx.xx.2008-ci illərə görə pensiyanın ödənildiyini bildirmişdir. O, cavabdehin imtinası ilə razılaşmır. xx.xx.2006-xx.xx.2008-ci illərə görə (24 ay üçün) ona 3532.88 manat hesablanmışdır. O, isə həmin məbləğdən cəmi 312.88 manatını almışdır. Qalıq 3220.00 manatı almamışdır.
25. Birinci instansiya məhkəməsi iddianı rədd etmiş və hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış, iddiaçıya cavabdeh tərəfindən ötən dövr üzrə 3532,88 manat fərq məbləği ödənilmişdir.
26. İddiaçı isə həmin qərarla razılaşmamışdır.
27. Cavabdeh inzibati orqan tərəfindən təqdim edilmiş inzibati icraat materialları, o cümlədən Azərbaycan Respublikası Beynəlxalq Bankının Sumqayıt Filialı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli kart hesabından çıxarışa əsasən, iddiaçının kartına iyul ayı üzrə köçürülmüş məbləğ 3532,88 manat, kartdan naqdlaşdırılmış məbləğ 3220,00 manat, yekunda kartda qalan məbləğ 312,88 manatdır.
28. Məhkəmə kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə iddiaçının adına açılmış bank hesabından 2008-ci il 1 iyundan-2008-ci il 31 dekabra qədər dövr üzrə çıxarış məlumatlarının və sənədlərin təsdiq edilmiş surətinin "xxxx" ASC-dən və "xxxx" ASC-nin Sumqayıt filialından qısa müddət ərzində məhkəməyə təqdim edilməsi xahiş olunmuş, iddiaçının hesabdan çıxarış məlumatlarına əsasən 2008-ci ilin avqust ayında balansında 3532, 88 manat olmuş, 3220 manat istifadə olunduqdan sonra, balansda 312,88 manat qalmışdır.
29. Qeyd olunmalıdır ki, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə iddiaçı faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir.
30. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı tələbində haqlı olmamış, buna görə də hazırkı mübahisə üzrə cavabdehin imtinası qanuna zidd deyil və iddiaçının hüquqlarını pozmamışdır, imtina mövcud inzibati praktikaya uyğun, cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur (“İnzibati icraat haqqında” AR Qanununun 13.2 və 17-ci maddələri).
31. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
32. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 11 sentyabr 2023-cü il tarixli, 2-1(118)-2341/2023 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.