Məhkəmə qərarları › İş №2-1(105)-196/2025

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-196/2025

24.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-196/2025 24.02.2025 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi hakim Hacıyev Vahid Məcid oğlu, hakimlər Əzizova Vəfa Ehtiram qızı və Axundov Toğrul Bəhruz oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı və cavabdeh Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1839/2024 nömrəli qərarından İddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, müəyyən etdi: Sumqayıt İnzibati Məhkəməsinin (hakim Leyla Mirzəyeva) xx.xx.2024-cü il tarixli 2-1(118)- 1839/2024 nömrəli qərarı ilə İddiaçı cavabdeh Xaçmaz rayon Xaçmaz bələdiyyəsinə qarşı “cavabdeh Xaçmaz Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 saylı qərarına əsasən Xaçmaz şəhəri Cavadxan küçəsindəki ərazidən fərdi yaşayış evi tikmək üçün iddiaçının mərhum əri X5 800 kv.m torpaq sahəsinin satılması nəzərdə tutulan əraziyə uyğun Xaçmaz şəhərinin başqa ərazisindən 800 kv.m torpaq sahəsinin ayrılaraq verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddiası rədd edilmişdir. İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İşin halları: İddiaçı cavabdeh Xaçmaz rayon Xaçmaz bələdiyyəsinə qarşı iddia ərizəsi ilə xx.xx.2023-cü il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, cavabdeh Xaçmaz Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 saylı qərarına əsasən Xaçmaz şəhəri Cavadxan küçəsindəki ərazidən fərdi yaşayış evi tikmək üçün iddiaçının mərhum əri X5 800 kv.m torpaq sahəsinin satılması nəzərdə tutulan əraziyə uyğun Xaçmaz şəhərinin başqa ərazisindən 800 kv.m torpaq sahəsinin ayrılaraq ona verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Xaçmaz Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 saylı qərarına əsasən Xaçmaz şəhəri Cavadxan küçəsindəki ərazidən fərdi yaşayış evi tikmək üçün iddiaçının mərhum əri X5 800 kv.m torpaq sahəsi satılmışdır. Torpaq sahəsinin dəyəri olan 3.600.000 (AZM) manat pul xx.xx.2005-ci il tarixli 191 nömrəli kassa mədaxil orderinin qəbzinə əsasən X7 tərəfindən Xaçmaz Bələdiyyəsinin hesabına köçürülmüşdür. Torpaqların alqı-satqısına dair akt tərtib edilərək ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsi tərəfindən xx.xx.2005-ci il tarixdə 3137 nömrə ilə qeydiyyata alınmışdır. Torpaq sahəsi satılmamışdan əvvəl ləğv edilmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin müdiri Ş.Aslanov tərəfindən xx.xx.2005-ci il tarixli 244/2 saylı müvafiq rəy alınmışdır. Həmin rəydə göstərilir ki, X5 Xaçmaz Bələdiyyəsinin torpaq fondundan fərdi yaşayış evi tikmək məqsədi ilə satılması nəzərdə tutulan 800 kv.m torpaq sahəsi Xaçmaz Bələdiyyəsinin şəhərdaxili torpaqlarına aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi Xaçmaz Bələdiyyəsinin şəhərdaxili torpaqlarına aid olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. Xaçmaz rayon Dövlət Arxivinin 22 may 2020-ci il tarixli 275 saylı arxiv arayışı ilə təsdiq olunur ki, həqiqətən də, Xaçmaz Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 saylı qərarı ilə siyahıda 75-ci X7 olmaqla 800 kv.m torpaq sahəsi satılması qərara alınmışdır. Sonradan müəyyən olunmuşdur ki, torpaq sahəsinin satılması nəzərdə tutulan Xaçmaz şəhəri Cavadxan küçəsi ərazisindəki torpaq sahəsi dövlət fondu torpaqlarına aid olduğuna görə vətəndaşlara satıla bilməzdi. Bu səbəbdən də həmin vaxt bələdiyyə tərəfindən bildirilmişdir ki, Xaçmaz şəhərinin başqa ərazisindən torpaq sahəsi ölçülüb veriləcəkdir. Lakin hər dəfə torpaq sahələri paylanarkən müxtəlif bəhanələrlə iddiaçıya torpaq sahəsi verilməmişdir. Nəhayət torpaq sahəsinə müvafiq çıxarışın alınması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə etdiyi müraciətə cavab olaraq ərazinin 1:2000 və 1:10000 miqyasda təsdiqlənmiş yerquruluşu sxemləri tələb edilmişdir. Cavabdeh Xaçmaz Bələdiyyəsi həmin sənədləri verməmiş və səbəbini belə izah etmişdir ki, torpaq sahəsi bələdiyyə fonduna aid deyildir və dövlət torpaq fonduna aid olduğuna görə qeyd olunan sxemlərin verilməsi mümkün deyildir. Lakin iddiaçı dəfələrlə tələb etsə də, bu barədə rəsmi sənəd verilməmişdir. Bu səbəbdən də iddiaçı məhkəməyə müraciət etməyə məcbur olmuşdur. İş üzrə yuxarıda göstərilən məhkəmə aktları qəbul edilmişdir. Apellyasiya şikayətinin dəlilləri və tərəflərin izahatları: İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən göstərimişdir ki, bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin vətəndaşların mülkiyyətinə ayrılması cavabdeh inzibati orqanın diskresion səlahiyyəti kimi müəyyən edilmişdir. Yəni həmin səlahiyyətlə cavabdeh orqana öz seçimi ilə davranış imkanı verilmişdir. Diskresion səlahiyyətlər inzibati orqanın öz mülahizəsinə görə tətbiq edə biləcəyi səlahiyyətlərdir və qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi deməkdir. Lakin aydındır ki, inzibati orqan özünün diskresion səlahiyyətini özbaşına və hüdudsuz istifadə edə bilməz. Bu səlahiyyət heç bir halda inzibati orqana əsaslandırılmamış şəkildə hər hansı qanuni meyarlara söykənmədən öz mülahizəsinə uyğun davranmaq imkanının verilməsi kimi də yozula bilməz. Hər bir inzibati orqan özünün malik olduğu diskresion səlahiyyətləri qanuni güddüyü məqsəd naminə və səlahiyyətlərin qanunla müəyyən edilmiş hüdudları daxilində həyata keçirməlidir. Diskresion səlahiyyətlər həddində hərəkət edən inzibati orqanın fəaliyyətinin məhkəmə tərəfindən yoxlanılması da məhz bu meyarlara əsaslanmaqla inzibati orqanın hərəkətlərinə qiymət verilməsini ehtiva edir. Hazırkı işdə də cavabdehin torpaq sahəsini mülkiyyətə ayırıb-ayırmaması ilə bağlı diskresion səlahiyyətləri vardır və cavabdeh tərəfindən qanunvericiliklə ona verilmiş diskresion səlahiyyətlərin həddinin aşıldığı müəyyən olunmur. Məhkəmənin bu yanaşması tam əsassızdır. Belə ki, cavabdeh orqan iddiaçının mərhum əri X5 torpaq sahəsini satmış, satılan torpaq sahəsinin dəyərini almış və inzibati orqanın satılan torpaq sahəsini onlara təhvil vermək, bu mümkün olmadıqda, başqa yerdən həmin satılan torpaq sahəsinin ölçüsünə, satılması nəzərdə tutulan əraziyə uyğun 800 kv.m torpaq sahəsinin ayıraraq verməsi cavabdeh orqanın vəzifəsidir. Lakin məhkəmə cavabdehi bu öhdəlikdən azad etmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə etdi və izahatında əlavə olaraq bildirdi ki, Xaçmaz Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 saylı qərarına əsasən Xaçmaz şəhəri Cavadxan küçəsindəki ərazidən fərdi yaşayış evi tikmək üçün mərhum əri X5 800 kv.m torpaq sahəsinin satılması qərara alınmışdır. O, X7 ilə xx.xx.2002-ci ildə rəsmi nikah bağlayaraq ailə qurmuşdur, torpaq sahəsini birgə nikah dövründə əldə etmişlər. Xaçmaz Bələdiyyəsi torpaq sahəsini satdıqdan sonra yerini onlara göstərməmiş və yerində təhvil verməmişdir. X7 aldıqları torpaq sahəsinin bazarın arxa tərəfində yerləşdiyini ona bildirmişdir. Sonradan bildirilmişdir ki, onlara və digər 7 nəfər vətəndaşa ayrılmış torpaq sahəsi parkın ərazisinə düşdüyünə görə Xaçmaz Bələdiyyəsi 2012-2013-cü illərdə həmin 7 nəfərə Xaçmaz şəhərində 9 nömrəli orta məktəbin yanında torpaq sahələri ayırmış və həmin vətəndaşlar orada özlərinə evlər tikmişlər. Onun əri X7 xx.xx.2013-cü ildə qəfildən baş beyinə qansızmadan ölmüşdür. Ərinin ölməsindən istifadə edərək onlara həmin ərazidən torpaq sahəsi ayrılmamışdır. Bələdiyyənin bildirdiyinə görə onlara ayrılmış torpaq sahəsinin yerləşdiyi ərazidə ev tikintisi üçün yer qalmayıb, ərazidə park salınıb, şam ağacları əkilib. Onlara satılması nəzərdə tutulmuş torpaq sahəsi park kimi istifadə olunur. Bələdiyyə tərəfindən torpaq sahəsinin qarşılığında ona 720 manat pul təklif olunur. Hesab edir ki, 800 kv.m torpaq sahəsi qarşılığında təklif edilən həmin məbləğ çox azdır, hazırda torpaq sahəsinin 1 sotu 2.000 manatdır. Onun himayəsində iki övladı qalmışdır, onlardan biri əsgərdir. O, ərizə ilə Xaçmaz Bələdiyyəsinə müraciət edərək torpaq sahəsinin əvəzində Xaçmaz şəhərinin ərazisində başqa yerdən eyni ölçüdə torpaq sahəsinin ayrılmasını və ya hazırkı bazar qiymətlərinə uyğun olaraq ona kompensasiya ödənilməsini xahiş etmişdir. Lakin bələdiyyə onun müraciətinə müsbət cavab verməmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən qeyd olunan halları nəzərə almamış, işin faktiki hallarını tam və hərtərəfli araşdırmamış, qanunsuz və əsassız qərar qəbul etməklə, onun iddia tələbini rədd etmişdir. Ona görə də, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş edir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə2 apellyasiya şikayətinə qarşı yazılı etiraz təqdim etdi və izahatında bildirdi ki, Xaçmaz Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 saylı qərarına əsasən Xaçmaz şəhəri Cavadxan küçəsindəki ərazidən fərdi yaşayış evi tikmək üçün iddiaçının mərhum əri X5 ayrılmış 800 kv.m torpaq sahəsi yerində mövcud deyildir. İş materiallarında olan arxiv arayışında torpaq sahəsinin hansı küçədən ayrılmasını müəyyən etmək mümkün olmur. İddiaçı tərəfindən təqdim edilmiş protokoldan çıxarışda Xaçmaz şəhəri Cavadxan küçəsi qeyd edilmişdir. 2010-cu ildən Xaçmaz şəhəri ərazisində boş torpaq sahəsi demək olar ki, yoxdur. Şəhid ailələri və qazilər üçün belə Xaçmaz şəhərindən deyil, kəndlərin ərazisindən torpaq sahəsi ayrılır. Yalnız zəbt olunmuş torpaq sahələrinin başqa şəxslərə satılması mümkün olmadığı hallarda vətəndaşların özlərinə satılır. Torpaq sahələri vətəndaşlara satılsa da, çıxarış olmadığına görə boş torpaq sahəsi olaraq görünür. Bələdiyyənin özünün elektron xəritəsi yoxdur. İddiaçının mərhum əri torpaq sahəsi ayrılacaq şəxslərin siyahısı üzrə 75-ci yerdədir. Həmin siyahı üzrə olan 8 nəfərdən 5 nəfərinə ayrılmış torpaq sahəsinin əvəzində 2012-2013-cü illərdə Xaçmaz şəhəri 9 nömrəli məktəbin yanında torpaq sahələri ayrılaraq təhvil verilmişdir. Lakin iddiaçının əri sağlığında və onun ölümündən sonra həmin vaxt iddiaçı özü Xaçmaz Bələdiyyəsinə müraciət etmədiyinə görə onlara satılmış 800 kv.m torpaq sahəsinin əvəzində Xaçmaz şəhəri 9 nömrəli məktəbin yanında torpaq sahəsi verilməmişdir. X3 boş torpaq torpaq sahəsi yoxdur. İddiaçıya bələdiyyə tərəfindən təklif etmişlər ki, torpaq sahəsi almaq üçün növbəyə durarsa, mübahisəli torpaq sahəsinin alınması üçün pul vəsaitinin bələdiyyənin hesabına ödənildiyi təsdiq olunarsa, ödənilmiş vəsait ona növbə əsasında ayrılacaq torpaq sahəsinin dəyərinin ödənişi kimi qəbul oluna bilər. Qeyd olunanlara əsasən apellyasiya şikayətinin rədd edilməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş edir. Hüquqi məsələlər: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, iş materiallarında olan sənədləri araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, birinci instansiyası məhkəməsi tərəfindən İnzibati Prosessual Məcəllənin 12-ci və 58.7-ci maddələrinin tələbləri pozularaq işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmədiyindən, eyni zamanda, mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmadığından, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməklə, iddianın qismən təmin edilməsi barədə yeni qərar qəbul edilməlidir. Belə ki, işdə olan rəsmi sənədlərdən göründüyü kimi, Cavadova (Hüseynova) Fatimə Əkrəm qızı və X7 xx.xx.2002-ci ildə rəsmi nikah bağlayaraq evlənmişlər. Birgə nikah dövründə X7 ərizə ilə xx.xx.2004-cü il tarixdə Xaçmaz Bələdiyyəsinə müraciət edərək, fərdi yaşayış evinin tikintisi üçün torpaq sahəsinin ona satılmasını xahiş etmişdir. Xaçmaz Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 saylı iclasının qərarına əsasən Xaçmaz şəhəri Cavadxan küçəsindəki ərazidən fərdi yaşayış evi tikmək üçün X5 800 kv.m torpaq sahəsi satılması qərara alınmışdır. Satılan 800 kv.m torpaq sahəsinin dəyəri olan 3.600.000 (AZM) manat pul xx.xx.2005-ci il tarixli 191 nömrəli kassa mədaxil orderinin qəbzinə əsasən X7 tərəfindən Xaçmaz Bələdiyyəsinin hesabına əvvəlcədən köçürülmüşdür. Mülki Məcəllənin 152.4-cü maddəsinə əsasən sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. Mülki Məcəllənin 567-ci maddəsinə əsasən alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Mülki Məcəllənin 568.1-ci maddəsinə əsasən satıcı alğı-satqı müqaviləsində nəzərdə tutulan əşyanı alıcıya verməyə borcludur. Mülki Məcəllənin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Mülki Məcəllənin 648.1-ci maddəsinə əsasən daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. Torpaq Məcəlləsinin 47-ci maddəsinin 6-cı hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlar bu Məcəllə ilə, bələdiyyələr haqqında qanunlarla və digər normativ-hüquqi aktlarla müəyyən edilmiş qaydada mülkiyyətə, istifadəyə və icarəyə verilə bilər. Torpaq Məcəlləsinin 47-ci maddəsinin 7-ci hissəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsini, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni bələdiyyələr həyata keçirirlər. Bələdiyyələr bələdiyyə mülkiyyətinə torpaq alınması zəruriyyəti yarandığı hallarda dövlət mülkiyyətindən torpaq almaq barədə müvafiq icra hakimiyyəti orqanları qarşısında vəsatət qaldırır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsi bələdiyyələrə qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək hüququ vermişdir. Qanunun 5.1-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaqlara sərəncam verilməsi, həmin torpaqların istifadəsi və mühafizəsi sahəsində idarəetməni həyata keçirmək bələdiyyələrin müstəsna hüququdur. Qanunun 5.2-ci maddəsinə əsasən bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hüdudları, növləri və ölçüləri müəyyən edilən gündən “Torpaq islahatı haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsinin birinci hissəsi ilə bələdiyyə torpaqlarının idarə olunması sahəsində müvafiq icra hakimiyyəti orqanlarına verilmiş səlahiyyətlər həyata keçirilə bilməz. Qanunun 5.3-cü maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və bu torpaqlar barəsində sərəncam vermək sahəsində bələdiyyələrin hüquqlarını məhdudlaşdıran qərarlar qəbul edilməsinə yol verilmir. Qanunun 6.2-ci bəndinə Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. Azərbaycan Respublikasının xx.xx.2002-ci il tarixli 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin 13-1-ci bəndinə əsasən bələdiyyələrin ehtiyat fondunun özəlləşdirilə bilən torpaq sahələri Azərbaycan Respublikası vətəndaşlarının və hüquqi şəxslərinin mülkiyyətinə alğısatqı qaydasında verilir. Əsasnamənin 15-ci bəndinə əsasən bələdiyyə torpaq sahəsinin ayrılmasının mümkünlüyünü dəqiqləşdirmək məqsədi ilə müraciətdə göstərilənlərə, ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə baxır, hüquqi və fiziki şəxslərin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinə yerində baxış keçirir. Əsasnamənin 16-cı bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı həmin ərazinin yerquruluşu-təsərrüfat planına, yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olarsa və həmin yer başqa hüquqi və fiziki şəxsin mülkiyyətinə, istifadəsinə və ya icarəsinə verilməmişdirsə, habelə elektrik, rabitə, nəqliyyat, qaz, su, kanalizasiya və digər kommunikasiya xətlərinin mühafizə zolağında və sürüşmə zonasında yerləşməmişdirsə, bələdiyyə hərrac və ya müsabiqənin keçirilməsi məqsədilə torpaq sahəsi üzərində bələdiyyənin mülkiyyət hüququnun qeydiyyata alınma proseduruna başlanmasının və ya bu Əsasnamənin 10-cu bəndində nəzərdə tutulmuş hallarda müraciət edən hüquqi və fiziki şəxsə torpaq sahəsinin ayrılmasının məqsədəuyğunluğu barədə qərar qəbul edir. Həmin ərazidə torpaq sahəsinin ayrılması mümkün olmadığı halda bələdiyyə müraciət edən şəxsə yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olan boş torpaq sahəsi təklif edir və ya torpaq sahəsinin ayrılmasından imtina edilməsi barədə qərar qəbul edir. Bələdiyyə imtinanın səbəblərini göstərməklə müraciət etmiş şəxsə əsaslandırılmış cavab verir. Torpaq sahəsinin verilməsindən imtina edilməsi barədə bələdiyyənin qərarından bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqana və ya məhkəmə qaydasında şikayət verilə bilər. Əsasnamənin 17-ci bəndinə əsasən bələdiyyə hüquqi və fiziki şəxsin müraciətində göstərilmiş yerdə torpaq sahəsinin ayrılmasını məqsədəuyğun hesab etdiyi halda 5 gün müddətində müraciətdən çıxarışı torpaq sahəsinin planı və ölçüsünü hazırlamaq üçün müvafiq icra hakimiyyəti orqanına göndərir. Əsasnamənin 18-ci bəndinə əsasən müvafiq icra hakimiyyəti orqanı 10 gün müddətində bələdiyyənin iştirakı ilə ayrılması nəzərdə tutulan torpaq sahəsinin yerini, habelə torpaq sahəsinin yerləşdiyi zonanı (torpaq sahəsinin normativ qiymətini müəyyən etmək üçün) dəqiqləşdirir. Əsasnamənin 19-cu bəndinə əsasən ayrılması nəzərdə tutulan torpaq sahəsinin məqsədli təyinatı yaşayış məntəqəsinin baş planına, ərazinin planlaşdırılması və tikintisi layihələrinə uyğun olduğu halda müvafiq icra hakimiyyəti orqanı yerquruluşu işlərini (planalma) aparır və həmin yerin planı və ölçüsünü sahənin ölçüsündən asılı olaraq tələb olunan miqyasda (1:500, 1:2000, 1:5000 və ya 1:10000 miqyasında) hazırlayır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsində xx.xx.2005-ci il tarixdə 3137 nömrə ilə qeydiyyata alınmış torpaqların alqı-satqısına dair aktdan müəyyən edilir ki, ünvan 1 ünvanda yaşayan X7 xx.xx.2004-cü il tarixdə ərizə ilə torpaq sahəsi almaq üçün Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Xaçmaz bələdiyyə ərazisində 800 kv.m torpaq sahəsinin satılması barədə xx.xx.2005-ci il tarixli 05 saylı qərar qəbul edilmişdir. Bunun müqavibilində X7 tərəfindən Xaçmaz Bələdiyyəsinin hesabına xx.xx.2005-ci il tarixli 191 nömrəli qəbzə əsasən 3.600.000 (AZM) manat pul ödənilmişdir. Bu akt Xaçmaz Bələdiyyəsinin sədri V.Hacımirzəyev, torpaq alan H.Cavadov və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin müdiri X2 iştirakı ilə xx.xx.2005-ci il tarixdə tərtib edilərək imza və möhürlərlə təsdiq edilmişdir. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin müdiri Ş.Aslanov tərəfindən xx.xx.2005-ci il tarixli 244/2 saylı rəydən müəyyən edilir ki, X5 Xaçmaz Bələdiyyəsinin torpaq fondundan fərdi yaşayış evi tikmək məqsədi ilə 800 kv.m torpaq sahəsinin satılmasına dair sənədlərə Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsində baxılmışdır. Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsi bildirmişdir ki, fərdi yaşayış evi tikmək məqsədi ilə satılması nəzərdə tutulmuş 800 kv.m torpaq sahəsi Xaçmaz Bələdiyyəsinin şəhərdaxili torpaqlarına aiddir və alqı-satqı predmetidir. Satılması nəzərdə tutulan torpaq sahəsi Xaçmaz Bələdiyyəsinin şəhərdaxili torpaqlarına aid olmaqla həmin məqsəd üçün satılması qanuna müvafiqdir. Xaçmaz rayon Dövlət Arxivinin müdiri İ.S.Ömərova tərəfindən ünvan 1 ünvanda yaşayan İddiaçı verilmiş xx.xx.2020-ci il tarixli 275 saylı arxiv çıxarışı ilə təsdiq olunur ki, Xaçmaz Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 saylı iclasının protokolundan çıxarışa əsasən siyahıda 75-ci olan X5 800 kv.m torpaq sahəsi satılması qərara alınmışdır. Qərarın icrasına əzarət Xaçmaz Bələdiyyəsinin torpaq Komissiyasına tapşırılmışdır. Əsas: fond 104, s.1, iş 13, v 36. Xaçmaz rayon qeydiyyat şöbəsi tərəfindən verilmiş xx.xx.2013-cü il tarixli AZ-İ 621899 nömrəli ölüm haqqında şəhadətnamədən müəyyən edilir ki, X7 xx.xx.2013-cü ildə baş beyinə qansızma nəticəsində Quba şəhərində ölmüşdür. Xaçmaz rayon 1 saylı notariat ofisinin notariusu Dəyanət Tağıyev tərəfindən Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə ünvanladığı xx.xx.2023-cü il tarixli 15 nömrəli məktubdan müəyyən edilir ki, İddiaçı, X8 və X6 xx.xx.2013-cü ildə vəfat etmiş X4 qanun üzrə vərəsələri sırasına daxildir. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli 3-21-3-34/2-C-0002-8/2023 nömrəli məktubundan müəyyən edilir ki, Xaçmaz şəhərində yerləşən 0.08 ha həyətyanı torpaq sahəsi üzərində mərhum X4 mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair İddiaçı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 5 saylı Xaçmaz Ərazi İdarəsinə daxil olmuş xx.xx.2023-cü il tarixli ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxılmışdır. Bildirilmişdir ki, mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə əlaqədar müraciət edilmiş 0,08 ha torpaq sahəsinə dair sənədlər tam təqdim edilməmişdir. Belə ki, Xaçmaz rayonu Xaçmaz bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 saylı qərarı əsasında tərtib olunmuş torpaqların alqı-satqısına dair aktın arxiv nüsxəsi, satılması nəzərdə tutulan 0,08 ha torpaq sahəsinin yerləşdiyi ərazinin 1:2000 və 1:10000 miqyasda təsdiqlənmiş yerquruluşu sxemləri və Xaçmaz Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 saylı qərarının qüvvədə olması barədə arayışı İddiaçı ərizəsinə əlavə olunmadığına görə ərizənin icrası mümkün olmamışdır. Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsi xx.xx.2023-cü il tarixli 122 nömrəli məktubla İddiaçı xx.xx.2023-cü il tarixli ərizəsinə cavab verərək bildirmişdir ki, mərhum əri X5 Xaçmaz Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 saylı qərarına əsasən Xaçmaz şəhəri Cavadxan küçəsindən torpaq ayrılması ilə bağlı müraciətində göstərilən sənədləşmə işlərinin davamı X5 aid notarial qaydada vərəsəliyi təsdiq olunmuş şəxs tərəfindən müvafiq vərəsəlik şəhadətnaməsi təqdim edildikdən sonra qanuni qaydada həll ediləcəkdir. Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsi xx.xx.2024-cü il tarixli 37 nömrəli məktubla İddiaçı xx.xx.2024-cü il tarixli ərizəsinə cavab verərək bildirmişdir ki, Xaçmaz bələdiyyəsi tərəfindən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsinin və memarlıq şöbəsinin rəyinə əsasən Xaçmaz şəhər Avtobaza parkında nəzərə alınmışdır. Lakin həmin ərazidə Avtobaza parkının torpaq sahəsi olduğu üçün ona torpaq sahəsi ayrılması mümkün deyildir. Göründüyü kimi, ünvan 1 ünvanda yaşayan X7 xx.xx.2004-cü il tarixdə ərizə ilə torpaq sahəsi almaq üçün Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinə müraciət etmişdir. Ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və Xaçmaz şəhəri Cavadxan küçəsindəki ərazidən fərdi yaşayış evi tikmək üçün 800 kv.m torpaq sahəsinin ünvan 1 ünvanda yaşayan X5 (iddiaçının mərhum ərinə) satılması barədə xx.xx.2005-ci il tarixli 05 saylı qərar qəbul edilmişdir. Bunun müqabilində X7 tərəfindən Xaçmaz Bələdiyyəsinin hesabına xx.xx.2005-ci il tarixli 191 nömrəli qəbzə əsasən 3.600.000 (AZM) manat pul ödənilmişdir. Bu barədə Xaçmaz Bələdiyyəsinin sədri V.Hacımirzəyev, torpaq alan H.Cavadov və Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsinin müdiri X2 iştirakı ilə xx.xx.2005-ci il tarixdə torpaqların alqı-satqısına dair akt tərtib edilərək imza və möhürlərlə təsdiq edilmiş və həmin akt Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon Şöbəsində xx.xx.2005-ci il tarixdə 3137 nömrə ilə qeydiyyata alınmışdır. İddiaçı tərəf torpaq sahəsinin alqı-satqısı barədə müqavilə üzrə üzərinə düşən öhdəliyini icra etsə də, satıcı olaraq cavabdeh Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsi hazırkı vaxta kimi öz vəzifəsinin icrasından yayınır və satdığı Xaçmaz şəhəri Cavadxan küçəsindəki ərazidən fərdi yaşayış evi tikmək üçün 800 kv.m torpaq sahəsini İddiaçı istifadəsinə, sahibliyinə və sərəncamına təhvil verməmişdir. Həmçinin torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun qeydiyyata alınması üçün lazım olan sənədləri tərtib edərək təqdim etmir, yəni mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə vəzifəsini icra etmir. Cavabdeh bələdiyyə tərəfindən səlahiyyətlərinin icrası zamanı qeyd edilən Əsasnamənin və digər qanunvericilik aktlarının tələblərinə riayət edilməmiş, habelə həmin tələblərə riayət etməsinə dair heç bir sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin, məhkəmə iclasında cavabdehin səlahiyyətli nümayəndəsinin verdiyi izahatında iddiaçının müraciətinin təmin edilməməsinin səbəbinin bələdiyyənin mülkiyyətində həmin ərazidə yerləşən boş torpaq sahəsinin olmaması və torpaq sahəsinin ayrılması barədə qərar qəbul edilməsindən sonrakı dövrdə iddiaçının və onun mərhum ərinin torpaq sahəsinin yerində tanıdılması ilə bağlı müraciətinin olmaması ilə əsaslandırmışdır. Cavabdehin nümayəndəsi bildirir ki, Xaçmaz bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 saylı qərar əsasında iddiaçının mərhum əri ilə birlikdə torpaq sahəsi satılmış 8 nəfərdən 5 nəfərinə həmin torpaq sahələrinin əvəzində 2012-2013cü illər ərzində Xaçmaz şəhəri 9 saylı məktəbin yanında torpaq sahələri ayrılmışdır. Həmin ərəfədə iddiaçı və ya onun mərhum əri onlara da Xaçmaz şəhəri 9 saylı məktəbin yanında torpaq sahəsi verilməsi ilə bağlı bələdiyyəyə müraciət etməmişlər. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh bələdiyyə iddiaçının mərhum əri ilə birlikdə torpaq sahəsi almış şəxslərə, onların torpaq sahəsinin əvəzində Xaçmaz şəhəri 9 saylı məktəbin yanında torpaq sahələri verən zaman iddiaçı və ya onun mərhum ərini dəvət etməli və onlara da həmin ərazidən torpaq sahəsi təklif etməli olduğu halda bunu etməmişdir. Cavabdeh bələdiyyə tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələbinə uyğun olaraq iddiaçının xeyrinə olan bütün hallar araşdırılmamış, ona uyğun inzibati icraat aparılmamış, öz səlahiyyətlərinin icrasının təmin edilməsi istiqamətində mümkün hüquqi müdafiə vasitələrindən istifadə etməklə, qanunla müəyyən edilmiş qaydada araşdırma aparmalı olduğu halda, qeyd edilən hallarla bağlı heç bir araşdırma aparmamışdır. Bununla da, cavabdeh bələdiyyə tərəfindən indiki halda iddiaçıya münasibətdə “İnzibati icraat haqqında” Qanunun tələbləri də pozulmuşdur. Belə ki, qeyd edilən Qanunun 16-cı maddəsinə əsasən fiziki və ya hüquqi şəxsə münasibətdə hər hansı hüquq normasını tətbiq etməli olan inzibati orqan, maraqlı şəxsin vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda öz təşəbbüsü ilə həmin normanı tətbiq etməyə borcludur, 16.2-ci maddəsinə əsasən hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır, 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Nəticə etibarilə məhkəmə kollegiyası hesab edir ki, indiki halda cavabdeh bələdiyyə tərəfindən iddiaçının müraciətinə həm “İnzibati icraat haqqında” Qanunun, həm də Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli, 274-İİQ saylı Qanunu ilə təsdiq edilmiş "Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında" Əsasnamənin tələblərinə uyğun olaraq baxılmamışdır. Başqa sözlə desək, qeyd edilən qanunvericilik normalarının tələbinə əsasən iddiaçının mərhum ərinə satılmış torpaq sahəsinin yerinin müəyyən edilməsi, cavabdehin bildirdiyi kimi həmin torpaq sahəsi həqiqətən də Avtobaza parkının ərazisi hesab edildiyi təqdirdə, onlara bu torpaq sahəsinin əvəzində bələdiyyənin ehtiyat fondundan digər ərazidə torpaq sahəsinin ayrılması təklif edilməmiş, torpaq sahəsi mövcud olmadığı təqdirdə isə dəyəri 2005-ci ildən bələdiyyənin hesabına ödənilmiş 800 kv.m torpaq sahəsinin hazırkı bazar dəyərinə uyğun olaraq iddiaçıya kompensasiya ödənilməsi təklif edilməmiş, iddiaçının Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 saylı iclasının qərarına əsasən Xaçmaz şəhəri Cavadxan küçəsindəki ərazidən fərdi yaşayış evi tikmək üçün mərhum X1 800 kv.m torpaq sahəsinin əvəzində Xaçmaz şəhərinin başqa ərazisindən 800 kv.m torpaq sahəsinin ayrılaraq İddiaçı verilməsi və ya ona torpaq sahəsinin bazar qiymətlərinə uyğun olaraq kompensasiya ödənilməsinə dair cavabdeh bələdiyyə orqanına yazdığı ərizəsinin həlli ilə bağlı cavabdeh bələdiyyə tərəfindən qanunvericiliyin tələblərinə uyğun inzibati icraat aparılmamış, bu istiqamətdə qanunla müəyyən edilmiş qaydada müvafiq tədbirləri icra etməli olduğu halda, heç bir hərəkət etməmiş, formal olaraq boş torpaq sahəsinin olmaması halına istinad etmişdir. Satıcı kimi vəzifələrini yerinə yetirərək satdığı torpaq sahəsini yerində iddiaçının mərhum ərinə və ya iddiaçıya təhvil verməmişdir. İndiki halda cavabdeh bələdiyyə tərəfindən heç bir araşdırma aparmadan, səlahiyyətlərini lazimi qaydada icra etmədən, qanunla yol verilən tədbirləri həyata keçirmədən iddiaçıya münasibətdə qanunla tanınan hüququnun realizəsindən imtina edilməsi həmin şəxsin hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmaqla, qanunvericiliyin qeyd olunan normalarının mahiyyətinə və məqsədinə də zidd olmuşdur. Qeyd edilməlidir ki, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar və yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Qanunvericinin təsbit etdiyi bu tələblər eyni zamanda hüquqi dövlətdə qanunun aliliyi və qanunçuluq prinsiplərindən irəli gəlir. Qanunvericinin bu yanaşmasının məqsədi hüquqi dövlətdə qanuni qərar qəbul etməyə borclu olan inzibati orqan tərəfindən qanunun tələblərinə cavab verən inzibati icraat üzrə yalnız hərtərəfli və obyektiv, düzgün qərar qəbul etməyə imkan verən həcmdə araşdırma aparıldıqdan sonra, onun tərəfindən əsaslandırılmış qərarın qəbul olunmasını və bunun üzərindən qanunçuluq prinsipini, xüsusilə də mübahisə yarandığı təqdirdə, məhkəmə tərəfindən həmin qərarın qanunauyğunluğunun inzibati icraat materialları əsasında səmərəli şəkildə yoxlanılmasını təmin etməkdən ibarətdir. Başqa sözlə, inzibati icraat və proses hüququnun konsepsiyasına görə, inzibati məhkəmə inzibati orqanın əvəzinə icraat aparmaq və ya natamam aparılmış inzibati icraatı tamamlamaq öhdəliyi daşımır, məhkəmə ona təqdim olunmuş icraat materialları (inzibati icraat materialları və ya işi) əsasında inzibati orqanın qəbul etdiyi qərarın qanunauyğunluğunu məhkəmə nəzarəti qaydasında yoxlayır. Məhkəmə kollegiyası hesab edir ki, yuxarıda istinad edilən müvafiq Qanunun və Əsasnamənin tələbinə əsasən iddiaçının mərhum ərinin 2005-ci ildə dəyərini tam ödəyərək bələdiyyədən satın aldığı torpaq sahəsinin yerində tanıdılaraq ona təhvil verilməsini, həmin yerdə torpaq sahəsi olmadığı təqdirdə bələdiyyənin başqa ərazisindən eyni ölçüdə torpaq sahəsinin ayrılmasını və ya bu mümkün olmadıqda torpaq sahəsinin hazırkı bazar qiymətlərinə uyğun olaraq dəymiş zərərin əvəzi kimi kompensasiya tələb etmək hüququ olduğundan, habelə bələdiyyənin bu hüququn həyata keçirilməsini təmin etmək öhdəliyi olduğundan, bələdiyyə məhz yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən satdığı torpraq sahəsini iddiaçıya təhvil vermək vəzifəsinin icrası ilə bağlı qanunla müəyyən edilmiş tədbirləri həyata keçirməli, torpaq sahəsinin yerini müəyyən etməli, qanunla müəyyən edilmiş müvafiq sənədləşdirmə işlərini apramaqla, torpaq sahəsini iddiaçıya təhvil verilməsinin təmin edilməsi istiqamətində qanunla müəyyən edilmiş səlahiyyətlərini icra etməli, qeyd edilən araşdırmanın nəticəsinə uyğun olaraq əsaslandırılmış müvafiq qərar qəbul etməlidir. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə Azərbaycan Respublikası İPM-in 73.2-ci maddəsinin tələbinə uyğun olaraq, cavabdeh inzibati orqanın üzərinə iddiaçının iddia tələbinə məhkəmənin yuxarıda istinad edilən mövqeyi nəzərə alınmaqla, yenidən baxılması və müvafiq inzibati aktın qəbul edilməsi öhdəliyinin qoyulması məqsədə müvafiqdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin əsaslı olub-olmaması məsələsi yuxarıda istinad edilən qanunvericilik normalarının tələbi baxımından araşdırılmamış, iddia tələbinin əsaslı olub-olmaması halının araşdırılmasını mümkün edən halların olub-olmadığını müəyyən etmədiyi halda, iddia tələbinə mahiyyəti üzrə baxaraq, iddia tələbinin rədd olunması barədə nəticəyə gəlmişdir ki, bu hal prosessual qanunvericiliyin tələbinə uyğun olmamış, habelə cavabdehin daşıdığı öhdəliklər və iddiaçıya münasibətdə həyata keçirdiyi hərəkətləri qanunvericiliyin qeyd edilən normalarının tələbi baxımıdan düzgün qiymətləndirilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yanlış olmuşdur. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən əsaslı olduğundan, qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia qismən təmin edilməli, cavabdeh tərəfindən məhkəmənin mövqeyi nəzərə alınmaqla, iddiaçının müraciətinə yenidən baxılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçının apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(118)-1839/2024 nömrəli qərarı ləğv edilsin. İddia qismən təmin edilsin. Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin xx.xx.2005-ci il tarixli 05 saylı iclasının qərarına əsasən Xaçmaz şəhəri Cavadxan küçəsindəki ərazidən fərdi yaşayış evi tikmək üçün mərhum X1 800 kv.m torpaq sahəsinin əvəzində Xaçmaz şəhərinin başqa ərazisindən 800 kv.m torpaq sahəsinin ayrılaraq İddiaçı verilməsi və ya ona torpaq sahəsinin bazar qiymətlərinə uyğun olaraq kompensasiya ödənilməsinə dair İddiaçı müaciətinə məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla baxılması və müvafiq qərar qəbul edilməsi öhdəliyi cavabdeh Xaçmaz rayonu Xaçmaz Bələdiyyəsinin üzərinə qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar