Məhkəmə qərarları › İş №2-1(105)-197/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-197/2021

07.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-197/2021 07.05.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər:Babayeva Hökümə Çingiz qızı (sədrlik edən və məruzəçi hakim), Məmmədov Fuad Əli oğlu, Rzayev Məhəmmədəli Əsəd oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi, İddiaçı1, iddiaçıların vəkili və nümayəndəsi X7, 3-cü şəxs X1 iştirakı ilə İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdehnə qarşı sərəncamların ləğv edilməsi tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(118)-14/2020 saylı qərarından iddiaçılar tərəfindən verilmiş apelyasiya şikayətinə 07 may 2021-ci il tarixdə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı1 və İddiaçı2 (bundan sonra iddiaçılar) Cavabdehnə (bundan sonra cavabdeh) qarşı məhkəmədə iddia qaldıraraq aşağıdakı sərəncamların ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir: 1) Cavabdeh Başçısının “Uzundərə'’ dövlət qış otlaq fondundan Bakı şəhər sakini X2 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli tarixli 199 saylı sərəncamın; 2) X12 şəxsi xırda buynuzlu heyvanlarının saxlanılması üçün 400 ha qış otlaq sahəsinin 15 il müddətinə ayrılması haqqında 01 may 2014-cü il tarixli 068 saylı sərəncamın 3) X6 600 ha qış otlaq sahəsinin istifadəsinə verilməsinə dair 24 sentyabr 2002-ci il tarixli 131 saylı sərəncamın və həmin sərəncamın 10 il müddətinə uzadılmasına dair 28 sentyabr 2012-ci il tarixli 156 saylı sərəncamın; 4) X4 500 ha qış otlaq sahəsinin istifadəsinə verilməsinə dair 26 aprel 2010-cu il tarixli 024 saylı sərəncamın və həmin sərəncamın 10 il müddətinə uzadılmasına dair 28 sentyabr 2012-ci il tarixli 155 saylı sərəncamın; 5) X1 adına verilmiş 19 oktyabr 2017-ci il tarixli 102 saylı “Uzundərə” qışotlaq ərazisində çoban evləri və qoyun banıstanları tikilməsinə icazə verilməsinə dair sərəncamın. Daha sonra iddiaçılar tələblərini dəqiqləşdirərək, Cavabdeh 1)“Uzundərə” dövlət qış otlaq fondundan Bakı şəhər sakini X2 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamının və 2) həmin ərazidə çoban evləri və qoyun banıstanları tikilməsinə icazə verilməsinə dair 19 oktyabr 2017-ci il tarixli 102 saylı sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişlər. İddianın dəqiqləşdirilməsi barədə ərizə məhkəmənin icraatına qəbul edilmiş, X5 üçüncü şəxs qismində iş üzrə icraata cəlb edilmişdir. İddia ərizəsində tələb onunla əsaslandırılmışdır ki, X16 İslahat Komissiyasının 26 iyun 1996-cı il tarixli 7 saylı protokoluna əsasən Ağdərə kolxozunun “Uzundərə” qış yatağındakı tövlə və çoban evləri balans qiyməti ilə Salamov Abbas Ağahüseyn oğluna satılmışdır və 01 iyul 1996-cı il tarixli X16 İslahat Komissiyasının 9 saylı protokoluna əsasən Salamov Abbas Ağahüseyn oğlunun satın aldığı yatağın ətrafından 2500 hektar torpaq sahəsi onun icarəsinə verilmişdir. Salamov Abbas iddiaçılardan İddiaçı1 atası, digər iddiçının isə həyat yoldaşıdır. X15 Ağahüseyn oğlu 1996-cı ildən fasiləsiz olaraq həmin ərazidə xırda buynuzlu heyvanların saxlanması üçün örüş sahəsi kimi istifadə etdiyi halda, nə cavabdeh təşkilat tərəfindən, nə də üçüncü şəxs qismində cəlb edilmiş şəxslər tərəfindən bu ərazinin Salamov Abbas Ağahüseyn oğlu tərəfindən “zəbt olunduğu” ona bildirilməmişdir. “Uzundərə” qış otlaq fondu 2000-ci ilədək Xızı rayonunun inzibati ərazisində yerləşmiş və Salamov Abbas Ağahüseyn oğlunun istifadəsinə verilmişdir. AR Nazirlər Kabinetinin qərarı əsasında Qobutan rayonunun inzibati ərazisi yaradılarklən “Uzundərə” qış otlaq fondu 2000-ci ildə Qobustan rayonuna verilmiş, ərazi kimi Qobustan rayonuna verilsə də, onlar tərəfindən həmin sahədə iri və xırda buynuzlu heyvanlar saxlanılmaqdadır. X3 tərəfindən Qobustan rayon məhkəməsində iddia qaldırıldıqdan sonra onlara məlum olmuşdur ki, X15 Ağahüseyn oğlunun istifadəsində olan torpaq sahəsi Cavabdeh Başçısının müvafiq sərəncamları ilə həmin torpaq sahəsi 3 fiziki və 1 hüquqi şəxsin istifadəsinə verilməklə bölüşdürülmüşdür. Bunun qanunsuz olduğunu bilə-bilə Cavabdeh torpaq sahəsini Salamov Abbas Ağahüseyn oğluna təklif etməli olduğu halda onun xəbəri olmadan və ona təklif edilmədən birbaşa başqa şəxslərə təklif olunmuş və onların icarəsinə verilmişdir. Belə ki, 1996-cı ildən həmin torpaq sahəsi istifadəsində olduğuna görə və onun üstündə yerləşən tövlələr Salamov Abbas Ağahüseyn oğluna satıldığına görə Qobustan rayon İca Hakimiyyəti Başçısı toprağın icarəyə verilməsini hamın ərazidə tövlələri və çoban evlərini satın almış Salamov Abbas Ağahüseyn oğluna təklif etməli idi. Lakin onun həmin torpaq sahələrinə icarəyə verilmədə üstünlük hüququnun olmasına baxmayaraq Cavabdeh bu hüquqları pozmuş, qanunsuz olaraq torpaqları başqa şəxslərin istifadəsinə vermişdir. Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(118)-14/2020 saylı qərarı ilə iddianın qismən təmin edilməsi, Cavabdeh Başçısının “Uzundərə” dövlət qış otlaq fondundan Bakı şəhər sakini X2 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamı, Salamov Abbas Ağahüseyn oğlunun mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,1407 ha hissədə ləğv edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qərara alınmışdır. (hakim İ.Quliyev) Qərardan narazı qalan iddiaçılar iddia ərizəsi ilə eyni məzmunda apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddia tələbinin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. Tərəflərin izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1, iddiaçıların vəkili və nümayəndəsi X10 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək şikayətin təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyasının iclasında iştirak edən 3-cü şəxs X5 apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının əvvəlki iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətinə etiraz edərək bildirmişdir ki, hazırda tərəflərin mübahisələndirdikləri sərəncamın ləğvinə dair bundan əvvəl tərəflər arasında məhkəmə mübahisəsi olmuş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2017-ci il tarixli 2-1(85)-22/2017 saylı qərarı ilə Salamov Abbas Ağahüseyn oğlunun iddiası qismən təmin edilmiş, Cavabdeh Başçısının “Uzundərə” dövlət qış otlaq fondundan Bakı şəhər sakini X2 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamı, Salamov Abbas Ağahüseyn oğlunun mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,1407 ha hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. Məhkəmənin qərarı nəzərə alınaraq, rayon İcra Hakimiyyəti Başçısının 2 M nömrəli “Uzundərə” qışlağından X2 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında verilmiş 23.11.2012-ci il tarixli 199 nömrəli sərəncam 0.1407 ha hissədə ləğv edilmiş, ümumilikdə 1016.8 ha torpaq sahəsi Ə.Abduləzizovun icarəsində saxlanılmışdır. 19.10.2017-ci il tarixli sərəncamın ləğvinə dair iddiaya münasibətdə isə qeyd edir ki, qeyd edilən sərəncamla X1 icarəsinə verilmiş 2 M saylı “Uzundərə” qış otlaq sahəsində xırdabuynuzlu heyvanları otarmaq məqsədilə çoban evləri və qoyun banıstanları tikilməsinə icazə verilmişdir. Əslində həmin sərəncamla üçüncü şəxs Ə.Abduləzizova məhz 1016.8 ha torpaq sahəsində tikintinin aparılmasına icazə verilmişdir. Lakin məhkəmə araşdırması zamanı müəyyən edildi ki, texniki səhv olaraq sərəncamda icazəyə verilən torpağın sahəsi qeyd edilməmişdir. Həmin yanlışlığı inzibati orqanın özü aradan qaldıracaqdır. ƏSASLANDİRİCİ HİSSƏ Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, aşağıda qeyd eidlənlərə əsasən, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia mümkün sayılmamalıdır. İddia ərizəsindən görünür ki, iddiaçıların tələbi iki hissədən ibarətdir: 1) Cavabdeh “Uzundərə” dövlət qış otlaq fondundan Bakı şəhər sakini X2 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamının ləğv edilməsi; 2) Cavabdeh yuxarıda qeyd edilən ərazidə çoban evləri və qoyun banıstanları tikilməsinə icazə verilməsinə dair 19 oktyabr 2017-ci il tarixli 102 saylı sərəncamın ləğv edilməsi. Kollegiya birinci hissədə iddia tələbinin mümkünlüyü ilə bağlı qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Qərarın 8.4-cü bəndinə əsasən, mahiyyəti üzrə çıxarılmış qərarın hüquqi qüvvəsi iddiaçıya eyni predmet üzrə yenidən tələblə çıxış etmək imkanı vermir. Hazırkı iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarlarından görünür ki, hazırkı işdə İddiaçı2 həyat yoldaşı və digər iddiaçının atası olan X15 Ağahüseyn oğlu Sumqayıt İnzibati-İqtisadi Məhkəməsində iddia qaldıraraq, Cavabdeh Başçısının “Uzundərə'’ dövlət qış otlaq fondundan Bakı şəhər sakini X2 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli tarixli 199 saylı sərəncamın; X12 şəxsi xırda buynuzlu heyvanlarının saxlanılması üçün 400 ha qış otlaq sahəsinin 15 il müddətinə ayrılması haqqında 01 may 2014-cü il tarixli 068 saylı sərəncamın, X6 600 ha qış otlaq sahəsinin istifadəsinə verilməsinə dair 24 sentyabr 2002-ci il tarixli 131 saylı sərəncamın və həmin sərəncamın 10 il müddətinə uzadılmasına dair 28 sentyabr 2012-ci il tarixli 156 saylı sərəncamın; X4 500 ha qış otlaq sahəsinin istifadəsinə verilməsinə dair 26 aprel 2010-cu il tarixli 024 saylı sərəncamın və həmin sərəncamın 10 il müddətinə uzadılmasına dair 28 sentyabr 2012-ci il tarixli 155 saylı sərəncamın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2017-ci il tarixli 2-1(85)-22/2017 saylı qərarı ilə iddia qismən təmin edilmiş, Cavabdeh Başçısının “Uzundərə” dövlət qış otlaq fondundan Bakı şəhər sakini X2 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamı, Salamov Abbas Ağahüseyn oğlunun mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,1407 ha hissədə ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir. (hakim Z.Pirverdiyev) Qərardan narazı qalan iddiaçı apelyasiya şikayəti vermişdir. Apelyasiya şikayətinə baxılan ərəfədə iddiaçı vəfat etdiyindən, Sumqayıt Apelyasiya Məhkəməsinin 2-1(105)-17/2018 saylı 12 mart 2018-ci il tarixli qərardadı ilə iş üzrə apelyasiya icraatına xitam verilmişdir. 1 saylı Bakı “ASAN Xidmət” Mərkəzində Ədliyyə Nazirliyinin Notariat Kontoru tərəfindən 31 mart 2018-ci il tarixində verilmiş 273 saylı arayışdan görünür ki, 22 noyabr 2017-ci il tarixində vəfat etmiş Salamov Abbas Ağahüseyn oğlunun vərəsələri İddiaçı2 və İddiaçı1 27 mart 2018-ci il tarixində mirasın qəbulu barədə ərizələrlə Bakı 1 saylı ASAN Xidmət Mərkəzində ƏN-nin notariat kontoruna müraciət etmişlər. Azərbaycan Respublikasında Notariat Hərəkətlərinin aparılması qaydaları haqqında Təlimata əsasən həmin ərizələr Vərəsəlik İşlərinin uçot kitabında qeydiyyatdan keçmiş və bununla bağlı “Elektron Notariat” avtomatlaşdırılmış informasiya sistemində müvafiq məlumat daxil edilmişdir. Beləliklə, apelyasiya icraatına xitam verildiyindən Cavabdeh Başçısının “Uzundərə” dövlət qış otlaq fondundan Bakı şəhər sakini X2 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamının Salamov Abbas Ağahüseyn oğlunun mülkiyyətində olan əmlak kompleksi kimi müəssisənin yerləşdiyi 0,1407 ha hissədə ləğv edilməsinə dair Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2017-ci il tarixli 2-1(85)-22/2017 saylı qərarı qanuni qüvvəyə minmiş və icraya yönəldilmişdir. Belə ki, cavabdeh tərəfindən məhkəmə kollegiyasına təqdim edilmiş 14.07.2017-ci il tarixli 070 saylı sərəncamdan görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2017-ci il tarixli 2-1(85)-22/2017 saylı qərarı nəzərə alınaraq, rayon İcra Hakimiyyəti Başçısının 2 M nömrəli “Uzundərə” qışlağından X2 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında verilmiş 23.11.2012-ci il tarixli 199 nömrəli sərəncam 0.1407 ha hissədə ləğv edilmiş, ümumilikdə 1016.8 ha torpaq sahəsi Ə.Abduləzizovun icarəsində saxlanılmışdır. Cavabdehin 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamının ləğvi ilə bağlı qanuni qüvvəyə minmiş məhkəmə qərarının olmasına, cavabdeh tərəfindən həmin qərar əsasında sərəncamın qismən ləğv edilməsinə baxmayaraq, iddiaçılar təkrarən eyni tələblə - “Uzundərə” dövlət qış otlaq fondundan Bakı şəhər sakini X2 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamının ləğv edilməsi tələbi ilə məhkəməyə müraciət etmişlər, birinci instansiya məhkəməsi isə qanuni qüvvəyə minmiş məhkəmə qərarını nəzərə almamış, iddianın mümkünlüyünə hüquqi qiymət vermədən təkrarən eyni predmet üzrə tələbə mahiyyəti üzrə baxmışdır. Kollegiya hesab edir ki, cavabdehin 23 noyabr 2012-ci il tarixli 199 saylı sərəncamının ləğvi hissəsində eyni predmet üzrə tələbə dair qanuni qüvvəyə minmiş məhkəmə qrarı olduğundan, həmin sərəncamın qanuniliyinə məhkəmə qərarı ilə hüquqi qiymət verildiyindən, bu tələbə mahiyyəti üzrə baxıla bilməz. Odur ki, iddia bu hissədə mümkün sayılmamalıdır. İddiaçıların ikinci tələbi “Uzundərə” qışotlaq ərazisində çoban evləri və qoyun banıstanları tikilməsinə icazə verilməsinə dair cavabdehin 19 oktyabr 2017-ci il tarixli 102 saylı sərəncamın ləğv edilməsi barədədir. Bununla bağlı kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. Yuxarıda göstərilənləri nəzərə almaqla kollegiya qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçıları subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkət və ya hərəkətsizliyin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. Hazırkı iş üzrə belə sübutların verilməsi müəyyən olunmur. Belə ki, iş materiallarından görünür ki, Cavabdeh Başçısının 19 oktyabr 2017-ci il tarixli 102 saylı sərəncamı ilə 23.11.2012-ci il tarixli 199 saylı sərəncamla X1 icarəsinə verilmiş 2 M saylı “Uzundərə” qış otlaq sahəsində xırdabuynuzlu heyvanları otarmaq məqsədilə çoban evləri və qoyun banıstanları tikilməsinə icazə verilmişdir. Məhkəmə iclasında cavadehin nümayəndəsi qeyd edilən sərəncamın ləğvinə münasibətində qeyd etmişdir ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 02 may 2017-ci il tarixli 2-1(85)-22/2017 saylı qərarı nəzərə alınaraq, rayon İcra Hakimiyyəti Başçısının 2 M nömrəli “Uzundərə” qışlağından X2 şəxsi xırda buynuzlu heyvanların saxlanılması üçün 1017 ha qış otlaq sahəsinin ayrılması haqqında verilmiş 23.11.2012-ci il tarixli 199 nömrəli sərəncam 0.1407 ha hissədə ləğv edilmiş, ümumilikdə 1016.8 ha torpaq sahəsi Ə.Abduləzizovun icarəsində saxlanılmışdır. 19.10.2017-ci il tarixli sərəncamla Ə.Abduləzizova məhz 1016.8 ha torpaq sahəsində tikintinin aparılmasına icazə verilmişdir. Lakin texniki səhv olaraq sərəncamda icazəyə verilən torpağın sahəsi qeyd edilməmişdir. Odur ki, apellyasiya şikayətinə baxılan ərəfədə Cavabdeh Başçısının 08 aprel 2021ci il tarixli 044 saylı sərəncamı ilə İHB-nın 19 oktyabr 2017-ci il tarixli 102 saylı sərəncamına dəyişiklik edilmiş, “X1 icarəsinə verilmiş” sözlərindən sonra 2M saylı “Uzundərə” qış otlaq sahəsində sözləri “2M saylı Uzundərə qış otlaq sahəsindən 1016,8 (bir min on altı tam onda səkkiz) ha ərazidə tikinti məqsədi ilə ayrılmış sahədə” sözləri ilə əvəz edilmişdir. Həmin bənddə “otarmaq” sözləri “saxlamaq” sözləri ilə əvəz edilmişdir. Beləliklə, məhkəmə araşdırması müəyyən edildi ki, iddiaçının mübahisələndirdiyi sərəncam X1 icarəsinə verilmiş “2M saylı Uzundərə qış otlaq sahəsindən 1016,8 (bir min on altı tam onda səkkiz) ha ərazidə xırdabuynuzlu heyvanları saxlamaq məqsədilə çoban evləri və qoyun banıstanları tikilməsinə icazə verilməsi barədədir. Yuxarıda qeyd edilən, qanuni qüvvəyə olan məhkəmənin qərarı ilə müəyyən edilmişdir ki, mübahisə predmeti olan torpaq sahəsinə dair ümumiyyətlə iddiaçı(mərhum Abbas Salamov) ilə cavabdeh arasında icarə müqaviləsi bağlanmamış, torpaq sahəsi ilə bağlı icarə haqları ödənilməmiş, eləcə də, həmin torpaq sahəsi Qobustan rayonunun inzibati ərazisinə daxil edildikdən sonra iddiaçı tərəfindən cavabdehə müraciət edilməmiş, bu barədə hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab etmişdir ki, iddiaçının mübahisə predmeti olan torpaq sahəsinə hüququ yaranmamışdır. İnzibati Prosessual Məcəllənin 78-ci maddəsinə əsasən, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Məhkəmə kollegiyası hesab edir ki, 19.10.2017-ci il tarixli sərəncam üçüncü şəxsin icarəsinə verilmiş 1016.8 ha torpaq sahəsində tikintinin aparılmasına icazə verilməsi barədə olduğundan , həmçinin qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə mərhum Abbas Salamovun mübahisəli torpaq sahəsinə hər hansı hüququnun olması təkzib edildiyindən, A.Salamovun qanun üzrə vərəsələri olaraq hazırkı işdə iddiaçıların həmin sərəncamın ləğvinə dair iddianı qaldırmağa subyektiv hüquqları yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında və ya müəyyən hərəkətlərdən çəkinməyə dair iddia mümkün sayılır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(118)- 14/2020 saylı qərarı ləğv edilməli, iddia tələbi mümkün sayılmamalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 26 oktyabr 2020-ci il tarixli, 2-1(118)-14/2020 saylı qərarı ləğv edilsin. İddia mümkün sayılmasın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar