Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-197/2022 19.05.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Quba rayonu Barlı Bələdiyyəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Zahid Tahir oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Fuad Əli oğlundan ibarət tərkibdə, X6 qızının katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı cavabdeh Quba rayonu Barlı Bələdiyyəsinə qarşı “onun Quba rayonu Barlı Bələdiyyəsinin sədri vəzifəsindən azad olunması və Quba rayon Barlı Bələdiyyəsinin sədri vəzifəsinin bələdiyyə üzvü X3 həvalə edilməsi haqqında Quba rayonu Barlı bələdiyyəsinin 15 fevral 2021-ci il tarixli qərarlarının ləğv edilməsi” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(118)-900/2021 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İddiaçı Quba rayonu Barlı Bələdiyyəsinin sədri olmuşdur.
2. Quba rayonu Barlı Bələdiyyəsinin 15 fevral 2021-ci il tarixli qərarı ilə iddiaçı bələdiyyə sədri vəzifəsindən azad edilmiş, X1 Bələdiyyəsinin sədri seçilmişdir.
Birinci instansiya məhkəməsində icraat
3. İddiaçı xx.xx.2021-ci il tarixdə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, onun Quba rayonu Barlı Bələdiyyəsinin sədri vəzifəsindən azad olunmağı və Quba rayon Barlı Bələdiyyəsinin sədri vəzifəsinin bələdiyyə üzvü X3 həvalə edilməsi haqqında Quba rayonu, Barlı Bələdiyyəsinin 15 fevral 2021-ci il tarixli qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 2010-cu ildə Quba rayonu Barlı Bələdiyyəsinə sədr seçilmiş və ardıcıl olaraq keçirilən seçkilərdə iştirak edərək 22 dekabr 2020-ci il tarixədək bələdiyyə sədri olmuşdur. Bələdiyyə sədri olduğu müddətdə bələdiyənin gücü, imkanı, səlahiyyətləri çatdığı qədər daim bələdiyyə ərazisinin abadlaşdırılmasına, kənd əhalisinin qayğılarının, problemlərinin həll edilməsinə çalışmış, Quba rayonunda bir çox bələdiyyələrin gəlirləri yığdığı vergilər və ərazisində olan təbii sərvətlərin satışından əldə edilmiş vergilərdir. Quba rayonu Barlı bələdiyyəsinin də gəlirlərinin əhəmiyyətli hissəsi Barlı kəndinin kənarında yerləşən Qudyalçayın yatağından çıxarılan tikinti materiallarına görə əldə edilmiş mədən vergisidir. Qudyalçayın Barlı bələdiyyəsinin ərazisinə düşən hissəsində "xxxx" Şirkəti tərəfindən qum-çınqıl daş çıxarılmasını həyata keçirir. Lakin "xxxx" şirkəti bir neçə müddət mədən vergisinə görə borcunu bələdiyyəyə ödəməmiş, bələdiyyə ərazisində hazırkı vəziyyətlə bağlı əhalinin də gəlirləri aşağı olduğu üçün vergiləri yığa bilməmişdir. Bu səbəbdən də artıq neçə müddət, idi ki, bələdiyyədə işləyən işçilərin əmək haqları verilməmiş, bələdiyyənin vergiyə və digər orqanlara borcu yaranmışdır. Yaranmış bu çətinliklərə baxmayaraq bələdiyyə sədri kimi o yenə də bələdiyyəyə daxil olmuş kəndlərin əhalisi arasında hazırkı vətən müharibəsində iştirak edən qazilərə, şəhid ailələrinə kömək etmiş, onların qayğılarını çətinliklərinin həll edilməsi üçün imkan daxilində çalışmışlar. Təxminən 2020-ci ilin noyabr ayında Quba rayon İcra Hakimiyyətindən ona zəng edilərək 50.056 (əlli min əlli altı) manat məbləğində mədən vergisi borclarının bələdiyyənin hesabına köçürüldüyünü və İcra Başçısı Ziyəddin Əliyevin onu çağırdığını bildirmişlər. İddiaçı İcra Başçısı Ziyəddin Əliyevin qəbulunda olarkən o bələdiyyənin hesabına köçürülmüş 50.056 manat məbləğində pulun hər hansı bir formada nağdlaşdıraraq ona verilməsini bildirdikdə cavabında ona bələdiyyənin kifayət qədər vergi və sosial sığorta borclarının olduğunu, işçilərə əmək haqqlarının ödənilmədiyini, bələdiyyə ərazisində olan qazi və şəhid ailələrinə kömək etməli olduğunu və bundan başqa ərazidə təxirəsalınmaz görülməli işlər olduğunu demişdir. O bundan imtina etdiyinə görə iddiaçıya qarşı təzyiq və hədələr başlanmışdır. İddiaçı təcili olaraq hesaba köçürülən pulun bir hissəsini bələdiyyənin işçilərinin əmək haqqlarına və digər borclarına köçürmüş, bundan sonra hər gun ona İcra Hakimiyyətindən hədə və təhdid dolu zənglər gəlməyə başlamış və onu sıxışdırmışlar. İddiaçı köçürülən 50.056 manat pulu nağdlaşdırıb İcra Başçısına verməkdən imtina etdiyindən onun təzyiq və hədələrinin nəticəsində keçirdiyi əsəb və stres sağlamlığına təsir etdiyinə görə 21 dekabr 2020-ci il tarixdə bir müddətlik müayinə və müalicə üçün məzuniyyətə çıxmışdır. Ertəsi günü, yəni 22 dekabr 2020-ci il tarixdə ona bildirmişlər ki, İcra Başçısının göstərişi ilə Quba rayon İcra Hakimiyyətinin Zərdabi inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini, Quba rayonu Zərdabi bələdiyyəsinin sədri Quba rayonu Barlı bələdiyyəsinin üzvlərini bələdiyyə binasına çağırmış, bələdiyyə üzvlərinin etirazlarına baxmayaraq onlara məcburi qaydada bələdiyyənin iclas protokoluna imza etdirmişlər. O karantin qaydalarının pozulması ilə keçirilmiş iclasın görüntülərini Azərbaycan Respublikası Ədliyyə Nazirliyinə təqdim edərək Quba rayonu Barlı bələdiyyəsinin sədri vəzifəsindən qanunsuz kənarlaşdırılmağı barədə müraciət etmiş, onun müraciəti Xaçmaz Regional Ədliyyə İdarəsində araşdırılaraq ona 02 fevral 2021-ci il tarixli 04/M-36.1col- 60 saylı məktubla cavab verilmişdir ki, araşdırma zamanı “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 16-cı maddəsinə əsasən bələdiyyə iclasları bələdiyyə sədri tərəfindən çağırılmalı olduğu halda, göstərilən qanunvericiliyin tələblərinə zidd olaraq onun Barlı bələdiyyəsinin sədrliyindən azad olunması barədə xx.xx.2020-ci il tarixdə bələdiyyə üzvlərinin iştirakı ilə keçirilən iclasın Quba rayon İƏD üzrə nümayəndəsi V.Dəmirov tərəfindən çağırıldığı, iclas qərarının bələdiyyənin inzibati binasında Zərdabi İƏD üzrə nümayəndəliyinin işçisi Fatma Feyzullayeva tərəfindən yazıldığı, həmin iclas qərarının imza edilməsi üçün icra nümayəndəsi V.Dəmirov, onun müavini Tərlan Hüseynov və icra nümayəndiliyinin işçisi Fatma Feyzullayeva tərəfindən bələdiyyə üzvlərinə təqdim edildiyi və iclas qərarının V.Dəmirov tərəfindən özü ilə aparıldığı müəyyən olunduğundan, toplanmış sənədlər aidiyyatı üzrə Ədliyyə Nazirliyi Bələdiyyələrlə iş mərkəzinə göndərilmişdir. Bundan sonra 15 fevral 2021-ci il tarixdə Quba rayonu Barlı bələdiyyəsində iclas keçirilərək Xaçmaz regional idarəsinin 04 fevral 2021-ci il tarixli, 05/-Q-02 saylı təklif məktubunun təmin edilməsi, Barlı Bələdiyyəsinin 22 dekabr 2020-ci il tarixli 10 nömrəli iclasının 1-ci, 2-ci və 3cü qərarları ləğv edilməsi onun bələdiyyə sədri vəzifəsindən azad edilməyi və X2 Barlı bələdiyyəsinin sədri seçilməsi qərara alınmışdır. xx.xx.2021-ci il tarixdə keçirilən iclas barədə ona məlumat verilməmişdir. Keçirilən iclasın qərarları qanunsuzdur və ləğv edilməlidir. O qərarın təqdim edilməsi üçün rəsmi olaraq müraciət etsə də bu günə kimi ona cavab verilməmişdir. İddiaçı həmin qərarı Bələdiyyənin elektron səhifəsindən götürmüşdür. Onun bələdiyyənin sədri vəzifəsindən azad edilməyi və bələdiyyənin sədri vəzifəsinin bələdiyyə üzvü X3 həvalə edilməsi haqqında 15 fevral 2021-ci il tarixli qərarları, elə həmin tarixdə keçirilən bələdiyyənin növbədənkənar iclasında qəbul edilmişdir. Həmin iclasın keçirilməsi barədə o xəbərdar edilməmişdir. Bələdiyyə tərəfindən protokol təsdiqlənənədək onun protokolun mətni ilə tanış olmaq və öz yazılı qeydlərini bildirmək hüququ da məhdudlaşdırılmışdır. Bələdiyyə sədrinin vaxtından əvvəl vəzifədən azad edilə biləcəyi hallar “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikası Qanununun 19cu maddəsinin 3-cü bəndində nəzərdə tutulmuşdur. Lakin onun bələdiyyə sədri vəzifəsindən azad olunmağı barədə Quba rayonu Barlı Bələdiyyəsinin 15 fevral 2021-ci il tarixli qərarı qəbul edilərkən Bələdiyyələrin statusu haqqında Azərbaycan Respublikası Qanununu 19-cu maddəsinin 3-cü bəndində göstərilən hallar mövcud olmamışdır. Göründüyü kimi Quba rayonu Barlı Bələdiyyəsi onu bələdiyyə sədri vəzifəsindən kənarlaşdırarkən qanunvericiliyin tələblərini kobud şəkildə pozmuşdur. Ona görə də onun bələdiyyənin sədri vəzifəsindən azad edilməyi və bələdiyyənin sədri vəzifəsinin bələdiyyə üzvü X3 həvalə edilməsi haqqında qərarlar qanunsuz olduğundan ləğv edilməlidir.
5. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə
6. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2-1(118)-900/2021 saylı qərarı ilə iddia təmin edilərək İddiaçı Quba rayon Barlı Bələdiyyəsinin sədri vəzifəsindən azad olunması və Quba rayon Barlı Bələdiyyəsinin sədri vəzifəsinin bələdiyyə üzvü X3 həvalə edilməsi haqqında Quba rayonu Barlı bələdiyyəsinin 15 fevral 2021-ci il tarixli qərarı ləğv edilməsi qərara alınmışdır.
7. Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Baş Prokurorluğu yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsində fakta görə cinayət işinin açılması İddiaçı hər hansı bir əməldə təqsirli bilinməsinə dəlalət edə bilməz. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsinə əsasən hər kəsin təqsirsizlik prezumpsiyası hüququ vardır. Cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. Şəxsin təqsirli olduğuna əsaslı şübhələr varsa, onun təqsirli bilinməsinə yol verilmir. Digər tərəfdən “Bələdiyyələrin statusu haqqında” Azərbaycan Respublikasinin Qanununun 21-ci maddəsinə əsasən barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərarı olduqda bələdiyyə üzvlərinin səlahiyyətləri itirilmiş hesab edilir. Korrupsiyaya qarşı Mübarizə İdarəsində fakta görə qaldırımış cinayət işi üzrə İddiaçı barəsində ittiham hökmü çıxarılmayana qədər onun bələdiyyə üzvü səlahiyyətinə xitam verilməsi mümkün deyil.
8. Həmin qərardan narazı qalan cavabdeh apellyasiya şikayəti verərək qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir.
Apellyasiya şikayətinin dəlilləri:
9. Apellyasiya şikayətində göstərilir ki, uzun müddət bələdiyyə sədri olmuş İddiaçı fəaliyyətindən bələdiyyə üzvləri və seçicilər öz narazılıqlarını bildirmişlər. O, faktiki olaraq bələdiyyə iclaslarını keçirməmiş, hesabatlar verməmiş, bələdiyyənin maliyyəsi ilə əlaqədar qanunsuzluqlara yol vermişdir. İddiaçının özünün də iştirak etdiyi Barlı bələdiyyəsinin üzvlərinin təşəbbüsü ilə keçirilən 22 dekabr 2020-ci il tarixli iclasda İddiaçı gah məzuniyyətdə olmasını bəhanə gətirmiş (halbuki belə bir əmr, sədr vəzifəsinin həvalə edilməsi və s. sənədləşmə işləri aparılmamışdır), gah da iclasın keçirilməsinin qarşısının alınması üçün müxtəlif bəhanələr uydurmuşdur. Buna baxmayaraq iclas baş tutmuş və bələdiyyə üzvlərinin əksəriyyətinin iradəsi ilə İddiaçı vəzifəsindən azad edilmişdir. Lakin, Xaçmaz Regional Ədliyyə İdarəsinin 04 fevral 2021-ci il tarixli məktubu ilə bələdiyyəyə təklif edilmişdir ki, 5 iş günü ərzində iclas təyin edilərək bələdiyyənin 22 dekabr 2020-ci il tarixli 10 saylı protokolu ləğv edilməlidir. Bələdiyyə iclasında qəbul edilmiş qərarlar bələdiyyə üzvlərinin iradəsini əks etdirmişdir. Buna baxmayaraq hesab edilmişdir ki, bələdiyyənin fəaliyyətinə kölgə salınmaması üçün nəzarət orqanının təklifi nəzərə alınmalı, həmin iclasda qəbul edilmiş qərarlar ləğv edilməli və məcələlərə yenidən qiymət verilməlidir. Regional idarənin bu təklifi nəzərə alınaraq, elanlar lövhəsində elan yapışdırılaraq bələdiyyə iclası 15 fevral 2021-ci il tarixinə təyin edilmiş və bələdiyyə üzvləri bu formada məlumatlandırılmışlar. Çünki 5 gün ərzində tərəflərə poçt vasitəsilə bildirişin göndərilməsi qeyri-mümkündür. İclas barədə digər bələdiyyə üzvləri ilə bərabər İddiaçı da xəbəri olmuşdur. Bələdiyyə üzvü Qadir Seyfullayev iclasda çıxışında bildirmişdir ki, İddiaçı sədrliyi dövründə bələdiyyələrlə əlaqədar qanunvericiliyin tələblərinə ümumiyyətlə əməl edilməmiş, bələdiyyə iclasları keçirilməmiş, onun fəaliyyəti ilə əlaqədar hesabatlar verilməmiş və təkbaşına qərarlar qəbul edilmişdir. Digər bələdiyyə üzvləri də qeyd olunan halları təsdiq etmişlər. Həmçinin, Regioanl idarə tərəfindən ilk iclasın nəticələrinin ləğv edilməsi tövsiyə edilsə də, 15 fevral 2021-ci il tarixli iclas protokolu barədə heç bir irad tutulmamış və proses qanuni hesab edilmişdir. Bundan başqa İddiaçı bələdiyyədə yol verdiyi qanunsuz əməllərlə əlaqədar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanmış və Cinayət Məcəlləsinin 179.3.2, 308, 309, 313 və 320.2-ci maddələri ilə istintaq aparılır. Həmin cinayət işindən də görünür ki, bələdiyyə sədri bələdiyyə əmlakını talamada, vəzifə səlahiyyətlərini sui-istifadə etmədə, onları aşmada, nüfuz alverində, rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırmada, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmədə şübhəli bilinir və bu əməlləri törətməkdə əsaslı şübhələr və faktlar mövcuddur. Bələdiyyə sənədlərinin təhvil-təslimindən də görünür ki, İddiaçı fəaliyyəti dövründə bələdiyyə maliyyəsi və torpaqların satışı ilə əlaqədar heç bir sənədləşmə işi aparmamış, bələdiyyəni şəxsi müəssisəsi kimi idarə edərək əldə edilmiş vəsaiti öz şəxsi ehtiyacları üçün xərcləmişdir.
Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
10. Etirazda göstərilir ki, apellyasiya şikayətində iddiaçının bələdiyyə sədri kimi hesabatlar vermədiyi, qanunsuzluqlara yol verildiyi bildirilsə də hər hansı bir qanunsuzluğa yol vermişdirsə bu barədə rəsmi sənədləri bələdiyyə iclasında təqdim etməli idilər, bundan əlavə bələdiyyə sədri kimi işlədiyi dövrdə qanunsuzluğa yol verməyi (əgər olubsa) onu qanunsuz olaraq bələdiyyə sədri vəzifəsindən kənarlaşdırılmağına əsas vermir. Apellyasiya şikayətinin onun barəsində Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işinin başlanılması və Cinayət Məcəlləsinin 179.3.2, 308, 309, 313 və 320.2-ci maddələri ilə istintaq aparılması ilə bağlı qeyd etmişdir ki, məhkəmə bu hala qiymət vermiş və bildirmişdir ki, Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində təqsirsizlik prezumpsiyasından bəhs edilmiş və təqsirsizlik prezumsiyasına əsasən cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, onu hər hansı bir cinayət törətməkdə ittiham etmək özü bir cinayətdir.
Məhkəmə icraatı iştirakçılarının izahatları
11. Məhkəmə kollegiyasının iclasında iddiaçının vəkili və nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. 12.Məhkəmə kollegiyasının əvvəlki iclasında cavabdehinin nümayəndəsi apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddianın təmin edilməməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
13.Azərbaycan Respublikasının Konstitusiyası Maddə 143. Bələdiyyələrin işinin təşkili İ. Bələdiyyə öz fəaliyyətini iclaslar, daimi və başqa komissiyalar vasitəsi ilə həyata keçirir. İİ. Bələdiyyənin iclaslarını bələdiyyənin sədri çağırır. Maddə 145. Bələdiyyələrin qərarları İ. Bələdiyyənin iclaslarında baxılan məsələlərə dair qərarlar qəbul edilir. İİ. Bələdiyyənin qərarları bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. İİİ. Yerli vergilər və ödənişlər ilə bağlı qərarlar bələdiyyə üzvlərinin üçdə iki səs çoxluğu ilə qəbul edilir. Maddə 150. Bələdiyyə aktları İ. Bələdiyyələrin qəbul etdikləri aktlar hüquqa və haqq-ədalətə (bərabər mənafelərə bərabər münasibətə) əsaslanmalı, Azərbaycan Respublikasının Konstitusiyasına, qanunlarına, Azərbaycan Respublikası Prezidentinin fərmanlarına, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarlarına (Naxçıvan Muxtar Respublikasında isə həm də Naxçıvan Muxtar Respublikasının Konstitusiyasına, qanunlarına, Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərarlarına) zidd olmamalıdır.
14.“Bələdiyyələrin statusu haqqında” Qanun Azərbaycan Respublikasının Konstitusiyasına uyğun olaraq bu qanun yerli özünüidarəni həyata keçirən bələdiyyələrin yaradılması prinsiplərini, rolunu, yerli özünüidarənin hüquqi, iqtisadi və maliyyə əsaslarını, onun həyata keçirilməsi üçün dövlət təminatlarını müəyyənləşdirir. Maddə 15 Bələdiyyə üzvü
1. Bələdiyyə üzvü - bələdiyyə seçkilərində seçilmiş, mandatı ərazi seçki komissiyası tərəfindən təsdiq edilmiş şəxsdir. Bələdiyyənin iclaslarında bələdiyyə üzvünün müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək hüququ vardır. Maddə 16. Bələdiyyənin iclası
1. Bələdiyyənin iclasları ayda bir dəfədən az olmayaraq bələdiyyənin sədri tərəfindən çağırılır. Bələdiyyə üzvləri iclas gününə azı 5 gün qalmış xəbərdar edilməlidirlər.
4. Azərbaycan Respublikası Konstitusiyasının 145-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, bələdiyyə iclaslarında baxılan məsələlərə dair bələdiyyə üzvlərinin sadə səs çoxluğu ilə qərarlar qəbul edilir. Maddə 19. Bələdiyyənin sədri və sədr müavini
1. Bələdiyyənin sədri yeni seçilmiş bələdiyyənin birinci iclasında bələdiyyə üzvləri sırasından açıq və ya gizli səsvermə yolu ilə seçilir. Bələdiyyənin sədri bələdiyyə üzvlərinin yarısından çoxunun səsini topladıqda seçilmiş hesab olunur.
3. Bələdiyyənin sədri və onun müavinləri aşağıdakı hallarda bu maddənin 1-ci və 2-ci bəndlərində göstərilən qaydada vaxtından əvvəl vəzifədən azad edilə bilərlər: 1) öz arzusu ilə vəzifədən çıxmaq barədə yazılı müraciət etdikdə; 2) bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verdikdə; 3) bələdiyyə qərarlarının icrasını təmin etmədikdə (qanunvericiliyə zidd olan və həlli imkan səlahiyyətlərindən kənar qərarlar istisna olmaqla); 4) əmək qabiliyyətinin fasiləsiz olaraq, 6 aydan çox müddətdə tam itirməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilmədikdə; 5) qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri 3 ay müddətində yerinə yetirmədikdə; 5-1) “Bələdiyyələrin maliyyəsinin əsasları haqqında” Azərbaycan Respublikası Qanununun 10-cu maddəsində göstərilən qaydada yerli büdcənin müzakirəsini və təsdiqini təşkil etmədikdə; 6) qanunvericilikdə və bələdiyyənin nizamnaməsində nəzərdə tutulmuş digər hallarda.
Maddə 20. Bələdiyyə üzvlərinin statusu
1. Bələdiyyə üzvlərinin öz səlahiyyətlərini maneəsiz və səmərəli həyata keçirilməsinə, hüquqlarının, şərəf və ləyaqətinin müdafiəsinə dövlət təminat verir.
2. Bələdiyyə üzvünün səlahiyyət müddəti beş ildir.
15. “Bələdiyyə üzvünün statusu haqqında” Qanun Maddə 4. Bələdiyyə üzvünün hüquqları Bələdiyyə üzvü bələdiyyənin fəaliyyəti ilə bağlı aşağıdakı hüquqlara malikdir: bələdiyyənin və onun orqanlarının iclaslarında müzakirə üçün məsələlər təklif etmək, müzakirə olunan məsələlər barəsində çıxış etmək, təkliflər və düzəlişlər vermək, qeydlər etmək, çıxış edənlərə və ya təyin edilməsinə razılıq verilən vəzifələrlə göstərilmiş namizədlərə sual vermək, arayış vermək, səsvermədə iştirak etmək;
Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri
16.Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
17.Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.
18. Belə ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin Quba rayonu Barlı Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli qərarının yuxarıda istinad olunan normativ aktların tələblərinə uyğun olmaması, o cümlədən həmin iclasda bələdiyyə üzvü olan İddiaçı iştirakının təmin edilməməsi və onun bələdiyyə üzvü kimi sual vermək, arayış vermək və səsvermədə iştirak etmək hüquqlarının pozulması ilə bağlı gəldiyi nəticə ilə razılaşaraq onu da qeyd edir ki, mübahisələndirilən qərarda, habelə iş üzrə məhkəmə icraatı zamanı İddiaçı bələdiyyə sədri vəzifəsindən azad edilməsi haqqında “Bələdiyələrin statusu haqqında” Qanunun 19-cu maddəsinin 3-cü bəndində sadalanmış əsaslardan hər hansı biri müəyyən edilməmişdir.
19. Belə ki, qərarda onun sədr vəzifəsindən əsas olunmasının səbəbi kimi “fəaliyyətinin qənaətbəxş olmaması” göstərilmişdir. Lakin, istinad edilən normaya uyğun olaraq qərarda onun fəaliyyətinin qənaətbəxş olmamasının konkret hansı hallarla əlaqədar olması (bələdiyyə iclasının səlahiyyətlərinə aid olan məsələlər barədə təkbaşına sərəncam verməsi; bələdiyyə qərarlarının icrasını təmin etməməsi; əmək qabiliyyətinin fasiləsiz olaraq, 6 aydan çox müddətdə tam itirməsi ilə əlaqədar vəzifəsini yerinə yetirə bilməməsi; qanunvericiliklə üzərinə qoyulmuş vəzifələri 3 ay müddətində yerinə yetirməməsi və s.) əsaslandırılmamış, habelə onun öz arzusu ilə vəzifədən çıxmaq barədə yazılı müraciəti də olmamışdır.
20. Məhkəmə kollegiyası həmçinin apellyasiya şikayətinin İddiaçı bələdiyyədə yol verdiyi qanunsuz əməllərlə əlaqədar Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanması və Cinayət Məcəlləsinin 179.3.2, 308, 309, 313 və 320.2-ci maddələri ilə istintaq aparılması ilə bağlı dəlillərinə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsinin müvafiq sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin xx.xx.2021-ci il tarixli, ********* nömrəli məktubundan görünür ki, həmin cinayət işi yalnız İddiaçı barəsində deyil, bir sıra vəzifəli şəxlərin qanunsuz hərəkətləri ilə bağlı fakta görə başlanılmış və cinayət işi üzrə təqsirli şəxslərin dairəsiin müəyyən edilməsi istiqamətində istintaq dacam edir. Məhkəmə kollegiyasının iclasında verdiyi izahatında iddiaçının nümayəndəsi İddiaçı həmin cinayət işi ilə bağlı bir dəfə də olsun çağırılmadığını, təqsirləndirilən şəxs qismində cəlb edilmədiyini bildirmişdir. 21.Qeyd olunanlara əsasən məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin müvafiq dəlillə bağlı gəldiyi hüquqi nəticəni də əsaslı hesab edərək bildirir ki, cinayətin törədilməsində təqsirləndirilən hər bir şəxs, onun təqsiri qanunla nəzərdə tutulan qaydada sübuta yetirilməyibsə və bu barədə məhkəmənin qanuni qüvvəyə minmiş hökmü yoxdursa, təqsirsiz sayılır. İddiaçı barəsində məhkəmənin qanuni qüvvəyə minmiş ittiham hökmü və ya tibbi xarakterli məcburi tədbirlərin tətbiqinə dair qərar olmadığından o bələdiyyə üzvlərinin səlahiyyətlərini itirmiş hesab edilə bilməz.
22. Beləliklə, İddiaçı bələdiyyə sədri vəzifəsindən azad olunması və yeni bələdiyyə sədrinin seçilməsi barədə Quba rayonu Barlı Bələdiyyəsinin xx.xx.2021-ci il tarixli qərarı qanunvericiliyin tələblərinin pozulması ilə qəbul edildiyindən, o cümlədən “Bələdiyyələrin statusu haqqında” və “Bələdiyyə üzvünün statusu haqqında” qanunların tələblərinə zidd olduğundan birinci instansiya məhkəməsi həmin qərarın ləğv edilməsi barədə düzgün hüquqi nəticəyə gəlmişdir. 23.Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normaları düzgün tətbiq edildiyindən, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apelyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. 24.Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 14 oktyabr 2021-ci il tarixli, 2-1(118)-900/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.