Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-197/2023 07.02.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının İddiaçı cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsinə qarşı iş üzrə QƏRARDADİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Babayeva Hökümə Çingiz qızı və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçı və cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsinin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsinə qarşı 23 iyul 2020-ci il tarixli MN N ******* saylı qərarın, 14 iyul 2020-ci il tarixli ******* saylı protokolun və göstərilən qərar əsasında tətbiq edilmiş 600 manat cərimənin ləğv edilməsi tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(118)-3306/2022 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, 23 iyul 2020-ci il tarixli MN № ******* saylı qərarın, 14 iyul 2020-ci il tarixli ******* saylı protokolun və göstərilən qərar əsasında tətbiq edilmiş 600 manat cərimənin ləğv edilm barədə qərar çıxarılmasını xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat İddia tələbi onunla əsaslandırılmışdır ki, 14 iyul 2020-ci il tarixdə cavabdeh Agentliyin nümayəndəsi iddiaçının işlədiyi Abşeron rayonu Novxanı kəndi, H.Əliyev şossesi, “AS” marketdə olmuşdur. Göstərilən vaxt o, marketin müdirinin göstərişinə əsasən başqa işin yerinə yetirilməsi ilə əlaqədar marketdə olmamışdır. Cavabdehin nümayəndəsi həmin vaxt onunla əlaqə yaradaraq marketə gəlməsini xahiş etmişdir. Bundan sonra onlar görüşmüşlər və marketin müdiri yerində olmadığı üçün şəxsiyyət vəsiqəsinin surətini ondan istəmişlər və bir sənədə qol çəkdirmişlər. O, faktiki müdir olmadığını bildirmişdir. Buna baxmayaraq bir neçə gündən sonra Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru tərəfindən dəvət edilmiş və ona X1 Sumqayıt Regional Bölməsi tərəfindən onun barəsində 23 iyul 2020-ci il tarixli qərar çıxarıldığını bildirmişdir. Bununla bağlı o, həmin qərarı və protokolun ləğv edilməsini xahiş edir. Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(118)-3306/2022 nömrəli qərardadı ilə (hakim Vəfa Əzizova) iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları a) Apellyasiya şikayətinin dəlilləri Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi İnzibati Prossesual Məcəlləsinin 8.2-ci maddəsinin tələblərinə əməl etməmişdir. Məhkəmə prosesi iştirakı olmadan keçirilmiş, iştirakı məhkəmə tərəfindən təmin edilməmişdir. xx.xx.2022-ci il tarixdə tərəfindən teleqram vurularaq cərrahiyyə əməliyyatının aparılması ilə əlaqədar onun xx.xx.2022-ci il tarixdə məhkəmə iclasında iştirak edə bilməməyi bildirilmiş və məhkəmə iclasının təxirə salınması xahiş edilmişdir. Lakin buna baxmayaraq məhkəmə, onun iştirakı olmadan keçirilmiş, cavabdehlərin nümayəndələrinin, iddia tələbi ilə əlaqədar fikirləri məhkəmə iclasında müəyyənləşdirilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi müvafiq səlahiyyətli məhkəməyə göndərir. Sumqayıt İnzibati Məhkəməsinin 2-1(118)-3306/2022 saylı, xx.xx.2022-ci il tarixli qərardadında göstərilmişdir ki, “İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbinin bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən mümkün hesab etmişdir. Sumqayıt İnzibati Məhkəməsi məhkəmə prossesindən 1 gün öncə teleqram vuraraq növbəti gün məhkəmə prosesində iştirak edə bilməməyini, məhkəmə öz qərardadında “İddiaçı məhkəmə iciasınını vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq səbəbini bildirmədən məhkəmə iclasında iştirak etməmişdir.” kimi qiymətləndirmişdir. Bu isə onun qanunla qorunan hüquqlarının məhdudlaşdırılması deməkdir. İştirakının olmaması işin birtərəfli aparılması deməkdir. İPM-in 8.2-ci maddəsində söhbət, bir tərəfdən, xidməti vəzifəyə görə mübahisənin aidiyyətinin yoxlanılmasından gedir (bu da məntiqidir, çünki mübahisənin aidiyyəti mümkünlük məsələsinə aid olan bir məsələdir və daim xidməti vəzifəyə görə yoxlanılmalıdır). Digər tərəfdən isə, İPM-in 8.4-cü maddəsi tərəflərdən birinin məhkəmə aidiyyətini mübahisələndirməli olmasını şərtləndirir. Görünür, İPM belə bir mövqedən çıxış edir ki, aidiyyət mübahisələndirildiyi hallarda onun 8.4-cü maddəsinə müvafiq olaraq, məhkəmə mübahisənin onun aidiyyətinə aid olub-olmaması barədə bir qərar qəbul etməlidir. Beləliklə, proses iştirakçılarının məhkəmə aidiyyətini mübahisələndirdikləri hallarda mübahisənin onun aidiyyətinə aid olmasını hesab edən məhkəmə müvafiq olaraq aidiyyət barədə qərardad vasitəsilə (müsbət) qərar qəbul etməlidir. Bu zaman tərəflərin məhkəmə prossesində iştirak etmələri iddianın nəyə görə məhz təqdim etdikləri məhkəməyə vermələri müəyyən edilir. Bu qərardaddan İPM-in 8.5-ci maddəsinə müvafiq olaraq, şikayət verilə bilər. Əksinə, İPM-in 8.2-ci maddəsi yalnız o halı əhatə edir ki, məhkəmə (məhkəmə aidiyyəti mübahisələndirmədən) mübahisənin onun aidiyyətinə aid olmaması fikrində olsun. Məhkəmə iclasında onun iştirakının təmin edilməməsi məhkəmənin ona yardım etmək vəzifəsindən də məhrum etmişdir. Əgər birinci instansiya məhkəməsi tərəfindən işdə iştirak etməyimə şərait yaradılsaydı apellyasiya şikayətini vermək məcburiyyətində qalmazdı. Çünki apellyasiya instansiyasının səlahiyyətində məhkəmənin yardım etmək vəzifəsi kənardı. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli qərarına əsasən, İPM-in 13-cü maddəsində təsbit edilmiş yardım etmək vəzifəsi hər halda “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəasına münasibətdə müstəsna olaraq birinci instansiya məhkəmələrində işə baxılması üzrə inzibati məhkəmə icraatına şamil olunur və inzibati apellyasiya icraatında tətbiq edilə bilməz. Bu yanaşmasını Konstitusiya Məhkəməsi belə əsaslandırmışdır ki, İPM-in 13-cü maddəsinin yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması müddəası mahiyyət etibarı ilə yeni iddia tələblərinin meydana çıxması və iddianın predmetinin dəyişdirilməsi iddia üzrə cavabdehlərin dairəsinin dəyişdirilməsi ilə nəticələnə bildiyindən, bu, apellyasiya icraatının vəzifələri ilə uzlaşmaya və yeni iddia növünə məruz qalmış prosesin digər tərəfinin müdafiə hüquqlarının pozulması ilə nəticələnə bilər. Həmçinin Konstitusiya Məhkəməsinin fikrincə, apellyasiya icraatı zamanı iddia növünün dəyişdirilməsi proses iştirakçılarının Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququna xələl gətirə və onları pozulmuş hüquqlarını üçpilləli məhkəmə iyerarxiyasında mübahisələndirmək imkanından məhrum edə bilər. Lakin qeyd olunan yanaşmanın doğurduğu nəticələrdən asılı olmayaraq Konstitusiya Məhkəməsi sözügedən qərarında vurğulamışdır ki, apellyasiya icraatı qaydasında apellyasiya şikayəti üzrə işlərə baxılarkən apellyasiya məhkəmələrinin inzibati-iqtisadi kollegiyaları birinci instansiva məhkəmələri tərəfindən inzibati məhkəmə icraatının digər prinsipləri kimi, İPM-in 13-cü maddəsinin də tələbinə riayət edilib-edilməməsını yoxlamalıdırlar. Eyni zamanda, Konstitusiya Məhkəməsi xx.xx.2014-cü il tarixli qərarında bildirmişdir ki, inzibati icraatın spesifik xüsusiyyətlərinə əsaslanaraq, İPM-in 13-cu maddəsində nəzərdə tutulan məhkəmənin qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılması, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsi, natamam faktiki məlumatların tamamlanması, işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunması ilə bağlı proses iştirakçılarına yardım etməsini müəyyən edən müddəalarının inzibatı apellyasiya icraatında tətbiqi istisna edilmir. Nəhayət, Konstitusiya Məhkəməsinin barəsində söhbət gedən qərarına uyğun olaraq, apellyasiya instansiyası məhkəmələrinin inzibati-iqtisadi kollegiyalarının İPM əsasən birinci instansiya məhkəməsi qismində baxdığı iddialarda (yəni, normativ xarakterli aktların qanunauyğunluğunun mübahisələndirilməsinə dair, siyasi partiyalarla bağlı, kütləvi informasiya vasitələri ilə bağlı və seçki (referendumda iştirak) hüquqlarının müdafiəsi ilə bağlı iddialar) İPM-in 13-cu maddəsinin “yanlış iddia növlərinin münasibləri ilə əvəz olunması” müddəası tətbiq oluna bilər. İnzibati mübahisələrə kassasiya qaydasında baxılarkən İPM-in 13-cü maddəsində təsbit edilmiş yardım etmək vəzifəsinin tam və ya qismən tətbiqinin mümkün olubolmaması məsələsinə dair Konstitusiya Məhkəməsinin qeyd olunan qərarında fikir bildirilməmişdir. Konstitusiya Məhkəməsinin bu qərarını aşağıdakı şəkildə şərh etməklə ən yaxşı şəkildə anlamaq olar: apellyasiya instansiyası məhkəməsində icraat zamanı iddia növünün dəyişdirilməsinə, yəni, iddianın dəyişdirilməsinə yol verilmir. Çünki belə olan təqdirdə tərəflərdən biri instansiyaların birində hüquqi müdafiə imkanını itirmiş olardı. Beləliklə, burada söhbət əslində İPM-in 13-cü maddəsindən daha çox Məcəllənin 54-cü maddəsi ilə bağlı bir problemdən gedir. Başqa sözlə, hakim mübahisə predmetinin ikinci instansiya məhkəməsində icraat zamanı dəyişdirilməsinə səy göstərməməlidir. Əslində, bu, İPM-in 54-cü maddəsində nəzərdə tutulmuş mənada iddianın dəyişdirilibdəyişdirilməməsinin və nə zaman dəyişdirilməsinin məqsədəuyğunluğu ilə əlaqədar aparılan yoxlamaya bərabərdir. b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı tərəf etiraz təqdim etməmişdir. c) Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsinin nümayəndələri Nümayəndə1 və Nümayəndə2 apellyasiya şikayətinin təmin edilməməsini xahiş etdilər. Tətbiq edilən hüquq Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2. İnzibati mübahisələrin məhkəmə aidiyyəti 2.1. Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); 2.2.4. inzibati orqanın inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan və bilavasitə şəxsin hüquq və azadlıqlarını pozan qanunsuz müdaxiləsindən müdafiəyə dair iddialara (müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia); 2.2.5. inzibati hüquq münasibətinin mövcud olmasına və ya olmamasına, habelə inzibati aktın etibarsız sayılmasına dair iddialara (müəyyən etmə və ya tanınma haqqında iddia); 2.2.6. Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin səlahiyyətlərinə aid olan məsələlər istisna olmaqla, normativ xarakterli aktların qanunauyğunluğunun yoxlanılmasına dair iddialara (qanunauyğunluq haqqında iddia); 2.2.7. inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara; 2.2.8. bələdiyyələrin inzibati nəzarət orqanlarının hərəkətlərinə qarşı və ya inzibati nəzarət orqanlarının bələdiyyələrə qarşı iddialarına; 2.2.9. “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununa müvafiq olaraq bankın sağlamlaşdırılması, rezolyusiyası çərçivəsində verdiyi, bankın məcburi ləğvi və ləğvedicinin təyin edilməsi, bankın iflas proseduruna başlanması, bankın kapitalında mühüm iştirak payı olan şəxsin payının özgəninkiləşdirilməsi və ya bank tərəfindən geri alınması və digər nəzarət tədbirləri ilə bağlı maliyyə bazarlarına nəzarət orqanının ərizələrinə. Maddə 35. İddianın mümkünlüyü 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Maddə 80. Məhkəmə qərardadları 80.1. Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır... Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 19 yanvar 2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayəti mümkün sayılmışdır. Apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyası məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Belə ki, inzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 1-ci bəndinə əsasən məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Hazırkı işdən görünür ki, Azərbaycan Respublikası Qida Təhlükəsizlik Agentliyinin Sumqayıt Regional Bölməsinin əməkdaşları tərəfindən tərtib edilmiş 23 iyul 2020-ci il tarixli MN N0456877-li “İnzibati tənbeh vermə haqqında” qərara əsasən İddiaçı barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 444.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə barəsində 600 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. İddiaçı isə həmin protokolun və cərimənin ləğv edilməsi ilə bağlı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Belə olan halda, bu iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılması mümkün sayıla bilməz. Belə ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 saylı qərarının 7.2-ci bəndində qeyd edilir ki, nəzərə alınmalıdır ki, “İnzibati icraat haqqında” Qanunun 3.2, 3.2.1 və 3.2.2-ci maddələrinə əsasən həmin Qanun inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə və inzibati xətalara dair işlər üzrə fəaliyyətinə şamil olunmur. Ona görə də, inzibati xətalara dair iş üzrə icraatın aparılması ilə bağlı, eləcə də təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri ilə vurulmuş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddialara mülki məhkəmə icraatı qaydasında baxılır (...) Həmin Qərarın 15-ci maddəsində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. “İnzibati məhkəmə içraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarının 17-ci bəndində qeyd edilir ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə iclasının 1 ay sonrakı tarixə təxirə salınması barədə müraciətin nəzərə alınmaması barədə apellyasiya şikayətinin dəlili ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, İPM-in 62.3-cü maddəsinə əsasən, məhkəmə bildirişində məhkəməyə çağırılan şəxsin şifahi məhkəmə baxışı ilə bağlı iclasa gəlmədiyi halda da onun iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olmalıdır. Digər tərəfdən, MPM-in 185.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslər, məhkəməyə gəlməyə və ya gəlməməyin səbəbini və ya mümkünsüzlüyünü bildirməyə və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etməyə borcludurlar. İş materiallarından (səh.15) görünür ki, tərəflər məhkəmə iclasına gəlmədiyi halda onların iştirakı olmadan işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdurlar. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş tərəfin məhkəmə iclasında iştirak etməməsi işə baxılmasına mane olmur. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin iddianın mümkün sayılmaması barədə qərardadı əsaslıdır və birinci instansiya məhkəməsi iddiaçıya hazırkı iddia tələbi ilə müvafiq rayon (şəhər) məhkəməsinə müraciət etmək hüququnun olması barədə izah vermişdir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 29 noyabr 2022-ci il tarixli, 2-1(118)-3306/2022 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verə bilər.
Məhkəmə qərarları › İş №2-1(105)-197/2023
Sumqayıt Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(105)-197/2023
07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver