Məhkəmə qərarları › İş №2-1(105)-197/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-197/2024

05.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-197/2024 05.07.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı iş üzrə (Açar sözlər: vurulmuş maddi ziyana görə kompensasiyanın ödənilməsi) Sədrlik edən və məruzəçi hakim X3, hakimlər X2 və Quliyev İsmayıl Rza oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətinə qarşı vurulmuş zərərə görə 250.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)- 30/2023 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Azərbaycan Respublikası İqtisadi İnkişaf Nazirliyinin Dövlət Əmlakının İdarə Olunması və Özəlləşdirilməsi Departamentinin dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında 000173 №- li Şəhadətnaməsindən görünür ki, İddiaçı 2003-cü ildə Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən TXMOFƏM-nin 17 saylı qəlyanaltısını qüvvədə olan qanunvericilik əsasında 1778 000 (bir milyon yeddi yüz yetmiş səkkiz min) manata satın almışdır. ƏMDK Dövlət Əmlakının İnvertarlaşdırılması idarəsi tərəfindən tərtib edilmiş texniki pasportdan görünür ki, həmin sənəd İddiaçı məxsus qeyri-yaşayış obyekti barəsində tərtib edilmişdir. Sumqayıt Şəhər İcra Hakimiyyətinin Z.Yusifova ünvanladığı xx.xx.2011-ci il tarixli məktubdan görünür ki, Sumqayıt şəhərinin inzibati ərazisində aparılan abadlaşdırma və yenidənqurma işləri ilə əlaqədar olaraq vaxti ilə müvəqqəti olaraq yerləşdirilmiş köşk və yüngül konstruksiyalı quraşdırmalar müasir dövrün tələblərinə cavab vermədiyinindən eyni zamanda əhalinin ümumi istifadəsi və yaşıllıq ərazilərdə yerlşəməklə şəhərin estetik görünüşünə xələl gətirdiyindən vətəndaşa xəbərdarlıq edilməklə onun iştirakı ilə ləğv edilmişdir. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir. Abadlıq və yenidənqurma işləri başa çatdıqdan sonra ləğv edilmiş köşk və qurşadırmaların digər ərazilərdə yerləşdirilməsi araşdırılacaqdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 17 saylı qəlyanaltının (ticarət obyekti) söküntüsü (tikinti materiallarının və işçi qüvvəsinin hazırki bazar qiymətinə uyğun) ilə bağlı iddiaçıya vurulmuş ziyanın dəyəri mövcud bazar qiymtələrinə uyğun 20.411 manat məbləğində müəyyən olunur. AECS MMC-nin xx.xx.2024-cü il tarixli hesabatından görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsində yerləşən sökülmüş TXMOFƏM-nin 17 saylı qəlyanaltısı qeyri-yaşayış sahəsinin qiymətləndirmə tapşırığına uyğun olaraq hesablanmış bazar dəyəri xx.xx.2024-cü il tarixə 137600 manat təşkil edir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli ekspert rəyindən görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 17 saylı qəlyanaltının (ticarət obyekti) söküntüsü (tikinti materiallarının və işçi qüvvəsinin hazırki bazar qiymətinə uyğun) ilə bağlı iddiaçıya vurulmuş ziyanın dəyəri mövcud bazar qiymtələrinə uyğun 21088,0 manat məbləğində müəyyən edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək vurulmuş zərərə görə 250.000 manat məbləğində kompensasiyanın ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Bakı- Quba yolunun 40-cı km-də yerləşən 89 kv m ölçüdə qəlyanaltı onun mülkiyyətindədir. Həmin obyekt 1973-cü ildə inşa edilmiş və qəlyanaltı kimi istifadə edilmişdir. O, həmin qəlyanaltını 2003-cü ildə 1.778.000 manata Dövlət Əmlak Komitəsindən satın almışdır. Cavabdeh Sunqayıt Şəhər İcra Hakimiyyətinin işçiləri tərəfindən onun mülkiyyətində olan obyekt 2011-ci ildə qanunsuz olaraq sökülmüşdür. Söküntü aparılan zaman ona bildirilmişdir ki, mülkiyyət sənədi olduğuna görə ona kompensasiya ödəniləcəkdir. Həmin vaxtdan bütün aidiyyəti orqanlara, Azərbaycan Respublikası Prezidentinə dəfələrlə müraciətlər etmişdir. Cavabdeh onun bütün müraciətlərinə obyektin bərpa olunacağını və ya ədalətli kompensasiyanın ödəniləcəyini bildirmişdir. Lakin 10 ildən atıq müddətin keçməsinə baxmayaraq hər hansı konkret tədbir görülməmiş, vurulmuş ziyan ödənilməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdeh iddia tələbinə qarşı etirazında qeyd etmişdir ki, Sumqayıt Şəhər İcra Hakimiyyəti tərəfindən Sumqayıt şəhəri, X8 qəsəbəsində yerləşən 17 saylı qəlyanaltının sökülməsi ilə əlaqədar heç bir inzibati akt qəbul edilməmişdir. Qeyd olunan qəlyanaltının kim tərəfdən nə vaxt sökülməsi barədə Sumqayıt Şəhər İcra Hakimiyyətində heç bir məlumat yoxdur. Odur ki, iddianın təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-30/2023 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətindən İddiaçı mülkiyyətində olan Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi 17 saylı qəlyanaltının sökülməsi ilə bağlı maddi zərərə görə 20.411 manat məbləğində kompensasiyanın İddiaçı xeyrinə tutulması, cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətindən 100 manat ekspertiza xərclərinin dövlət büdcəsinin hesabına tutulması, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır (hakim Vəfa Əzizova). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, iddiaçıya məxsus 89 kv m ölçüdə qəlyanaltı cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyətinin şifahi göstərişi əsasında sökülmüş, cavabdeh tərəfindən həmin obyektin söküntüsü ilə bağlı texnika və fəhlə qüvvəsi cəlb olunmuş və nəticədə iddiaçıya maddi ziyan vurulmuşdur. Cavabdehin göstərilən tikilinin onun tərəfindən sökülməməsi ilə bağlı mövqeyi bir sıra sübutlarla təkzib edilir. Belə ki, iddiaçı tərəfindən təqdim edilmiş Sumqayıt Şəhər İcra Hakimiyyətinin müxtəlif illərə aid cavab məktublarından görünür ki, cavabdeh inzibati orqan söküntünün onun tərəfindən aparılmasını təkzib etməmiş, əksinə yeniquruculuq və abadlıq işlərinin aparılması ilə əlaqədat vətəndaşın iştirakı ilə söküldüyünü, yeni layihənin hazırlanması və işçi qüvvənin göstəriləcəyini və məhkəmə qərarının çıxarıldığı təqdirdə təzminatın ödəniləcəyini bildirmişdir. Cavabdehin nümayəndəsinin iddiaçının obyektinin sökülməsi ilə bağlı şəhər icra hakimiyyəti tərəfindən heç kimə yazılı və ya şifahi göstərişlərin verilmədiyi barədə izahatı iş materialları və toplanmış sübutlarla təkzib olunduğu üçün məhkəmə tərəfindən əsassız hesab edilir. Məhkəmə bu dəlilə münasibətdə qeyd edir ki, iddiaçının əsaslandığı hal məhz onunla bağlı olmuşdur ki, inzibati orqanın qanunsuz hərəkətləri nəticəsində iddiaçıya ziyan dəymişdir. Əgər inzibati orqan hər hansı inzibati aktı qəbul etmiş olsaydı, bu halda iddiaçı məhz həmin inzibati aktın mübahisələndirilməsinə dair iddia irəli sürərdi. Lakin iddia növünün məhz inzibati orqanların qanunsuz hərəkəti nəticəsində dəymiş ziyanın ödənilməsi ilə bağlı olduğu onu ehtiva edir ki, inzibati orqanların hərəkətləri qanunvericiliklə onlara verilmiş səlahiyyətlərindən kənarda olmuşdur. Həmin tikili hər hansı şəhərsalma və tikinti normalarına riayət olunmadan tikilmiş olsa idi belə, məhkəmə qərarı olmadan sökülməsi qanuna zidd olmuşdur. İddiaçı maddi ziyanın 250.000 manat məbləğində olmasını təsdiq edən hər hansı sübutu məhkəməyə təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı iddiaçıya dəymiş ziyanın həcminin müəyyən edilməsi üçün məhkəmə-texniki-tikinti ekspertizası təyin edilmişdir. İş üzrə verilmiş ekspert rəyinə görə iddiaçıya dəymiş ziyanın həcmi 20.411 manat təşkil edir. İddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırılmışdır ki, bu iş üzrə qəbul olunmuş Sumqayıt İnzibati Məhkəməsinin 10 oktyabr 2023-cü il tarixli, 2-1(118)-30/2023 saylı qərardan narazıdır. Qərar qəbul edilərkən məhkəmə MPM-nin 14 və 88-ci maddələrinin, İPM-nin 13, 33 və73-cü maddələrinin tələblərinə əməl etməmişdir. Verilmiş ekspert rəyi natamam olub, obyektiv qiymətlənmə aparılmamış, qərar qəbul edərkən digər sübut mənbələrinə istinad edilməmişdir. Ekspertin rəyi ilə razılaşmır. Ekspertin rəyinin obyektiv olmadığını məhkəmənin nəzərinə çatdırmış və təkrar ekspertizanın keçirilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə mübahisənin obyektiv araşdırılmasını təmin etməmişdir. Ekspertin rəyi kifayət qədər aydın və tam deyil. Buna görə də MPM-nin 102.1-cimaddəsinə görə “Ekspertin rəyi kifayət qədər aydın və ya tam olmadıqda, məhkəmə əlavə ekspertiza təyin edə bilər və onun keçirilməsini həmin və ya başqa ekspertə tapşıra bilər”. Apellyasiya şikayətinə qarşı etirazı daxil olmamışdır. Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollegiyasının iclasında iştirak etmiş İddiaçı apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətini müdafiə edərək, öz izahatında qərarın iddianın təmin edilməmiş hissəsində ləğv edilməsi və iddianın tam təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. xx.xx.2024-cü il tarixdə məhkəmə kolegiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasının xahiş etdi. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: Maddə 89.1. İnzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Maddə 89.2 Maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 21. Zərərin əvəzinin ödənilməsi Maddə 21.1. Zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Maddə 21.2. Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Maddə 1096.1. Mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Maddə 1096.2. Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Maddə 1097.1. Mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi: Maddə 2.2.7. İnzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Maddə 12. Məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin mümkünlüyü, apellyasiya baxışının hədləri Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2023-cü il tarixli qərardadı ilə apellyasiya şikayətləri mümkün sayılmışdır. Apellyasiya şikayətlərində birinci instansiya məhkəməsinin qərarı iddianın təmin olunmamış hissəsi mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı həmin hissədə yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı vurulmuş maddi ziyanın məbləğinə aid hissədə dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi iddiaçıya məxsus olan qeyri-yaşayış sahəsinin söküntüsü nəticəsində ona vurulmuş maddi ziyana görə kompensasiyanın ödənilməsi ilə bağlı olmuşdur. Cavabdeh orqanın məktubundan görünür ki, Sumqayıt şəhərinin inzibati ərazisində aparılan abadlaşdırma və yenidənqurma işləri ilə əlaqədar olaraq vaxti ilə müvəqqəti olaraq yerləşdirilmiş köşk və yüngül konstruksiyalı quraşdırmalar müasir dövrün tələblərinə cavab vermədiyinindən eyni zamanda əhalinin ümumi istifadəsi və yaşıllıq ərazilərdə yerlşəməklə şəhərin estetik görünüşünə xələl gətirdiyindən vətəndaşa xəbərdarlıq edilməklə onun iştirakı ilə ləğv edilmişdir. Hal-hazırda bu istiqamətdə işlər davam etdirilir. Abadlıq və yenidənqurma işləri başa çatdıqdan sonra ləğv edilmiş köşk və qurşadırmaların digər ərazilərdə yerləşdirilməsi araşdırılacaqdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə iddia tələbi qismən təmin edilmişdir. Həmin qərardan cavabdeh inzibati orqan tərəfindən apellyasiya şikayəti verilməmişdir. İndiki halda apellyasiya baxışnın predmetini məhz vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi təşkil edir. Belə ki, iddiaçı müvafiq məhkəmə qərarı ilə müəyyən edilmiş vurulmuş ziyanın məbləği ilə razı olmayaraq, həmin qərardan apellyasiya şikayəti vermişdir. İşin müəyyən edilmiş hallarından görünür ki, sözügedən tikili “Dövlət əmlakının hüquqi və fiziki şəxslərə satılması haqqında” Şəhadətnamə əsasında iddiaçıya məxsus olmuşdur. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış məktubların məzmunundan görünür ki, qeyd edilən tikili cavabdeh tərəfindən sökülmüşdür. Həmin məktubların məzmununda cavabdeh iddiaçının razılığı əsasın həmin tikilinin sökülməsi halına istinad etsə də, məhkəmə araşdırması zamanı həmin hal (iddiaçının bu barədə razılığının olmasını əks etdirən sənədlərin olması) müyyən edilməmişdir. Bundan əlavə, cavabdeh inzibati orqan tərəfindən birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilməmiş, habelə məhkəmə iclasında verdiyi izahatında məhkəmə qərarı ilə müəyyən edilmiş 20411 manat məbləğində ziyanın ödənilməsinə razı olduqlarını bildirmişdir ki, bu hallar özlüyündə cavabdehin həmin qərarla müəyyən edilmiş işin halları ilə razı olmasını ifadə edir. Bu baxımından qeyd edilməlidir ki, indiki halda cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində iddiaçıya məxsus olan tikilini sökülməsi, bu söküntü nəticəsində iddiaçıya maddi ziyan vurulması və onun hərəkətləri ilə vurulmuş ziyanın arasında səbəbli əlaqənin olması halı işin mübahisəsiz halı kimi çıxış edir. İndiki halda işin mübahisəli halı məhz iddiaçıya vurulmuş ziyanın məbləği ilə bağlı olan hal təşkil edir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi tərəfindən aparılmış araşdırma çəçivəsində təyin edilmiş müvafiq ekspertizanın nəticəsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekpsertizası Mərkəzi tərəfindən verilmiş ekspert rəyində həmin tikilinin söküntüsü (tikinti materiallarının və işçi qüvvəsinin hazırki bazar qiymətlərinə uyğun) ilə bağlı iddiaçıya vurulmuş ziyanın dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 20411,0 manat olduğu müəyyən edilmiş, məhkəmə tərəfindən ziyanın məbləğini məhz həmin ekspert rəyi əsas götürülməklə, müəyyən edilmişdir. Həmçinin, apellyasiya icraatı zamanı iş üzrə yenidən müvafiq məhkəmə ekspertizası təyin edilmiş, həmin ekspert rəyində həmin tikilinin söküntüsü (tikinti materiallarının və işçi qüvvəsinin hazırki bazar qiymətlərinə uyğun) ilə bağlı iddiaçıya vurulmuş ziyanın dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq 21088,0 manat olduğu müəyyən edilmişdir. Eyni zamanda qeyd edilməlidir ki, iddiaçının özü tərəfindən məhkəməyə təqdim edilmiş qiymətləndiməyə dair sənədlərdə həmin tikilinin ümumu dəyərinin 137600 manat olduğu müəyyən edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə onu qeyd edir ki, hazırki iş üzrə iddia tələbi bilavasitə sübutetmə yükü ilə bağlı olmaqla, iddia tələbi üzrə sübutetmə yükü bilavasitə iddiaçı tərəfin üzərinə düşür. Belə ki, iddiaçı cavabdeh inzibati orqanın hərəkətləri nəticəsində ona 250000 manat məbləğində ziyan vurulması halına istinad edirsə, qeyd edilən məbləğdə ona ziyan vurulması halını sübut etmək öhdəliyini daşıyır. İndiki halda iddiaçı tərəfindən bununla bağlı yeganə sübut kimi qiymtləndirmə ilə bağlı rəy təqdim edilmiş, həmin rəy tikilinin söküntüsü ilə bağlı halları deyil, əmlakın ümumi bazar dəyəri ilə bağlı halları özündə ehtiva etmişdir. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edilən sübut vasitəsilə bağlı onu qeyd edir ki, həmin qiymətləndiməyə aid sənədlər iddiaçının özü tərəfindən təqdim edildiyindən, bu hal həmin sübutun mötəbərliyini şübhə altına almış olur. Həmçinin qeyd edilməlidir ki, həmin sübut vasitəsi məhz iş üzrə mövcud olan digər sübutlarla yanaşı qiymətləndirilməlidir. Bu baxımından məhkəmə araşdırması zamanı ekspertiza təyin edilmiş, birinci instansiya məhkəməsi tərəfindən təyin edilmiş ekspertiza nəticələrinə dair ekspert rəyində həmin məbləğin 20411,0 manat olduğu, apellyasiya icraatı zamanı isə təqdim edilmiş ekspert rəyində həmin məbləğin 21088,0 manat olduğu qeyd edilmişdir. İddiaçı tərəfindən isə həmin ekspert rəyinin əsassız olmasına, ona vurulmuş ziyanın məbləğinin məhz özünün qeyd etdiyi məbləğdə olmasına dair heç bir dəlilə istinad edilməmiş, habelə ekspert rəyinin əsassız və natamam olması halını ümumi sözlərlə ifadə edərək, buna dair heç bir sübut təqdim edilməmişdir. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, ekspert məhz bu sahədə xüsusi biliyə malik olan şəxs qismində çıxış etdiyindən, işin halları baxımından vurulmuş ziyanın məbləğinin müəyyən edilməsi üçün məhz xüsusi bilik tələb olunduğundan, həmin halın müəyyən edilməsi məqsədilə məhz ekpert rəyi mötəbər sübut qismində qəbul edilməlidir. Bu halda məhkəmə kollegiyası hesab edir ki, hazırki iş üzrə cavabdehin hərəkətləri nəticəsində iddiaçıya vurulmuş ziyanın məbləği məhz sonuncu ekspert rəyi əsas götürülməklə, dəymiş ziyanın məbləği 21088 manat müəyyən edilməli, iddia tələbi bu hissədə təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı həmin hissədə dəyişdirilməlidir. Bundan əlavə, məhkəmə kollegiyası onu qeyd edir ki, iddiaçı tərəf qeyd edilən tikilinin sökülməsi ilə bağlı ona vurulmuş ziyanın məbləğinin məhz hazırda həmin tikililərin alqı-satqısı ilə bağlı müəyyən edilmiş qiymətin əsas götürülməklə, müəyyən edilməli olması halına istinad etmişdir. Bununa bağlı məhkəmə kollegiyası onu qeyd edir ki, cavabdehin iddiaçı barəsində olan hərəkətləri qeyd edilən tikilinin sökülməsi ilə bağlı olmuşdur. İndiki halda iddiaçının həmin tikilinin yerləşdiyi torpaq sahəsində istifadə edə bilməməsi (başqa tikili inşa etdirə bilməməsi və s. hallarla bağlı) cavabdehin təqsirli hərəkətləri ilə bağlı olmamışdır. Belə ki, iddiaçı öz izahatında həmin tikilinin yerləşdiyi torpaq sahəsindən yolun tikintisi ilə əlaqədar (yolun tikitisi ilə bağlı mühafizə zonasına düşdüyündən) istifadə edə bilmədiyini qeyd etmişdir.Göründüyü kimi qeyd edilən tikilinin yerləşdiyi torpaq sahəsindən iddiaçının istifadə edə bilməməsi halı cavabdeh inzibati orqanın hərəkətləri ilə bağlı olmamışdır. Həmçinin, cavabdeh tərəfindən verilmiş məktubların məzmunundan görünür ki, həmin tikilinin sökülməsində məqsəd yeni layihə əsasında obyekt tikintisindən ibarət olmuş, habelə iddiaçı tərəfindən isə yeni lahiyə əsasında obyekt tikintisindən imtina edilmiş və əvəz olaraq kompensasiya tələb edilmiş, cavabdeh inzibati orqan bu səbəbdən həmin məsələnin həlli ilə bağlı məhkəməyə müraciət edilməsini bildirmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçıya ziyan vurulması halı məhz həmin tikilinin söküntüsi ilə bağlı olduğundan, ziyanın məbləği də həmin tikilinin söküntüsü ilə (tikilini bərpa edilməsi üçün zəruri olan xərc və s.) bağlı hallar əsas götürülməklə, müəyyən edilməlidir. Həmçinin, iddiaçı öz izahatında qonşuluqda yerləşən oxşar obyektin satıldığı zaman əmlakın 1kv.m. ölçüsün qiymətinin 1600 manat əsas götürülməklə müəyyən edilməsi halına istinad edərək,indiki halda da ona münasibətdə həmin qiymətin əsas götürülməsini bildirmişdir. Bununla bağlı, qeyd edilməlidir ki, məhkəmə araşdırması zamanı həmin dövrdə eyni ərazidə oxşar əmlakların özgəninkiləşdirilməsinə dair bağlanmış müqavilələrə aid notariat işləri tələb edilmişdir. Həmin sənədlərin məzmunundan görünür ki, həmin müqavilələrin məzmununda müqavilə predmeti olan 121,8 kv.m olan əmlakın qiyməti 19750 manat, ümumi sahəsi 595,9 kv.m olan əmlakın qiyməti 50000 manat dəyərində müəyyən edilmişdir. İndiki halda iddiaçıya məxsus olan tikilinin ümumi sahəsi 89 kv.m olduğundan, həmin tikili ilə yuxarıda qeyd edilən müqavilə predmeti olan tikililərin texniki göstəricilərini, habelə həmin əmlakların qiymətlərini müqayisə etdikdə, hazırki iş üzrə iddiaçıya münasibətdə müəyyən edilmiş ziyanın məbləğinin həmin əmlakların bazar qiymətindən artıq məbləğdə olduğu aşkar görünür. Bundan əlavə, məhkəmə kollegiyası qeyd edir ki, indiki halda iddiaçıya vurulmuş ziyanın məbləği məhz cavabdeh tərəfindən müvafiq tikinti obyektinin söküntüsü ilə bağlı (tikilinin bərpası üçün zəruri olan xərc və s.) olduğundan, ziyanın məbləği də həmin hallarla bağlı müəyyən edilməli olduğundan, bu hissədə iddiaçının istinad etdiyi hallar əsassız olmuş, bu səbəbdən də əlavə araşdırma zərurəti olmamışdır. Göstərilən hallar da özlüyündə iddiaçının apellyasiya şikayətinin dəlili kimi istinad etdiyi halları təkzib edir. Bu baxımından, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına həmin hissədə düzgün hüquqi qiymət verilmişdir. Qeyd olunan hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı iddia tələbinin maddi ziyanın məbləğinə aid hissədə dəyişdirilməli, həmin hissədə iddia qismən təmin edilməli, qalan mübahisələndirilən hissədə qərar dəyişdirilmədən saxlanılmalıdır. Həmçinin, məhkəmə kollegiyası hesab edir ki, iş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 manat məbləğində pul vəsaiti cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətindən tutularaq dövlət büdcəsinə köçürülməlidir. Azərbaycan Respublikası İPM-in 110.1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilməli, iddia qismən təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2-1(118)-30/2023 nömrəli qərarı iddia tələbinin vurulmuş maddi ziyanın məbləğinə aid hissədə dəyişdirilsin. İddia tələbi həmin hissədə qismən təmin edilsin. İddiaçı məxsus olan Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsində yerləşən 17 saylı qəlyanaltının sökülməsi ilə bağlı vurulmuş maddi ziyanın əvəzi olaraq 21088 (iyirmi bir min səksən səkkiz) manat məbləğində pul vəsaiti cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətindən tutularaq İddiaçı ödənilsin. Qərar qalan mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri olan 50 (əlli) manat məbləğində pul vəsaiti cavabdeh Sumqayıt Şəhər İcra Hakimiyyətindən tutularaq dövlət büdcəsinə köçürülsün. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar