Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2-1(105)-198/2022 11.03.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Babayeva Hökümə Çingiz qızı, hakimlər Məmmədov Fuad Əli oğlu və Məmmədov Zahid Tahir oğlundan ibarət tərkibdə, Hüseynli Aydın Hüseyn oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X4 adına verilmiş 20.09.2019-cu il tarixli **********77 reyestr nömrəli çıxarışın ləğv edilərək onun adına Xaçmaz rayonu Seyidlikəndyeri kəndində yerləşən 10 sot torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə üzrə Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-2246/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ:
1. Xaçmaz rayonu Seyidlikəndyeri Bələdiyyəsinin 28 dekabr 2002-ci il tarixli 15 saylı qərarı ilə X5 fərdi istirahət düşərgəsinin tikintisi üçün 1,00 ha torpaq sahəsi satılmış və həmin torpaq sahəsinə dair Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin Xaçmaz rayon şöbəsi tərəfindən 19 sentyabr 2003-cü il tarixdə “Torpağın mülkiyyət hüququna" JN 0205 KOD 30221018 nömrəli Dövlət aktı tərtib olunmuşdur.
2. X6 JN 0205 nömrəli Dövlət aktına əsasən ona məxsus olan Xaçmaz rayonu Seyidlikəndyeri Bələdiyyəsində yerləşən 10 sot torpaq sahəsini Xaçmaz rayon 1-ci Dövlət Notariat Kontorunda bağlanmış 17.04.2005-ci il tarixli, 4ə/4-654 reyestr nömrəli alqı-satqı müqaviləsi əsasında İddiaçı satmışdır.
3. İddiaçının nümayəndəsi X7 sözügedən torpaq sahəsinə çıxarış verilməsi üçün cavabdeh inzibati orqana 26.11.2020-ci il tarixli ərizə ilə müraciət etmiş, müraciətə baxılmış və cavabdeh orqanın 03.12.2020-ci il tarixli **********24 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, sözügedən 0,10 ha torpaq sahəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində digər şəxsin adına dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2, 11.1 və 15ci maddələrinə istinad edərək iddiaçının ərizəsinin icrasından imtina etmişdir.
4. İddiaçının nümayəndəsi sözügedən torpaq sahəsinə dair X4 mülkiyyət hüququnu təsdiq edən dövlət reyestrindən çıxarışın ləğv edilməsi barədə cavabdeh inzibati orqana 04.11.2021-ci il tarixli ərizə ilə müraciət etmiş, müraciətə baxılmış və cavabdehin 04.11.2021-ci il tarixli **********62 nömrəli məktubu ilə iddiaçının müraciətinə cavab olaraq bildirilmişdir ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyən edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. Cavabdeh inzibati orqan “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.4-cü maddəsinə istinad edərək X4 adına verilmiş çıxarışın ləğvinə verilmiş göstərişin icrasının yalnız məhkəmə qərarı ilə mümkün olduğunu bildirmişdir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ a) Birinci instansiya məhkəməsində icraat
5. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinə iddia ərizəsi ilə müraciət edərək X4 adına verilmiş 20.09.2019-cu il tarixli, **********77 reyestr nömrəli çıxarış ləğv edilərək Xaçmaz rayon Seyidlikəndyeri kəndində yerləşən 10 sot torpaq sahəsinə adına çıxarış verilməsi öhdəliyinin cavabdeh orqanın üzərinə vəzifə qoyulmasını xahiş etmişdir.
6. İddia tələbi onunla əsaslandırılmışdır ki, “Torpağın mülkiyyət hüququna" dair JN 0205 KOD 30221018 nömrəli Dövlət Aktına əsasən X5 Xaçmaz rayon Seyidlikəndyeri Bələdiyyəsinin 28 dekabr 2002-ci il tarixli 15 saylı qərarı ilə fərdi istirahət düşərgəsinin tikintisi üçün 1,00 ha torpaq sahəsi satılmışdır. Həmin torpaq sahəsi bir neçə şəxsə satılmış, yerdə qalan 10 sot torpaq sahəsini 17 04.2005-ci il tarixində Xaçmaz rayon 1-ci Dövlət Notariat Kontorunda ünvan 1 ünvanda yaşayan X3 alqı-satqı müqaviləsi əsasında almışdır. Həmin torpaq sahəsini notarial qaydada alqı-satqı yolu ilə alsa da reyestrdən çıxarış almamışdır. Qeyd etdiyi 10 sot torpaq sahəsinə çıxarış almaq məqsədi ilə cavabdeh orqana 26.11.2020-ci il tarixində rəsmi müraciət etmişdir. Cavabdeh orqan onun müraciətinə 03.12.2020-ci il tarixində rəsmi imtina edərək bildirmişdir ki, sənədlərin ekspertizası və daşınmaz əmlakın müayinəsi zamanı aşkar olunmuşdur ki, göstərilən 0,10 ha torpaq sahəsinə 5 saylı Xaçmaz Ərazi İdarəsinin elektron məlumat bazasında olan xəritə üzərində digər şəxsin adına dövlət reyestrindən çıxarış verilmişdir. Cavabdeh orqana Bakı şəhəri “Mərkəz” vəkil bürosu tərəfindən ünvanlanmış 04.12.2020-ci il tarixli sorğusuna isə 08.12.2020-ci il tarixli **********05 nömrəli cavab məktubunda bildirilmişdir ki, yuxarıda qeyd olunan torpaq sahəsinə 20.09.2019-cu il tarixində, yerdə qalan hissə kimi X4 adına **********77 reyestr nömrəli çıxarış verilmişdir. Bundan sonra ona məlum olmuşdur ki, X6 ondan xəbərsiz alqı-satqı yolu ilə ona satdığı Xaçmaz rayon Seyidlikəndyeri kəndində yerləşən 10 sot torpaq sahəsinə öz adına 20.09.2019-cu il tarixində, **********77 reyestr nömrəli çıxarış alıb. İddiaçı X4 adına olan 20.09.2019- cu il tarixində, **********77 reyestr nömrəli çıxarışı əldə edə bilmədiyi üçün həmin çıxarışı ərizəsinə əlavə edə bilməmişdir. Hesab edir verilmiş çıxarış ləğv edilməli və onun adına yeni çıxarış verməlidir. Çıxarışın etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə ümumi məhkəməyə müraciət etmiş, Xaçmaz rayon məhkəməsi isə iddia ərizəsini İnzibati Məhkəməyə aidiyyatı olduğunu bildirərək 2(067)-2526/2021 saylı, 21.09.2021-ci il tarixli qərardad çıxararaq iddia ərizəsinə xitam verib və iddia ərizəsində göstərilən tələblə bağlı müvafiq inzibati məhkəməyə müraciət etmək hüququnun olduğunu bildirib.
7. Cavabdeh orqan iddia ərizəsinə etiraz edərək 07.12.2021-ci il tarixli **********98 nömrəli etirazında bildirmişdir ki, İddiaçı etibarnamə üzrə nümayəndəsi vətəndaş X2 rayonu, Seyidlikəndyeri kəndi ərazisində yerləşən 0.10 ha torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınması və torpaq sahəsinin plan və ölçüsünün hazırlanması üçün Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə 26.11.2020-ci il tarixli ********** qeydiyyat nömrəli ərizə ilə müraciət etmişdir. Sənədlərin ekspertizası və daşınmaz əmlаkın müayinəsi zamanı aşkar olunmuşdur ki, müllkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyatına alınması ilə bağlı sözügedən 0.10 ha torpaq sаhаsinə 5 saylı Xaçmaz Ərаzi idarəsinin еlеktrоn məlumat bazasında оlаn xəritə üzərində digər şəxsin adına dövlət rеуеstrindən çıxarış verilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.2-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılmaqla aparılır. Həmin Qanunun 11.1 və 15-ci maddələrinə əsasən ərizənin icrasından 03.12.2020-ci il tarixli, **********24 nömrəli məktubla imtina olunmuşdur. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 11.1-ci maddəsinə əsasən, hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Bundan sonra iddiaçının etibarnamə üzrə nümayəndəsi sözügedən çıxarışın ləğv edilməsi barədə cavabdeh orqana 04.11.2021-ci il tarixində ərizə ilə müraciət etmişdir. Müraciətə 04.11.2021-ci il tarixli **********62 nömrəli məktubla cavab olaraq bildirilmişdir ki, həmin çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8-ci və 10-cu maddələri ilə müəyyə edilmiş hüquqların dövlət qeydiyyatı üçün əsas olan hüquqmüəyyənedici sənədlər əsasında hazırlanmışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 2.4-cü maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Sözügedən çıxarışın ləğvinə yol verilmiş göstərişin icrası yalnız məhkəmənin qərarı ilə mümkündür. Həmin qanunun 16.6-cı maddəsinə əsasən dövlət reyestrinin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Müqavilə əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir.
8. Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 2-1(118)-2246/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. (hakim C.Məmmədov)
9. İddiaçı 16.12.2021-ci il tarixdə şikayət ərizəsi ilə Sumqayıt inzibati Məhkəməsinə müraciət edərək 10 dekabr 2021-ci il tarixli 2-1(118)-2246/2021 saylı qərardadın ləğv edilərək iddia ərizəsinə Sumqayıt İnzibati Məhkəməsində baxılmasını xahiş etmişdir.
10. İddiaçı Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli 2-1(118)- 2246/2021 saylı qərardadından apellyasiya şikayəti verərək Sumqayıt inzibati Məhkəməsinin qərardadının ləğv olunaraq yeni qərardad çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ, MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ a) Apellyasiya şikayətinin dəlilləri
11. Apellyasiya şikayəti iddia ərizəsi ilə eyni məzmunda əsaslandırılmışdır.
b) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
c) Məhkəmə icraatı iştirakçılarının izahatları
13. İddiaçıya məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilsə də, məhkəmə iclasında iştirak etməmiş, lakin məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və apellyasiya şikayətinin təmin olunmasını məhkəmədən xahiş etmişdir.
14. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir.
15. Məhkəmə işə tərəflərin iştirakı olmadan baxılmasını və qərar qəbul edilməsini mümkün hesab etmişdir. (İPM-in 62.3-cü maddəsi).
TƏTBİQ OLUNAN HÜQUQ:
16. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu Maddə 2 . Qanunda istifadə olunmuş əsas anlayışlar 2.0. Bu Qanunda istifadə olunmuş əsas anlayışlar aşağıdakı mənalara malikdir: 2.0.1. inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs; 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir.
17. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli Plenumu qərarı.
18. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarı.
19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarı.
20. İnzibati Prosessual Məcəllə: Maddə 81. Apellyasiya şikayəti vermək hüququ 81.1. İnzibati məhkəmələr tərəfindən qəbul olunmuş qərarlardan və ya qərardadlardan, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla, şikayət verilə bilər. Şikayətə apellyasiya qaydasında apellyasiya instansiyası inzibati kollegiyaları (bundan sonra - apellyasiya instansiyası məhkəmələri) tərəfindən baxılır Maddə 85. Şikayətin verilməsinə dair tələblər 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 89. Apellyasiya instansiyası məhkəməsinin qərarının qanuni qüvvəyə minməsi Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir.
APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
21. Apellyasiya şikayəti vaxtında, yəni məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində (İPM-in 85.1-ci maddəsi) verilmişdir. Şikayət formal baxımdan lazımi qaydada əsaslandırılmış və orada şikayətçinin tələbi göstərilmişdir (İPMin 85.2 və 85.3-cü maddələri). Şikayət qanunla müəyyən edilmiş formal tələblərə və prosessual müddətə əməl olunmaqla verildiyindən onun mümkün sayılmaması üçün əsaslar yoxdur. Ona görə də şikayət qəbul oluna bilən hesab edilir.
22. Birinci instansiyası məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ:
23. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli, iddia mümkün sayılmalı, hazırki iş mahiyyəti üzrə baxılması üçün həmin məhkəməyə göndərilməlidir.
24. Birinci instansiya məhkəməsi iddianı mümkün saymamış və qərarını onunla əsaslandırmışdır ki, X6 iddiaçı ilə bağladığı alqı-satqı müqaviləsi üzrə əmlak üzərində olan hüquqlarını başqa şəxsə ötürməsini dərk etmiş, lakin iddiaçının həmin alqı satqı müqaviləsi üzrə torpaq sahəsinə dair əldə etdiyi hüququnun qeydə aldırılması üçün Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinə müraciət etməməsindən istifadə edərək həmin torpağı alqı satqı müqaviləsi əsasında başqa şəxsə satmışdır. Məhkəmə hesab edir ki, bu X4 hərəkətlərinin qeyri-qanuni olmasına və onun alqı-satqı müqaviləsinin tərəfi kimi üzərinə düşən vəzifələrin kobudcasına pozulmasına dəlalət edir.
25. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli Plenumu qərarına əsasən əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında baxılır. Birinci instansiya məhkəməsi bu normaya istinad edərək hesab edir ki, X4 adına çıxarışın verilməsi üçün əsas onun əmlak hüquqlarından kobud şəkildə sui-istifadə etməsi olmuşdur.
26. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 17-ci bəndində göstərilir ki, əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Bu baxımdan birinci instansiya məhkəməsi iddiaya mülki məhkəmə icraatı qaydasında baxılmasını müəyyən edərək iddianın mümkün sayılmaması haqqında qərardad qəbul etmişdir.
27. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmır və aşağıdakıları qeyd edir:
28. İddia ərizəsindən görünür ki, iddiaçının tələbi iki hissədən ibarətdir: 1) Xaçmaz rayon Seyidlikəndyeri kəndində yerləşən 10 sot torpaq sahəsinə dair X4 adına verilmiş 20.09.2019-cu il tarixli, **********77 reyestr nömrəli çıxarışın ləğv edilməsi; 2) Həmin torpaq sahəsinə dair onun adına çıxarış verilməsi öhdəliyinin cavabdeh üzərinə qoyulması.
29. Birinci iddia tələbinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 4 nömrəli qərarının 1-ci bəndinə əsasən mübahisənin məhkəmə aidiyyəti müəyyənləşdirilərkən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə «MPM») 24-26-cı və 30-cu maddələri, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə «İPM») 2-ci maddəsi, habelə həmin Məcəllənin XV-XİX fəsillərinin aidiyyətlə bağlı müddəaları rəhbər tutulmalıdır. Həmin qərarın 3.2-ci bəndinə əsasən inzibati hüquq münasibətlərində tərəflərdən ən azı biri «İnzibati icraat haqqında» Qanunun 2.0.1 və 3.1-ci maddələrində nəzərdə tutulmuş mənada inzibati orqan olmalıdır. Qərarın 4cü bəndinə əsasən inzibati orqanın iştirak etdiyi hüquq münasibətinin inzibati və ya xüsusi hüquqi münasibət olduğunu müəyyənləşdirərkən inzibati orqanın həmin münasibətdə xüsusi hüququn subyekti (mülki dövriyyənin iştirakçısı) kimi iştirak etdiyinin, yaxud hakimiyyət səlahiyyətlərinin subyekti kimi inzibati orqanın yalnız ona xas olan fəaliyyəti həyata keçirdiyinin müəyyən edilməsi vacibdir. Bu zaman ümumi (publik) hüquq sahəsinin ictimai idarəetmə ilə bağlı olması və hakimiyyət səlahiyyətlərinin tətbiq edilməsi ilə müşayiət olunduğu nəzərə alınmalıdır.
30. Həmin qərarın 17-ci bəndində göstərilir ki, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyatla bağlı münasibətlərdən irəli gələn mübahisələrin məhkəmə aidiyyəti müəyyən edilərkən ilk növbədə nəzərə alınmalıdır ki, daşınmaz əmlakın dövlət reyestrindən çıxarış reyestrdəki qeydiyyatı əks etdirən sənəddir və inzibati akt kimi qiymətləndirilə bilməz. Bu qəbildən olan mübahisələrin məhkəmə aidiyyəti məsələsinin həlli qaldırılmış iddianın hüquqi təbiətindən, onun mülki-hüquqi və ya inzibati-hüquqi tələb olmasından asılıdır. İddia tələblərinin hüquqi təbiətini müəyyənləşdirərkən isə mübahisənin mahiyyəti təhlil edilərək daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatın aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlərə və (və ya) inzibati orqanın hərəkətlərinə qiymət verilməlidir. Əgər qeydiyyat mülki-hüquqi əqdlərin (alqı-satqı, bağışlama, vərəsəlik şəhadətnaməsi və s.) əsasında aparılmışdırsa, bu halda, daşınmaz əmlakın dövlət reyestrindəki qeydiyyat onun aparılmasına əsas təşkil etmiş hüquq müəyyənedici sənədlər mübahisələndirilməklə həyata keçirilməli və belə işlərə mülki məhkəmə icraatı qaydasında baxılmalıdır. Reyestrdəki qeydiyyat inzibati akt əsasında aparıldıqda və iddianın faktiki əsasını bu aktın qanunsuzluğu təşkil etdikdə iddiaçı əvvəlcə özünün hüquqi marağına uyğun olaraq müvafiq aktı qəbul etmiş orqana qarşı iddia qaldırmaqla inzibati məhkəmə icraatı qaydasında həmin inzibati aktı mübahisələndirməlidir.
31. Hazırkı iş üzrə X4 adına reyestrdə qeydiyyat Xaçmaz rayon Seyidlikəndyeri Bələdiyyəsinin qərarı ilə verilmiş “Torpağın mülkiyyət hüququna" dair JN 0205 KOD 30221018 nömrəli Dövlət Aktına əsasən aparılsa da, iddia tələbindən göründüyü kimi, Dövlət Aktının qanuniliyi mübahisə predmeti deyildir.
32. Reyestrdə aparılmış qeydiyyat inzibati orqanın ümumi (publik) hüquqdan irəli gələn səlahiyyətlərinin icrası çərçivəsində həyata keçirilən faktiki xarakterli fəaliyyətin nəticəsidir. Ali Məhkəmənin Plenum qərarının 17-ci bəndinə əsasən, bu qaydada aparılmış qeydiyyatın mübahisələndirilməsi zamanı inzibati orqanın publik hüquqdan irəli gələn vəzifə və səlahiyyətlərinin qanuni və əsaslı olaraq həyata keçirilib-keçirilmədiyinə qiymət verilməli olduğu üçün həmin mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
33. Belə ki, Plenum qərarına əsasən, daşınmaz əmlakın dövlət reyestrində aparılmış qeydiyyat mülki-hüquqi əqdə və yaxud inzibati akta əsaslansa da, iddiaçı həmin hüquq müəyyənedici sənədləri deyil, onlardan irəli gələn qeydiyyatın özünün inzibati orqan tərəfindən düzgün aparılmadığını mübahisələndirdiyi hallarda da işə inzibati məhkəmələrdə baxılmalıdır.
34. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 19 may 2014-cü il tarixli Plenum qərarında göstərilmişdir ki, əmlak hüquqları ilə bağlı mübahisələrdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən daşınmaz əmlakın dövlət reyestrindən çıxarış “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsinə müvafiq olaraq daşınmaz əmlaka hüquqların təsdiq edilməsi barədə hüquqi akt hesab edildiyindən, həmin işlərə mülki məhkəmə icraatı qaydasında, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin ərazi idarələri tərəfindən verilən Daşınmaz əmlakın dövlət reyestrindən Çıxarış ilə bağlı inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən irəli gələn mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxılır.
35. Yuxarıda qeyd olunan hüquq normalarını və işin sadalanan xüsusatlarını nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, birinci iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır.
36. İkinci iddia tələbi ilə bağlı isə işdən görünür ki, birinci instansiya məhkəməsi həmin tələbin mümkünlüyü məsələsinə ümumiyyətlə hüquqi qiymət verməyib, qərardadda iddiaçının tələbinin yalnız çıxarışın ləğv edilməsi barədə olduğunu qeyd edib.
37. İkinci tələbə münasibətdə kollegiya qeyd edir ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli qərarının 3-cü bəndinə əsasən, inzibati məhkəmə icraatının əsas prinsiplərindən biri məhkəmənin yardım etmək vəzifəsidir. İPM-in 13 və 48-ci maddəsində təsbit edilmiş buna dair müddəalar işə baxan məhkəmənin mübahisənin faktiki və hüquqi hallarını tərəflərlə müzakirə etməsini və bununla əlaqədar onlara zəruri hüquqi yardım göstərməsini tələb edir. Yardım etmək vəzifəsi tələb edir ki, iddianın mümkün sayılmamasına səbəb olan halları aşkar edən məhkəmə bunu iddiaçının diqqətinə çatdırmaqla onunla müzakirə etməli, zəruri olduğu halda müvafiq hüquqi təkliflər verməli, həmin halların aradan qaldırılması üçün lazımi şərait yaratmalı və bunun üçün ağlabatan vaxt təyin etməlidir. Birinci instansiyası məhkəməsi yardım etmək vəzifəsinə riayət etmədən iddianı mümkünsüz saymamalıdır. Məhkəmə yardım etmək vəzifəsini hər bir konkret işin hallarından asılı olaraq zərurət olduqda məhkəmə iclasında yerinə yetirə biləcəyi kimi, buna dair məhkəmə iclası keçirmədən tərəflərlə apardığı yazışmalar vasitəsilə də yerinə yetirə bilər.
38. Həmçinin, həmin qərarda qeyd edilir ki, bir neçə tələbdən ibarət olan və bir neçə cavabdehə qarşı verilən iddianın mümkülük şərtləri hər bir tələbə və cavabdehə münasibətdə yoxlanılmalı, tələblərdən birinin digərindən asılılığı nəzərə alınmaqla ilkin baxılmalı olan tələb üzrə mümkünlük şərtlərinə riayət edildiyi müəyyən olunduqda, iddiaya həmin hissədə baxılmalı, digər hissədə (hissələrdə) iddia mümkün sayılmamalıdır.
39. Hazırkı işin hallarından görünür ki, ikinci tələblə bağlı cavabdeh inzibati orqanla iddiaçı arasında mübahisə yaranmamış, iddianın mümkünlüyü baxımından ilkin baxılmalı olan tələb birinci tələbdir. Belə ki, gələcəkdə qanuni qüvvəyə minmiş məhkəmə qərarına əsasən, iddiaçının tələbi təmin edilərək İlqar Cəfərovun adına torpaq sahəsinə dair daşınmaz əmlakın dövlət reyestrində aparılan qeydiyyat ləğv edilərsə, iddiaçı həmin torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasına dair tələblə inzibati orqana müraciət etməli, tələbi təmin edilmədiyi təqdirdə isə məhkəmədə iddia qaldırmalıdır.
40. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən işə yenidən baxılarkən ikinci tələbə münasibətdə mübahisənin faktiki və hüquqi halları iddiaçı ilə təkrar müzakirə edilməli, iddiaçıya tələbini dəqiqləşdirmək istiqamətində zəruri hüquqi yardım edilməli və yalnız bundan sonra ikinci tələbə münasibətdə iddianın mümkünlüyü məsələsi həll edilməlidir.
41. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv edilməli və iş yenidən baxılması üçün birinci instansiya məhkəməsinə göndərilməlidir.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Apellyasiya şikayəti təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 10 dekabr 2021-ci il tarixli, 2-1(118)-2246/2021 saylı qərardadı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Əmlak məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 5 saylı Xaçmaz Ərazi İdarəsinə qarşı “X4 adına verilmiş 20.09.2019-cu il tarixli **********77 reyestr nömrəli çıxarışın ləğv edilərək onun adına Xaçmaz rayonu Seyidlikəndyeri kəndində yerləşən 10 sot torpaq sahəsinə dair çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbinə dair inzibati mübahisə yenidən baxılması üçün həmin məhkəməyə göndərilsin. Qərardaddan şikayət verilə bilməz.