Məhkəmə qərarları › İş №2-1(105)-199/2021

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-199/2021

26.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-199/2021 26.04.2021 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sədrlik edən və məruzəçi-hakim Zaur İkram oğlu Məmmədov, hakimlər Fuad Əli oğlu Məmmədov və Hökümə Çingiz qızı Babayevadan ibarət tərkibdə, Gülsaba Xeyrulla qızı Ağayevanın katibliyi ilə, İddiaçı nümayəndəsi və vəkili X4, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı “İddiaçı adına Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 349 saylı , yeni qaydalarla Sahil küçəsində yerləşən 116 saylı evdə olan payına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsinin cavabdehə həvalə olunması tələbi barədə iddiası üzrə Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2-1(118)-375/2020 saylı qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Apelyasiya Məhkəməsinin binasında şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İddiaçı cavabdeh DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək “İddiaçı adına Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 349 saylı, yeni qaydalarla Sahil küçəsində yerləşən 116 saylı evdə olan payına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsinin cavabdehə həvalə olunması” barədə qərar çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı paylı mülkiyyətdə olan Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 349 saylı ev, yeni qaydalarla Sahil küçəsində yerləşən 116 saylı evin naturada bölünməsinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 09.04.2018-ci il tarixli rəyinə əsaslanaraq məhkəmə 14.05.2018-ci il tarixdə iddianı təmin etmiş, payının Azərbaycan Respublikası ƏMDK DƏDRX tərəfindən hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş RX seriyalı ******* saylı çıxarışa və cavabdeh tərəfindən 28.12.2016-cı ildə tərtib olunmuş 293 inventar nömrəli “Texniki pasport”a uyğun naturada ayrılması barədə qətnamə qət edilmişdir. 14.05.2018-ci il tarixli 2/060/-457/2018 saylı İcra Vərəqəsi 18.04.2018-ci ildə aidiyyəti hissədə icra olunması üçün cavabdeh Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 2 saylı ərazi idarəsinə göndərilmişdir. Xidmətin 2 saylı ərazi idarəsində olmuş, əməkdaşlar tərəfindən ona ərizə yazdırılmış, sənədlər alınmış, hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsi üçün idarənin daxili kassasına 80 manat dövlət rüsumu ödənilmişdir. Cavabdeh tərəfindən-rəis müavini Akif Təhməzovun imzası ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş 03.08.2018-ci il tarixli məktubda payının naturada ayrılmasının Xidmətin səlahiyyətləri xaricində olması və payının naturada ayrılması və ona tanıdılması ilə bağlı keçiriləcək baxışda Xidmətin mütəxəssislərinin iştirakının təmin ediləcəyi bildirilmişdir. Həqiqətən də Xidmətin 2 nəfər mütəxəssisi evinə gəlmiş, lakin onlardan birinin təklifi ilə razılaşmadığından, naturada bölünmüş payının tanıdılması süni surətdə mürəkkəbləşdirilmişdir. Eyni tarixli, yəni 03.08.2018-ci il tarixli məktubda, rəis müavini, rəis vəzifəsini müvəqqəti icra edən Abdulla Abdullayevin imzası ilə Sumqayıt şəhəri üzrə İcra İdarəsinə göndərilmiş məktubda onun idarəyə müraciət etmədiyi göstərilmişdir. 10.10.2018-ci il tarixli məktubu ilə guya qətnamənin icrası ilə əlaqədar cavabdehə müraciət etmədiyi üçün İcra vərəqəsi Sumqayıt şəhəri üzrə İcra İdarəsinə geri göndərilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsində ondan izahat alınmış, yenidən icra vərəqəsi 23.10.2018-ci il tarixli 26544/4 saylı müşayiətedici məktubla cavabdehə geri göndərilmiş, məktubda onun ərizə ilə 2 saylı ərazi idarəsinə ərizə ilə müraciət etdiyi qeyd edilmişdir. Cavabdehin xahişi ilə 15.04.2019-cu ildə icra vərəqəsinin surəti bir sıra sənədlərlə birlikdə cavabdehə göndərilmişdir. Cavabdeh payın naturada ayrılmasına dair Aktın idarəyə təqdim edildikdən sonra paya hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın veriləcəyini bildirdiyindən, payın naturada ayrılmasına dair 17.05.2019-cu il tarixli Akt cavabdehə təqdim edilmişdir. Sumqayıt şəhəri üzrə İcra İdarəsi 05.07.2019-cu il tarixdə yenidən icra vərəqəsini, Çıxarışı, ekspert rəyini, Aktın surətini cavabdehə icra olunması üçün göndərmişdir. Bununla əlaqədar 2 saylı ərazi idarəsinin rəis müavininin, hüquq şöbəsinin müdirinin qəbulunda olmuş, lakin cavabdeh yenidən Sumqayıt şəhəri üzrə İcra İdarəsinə 29.07.2019-cu il tarixli məktub göndərərək onun dövlət qeydiyyatı aparılması üçün ərizə ilə cavabdehə müraciət etmədiyini göstərmişdir. 01.10.2019-cu il tarixdə poçt vasitəsi ilə sifarişli məktubla onun adına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsinə dair ərizə göndərmiş, 26.10.2019-cu il tarixdə poçt vasitəsi ilə cavabdehdən 15.10.2019-cu il tarixli cavab məktubu almışdır. Məktubda onun Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 349 saylı, yeni qaydalarla Sahil küçəsində yerləşən 116 saylı evdə olan naturada ayrılmış payına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın verilməsindən imtina edilmiş, tələb olunan hərəkətlərin icrasının onun səlahiyyətlərinə aid olmadığı və guya idarəyə icra vərəqəsinin əslinin deyil, fotosurətinin daxil olduğu üçün icra olunmadan 29.04.2019-cu il tarixdə geri qaytarıldığı bildirilmişdir. Məktubda göstərilən xüsusatlar həqiqətə uyğun olmadığından məhkəməyə müraciət etməyə məcbur olmuş və hesab edir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 349 saylı yeni qaydalarla Sahil küçəsində yerləşən 116 saylı evdə olan naturada ayrılmış onun payına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın və Texniki Pasportun verilməsi vəzifəsi cavabdehə həvalə edilməlidir. Qeyd edilənlərə əsasən iddianın təmin edilməsi məhkəmədən xahiş edilmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2-1(118)-375/2020 saylı qərarı ilə iddia təmin edilmiş, İddiaçı adına Sumqayıt şəhəri, Corat qəsəbəsində yerləşən 349 saylı (yeni qaydalarla Sahil küçəsində yerləşən 116 saylı) evdə olan payına hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən (ayrıca çıxarışın) çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinə həvalə olunması qərara alınmışdır. (hakim C.Məmmədov) Həmin qərardan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv olunmasını xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri: Müraciəti ilə əlaqədar olaraq İddiaçı bildirilmişdir ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.7-ci maddəsinə uyğun olaraq sözügedən fərdi yaşayış evi üzərində İddiaçı və X3 paylı mülkiyyət hüququ dövlət qeydiyyatına alınaraq onların adına vahid əmlak kimi həm fərdi yaşayış evi, həm də onun yerləşdiyi torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyatı aparılaraq dövlət reyestrindən 29 dekabr 2016-cı il tarixli ********** və ********** qeydiyyat nömrəli çıxarışlar verilmişdir. Lakin fərdi yaşayış evi və onun yerləşdiyi torpaq sahəsi paylı mülkiyyətdə olduğuna görə, qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri olmadan həmin fərdi yaşayış evinin yalnız İddiaçı xüsusi mülkiyyətində olduğunu əks etdirən qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrində aparılması qanunvericiliyin tələblərinə zidd olmaqla yanaşı, digər mülkiyyətçinin hüquqlarının da pozulmasına gətirib çıxarır. Belə ki, üzərində İddiaçı paylı mülkiyyət hüququ qeydiyyata alınmış həmin fərdi yaşayış evi həm də digər şəxsin (X3) mülkiyyətində olduğundan və ərizəyə əlavə olunmuş Sumqayıt Şəhər Məhkəməsinin 14 may 2018-ci il tarixli 2(060)-457/18 saylı qətnaməsində nəzərdə tutulduğu qaydada naturada paylara uyğun ayrılmadığından həmin fərdi yaşayış evinin İddiaçı aid olan hissəsi üzərində ayrıca qeydiyyatın aparılması mümkün olmamışdır. Sözügedən qətnamə icra olunduqdan və həmin qətnamədə nəzərdə tutulduğu kimi, fərdi yaşayış evindəki paylar naturada ayrıldıqdan sonra, ayrılma nəticəsində yaranmış daşınmaz əmlak (fərdi yaşayış evi) üzərində İddiaçın mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.12-ci maddəsinə əsasən daşınmaz əmlak obyektinin bölünməsi, birləşməsi və ayrılması nəticəsində yaranan yeni obyektlər barədə məlumat dövlət reyestrinin yeni bölmələrində yazılır. Belə obyektlər üçün yeni reyestr nömrələri verilir və hüquqların dövlət qeydiyyatı üçün əsas olan sənədlər saxlanılan yeni qovluqlar tərtib olunur. Dövlət reyestrinin yeni bölmələrində və qovluqlarında əvvəllər mövcud olmuş daşınmaz əmlaka aid olan bölmələrə və qovluqlara istinad olunmalıdır. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.1-ci maddəsinə əsasən hüququn dövlət qeydiyyatından imtina edilmiş və bu barədə İddiaçı 02 oktyabr 2018-ci il tarixli **********51 qeydiyyat nömrəli bildiriş göndərilmişdir. Tərəflərin izahatları: Apelyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X2 apelyasiya şikayətinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və apelyasiya şikayətinin təmin edilməsini xahiş etdi. Apelyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X6 iddia ərizəsinin məzmununa uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanmasını və apelyasiya şikayətinin rədd edilməsini xahiş etdi və bildirdi ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununda birbaşa olaraq iddiaçıya hazırki vəziyyətdə çıxarış verilə bilməməsi nəzərdə tutulmamışdır. İddiaçı ona məxsus mülkiyyətə ayrıca çıxarış almaq niyyətindədir. Bununla iddiaçı heç bir qanunazidd niyyət güdmür. ƏSASLANDİRMA HİSSƏ Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası iş materiallarını və apelyasiya şikayətinin dəlillərini araşdıraraq, iddiaçının və cavabdehin nümayəndəsini dinləyərək, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və ona əsaslanmışdır ki, iddia tələbi üzrə iddiaçı olan İddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 349 saylı evdə olan pay hüququnu Mülki Məcəllənin müddəaları əsasında əldə etmişdir. Cavabdeh təşkilatın gətirdiyi formal tələblər İddiaçı daşınmaz əmlakda əmələ gəlmiş mülkiyyət hüququnun qeydiyyata alınmasından imtina edilməsi üçün əsas deyil. İddiaçı qeydiyyata alınması tələb etdiyi fərdi yaşayış evinin ayrıca girişi, dam örtüyü və X3 fərdi yaşayış evi ilə İddiaçı evləri arasında hasar mövcuddur. Belə olduğu tədqirdə cavabdeh təşkilatın imtinasında gətirdiyi arqumenti əsassızdır. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi düzgün hüquqi nəticəyə gəlmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinə əsasən Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən qorunur. Azərbaycan Respublikasının Konstitusiyanın 29-cu maddəsinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 139.1-ci maddəsinə əsasən mülkiyyət hüququ və daşınmaz əmlaka hüquqlar dövlət qeydiyyatına alınmalıdırlar. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Həmin Məcəllənin 139.3-cü maddəsinə əsasən daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Kollegiya qeyd edir ki, mülkiyyətin xüsusi növləri Azərbaycan Respublikası Mülki Məcəlləsinin 10-cu fəslində öz əksini tapmışdır. Həmin Məcəllənin 215.4-cü maddəsinə əsasən hər bir mülkiyyətçi qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malikdir. Əşyanı özgəninkiləşdirmək və ya yüklü etmək, habelə onun təyinatını dəyişmək üçün bütün iştirakçıların razılığı tələb olunur, bu şərtlə ki, onlar yekdilliklə ayrı qayda barədə razılaşmasınlar... Həmin Məcəllənin 220-ci maddəsində paylı mülkiyyətdə olan əşyanın bölünməsinin və ondan payın ayrılmasının qaydaları müəyyən olunur. Qeyd olunan qaydalara uyğun olaraq ayrılma aşağıdakı ardıcıllıqla həyata keçirilir: Tərəflərin razılığı əsasında onların ümumi birgə mülkiyyətdə olan əmlakda payları müəyyən edilir, həmin razılaşma olmadığı tədqirdə məhkəmənin qərarına əsasən tərəflərin birgə mülkiyyətdə olan əmlakda payları müəyyən edilir, paylar müəyyən edildikdən sonra tərəflərin istəyinə uyğun müəyyən edilmiş paylar məhkəmə qərarına əsasən naturada ayrılır, texniki cəhətdən əmlakın naturada ayrılması mümkün olmadığı tədqirdə əmlak payının naturada ayrılmasını tələb edən şəxs tərəfindən digər pay hüququ olan şəxsə onun payının alınması ilə bağlı təklif göndərilir, qeyd olunan təklifə müsbət cavab verilmədiyi tədqirdə mübahisə predmeti olan daşınmaz əmlak məhkəmənin qərarına əsasən açıq hərracda satılır və satışdan əldə olunmuş vəsait tərəflərin paylarına mütanasib olaraq aralarında bölüşdürülür. Göründüyü kimi, Mülki Məcəllənin 220-ci maddəsinin məqsədi ümumi birgə mülkiyyətdə olan əmlakın tərəflərin paylarına uyğun ayrıldıqdan sonra müstəqil əmlak kimi fəaliyyət göstərməsinin təmin edilməsinə xidmət edir. Daşınmaz Əmlakın Dövlət Reyester Xidmətinin vəzifə funksiyası Azərbaycan Respublikası Mülki Məcəlləsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ və digər əşya hüquqlarının, bu hüquqların əmələ gəlməsi, məhdudlaşdırılması (yüklənməsi) və başqasına keçməsinin, onlara xitam verilməsinin dövlət qeydiyyatına alınmasından ibarətdir. Hazırki iddia tələbi üzrə iddiaçı olan İddiaçı Sumqayıt şəhəri, Corat qəsəbəsi, 349 saylı evdə olan pay hüququnu Mülki Məcəllənin müddəaları əsasında əldə etmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Cavabdeh apelyasiya şikayətində qeyd edir ki, həmin fərdi yaşayış evi həm də digər şəxsin (X3) mülkiyyətində olduğundan və Sumqayıt Şəhər Məhkəməsinin 14 may 2018-ci il tarixli 2(060)-457/18 saylı qətnaməsində nəzərdə tutulduğu qaydada naturada paylara uyğun ayrılmadığından həmin fərdi yaşayış evinin İddiaçı aid olan hissəsi üzərində ayrıca qeydiyyatın aparılması mümkün olmamışdır. Apelyasiya şikayətində həmçinin qeyd edilir ki, qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri olmadan həmin fərdi yaşayış evinin yalnız İddiaçı xüsusi mülkiyyətində olduğunu əks etdirən qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrində aparılması qanunvericiliyin tələblərinə ziddir. Kollegiya vurğulayır ki, İddiaçı yalnız onun özünə paylı mülkiyyət hüququ ilə məxsus olan hissəyə çıxarış verilməsini istəyir. Bu səbəbdən həmin çıxarış veriləcəyi təqdirdə digər bir paylı mülkiyyətçinin hüququnun hər hansı şəkildə pozulduğu müəyyən olunmur. Bundan başqa, Sumqayıt Şəhər Məhkəməsinin 14 may 2018-ci il tarixli 2(060)-457/18 saylı qətnaməsi ilə iddiaçının payının naturada 28.12.2016-cı il tarixli, 293 inventar nömrəli texniki pasporta uyğun ayrılması da qət edildiyindən, cavabdeh inzibati orqanın formal olaraq qeydiyyatın aparılmasının mümkün olmaması barədə dəlili əsassızdır. Bundan başqa cavabdehin nümayəndəsi apelyasiya baxışı zamanı verdiyi izahatında bildirmişdir ki, ev bir dam altında olduğu üçün, ümumi divarı olduğu üçün həmin paya çıxarış verilə bilməz. Lakin cavabdeh inzibati orqan bununla bağlı məhz hansı qanunvericilik normasının pozulmasını əsaslandırmamışdır. Cavabdehin istinad etdiyi “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 13.12-ci maddəsi isə daşınmaz əmlak obyektinin bölünməsi, birləşməsi və ayrılması nəticəsində yaranacaq yeni obyektlərin dövlət reyestrinin aparılması qaydalarını müəyyən edir. Apelyasiya şikayətinin dəlili kimi həmin maddəyə istinad olunması əsassızdır. İş materiallarına əlavə edilmiş cavabdehin Sumqayıt şəhəri üzrə İcra İdarəsinə ünvanlanmış 29.07.2019-cu il tarixli məktubunda cavabdeh inzibati orqan qeyd etmişdir ki, icra vərəqəsi üzrə tərəflərdən birinin və ya onların tərəfindən vəkil edilmiş şəxsin ərizəsi idarəyə daxil olduqdan sonra Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-457/18 saylı, 14 may 2018-ci il tarixli icra vərəqəsi əsasında daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyat aparılacaqdır. (səh 19). Göründüyü kimi, cavabdeh inzibati orqan həmin məktubla müvafiq icra vərəqəsi əsasında qeydiyyat aparacağını bildirsə də, məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsini yerinə yetirməkdən imtina edir və iddiaçının hazırki müraciətini təmin etməkdən imtina edərkən də ona əsaslanır ki, həmin qətnamə icra olunacağı təqdirdə İddiaçın mülkiyyət hüququnun qeydiyyatı aparıla bilər. Beləliklə ,cavabdeh inzibati orqan iddiaçının hazırki müraciətinin qanunvericilikdə nəzərdə tutulan əsaslardan hər hansı biri olmadan qeydiyyatın daşınmaz əmlakın dövlət reyestrində aparılmasının qanunvericiliyin tələblərinə zidd olduğunu bildirməklə özü-özünü təkzib edir. Bu səbəbdən, məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtinasında və apelyasiya şikayətində qeyd etdiyi dəlilləri əsassız hesab edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə görə inzibati məhkəmə icraatı qaydasında inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsilə ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apelyasiya şikayəti təmin edilməməlidir. NƏTİCƏVİ HİSSƏ Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 24 noyabr 2020-ci il tarixli 2-1(118)-375/2020 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apelyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Səməd Vurğun küçəsi 120) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar