Məhkəmə qərarları › İş №2-1(105)-2/2023

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-2/2023

07.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-2/2023 07.03.2023 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə QƏRARİ Sədrlik edən və məruzəçi hakim Məmmədov Fuad Əli oğlu, hakimlər Rzayev Məhəmmədəli Əsəd oğlu və Əhmədov Elman Məmməd oğlundan ibarət tərkibdə, Əliyev Rəşad Ayıl oğlunun katibliyi, İddiaçının vəkili və nümayəndəsi Vəkil və cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv olunması tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1288/2018 nömrəli, 20 sentyabr 2018-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları

1. Cavabdehin xx.xx.2017-ci il tarixli **********125333 saylı qərarı ilə iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti barəsində səyyar vergi yoxlaması keçirilmiş, yoxlamanın nəticəsi xx.xx.2018-ci il tarixli **********135432 saylı səyyar vergi yoxlaması aktı ilə rəsmiləşdirilmişdir.

2. Həmin akt əsasında "xxxx" MMC barəsində xx.xx.2018-ci il tarixli, **********142217 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərar qəbul edilmişdir.

3. Sözügedən qərarla iddiaçıya 2014-cü ilin mədən vergisi üzrə 128.25 manat və 64.13 manat maliyyə sanksiyası, 2015-ci ilin mədən vergisi üzrə 1602.10 manat və 801.05 manat maliyyə sanksiyası, 2016-cı ilin mədən vergisi üzrə 7155.20 manat və 3577.60 manat maliyyə sanksiyası, 2017-ci ilin mədən vergisi üzrə 5315.60 manat və 2657.80 manat maliyyə sanksiyası, 2015-ci ilin sadələşdirilmiş vergisi üzrə 776.05 manat və 338.03 manat maliyyə sanksiyası, 2016-cı ilin sadələşdirilmiş vergisi üzrə 992.36 manat və 496.18 manat maliyyə sanksiyası, 2017-ci ilin sadələşdirilmiş vergisi üzrə 368.05 manat və 184.03 manat maliyyə sanksiyası hesablanmışdır.

4. İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti cavabdeh Vergilər Nazirliyi yanında 2 saylı Ərazi Vergilər Departamentinə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən "xxxx" MMC barəsində qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********142217 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının ləğv olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İş üzrə qəbul edilmiş məhkəmə aktları

a) birinci instansiya məhkəməsində icraat

5. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, iddiaçı barəsində cavabdeh tərəfindən 26 fevral 2018-ci il tarixli, **********135432 nömrəli səyyar vergi yoxlaması aktı tərtib olunmuşdur. Cavabdeh həmin akt əsasında 28 fevral 2018-ci il tarixli, **********142217 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarına əsasən iddiaçıya əlavə vergi hesablamış və maliyyə sanksiyası tətbiq etmişdir. İddiaçı mübahisəli akt və qərar ilə razı deyil. Mübahisəli səyyar vergi yoxlaması aktında mütəxəssis rəyinə əsaslanaraq hesablanmış dövriyyə real deyil və olduqca şişirdilmişdir. Belə ki, vergi orqanı tərəfindən xronometraj metodu ilə müşahidə keçirilsəydi satış dövriyyəsi daha aşağı olardı. İddiaçının fəaliyyət göstərdiyi ərazidə əlverişsiz və yararsız suxurlar həddən artıq çox olduğu üçün mişar daşının istehsalı çox aşağı səviyyədədir. Bütün bu qeyd olunanlar mübahisəli aktda nəzərə alınmamışdır. Mübahisəli aktdan belə nəticəyə gəlmək mümkündür ki, mütəxəssis və ekspertin mişar daşının istehsalının xüsusiyyətləri və bazar qiyməti barədə məlumatı yoxdur. Belə ki, yaxşı ərazi hesab olunan başqa şəxslərin fəaliyyət göstərdiyi ərazilərdə istehsal olunan mişar daşlarının yarıdan çoxunun itkiyə getməsi halı istehsalda yüksək göstərici kimi qəbul olunur. Lakin mübahisəli aktdan aydın olur ki, mütəxəssis rəyində istehsal həcmi müəyyən edilərkən elektrik enerjisinin sərfiyyatına görə istehsal həcminin futroloji hesablaması aparmışdır. Cavabdehin istinad etdiyi 28 dekabr 2017-ci il tarixli mütəxəssis rəyinin tədqiqindən görünür ki, mütəxəssis rəyində istehsalat itkisi 35 faiz, enerji itkisi 5 faiz göstərilsə də, onun hansı mənbədən götürülməsi barədə rəydə hər hansı qeyd göstərilməmiş və bu barədə hər hansı bir sübut təqdim edilməmişdir. Belə ki, rəyə əlavə olunmuş "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə verilmiş iddiaçıya məxsus daş karxanasının elektrik enerjisi istehlakı haqqında məlumatda yalnız ümumi sərfiyyat barədə məlumatlar göstərilmişdir, yəni transformator və xətt itgisi barədə hər hansı məlumat göstərilməmişdir. Bundan başqa, daş karxanalarında istehsalat itgisi barədə “Abşeron yarımadasında təbii daş yataqlarının səmərəli istifadəsi və inkişafı Dövlət Proqramının (2003-2006-cı illər) təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 13 iyun 2003-cü il tarixli 1242 saylı sərəncamında qeyd edilmişdir ki, həmin sərəncamda da ümumi ortaq rəqəm kimi Abşeron daş karxanalarında kəsilən dağ kütləsinin təxminən 50 faizə qədəri yararsız material kimi atılır. Enerji itgisi və istehsalat itgisi barədə məlumatlar əsas götürülməklə iddiaçı tərəfindən istehsal edilmiş əmtəəlik mişar daşının miqdarı mütəxəssis rəyində 869986 ədəd göstərilmişdir. Enerji itkisi və istehsalat itkisi, istehsal edilmiş əmtəəlik mişar daşının miqdarına birbaşa təsir etdiyindən hesab edir ki, yuxarıda göstərilənlərə əsasən mütəxəssis tərəfindən aparılmış hesablamalar nəticəsində müəyyən edilmiş istehsal edilmiş əmtəəlik mişar daşının miqdarı mötəbər ola bilməz.

6. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)-1288/2018 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən "xxxx" MMC barəsində qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********142217 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının qismən, mədən vergisi üzrə 10103,29 manat və maliyyə sanksiyası üzrə 5051,64 manat məbləği hissəsində ləğv edilmiş, iddia qalan hissədə təmin edilməmişdir.

7. Həmin qərardan cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında 2 saylı Ərazi Vergilər Departamenti apellyasiya şikayəti verərək qeyd olunan qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

8. Birinci instansiya məhkəməsinin qərarından cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərarın çıxarılmasını xahiş etmişdir.

b) apellyasiya instansiyası məhkəməsində icraat

9. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Ticarət və X1 Birliyinin xx.xx.2015-ci il tarixli ekspert və mütəxəssis rəylərində istehsalat itkisi 35 %, enerji itkisi isə 5% müəyyən edildiyi halda, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli rəyində həmin göstəricilər əsassız olaraq şişirdilərək istehsalat itkisi 53 %, enerji itkisi isə (qeyri-istehsal avadanlıqlarının orta aylıq enerji sərfiyyatı daxil edilməklə) isə 11 % müəyyən edilmişdir. Ekspert istehsal brakının faiz nisbətini müəyyən edərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət X3 xx.xx.2015-ci il tarixli məktubuna istinad etmişdir ki, bu da normativ sənəd kimi qəbul edilə bilməz. İstinad edilən məktubda 1975-ci ildə Güzdək əhəng daşı yatağında aparılmış geoloji kəşfiyyat işinin 8277 inventar nömrəli hesabat kitabında hasilat zamanı xammal itkisinin 53 % göstərildiyi qeyd edilmişdir. Göründüyü kimi Məhkəmə Ekspertiza Mərkəzi rəy verərkən əhəng daşının istehsalı ilə bağlı 40 il öncəki arxiv məlumatına istinad etmişdir. Halbuki, ötən 40 il ərzində təbii daş yataqlarının səmərəli istifadəsi, tikinti daşlarının istehsalı ilə bağlı çoxsaylı yeniliklərə imza atılmış, enerji itkisinin qarşısının alınması, keyfiyyətli mişar daşı istehsalının təmin edilməsi, tullantıların azaldılması məqsədilə təbii daş yataqlarında daş istehsalı prosesinə müasir maşın və avadanlıqlar cəlb edilmişdir. Lakin Məhkəmə Ekspertizası Mərkəzi aparılmış texnoloji irəliləyişləri, müasir maşın və avadanlıqların iş prosesinə cəlb edilməsini nəzərə almadan əsassız olaraq 40 il öncəki statistikanı rəhbər tutaraq rəy vermişdir. Bundan əlavə ekspert rəyində yoxlanılan dövr ərzində qeyri-istehsal avadanlıqlarına elektrik enerjisi sərfiyyatının 27257,2 kvt/saat müəyyən edilməsi əsaslı hesab edilə bilməz. Enerji sərfiyyatı ekspert rəyində əsaslandırılmamış, bu rəqəm müəyyən edilərkən subyektiv mülahizələrə üstünlük verilmişdir. İşdə olan ekspert rəyləri arasında ziddiyyətlərin aradan qaldırılması məqsədilə birinci instansiya məhkəməsinin icraatı zamanı təkrar ekspertizanın keçirilməsi xahiş edilsə də, vəsatətə məhkəmə tərəfindən münasibət bildirilməmişdir.

10. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(105)-36/2019 nömrəli qərarına əsasən, apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2-1(85)- 1288/2018 nömrəli qərarı ləğv edilmiş, iş üzrə yeni qərar qəbul edilərək iddia qismən təmin edilmiş, Azərbaycan Respublikası Vergilər Nazirliyi 2 saylı Ərazi Vergilər Departamenti tərəfindən "xxxx" MMC barəsində qəbul edilmiş xx.xx.2018-ci il tarixli, **********142217 nömrəli “Vergi ödəyicisinin veri qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarın qismən, mədən vergisi üzrə 4864,66 manat və həmin məbləğə uyğun olaraq 2432,33 manat maliyyə sanksiyası, eləcə də sadələşdirilmiş vergi üzrə 1090,25 manat və həmin məbləğə uyğun olaraq 545,125 manat maliyyə sanksiyası həddində ləğv edilməsi, iddianın qalan hissədə rədd edilməsi qət edilmişdir.

11. Məhkəmə hesab etmişdir ki, aparılmış səyyar vergi yoxlaması zamanı mədən vergisi 2014-cü ilin dekabr ayından 2017-ci ilin sentyabr ayınadək dövrü əhatə etsə də, ekspert tərəfindən rəy verilərkən 2014-cü ilin oktyabr ayından hesablama aparılmış, mədən vergisinin məbləği hesablanarkən 2016-cı ildən Vergi Məcəlləsinə edilən dəyişiklik nəzərə alınmamışdır. Həmçinin, istehsal edilmiş əmtəəlik mişar daşının ümumi istehsal həcminə hansı istehsal brakının-53% və ya 35% tətbiq edilməsinə münasibətdə isə qeyd edilmişdir ki, istehsal brakının həcminin dəqiq müəyyən edilməsi istehsal edilmiş əmtəəlik mişar daşının miqdarının müəyyən edilməsi üçün əsas şərtdir. Əmtəəlik mişar daşının miqdarının dəqiq müəyyən edilməsi isə iddiaçıya hesablanmış vergilərin məbləğinin düzgün hesablanmasına xidmət edir. Bu səbəbdən hansı istehsal brakının-53% və ya 35% tətbiq edilməsinin müəyyən edilməsi üçün, rəylərin verilməsi zamanı istinad olunan sənədlər əsas götürülməlidir. Cavabdehin istinad etdiyi rəylərdə istehsalat itkisi 35 faiz göstərilsə də, onun hansı mənbədən götürülməsi barədə rəydə hər hansı qeyd göstərilməmiş və bu barədə hər hansı bir sübut məhkəməyə təqdim edilməmişdir. 35% istehsal brakını müəyyən edən mütəxəssis üç günlük müşahidə nəticəsində bu qənaətə gəlmiş və bu zaman heç bir sənədə istinad etməmişdir. Bu isə o nəticəyə gəlməyə əsas verir ki, mütəxəssis tərəfindən müşahidə qısa müddət ərzində aparılmışdır və növbəti günlərdə fərqli nəticənin əldə edilməsi istisna edilmir.

12. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(105)- 36/2019 saylı xx.xx.2019-cu il tarixli qərarından cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsi və iddiaçı "xxxx" MMC tərəfindən ayrıayrılıqda kassasiya şikayətləri verilmişdir.

c) kassasiya instansiyası məhkəməsində icraat

13. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-441/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə (sədrlik edən və məruzəçi N.Rəsulbəyova, hakimlər Z.Quliyev və İ.Hüseynov) cavabdehin kassasiya şikayətinin qismən təmin edilməsi, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019cu il tarixli, 2-1(105)-36/2019 nömrəli qərarının ləğv edilməsi, işin təkrar baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilməsi qərara alınmışdır.

14. Qərarda qeyd olunmuşdur ki, hazırkı iş üzrə iddiaçı xx.xx.2018-ci il tarixli, **********142217 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarı həm hesablanmış sadələşdirilmiş vergi, həm də mənfəət vergisi hissəsində mübahisələndirsə də, birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə (xx.xx.2018-ci il tarixli, **********142217 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” qərarının qismən, mədən vergisi üzrə 10103,29 manat və maliyyə sanksiyası üzrə 5051,64 manat məbləği hissəsində ləğv edilməsi və iddianın qalan hissədə təmin edilməməsi) qərarından yalnız cavabdeh apellyasiya şikayəti verdiyindən, iddiaçı həmin qərarı mübahisələndirmədiyindən, iddia tələbinin sadələşdirilmiş vergi ilə bağlı rədd edilmiş hissəsi iddiaçıya münasibətdə qüvvəyə minmişdir.

15. Buna baxmayaraq işə baxan apellyasiya instansiya məhkəməsi birinci instansiya məhkəməsinin qərarını tamamilə ləğv etmiş, sadələşdirilmiş vergiyə dair iddia tələbinə də qiymət vermiş, mübahisələndirilən qərarla hesablanmış sadələşdirilmiş vergi üzrə 1090,25 manat və həmin məbləğə uyğun olaraq 545,125 manat maliyyə sanksiyasını ləğv etmişdir. Bundan əlavə, apellyasiya instansiya məhkəməsi mübahisələndirilən qərarı mədən vergisi üzrə 10103,29 manat və maliyyə sanksiyası üzrə 5051,64 manat məbləği hissəsində ləğv etmiş, halbuki birinci instansiya məhkəməsinin mədən vergisi üzrə 4864,66 manat və həmin məbləğə uyğun olaraq 2432,33 manat maliyyə sanksiyasını ləğv etmiş, həmin qərardan iddiaçı şikayət verməmiş, yalnız cavabdeh apellyasiya şikayəti vermiş, belə olan halda, apellyasiya instansiya məhkəməsinin iddianın mədən vergisi üzrə rədd olunmuş (4864,66 manat mədən vergisi və həmin məbləğə uyğun olaraq 2432,33 manat maliyyə sanksiyası) və qüvvəyə minmiş hissəsinə qiymət verilməsi yolverilməzdir.

Məhkəmə icraatı iştirakçılarının izahatları

16. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X4 apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilərək, iddianın təmin edilməməsini xahiş etdi.

17. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi Vəkil apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi.

Tətbiq edilən hüquq

Azərbaycan Respublikasının Vergi Məcəlləsi:

18. Maddə 12. Vergilərin müəyyən edilməsinin əsas şərtləri 12.1. Vergi o halda müəyyən edilmiş hesab olunur ki, bu zaman vergi ödəyicisi və aşağıdakı vergitutma elementləri müəyyən edilmiş olsun: 12.1.1. vergitutma obyekti; 12.1.2. vergitutma bazası; 12.1.3. vergi dövrü; 12.1.4. vergi dərəcəsi; 12.1.5. verginin hesablanması qaydası; 12.1.6. verginin ödənilməsi qaydası və müddəti.

Maddə 36. Vergi yoxlamaları və maliyyə institutlarında vergi monitorinqi (...) 36.3. Bu Məcəllədə başqa hal müəyyən edilməmişdirsə, səyyar vergi yoxlaması mənfəət, gəlir, əmlak və torpaq vergiləri üzrə vergi ödəyicisinin son 3 təqvim ilindən çox olmayan fəaliyyətini, digər vergilər üzrə həmin yoxlamanın keçirildiyi il də daxil olmaqla vergi ödəyicisinin son 3 ildən çox olmayan fəaliyyətini əhatə edə bilər. Vergi yoxlaması keçirildikdə, vergi orqanının vergi ödəyicisinin üçüncü şəxslərlə əlaqədar fəaliyyəti barədə vergi yoxlamasının predmetinə aid olan məlumat alması üçün sənədlərlə təsdiq edilmiş zərurət yarandığı halda, vergi orqanı həmin şəxslərdən yoxlanılan vergi ödəyicisinin fəaliyyətinə aid olan sənədlər ala bilər. Bu hərəkətlər üçün vergi orqanının əsaslandırılmış qərarı olmalıdır. Bu zaman tələb yönəldilən üçüncü şəxs və ya onun səlahiyyətli nümayəndəsi müvafiq sənədləri və ya məlumatları təsdiq edərək, tələbnaməni aldığı gündən 10 iş günü müddətində vergi orqanına təqdim etməyə borcludur.

Maddə 38. Səyyar vergi yoxlaması

38.1. Səyyar vergi yoxlaması, o cümlədən elektron audit vergi orqanının qərarına əsasən həyata keçirilir. Səyyar vergi yoxlaması növbəti və növbədənkənar ola bilər. Növbəti səyyar vergi yoxlaması keçirildikdə, vergi orqanı tərəfindən vergi ödəyicisinə vergi yoxlamasının başlanmasından azı 15 gün əvvəl yazılı bildiriş göndərilir.

Maddə 42. Sənədlərin tələb edilməsi 42.1. Səyyar vergi yoxlamasını keçirən vergi orqanının vəzifəli şəxsi bu Məcəllənin 38.1-ci maddəsinə uyğun olaraq vergi ödəyicisinə göndərdiyi bildirişlə birlikdə yoxlama üçün zəruri olan sənədləri, habelə elektron faylları vergi ödəyicisindən bu Məcəllə ilə müəyyən edilmiş qaydada tələb edə bilər. Sənədlərin və ya elektron faylların verilməsi barəsində tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 15 iş günü müddətində vergi orqanına təqdim etməlidir. Vergi ödəyicisi tərəfindən vergilərin hesablanmasına təsir edən və yoxlama dövründə təqdim edilən sənədlərdən fərqli sənədlər əlavə vergi yoxlamasının təyin edildiyi tarixdən 30 iş günü müddətində təqdim edilməlidir. Operativ vergi nəzarəti tədbirlərinin keçirilməsi zamanı sənədlərin və ya elektron faylların verilməsi barədə tələb yönəldilən şəxs həmin sənədləri və ya elektron faylları 1 iş günü ərzində təqdim etməlidir. Sənədlərin lazımi qaydada təsdiq edilmiş surətləri təqdim edilir.

Maddə 53. Vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətin ümumi əsasları 53.3. Bu Məcəllə ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi ödəyicisinin, vergitutma obyektinin uçotunda, vergilərin hesablanmasında və ödənilməsində yol verdiyi səhvləri müstəqil düzəltmək hüququ vardır. Bu maddədə nəzərdə tutulmuş müddəalar vergi agentlərinə də şamil edilir.

Maddə 67. Vergitutma obyektinin ayrı-ayrı hallarda müəyyən edilməsi qaydaları 67.1. Bu Məcəllənin 37.4-cü və 50.1.1-ci maddələrində göstərilən hallarda, habelə səyyar vergi yoxlamasının aparılması zamanı sənədlər təqdim edilmədikdə, ərazi və ya binalara (yaşayış binası (sahəsi) istisna olmaqla) daxil olmağa icazə verilmədikdə, mühasibat uçotunu aparmadıqda və ya mühasibat uçotunu müəyyən edilmiş qaydada aparmadıqda, uçotu və hesabat sənədləri məhv olunduqda (itirildikdə), həmçinin vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini aşağıda göstərilən əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır: 67.1.1. vergi ödəyicisi tərəfindən vergi orqanına əvvəlki hesabat dövrləri üçün təqdim edilmiş vergi bəyannamələri; 67.1.2. vergi ödəyicisinin gəlirləri, o cümlədən satışdankənar gəlirləri barədə rəsmi məlumatlar; 67.1.3. vergi ödəyicisinin xərcləri, o cümlədən fərdi istehlakı üçün malların (daşınar və daşınmaz əmlakın), işlərin və xidmətlərin alınmasına çəkilən xərcləri barədə rəsmi məlumatlar; 67.1.4. vergi ödəyicisinin mülkiyyətində və ya istifadəsində olan maddi və qeyri-maddi əmlak barədə rəsmi məlumatlar; 67.1.5. vergi ödəyicisi tərəfindən istehsal olunmuş və (və ya) təqdim edilmiş malların (işlərin, xidmətlərin) fiziki həcmi barədə rəsmi məlumatlar; 67.1.6. vergi ödəyicisinin idxal-ixrac əməliyyatları barədə rəsmi məlumatlar; 67.1.7. vergi ödəyicisinin bank hesablarındakı vəsaitlər, o cümlədən bank hesablarındakı vəsaitlərin hərəkəti barədə alınan rəsmi məlumatlar; 67.1.8. vergi ödəyicisində aparılmış xronometraj müşahidələrin nəticələri; 67.1.9. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumatlar, o cümlədən vergi orqanı tərəfindən həyata keçirilən vergi nəzarəti tədbirləri zamanı əldə edilmiş vergi ödəyicisinin sahibkarlıq fəaliyyəti ilə bağlı qanunla nəzərdə tutulmuş qaydada rəsmiləşdirilməyən əməliyyatlar üzrə məlumatlar. 67.2. Vergi ödəyicisi tərəfindən ödənilməli olan verginin əlaqəli məlumatlara əsasən müəyyənləşdirilməsi üçün aşağıda göstərilən meyarlar nəzərə alınmaqla vergi ödəyicisinin fəaliyyətinə analoji fəaliyyətlə məşğul olan vergi ödəyicisinin vergi orqanında olan məlumatlarından istifadə edilir: 67.2.1. eyni xüsusiyyətli və ya eyni cinsli malların istehsalı; 67.2.2. eyni xüsusiyyətli və ya eyni cinsli malların təqdim edilməsi, işlərin görülməsi və xidmətlərin göstərilməsi; 67.2.3. fəaliyyət göstərilən ərazi. 67.4. Vergi ödəyicisi barədə əlaqəli məlumatları əldə etmək mümkün olmadıqda, vergilər analoji fəaliyyətlə məşğul olan vergi ödəyicilərinin üçot və hesabat məlumatları əsasında hesablanır.

Maddə 83. Vergi orqanları tərəfindən vergilərin hesablanması 83.2. Vergi orqanının bu Məcəlləyə uyğun olaraq vergi ödəyicisinin vergi öhdəliklərini aşağıdakı məlumat mənbələrindən birinə və ya bir neçəsinə əsaslanaraq hesablamaq hüququ vardır: 83.2.1. vergi ödəyicilərinin vergi bəyannamələrində olan məlumata; 83.2.2. bu Məcəllənin 73-cü maddəsinə müvafiq ödəmələr haqqında məlumata; 83.2.3. vergi yoxlaması materiallarına; 83.2.4. vergi orqanının əldə etdiyi mənbəyi bəlli olan hər hansı digər məlumata, o cümlədən bu Məcəllənin 67-ci maddəsi ilə nəzərdə tutulmuş əlaqəli məlumatlara. 83.9. Vergi ödəyicisinin əldə etdiyi mənfəəti (gəliri) birbaşa müəyyən etmək mümkün olmadığı halda, həmin mənfəət (gəlir) müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydalar əsasında hesablanır.

19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 58. Sübutların araşdırılması qaydası (...) 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

Maddə 68. Məhkəmə qərarının əsası (...) 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

Maddə 82. Mübahisə ilə bağlı işə şikayət üzrə yenidən baxılmasının hədləri Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

Maddə 87. Apellyasiya instansiyası məhkəməsində icraat (...) 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Apellyasiya baxışının hədləri

20. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 441/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2-1(105)-36/2019 nömrəli qərarı ləğv edildiyindən hazırda birinci instansiya məhkəməsinin qətnaməsinin qanuniliyi apellyasiya şikayətinə əsasən mübahisələndirilən hissədə - iddia tələbinin təmin edilən hissəsində yoxlanılır.

Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi

21. Məhkəmə kollegiyası sədrlik edən hakimin məruzəsini dinləyib, iş materiallarını nəzərdən keçirib, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmalıdır.

22. Belə ki, hazırki işin hallarından görünür ki, 13 noyabr 2017-ci il tarixli **********125333 saylı “Səyyar vergi yoxlamasının keçirilməsi haqqında” qərarı ilə iddiaçı barəsində vergilər və digər icbari ödənişlərə dair qanunvericiliyə əməl edilməsi vəziyyətinin düzgünlüyünün yoxlanılması məqsədi ilə dekabr 2014-cü tarixdən sentyabr 2017-ci il tarixədək olan vergi dövrü üzrə növbədənkənar səyyar vergi yoxlaması təyin edilmiş, yoxlanılan dövr ərzində istehsal edilmiş məhsulların həcminin və real bazar qiymətinin müəyyənləşdirilməsi məqsədilə yoxlamaya Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyindən ekspert və mütəxəssis cəlb edilmişdir.

23. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin 20 dekabr 2017-ci il tarixli mütəxəssis rəyindən görünür ki, 01 oktyabr 2014-cü il tarixdən 30 sentyabr 2017-ci il tarixədək olan dövrdə iddiaçının istismarında olan daş karxanasında 869986 ədəd mişar daşının istehsal olunduğu müəyyən edilmişdir.

24. Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının “Azərekspertiza” Birliyinin 20 dekabr 2017-ci il tarixli ekspert rəyində iddiaçıya məxsus daş karxanasında 01 oktyabr 2014-cü il tarixdən 30 sentyabr 2017-ci il tarixədək olan dövrdə istehsal edilmiş mişar daşının satış qiymətinin 2014-2015-ci illərdə 0,20 manat, 2016-cı ildə 0,21 manat, 2017-ci ildə 0,23 manat müəyyən edilməsi qeyd edilmişdir.

25. 26 fevral 2018-ci il tarixli **********135432 saylı “Səyyar vergi yoxlaması haqqında” Aktdan görünür ki, səyyar vergi yoxlaması nəticəsində müəssisə tərəfindən mədən vergisinin 14201,1 manat, sadələşdirilmiş verginin 2136,46 manat azaldılması aşkar edilmiş və qeyd edilən məbləğlərin azaldılmasına görə 50 faiz məbləğində, yəni cəmi 8168,82 manat maliyyə sanksiyası tətbiq edilməsi təklif olunmuşdur.

26. Həmin akt əsasında qəbul olunmuş 28 fevral 2018-ci il tarixli, **********142217 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarına əsasən iddiaçı mədən vergisi üzrə 14201,1 manat, sadələşdirilmiş vergi üzrə 2136,46 manat və həmin məbləğlərin azaldılmasına görə tətbiq edilmiş maliyyə sanksiyası üzrə cəmi 8168,82 manat məbləğlərində vergi məsuliyyətinə cəlb edilmişdir.

27. İşə birinci instansiya məhkəməsində baxılarkən iş üzrə məhkəmə mühəndistikinti-texniki və məhkəmə-mühasibatlıq ekspertizaları təyin olunmuşdur.

28. Məhkəmə Ekspertiza Mərkəzinin 02 avqust 2018-ci il tarixli 14556/15144 saylı rəyindən görünür ki, enerji sərfiyatına əsasən nəzəri hesablama yolu ilə Abşeron rayonu, 17 saylı Quzu qıran qış otlaq sahəsi, Güzdək kəndinin yaxınlığında yerləşən, "xxxx" müəssisəsinin təsərrüfat subyekti olan daş karxanasında xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrdə istehsal edilməsi ehtimal olunan əmtəəlik mişar daşının miqdarı (həcmi) təxminən 590091 ədəd, karxana buraxılış qiymətilə ümumi dəyəri 118018,20 manat müəyyən edilir. Azərbaycan Respublikası Təbii Sərvətlər Nazirliyinin Dövlət X3 xx.xx.2015-ci il tarixli 23/284 saylı arayışında Qaradağ rayonu, Güzdək Əhəng daşı yatağında yerləşən daş karxanasında istehsal brakının miqdarı 53% müəyyən edilir. 1000 ədəd mişar daşına mövcud olmuş faktiki məsrəflər xərci təxminən 151,80 manat müəyyən edilir. 1 ədəd əmtəəlik mişar daşının orta bazar karxana satış qiyməti mövsümü xarakterli olaraq, xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrdə orta hesab ilə təxminən 0,20 manat müəyyən edilir. Rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən məhkəmə tikinti-texniki ekspertizasının müəyyən etdiyi nəticə nəzərə alınmaqla "xxxx" müəssisəsi tərəfindən xx.xx.2014-cü il tarixdən xx.xx.2017-ci il tarixədək olan dövrdə aparılan əməliyyatala görə 2360,36 manat məbləğində sadələşdirilmiş verginin, 4097,86 manat məbləğində mədən vergisi olmaqla, ümumilikdə 6458,22 manat məbləğində vergilərin dövlət büdcəsinə az hesablanması müəyyən edilmişdir.

29. Ekspert rəyini əsas götürən birinci instansiya məhkəməsi iddianı qismən təmin etmiş və öz qənaətini belə əsaslandırmışdır ki, ekspert rəyi və işin materiallarında olan sənədlərlə cavabdeh tərəfindən səyyar vergi yoxlaması zamanı iddiaçıya hesablanmış əlavə vergi məbləğləri üzrə yalnız mədən vergisinin düzgün hesablanmaması müəyyən olunur. Belə ki, cavabdeh tərəfindən iddiaçıya mədən vergisi üzrə 14201,1 manat əlavə vergi hesablanmış, ekspert rəyi ilə iddiaçıya hesablanmalı olan əlavə vergi məbləği 4097,86 manat müəyyən edilmişdir. Buna görə də məhkəmə hesab etmişdir ki, cavabdeh tərəfindən mədən vergisi üzrə iddiaçıya hesablanmış əlavə vergi məbləğindən ekspert rəyi ilə müəyyən edilmiş məbləğ çıxılmaqla həmin vergi üzrə qalan 10103,24 manat (mədən vergisi üzrə 14201,1-4097,86=10103,24) vergi məbləği hissəsində mübahisələndirilən qərar ləğv edilməlidir.

30. Cavabdeh qərarı o əsasla mübahisələndirmişdir ki, Ticarət və X1 Birliyinin xx.xx.2015-ci il tarixli ekspert və mütəxəssis rəylərində istehsalat itkisi 35 %, enerji itkisi isə 5% müəyyən edildiyi halda, Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2018-ci il tarixli rəyində həmin göstəricilər əsassız olaraq şişirdilərək istehsalat itkisi 53%, enerji itkisi isə (qeyri-istehsal avadanlıqlarının orta aylıq enerji sərfiyyatı daxil edilməklə) isə 11 % müəyyən edilmişdir. Ekspert istehsal brakının faiz nisbətini müəyyən edərkən Ekologiya və Təbii Sərvətlər Nazirliyi Ətraf Mühit və Təbii Sərvətlər üzrə Dövlət X3 xx.xx.2015-ci il tarixli məktubuna istinad etmişdir ki, bu da normativ sənəd kimi qəbul edilə bilməz. İstinad edilən məktubda 1975-ci ildə Güzdək əhəng daşı yatağında aparılmış geoloji kəşfiyyat işinin hasilat zamanı xammal itkisinin göstəricisinə əsaslanmışdır. Göründüyü kimi Məhkəmə Ekspertiza Mərkəzi rəy verərkən əhəng daşının istehsalı ilə bağlı 40 il öncəki arxiv məlumatına istinad etmişdir.

31. Apellyasiya məhkəməsində birinci icraat zamanı təyin edilmiş əlavə məhkəmə mühasibatlıq ekspertizası üzrə verilmiş 14 iyun 2019-cu il tarixli 3466 saylı ekspert rəyindən görünür ki, rəyin tədqiqi hissəsində göstərildiyi kimi, əmtəəlik mişar daşının ümumi istehsal həcminə 53 faiz istehsal brakı tətbiq edilməklə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan sadələşdirilmiş verginin 1046,21 manat məbləğində, mədən vergisinin 9336,44 manat məbləğində az hesablanması müəyyən olunur. Rəyin tədqiqi hissəsində göstərildiyi kimi, əmtəəlik mişar daşının ümumi istehsal həcminə 35 faiz istehsal brakı tətbiq edildikdə isə səyyar vergi yoxlamasının əhatə etdiyi dövr ərzində müəssisə tərəfindən aparılmış əməliyyatlara görə dövlət büdcəsinə ödənilməli olan sadələşdirilmiş verginin 1950,19 manat məbləğində, mədən vergisinin 13683,87 manat məbləğində az hesablanması müəyyən olunur.

32. Məhkəmə kollegiyası qeyd edir ki, vergilərin düzgün hesablanması vergi orqanlarının vəzifəsidir. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. Vergi Məcəlləsi ilə müəyyən edilmiş qaydada və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə təqsiri təsdiq edilməyənədək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında özünün təqsirsiz olmasını sübut etməyə borclu deyildir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Vergi qanunvericiliyinin pozulmasında vergi ödəyicisinin təqsirinin olmasında aradan qaldırılmaz şübhələr olduqda, onlar vergi ödəyicisinin xeyrinə şərh olunur. Vergi qanunvericiliyi ilə bağlı hüquqpozuntusu hadisəsi olmadıqda, şəxs vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilə bilməz. (Vergi Məcəlləsinin 24.0, 24.1, 36.2,53.3 və 54.0.1-ci maddələri)

33. Göründüyü kimi əksi sübut olunmayanadək hər bir vergi ödəyicisi vergi qanunvericiliyinin pozulmasında təqsirsiz hesab edilir. Vergi qanunvericiliyinin pozulması faktını təsdiq edən halların və vergi ödəyicisinin təqsirinin sübut edilməsi vergi orqanlarının üzərinə qoyulur. Bu zaman konkret sübutlar, dəlillərə istinad olunmalı, başqa sözlə vergi orqanı ehtimallara, fərziyələrə əsasən vergi ödəyicisini məsuliyyətə cəlb edə bilməz.

34. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlilləri ilə bağlı qeyd edir ki, cavabdeh iddiaçı üçün əlavə vergi hesablayarkən Vergi Məcəlləsinin 67-ci maddəsinin tələblərinə əməl etməmişdir. Cavabdeh iddiaçının vergi məsuliyyətinə cəlb edilməsini istehsal prosesində sərf edilmiş enerji sərfiyyatına görə mütəxəssis rəyinə əsasən hesablamışdır. Cavabdeh yalnız mütəxəssis rəyinə əsasən iddiaçını əlavə vergi məsuliyyətinə cəlb etmişdir. İstehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, sadəcə olaraq yalnız mövcud qurğuların və avadanlığın texniki göstəricilərinə və faktiki enerji sərfiyyatı əsasında deyil, konkret avadanlığın iş görmə gücünə görə məhsulun istehsal həcmi hesablanmaqla əlavə vergi məbləğinin müəyyən edilməsi düzgün olardı.

35. Hazırkı halda isə istehsal həcmi nəzəri hesablama yolu ilə müəssisənin istifadə etdiyi elektrik enerjisinə və satılmış məhsulun dəyərinə əsasən təxmini və təqribi hesablanmışdır.

36. Halbuki, mühasibat uçotunda məhsulun maya dəyərinin kalkulyasiyasının prinsiplərinə əsasən məhsulun maya dəyəri yalnız elektrik enerjisinin sərfiyyatından ibarət olmayıb aşağıdakı xərc elementlərindən ibarət olduğu müəyyən edilmişdir: - Xammal və materiallar; - Qaytarılmış tullantılar; - Texniki məqsədlər üçün yanacaq, enerji və su; istehsal fəhlələrinin əsas əmək haqqı; - İstehsal fəhlələrinin əlavə əmək haqqı; - Sosial sığortaya ayırmalar; - Avadanlığın saxlanması və istismarı xərcləri, o cümlədən amortizasiya; - Ümumi sex xərcləri; - Ümumi zavod xərcləri; - Zay məhsul və itkilər; - Sair istehsalat xərcləri; - Əmtəəlik məhsulun tam maya dəyəri.

37. Məhsulun maya dəyərinə daxil edilməli olan xərclərin təsnifatından göründüyü kimi, istehsal olunan məhsulun maya dəyəri yalnız elektrik enerjisi xərclərindən ibarət olmayıb, yuxarıda göstərilən kompleks xərc elementlərindən ibarətdir.

38. Məhkəmə kollegiyası hesab edir ki, faktiki istehsal həcmi müəyyən olunmuş məhsulun faktiki maya dəyəri və maya dəyərinin tərkibini təşkil edən ayrı-ayrı xərc maddələri müəyyən edilmədən, faktiki enerji sərfiyyatı əsasında istehsal həcminin hesablanması məhsulun maya dəyəri kalkulyasiyasının prinsiplərinə uyğun deyildir və bu məlumatlara əsasən vergiyə cəlb olunan dövriyyənin belə qaydada hesablanması Azərbaycan Respublikasının Vergi Məcəlləsində nəzərdə tutulmamışdır.

39. İş materiallarından görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin 2-1(105)- 239/2020 nömrəli, 24 noyabr 2020-ci il tarixli qərardadı ilə hazırkı iş üzrə icraat iddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı “xx.xx.2019-cu il tarixli **********191053 nömrəli vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında qərarın ləğv edilməsi və həmin qərar əsasında hesablanmış 24297,59 manat əlavə vergi məbləğinin və tətbiq edilmiş 10620,13 manat maliyyə sanksiyasının silinməsi” tələbinə dair iş üzrə yekun məhkəmə aktı qanuni qüvvəyə minənədək dayandırılmışdır.

40. Belə ki, həmin iş üzrə mübahisələndirilən səyyar vergi yoxlaması yanvar 2013sentyabr 2018 hesabat dövrünü, hazırkı iş üzrə mübahisələndirilən səyyar vergi yoxlaması isə dekabr 2014-sentyabr 2017 hesabat dövrünü əhatə etmiş, hazırkı iş üzrə mübahisə predmeti olan səyyar vergi yoxlamasının əhatə etdiyi vergi dövrü daha sonra vergi orqanı tərəfindən yoxlanılmışdır.

41. Həmin iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 29 dekabr 2021-ci il tarixli, 2- 1(118)-55/2021 nömrəli qərarı ilə iddia qismən təmin edilmiş, xx.xx.2019-cu il tarixli **********191053 nömrəli “Vergi ödəyicisinin vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyətə cəlb edilməsi haqqında” Qərarın 2016-2018-ci illər üzrə ödəmə mənbəyindən tutulan vergilər üzrə 2604 manat vergi məbləği və ona uyğun hesablanmış maliyyə sanksiyası və Vergi Məcəlləsinin 16.2-ci maddəsində nəzərdə tutulan arayışı vaxtında təqdim etmədiyinə görə 3 bəyannamə üzrə tətbiq edilmiş 120 manat məbləğində maliyyə sanksiyası istisna olmaqla qalan hissədə ləğv edilməsi və ləğv edilmiş hissədə vergi borcunun silinməsi, iddianın qalan hissədə rədd edilməsi qərara alınmışdır.

42. Həmin qərardan cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının 2-1(105)-331/2022 nömrəli, 02 iyun 2022-ci il tarixli qərarı ilə təmin edilməmiş, qərar dəyişdirilmədən saxlanılmışdır.

43. Azərbaycan Respublikas Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 1784/2022 nömrəli, 17 noyabr 2022-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin kassasiya şikayəti təmin edilməmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-331/2022 nömrəli, 2 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır.

44. Qərardan görünür ki, cavabdehin iddiaçını əlavə vergi məsuliyyətinə cəlb edərkən əsaslandığı enerji sərfiyyatı ilə bağlı əldə olunan məlumatlar əsasında tərtib edilmiş və inzibati orqanın mötəbər hesab etdiyi mütəxəssis rəyi ilə bağlı məhkəmə kollegiyası qeyd etmişdir ki, vergi orqanının istinad etdiyi mütəxəssis rəyi mötəbər sayıla bilməz. Belə ki, mütəxəssis rəyinin məzmunu ilə tanış olduqda müəyyən olunur ki, mütəxəssis yalnız müəssisədə qeyri-istehsal və istehsal üzrə sərf olunan elektrik enerjisinin həcminin müəyyən edilməsi üçün sınaq etmiş, istehsal zamanı enerji itkilərinin, hər bir avadanlığın istehsal gücünün və s., başqa sözlə, istehsalın real həcminə əsaslı təsir edə biləcək göstəricilərlə bağlı hər hansı sınaq keçirməmiş, istehsal həcmi əks olunan cədvəldə həmin göstəricilərin hansı mənbəyə istinadən tətbiq edildiyi göstərilməmişdir. Beləliklə, vergi orqanı qeyri-mötəbər mütəxəssis rəyi əsasında iddiaçının istehsal həcmini bəyan edərək faktiki olaraq daha çox olduğu qənaətinə gəlmiş və bunun əsasında əsassız olaraq vergilər hesablamışdır.

45. Sadalanan xüsusatlara və istinad edilən maddi hüququ normalarına əsaslanaraq məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə birinci instansiya məhkəməsinin iddianın qismən təmin edilməsi barədə qərarından apellyasiya şikayəti yalnız cavabdeh tərəfindən verildiyindən, cavabdehin verdiyi apellyasiya şikayətinin isə təmin edilməsi üçün əsaslar müəyyən olunmadığından və apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır.

46. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

Qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 2-1(085)-1288/2018 nömrəli, 20 sentyabr 2018-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar