Məhkəmə qərarları › İş №2-1(105)-2/2024

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-2/2024

05.03.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-2/2024 05.03.2024 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə qarşı iş üzrə (Açar sözlər: vergi orqanının faktiki xarakterli hərəkətinin mübahisələndirilməsi; vergi ödəyicisinin şəxsi hesab vərəqəsində düzəliş edilməsi, işin hallarının araşdırılması prinsipinin tələblərinin pozulması) Sədrlik edən və məruzəçi hakim X2, hakimlər X1 və Qafari Səyyad Ağaəli oğlundan ibarət tərkibdə, Səfərli Fidan Nuru qızının katibliyi, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinə “şəxsi hesab vərəqəsindən borcun silinməsi və ödənilmiş borcun geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(118)-196/2021 nömrəli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları Cavabdeh 2019-cu il 27 avqust tarixli məktubla müraciətin təmin olunmasından imtina etmişdir. Cavabdeh bildirmişdir ki, ödənişləri təsdiq edən hər hansı bir sənəd vergi orqanına təqdim edilməmişdir. ödəniş sənədlərinin təqdim edilməməsi səbəbindən müraciətə baxılması mümkün olmamışdır. İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanladığı xx.xx.2020-cil tarixli məktubundan görünür ki, xx.xx.2016 ci il tarixdə 10000 manat, xx.xx.2016-ci il tarixdə 9000 manat, xx.xx.2016-ci il tarixdə 6000 manat, xx.xx.2017-ci il tarixdə 5000 manat, xx.xx.2017-ci il tarixdə 8000 manat, ümumilikdə 38000 manat vergi borcu odenilmişdir. Lakin heç bir məlumatımız olmadan ve səbəb göstərilmədən həmin ödənişlər şirkətin şəxsi vergisindən silinmiş ve yenidən İddiaçı MMC-yə 38000 manat vergi borcu ve 9090.52 faiz borcu hesablanmışdır. Halbuki həmin ödənişlər vergi olaraq dövlət büdcəsinə ödenilmişdir.Odur ki, yuxarıda qeyd olunan və odənişlərin nəzərə alınması və İddiaçı MMC-nin şəxsi vərəqəsindən 38000 manat vergi borcunu ve 9090.52 manat hesablanmış faiz borcunun leğv edilmesini xahis edirəm. İddiaçı Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanladığı xx.xx.2020-cil tarixli məktubundan görünür ki, İddiaçı MMC tərəfindən 2016 və 2017-ci illərə aid vergi borcları üzrə dövlət büdcəsinə ödənişlər edildiyi halda, həmin vergi borcları yenidən hesablanaraq xx.xx.2019 və xx.xx.2019-cu il tarixlərdə vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə daxil edilmiş və əsassız olaraq hesablanmış bu vergi borcunun ödənilməsi İddiaçı MMC-dən tələb edilmişdir. Hətta sonradan vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilmiş 25.945,51 manat pul məhz əsassız hesablanmış sözügedən vergi borcu ilə əlaqədar olaraq vergi ödəyicisindən tutulmuşdur. Ona görə əsassız olaraq hesablanmış və şəxsi hesab vərəqəsində xx.xx.2019-cu il tarixdə qeydə alınmış 5.000 manat və 8.000 manat, xx.xx.2019-cu il tarixdə qeydə alınmış 10.000 manat, 9.000 manat və 6.000 manat olmaqla, ümumilikdə 38.000 manat qalıq vergi borcunun və onun üzərinə hesablanmış 9.090,52 manat faiz üzrə qalıq borcunun İddiaçı MMC şəxsi hesab vərəqəsindən silinməsini, eyni zamanda vergi ödəyicisi tərəfindən dövlət büdcəsinə ödənilmiş və məhz əsassız hesablanmış sözügedən vergi borcu ilə əlaqədar olaraq vergi ödəyicisindən tutulmuş ödənişlərin İddiaçı MMC-yə geri qaytarılmasını xahiş edirəm. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “2020-ci il 16 mart tarixli müraciətə baxılması haqqında” imtina məktubunun əsassız hesab edilməsini, iddiaçı barəsində “düzəliş (daxil olma)” əməliyyat növündə hesablanılaraq iddiaçının şəxsi hesab vərəqəsində 2019-cu il 6 noyabr tarixdə qeyd alınmış 5000 manat və 8000 manat və 2019-cu il 7 noyabr tarixdə qeydə alınmış 10000 manat, 9000 manat və 6000 manat olmaqla, ümumilikdə, 38000 manat vergi borcunun və onun üzərinə hesablanmış 9090,52 manat faiz üzrə qalıq borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsini, iddiaçı tərəfindən 2019-cu il 18 noyabr tarixdə 3000 manat, 2019-cu il 20 noyabr tarixdə 7500 manat, 2019-cu il 21 noyabr tarixdə 5000 manat, 2019-cu il 26 noyabr tarixdə 4450 manat, 2020-ci il 03 fevral tarixdə 2995,51 manat və 2020-ci il 07 fevral tarixdə 3000 manat edilmiş və vergi ödəyicisi barəsində əsassız olaraq hesablanmış 38000 manat qalıq vergi borcunun və onun üzərinə hesablanmış 9090,52 manat faiz üzrə qalıq borcu ilə əlaqədar olaraq silinmiş 25945,51 manat ödənişin iddiaçıya geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirməsi barədə ərizəsi ilə Sumqayıt İnzibati Məhkəməsinə müraciət edərək, Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin “2020-ci il 16 mart tarixli müraciətə baxılması haqqında” imtina məktubunun əsassız hesab edilməsini, iddiaçının şəxsi hesab vərəqəsində 2019-cu il 6 noyabr və 2019-cu il 7 noyabr tarixlərdə aparılmış düzəliş (daxilolma) əməliyyatlarının qanunsuz hesab edilməsini, iddiaçı barəsində “düzəliş (daxil olma)” əməliyyat növündə hesablanılaraq iddiaçının şəxsi hesab vərəqəsində 2019-cu il 6 noyabr tarixdə qeyd alınmış 5000 manat və 8000 manat və 2019-cu il 7 noyabr tarixdə qeydə alınmış 10000 manat, 9000 manat və 6000 manat olmaqla, ümumilikdə, 38000 manat vergi borcunun və onun üzərinə hesablanmış 9090,52 manat faiz üzrə qalıq borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehə həvalə edilməsini, iddiaçı tərəfindən 2019-cu il 18 noyabr tarixdə 3000 manat, 2019-cu il 20 noyabr tarixdə 7500 manat, 2019-cu il 21 noyabr tarixdə 5000 manat, 2019-cu il 26 noyabr tarixdə 4450 manat, 2020-ci il 03 fevral tarixdə 2995,51 manat və 2020-ci il 07 fevral tarixdə 3000 manat edilmiş və vergi ödəyicisi barəsində əsassız olaraq hesablanmış 38000 manat qalıq vergi borcunun və onun üzərinə hesablanmış 9090,52 manat faiz üzrə qalıq borcu ilə əlaqədar olaraq silinmiş 25945,51 manat ödənişin iddiaçıya geri qaytarılması vəzifəsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, onun ödənilməmiş vergi borcu olmamışdır. İddiaçı ödənilmədiyi iddia olunan mübahisələndirilən vergiləri vaxtında ödəmiş və bu barədə şəxsi hesab vərəqəsində 2016-cı il 2 oktyabr, 2016-cı il 31 oktyabr, 2017-ci il 31 oktyabr və 2017-cı il 29 noyabr tarixlərdə müvafiq qeydlər aparılmışdır. Mübahisələndirilən vergi borclarının ödənilməsini təsdiq edən yeganə və mötəbər sübut elə şəxsi hesab vərəqəsində aparılan həmin qeydlərdir. Məlum olduğu kimi, şəxsi hesab vərəqəsi vergi ödəyicisi ilə aparılan hesablaşma vəziyyətini əks etdirən mötəbər sənəddir. Belə ki, vergi ödəyicisinin şəxsi hesab vərəqəsinə vergi ödəyicisi və ya digər üçüncü şəxs tərəfindən hər hansı müdaxilənin edilməsi mümkünsüzdür və şəxsi hesab vərəqəsi üzərində bütün əməliyyatlar yalnız vergi orqanı tərəfindən həyata keçirilir. Bu deyilənlər məhz Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" 2016-cı il 30 dekabr tarixli, 474VQ nömrəli Qanunun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair 2020-ci il 13 avqust tarixli Qərardadında ifadə olunan hüquqi mövqelərdə öz əksini tapmışdır. Belə ki, həmin Qərardadın 43-cü bəndində qeyd edilmişdir ki, Vergi Məcəlləsində şəxsi hesab vərəqəsinin anlayışı verilməsə də, “şəxsi vərəqə” ifadəsinə Məcəllənin mətnində - 87.2-ci maddədə rast gəlinir. Bununla yanaşı, qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 83.1-ci maddəsində həm də “vergi orqanının uçot sənədləri’’ ifadəsi işlənilir. Qeyd olunan normanın mənasına görə, vergi ödəyicisinin ödəməli olduğu vergi məbləği barədə vergi orqanının uçot sənədlərində qeydiyyat aparılmalıdır. 6. Həmin Qərardadın 44-cü bəndində göstərilmişdir ki, kollegiya qeyd edir ki, bu qəbildən olan məlumatların vergi orqanı tərəfindən uçotunun aparılması vergi orqanının əsas vəzifələrinin icrasının lazımi qaydada təmin edilməsi zərurətindən irəli gəlir. Belə ki, vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etmək (maddə 24.0.1), o cümlədən hesablanmış və təyinatı üzrə daxil olmuş vergilərin uçotunu aparmaq və bu barədə müvafiq icra hakimiyyəti orqanlarına məlumat vermək (maddə 24.0.4) Vergi Məcəlləsində vergi orqanının əsas vəzifələri sırasında göstərilmişdir. Belə olan halda, şəxsi hesab vərəqəsini vergi orqanının vergilər və digər məcburi ödənişlərin hesablaşma vəziyyətini əks etdirən uçot sənədlərinə aid etmək olar. Vergi orqanının şəxsi hesab vərəqəsində 2019-cu il 6 noyabr və 2019-cu il 7 noyabr tarixlərdə apardığı “düzəliş (daxilolma)” əməliyyatları qanunsuz olmuşdur. Qanunvericiliyin tələblərindən bəllidir ki, inzibati orqanların fiziki və hüquqi şəxslərlə münasibətləri inzibati akt və ya faktiki xarakterli hərəkətlər formasında təzahür edir. İddiaçının şəxsi hesab vərəqəsində xx.xx.2019 və 2019-cu il 7 noyabr tarixlərdə “düzəliş (daxilolma)” formasında aparılan əməliyyatlar vergi orqanının faktiki xarakterli hərəkətləridir. Həmin hərəkətlərin qanuniliyinin müəyyən edilməsi üçün isə bu əməliyyatların mahiyyəti təhlil olunmalıdır. Sözügedən əməliyyatların (2019-cu il 6 noyabr və 2019-cu il 7 noyabr tarixli düzəliş(daxilolma)) hansı səbəbdən aparılması ilə bağlı cavabdehin nümayəndəsinin gətirdiyi açıqlamadan göründüyü kimi, vergi orqanı mübahisələndirilən məbləğlərin ödənilməsinə dair sənədlərin olmadığını nəzərə alaraq vergi borcunu yenidən hesablamış və ona yeni faizlər əlavə edərək, beləliklə dürüstləşmə əməliyyatı apararaq 2019-cu il 6 noyabr və 2019-cu il 7 noyabr tarixlərdə şəxsi hesab vərəqəsində düzəliş etmişdir. 7. Göründüyü kimi, vergi orqanı vergi ödəyicisi üçün vergilərin yenidən hesablanmasını aparmış, hətta ödəyici barəsində faiz borcu da hesablamışdır. Yəni bu əməliyyatlar nəticəsində vergi ödəyicisi üçün yeni vergi öhdəliyi yaranmışdır. Vergi qanunvericiliyi bu kimi hallarda qanunla müəyyən olunmuş müddət ərzində kameral vergi yoxlaması keçirməklə bu tip nöqsanların aradan qaldırılması imkanını nəzərdə tutmuşdur. Kameral vergi yoxlaması vergi orqanı tərəfindən yerlərə getmədən vergilərin hesablanmasını və ödənilməsini özündə əks etdirən və vergi ödəyicisinin fəaliyyəti haqqında vergi orqanında olan sənədlər və mənbəyi məlum olan məlumatlar əsasında keçirilir. Odur ki, həqiqətən də mübahisələndirilən məbləğlər ödənilməmiş olsa idi, vergi orqanı yalnız kameral vergi yoxlamasının keçirilməsi barədə müvafiq inzibati akt qəbul etməklə və vergi ödəyicisi barəsində kameral vergi yoxlaması keçirməklə sözügedən vergi məbləğlərinin hesablanması və ödənilməsi barədə sənədlər və digər məlumatlar əsasında həmin halı müəyyən etməli və aradan qaldırmalı idi. Halbuki, bu məbləğlərlə bağlı bu günədək hər hansı vergi yoxlaması keçirilməmişdir. Əksinə vergi orqanı keçən müddət ərzində sözügedən məbləğləri ödənilmiş məbləğ kimi qəbul edərək onları mübahisələndirməmişdir. Cavabdehin iddia tələbinə dair etirazının dəlilləri Cavabdehin iddiaya qarşı yazılı etirazında qeyd olunmuşdur ki, Azərbaycan Respublikasının Prezidenti Yanında Vətəndaşlara Xidmət Və Sosial İnnovasiyalar X7 (VÖEN: **********) tərəfindən 2016-2017-ci illər üzrə ödənilmiş dövlət rüsumlarının araşdırılması zamanı müəyyən edilmişdir ki, xx.xx.2016-cı il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 10000 manat, xx.xx.2016-cı il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 9000 manat, xx.xx.2016- cı il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 6000 manat, xx.xx.2017-ci il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 5000 manat və xx.xx.2017-ci il tarixli ********** nömrəli ödəniş tapşırığı üzrə 8000 manat olmaqla ümumilikdə 38000 manat dövlət rüsumu düzgün olmayaraq vergi kimi iddiaçının şəxsi hesab vərəqəsinə işlənilmişdir. Bu səbəbdən də xx.xx.2019-cu il tarixdə ********** nömrəli ödəniş tapşırığı üzrə 5000, 0 manat, ********** nömrəli ödəniş tapşırığı üzrə 8000,0 manat, 07.11,2019-cu il tarixdə ********** nömrəli ödəniş tapşırığı üzrə 10000,0 manat, ********** nömrəli ödəniş tapşırığı üzrə 9000,0 manat, ********** nömrəli ödəniş tapşırığı üzrə 6000,0 manat, cəmisi 38000 manat olmaqla daxilolmaya düzəliş edilərək iddiaçının şəxsi hesab vərəqəsinə işlənilmişdir. “Dövlət rüsumu haqqında” Qanunun 7-ci maddəsinə əsasən həmin Qanunun 20.1 - 20.11-ci maddələri üzrə dövlət rüsumunun düzgün hesablanmasına və vaxtında dövlət büdcəsinə köçürülməsinə nəzarət Azərbaycan Respublikası Prezidentinin 2001-ci il 26 dekabr tarixli Fərmanına əsasən vergi orqanları tərəfindən həyata keçirilir. Ödənilmiş dövlət rüsumunun vergi kimi iddiaçının şəxsi hesab vərəqəsinə işlənilməsi vergi qanunvericiliyinin tələblərinə zidd olduğundan vergi orqanı tərəfindən Vergi Məcəlləsinin 85.4-cü maddəsi əsas tutularaq yenidən hesablama aparılmışdır. Belə ki, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə əsasən vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. İddiaçının silinmiş 25945.51 manat ödənişin geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə münasibətdə bildirilir ki, iddiaçı tərəfindən 2019-cu il 18 noyabr tarixdə ödənilmiş 3000 manat, 2019-cu il 20 noyabr tarixdə ödənilmiş 7500 manat, 2019-cu il 21 noyabr tarixdə ödənilmiş 5000 manat, 2019-cu il 26 noyabr tarixdə ödənilmiş 4450 manat, 2020-ci il 3 fevral tarixdə ödənilmiş 2995,51 manat və 2020-ci il 7 fevral tarixdə ödənilmiş 3000 manat, cəmisi 25945,51 manat məbləğində ödənişlər iddiaçının mənfəət vergisi, ƏDV və sair öhdəlikləri ilə bağlıdır. Həmin ödənişlərin geri qaytarılması yalnız artıq ödəmə mövcud olduqda Vergi Məcəlləsinin 87-ci maddəsinin tələblərinə müvafiq olaraq həyata keçirilir. İddiaçının şəxsi hesab vərəqəsindən görünür ki, iddiaçının sonuncu ödənişlər edilməmişdən əvvəl 39996.89 manat məbləğində borcu olmuş, ödənişlərdən sonra isə hazırda 23242.02 manat vergi borcu vardır. Vergi Məcəlləsinin 88.1-ci maddəsinə əsasən vergilər üzrə yaranmış borc bu Məcəllənin 85.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı sıra qaydası ilə ödənilir: yaranma tarixi ardıcıllığı ilə hesablanmış verginin məbləği; hesablanmış faizlərin məbləği; tətbiq edilmiş maliyyə sanksiyalarının məbləği. Qanunun tələbindən göründüyü kimi, vergi öhdəliyi mövcud olduqda sonrakı ödənişlər əvvəlki öhdəliklər üzrə sıra ardıcıllığı ilə həyata keçirilir. İddiaçının 2020-ci il 16 mart tarixli müraciətinə baxılması haqqında 2020-ci il 2 aprel tarixli, **********309200 nömrəli məktubun əsassız hesab edilməsi tələbinə gəldikdə isə bildirilir ki, iddiaçı tərəfindən vergi orqanına müraciət edilərək hesablanmış 38000 manat vergi borcunun və 9090.52 manat faiz borcunun ödənilməsi bildirilsə də, ödənişləri təsdiq edən hər hansı bir sənəd vergi orqanına təqdim edilməmişdir. Bu səbəbdən də iddiaçıya ödəniş sənədlərinin təqdim edilməməsi səbəbindən müraciətə baxılmasının mümkün olmaması barədə məlumat verilmişdir. Vergi Məcəlləsinin 94.0.2-ci maddəsinə görə vergi orqanının hesablamalarının səhv olduğunu sübut etmək vergi ödəyicisinin vəzifəsidir. İddiaçı vergi orqanına müraciət edərkən ödəmələr barədə sübutlar təqdim etməməklə qanunun göstərilən tələbinə əməl etməmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(118)-196/2021 nömrəli qərarı ilə iddia təmin edilməmişdir (hakim Ceyhun Məmmədov). Məhkəmə gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, vergi orqanı məhz “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" 2016-cı il 30 dekabr tarixli 474VQ nömrəli Qanunun tətbiqi ilə bağlı “Dürüşləşmə” adlandırdığı əməliyyat ilə kompüter proqramı təminatındakı xətadan irəli gələn səhvin düzəldilməsi üçün nəzərdə tutulub. Başqa sözlə desək vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının Qanuna görə silinməsinə baxmayaraq, kompüter proqramı həmin borcları yenidən silməsi məqsədi ilə vergi ödəyicilərinin digər mübahisə olunmayan borclarını silir. Buna görə də vergi məmuru “Dürüsləşmə” adlandırdığı əməliyyat vasitəsi ilə silinməli olmayan vergi borclarını şəxsi hesab vərəqəsinə yenidən işləyir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2020-ci il 21 avqust tarixli Qərardadına əsasən həmin borcların yenidən şəxsi hesab vərəqəsinə işlənməsi üçün yeni inzibati aktın qəbul edilməsinə zərurət yoxdur. Lakin hazırkı iddia tələbinin Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ nömrəli Qanununun tətbiqi ilə bağlı məsələ ilə heç bir əlaqəsi yoxdur. Vergi orqanı tərəfindən iddiaçının ödənilməmiş vergi borclarının şəxsi hesab vərəqəsinə daxil edilməsi ona yenidən vergi borclarının hesablanması demək deyil. Belə ki, vergi borclarının yenidən hesablanması əvvəllər hesablanmış vergi borcundan fərqli vergi borcunun hesablanması deməkdir. Lakin hazırkı iddia tələbinin araşdırılması zamanı müəyyən edilmişdir ki, İddiaçı 2016 və 2017-ci illər ərzində hesablanmış vergi borcuna hər hansı bir dəyişiklik edilməyib. Ona görə də məhkəmə hesab edir ki, iddiaçının 3 illik iddia müddətinə əsaslanması da düzgün deyil. Nəzərə alınmalıdır ki, vergi orqanının iddiaçıya vergi borcunun tələb edilməsi ilə bağlı 5 illik, yəni hazırkı iddia tələbi üzrə 2021-ci il 2 oktyabr tarixə kimi müddəti var. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri İddiaçı apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, şəxsi hesab vərəqəsi vergi orqanının vergilər və digər məcburi ödənişlərin hesablaşma vəziyyətini əks etdirən uçot sənədidir. Bu sənəddə əks olunan məlumatların mötəbərliyi ancaq güclü dəlillərə istinad edilməklə şübhə altına alına və təkzib oluna bilər. Və hətta belə bir vəziyyətdə bu hal vergi ödəyicisinin deyil, qeyri-mötəbər məlumatları şəxsi hesab vərəqəsinə daxil edən vergi orqanının əleyhinə şərh olunmalıdır. Şəxsi hesab vərəqəsi hər bir vergi ödəyicisi üçün proqram təminatı vasitəsi ilə avtomatik yaradılsa da (3.3-cü bənd), şəxsi hesab vərəqəsində əməliyyatlar, o cümlədən dövlət vergiləri üzrə daxilolmalar barədə məlumatlar vergi orqanının aidiyyəti şöbəsi tərəfindən avtomatlaşdırılmış vergi informasiya sisteminin “bəyannamə” altmodulu vasitəsi ilə vergi ödəyicilərinin şəxsi hesab vərəqələrinə daxil edilir (3.3 və 5.1-ci bəndlər). Hətta şəxsi hesab vərəqəsində əməliyyatların aparılması üçün vergi orqanının vəzifəli şəxslərinin məxfiliyinə görə məsuliyyət daşıdıqları xüsusi parolları var ki, bu parollar həmin şəxslərin imzaları hesab edilir (3.9.1 -ci bənd). Başqa sözlə, şəxsi hesab vərəqələrinə bu şəxslərdən kənar digər şəxslərin müdaxiləsi mümkün deyil. Həmçinin vergi orqanının aidiyyəti şöbəsi ödənilmiş vəsaitin büdcəyə daxil olması barədə xəzinədarlıq orqanından ödəniş sənədlərinin surətlərini əldə etdikdən sonra və həmin sənədlər əsasında şəxsi hesab vərəqəsinə ödənişlərlə bağlı məlumatları daxil edir (5.1, 6.1.1 və 6.1.4-cü bəndlər). Qaydalara əsasən yalnız ödəniş tapşırıqları deyil, sərəncam, qəbz, bankın memorial orderi və ya elektron formatda alınan məlumat da ödəniş sənədləri hesab olunur (2.6-cı bənd). İddiaçı MMC mübahisələndirdiyi vergi ödənişlərini 2016 və 2017-ci illərdə icra etmiş və bu ödənişlər barədə məlumatlar şəxsi hesab vərəqəsinə daxil edilmişdir. Həmin məlumatlar şəxsi hesab vərəqəsinə İddiaçı MMC-nin verdiyi məlumat və ya sənədlər əsasında deyil, Qaydalarda qeyd edildiyi kimi, xəzinədarlıq orqanından vergi orqanının əldə etdiyi ödəniş sənədlərinin surətləri əsasında vergi orqanının aidiyyəti şöbəsinin vəzifəli şəxsləri tərəfindən daxil edilmişdir. Vergi orqanının aidiyyəti şöbəsinin vəzifəli şəxsinin ödəniş sənədlərinin surəti olmadan şəxsi hesab vərəqəsinə hər hansı məlumat daxil etməsi mümkün deyil. Həmin ödəniş sənədlərinin nə olmasına gəldikdə isə (ödəniş tapşırığı, qəbz, sərəncam, bankın memorial orderi və digər) bu qeyri-müəyyəndir. Şəxsi hesab vərəqəsində bu məlumatların **********, **********, **********, ********** və ********** nömrəli ödəniş tapşırıqları əsasında daxil edildiyi görünsə də, məhkəmə cavabdeh tərəfindən təqdim edilən Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar X7nin Azərbaycan Respublikası Vergilər Nazirliyinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********14 saylı məktub və ona əlavə edilmiş sənədlərə əsasən hesab etmişdir ki, həmin ödəniş tapşırıqları dövlət rüsumları ilə əlaqədar olmuşdur. Sübutların mümkünlüyü və mötəbərliyi tələblərinə cavab verməyən bu sənədlər məhkəmə tərəfindən sübut kimi qəbul edilməməli idi. Ona görə ki, həmin məbləğlərin vergi ödənişi, yoxsa rüsum olması Agentliyin verdiyi məlumat əsasında müəyyən edilə bilməzdi. Bu ödənişlərin hansı təyinatla edilməsi barədə məlumatlar yalnız Azərbaycan Respublikası Maliyyə Nazirliyindən əldə edilən məlumatlar əsasında müəyyən edilə bilər. Bununla yanaşı, Azərbaycan Respublikası Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar X7nin vergi ödəyicisi İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində olan vəziyyət barədə verdiyi məlumatın mənbəyi bəlli deyil. Agentliyin verdiyi bu məlumat mötəbər hesab oluna bilməz. Ona görə ki, şəxsi hesab vərəqəsi vergi ödəyicisi və vergi orqanının istifadəsində olan bir sənəddir, Agentliyin vergi ödəyicisinin şəxsi hesab vərəqəsindəki vəziyyət barədə məlumat verməsi absurd bir şeydir. Bununla yanaşı əgər həqiqətən də **********, **********, **********, ********** və ********** nömrəli ödəniş tapşırıqlarının dövlət rüsumlarına aid olduğu fərz edilsə belə, bu hal yenə də vergi ödəyicisinin əleyhinə şərh edilə bilməz. Ona görə ki, ödənişlərin edilməsini təsdiq edən sənədlərin şəxsi hesab vərəqəsində səhv göstərilməsinə görə məsuliyyəti İddiaçı MMC daşımamalıdır. Bununla əlaqədar o da qeyd edilməlidir ki, birinci instansiya məhkəməsində məhkəmə araşdırmaları zamanı vergi orqanının nümayəndəsi iddiaçının şəxsi hesab vərəqəsinə həmin məlumatların daxil edilməsində məsul olan vəzifəli şəxsin səhvə yol verdiyini bildirmişdir. İddiaçı MMC üçün vergi öhdəliyinin həcmini dəyişdirən bu əməliyyatlar bu barədə qəbul edilmiş qərara (inzibati akta) əsaslanmalı idi. Belə bir akt olmadığına görə isə hüquqi əsasa söykənməyən həmin əməliyyatların aparılması qanunsuz sayılmalıdır. Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri Apellyasiya şikayətinə qarşı etiraz daxil olmamışdır. Apellyasiya instansiya məhkəməsində birinci icraat və qəbul edilmiş məhkəmə aktı Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(105)-350/2021 nömrəli, xx.xx.2021-ci il tarixli qərarı ilə Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2- 1(118)-196/2021 nömrəli qərarı dəyişdirilmədən saxlanılmışdır. İddiaçı həmin qərardan kassasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Kassasiya instansiya məhkəməsində icraat və qəbul edilmiş məhkəmə aktı Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(102)-1907/2021 nömrəli qərarı ilə kassasiya şikayəti təmin edilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 iyul tarixli, 2-1(105)-350/2021 nömrəli qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün həmin məhkəməyə göndərilmişdir. Apellyasiya instansiya məhkəməsində ikinci icraat Məhkəmə icraatı iştirakçılarının izahatları Məhkəmə kollehiyasının iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X5 apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunmağına baxmayaraq iş üzrə iddiaçının nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə onun nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Vergilər Məcəlləsinin: 61.1-ci maddəsinə əsasən vergi orqanlarının hüquqa zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyi, habelə vergi orqanlarının vəzifəli şəxslərinin və digər işçilərinin öz vəzifələrini icra etdikdə, onların hüquqa zidd hərəkətləri (qərarları) və ya hərəkətsizliyinə, həmçinin bunların nəticəsində vergi ödəyicilərinə dəymiş zərərə görə vergi orqanları və vergi orqanlarının vəzifəli şəxsləri qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyət daşıyırlar. 61.2-ci maddəsinə əsasən vergi ödəyicilərinə bu Məcəllənin 61.1-ci maddəsində göstərilən hərəkətlər (qərarlar) və ya hərəkətsizlik nəticəsində dəymiş zərər məhkəmənin qərarına əsasən ödənilir. Vergi orqanları tərəfindən düzgün tutulmayan vergi, maliyyə sanksiyaları, faizlər və inzibati cərimələrin məbləğləri, vergilər üzrə borclar olmadıqda, bu Məcəllədə başqa hallar nəzərdə tutulmadıqda vergi ödəyicisinin müraciətinə əsasən 45 gün müddətində geri qaytarılmalıdır və ya gələcək ödənişlərin hesabına aid edilə bilər. 62.2-ci maddəsinə əsasən vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir. 77.1-ci maddəsinə əsasən vergi ödəyicisinin bu Məcəllədə göstərilən hallarda və qaydada müəyyən edilən vergini (o cümlədən cari vergi ödəmələrini), hesablanmış faizləri və tətbiq edilmiş maliyyə sanksiyalarını ödəmək vəzifəsi onun vergi öhdəliyi hesab olunur. 77.2-ci maddəsinə əsasən vergi öhdəliyinin yaranması, dəyişdirilməsi və ya ləğv edilməsi üçün əsaslar, həmçinin vergi öhdəliyinin yerinə yetirilməsi qaydası və şərtləri yalnız bu Məcəllə ilə müəyyən edilir. 77.3-cü maddəsinə əsasən vergi ödəyicisi vergi qanunvericiliyinin tələblərinə uyğun olaraq verginin ödənilməsini nəzərdə tutan şəraitin yarandığı andan vergi öhdəliklərinin yerinə yetirilməsi üçün cavabdehdir. 77.4-cü maddəsinə əsasən vergi öhdəliyinə aşağıdakı hallarda xitam verilmiş hesab olunur: 1) verginin ödənilməsi; 2) verginin ödənilməsi öhdəliyinin xitam verilməsi vergilər haqqında qanunvericiliyə müvafiq olaraq ortaya çıxan hallarda, habelə qanun əsasında vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar silindikdə; 3) vergi ödəyicisi vəfat etmiş və ya Azərbaycan Respublikasının mülki qanunvericiliyi ilə müəyyən edilmiş qaydada ölmüş hesab edildikdə. Vəfat etmiş və ya ölmüş hesab edilmiş şəxsin əmlak vergiləri üzrə borcları vərəsəlik əmlakının dəyəri hədlərində ödənilir; 4) bu Məcəlləyə müvafiq olaraq ləğvetmə komissiyası (təsviyəçi, ləğvedici) tərəfindən büdcə ilə (büdcədənkənar fondlarla) bütün hesablaşmalar aparıldıqdan sonra vergi ödəyicisi olan hüquqi şəxs ləğv edildikdə; 5). Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada müflis olması nəticəsində ləğv edilmiş borclu vergi ödəyicisinin məhkəmənin qərarı ilə ödənilməsindən imtina edilmiş tələblər ləğv edilmiş sayıldıqda. 483.1-ci maddəsinə əsasən bu Məcəllədə vergi məbləğinin hesablanması konkret hesabat dövrü üçün vergi ödəyicisinin ödəməli olduğu vergi məbləğinin vergi orqanının uçot sənədlərində qeyd edilməsi deməkdir. Hesablanmış vergi məbləğlərinin vergi orqanları tərəfindən bu Məcəllə ilə müəyyən edilmiş hallarda yenidən hesablanaraq uçot sənədlərində qeyd edilməsi də vergilərin hesablanması deməkdir. 83.4-cu maddəsinə əsasən bu Məcəlləyə müvafiq olaraq verginin vergi bəyannaməsini vermək şərti ilə ödənilməsində, yaxud əvvəllər verginin hesablanmasında səhv olunduğunu müəyyən edildiyi hallarda, vergi orqanı qanunvericiliyə uyğun vergiləri hesablayır və sonra bu Məcəllənin 84-cü maddəsinə uyğun olaraq verginin hesablanmasına dair bildirişi 5 iş günü müddətində vergi ödəyicisinə göndərir. Vergi orqanı bu Məcəllənin 85-ci maddəsində göstərilən müddət başa çatanadək vergi məbləğini qanunvericiliklə müəyyən edilmiş qaydada hesablaya və ya əvvələr hesablanmış vergi məbləğinə düzəliş edə bilər. 85.4-cü maddəsinə əsasən Vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra (səyyar vergi yoxlaması zamanı əlavə hesablanmış vergilər, faizlər və maliyyə sanksiyaları üzrə səyyar vergi yoxlamasının materiallarına baxılmanın nəticələri üzrə çıxarılmış qərarın tarixindən etibarən) 5 il ərzində tutmaq hüququna malikdirlər. Bu maddə ilə müəyyən edilən 3 illik müddət (məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları istisna olmaqla) səyyar vergi yoxlamasının keçirilməsi barədə vergi orqanının qərar qəbul etdiyi tarixdən əvvəlki 3 illik dövrü əhatə edir. Vergi ödəyicisi tərəfindən bu maddədə göstərilən müddətdə təqdim edilən vergi bəyannaməsi üzrə vergi orqanı tərəfindən vergilərin hesablanması bu Məcəllənin 37.2-ci maddəsində göstərilən müddətdə həyata keçirilir. 94-cü maddəsinə əsasən verginin hesablandığının səhv olduğunu sübut etmək vəzifəsi bu Məcəllə ilə müəyyən edilmiş hallarda:1) vergi ödəyicisinin hesablamalarının səhv olduğunu vergi orqanının; 2) vergi orqanının hesablamalarının səhv olduğunu vergi ödəyicisinin üzərinə düşür. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi Maddə 32.1. Mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Maddə 58.7. Sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 69.4. Məhkəmə qərarının əsaslandırma hissəsində qərar qəbul edərkən məhkəmənin əsaslandığı faktiki hallar və sübutlar, istinad etdiyi normativ hüquqi aktlar və onların qiymətləndirilməsi göstərilməlidir. Cavabdehin iddianı qəbul etdiyi hallarda, qərarın əsaslandırma hissəsində yalnız iddianın cavabdeh tərəfindən qəbul edildiyi onun məhkəmə tərəfindən təsdiq olunduğu göstərilə bilər. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Apellyasiya şikayətinin baxışının hədləri Azərbaycan Respublikası Ali Məhkəməsi İnzibati Kollegiyasının xx.xx.2021-ci il tarixli, 2- 1(102)-1907/2021 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2021-ci il 5 iyul tarixli, 2-1(105)-350/2021 nömrəli qərarı ləğv edildiyindən, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərildiyindən, apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarı bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır. Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını araşdırıb, apellyasiya şikayətinin dəlillərinə qiymət verərək hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi “düzəliş (daxilolma) əməliyyatının qanunsuz hesab edilməsi və ümumilikdə 38000 manat vergi borcunun və onun üzərinə hesablanmış 9090,52 manat faiz borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində təmin edilməlidir. Hazırki iş üzrə iddia tələbi düzəliş əməliyyatı aparılaraq iddiaçının şəxsi hesab vərəqəsində qeydə alınmış ümumilikdə 38000 manat vergi borcunun və onun üzərinə hesablanmış 9090,52 manat faiz borcunun iddiaçının şəxsi hesab vərəqindən silinməsi öhədliyinin cavabdehin üzərinə qoyulması, bununla əlaqədar olaraq silinmiş 25945,51 manat ödənişin ona geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulmasından ibarət olmuşdur. Birinci insatnsiya məhkəməsinin qərarı ilə iddia tələbi təmin edilməmişdir. Məhkəmə kollegiyası hazırki iş üzrə birinci instanisya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq, aşağıdakıları qeyd edir. İlk növbədə qeyd edilməlidir ki, məhkəmə kollegiyasının müvafiq qərardadı ilə iddia tələbi “38000 manat vergi borcu və onun üzərinə hesablanmış 9090,52 manat faiz borcu ilə əlaqədar olaraq silinmiş 25945,51 manat ödənişin ona geri qaytarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində mümkün sayılmamışdır. İndiki halda mübahisə predmetini məhz “ümumilikdə 38000 manat vergi borcunun və onun üzərinə hesablanmış 9090,52 manat faiz borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” ilə bağlı hallar təşkil edir. İşin mübahisəli halı ondan ibarətdir ki, iddiaçı onun tərəfindən 38000 manat vergi borcunu ödədiyini, bunun nəticəsi olaraq onun şəxsi hesab vərəqəsində həmin borcun silindiyini, lakin cavabdeh tərəfindən əsassız olaraq önun tərəfindən ödənilmiş vergi borcunun və onun üzərinə hesablanmış faiz borcunun şəxsi hesab vərəqəsinə işləndiyini, düzliş əməliyyatı ilə hesablamanın aparılmasının qanunsuz olduğunu əsas gətirərək, qeyd edilən iddia tələbini irəli sürmüşdür. Cavabdeh isə iddiaçının həmin vergi borcunu ödəmədiyini, ödənişə dair qəbzinin olmadığını bu səbəbdən də şəxsi hesab vərəqəsində əsassız olaraq ödəşinin işlənildiyini, ödənilmiş rüsumun vergi kimi işlənildiyini əsas gətirərək, yenidən hesablama apardığını qeyd etmişdir. Məhkəmə kollegiyası işin mübahisəli halları ilə bağlı aşağıdakıları qeyd edir. Ali Məhkəmənin İnzibati Kollegiyası “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474VQ №-li Qanununun tətbiqi ilə bağlı vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində əməliyyatların edilməsinə dair Qərardadının:

21. ….inzibati orqanların şəxslərlə münasibətləri inzibati icraat institutu ilə tənzimlənir və bu hüquqi tənzimləmədən kənarda hərəkət etmələrinə və tədbir görmələrinə yol verilmir. Bu baxımdan vergi orqanının apardığı dürüstləşmə əməliyyatı da belə tənzimlənməyə tabe tutulan inzibati fəaliyyətin tərkib hissəsidir. Ona görə də, həmin fəaliyyət qanunçuluq tələblərinə cavab verməlidir.

23. “İnzibati icraat haqqında” Qanunun 1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Göründüyü kimi, inzibati orqanlar təkcə inzibati akt formasında deyil (1.1-ci maddə), həm də faktiki xarakterli fəaliyyətin həyata keçirilməsi formasında (1.2-ci maddə) da hərəkət edirlər.

25. Kollegiya qeyd etməyi vacib hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Bu qaydada bir tənzimləmə isə belə qənaətə gəlməyə əsas verir ki, adından asılı olmayaraq inzibati orqanın hər hansı bir sənədi sözügedən maddədə sadalanan əlamətləri özündə ehtiva etdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Başqa sözlə, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı məzmunu da nəzərə alınmalıdır.

43. Vergi Məcəlləsində şəxsi hesab vərəqəsinin anlayışı verilməsə də, “şəxsi vərəqə” ifadəsinə Məcəllənin mətnində - 87.2-ci maddədə rast gəlinir. Bununla yanaşı, qeyd olunmalıdır ki, Vergi Məcəlləsinin 83.1-ci maddəsində həm də “vergi orqanının uçot sənədləri” ifadəsi işlənilir. Qeyd olunan normanın mənasına görə vergi ödəyicisinin ödəməli olduğu vergi məbləği barədə vergi orqanının uçot sənədlərində qeydiyyat aparılmalıdır.

48. Vergi Məcəlləsində vergi orqanları tərəfindən vergilərin yalnız kameral və səyyar vergi yoxlamaları ilə hesablanması, həmçinin operativ nəzarət tədbirləri ilə maliyyə sanksiyalarının tətbiqi nəzərdə tutulmuşdur. Buna müvafiq olaraq Vergi Məcəlləsində kameral vergi yoxlaması, səyyar vergi yoxlaması və operativ vergi nəzarəti tədbirləri nəticəsində müvafiq qərar qəbul edilməsi müəyyən edilmişdir. Göstərilən hesablama qərarlarından (inzibati aktlardan) başqa hər hansı digər fərqli formada vergilərin hesablanması qanunvericilikdə nəzərdə tutulmamışdır.

49. Beləliklə, vergi öhdəliyi yaradan vergilərin hesablanması və ya yenidən hesablanması üçün inzibati aktların qəbul edilməsi tələb olunur. Belə inzibati aktlar vergi öhdəliyinin yaranmasının hüquqi əsasını təşkil edirlər və müvafiq olaraq şəxsi hesab vərəqəsində onlara uyğun hesablama əməliyyatları aparılır.

52. ..., “Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında” xx.xx.2016-cı il tarixli 474-VQ nömrəli Azərbaycan Respublikası Qanununun tətbiqi üçün aparılan “dürüstləşmə” əməliyyatı “hesablama” əməliyyatı kimi qəbul edilə bilməz. Belə ki, həmin əməliyyatın məqsədi vergi öhdəliyi müəyyən etmək yox, qanundan irəli gələn vəzifənin düzgün icrasını təmin etməkdir.

60. Hər hansı normativ-hüquqi aktın və ya inzibati aktın tətbiqi ilə əlaqədar vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanması ilə əlaqəli olmayan əməliyyatların (o cümlədən, yol verilmiş texniki səhvlərlə bağlı dürüstləşmə adı altında edildiyi bildirilən düzəlişlərin) edilməsi üçün yazılı inzibati aktın qəbul olunması tələb olunmur.

61. Hər hansı normativ-hüquqi aktın və ya inzibati aktın tətbiqi zamanı həmin aktların müddəaları bunu tələb etdikdə, eləcə də belə bir tələb olmadıqda həmin aktların tətbiqi ilə əlaqələndirilsə də, faktiki olaraq onların icrası ilə bağlı olmayan və mahiyyətcə vergi ödəyicilərinin şəxsi hesab vərəqələrində vergi orqanı tərəfindən vergilərin hesablanmasına yönələn əməliyyatların həyata keçirilməsi üçün müvafiq yazılı inzibati aktın qəbul edilməsi tələb olunur. İddiaçının adına olan şəxsi hesab vərəqəsində əks olunmuş uçot məlumatlarından görünür ki, iddiaçı tərəfindən xx.xx.2017-ci il tarixdə 5000 manat, xx.xx.2017-ci il tarixdə 8000 manat, xx.xx.2016-cı il tarixdə 10000 manat, xx.xx.2016-cı il tarixdə 9000 manat, xx.xx.2016cı il tarixdə 6000 manat ödəniş edilmiş, xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il tarixdə həmin ödənişlərlə bağlı “düzəliş (daxilolma)” əməliyyatı ilə düzəliş edilmiş, faiz borcu kimi 9090,52 qeyd edilmişdir. Həmçinin, şəxsi hesab vərəqəsində əks olunuş məlumatdan görünür ki, iddiaçının xx.xx.2019-cu il tarixə olan vergi borcunun məbləği 182,19 manat qeyd edilmiş, xx.xx.2019-cu il tarixə isə 5245,15 manat qeyd olunmuşdur. Göründüyü kimi, cavabdeh tərəfindən məhz “düzəliş (daxil olma)” əməliyyatı adı altında iddiaçıya məxsus şəxsi hesab vərəqəsinə ümumilikdə 38000 manat vergi borcu və onun üzərinə hesbalanmış 9090,52 manat faiz borcu işlənilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, indiki halda müəyyən edilməli olan hal məhz cavabdehin qeyd edilən hərəkətlərinin qanunauyğun olub-olmaması halıdır. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, indiki halda cavabdehin qeyd edilən hərəkətləri nəticəsində iddiaçı barəsində əlavə vergi öhdəliyi yaranmış, qeyd edilən əməliyyat mövcud vergi borcu ilə bağlı uçot məlumatın dəqiqləşdirilməsi, texniki xətanın aradan qaldırılması, bununla bağlı vəzifənin düzgün icrasının təmin edilməsi ilə bağlı olmamışdır. Bu baxımından məhkəmə kollegiyası qeyd edir ki, indiki halda cavabdehin iddiaçı barəsində həyata keçirdiyi əməliyyat “dürüstləşmə” əməliyyatı kimi mövcud olmamışdır. Həmçinin, cavabdeh inzibati orqanın özünü də qeyd etdiyi kimi, cavabdeh məhz ödənilmiş dövlət rüsumunun vergi kimi şəxsi hesab vərəqəsinə işlənilməsi halına istinad edərək, yenidən hesablama aparmış, nəticə olaraq iddiaçı barəsində şəxsi hesab vərəqəsində əlavə vergi borcunu işləmişdir. Eyni zamanda məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh inzibati orqan tərəfindən iddiaçı barəsində vergi borcunun yenidən hesablanması ilə bağlı hər hansı icraatın aparılması, icraatın təzələnməsi, iddiaçının iştirakı ilə, onun dinlənilmə hüququ, iş materialları ilə tanış olmaq, sübutlar təqdim etmək və s. digər hüquqları təmin edilməklə, inzibati icraat aparılmamış, habelə bununla bağlı hər hansı inzibati akt qəbul edilməmişdir. Halbuki, inzibati icraat haqqında qanunvericiliyinin, o cümlədən yuxarıda istinad edilmiş hüquqi mövqeyə görə vergi ödəyicisi barəsində yenidən hesablanma aparılması, əlavə vergi öhdəliyinin müəyyən edildiyi hallarda, müvafiq vergi orqanı tərəfindən bu barədə inzibati akt qəbul edilməlidir. İndiki halda isə cavabdeh vergi orqanı tərəfindən inzibati icraat haqqında və vergi qanunvericiliyinin tələblərinə riayət edilməmiş, nəticə olaraq həmin hərəkətləri iddiaçının qanunla qorunan maraqlarının və hüquqlarının pozulmasına səbəb olmuşdur. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh vergi orqanının iddiaçı tərəfindən həyata keçirilmiş vergi ödənişlərini qəbul etməməsinə dair əsası o olmuşdur ki, vergi ödəyicisi qismində çıxış edən iddiaçı tərəfindən həmin ödənişlərə dair ödəniş qəbzləri təqdim edilməmişdir. Qeyd edilən halı əsas götürərək, cavabdeh vergi orqanı iddiaçı barəsində şəxsi hesab vərəqəsində düzəlişlər edərək, iddiaçı barəsində vergi borcunun yaranmasına gətirib çıxartmışdır. Qeyd edilməlidir ki, cavabdeh inzibati orqanın istinad etdiyi həmin hallar (rüsumun vergi öədnişi kimi həyata keçirilməsi, vergi ödənişini təsdiq edən sənədin olmaması və s.) məhz vergi ödəyicisi barəsində inzibati icraat aparılmaqla müəyyən edilməli, araşdırılmalı və qanunla müəyyən edilmiş qaydalara riayət edilməklə aparılmış inzibati icraatın nəticəsi olaraq ortaya çıxa bilərdi. İndiki halda isə cavabdeh vergi orqanı tərəfindən belə bir araşdırma aparılması və araşdırmanın nəticəsinə dair inzibati akt qəbul etməsi halı müəyyən edilməmişdir. Bununla bağlı məhkəmə kollegiyası qeyd edir ki, vergi borcunun dövlət büdcəsinə ödənilməsinə dair dair təsdiqedici sənədlərin olmaması cavabdeh inzibati orqan tərəfindən vergi ödəyicisinə münasibətdə vergi qanunvericiliyinin və inzibati icraat haqqında qanunvericiliyinin tələblərini gözləmək vəzifəsindən azad etmir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın iddiaçı barəsində həyata keçirdiyi “düzəliş (daxil olma)” əməliyytaları ilə bağlı və onun nəticəsi olaraq iddiaçı barəsində vergi borcu öhdəliyinin yaranmasına dair hərəkətləri qanunazidd olmuşdur. Həmçinin, qeyd edilməlidir ki, iş materiallarında olan müvafiq qanuni qüvvəyə minmiş məhkəmə hökmünün məzmunundan görünür ki, iddiaçı tərəfindən ödənilən xx.xx.2017-ci il tarixdə ödənilən 5000 manat, xx.xx.2017-ci il tarixdə ödənilən 10000 manat, xx.xx.2017-ci il tarixdə ödənilən 8000 manat, xx.xx.2017-ci il tarixdə ödənilən 2000 manat, xx.xx.2018-ci il tarixdə ödənilən 11000 manat, 5 halda cəmi 36000 manat vergi orqanının əməkdaşı tərəfindən mənimsənilmişdir. Qeyd edilən hallara əsasən məhkəmə kollegiyası hesab edir ki, indiki halda iddiaçı tərəfindən şəxsin hesab vərəqəsində olan uçot məlumatları əsasında ümumilikdə 38000 manat vergi ödənişin həyata keçirildiyi halda, cavabdeh tərəfindən hər hansı inzibati icraat aparmadan və inzibati akt qəbul etmədən “düzəliş (daxilolma)” əməliyyatı adı altında uçot məlumatlarına düzəliş edilərək, ümumilikdə 38000 manat vergi borcu və ona hesablanmış 9090,52 manat faiz borcu işlənilmişdir. Bu baxımından məhkəmə kollegiyası hesab edir ki, iddiaçı qeyd olunan hissədə iddia tələbini irəli sürməkdə haqlı olmuşdur. Buna baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət veriməmiş, qnaunvericilik normalarının tələbləri işin halları baxımından düzgün tətbiq edilməmiş, bununla da iş üzrə gəldiyi nəticə yalnış olmuş, iddiaçının şikayətinin dəlilləri həmin hissədə əsaslı olmuşdur. Həmçinin, məhkəmə kollegiyası onu da qeyd edir ki, iddiaçının apellyasiya şikayətinin məzmununda tələbi iddia tələbinin tam təmin edilməsi ilə bağlı olduğundan, bir hissədə iddia tələbi məhkəmə qərardadı ilə mümkün sayılmadığından, apellyasiya şikayəti qismən təmin edilməlidir. Beləliklə, məhkəmə kollegiyası qeyd olunan halları əsas götürərək, hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin hallarına düzgün hüquqi qiymət verilmədiyindən, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iddia tələbi “düzəliş (daxilolma) əməliyyatının qanunsuz hesab edilməsi, ümumilikdə 38000 manat vergi borcunun və onun üzərinə hesablanmış 9090,52 manat faiz borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Apellyasiya şikayəti qismən təmin edilsin. Sumqayıt İnzibati Məhkəməsinin 15 fevral 2021-ci il tarixli, 2-1(118)-196/2021 nömrəli qərarı ləğv edilsin, iş üzrə yeni qərar qəbul edilsin. İddia tələbi “düzəliş (daxilolma)” əməliyyatının qanunsuz hesab edilməsi, ümumilikdə 38000 manat vergi borcunun və onun üzərinə hesablanmış 9090,52 manat faiz borcunun iddiaçının şəxsi hesab vərəqəsindən silinməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” hissəsində təmin edilsin. Cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər İdarəsi tərəfindən İddiaçı MMC-nin şəxsi hesab vərəqəsində xx.xx.2019-cu il tarixdə və xx.xx.2019-cu il traixdə aparılmış “düzəliş (daxilolma)” əməliyyatları qanunsuz hesab edilsin. İddiaçı şəxsi hesab vərəqəsində xx.xx.2019-cu il tarixdə qeydə alınmış 5000 manat və 8000 manat, xx.xx.2019-cu il tarixdə qeydə alınış 10000 manat, 9000 manat və 6000 manat olmaqla, ümumilikdə 38000 manat əsas vergi borcunun və onun üzərinə hesablanmış 9090,52 manat faiz borcunun İddiaçı MMC-nin şəxsi hesab vərəqəsindən silinməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 2 saylı Ərazi Vergilər Baş İdarəsinin üzərinə vəzifə olaraq qoyulsun. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti, 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar