Məhkəmə qərarları › İş №2-1(105)-20/2022

Sumqayıt Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(105)-20/2022

27.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Sumqayıt şəhəri İş № 2-1(105)-20/2022 27.01.2022 SUMQAYIT APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarsi “Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ev 2/11-də yerləşən 3 saylı mənzilin dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ barədə çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair iş üzrə açar sözlər: order əsasında ayrılmış mənzil sahəsinə mülkiyyət hüququnun qeydə alınması Sumqayıt Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasının hakimləri Sədrlik edən və məruzəçi hakim Ağayev Rəşadət Əhməd oğlu, Hakimlər Babayeva Hökümə Çingiz qızı və Dəmirov İlqar Kamal oğlundan ibarət tərkibdə, Nəbizadə Rəşad Nəbi oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarsi “Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ev 2/11-də yerləşən 3 saylı mənzilin dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ barədə çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 4 saylı Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması” tələbinə dair Sumqayıt İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(118)-677/2021 saylı qərarından cavabdeh Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayətinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları:

1. İddiaçı cavabdeh DƏDRX-nin 4 saylı Abşeron Ərazi İdarəsinə qarsi “Abşeron rayonu Aşağı Güzdək qəsəbəsi ev 2/11-də yerləşən 3 saylı mənzilin dövlət reyestrində qeydə alınması və həmin mənzilə dair daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüququ barədə çıxarışın verilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsinin üzərinə qoyulması” barədə qərar qəbul edilməsini xahiş etmişdir.

İddiaçının əsaslandırması:

2. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, ev 2/11-də yerləşən 3 saylı mənzildə ailəsi ilə birlikdə yaşayır və həmin mənzildə də qeydiyyatdadır. Həmin mənzilə dair mərhum əri X3 adına Ceyranbatan qəsəbəsi XDS 3/32 nömrəli, 22.09.1983-cü il tarixli qərarına əsasən verilmiş 305 nömrəli, 22.09.1983-cü il tarixli order verilmişdir. X6 25.04.2007-ci il tarixdə vəfat etmiş və övladlarının məsləhəti ilə mənzili öz adına özəlləşdirilməsi üçün aidiyyəti qurumlara müraciət etmək qərarına gəlmiş, hər iki oğlu X7 və X8 3 saylı mənzilin onun adına özəlləşdirilməsinə heç bir etirazının olmaması barədə notarial təsdiqli ərizə də vermişlər. Mərhum ərinin ölüm haqqında şəhadətnaməsini, övladlarının razılıq ərizələrini, nikah şəhadətnaməsini və s. lazım olan digər sənədlərlə birlikdə Cavabdehnə müraciət etmiş, lakin ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi tərəfindən ona Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə 17.10.2019-cu il tarixli bildiriş verilmiş və həmin bildirişdə aparılan araşdırma zamanı, daşınmaz əmlakın naturada quruluşu və ölçülərinin sənədlərə uyğun olub-olmamasını müəyyənləşdirmək üçün müayinə baxışının keçirilməsinə guya onlar tərəfindən şərait yaradılmadığına görə ərizənin icrasının mümkün olmadığı bildirilmişdir. Halbuki o həmin İdarəyə ərizə ünvanladıqdan sonra həm mobil telefon vasitəsi ilə, həm də ki, inzibati binaya yaxınlaşaraq hər dəfə məlumat almaq istəyir, cavabında sadəcə olaraq gözləməyini deyirdilər. Müəyyən vaxt keçdikdən sonra bəhanə edilərək belə bir cavab verilmişdir. O, bir daha rəsmi şəkildə ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinə müraciət etmiş və ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsinin 28.10.2020-ci il tarixli Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildiriş göndərilmiş və həmin bildirişdə qeyd edilmişdir ki, aparılan araşdırma zamanı sözügedən mənzilə dair Ceyranbatan qəsəbəsi XDS 3/32 nömrəli, sentyabr 1983-cü il tarixli qərarına əsasən verilmiş 305 nömrəli orderin Azərbaycan Dəmiryolu İdarəsi Ələt-Körpü qəsəbəsi Evlər İdarəsi tərəfindən təsdiq edildiyi aşkar edilmiş, buna görə də "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. ƏMDK yanında DƏDRX-in 4 saylı Abşeron Ərazi İdarəsi ərizələrinə müxtəlif bəhanələr gətirərək, imtina bildirişləri göndərmiş və xahişini nəzərə almadan, ciddi bir araşdırma aparmadan imtina edilmişdir. 1983-cü ildən 3 saylı mənzil onun istifadəsindədir və mübahisəli mənzil deyil. Mənzili ailə üzvlərinin razılığı ilə öz adına özəlləşdirmək niyyətindədir, lakin 4 saylı Abşeron Rayon Ərazi İdarəsi məsələni ciddi şəkildə araşdırmaq əvəzinə öz maraqlarına naminə imtina bildirişləri göndərir. Hesab edir ki, imtina qanunsuz və əsassızdır. Qanunvericiliklə qorunan hüquqları pozulduğundan məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.

Cavabdehin etirazları:

3. Cavabdeh inzibati orqan iddia tələbinə dair etiraz təqdim edərək bildirmişdir ki, aparılan araşdırma zamanı sözügedən mənzilə dair Cevranbatan qəsəbə XDS 3/32 nömrəli, sentyabr 1983-cü il tarixli qərarına əsasən verilmiş 305 nömrəli orderin Azərbaycan Dəmiryolu İdarəsi Ələt-Körpü qəsəbəsi Evlər idarəsi tərəfindən təsdiq edildiyi aşkar edilmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar, 8.0.11-ci maddəsinə əsasən Azərbaycan Respublikası Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayə müqaviləsi daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Eləcə də, Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizə və ərizəyə əlavə olunan sənədlər qəbul edilir, daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğu yoxlanılır və bəyan olunan hüquqlarla qeydiyyata alınmış hüquqlar arasında ziddiyyətlərin, habelə hüquqların dövlət qeydiyyatından imtina edilməsi və ya hüquqların dövlət qeydiyyatının dayandırılması üçün digər əsasların olub-olmaması müəyyən edilir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Abşeron Ərazi İdarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Həmin Qanunun 15-ci maddəsinə əsasən dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilə bilər. Qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş edirlər.

Birinci instansiya məhkəməsində icraat:

4. Sumqayıt İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(118)-677/2021 saylı qərarı (hakim C.B.Məmmədov) ilə iddia təmin edilərək ünvan 1-də yerləşən 3 saylı mənzilə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və müvafiq çıxarışın verilməsi öhdəliyi Azərbaycan Respublikası ƏMDK yanında DƏDRXnin 4 saylı Sumqayıt Ərazi İdarəsinin üzərinə qoyulması qərara alınmışdır.

5. Qərardan narazı qalan cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi apelyasiya şikayəti verərək Sumqayıt İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(118)-677/2021 saylı qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir.

Apelyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları

a) apelyasiya şikayətinin dəlilləri:

6. Cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti əsasən hazırkı qərarın 3-cü bəndində cavabdeh İdarənin iddiaya qarşı etirazında qeyd edilən halların təkrarlanmasından ibarət olmaqla sonda Sumqayıt İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(118)-677/2021 saylı qərarının ləğv edilməklə iddianın rədd edilməsi barədə yeni qərar qəbul edilməsi xahiş edilir.

b) apelyasiya şikayətinə qarşı etirazın dəlilləri

7. apelyasiya şikayətinə qarşı iddiaçı etiraz təqdim etməmişdir.

c) məhkəmə icraatı iştirakçılarının izahatları

8. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı izahatında qeyd etdi ki, Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, ev 2/11-də yerləşən 3 saylı mənzil Ceyranbatan qəsəbəsi XDS 3/32 №-li 22.09.1983-cü il tarixli qərarına əsasən həyat yoldaşı X4 verilmiş və buna dair 22.09.1983-cü il tarixli 305№-li orderi vardır. Həyat yoldaşı Ə.Dadaşov 25.04.2007-ci ildə vəfat etmiş, bundan sonra övladlarının rəsmi razılıq ərizəsi əsasında mənzili adına rəsmiləşdirmək istəsə də, cavabdeh İdarə müxtəlif bəhanələrlə bundan imtina etmişdir. Hazırda evdə o oğlanları ilə birgə yaşayır, evin sənədləri İcra Hakimiyyəti tərəfindən onun adına rəsmiləşdirilib, lakin cavabdeh bu məsələləri ciddi şəkildə araşdırmaq əvəzinə imtina bildirişləri göndərmişdir. Ona görə də yaşadıqları evin dövlət qeydiyyatının aparılması öhdəliyinin Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4№-li Abşeron Ərazi İdarəsinin üzərinə qoyulması və ona çıxarışın verilməsi barədə qərarın qüvvədə saxlanmasını xahiş edir.

9. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 izahatında bildirdi ki, apelyasiya şikayətinin dəlillərini müdafiə edərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini ona görə əsaslı hesab edirlər ki, iddiaçının ünvan 1 ünvanında yerləşən 3 saylı mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciəti araşdırılarkən sözügedən mənzilə dair Ceyranbatan qəsəbə XDS 3/32 nömrəli, 22 sentyabr 1983-cü il tarixli qərarına əsasən verilmiş 305 nömrəli orderin Azərbaycan Dəmiryolu İdarəsi Ələt-Körpü qəsəbəsi Evlər İdarəsi tərəfindən təsdiq edildiyi aşkar edilmişdir. Mənzil Məcəlləsinin 146.1-ci maddəsinə əsasən Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993-cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.11, 9, 11, 15 və 23-cü maddələrinə əsasən İdarənin imtinası əsaslı olmuşdur. Hazırkı məsələ ilə bağlı rayon İcra Hakimiyyətinə edilən sorğuya cavab olaraq təmsil etdiyi İdarəyə 25.08.2020-ci il tarixli Abşeron RİH-nin məktubunda qaldırılan məsələnin movcud qanunvericiliyin tələblərinə uyğun olaraq həll edilməsinə İcra Hakimiyyətinin etiraz etmədiyi bildirilmiş, həmin məktubun surətini də məhkəmə kollegiyasına təqdim etmişlər. Odur ki, qeyd edilənlərin nəzərə alınaraq apelyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş edirlər.

Tədbiq edilən hüquq

10. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur.

11. Həmin Məcəllənin 12.2-ci maddəsinə əsasən məhkəmə müstəqil şəkildə öz təşəbbüsü ilə və ya proses iştirakçılarının vəsatətinə əsasən digər zəruri sübutları toplamağa borcludur. Məhkəmə tərəflərdən əlavə məlumat və sübutlar tələb edə bilər.

12. Həmin Məcəllənin 12.3-cü maddəsinə əsasən məhkəmə prosesinin iştirakçıları mübahisə ilə bağlı faktiki halların araşdırılmasında və sübutların toplanılmasında məhkəməyə yardım etməyə borcludurlar.

13. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir.

14. Həmin Məcəllənin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür.

15. Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

16. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır.

17. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

18. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir.

19. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

20. Həmin Məcəllənin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

21. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

22. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

23. Həmin Məcəllənin 89-cu maddəsinə əsasən bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.

24. Həmin Məcəllənin 90.1-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsinin qərar və ya qərardadlarından, bu Məcəllədə nəzərdə tutulmuş hallar istisna olmaqla Ali Məhkəmənin İnzibati kollegiyasına (bundan sonra – Ali Məhkəməyə) şikayət verilə bilər.

25. Həmin Məcəllənin 90.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsində mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatının iştirakçıları yalnız onların tələblərinin təmin olunmadığı hallarda şikayət vermək hüququna malikdirlər.

26. Həmin Məcəllənin 94.1-ci maddəsinə əsasən kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

27. Həmin Məcəllənin 94.4-cü maddəsinə əsasən şikayətin əsaslandırma hissəsində şikayəti verən şəxsin tələbi göstərilməlidir.

28. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 26. İ. Hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır. İİ. Dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. (-) Maddə 60. İ. Hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. İİ. Hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın. İİİ. Hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır. İV. Hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər.

29. İnzibati icraat haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Qanunun müəyyən etdiyi qaydalar 1.1. Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 11. Qanunçuluq prinsipi 11.1. İnzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. 11.2. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər. Maddə 17. Mütənasiblik prinsipi Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. Maddə 19. Mötəbərlik prezumpsiyası 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür.

30. Azərbaycan Respublikası Mülki Məcəlləsi: Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139.3. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada tərtib edilən və aparılan daşınmaz əmlakın dövlət reyestrində həyata keçirilir. Maddə 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur.

31. Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 1. Dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. (-). Maddə 4. Dövlət mülkiyyətində, habelə ictimai mülkiyyətdə olan mənzil fonduna məxsus yaşayış evlərindəki mənzillərin (evlərin) özəlləşdirilməsi, vətəndaşların müraciətləri əsasında bu Qanunun 9-cu maddəsində göstərilən qaydada müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. (-). Maddə 8. Mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşa müraciəti əsasında mənzilistismar təşkilatı beş gündən gec olmayaraq həmin mənzilə (evə) hüququ olan şəxslər və mənzilin kommunal-məişət vəziyyəti barədə arayış (2 №-li forma) verir. Mənzil sahəsinin orderi itdikdə və ya istifadəyə yararsız hala düşdükdə vətəndaşa müraciəti əsasında on gündən gec olmayaraq müvafiq dövlət orqanı tərəfindən arxiv arayışı verilir. Vətəndaş yaşadığı mənzili (evi) özəlləşdirmək barədə müvafiq icra hakimiyyəti orqanına verdiyi ərizəyə aşağıdakı sənədləri əlavə etməlidir:

mənzili özəlləşdirməyə razılıqları barədə ərizəçi ilə birlikdə yaşayan həmin mənzil sahəsinə (evə) hüququ olan 18 yaşı tamam olmuş, həmçinin müvəqqəti olaraq başqa yerə getməsi ilə əlaqədar mənzil sahəsinə (evə) hüququ saxlanılan şəxslərin ərizəsi; mənzilə (evə) hüququ olan şəxslər və mənzilin (evin) kommunal-məişət vəziyyəti barədə mənzil istismar təşkilatının arayışı (2 №-li forma); mənzil sahəsinin orderi və ya mənzil kirayə müqaviləsi, yaxud onun verilməsinə dair sərəncam. Mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz. Maddə 9. Müvafiq icra hakimiyyəti orqanı yaşadığı mənzili (evi) özəlləşdirmək istəyən vətəndaşın ərizəsi daxil olduğu gündən on iş günü müddətində (ərizənin sürətləndirilməklə icra edildiyi hallar istisna olmaqla) həmin mənzilin (evin) vətəndaşın xüsusi mülkiyyətinə verilməsi barədə dövlət qeydiyyatını həyata keçirir, vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun əmələ gəlməsini daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirib hüquq sahibinin istəyi əsasında həmin çıxarışı kağız formada təqdim edir, yaxud elektron imza ilə təsdiqləməklə “Elektron Hökumət” portalında yerləşdirərək hüquq sahibinin elektron üsulla əldə etməsi imkanını təmin edir və müvafiq yerli icra hakimiyyəti, habelə vergi xidməti orqanına bildiriş göndərir. Vətəndaş saxta sənədlər, təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. Yerli icra hakimiyyəti orqanı müvafiq mənzilin (evin) özəlləşdirildiyi barədə müvafiq icra hakimiyyəti orqanının məlumatını aldıqdan sonra həmin mənzili (evi) balansdan silir. Mənzillərin özəlləşdirilməsi qaydalarının və vətəndaşların bu Qanunla müəyyən edilmiş hüquqlarının pozulması üstündə vəzifəli şəxslər Azərbaycan Respublikası qanunvericiliyində müəyyən edilmiş qaydada maddi, intizam, inzibati və cinayət məsuliyyəti daşıyırlar. (-). Maddə 16. Bu Qanunun tətbiqi ilə əlaqədar meydana çıxan mübahisələrə Azərbaycan Respublikası qanunvericiliyinə müvafiq qaydada məhkəmədə baxılır.

32. Daşınmaz əmlakın dövlət reyestri haqqında Azərbaycan Respublikasının Qanunu: Maddə 2. Daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 2.3. Daşınmaz əmlak üzərində qeydiyyata alınmış hüquq mübahisələndirilə bilər. 2.4. Hüquqların dövlət qeydiyyatı ilə bağlı mübahisələr məhkəmə qaydasında həll edilir. Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.2. qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol; 8.0.3. daşınmaz əmlak barəsində notariat qaydasında təsdiq edilmiş müqavilələr, vərəsəlik hüququ haqqında, ər-arvadın ümumi əmlakındakı paya mülkiyyət hüququ haqqında, yaşayış evlərinin, mənzillərin açıq hərracdan əldə olunmasına dair şəhadətnamələr, mənzil sertifikatı; 8.0.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları; (-). 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi; (-). Maddə 14. Hüquqların dövlət qeydiyyatının dayandırılması 14.1. Qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırıla bilər. 14.2. Qeydiyyatın dayandırılması əsaslandırılmalı və 48 saat ərzində ərizəçiyə yazılı şəkildə bildirilməlidir. Bu halda vəzifəli şəxs şübhə doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına sorğular göndərməli və həmin sorğulara cavab 7 gün müddətində verilməlidir. Bu cür sorğulara vaxtında cavab verməyən vəzifəli şəxslər inzibati məsuliyyətə cəlb edilirlər. Sorğuların forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 14.3. Hüquqların dövlət qeydiyyatına alınması hüquq əldə edənin, əqdin tərəfinin və ya onların vəkil etdikləri şəxsin ərizəsi əsasında bir aydan artıq olmayan müddətə dayandırıla bilər. Ərizədə hüquqların dövlət qeydiyyatının dayandırılmasının səbəbləri göstərilməlidir. Belə ərizənin verilməsi hüquqların dövlət qeydiyyatı üçün nəzərdə tutulmuş müddətin axınını dayandırır. Ərizənin forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. 14.4. Qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə jurnalında müvafiq qeydlər etməlidir. 14.5. Bu qanunun 14.3-cü maddəsində nəzərdə tutulmuş müddət ərzində daşınmaz əmlakın həbs edilməsi, barəsində əqdlərin bağlanmasına qadağan qoyulması və ya qeydiyyata alınmalı olan hüquq barəsində mübahisə edən digər maraqlı şəxsdən şikayətin verilməsi haqqında məhkəmədən məlumat daxil olduqda qeydiyyat məhkəmədə iş həll olunanadək dayandırılır. 14.6. Ərizə jurnalında hüquqların dövlət qeydiyyatının dayandırılması barədə qeydlər edilməlidir. Maddə 15. Hüquqların dövlət qeydiyyatından imtina 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. (-).

Apelyasiya instansiyası məhkəməsinin mövqeyi

33. Məhkəmə kollegiyası hazırkı qərarın 10-22-ci bəndlərində sadalanan prosessual hüquq normalarına əsaslanaraq tərəflərin izahatını dinləyib, apelyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(118)-677/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

34. Belə ki, hazırkı işin hallarından müəyyən olunduğu kimi Ceyranbatan qəsəbəsi XDS-nin 22.09.1983-cü il tarixli 3/32 nömrəli qərarına əsasən verilmiş 22.09.1983-cü il tarixli 305 nömrəli order əsasında mərhum X3 adına 5 nəfər ailə üzvü tərkibində Abşeron rayonu, Aşağı Güzdək qəsəbəsi, ev 2/11-də yerləşən 3 saylı mənzil ayrılmış, hazırda həmin mənzildə İddiaçı və iki oğlu birlikdə yaşamaqla həmin mənzildə qeydiyyatdadırlar(i.v.5-6).

35. İddiaçı iddiasında mərhum ərinin adına XDS-nin 1983-cü il tarixli qərarına əsasən verilmiş və uzun illər ailəsilə yaşadıqları mənzilə yaranmış mülkiyyət hüquqlarını DƏDRXdə qeydə alınmasını tələb edir.

36. Birinci instansiya məhkəməsi qərarını onunla əsaslandırmışdır ki, aidiyyəti dövlət orqanı tərəfindən mənzil ayrılarkən iddiaçının hüquqi gözləntisi mübahisəli mənzili xüsusi mülkiyyətinə keçirmək olmuşdur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. Göstərilən Qanunun 9-cu maddəsinin 2-ci bəndinə əsasən həmin vətəndaş saxta sənədlər təqdim etdikdə, yaxud yaşadığı mənzil (ev) mübahisəli olduqda müvafiq icra hakimiyyəti orqanı mənzilin özəlləşdirilməsindən imtina edir. Belə hallarda vətəndaşın mənzilə (evə) mülkiyyət hüququnun dövlət qeydiyyatından əsaslandırılmış imtina barədə ərizəçiyə 5 gün müddətində bildiriş göndərilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. Məhkəmə iddiaçının sözügedən mənzilin qanuni əsaslarla sahibi (kirayəçisi) olmasını və mənzilin onun adına özəlləşdirilməsindən imtina edilməsi üçün «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanunun 9-cu maddəsinin 2- ci bəndində, həmçinin “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsində müəyyən edilmiş əsasların olmamasını nəzərə alaraq hesab edir ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Sumqayıt Ərazi İdarəsi iddiaçının qeyd olunan ünvanda yerləşən mənzilinin ilkin hüquqi qeydiyyata alınması ilə əlaqədar ərizəsindən imtina edərkən haqlı olmamışdır. Cavabdeh inzibati orqanın imtina bildirişində mərhum X4 və onun ailə üzvlərinə ünvan 1-də yerləşən 3 saylı mənzilə köçməsinə dair Ceyrabatan qəsəbə İcrayyə Komitəsinin Xalq Deputatlar Soveti tərəfindən verilmiş 23 sentyabr 1983-cü il tarixli orderin əslinin olmaması və təqdim edilmiş orderin surətində Dəmir Yolları İdarəsinin möhürünün olması səbəbindən iddiaçıya verdiyi imtinası əsassızdır. Nəzərə alınmalıdır ki, iddiaçı və onun övladları 1983-cü ildən etibarən həmin mənzildə yaşayırlar və 2009-cu ilə qədər qüvvədə olan Mənzil Məcəlləsinin müddəalarına əsasən həmin mənzilə istifadə hüququ əldə ediblər. Hətta mənzilin keçmiş sahiblərindən biri olmuş X3 vəfatından sonra Abşeron rayon İcra Hakimiyyəti başçısının 288 saylı 25.04.2013-cü il tarixli Sərəncamı əsasında həmin mənzilin şəxsi hesabı İddiaçı adına dəyişdirilmişdir. Məhkəmə tərəfindən qeyd olunan orderin əslinin əldə edilməsi ilə bağlı cəhdləri öz müsbət nəticəsini verməmişdir. Bundan başqa o da nəzərə alınmalıdır ki, cavabdeh təşkilatın hazırkı tələb ilə bağlı imtinası “İnzibati İcraat haqqında” Azərbaycan Respublikası Qanunun 19-cu maddəsində qeyd olunmuş “Mötəbərlik prezumpsiyası” prinsipinə ziddidr. Belə ki, Həmin Qanunun 19- cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Göründüyü kimi iddiaçı özündə olan orderi inzibati orqana təqdim edərkən onun həqiqiliyini subut etmək yükünü daşımır. Qeyd olunan normalardam məlum olur ki, təqdim edilmiş sənədlərin saxtalığını müəyyən etmək mümkün deyilsə həmin sənədlər mötəbər hesab olunur. Bundan başqa oda nəzərə alınmalıdır ki, mənzildə istifadə hüququ olan digər sakinlərdə həmin mənzilin «Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında» Qanununun tələblərinə əsasən İddiaçı adına rəsmiləşdirilməsinə etiraz etmirlər. Ona görə də iddiaçının iddia tələbi əsaslı olduğundan təmin edilməlidir.

37. Məhkəmə kollegiyası hazırkı qərarın 6-cı bəndində öz əksini tapan cavabdehin apelyasiya şikayətinin dəlillərilə əlaqədar qeyd edir ki, həmin dəlillər əsassızdır ona görə ki, həmin dəlillər iddiaya etirazda göstərilən hallarla eynilik təşkil etməklə birinci instansiya məhkəməsi tərəfindən hüquqi qiymət verilmiş və birinci instansiya məhkəməsinin iş üzrə qənaəti həm də ona görə əsaslı hüsab edilir ki, hazırki qərarın 30-32-ci bəndlərində istinad edilən maddi hüquq normalarının tələbləri baxımından iddiaçının mərhum həyat yoldaşına Ceyrabatan qəsəbə İcrayyə Komitəsinin Xalq Deputatlar Soveti tərəfindən verilmiş 22 sentyabr 1983-cü il tarixli orderi əsasında verilmiş iki otaqlı mənzildə uzun müddət ailəliklə yaşadıqdan sonra mənzilin kirayədarı olmuş Ə.M.Dadaşov vəfat edəndən sonra Abşeron rayon İcra Hakimiyyəti başçısının 288 saylı 25.04.2013-cü il tarixli Sərəncamı əsasında həmin mənzilin şəxsi hesabı İddiaçı adına dəyişdirilməsi, məhz həmin mənzilə iddiaçının qanuni əsaslarla sahiblik faktını təsdiq edir.

38. Kollegiya onu da qeyd etməyi zəruri hesab edir ki, apelyasiya şikayətinin əsasını təşkil edən cavabdehin iddia tələbinə qarşı təqdim etdiyi etiraz ərizəsindəki əsas dəlili kimi iddiaçının ailəsinə verilmiş orderin əslinin olmaması və təqdim edilmiş orderin Ələt-Körpü qəsəbəsi Evlər İdarəsi tərəfindən təsdiq edilməsi səbəbindən "Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun müddəalarına əsasən imtinanın qanuni olması barədə dəlili əsaslı hesab edilə bilməz ona görə ki, hazırkı qərarın 14-cü bəndində istinad edilən prosessual hüquq normasının, eləcə də 29-cu bənddə istinad edilən qanunun mötəbərlik prezumpsiyasını özündə ehtiva edən 19-cu maddəsinin tələbləri və 32-ci bəndində istinad edilən qanunun 14-cü maddəsinin tələbinə görə inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Eyni zamanda qeydiyyat orqanının sənədlərin həqiqiliyinə ciddi şübhəsi varsa, qeydiyyat bir ay müddətinə dayandırılaraq şübhə doğuran sənədlərə dair müvafiq dövlət orqanlarına sorğular göndərməli, qeydiyyata təqdim olunmuş sənədlərin saxta olması təsdiqlənərsə, qeydiyyat orqanı hüquqların dövlət qeydiyyatına alınmasından imtina barədə ərizəçiyə bildirməli və ərizə jurnalında müvafiq qeydlər etməlidir.

39. Başqa sözlə desək inzibati orqan iddiaçıya məxsus orderin saxtalığına istinad etdiyi halda bunu sübut etmək həmin orqanın üzərinə düşür. Digər tərəfdən iddiaçının məhkəməyə təqdim etdiyi Abşeron rayon İcra Hakimiyyəti başçısının 288 saylı 25.04.2013-cü il tarixli Sərəncamı əsasında həmin mənzilin şəxsi hesabı İddiaçı adına dəyişdirilməsinə dair sənədin verilməsinə əsas olmuş rəsmi sənədlər Abşeron rayon Dövlət Arxivindən tələb olunsa da, həmin arxivin 24.08.2021-ci il tarixli və 22.09.2021-ci il tarixli cavab məktubları ilə müəyyən olunmuşdur ki, Abşeron rayon İcra Hakimiyyəti başçısının 288 saylı 25.04.2013-cü il tarixli Sərəncamı əsasında iddiaçıya məxsus mənzilin şəxsi hesabının İddiaçı adına dəyişdirilməsi müvafiq sənədlərdə öz əksini tapmış, Ceyranbatan qəsəbə XDS İcraiyyə Komitəsinin 22 sentyabr 1983-cü il tarixli 3/32 nömrəli qərarı arxivdə aşkar edilməmiş, orderlər isə Abşeron rayon Dövlət Arxivində saxlanılmır(i.v. 89-90, 94).

40. Məhkəmə kollegiyası tərəfindən Azərbaycan Dəmir Yolları QSC-yə edilmiş sorğuya cavab olaraq 27.12.2021-ci il tarixli məktubla bildirilmişdir ki, məhkəmənin 23.11.2021-ci il tarixli sorğu müraciətinə əlavə edilmiş Ceyrabatan qəsəbə İcrayyə Komitəsinin Xalq Deputatlar Soveti tərəfindən verilmiş 1983-cü il tarixli 305 №-li orderlə bağlı Azərbaycan Dəmir Yolları QSC-də heç bir məlumat aşkarlanmamışdır (i.v.119).

41. Kollegiya qeyd etməyi zəruri hesab edir ki, məhz hazırkı qərarın 32-ci bəndində istinad edilən qanunun 8-ci maddəsində öz əksini tapan sənədlərin, o cümlədən mənzilə dair orderin, kirayə müqaviləsində göstərilən ailə üzvlərin notarial qaydada təsdiq edilmiş ərizələrin və digər zəruri sənədlərin təqdim edilməsinə baxmayaraq, həmçinin hazırkı məsələ ilə bağlı cavabdeh tərəfindən rayon İcra Hakimiyyətinə edilən sorğuya cavab olaraq 25.08.2020-ci il tarixli Abşeron RİH-nin məktubu da cavabdeh İdarəyə daxil olmasına baxmayaraq, cavabdeh İdarə tərəfindən iddiaçıya imtina bildirişi göndərməklə mənzilin özəlləşdirilməsindən imtina etmiş, halbuki qeyd edilən 8-ci maddənin sonuncu abzasına əsasən mənzili özəlləşdirmək üçün müraciət etmiş vətəndaşdan həmin maddədə göstərilən sənədlərdən əlavə sənədlər tələb edilə bilməz.

42. Beləliklə, məhkəmə kollegiyası qeyd edilənlər üzrə yekun hüquqi dəyərləndirmə apararaq hesab edir ki, cavabdeh İdarənin imtinası əsassız olması onunla da təsdiq edilir ki, qanunla müəyyən edilən sənədlərdən başqa əlavə olaraq iddiaçının ailəsinə 22.09.1983-cü ildə Ceyranbatan XDS-i tərərfindən verilmiş orderin ADY-nın Ələt körpü Evlər İdarəsi tərəfindən təsdiq edilməsi səbəbindən imtina edilməsinə əsaslanma qanunsuzdur, bu səbəbdən də iddia tələbi əsaslı olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddianı təmin etmişdir. Bu baxımdan apelyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı qanuni və əsaslıdır. Odur ki, apelyasiya şikayəti təmin edilməməli, Sumqayıt İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(118)-677/2021 saylı qərarı dəyişdirilmədən saxlanılmalıdır.

NƏTİCƏVİ HİSSƏ

43. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 4 saylı Ərazi İdarəsi tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməsin. Sumqayıt İnzibati Məhkəməsinin 21 aprel 2021-ci il tarixli, 2-1(118)-677/2021 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (AZ 1025, Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) Sumqayıt Apellyasiya Məhkəməsi (Sumqayıt şəhəri, Sülh prospekti 70) vasitəsilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar